Əzilən tələbələri müdafiə etdiyi üçün NDU-dan qovulan müəllim Aysel Quliyeva Şotlandiyanın Qlazqo Universitetindən dəvət alıb. Yeni əmək müqaviləsinə əsasən, o, universitetdə tədqiqat fəaliyyəti ilə məşğul olacaq. Bu barədə “Gündəlik Naxçıvan”a Aysel Quliyeva məlumat verib. Quliyeva yaşadığı çətinliklərdən sonra əldə etdiyi yeni fürsəti belə qiymətləndirir: “Xaricdə təhsil aldıqdan sonra Azərbaycana qayıtdım ki, qazandığım bilikləri gənclərlə bölüşüm. NDU-da elmi fəaliyyətimə maneələr yaradıldı, təcrid və təzyiqlərlə üzləşdim. Buna baxmayaraq, elmi işimi dayandırmadım və hazırladığım nəzəriyyə üzərində çalışmağa davam etdim. İndi Qlazqo Universitetində həmin nəzəriyyə üzrə tədqiqat aparacağam. Biliyimə və potensialıma dəyər verilən akademik mühitdə çalışacağım üçün çox sevinirəm”. Etirazçı müəllim bundan sonra atacağı addımlara da aydınlıq gətirir: “İstəyirdim ki, apardığım tədqiqat gələcəkdə Azərbaycana da fayda versin. Buna görə rektor Elbrus İsayevə müraciət edərək mübahisənin həllini və mənim NDU əməkdaşı kimi Qlazqo Universitetinə göndərilməyimi təklif etdim. Ancaq müraciətlərim qəbul olunmadı. Hesab edirəm ki, buna rektorun mənə qarşı şəxsi qərəzi səbəb olub. Harada yaşamağımdan asılı olmayaraq, hüquqi mübarizəmi davam etdirəcəyəm. Çünki burada söhbət yalnız mənim işimdən deyil, müəllimin ləyaqətindən, akademik azadlıqdan, gənclərin təhsilindən və Azərbaycanın elmi potensialından gedir”. Xatırladaq ki, NDU-nun Beynəlxalq Münasibətlər və Hüquq fakültəsinin bir qrup tələbəsi daha əvvəl “Gündəlik Naxçıvan”a müraciət edərək dekan müavini Abbas Əhmədovun zorakı davranışlarından şikayətlənmişdi. Onların sözlərinə görə, 2025-ci il mayın 8-də Əhmədov Aysel Quliyevanın tələbələrlə keçirdiyi görüşü zorla pozub, iştirakçıları təhqir edib, qapı və partaları təpikləyərək sındırıb. Tələbələr bildirirdilər ki, Quliyeva onları qorumaq üçün hadisə yerinə polis çağırıb. Quliyevanın sözlərinə görə, universitet rəhbərliyi bundan sonra qisas almaq məqsədilə onu işdən çıxarıb. İşdən çıxarılmasını qanunsuz hesab edən müəllim məhkəməyə müraciət etsə də, universitetin qərarı qüvvədə saxlanılıb. Quliyeva məhkəmələri siyasi sifariş əsasında qərar verməkdə ittiham edir.
Bu gün Azərbaycanda da müəllimlərin peşə bayramı qeyd olunur.
Belə ki, 1966-cı il oktyabrın 5-də UNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini müəyyən edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb.
1994-cü ildən isə həmin tarix UNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunmasında məqsəd müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət yetirməkdir.
Qeyd edək ki, "Müəllimlər günü" hazırda 100-dən çox ölkədə ümumdünya səviyyədə, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd edilir.
Azərbaycanda isə bu gün 1993-cü ildən qeyd olunur.
Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 280 nömrəli tam orta məktəbdə ciddi insident baş verib. Valideynlərin iddiasına görə, 16 yaşlı 8-ci sinif şagirdi Kənan Məmmədlinin telefonu sinif rəhbəri Sahilə müəllimə tərəfindən əlindən alınıb bundan sonra isə uşaq məktəbi tərk edərək evə qayıtmayıb.
