Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -İcra Hakimiyyətinin "qırmızı işığı"nda qalan sahibkarlar

Gündəm / Cəmiyyət 12-10-2026, 17:45


Azərbaycanda qeyri-neft sektorunun inkişafı və biznes mühitinin stimullaşdırılması regionlarda yeni müəssisələrin, hotel, restoran və anbarların tikilməsi ilə birbaşa bağlıdır. Dövlət başçısı səviyyəsində sahibkarlara "yaşıl işıq" yandırılması və sənədləşmə proseslərinin tamamilə rəqəmsallaşdırılması barədə verilən kəskin tapşırıqlara baxmayaraq, bəzi rayonlarda yerli məmurlar hələ də köhnə idarəetmə üsullarından və bürokratik əngəllərdən əl çəkə bilmirlər.

Redaksiyamıza daxil olan son şikayətlər göstərir ki, bölgələrdə kommersiya obyekti tikmək istəyən investorlar, qanunvericiliklə dəqiq çərçivəyə salınmış prosedurların yerlərdə süni şəkildə tormozlanması ilə üzləşirlər. Bu problemlərin mərkəzində dayanan son ünvanlardan biri isə regional turizm və biznes potensialı ilə seçilən Qəbələ rayonudur.

Qəbələdə fəaliyyət göstərən bir qrup sahibkar, tikinti ilə bağlı sənədlərin razılaşdırılması prosesində ciddi əsassız gecikmələrlə üzləşdiklərini bildirirlər. Onların sözlərinə görə, obyektlərin layihə sənədləri müvafiq qaydada Qəbələ Rayon İcra Hakimiyyətinə təqdim edilsə də, aylarla heç bir hərəkət olmadan saxlanılır və nəticədə qanunvericiliklə nəzərdə tutulan növbəti mərhələlərin icrasına ciddi əngəllər yaranır.

Redaksiyamıza müraciət edən iş adamları vurğulayırlar ki, əsas problem sənədlərin ilkin qəbulunda deyil, məhz onların yerli icra hakimiyyəti daxilində sonrakı mərhələlərə ötürülməsində yaşanır. İddialara görə, sənədlərin yerli qurumda səbəbsiz yerə yubadılması obyektlərin şəhərsalma baxımından ali nəzarətçi orqan olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması prosesini tormozlayır.

Bu isə sahibkarların fəaliyyətinə ağır zərbə vuraraq tikinti qrafiklərinin pozulmasına, investisiya planlarının alt-üst olmasına və obyektlərin istifadəyə verilmə tarixinin qeyri-müəyyən müddətə təxirə düşməsinə səbəb olur.

Halbuki qanunvericilik bu prosesi tamamilə şəffaf və günbəgün hesablana bilən rəqəmsal bir sistemə bağlayıb.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, Bakı şəhərindən kənarda kommersiya təyinatlı tikintiyə icazə üçün müraciətlər birbaşa yerli icra hakimiyyəti orqanlarına e-tikinti.gov.az portalı vasitəsilə ünvanlanmalıdır.

Prosesin ilkin mərhələsində torpağın sənədləri və kateqoriyası yoxlanıldıqdan sonra İcra Hakimiyyəti sahibkara şəhərsalma şərtlərini əks etdirən Memarlıq-Planlaşdırma Tapşırığını təqdim etməlidir. Bundan sonra hazırlanan layihə sənədləri sistemə yüklənir və məhz bu nöqtədə məmur süründürməçiliyinin qarşısını almaq üçün qanun sərt müddətlər qoyur.

Məcəllənin 75-ci maddəsinə əsasən, təqdim olunan sənədlərin tamlığı ekspertizası tələb olunan layihələr üzrə üç iş günü, ekspertizası tələb olunmayan kiçik kommersiya obyektləri üzrə isə cəmi iki iş günü ərzində yoxlanılmalı və çatışmazlıq aşkarlanarsa, ərizəçiyə dərhal rəsmi məlumat verilməlidir.

Sənədlərin tamlığı təmin edildikdən sonra layihə aidiyyəti qurumların rəyinə göndərilir və yerli icra hakimiyyətinin sorğusu əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də cəmi beş iş günü müddətində layihənin rayonun Baş Planına uyğunluğuna dair rəyini sistemə yükləməlidir.

Bütün bu rəylərin toplanması və yekun tikinti icazəsinin verilməsi üçün qanun yerli icra orqanlarına maksimum otuz gün vaxt tanıyır.

Lakin Qəbələ rayonunda bu müddət aylarla uzanır. Redaksiyamıza daxil olan müraciətdə isə artıq 3 aydır ki, heç bir cavab verilmədiyi bildirilir.

Göründüyü kimi, dövlətin müəyyən etdiyi hüquqi çərçivə ilə Qəbələ Rayon İcra Hakimiyyətinin real təcrübəsi arasında kəskin təzadlar mövcuddur. Sahibkarların narazılığı sadəcə növbə gözləməkdən deyil, qanunvericiliklə təsbit edilmiş bu dəqiq müddətlərin yerli məmurlar tərəfindən kobud şəkildə pozulmasından qaynaqlanır.

Yaranmış vəziyyətlə bağlı Qəbələ Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, qarşı tərəflə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı. Belə ki, RİH-in rəsmi saytındakı aidiyyəti şəxslərin telefon nömrələrinə etdiyimiz zənglər, eyni zamanda saytda göstərilən rəsmi e-mail ünvanına yazdığımız məktub cavabsız qaldı. Hər bir halda qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Qeyd edək ki, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevdir. O, bu vəzifəyə 2010-cu ilin martında təyin edilib.

Azərbaycanın internet resurslarında S.Abdullayev haqda heç də xoş olmayan məlumatlar kifayət qədərdir. Ümid edirik ki, hörmətli icra başçısı daha bir qalmaqalda adının detallarla hallanmasına razı olmayacaq və 3 aydır rəhbərlik etdiyi qurumda ləngidilən tikintiyə icazə müraciətlərinin cavablandırılmasını təmin edəcək.(Afn.az)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Xəbər lenti

İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
12:38
Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
12:21
Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
11:52