QHT-lərə Dövlət Dəstəyi Agentliyinin "planlı iqtisadiyyatı": İslahat, yoxsa tezbazar layihələr?

Gündəm / Cəmiyyət 7-07-2026, 09:20


QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətini illərdir izləyənlər artıq bir həqiqəti yaxşı bilir: bu qurumun ən uğurlu işi islahat haqqında danışmaqdır. Şəffaflıq, açıqlıq, hesabatlılıq, yeni yanaşma, innovativ idarəetmə...

Bəzi tədbirlərdə iştirakçılardan əlavə köynək gətirmələri xahiş olunur. Məqsəd müxtəlif şəkillər çəkərək guya tədbirin bir neçə gün davam etdiyini göstərməkdir.

Bu sözlər o qədər təkrarlanıb ki, artıq onların praktik nəticə verəcəyinə inanmaq getdikcə çətinləşir. Çünki hər il eyni vədlər verilir, hər il eyni problemlər yaşanır və hər il həmin problemlər yeni bəhanələrlə izah edilir.

Əslində, islahatın mahiyyəti çox sadədir. İşlər əvvəlkindən daha yaxşı təşkil olunursa, qərarlar vaxtında qəbul edilirsə, bürokratik əngəllər aradan qaldırılırsa, vətəndaş və QHT-lər rahat işləyə bilirsə, buna islahat deyilir. Əgər proseslər daha da ağırlaşır, qərarlar gecikir, layihələr yarım ilə yaxın gözlədilir, sonra isə bir neçə həftəyə başa çatdırılması tələb olunursa, bunun adına islahat yox, idarəetmə böhranı demək daha doğru olar.

"Yenixeberorg.com"un 14 may tarixli yazısında diqqətə çatdırmışdıq ki, Agentlik martın 12-də qrant müsabiqəsinin nəticələrini elan etsə də, layihələrin icrasına başlanılmır. Səbəb kimi Ədliyyə Nazirliyindən bildirişlərin alınmaması göstərilirdi. Yazımızdan sonra QHT-lərə ardıcıl mesajlar göndərildi. Bildirildi ki, problem qısa müddətdə həll olunacaq, layihələr dərhal başlayacaq.

Doğrudan da başladı. Amma necə?

Aylarla gözlədilən layihələr iyul ayında, yayın ən isti günlərində, tələm-tələsik icraya buraxıldı. Elə bil altı ay ərzində itirilmiş vaxtın əvəzini QHT-lər çıxmalıdır. Sanki gecikməyə səbəb olan qurum yox, layihəni həyata keçirən təşkilatlardır. Bunu biz demirik, "Yenixeberorg"a problemlərini bölüşən QHT-lər söyləyirlər.

İllərdir Agentliyin rəhbər şəxsləri müxtəlif tədbirlərdə eyni fikri səsləndirirlər. Deyirlər ki, müsabiqələr sentyabr ayında elan olunacaq ki, QHT-lərin layihə hazırlamaq üçün kifayət qədər vaxtı olsun. Nəticələr daha tez açıqlanacaq, icraya daha erkən başlanacaq və bütün proses daha səmərəli olacaq.

Bəs nəticə nə oldu?

QHT-lər layihələrini sentyabr-noyabr aylarında təqdim etdilər. Nəticəni almaq üçün aylarla gözlədilər. Layihələrin rəsmiləşdirilməsi yenə uzandı.

Sonda isə layihələrin böyük hissəsi yay aylarında, minimum müddətdə icra edilməyə məcbur edildi.

İslahat bu işin harasındadır?

Ən qəribəsi isə odur ki, bu vəziyyət heç kimi narahat etmir. Əksinə, hər şey normal proses kimi təqdim olunur. Sanki dövlət büdcəsindən maliyyələşən layihələrin yarım il gecikməsi adi hadisədir. Sanki ictimai fayda daşıyan layihələrin bir neçə həftəyə "yekunlaşdırılması" normal idarəetmə modelidir.

Əgər kimsə bu yazılanların şişirdildiyini düşünürsə, sosial şəbəkələrə nəzər salması kifayətdir.

Bir banner.

Bir təlimçi.

Beş-altı iştirakçı.

Kiçik bir otaq.

Bir neçə foto.

Bir neçə status.

Və bunun adına layihə icrası deyilir!