Valideyn məktəbdə övladına qarşı uzun müddətdir hədə-qorxu gəlindiyini, "sinifdə saxlayacam" deyərək təzyiq göstərildiyini bildirib. Ana övladının dərslərinin zəif ola biləcəyini, lakin hər zaman sakit və tərbiyəli olduğunu vurğulayıb. Hadisə baş verdikdən sonra ana məktəb rəhbərliyinə müraciət etsə də, direktorun məsələyə laqeyd yanaşdığını və "nəyə ağlayırsan?" deyərək soyuqqanlı reaksiya verdiyini iddia edib.
Övladının uzun müddət tapılmaması səbəbindən valideyn hüquq-mühafizə orqanlarına müraciət edib. Çəkiliş zamanı digər valideynlər də məktəbdəki mövcud durumdan və təlim-tərbiyə işindən narazılıqlarını dilə gətiriblər.
Jurnalistlər və valideyn məktəb rəhbərliyinin mövqeyini öyrənmək üçün binaya yaxınlaşsalar da, məsul şəxslər açıqlama verməkdən yayınıb və məktəbin qapıları bağlı qalıb. Məsələ ilə bağlı araşdırmalar davam edir.(Millitv.info)
Sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır.
Azərbaycanda yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq.
2026/2027-ci tədris ilində 130 mindən çox uşaq 1-ci sinifdə təhsil alacaq.
Yeni tədris ilində ali təhsilin bütün səviyyələrinə 75 min tələbə qəbul olunub.
Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ilinin təşkili barədə müvafiq əmrinə əsasən, yeni tədris ilinin ilk dərsi ölkə üzrə bütün II–XI siniflərdə "Şəhərsalma və Memarlıq İli" mövzusuna həsr olunacaq.
Xəbər verdiyimiz kimi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2025-ci il üzrə Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının (“PISA-2025”) nəticələri açıqlanıb. Yeniavaz.com xəbər verir ki, hesabatda ilk dəfə şagirdlərin süni intellektdən, o cümlədən “ChatGPT” kimi çat-botlardan dərs və ev tapşırıqları zamanı istifadəsi ilə bağlı məlumat təqdim edilib. “PISA 2025” hesabatına görə, süni intellekt (Sİ) çatbotları Azərbaycanlı şagirdlərin də təhsil prosesində geniş istifadə etdiyi vasitələrdən birinə çevrilib. Məlumatlar göstərir ki, Azərbaycanda 15 yaşlı şagirdlərin təxminən yarısı məktəb tapşırıqları və öyrənmə məqsədilə süni intellektdən müntəzəm istifadə edir. Sorğuya görə, Azərbaycanda şagirdlərin 48%-i həftədə ən azı bir dəfə süni intellektdən istifadə edərək öyrəndiklərini bildiriblər. Bu göstərici OECD ölkələri üzrə orta göstəricidən – 46%-dən bir qədər yüksəkdir. Bundan əlavə, Azərbaycanda şagirdlərin yalnız 8%-i məktəb tapşırıqları üçün süni intellekt çatbotlarından heç vaxt istifadə etmədiyini bildirib. Müqayisə üçün, OECD ölkələrində bu göstərici 14% təşkil edir. Azərbaycanlı şagirdlər süni intellekt çatbotlarından əsasən aşağıdakı məqsədlərlə istifadə edirlər: Yeni mövzu üzrə ilkin araşdırma – 38% (OECD ortalaması: 31%); Oxumalı olduqları mətnin xülasəsini hazırlamaq – 32% (OECD ortalaması: 30%); Yazı tapşırıqları üçün mətn hazırlamaq – 35% (OECD ortalaması: 29%). Müqayisə üçün bildirək ki, həftədə ən azı bir dəfə süni intellekt çatbotlarından istifadə edənlərin payı Ukraynada 54%, Litvada 53%, Latviyada 51%, Ermənistanda 49%, Özbəkistanda 49%, Gürcüstanda isə 42% olub.
