Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
Bakı şəhərində yerüstü nəqliyyat problemləri artıq gündəlik həyatın əsas problemlərindən birinə çevrilib. Tıxacdan tutmuş sərnişindaşımaya qədər paytaxt sakinlərinin qarşılaşdığı çətinliklər göz qabağındadır.
Metropolitendə yaranan fasilələr və sərnişin axınının əsas yükünün yerüstü nəqliyyatın üzərinə düşməsi isə vəziyyəti daha da ağırlaşdırıb. Təbii ki, metroda hər hansı problem yarananda minlərlə sərnişin avtobuslara və digər yerüstü nəqliyyat vasitələrinə üz tutur. Onsuz da yüklənmiş şəhər nəqliyyatı isə əlavə sərnişin yükünü daşımaqda çətinlik çəkir ki, bu gün bunun aşkar şahidiyik.
Maraqlıdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) hər gün yerüstü nəqliyyatın yaxşılaşdırılması, yeni marşrutların təşkili, avtobus parkının yenilənməsi və digər istiqamətlərdə işlərin görüldüyünü açıqlayır. Lakin küçədəki mənzərə bu açıqlamalarla üst-üstə düşmür.
Sadə vətəndaş avtobus gözləyir, saatlarla tıxacda qalır, işə və evə gedib-gəlmək üçün gününün əhəmiyyətli hissəsini yolda keçirir. Hətta deputatlar, dövlət məmurları da sadə insanlar kimi Bakıdakı nəqliyyat vəziyyətindən narazılıqlarını daha gizlətmədən deməyə məcbur olublar. Bu isə vəziyyətin həqiqətən də ağır olduğunun bariz göstəricisidir.
Əslində Bakı sakini üçün əsas məsələ hansı qurumun neçə layihə həyata keçirməsi deyil. Əsas məsələ səhər evdən çıxanda vaxtında işə çata bilməsi, axşam evinə normal qayıda bilməsi, dayanacaqda uzun müddət avtobus gözləməməsi və saatlarla tıxacda qalmamasıdır.
Bəs bu vəziyyətə görə kim cavabdehdir?
Bu gün şəhərin belə vəziyyətə düşməsində ilk olaraq AYNA-nın adı çəkilir. AYNA rəhbəri Anar Rzayevin fəaliyyəti də bu baxımdan ictimai müzakirələrin mərkəzindədir. Rəsmi məlumatda Anar Yaşar oğlu Rzayev AYNA İdarə Heyətinin sədri kimi göstərilir. Agentlik isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir və avtomobil nəqliyyatı sahəsində tənzimləmə, sərnişin və yük daşımaları ilə bağlı xidmətlərə ehtiyacın təmin edilməsi, qayda və tələblərə əməl olunmasına nəzarət kimi funksiyaları həyata keçirir.
Deməli, AYNA-nın fəaliyyəti ilə bağlı müzakirələr, sualların verilməsi, AYNA rəhbəri Anar rzayevin adının çəkilməsi təbiidir. Amma məsələni yalnız AYNA rəhbərliyinin üzərində saxlamaq da problemi həll etmir və görünən budur ki, AYNA yaranmış vəziyyəti düzəltməkdə acizdir.
Üstəlik, söhbət təkcə avtobuslardan da getmir. Söhbət həm də metrodan, hava nəqliyyatından, dəmir yolundan, taksi xidmətlərindən və bütövlükdə nəqliyyat siyasətindən gedir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkənin həm də nəqliyyat sisteminə cavabdehdir... Eyni zamanda Azərbaycanın nəqliyyat sektorunda bu qurumların əhəmiyyətli hissəsi “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” - AZCON-un idarəetmə portfelində yer alır. AZCON-un rəsmi məlumatına görə, holdinqin portfelində “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, Bakı Metropoliteni, “BakuBus” və “Bakı Taksi Xidməti” kimi qurumlar yer alır.