İştirakçıların üz ifadələrinə baxanda belə hiss olunur ki, onların əksəriyyəti tədbirə hansı mövzuda gəldiyini belə bilmir. Elə bil hansısa idarədən "gedin, bir saat oturun, sonra çıxarsınız" tapşırığı verilib.

Sektorda artıq açıq sirrə çevrilmiş başqa bir mənzərə də var. Bəzi tədbirlərdə iştirakçılardan əlavə köynək gətirmələri xahiş olunur. Məqsəd müxtəlif şəkillər çəkərək guya tədbirin bir neçə gün davam etdiyini göstərməkdir. Əgər layihənin "uğuru" köynək dəyişməklə ölçülürsə, burada artıq ciddi problem var.

Əlbəttə, bütün məsuliyyəti QHT-lərin üzərinə yıxmaq olar. Amma bu, ən asan yoldur.

Sual budur: layihələri aylarla gözlədən kimdir? Sənədləşməni uzadan kimdir?

QHT-ləri iyul ayında tələsik tədbirlər keçirməyə məcbur edən kimdir?

Axı heç bir təşkilat layihəsini iki həftəyə sığışdırmaq istəməz. Heç bir QHT öz nüfuzunu formal tədbirlərlə zədələməkdə maraqlı deyil. İnsanları bu vəziyyətə salan idarəetmə modelidirsə, o zaman tənqid də ilk növbədə həmin modelə yönəlməlidir.

Təəssüf ki, son illər Agentliyin fəaliyyətində təhlükəli bir tendensiya formalaşıb. Mahiyyətdən daha çox görüntüyə üstünlük verilir. Tədbirlər keçirilir, təqdimatlar hazırlanır, çıxışlarda islahatdan danışılır, statistik rəqəmlər səsləndirilir. Amma bütün bu pafosun arxasında ən elementar idarəetmə problemləri həll olunmur.

Dövlət vəsaiti ilə maliyyələşən layihələrin əsas məqsədi sosial şəbəkələrdə şəkil paylaşmaq deyil. Məqsəd cəmiyyət üçün real nəticə yaratmaqdır. Tədbirin neçə şəkli çəkildiyi yox, hansı problemi həll etdiyi önəmlidir. Təəssüf ki, mövcud sistem QHT-ləri nəticə istehsal etməyə deyil, hesabat hazırlamağa sövq edir.

Ən acınacaqlısı isə budur ki, bütün bunlar tədricən normaya çevrilir. Sabah yenə eyni gecikmələr olacaq, yenə eyni izahatlar veriləcək, yenə eyni pafoslu çıxışlar səslənəcək, ilin sonunda isə yenə "uğurla icra edilmiş layihələr" barədə hesabat hazırlanacaq.

Amma cəmiyyət bütün bunları görür. QHT sektoru da görür.

Layihələri həyata keçirən insanlar da görür.

Görünməyən yalnız bir şeydir - illərdir vəd edilən islahatların real nəticəsi.

İslahat sözünü hər çıxışda işlətmək asandır. Çətin olan həmin islahatı idarəetmədə göstərməkdir. Təəssüf ki, bu gün ortada gördüyümüz mənzərə göstərir ki, Agentlik hələ də görüntü ilə nəticə arasındakı fərqi tam anlaya bilməyib.

Çünki islahat odur ki, problemlər azalır.

Burada isə problemlər əvvəl yaranır, sonra onlara bəraət qazandırılır.

Bu isə islahat deyil. Bu, sadəcə dövlət vəsaiti hesabına həyata keçirilən tezbazar layihələr sistemidir.(Yenixeberorg.com)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Xəbər lenti

“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
19:03
Yasamalda 98 saylı dövlət bağçası ilə bağlı şok iddia: uşağın qanında psixotrop maddə aşkarlandığı bildirilir
18:29
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir
17:33
Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
17:14
Elnur Əliyevin layihə imperiyası: Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
16:32
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
15:53
22 minlik rüşvət QALMAQALI - İcra hakimiyyətinin rəsmiləri aldıqları pulu sənədlə təsdiqləyiblər
15:37
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
14:55
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
14:18
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
14:00
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
13:29
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant imperiyası ifşa olunur! -Dövlətin milyonları necə yoxa çıxır?
13:03
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
12:09
İran tənqidçilərinə qarşı əcnəbi cinayətkarlardan istifadə edir - Aralarında azərbaycanlılar da var
11:53
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
11:11
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
10:38
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
09:55
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
09:14