SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR


QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələrindəki seçimlərlə bağlı dəfələrlə ciddi faktları ortaya qoysaq da, nədənsə aidiyyəti hüquq-mühafizə orqanları bunları görməzdən gəlir. Dəfələrlə müxtəlif faktlar, nümunələr və şübhə doğuran məqamlar ictimaiyyətə təqdim edilsə də, aidiyyəti qurumların bu məsələlərə ya səssiz qalması, ya da formal reaksiyalarla kifayətlənməsi diqqətdən yayınmır.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən rəsmi açıqlamalarda şəffaflıq, obyektiv seçim və bərabər imkanlar vurğulansa da, praktikada fərqli mənzərə ilə qarşılaşdığını iddia edənlərin sayı az deyil. Müsabiqə kriteriyalarının kağız üzərində qaldığı, real seçimlərin isə başqa amillərlə müəyyənləşdiyi barədə fikirlər getdikcə daha çox səslənir...
Bu istiqamətdə "Yenixeberorg.com"-a ötürülən nümunələrdən biri də SOCAR əməkdaşı İmaməddin Quliyevin rəhbərlik etdiyi “Azərbaycan Könüllülər” İctimai Birliyinin son illərdə ardıcıl şəkildə qrantlar qazanmasıdır.

Rəsmi məlumatlara görə:
2023-cü il: Dayanıqlı şəhər mobilliyinin təşviqində gənclərin iştirakçılığı istiqamətində təşəbbüslər – 7000 manat,
2024-cü il: Yaşıl könüllülər – 12000 manat,
2025-ci il: Yaşıl yollarla gələcəyə sağlam addımlar – 11000 manat,
2026-cı il: Könüllülər yol təhlükəsizliyinin təşviqində - 10000 manat.
Məbləğlərin artımı və layihə mövzularının bir-birinə yaxınlığı da suallar yaradır. Bu layihələrin real təsiri, ölçülə bilən nəticələri, davamlılığı və ictimai faydası barədə geniş və əlçatan hesabatlar varmı? Əgər varsa, niyə bu nəticələr görünmür?
Digər tərəfdən, yüksək vəzifədə çalışan və əsas işi başqa sahə olan bir şəxsin rəhbərlik etdiyi təşkilatın hər il ardıcıl şəkildə maliyyə dəstəyi alması da müzakirə mövzusudur. Bu, sadəcə peşəkar layihə yazmaq bacarığının nəticəsi deyil, birbaşa sistem daxilində müəyyən üstünlüklərin mövcudluğuna işarədir. Sənin harada və kiminlə işləməyin çox önəmlidir.
Əsas məsələ konkret bir təşkilat və ya şəxs deyil. Əsas məsələ sistemin özüdür. Əgər həqiqətən də seçimlər tam şəffaf və obyektivdirsə, o zaman qalib layihələrin detallı nəticələri ictimaiyyətə təqdim edilməli, müxtəlif qurumlarda işləyən şəxslərə məxsus təşkilatların ardıcıl qalib olmasının səbəbləri əsaslandırılmalıdır. Hətta yüksək vəzifəli digər şəxslərə məxsus QHT-lərin hər il ardıcıl qrant almasının səbəbləri izah olunmalıdır.
Əks halda, dövlət büdcəsindən ayrılan vəsaitlərin real ictimai təşəbbüslərə deyil, müəyyən çevrələr daxilində bölüşdürülməsi ilə bağlı şübhələr öz təsdiqini tapmış olur.
Qeyd: İmaməddin Quliyevin dünən SOCAR rəhbərliyi ilə birgə iştirak etdiyi tədbirdən fotosunu da təqdim edirik.

Yenixeberorg.com

Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib - BUNA GÖRƏ...


Dövlət Gömrük Komitəsində (DGK) müxtəlif yüksək vəzifələrdə çalışan, o cümlədən komitənin sabiq sədri Səfər Mehdiyevin köməkçisi olmuş Həbib Bağırlı Avropa Məhkəməsinə şikayət edib.

Gununsesi.info xəbər verir ki, təqaüdddə olan polkovnik Həbib Bağırlının şikayəti üzrə kommunikasiya başlayıb və Azərbaycana sorğu göndərilib. Şikayətin mahiyyəti bank borcuna görə Həbib Bağırlının ölkədən çıxışına yerli məhkəmələr tərəfindən qadağa qoyulması ilə bağlıdır. O, ərizəsində qadağanın qanunsuz olduğunu, ölkədaxili məhkəmələrdə bu işə ədalətli baxılmadığını qeyd edib.