AZCON-un Müşahidə Şurasının sədri isə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbi oğlu Nəbiyevdir. Şahin Tofiq oğlu Babayev isə 2025-ci ilin martında holdinqin icraçı direktoru təyin edilib.
AZCON-un özünün açıqladığı əsas hədəflər sırasında idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin müasir korporativ idarəetmə prinsiplərinə uyğun idarə olunması, onların rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının artırılması göstərilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkənin nəqliyyat siyasətinin formalaşdırılması və həyata keçirilməsində əsas dövlət qurumlarından biridir. Eyni zamanda, nazir Rəşad Nəbiyev AZCON-un Müşahidə Şurasına rəhbərlik edir.
Ona görə də bu gün Bakı nəqliyyatında yaranmış vəziyyətə yalnız “AYNA niyə bunu həll etmir?” sualı ilə yanaşmaq kifayət etmir. Yada daha böyük səlahiyyət sahiblərini salmaq lazımdır - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini və nazir Rəşad Nəbiyevi...
İllərdir bu sahənin inkişafı üçün milyonlarla manat vəsait ayrılır. Yeni avtobuslar alınır, nəqliyyat infrastrukturu yenilənir, parklanma sistemi qurulur, müxtəlif küçələrdə yeni xətlər və zolaqlar yaradılır. Əlbəttə, hər şeyin sıfır olduğunu demək olmaz.
Amma əsas məsələ başqa yerdədir - Vətəndaş məmnuniyyəti niyə yoxdur?
Çünki vətəndaşın gündəlik problemi hələ də qalır. Avtobus dayanacağında uzun müddət gözləmək, tıxacda saatlarla qalmaq, metroda problem yarananda alternativ nəqliyyat tapa bilməmək, bir ünvandan digərinə getmək üçün saatlarla vaxt itirmək. Bu problemlər gündəlik həyatın bir hissəsinə çevrilibsə, deməli, görülən işlərlə əldə olunan nəticə arasında hələ də ciddi fərq var.
Nəqliyyat siyasətinin əsas meyarı isə yalnız statistik göstəricilər olmamalıdır. Əsas meyar vətəndaşın həmin sistemdən gündəlik necə istifadə etməsidir. Bakı sakini üçün 557 min sərnişin rəqəmi yox, səhər avtobusun neçə dəqiqəyə gəlməsi daha vacibdir. 621 min metro sərnişini rəqəmi yox, metroda yaranan problem zamanı alternativ nəqliyyatın necə təşkil olunması daha vacibdir. Yeni layihələrin sayı yox, həmin layihələrin şəhərdə tıxacın və sərnişindaşıma probleminin həllinə real təsiri daha vacibdir.
Elə isə kimi günahlandırmalıyıq, problemin həllini kimdən tələb etməliyik? İşləyə bilməyən, problemi həll edə bilməyən kimdir? - AYNA yoxsa, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ASCON?
Ölkənin nəqliyyat sektorunun bir sıra əsas qurumları AZCON-un idarəetmə portfelindədir və holdinqin Müşahidə Şurasına məhz rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev rəhbərlik edir. Deməli, məsələ artıq yalnız bir agentliyin fəaliyyətindən ibarət deyil. Bu, bütövlükdə nəqliyyat idarəetməsinin nəticəsi məsələsidir.
Bakı bu gün tıxacdan boğulursa, metroda yaranan problem yerüstü nəqliyyatı iflic edirsə, vətəndaş saatlarla avtobus gözləyirsə və saatlarla yolda qalırsa, onda görülən işlərin nəticəsi barədə ən ciddi qiyməti həmin vətəndaş verir. Vətəndaş isə saatlarla tıxacda qalır, saatlarla avotbus gözləyir, AZAL-la baha uçmağa məcbur olur, qatar bileti tapa bilmir, metroda tər su içində, basrıq, dava qırğınla gedib gəlir. Bütün bunlarda sonra vətəndaş rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdən razılıq edəı bilərmi?(Bizimesr.media)
Ədil Hüseynov
Oxşar xəbərlər
Gündəm