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi tərəfindən keçirilmiş təhsil müəssisələrinin tədris laboratoriyaları və STEAM istiqamətli mərkəzlər üçün avadanlıqların satınalınması” (Müsabiqə İN: 2026/AT/02733/V2) ilə bağlı müsabiqə yyekunlaşıb. “SİMPLEX” QAPALI SƏHMDAR CƏMİYYƏTİ , “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyəti, “RAMMA” QAPALI SƏHMDAR CƏMİYYƏTİ və “ROBOTZADE ROBOT TEKNOLOJİLERİ ELEKTRONİK SANAYİ VE DIŞ TİCARET LİMİTED ŞİRKETİ”NİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1.1-ci maddəsinə əsaslanaraq təchizatçı və (və ya) subpodratçı uyğunluq göstəricilərinə cavab vermədiyi üçün müsabiqədən kənarlaşmışdır. “VIVA MEDICAL GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuş və həmin təchizatçı ilə 7.014.392,79 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Məlumat satınalmaların portalında 01.09.2026-cı ildə dərc edilib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin tədris laboratoriyaları və STEAM istiqamətli mərkəzlər üçün avadanlıqların satınalınması üzrə keçirdiyi tenderlər son günlər medianın müzakirə mövzusuna çevrilib. Aktuallığını nəzərə alıb mövzu ətrafında daha ətraflı araşdırma apardıq.
STEAM əsaslı tədrisin təşkili üzrə xidmətlərin satınalınması üzrə 1.186.100 manat dəyərində müqavilə bir mənbədən satınalma metodu ilə “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi MMC ilə 12.12.2025-ci ildə bağlanılıb.
Tədris laboratoriyaları və STEAM istiqamətli mərkəzlər üçün avadanlıqların satınalınması üzrə 9.950.083,95 manat dəyərində müqavilə “VIVA MEDICAL GROUP” MMC ilə 06.10.2025-ci ildə bağlanılıb.
Tədris laboratoriyaları və STEAM avadanlıqlarının satınalınması üzrə 7.970.094,74 manat dəyərində müqavilə “JBA GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 17.12.2024-cü ildə bağlanılıb.
STEAM istiqamətli mərkəzlər üçün avadanlıqların satınalınması üzrə 3.563.854,46 manat dəyərində müqavilə “JBA GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 12.12.2024-cü ildə bağlanılıb.
Kimya, fizika, biologiya laboratoriyalarının və STEAM istiqamətli avadanlıqların satınalınması üzrə 13.647.698,72 manat dəyərində müqavilə “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC ilə 28.12.2023-cü ildə bağlanılıb.
STEAM əsaslı tədrisin təşkili işlərinin satınalınması üzrə 1.982.400 manat dəyərində müqavilə bir mənbədən satınalma metodu ilə “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi MMC ilə 06.11.2023 -cü ildə bağlanılıb.
STEAM avadanlıqlarının satınalınması üzrə bir müqavilə də 09.12.2022-ci ildə Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə “EDUMEDİA-AZƏRBAYCAN” MMC ilə bağlanılıb. Bu müqacilənin dəyəri 1.822.043,9 manat olub.
Göründüyü kimi son 4 ildə Elm və Təhsil Nazirliyi STEAM avadanlıqlarının alınmasına 43 938 164 manat, STEAM əsaslı tədrisin təşkili işlərinin satınalınmasına isə 3 168 500 manat vəsait ayırıb.
Maraqlıdır, Elm və Təhsil Nazirliyinə tabeli qurumlardan milyonlarla manat dəyərində tenderlər udan şirkətlər kimə məxsusdur və barələrində nə kimi məlumatlar var.
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TƏHSİLDƏ İNNOVATİV TEXNOLOGİYALAR ƏLAVƏ TƏHSİL MƏRKƏZİ” (VÖEN: 1402405651 )Məhdud Məsuliyyətli Cəmiyyətinin 30.08.2012-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, HÜSEYNBALA ƏLİYEV, ev 4, m. 105, qanuni təmsilçisi kimi isə Axundov Emin Əlövsət oğlu qeyd olunub. Qeyd edək ki, reyestrinə daxil edilmiş məlumatlarda dəyişikliklərin tarixçəsində MMC-nin Xanlarov Vüsal Tərlan oğlu tərəfindən təsis edildiyi göstərilir. Bəs Vüsal Xanlarov kimdir? Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi. Qeyd edək ki, o bu vəzifəyə 2018-ci iln fevralından təyin edilib.
