"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO

Gündəm / Cəmiyyət 21-05-2026, 16:24



Bakının Yasamal rayonu ərazisində yaşayış binaları inşa edən "Lux Residence" şirkəti ilə bağlı redaksiyamıza şikayət məktubu daxil olub.
Qaynarinfo-nun məlumatına görə, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 31 ünvanında yaşayan İsayev Famil Zahir oğlu yazır ki, "Lux Residence" şirkətinin apardığı inşaat işləri onun evini yararsız hala salıb. Famil İsayevin sözlərinə görə, şirkət bunu məqsədli şəkildə edib.
"Evdən çıxmağımızı istəyirlər. Amma az kompensasiya verirlər. Təsəvvür edin, yaşadığımız evin ümumi sahəsi 51,7 kvadratmetrdir, amma onlar hesab edirlər ki, 32,5 kvadratmetrdir. Təklif etdikləri məbləğ hətta 32,5 kvadratmetr üçün də yetərli deyil", deyə şikayətçi bildirir.
Famil İsayevin sözlərindən məlum olur ki, "Lux Residence" əvvəlcə onlara 91 000 manat kompensasiya təklif edib:
"Təbii ki, biz buna etiraz etdik. Bizi məhkəməyə verdilər. İddiada göstəriblər ki, guya yaşadığımız ev qeyri-qanuni tikilidir. Halbuki bu ev bizim baba mülkümüzdür. Evi 1916-cı ildə atamın babası inşa edib. Babam bu evdə anadan olub. Nənəm bu evə gəlin gəlib. Yəni 110 ildir bu ev bizdədir. Bu müddət ərzində evin qeyri-qanuni tikili olduğu üzə çıxmayıb?".
Şikayətçi yazır ki, Yasamal Rayon Məhkəməsi də iddianın absurdluğunu görüb və məsələni kompensasiya mübahisəsinə çevirib. Famil İsayevin sözlərinə görə, bundan sonra şirkət evin sahəsini ölçmək üçün "Central Consulting" şirkətinə müraciət edib:
"Biz həmin şirkəti evə buraxmadıq. Amma şirkət saxta ekspertiza rəyi hazırlayıb. Rəydə evin sahəsinin 32,5 kvadratmetr olduğu yazılıb. "Central Consulting" şirkətinin saxtakarlığını elə hazırladığı rəy vasitəsilə sübut etmək mümkündür. Təsəvvür edin, rəyə yazıblar ki, ev kərpicdən tikilib. Halbuki ev qaya daşlarından inşa edilib. Bundan başqa, evin qapısının dəmir materialdan olduğu yazılıb, amma qapı taxtadandır. Rəydə qeyd ediblər ki, ev 1 mərtəbəlidir, amma iki mərtəbəlidir. İkinci mərtəbədə əmim yaşayır. Bütün bunları bir kənara qoyaraq sual edirik: "Central Consulting" şirkəti evə baxmadan bu rəyi necə hazırlayıb? Bu açıq-aşkar saxtakarlıq deyilmi?"
Famil İsayevin sözlərinə görə, "Central Consulting" şirkətinin rəyini qəbul etmədiyinə görə məhkəmə tərəfindən evin ekspertizası həyata keçirilib:
"Məhkəmənin hazırladığı rəydə isə açıq-aşkar yazılıb ki, evin ümumi sahəsi (çöldən-çölə) 51,7 kvadratmetrdir. Amma maraqlıdır ki, işə baxan Ayşən Sultanova-Məmmədova heç məhkəmənin rəyini nəzərə almadı və bizə 109 000 manat kompensasiya verilməsi barədə qərar çıxardı. Bir məqamı da qeyd edim ki, məhkəmədə şirkətin nümayəndəsi vətəndaşlara kompensasiya olaraq hər kvadratmetrə görə 4000 manat ödədiklərini deyib. Təsəvvür edin, bu hesabla 109 000 manat heç 32,5 kvadratmetr üçün yetərli deyil. 4000 manatdan hesablayanda 32,5 kvadratmetr üçün 130 000 manat kompensasiya düşür. İndi özünüz baxın ki, nə qədər qanunsuzluq edirlər, haqqımıza girirlər".
Famil İsayev bildirir ki, qərardan apellyasiya şikayəti verəcək. Eyni zamanda məsələ ilə əlaqədar ölkə rəhbərliyinə və digər səlahiyyətli şəxslərə müraciət edəcək.
"Sona qədər qanuni şəkildə mübarizəmi aparacağam. Qardaşım hərbçidir, iki müharibədə iştirak edib. Bu ev təkcə mənə məxsus deyil ki, verilən məbləğlə razılaşım. Biz artıq pul istəmirik, sadəcə haqqımızı tələb edirik", deyə şikayətçi sonda vurğulayır.
"Lux Residence" şirkəti 100 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Cəfərzadə Hüseyn İlşat oğludur. Hüseyn Cəfərzadə haqqında publik mənbələrdə heç bir məlumat yoxdur.
"Lux Residence" şirkəti haqqında isə mediada və sosial şəbəkə platformalarında əsasən tənqidi materiallara rast gəlinir. Məsələn, təxminən bir həftə əvvəl mediada Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi, ev 29-da yaşayan İbrahimova Firuzə Abusət qızının "Lux Residence" şirkətinin özbaşınalıqlarından şikayəti yer alıb.
Cari ilin aprel ayında isə mediada Pəricahan Abdullayeva adlı vətəndaşın "Lux Residence" şirkəti ilə bağlı videomüraciəti yayılıb. Vətəndaş bildirib ki, "Lux Residence" şirkəti onun evini başına uçurub.(Qaynarinfo)



Xəbər lenti

ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13