Məktəb direktoru xadiməni təsərrüfat işləri üzrə müdir vəzifəsinə necə təyin edib? - TƏFƏRRÜAT

Cəmiyyət 17-08-2026, 12:01



Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin sabiq direktoru, rüşvət almaqda təqsirləndirilən Cavad Səfərovun cinayət işinin bəzi detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama əsasən, təqsirləndirilən şəxs Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2012-ci il tarixli əmri ilə paytaxtın Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. Daha sonra o, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2014-cü il tarixli əmri ilə 2016-cı ilədək həmin məktəbin direktoru vəzifəsini icra edib.

Məlumata görə, 1964-cü il təvəllüdlü Cavad Səfərov məktəb direktoru vəzifəsini icra etdiyi dövrdə təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs olub. O, məktəbdə şagirdlərin sayı az olan siniflərdən komplekt siniflərin təşkil edilməsi, ştat cədvəlinin hazırlanması, kadrların seçilməsi və işə qəbul edilməsi, habelə işçilərin əməkhaqlarının müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətlərə malik olub.

Bundan başqa, ittihamda qeyd edilir ki, təqsirləndirilən şəxs məktəbin tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədlərinin düzgün aparılmasına, məktəbə məxsus əmlakın qorunmasına və təyinatı üzrə istifadəsinə cavabdeh şəxslərin müvafiq əmrlə təyin edilməsinə dair səlahiyyətlərə malik olub.

İttihama görə, hadisə 2015-ci ilin avqust ayının əvvəllərində baş verib. Həmin vaxt məktəbdə direktor vəzifəsini icra edən Cavad Səfərova tanışı Ruxsarə Babayeva müraciət edərək təsərrüfat işləri üzrə müdir vəzifəsinə təyin olunmasını istəyib. Təqsirləndirilən şəxs həmin qadının xeyrinə edəcəyi hərəkətə görə – onu məktəbə xadimə kimi işə qəbul etməsi, faktiki olaraq təsərrüfat işləri üzrə müdir vəzifəsini icra etməsinə şərait yaratması və xidmət üzrə ümumi himayədarlıq göstərməsi müqabilində ondan 6 000 manat rüşvət istəyib. Pul məktəbin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası ərazisində yerləşən inzibati binasındakı xidməti otaqda tələb edilib.

2015-ci ilin avqust ayının sonlarında Ruxsarə Babayeva Cavad Səfərova xidməti otağında 5 500 manat pul verib. Bundan sonra təqsirləndirilən şəxsin 2015-ci il tarixli əmri ilə Ruxsarə Babayeva həmin məktəbdə xadimə vəzifəsinə təyin edildiyi bildirilir.

İstintaqın gəldiyi nəticəyə görə, Cavad Səfərov bununla həmin şəxsin faktiki olaraq təsərrüfat işləri üzrə müdir vəzifəsini icra etməsinə qanunsuz şərait yaradıb və aldığı pul müqabilində ona xidmət üzrə ümumi himayədarlıq edib.

Beləliklə, cinayət işi üzrə ittiham tərəfinin mövqeyinə əsasən, təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən istifadə etməklə Ruxsarə Babayevanın xadimə vəzifəsinə qəbul edilməsinə və faktiki olaraq daha yüksək səlahiyyətlərə malik işi həyata keçirməsinə şərait yaratmaq müqabilində əvvəlcə 6 000 manat tələb edib, 5 500 manat rüşvət alıb.

Məhkəmə iclasında ifadə verən Cavad Səfərov isə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O deyib ki, Ruxsarə Babayeva 2015-ci ilin oktyabrında onun yanına gələrək işsiz olduğunu və məktəbdə xadimə işləmək istədiyini deyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt məktəbdə boş ştat olub və o, qadını işə götürəcəyini bildirib, daha sonra sənədlərini alıb. O, Ruxsarə Babayevanın vəzifəsinin məktəbin təmizlik işlərini həyata keçirməkdən ibarət olduğunu deyib.

Cavad Səfərov məhkəmədə söyləyib ki, təsərrüfat işləri üzrə müdiri vəzifəsi eyni zamanda direktor müavini vəzifəsidir və həmin vəzifəyə şəxsin işə qəbul edilməsi məktəb direktorunun səlahiyyətində deyil: “Bunun üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmri tələb olunur”.

Təqsirləndirilən şəxs bu səbəbdən Ruxsarə Babayevanın təsərrüfat işləri üzrə müdir vəzifəsinə təyin etmək səlahiyyətinin olmadığını bildirib. O, qadından bunun müqabilində hər hansı məbləğdə pul almadığını vurğulayıb.

Cavad Səfərov bildirib ki, Ruxsarə Babayevanın müraciəti əsasında onu yalnız texniki işçi kimi işə qəbul edib və bunun üçün ondan heç bir pul almayıb.

O, həmçinin Ruxsarə Babayevaya hər hansı məbləğdə pul qaytarmadığını da deyib.

Məhkəmədəki ifadəsində təqsirləndirilən şəxs məktəbdə anbarın açarının və mallara nəzarətin təsərrüfat müdirində olduğunu, digər şəxsin isə anbara müdaxilə etmək səlahiyyətinin olmadığını əlavə edib.

Cavad Səfərovun sözlərinə görə, xadimələr arasında iş bölgüsünü də təsərrüfat işləri üzrə direktor müavini həyata keçirib.

Hökmə əsasən, Cavad Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq direktorun cəzası şərti hesab edilməklə ona iki il sınaq müddəti təyin edilib. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını, baş vermiş cinayət hadisəsinin üstündən xeyli müddət keçməsini, keçmiş məcburi köçkün olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edib.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56