STEAM avadanlıqlarının satınalınması üzrə qalib olan şirkətlərə gəlincə.
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “JBA GROUP” (VÖEN: 1305276401 )Məhdud Məsuliyyətli Cəmiyyətinin 20.11.2017-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ƏBDÜLVAHAB SALAMZADƏ, ev.112A, m.76, qanuni təmsilçisi kimi isə Süleymanov Süleyman Məmməd oğlu qeyd olunub. Şirkətin təsisçisi və qanuni təmsilçisi Bəxtiyar Əsədov Ağali oğlu olub.
Medianın son günlər yaydığı məlumatlara görə Elm və Təhsil naziri Emin Əmrullayevin qaynı Nihad Hənifəyevə aid olan “İSTEAM” MMC-nin STEAM avadanlıqlarının təchizatında “JBA GROUP” MMC-nin əsas rol oynadığı vurğulanır.
Göründüyü kimi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin qalib seçdiyi şirkətlər dolayısı ilə Elm və Təhsil naziri Emin Əmrullayevin yaxın çevrəsinə aiddir. Demək olar ki, sözügedən qurumun təşkil etdiyi satınalmalarda eyni şirkətlər gah qalib çıxır, gah da kənarlaşdırılır.
Elə Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin təhsil müəssisələrinin tədris laboratoriyaları və STEAM istiqamətli mərkəzlər üçün avadanlıqların satınalınması ilə bağlı müsabiqədə olduğu kimi. Müsabiqədən kənarlaşdırılan “SİMPLEX” Qapalı Səhmdar Cəmiyyəti, “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyəti, “RAMMA” Qapalı Səhmdar Cəmiyyəti dəfələrlə Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin keçirdiyi satınalmaların qalibi olublar.
Göründüyü kimi, Əsasli Tikinti Və Təchizat İdarəsinin Satınalma Komissiyası təchizatçıların sayının üç olması, yetərsay olması üçün “SİMPLEX” QSC, “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” MMC, “RAMMA” QSC -ni formal olaraq satınalmaya cəlb etmiş, “uyğunluq göstəricilərinə” cavab vermədiyinə görə müsabiqədən kənarlaşdırmağı qərara almışlar. Halbuki Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi keçirdiyi satınalmalarda sözügedən şirkətləri dəfələrlə qalibi seçib, milyonlarla manat dövlət vəsaitini naməlum istiqamətə yönləndiriblər.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin rəisi Valeh Mirzaliyevdir. O, 2022-ci ilin mart ayından İdarəyə rəhbərlik edir. Daha əvvəllər Elm və Təhsil Nazirliyinin Təhsil Texnologiyaları Mərkəzinin direktoru, Peşə Təhsili üzrə Dövlət Agentliyində direktoru vəzifələrində çalışıb.
Medianın yaydığı məlumatlara görə nazir Emin Əmrullayevin sinif yoldaşı olub. yaxın çevrəsinə aid olan şəxslərdəndir. Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi tərəfindən təhsil müəssisələrinin tədris laboratoriyaları və STEAM istiqamətli mərkəzlər üçün avadanlıqların alınması üzrə keçirilmiş satınalmalarda adları keçən Nihad Hənifəyev isə Elm və Təhsil naziri Emin Əmrullayevin qaynıdır. Qrup daxilində satınalma və inzibati zəncirin digər idarəedici halqasının mərkəzində dayanan şəxs Zamiq Əlövsət oğlu Məmmədov da nazir Emin Əmrullayevin sinif yoldaşı oldduğu barədə məlumatlar yayılıb.