46 yaşlı Həbib Bağırlının ölkədən çıxışına 2024-cü ildə məhkəmə qərarı ilə qadağa qoyulub. Həmin ilin noyabrında ölkə daxilində yekun qərarla Bakı Apellyasiya Məhkəməsi bunu təsdiqləyib. Bundan sonra polkovnik Avropa Məhkəməsinə ərizə göndərərək, hərəkət azadlığının və ədalətli məhkəmə araşdırması hüququnun pozulmasından şikayətlənib.

Həbib Bağırlının banklardan birinə 400 min manatdan çox borcu yaranıb. 2024-cü ildə Nərimanov rayon Məhkəməsi borcun ödənilməsi barədə qərar çıxarıb. O, təxminən 100 min manat ödəniş edib.

Nərimanov rayon İcra və Probasiya Şöbəsi Həbib Bağırlının ölkədən çıxışına qadağa qoyulması ilə kifayətlənməyib. Qalan məbləğin ödənilməməsi məhkəmə qərarının icra olunmaması kimi qiymətləndirilib.

2026-cı ilin əvvəlində polkovnikin İnzibati Xətalar Məcəlləsinin 528.1-1 (məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələbinin yerinə yetirilməməsi – qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməyə görə) maddəsilə cəzalandırılması üçün məhkəməyə təqdimat verilib. Fevralda məhkəmənin qərarı ilə Həbib Bağırlı 15 sutka inzibati qaydada həbs olunub.

Həbib Bağırlı 2018-2022-ci illərdə Dövlət Gömrük Komitəsinin o vaxtkı sədri Səfər Mehdiyevin köməkçisi olub. 2022-ci ildə Səfər Mehdiyev vəzifəsindən azad olunandan sonra o da işdən çıxarılıb və təqaüdə göndərilib.

Həbib Bağırlı Dövlət Gömrük Komitəsində çalışdığı dövrdə “Dövlət qulluğunda fərqlənməyə görə” və başqa mükafatlara layiq görülüb.

Gununsesi.info

“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?


Ağstafa rayonunda fəaliyyət göstərən sahibkarlar Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Azəraqrar” Dövlət İstehsalat və Emal Kompleksi MMC-nin vəzifəli şəxsləri və əməkdaşları tərəfindən ciddi təzyiqlərə, mənimsəmə hallarına və fiziki zorakılığa məruz qaldıqlarını iddia edirlər.

Şikayətçilərin sözlərinə görə, dövlət müəssisəsinin bəzi rəhbər şəxsləri tərəfindən qurulan qanunsuz mexanizmlər nəticəsində həm fərdi təsərrüfatlara, həm də dövlət əmlakına külli miqdarda ziyan vurulub.

NOCOMMENT.az-a müraciət edən sahibkar, şəhid ailəsi üzvü Nazilə Orucova bildirib ki, 2019-cu ildən bəri Ceyrançöl qış otlaq sahəsindəki 8 nömrəli fermada fəaliyyət göstərməyə çalışsa da, müxtəlif maneələrlə üzləşib: “Mən 2019-cu ildə fəaliyyətə başlayanda müqavilə bağlamaq istəsəm də, o zamankı rəhbərlik buna razı olmadı. Yalnız 2021-ci ildə “Azəraqrar” MMC-nin direktoru Fəda Abbasovla birillik birgə fəaliyyət müqaviləsi imzalaya bildim və qoyunlarımı dövlət heyvanları ilə birgə saxlamağa başladım. Lakin 2024-cü ilin avqust ayında müqavilə müddətini uzatmaq üçün Bakıya getdiyim zaman, mənim xəbərim olmadan qurumun vəzifəli şəxsi Həsən Abdullayevin tapşırığı ilə çobanlar Sakina Əliyeva, Yusif Lalayev, Elşən Aşırov və digərləri gecə vaxtı mənim 49 qoyunumu, 42 quzumu və 30 toğlumu mənimsəyiblər. Üstəlik, 182 baş heyvanımın bir hissəsini öz xəstə və qoca qoyunları ilə dəyişərək evimə gətiriblər”.

