Ağalar Vəliyevin xeyriyyə təşəbbüsləri: Qarabağ səfərinin kölgəsində qalan narazılıqlar

Ağalar Vəliyevin xeyriyyə təşəbbüsləri: Qarabağ səfərinin kölgəsində qalan narazılıqlar



57 saylı Xaçmaz şəhər seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Xaçmaz rayonundan olan şəhid ailələri nümayəndələri, qazilər, ağsaqqallar və rayon ziyalılarının iştirakı ilə növbəti Qarabağ səfəri təşkil olunub.

Bu dəfə 62 nəfərin iştirak etdiyi iki günlük səfər Ağdam–Xankəndi–Şuşa–Laçın marşrutu üzrə baş tutub.

Səfər çərçivəsində iştirakçılar Ağdam Muğam Mərkəzini, Ağdam Şəhidlər xiyabanını və Cümə Məscidini ziyarət edib, Xankəndidə Qarabağ Universiteti və Zəfər Parkına baş çəkiblər. Şuşada Cıdır düzü, Şuşa qalası və Molla Pənah Vaqifin məqbərəsi, Laçında isə Zabux qəsəbəsi, Ceyran Qızlar bulağı və seyrəngah iştirakçıların diqqətini çəkib. Zəngilanın Ağalı kəndinə səfər də proqramın tərkib hissəsi olub.



Ağalar Vəliyevin xeyriyyə və sosial dəstək təşəbbüsləri bununla məhdudlaşmır. Verilən məlumatlara görə, deputat tərəfindən şəhid ailələri, qazilər və müharibə iştirakçılarına müxtəlif istiqamətlərdə dəstək göstərilir, həssas kateqoriyadan olan ailələrə bayramlar ərəfəsində ərzaq yardımları edilir, şəhid ailələri, qazilər və müharibə iştirakçıları dini ziyarətlərə göndərilir.

Təhsil sahəsində də müxtəlif təşəbbüslərin həyata keçirildiyi bildirilir. Yüksək nəticə göstərən müəllimlərə və əlaçı şagirdlərə pul mükafatlarının verilməsi də bu layihələr sırasındadır.

Məsələn, açıq mənbələrdə Ağalar Vəliyevin 57 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə 41 məktəbdən 99 qabaqcıl müəllimə və 276 əlaçı şagirdə pul mükafatları təqdim etdiyi barədə məlumat yayılıb.

Bütün bunlar, şübhəsiz ki, sosial baxımdan müsbət təşəbbüslərdir. Lakin məsələ bununla bitmir.

Xebermedia.info olaraq sosial şəbəkələrdə yayılan məlumatlar əsasında apardığımız ilkin araşdırma zamanı Qarabağ səfərlərinin iştirakçı siyahılarının formalaşdırılması ilə bağlı bir sıra sualların yarandığını müşahidə etdik.

İddialara görə, səfər əvvəlcə daha erkən tarixə planlaşdırılıb və həmin vaxt iştirakçıların siyahısı müəyyənləşdirilib. Səfərin sonradan avqust ayına təxirə salınmasından sonra isə əvvəlki siyahıda olan bəzi şəxslərin adlarının çıxarıldığı və onların yerinə müxtəlif vəzifəli şəxslərin yaxınlarının, o cümlədən qohumlarının daxil edildiyi bildirilir.

Sosial şəbəkələrdə səsləndirilən iddialarda Xaçmaz Rayon İcra Hakimiyyətinin Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Emin Nazim oğlu Ağayevin yaxınlarının da səfərdə iştirak etdiyi qeyd olunur.

Burada xüsusi olaraq vurğulamaq lazımdır ki, sözügedən məlumatlar hazırda iddia xarakterlidir və onların doğru olub-olmaması müvafiq sənədlər və rəsmi açıqlamalarla təsdiqlənməlidir.

Məsələ ilə bağlı ortaya çıxan əsas sual isə budur: əvvəlki siyahıda olan vətəndaşların adları hansı səbəbdən çıxarılıb və onların yerinə yeni şəxslər hansı meyarlarla daxil edilib?

Eyni suallar Ağalar Vəliyevin təşəbbüsü ilə həyata keçirilən digər sosial layihələrə də aiddir.

Belə ki, sosial şəbəkələrdə yayılan məlumatlarda Xaçmaz Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Taryel Didarovun atası Abdulla Didarovun da Həcc ziyarətinə göndərilən şəxslər sırasında olduğu bildirilir. Abdulla Didarovun uzun illər icra nümayəndəsi vəzifəsində çalışdığı qeyd olunur.

Burada da əsas məsələ konkret şəxsin ziyarətə göndərilməsi deyil. Əsas sual siyahıların hansı meyarlarla hazırlandığı və seçim zamanı bütün vətəndaşlara bərabər yanaşılıb-yanaşılmamasıdır.

Bundan başqa, müəllim və şagirdlərin mükafatlandırılması ilə bağlı da müəyyən iddialar səsləndirilir.