Təhsildə hər yeni layihə cəmiyyətə yeni ümid vəd edir. Amma layihənin adının gözəl səslənməsi hələ onun uğurlu olduğu anlamına gəlmir.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun son illərdəki fəaliyyətinə nəzər salanda müxtəlif layihələrin, təşəbbüslərin, görüşlərin və təqdimatların kifayət qədər çox olduğunu görürük. Elnur Əliyevin direktor səlahiyyətlərini icra etdiyi dövrdə də müxtəlif istiqamətlər üzrə bir sıra layihələr təqdim olunub.
Məsələn, “İnnovativ məktəb” layihəsi müasir məktəb modelinin formalaşdırılması və idarəetmədə yeniliklərin tətbiqi məqsədi daşıyırdı. “Müasir metodik xidmətin təşkili” layihəsində isə məktəblərdə metodik dəstəyin gücləndirilməsi və metodistlərin hazırlanması hədəflənirdi. Kağız üzərində bütün bunlar kifayət qədər yaxşı səslənir. Amma əsas sual məhz bundan sonra başlayır: nəticə haradadır?
Bu layihələrin hər birinə nə qədər dövlət vəsaiti ayrılıb? Layihələrin ilkin smetası nə qədər olub, faktiki xərc nə qədər təşkil edib? Satınalmalar hansı prosedurla həyata keçirilib? İcraçı və podratçılar kimlər olub? Layihələrin icra müddəti nə qədər olub? Layihə başa çatdıqdan sonra onun nəticəsini ölçən obyektiv və müstəqil qiymətləndirmə aparılıbmı? Məktəblərdə, müəllimlərdə və şagirdlərdə real dəyişiklik nə qədər olub? Əgər layihənin məqsədi təhsilin keyfiyyətini artırmaqdırsa, bunun konkret göstəricisi hansıdır?
Ən əsası isə: dövlət büdcəsindən ayrılan vəsaitin qarşılığında cəmiyyət nə əldə edib?
Çünki təhsil idarəçiliyində tədbirin keçirilməsi nəticə deyil. Təqdimatın hazırlanması nəticə deyil. Görüşlərin keçirilməsi nəticə deyil. Layihənin adının dəyişdirilməsi də nəticə deyil. Nəticə məktəbdə görünməlidir. Müəllimin fəaliyyətində hiss olunmalıdır. Şagirdin göstəricilərində özünü göstərməlidir. Məhz buna görə Elm və Təhsil Nazirliyinin rəhbərliyi qarşısında çox sadə, lakin ciddi suallar qoyulmalıdır: Elnur Əliyevin rəhbərliyi dövründə həyata keçirilən layihələrə nə qədər vəsait xərclənib və həmin vəsaitin qarşılığında konkret hansı nəticələr əldə olunub? Əgər nəticələr varsa — açıqlansın.
Əgər nəticələr ölçülməyibsə — niyə?
Əgər ölçülüb, amma ictimaiyyətə təqdim edilməyibsə — niyə?
Əgər layihələrə milyonlarla vəsait ayrılıbsa, cəmiyyət həmin pulların hansı nəticəyə çevrildiyini bilməlidir. Çünki dövlət vəsaiti ilə həyata keçirilən layihələr şəxsi uğur hekayəsi deyil. Bu, cəmiyyət qarşısında hesabat məsələsidir. Və artıq “layihə həyata keçirdik” demək kifayət etmir. Cəmiyyət soruşur: nə qədər xərclədiniz və nə dəyişdi? Bu sualın cavabı isə növbəti araşdırmamızın əsas mövzusu olacaq.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən İnşaat Kollecində vəziyyətlə bağlı redaksiyamıza daxil olan müraciət bir sıra ciddi iddiaları gündəmə gətirib. İddialar kollecdə idarəçilikdən tutmuş əməkdaşlar arasında münasibətlərə, maddi yardım və mükafatların bölüşdürülməsindən tələbələrin imtahan prosesinə, “Yay məktəbi”ndən kadr ixtisarlarına qədər bir çox məsələləri əhatə edir. Redaksiyamız məsələni yerində araşdırıb, Kollec rəhbərliyinin mövqeyini öyrənməyə çalışsa da, səsləndirilən iddiaların bir qismi ilə bağlı suallar açıq qalıb.