Həsən Abdullayev

Onun sözlərinə görə, bu qanunsuzluqların arxasında rüşvət tələbi dayanır: “Həsən, Kamran və Səkinə mənə hər zaman deyirdilər ki, pul verməsən, Ceyrançöldə qoyun saxlaya bilməzsən. Mən bir sahibkar kimi dövlətə vergi ödəməyə hazır olduğumu bildirsəm də, onlar ‘Həsən müəllim bizə belə tapşırıb, dövlət bizə maaş vermir’ deyərək mənimlə razılaşmırdılar”. Nazilə Orucovanın sözlərinə görə, 2025-ci ildə rəhbərlik dəyişsə də, problemlər bitmək bilməyib: “Yeni direktor Mühasir Abdullayev və müavini Həsən mənə telefon nömrəsi verib dedilər ki, qoyunları fermaya apar, iki günə gələcəyik. Lakin mən fermaya çatanda çoban Yusif məndən orada qalmaq üçün 5 min manat pul istədi. Bildirdi ki, bura daxil olmaq üçün özü də pul verib.

Adıçəkilən Səkinə Əliyeva

Dekabrın 5-də isə çoban Səkinə Əliyeva polisin yanında məni yerə yıxaraq təpikləyib, huşumu itirənə qədər döyüb və telefonumu sındırıb. Baytar Çingiz və çobanın arvadı üzümə su tökərək məni həkimə çatdırıblar. 7 ildir işimə baxan yoxdur, mənə dəymiş ziyanın ödənilməsini və qanuni müqavilə əsasında fəaliyyət göstərməyim üçün şərait yaradılmasını tələb edirəm”.
Məsələ ilə bağlı daha bir qrup şikayətçi – Qazax rayon Daşsalahlı kənd sakinləri Vəliyev Novruz Paşa oğlu və Əliyev Rafiq Vaqif oğlu da bənzər fırıldaqçılıqla üzləşdiklərini qeyd edirlər. Onların iddiasına görə, “Azəraqrar” MMC-nin işçiləri dövlət təsərrüfatındakı kəsirin yerini doldurmaq üçün kəndlilərin heyvanlarını mənimsəyiblər: “2025-ci ildə qurumun işçiləri evimizə gələrək satış məqsədilə 88 baş qoyunumuzu bırkalayıb dövlət fermasına apardılar. Bildirdilər ki, pulunu bir həftəyə Kənd Təsərrüfatı Nazirliyi ayıracaq və ödəyəcək. Lakin bu günə qədər nə pulumuzu, nə də heyvanlarımızı ala bilirik. Sonradan öyrənmişik ki, orada dövlətin və digər şəxslərin, o cümlədən Şəhid ailəsinin qoyunlarını satıblar. Audit yoxlaması gələndə əskik gələn heyvanların yerini doldurmaq üçün bizim 88 baş qoyunumuzu fermaya doldurub say düzəldiblər. Həsən, Fəda və çobanlar əlbir olub dövlətin malını satıb, bizi də bu şəkildə aldadıblar. Hazırda heyvanlarımız dövlət fermasında saxlanılır, biz onların özümüzə qaytarılmasını xahiş edirik”.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirlyinin mətbuat xidmətinə sorğu göndərsək də, nə sorğumuza cavab verildi, nə də zənglərimizə.(NOCOMMENT.az)


“Summer Tour Azərbaycan” AZAL-ın adından müştərilərə yalan danışır? – Əlavə ödəniş tələb olunur


Summer Tour Azərbaycan” MMC ilə bağlı şikayətlərin ardı-arası kəsilmir.

