Tikinti şirkətləri çıxarışı olmayan evləri vətəndaşların razılığı olmadan sökə bilərlər? – AÇIQLAMA

Gündəm / Cəmiyyət 1-07-2026, 12:01


Son zamanlar tikinti şirkətlərindən gələn şikayətlər artmaqdadır. Sosial şəbəkələrdə bir sıra şirkətlərin çıxarışı olan və olmayan evləri vətəndaşın razılığı olmadan sökdüklərinə dair iddialar yer alır.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən hüquqşünas Aysel Mustafayevanın sözlərinə görə, tikinti şirkəti çıxarışı (daşınmaz əmlak üzərində dövlət qeydiyyatından keçmiş mülkiyyət hüququnu təsdiq edən sənədi) olan evi mülkiyyətçinin razılığı olmadan sökə bilməz.

O qeyd edib ki, belə bir hərəkət Azərbaycan Respublikasının Konstitusiyasına və mülki qanunvericiliyə ziddir: “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmə qərarı olmadan və qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz müdaxiləsindən öz hüquqlarının müdafiəsini tələb etmək hüququna malikdir”.

Hüquqşünasın sözlərinə görə, tikinti layihəsinin həyata keçirilməsi üçün hər hansı yaşayış evi və ya torpaq sahəsinin alınması nəzərdə tutulursa, bu, yalnız qanunvericiliklə müəyyən edilmiş qaydalara əməl edilməklə mümkündür: “Praktikada bu, əsasən mülkiyyətçi ilə qarşılıqlı razılaşma əsasında alqı-satqının həyata keçirilməsi və ya dövlət ehtiyacları üçün özgəninkiləşdirmə haqqında qanunvericiliyin tələblərinə uyğun qərarın qəbul edilməsi ilə mümkündür. Sadəcə, tikinti şirkətinin həmin ərazidə layihə həyata keçirmək istəyi mülkiyyətçinin hüquqlarını aradan qaldırmır. Əgər tikinti şirkəti mülkiyyətçinin razılığı olmadan evi sökər və ya sökülməsinə cəhd göstərərsə, bu, mülki hüquqların kobud şəkildə pozulması hesab olunur və zərərçəkmiş şəxs məhkəməyə müraciət etməklə pozulmuş hüquqlarının bərpasını, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Qeyd etmək lazımdır ki, vətəndaşın çıxarışla təsdiq edilmiş mülkiyyət hüququ tikinti şirkətinin iqtisadi maraqlarından üstün hüquqi müdafiəyə malikdir. Buna görə də heç bir tikinti şirkəti yalnız öz layihəsini əsas gətirərək mülkiyyətçinin razılığı olmadan onun evini sökmək səlahiyyətinə malik deyil. İlk növbədə, tikinti şirkəti mülkiyyətçi ilə danışıqlar aparmalı və əmlakın alınması barədə qarşılıqlı razılıq əldə edilməlidir. Mülkiyyətçi yeni tikilən binadan mənzilin verilməsi, mənzil təhvil verilənədək yaşayış üçün nəzərdə tutulan aylıq kirayə ödənişi və digər şərtlər barədə tələblərini bildirməli və tərəflər arasında bunula bağlı müvafiq mülki-hüquqi müqavilə bağlanmalıdır”.

A.Mustafayeva onu da vurğulayıb ki, dövlət qeydiyyatı (çıxarışı) olan əmlak toxunulmazdır: “Tikinti şirkətinin vətəndaşı məcburi şəkildə evindən çıxarması və ya evini sökməsi tamamilə qanunsuzdur. Hər hansı bir söküntü yalnız əmlak sahibinin könüllü rəsmi razılığı və ya müstəsna hallarda (məsələn, bina qəzalı olduqda) məhkəmənin qəti qərarı ilə həyata keçirilə bilər. Hətta çıxarışın olmaması da tikinti şirkətinə həmin evi özbaşına sökmək hüququ vermir. İlk növbədə, həmin tikilinin hüquqi statusu müəyyən edilməlidir. Belə ki, vətəndaşın çıxarışı olmasa da, onun torpaq üzərində qanuni istifadə hüququnu təsdiq edən sənədləri, orderi, icra hakimiyyəti tərəfindən verilmiş aktları, texniki pasportu və ya mülkiyyət hüququnun tanınması üçün əsas yaradan digər sənədləri mövcud ola bilər. Bu halda həmin şəxsin hüquqları məhkəmə qaydasında da müdafiə oluna bilər. Digər tərəfdən, əgər tikili tamamilə qanunsuz inşa olunub və onun üzərində heç bir hüquqi əsas mövcud deyilsə belə, tikinti şirkəti öz təşəbbüsü ilə həmin tikilini sökə bilməz. Tikilinin qanunsuz olub-olmamasına və sökülməsinə dair qərarın qəbul edilməsi yalnız qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarının və zəruri hallarda məhkəmənin səlahiyyətinə aiddir. Buna görə də çıxarışın olmaması heç bir halda tikinti şirkətinə vətəndaşın evini birtərəfli qaydada sökmək səlahiyyəti vermir. Hər bir konkret hal tikilinin hüquqi statusu, mövcud sənədlər və qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymətləndirilməlidir”.

Xəbər lenti

ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13