Redaksiyamıza müraciət edən şəxsin sözlərinə görə, yeni rəhbərliyin fəaliyyətə başlamasından sonra İnşaat Kollecində idarəçilik üslubunda ciddi dəyişikliklər baş verib. İddia olunur ki, kollecdə direktor Şəhla Abbasova, tədris işləri üzrə direktor müavini Sevda Həsənova və təlim-tərbiyə işləri üzrə direktor müavini Şamama Əmirovanın ətrafında müəyyən əməkdaşlardan ibarət qrup formalaşıb.
Şikayətçinin iddiasına görə, bunun nəticəsində kollektiv daxilində rəhbərliyə yaxın hesab olunan əməkdaşlarla digər işçilər arasında münasibətlərdə fərq yaranıb.
Məsələnin diqqət çəkən tərəfi isə ondan ibarətdir ki, redaksiyaya daxil olan müraciət yalnız kollektivdaxili münasibətlərdən ibarət deyil. Səsləndirilən iddiaların mühüm hissəsi kollecin maliyyə vəsaitlərinin bölüşdürülməsi ilə bağlıdır.
Maddi yardım və mükafatlar: kimlər daha çox yararlanır? Şikayətçinin ən ciddi iddialarından biri kollecin daxili büdcəsi hesabına əməkdaşlara maddi yardım və mükafatların verilməsi ilə bağlıdır.
İddia olunur ki, bəzi əməkdaşlara əməkhaqqının iki misli həcmində maddi yardım göstərilib. Bununla yanaşı, həmin şəxslərə müxtəlif vaxtlarda əlavə mükafatların da verildiyi bildirilir.
Şikayətçinin sözlərinə görə, bu ödənişlər direktorun imzaladığı xüsusi əmrlər əsasında həyata keçirilib.
Daha ciddi iddia isə ondan ibarətdir ki, kollecin büdcəsi hesabına maddi yardım və mükafatların əsasən rəhbərliyə yaxın olduğu bildirilən eyni şəxslər arasında bölüşdürüldüyü, digər əməkdaşların isə bu ödənişlərdən kənarda saxlanıldığı iddia olunur.
Redaksiyaya təqdim edilən məlumatlarda maddi yardım və mükafatların davamlı olaraq verildiyi iddia olunan şəxslərin siyahısında kollecin bir sıra rəhbər və məsul vəzifələrində çalışan əməkdaşların adları çəkilir.
Bu siyahıda Kollecin direktoru Şəhla Abbasova, direktorun tədris işləri üzrə müavini Sevda Həsənova, təlim-tərbiyə işləri üzrə direktor müavini Şamama Əmirova, hüquqşünas Aynurə Səlimova, Həmkarlar Təşkilatının sədri Səbinə Danyarbəyli, mühasib Elnarə Əliyeva, arxiv müdiri Könül Məmişov, sənədlərlə iş üzrə mütəxəssis Fatimə Şahmarova, Keyfiyyətin Təminatı Şöbəsinin müdiri Günay Məmmədova, İKT üzrə mütəxəssis İlkin Yusubov, hərbi hazırlıq üzrə mütəxəssis Şaiq Vəliyev, İctimai Əlaqələr bölməsinin rəhbəri Leyla Hüniyeva, metodist Zülfiyyə Əliyeva, operator Çinarə Məmmədova və psixoloq Günay Təhməzovanın adları qeyd olunur.
Şikayətçilnin bu şəxslərin kollecin büdcəsi hesabına mütəmadi maddi yardım və mükafat aldıqlarını iddia edirlər.
Müraciətdə diqqət çəkən digər məqam isə kollecin təchizat üzrə direktor müavini Həbib Dərgahovun bu ödənişlərdən kənarda saxlanıldığı barədə iddiadır.