Bu barədə turizm şirkətləri tərəfindən Pravda.az-a göndərilən bəyanatda bildirilir ki, Türkiyə istiqaməti üzrə fəaliyyət göstərən “Summer Tour Azərbaycan” MMC tərəfindən artıq satılmış və tam ödənişi həyata keçirilmiş tur paketlərinə sonradan əlavə ödəniş tətbiq edilməsi qəbuledilməzdir.
Şikayətçilərin sözlərinə görə, “Summer Tour Azərbaycan” MMC 5 ay əvvəl Türkiyəyə bilet almış hər turist üçün 65 ABŞ dolları məbləğində əlavə vəsait tələb edir.
“Bu, faktiki olaraq müqavilə şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi deməkdir və təkcə etik normaların pozulması deyil, həm də turizm bazarında formalaşmış qaydalara açıq hörmətsizlikdir. Xüsusilə qeyd edirik ki, qiymət artımının geriyə tətbiq olunması tamamilə əsassızdır və heç bir iş prinsipinə uyğun gəlmir. Turizm şirkətləri olaraq bildiririk ki, bu cür qərarlar bizi süni şəkildə maliyyə zərərinə məruz qoyur. Müştərilər qarşısında öhdəliklər artıq yerinə yetirilmiş olduğu halda, əlavə ödənişin tələb olunması bütün yükü turizm şirkətlərinin üzərinə atır və bizi seçim qarşısında qoyur: ya zərəri özümüz qarşılayaq, ya da müştəri etibarını itirək. Bu vəziyyət xüsusilə yüksək satış həcmi olan turizm şirkətləri üçün kritik maliyyə riskləri yaradır və davam edəcəyi təqdirdə sektorun bir hissəsinin fəaliyyətini dayandırması qaçılmaz olacaq. Əldə olunan məlumata əsasən, turizm şirkətləri artıq bu məsələ ilə bağlı təcili iclas keçirir və yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq dövlət orqanlarına birgə müraciət etməyə hazırlaşırlar. Məqsəd bazarda ədalətli qaydaların qorunması və bu cür halların qarşısının alınmasıdır. Açıq şəkildə bəyan edirik ki, artıq bağlanmış satışlara sonradan müdaxilə etmək bazar iqtisadiyyatına ziddir və bu presedent dərhal dayandırılmalıdır. Əks halda, bu cür yanaşma turizm sektorunda etimadın tam itirilməsinə və bazarda ciddi böhranın yaranmasına səbəb olacaq”, – məlumatda qeyd olunub.
Məsələ daha ətraflı araşdırıb.
Məlum olub ki, “Summer Tour Azərbaycan” MMC turizm şirkətlərinə qiymət artımını benzinin bahalaşması ilə əsaslandırıb. MMC-dən şirkətlərə bildirilib ki, benzinin bahalaşması ilə əlaqədar Azərbaycan Hava Yolları (AZAL) və digər hava yolu şirkətləri təyyarə biletlərini bahalaşdırıb. Tur şirkətləri “Summer Tour Azərbaycan” MMC-dən AZAL-ın bu barədə rəsmi bildirişini tələb etsələr də, MMC tələbə əməl etməyib. Eyni zamanda araşdırmamız nəticəsində məlum oldu ki, müştərilər bu barədə AZAL-a da müraciət ediblər. AZAL isə “Summer Tour Azərbaycan” MMC-nin tələbindən xəbərsiz olduğunu, MMC-yə belə bir tələb irəli sürmədiyini bildirib.
Pravda.az “Summer Tour Azərbaycan” şirkətinin icraçı direktoru və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin üzvü Qüdrət Hacıyevlə əlaqə saxlamağa çalışsa da, o, zəngləri geri çevirib. Şirkətin digər nömrələri ilə də əlaqə yaratmaq mümkün olmayıb.(Pravda.az)

Leysan Məmmədov 10 manatlıq şirkətə nə qədər pul köcürəcək? Tender oyunu….


Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Füzuli şəhərində 2-ci faza üzrə məcburi köçkünlər üçün nəzərdə tutulan orta sıxlıqlı və çoxfunksiyalı zonanın, eləcə də orta yaşayış məhəllələrinin işçi layihələrinə əlavə və dəyişiklik edilməsi məqsədilə satınalma müsabiqəsinə yekun vurub.
32gun.az xəbər verir ki, imzalanmış müqaviləyə əsasən, sözügedən layihələndirmə işlərinin icrası “R.R. Project” MMC-yə həvalə edilib.


Bildirək ki, nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əsgərov Rəfail Məmmədəli oğludur.
Qeyd edək ki, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Leysan Məmmədovdur.

Xatırladaq ki, Leysan Məmmədovun oğlu Elnur Məmmədovun adı 2023-cü il Bakının istirahət mərkəzlərindən biri olan “Sea Breeze”də baş vermiş silsilə xuliqanlıq hadisələrində hallanıb. İddialara görə, o, mərkəzdəki restoranlardan birində dava salaraq qarşı tərəfin avtomobilinə zərər yetirmişdi.
Maraqlısı budur ki, hadisə ilə bağlı keçirilən məhkəmə prosesində Elnur Məmmədovun özünün zərərçəkmiş şəxs qismində tanınması mətbuatda geniş müzakirələrə və tənqidlərə səbəb olmuşdu.(32gun.az)

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür


Aprelin 30-u Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) törədilmiş terror aktının növbəti ildönümüdür.

