İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib

Gündəm / Siyasət 20-04-2026, 09:19

İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir:

"Xanımlar və cənablar,

Azərbaycanın sədrliyi ilə keçirilən BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (BMT ASİSK) səksən ikinci sessiyasında çıxış etmək üçün mənə göndərdiyi səmimi dəvətə görə Baş katibin müavininə dərin təşəkkürümü bildirmək istəyirəm.

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası, dayanıqlı inkişafın irəliləməsi, eləcə də regional bağlantıların, ticarətin və iqtisadi əməkdaşlığın asanlaşdırılmasında olduqca mühüm rol oynayan, BMT-nin ən geniş və təsirli regional platformalarından biri olaraq qalır. Biz, xüsusən də, multilateralizmin gücləndirilməsinə ehtiyac duyulduğu vaxtda, bu mühüm işə töhfə verməkdən məmnunuq.

Görüşümüz artan qlobal qeyri-müəyyənlik dövründə baş tutur. Yüksələn geosiyasi gərginlik və genişlənən münaqişələr, beynəlxalq sülh və təhlükəsizliyin həssaslığını, o cümlədən onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır. Bu xüsusda, Azərbaycan, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə özünün sarsılmaz sadiqliyini bir daha vurğulayır.

2021-ci ildə bu mötəbər qurumda ilk dəfə çıxış etdikdən sonra, Cənubi Qafqazda dərin transformasiya baş vermişdir. Azərbaycan özünün suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş, Ermənistanla sülh gündəliyinə başlamışdır. Ötən ilin avqustunda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın ev sahibliyi ilə keçirilmiş Vaşinqton Zirvə görüşündə Azərbaycan ilə Ermənistan arasında normallaşmada tarixi irəliləyiş əldə olunmuşdur.

Bu gün, biz sülhün bəhrəsinin şahidiyik. Azərbaycan ilə Ermənistan arasında ticarət münasibətləri başlamışdır və hazırda, Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradır. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimadın qurulmasına töhfə verir.

Eyni zamanda, Azərbaycan işğal zamanı tam dağıdılmış və azad edilmiş ərazilərdə unikal və genişmiqyaslı yenidənqurma layihələrini həyata keçirir. Böyük Qayıdış Proqramı uğurla icra olunur. 80000-dən artıq insan, öz həyatını yenidən qurmaq, doğma yurdlarına qovuşmaq, təhsil almaq və işləmək məqsədilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə qayıtmışlar. Bununla belə, minalar humanitar və inkişaf sahələrində ciddi təhdid olaraq qalır. Asiya və Sakit okean üzrə Komissiyanın əhatə dairəsində olan bir sıra ölkələrdə də mövcud olan mina problemi bu sahədə geniş beynəlxalq əməkdaşlığı zəruri edir. 2020-ci ildə münaqişə başa çatdıqdan sonra, 400-dən artıq azərbaycanlı mülki şəxs mina partlayışları nəticəsində həyatını itirmiş və ya yaralanmışlar.

Xanımlar və cənablar,

Azərbaycan inklüziv və dayanıqlı inkişafı davam etdirir. Son iki onillik ərzində, iqtisadiyyatımız təxminən dörd dəfə artmış, yoxsulluq və işsizlik isə, təqribən 5 faiz səviyyəsinə düşmüşdür. Sosial müdafiə və infrastruktur sahəsində böyük sərmayələr, hazırda, sayı 10 milyonu keçmiş əhalimizin rifahını yaxşılaşdırmışdır.

Azərbaycan, BMT-nin 2030-cu il Gündəliyini milli inkişaf strategiyalarına daxil edərək, yoxsulluğun azaldılması, təhsil və səhiyyə sahələrində nailiyyətlər qazanaraq, heç kəsi diqqətdən kənarda qoymamaq prinsipinə qəti şəkildə sadiq çıxdığımızı əks etdirən könüllü milli hesabatlarını dövri olaraq təqdim edərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmişdir.

Bundan əlavə, Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir. Cari geosiyasi mühitdə, Orta Dəhlizin əhəmiyyəti artır. Zəngəzur Dəhlizi Asiyanı Avropa ilə birləşdirərək, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın prioritetləri ilə tam uyğun şəkildə daha geniş nəqliyyat, enerji və rəqəmsal şəbəkələrə töhfə verərək, regional bağlantıları daha da artıracaq.

Azərbaycan sabit və şaxələndirilmiş enerji təchizatına töhfə verərək, müxtəlif bölgələrdə enerji təhlükəsizliyinin təminatçısı kimi öz etibarlı rolunu oynamaqda davam edir.

Münaqişənin başa çatması Azərbaycanın beynəlxalq səylərinin genişləndirilməsi üçün də yeni imkanları yaratmışdır. Azərbaycanın Türk Dövlətləri Təşkilatında və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyi, onun D8 - İqtisadi Əməkdaşlıq üzrə Təşkilata, Mərkəzi Asiyada dövlət başçılarının məşvərətçi görüşlərinə qəbul olunması və COP29 tədbirinə uğurla ev sahibliyi, beynəlxalq ictimaiyyətin Azərbaycanın xarici siyasətinə artan etimadının təzahürüdür.

Sonda, məmnunluqla qeyd etmək istərdim ki, Azərbaycan gələn ay Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcək. Genişmiqyaslı yenidənqurma və dayanıqlı şəhərsalma işlərində iştirak edən ölkə kimi, biz sessiyada öz təcrübəmizi bölüşməyi və ən yaxşı qlobal təcrübələrlə tanış olmağı arzulayırıq. Mən hamınızı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etməyə dəvət edirəm.

Bu iclasın işinə uğurlar arzu edirəm. Sağ olun".

Xəbər lenti

ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13