Şikayətçinin təqdim etdiyi məlumata görə, rəhbərliyə yaxın olduğu bildirilən şəxslərin maddi yardım və mükafatlarla təmin edildiyi halda, Həbib Dərgahovun eyni imkanlardan yararlanmadığı iddia olunur.
Təbii ki, bu məlumatların həqiqiliyinin müəyyənləşdirilməsi üçün müvafiq maliyyə sənədlərinin və direktorun əmrlərinin araşdırılması vacibdir.
Əgər iddialar təsdiqini taparsa, burada söhbət artıq sadəcə əməkdaşlar arasındakı münasibətlərdən deyil, kollecin maliyyə vəsaitlərinin bölüşdürülməsi prinsiplərindən gedəcək.
“Yay məktəbi” və tələbələrdən alındığı iddia edilən 500-700 manat Kollecdə vəziyyətlə bağlı müraciətdə tələbələrin imtahan prosesi ilə əlaqədar da ciddi iddialar səsləndirilir.
Şikayətçinin bildirdiyinə görə, qış sessiyasında imtahandan kəsilən tələbələr üçün fərdi qruplar yaradılıb. Daha sonra isə yay sessiyası çərçivəsində “Yay məktəbi” təşkil olunub.
İddia edilir ki, tələbələrdən bu proqramlarda iştirak üçün 500-700 manat arasında ödəniş alınıb.
Məsələnin daha diqqətçəkən tərəfi isə müəllimlərin bu prosesdə fəaliyyətinin necə rəsmiləşdirilməsi ilə bağlıdır.
Şikayətçi bildirir ki, fərdi qruplarda və “Yay məktəbi”ndə dərs deyən müəllimlərdən saat hesabı əməkhaqqı almadan, könüllülük əsasında işləmələri barədə ərizə alınıb.
İddialara görə, müəllimlərin gördükləri iş “könüllülük” kimi rəsmiləşdirilsə də, tələbələrdən alınan vəsait kollecin daxili büdcəsinə daxil edilən vəsait kimi rəsmiləşdirilib.
Daha sonra isə həmin vəsaitin müxtəlif formalarda, o cümlədən maddi yardım və mükafat şəklində müəyyən əməkdaşlara ödənildiyi iddia olunur.
Bu iddia xüsusilə ciddi araşdırma tələb edir. Çünki burada söhbət həm tələbələrdən alınan vəsaitdən, həm müəllimlərin əməyinin rəsmiləşdirilməsindən, həm də həmin pulların sonrakı istifadəsindən gedir.
Kollecdə kadr siyasəti də narazılıq doğurur Redaksiyaya daxil olan müraciətdə kollecdə aparıldığı iddia olunan kadr dəyişiklikləri və ixtisarlarla bağlı da məlumatlar yer alır.
Şikayətçinin bildirdiyinə görə, direktor Şəhla Abbasovanın vəzifəyə təyin olunmasından sonra “islahat” adı altında bir sıra əməkdaşların işdən çıxarılması həyata keçirilib.
İddia olunur ki, bu proses nəticəsində altı əməkdaş ixtisar adı ilə işdən azad edilib.
Lakin müraciətdə bununla bağlı daha diqqətçəkən iddia da səsləndirilir. Bildirilir ki, işdən azad edilən əməkdaşların tutduğu vəzifələrə cəmi bir neçə gün sonra yeni şəxslər təyin olunub.
Əgər bu məlumat təsdiqlənərsə, ixtisarların real səbəbləri ilə bağlı ciddi suallar ortaya çıxır. Çünki hər hansı ştatın həqiqətən ixtisar edilməsi həmin vəzifəyə qısa müddət sonra yeni şəxsin təyin olunması ilə bağlı ziddiyyət yarada bilər.
Şikayətçinin sözlərinə görə, məsələ bununla da yekunlaşmayıb. Onun bildirdiyinə əsasən, sentyabr ayında daha səkkiz əməkdaşa ixtisarla bağlı xəbərdarlıq edilib.