Terror hadisəsindən 17 il ötür.

2009-cu il aprelin 30-u saat 9:30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusuna daxil olan terrorçunun birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxanlara “Makarov” tipli tapançadan atəş açması nəticəsində təhsil müəssisəsinin müəllim və tələbələri amansızcasına qətlə yetiriliblər. Terror aktı nəticəsində 12 nəfər həlak olub, 13 nəfər ağır yaralanıb.

Hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları gəliblər. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb.

Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Cinayət işi üzrə təqsirli bilinən dörd nəfər də layiqli cəzalarını alıb.

2009-cu il mayın 1-də Prezident İlham Əliyev “Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara birdəfəlik maddi yardım göstərilməsi barədə” Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, həlak olanların ailələrinin hər birinə 30 min, ağır xəsarət alanların hər birinə isə 15 min manat məbləğində birdəfəlik maddi yardım edilib.

Faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Universitetin terror aktının törədildiyi ikinci tədris korpusunun foyesində faciə qurbanlarının xatirəsinə həsr olunmuş barelyef açılıb. Hadisədən bəhs edən və universitetin istehsalı olan “Bir sal yadına” sənədli filmi yaradılıb. Eyni zamanda, ADNSU-da hər il terror aktının ildönümü müxtəlif tədbirlərlə qeyd olunur.

Dünyanın hər hansı bir ölkəsində törədilən terror bütün bəşəriyyət üçün, insanlığa qarşı böyük bəladır. Ona görə də dünya birliyi terrorizmə qarşı qətiyyətlə mübarizə aparmalıdır. Sağlam düşüncə naminə bu gün geniş təbliğat, maarifləndirmə tədbirləri həyata keçirilməlidir.

XTQ-nin yaradılmasından 27 il ötür

XTQ-nin yaradılmasından 27 il ötür

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılmasından 27 il ötür.

XTQ Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelin 30-da qurulub.

Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.

Xüsusi Təyinatlı Qüvvələrin bölmələri 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

XTQ dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir.

İkinci Qarabağ Müharibəsi zamanı da XTQ şəxsi heyəti xüsusi qəhrəmanlıq göstərib.

Onu da qeyd edək ki, bu müharibə Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrinin aktiv şəkildə istifadə edildiyi müharibə hesab edilib. Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətindən İkinci Qarabağ Müharibəsində iştirak etmiş 36 nəfər Vətən Müharibəsi Qəhrəmanı medalı ilə, 2 nəfər "Zəfər" ordeni ilə, 57 nəfər "Qarabağ" ordeni ilə təltif edilib.

8 noyabrda İlham Əliyev XTQ komandanı Hikmət Mirzəyevi Şuşanın azad edilməsi münasibətilə təbrik edib.

Xəbər lenti

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
18:47
 "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
18:10
ATB ilə ABB arasında itən vəsait - Əməliyyat uğurlu, amma pul yoxa çıxıb - Şikayət
17:38
Bakı-Tbilisi qatarı sosial layihədir, yoxsa kommersiya xidməti? - ADY niyə subsidiyalaşma istəmir?
17:06
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
16:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”...:Dövlət tədbiri adı ilə saxtakarlıq?!
15:52
Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib
15:17
Qida təhlükəsizliyində rəzalət - Məhsullar niyə yararlılıq tarixindən əvvəl xarab olur?
14:59
İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib
14:29
Xətainin mərkəzində sirli tikinti - General Əliağa Şıxlinski küçəsində nə inşa edilir?
12:54
“Marin Group” şirkətindən şikayət: Mənzillərimizi təhvil vermirlər….
12:27
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb
11:53
Maştağada bu tikintiyə hansı şərtlərlə icazə verilib?
11:29
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
10:59
Azay Möhnətov kimdir? —"İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur?
10:36
YENƏ TOPAZ, YENƏ ŞİKAYƏT: Bir ildir “Araşdırma gedir” adıyla uduş verilmir! – Rəy + FOTOLAR
10:06
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib
09:42
İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
09:25