Ağalar Vəliyevin yüksək nəticə göstərən müəllim və şagirdləri mükafatlandırması barədə açıq mənbələrdə məlumatlar mövcuddur. Lakin Xebermedia.info-ya daxil olan məlumatlara görə, bəzi hallarda sertifikasiyada yüksək nəticə göstərmiş müəllimlərin əvəzinə daha aşağı nəticə göstərən və hətta nəticə əldə etməyən şəxslərin siyahıya salındığı iddia edilir.

Həmçinin əlaçı olmadığı halda bəzi şagirdlərin əlaçı kimi təqdim edilərək mükafatlandırıldığı barədə də məlumatlar yayılıb.

Əgər bu iddialar təsdiqini taparsa, burada əsas məsuliyyətin Ağalar Vəliyevin özündən daha çox siyahıları hazırlayan və təqdim edən şəxslərin üzərinə düşüb-düşmədiyi də araşdırılmalıdır.

Çünki xeyriyyə və sosial dəstək məqsədilə ayrılan vəsaitin kimlərə çatdırılması ilə bağlı yanlış və ya qeyri-obyektiv məlumat deputatın həyata keçirdiyi təşəbbüslərin özünə kölgə sala bilər.

Əslində isə burada cavablandırılmalı olan əsas sual çox sadədir: Ağalar Vəliyevin maliyyə dəstəyi hesabına həyata keçirilən sosial layihələrdə iştirakçı və mükafatlandırılan şəxslərin siyahılarını kim hazırlayır və bu siyahılar hansı meyarlarla müəyyən edilir?

Əgər səfər üçün əvvəlcədən hazırlanmış siyahı sonradan dəyişdirilibsə, həmin dəyişikliklərin səbəbləri açıqlanmalıdır. Siyahıdan çıxarılan şəxslərin yerinə kimlərin və hansı əsasla əlavə edildiyi də ictimaiyyət üçün aydın olmalıdır.

Eyni zamanda, müəllim və şagirdlərin mükafatlandırılması zamanı müəyyən edilmiş meyarların necə tətbiq edildiyi də şəffaf şəkildə izah edilməlidir.

Çünki bir deputat öz vəsaiti hesabına şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, müəllimlərə və şagirdlərə dəstək göstərirsə, bu təşəbbüsdən yararlanmaq üçün şəxsi əlaqələrin, qohumluğun və vəzifənin üstünlüyə çevrilməsi cəmiyyətdə haqlı suallar yarada bilər.

Daha vacibi isə odur ki, belə hallar barədə yaranan şübhələr nəticə etibarilə həmin şəxslərdən çox xeyriyyə təşəbbüsünü həyata keçirən şəxsin ictimai nüfuzuna zərər vurur.

Ona görə də Ağalar Vəliyevin diqqətinə çatdırılmalı əsas məsələ bəlkə də elə budur: deputatın etdiyi yaxşılıqdan kimlər öz şəxsi maraqları üçün istifadə edir?

Əgər səsləndirilən iddialar əsassızdırsa, bunu sübut etmək üçün əvvəlki və son siyahıların, seçim meyarlarının və müvafiq məlumatların açıqlanması kifayət edər. Əgər iddialar doğrudursa, o zaman siyahıların kim tərəfindən və hansı məqsədlə dəyişdirildiyi araşdırılmalıdır.

Beləliklə, həm Ağalar Vəliyevin xeyriyyə təşəbbüsləri kölgədə qalmaz, həm də cəmiyyətdə yaranan suallara aydınlıq gətirilər.

Xebermedia.info olaraq bildiririk ki, yazıda səsləndirilən qohumluq, siyahıların dəyişdirilməsi və mükafatlandırma ilə bağlı məlumatlar sosial şəbəkələrdə yayılan iddialar və ilkin araşdırma nəticəsində əldə olunan məlumatlar əsasında təqdim olunur. Məsələyə münasibət bildirmək hüququ olan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Əsas sual isə açıq qalır: Ağalar Vəliyevin xeyriyyə təşəbbüslərindən kimlər öz şəxsi maraqları üçün istifadə edir?

Xəbər lenti

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir
17:33
Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
17:14
Elnur Əliyevin layihə imperiyası: Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
16:32
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
15:53
22 minlik rüşvət QALMAQALI - İcra hakimiyyətinin rəsmiləri aldıqları pulu sənədlə təsdiqləyiblər
15:37
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
14:55
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
14:18
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
14:00
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
13:29
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant imperiyası ifşa olunur! -Dövlətin milyonları necə yoxa çıxır?
13:03
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
12:09
İran tənqidçilərinə qarşı əcnəbi cinayətkarlardan istifadə edir - Aralarında azərbaycanlılar da var
11:53
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
11:11
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
10:38
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
09:55
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
09:14
Goranboyda yol qəzası - Yaralılar var
17:35
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
17:05