Kollecdə kadr siyasətinin hansı prinsiplərlə həyata keçirildiyi və əməkdaşlarla əmək müqavilələrinə hansı əsaslarla xitam verildiyi də araşdırılmalı məsələlər sırasındadır.
Vəzifələr və faktiki görülən işlər Müraciətdə bəzi əməkdaşların tutduqları vəzifələrə uyğun fəaliyyət göstərməməsi barədə də iddialar yer alır.
Belə ki, psixoloq vəzifəsində çalışdığı bildirilən Günay Təhməzovanın faktiki olaraq kollecdə katibə funksiyasını yerinə yetirdiyi iddia olunur.
Həmçinin hüquqşünas Aynurə Səlimovanın imtahan prosesində müəyyən texniki işlərə cəlb edilməsi barədə məlumat səsləndirilir.
Kollektivdə münasibətlər və Pedaqoji Şura ilə bağlı iddialar Redaksiyaya daxil olan müraciətdə kollektiv daxilində münasibətlərlə bağlı da narazılıqlar ifadə olunur.
Şikayətçinin sözlərinə görə, Pedaqoji Şuranın bəzi iclaslarında əməkdaşlarla kobud şəkildə danışıldığı və hətta müəyyən şəxslərin təhqiramiz ifadələrlə hədəfə alındığı iddia edilir.
Belə iddialar təsdiqlənəcəyi halda, məsələ təkcə kollektivdaxili münasibət kimi qiymətləndirilə bilməz.
Çünki təhsil müəssisəsində rəhbərliklə əməkdaşlar arasındakı münasibət həm iş mühitinə, həm də təhsil prosesinə birbaşa təsir edən amillərdən biridir.
Qarşı tərəfin fikirini öyrənmək münasibəti ilə, Kollecin rəhbərliyə müraciət etsəkdə, lakin bütün cavabları ala bilmədik Redaksiyamız səsləndirilən iddiaları yalnız müraciətçinin təqdim etdiyi məlumatlarla kifayətlənərək yayımlamaq niyyətində olmayıb.
Məsələni yerində araşdırmaq üçün İnşaat Kollecinə yollanılıb və rəhbərliklə görüş keçirilib.
Ünvanladığımız sualların bir qismini Kollecin hüquqşünası Aynurə Səlimova cavablandırmağa çalışıb.
Səlimova özü ilə bağlı səsləndirilən bəzi iddialara münasibət bildirsə də, direktor və direktor müavinləri barədə səsləndirilən iddiaların onların özləri tərəfindən cavablandırılmalı olduğunu bildirib.
Nəticədə redaksiyanın ünvanladığı bir sıra mühüm məsələlərə birbaşa cavab almaq mümkün olmayıb.
Bu isə araşdırmanın qarşısında yeni suallar qoysa da, əsas məsələ dəyişmir: səsləndirilən iddiaların əksəriyyəti sənədlər üzərindən araşdırılmalıdır.
Milli TV olaraq qeyd edirik ki, yazıda səsləndirilən məlumatlar redaksiyamıza müraciət edən şəxsin iddialarıdır. Redaksiyamız bu iddiaları əvvəlcədən təsdiqlənmiş fakt kimi təqdim etmir.
7NEWS.az xəbər verir ki, sosial şəbəkələrdə "Pilgrim Edu” adlı şirkətlə bağlı ciddi iddialar səsləndirilib. Paylaşımda bildirilir ki, şirkət tələbələrə xaricdə təhsil almaq vədi verərək onlardan ödənişlər alıb. Lakin iddia olunur ki, ödənişlərdən sonra tələbələrin işləri ilə bağlı heç bir irəliləyiş və nəticə əldə olunmayıb. Şikayət müəllifi həmçinin saxta sənədlər təqdim edilməklə tələbələrin vaxtının uzadıldığını və ödənişlərin mənimsənildiyini iddia edir. Paylaşımda qeyd olunur ki, məsələ ilə bağlı hələlik hər hansı tədbir görülməyib və hüquq-mühafizə orqanlarının məsələyə müdaxilə edərək tələbələrə köməklik göstərəcəyi gözlənilir. Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.