"MSDIS Holding"də böhran: - Vergi borcu 20 milyon manata çatır


Azərbaycanda inşaat, istehsalat və yanacaqdoldurma sektorlarını özündə birləşdirən "MSDIS Holding" MMC-nin vergi borcu 20 milyon manata çatır.
Qaynarinfo-nun məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcunun miqdarı 19.690.095,04 manat təşkil edir.
Ötən ilin noyabr ayında "MSDIS Holding" MMC-nin 18.129.820,73 manat vergi borcu var idi.
Xatırladaq ki, "MSDIS Holding" 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Nağiyev Mirfəyyaz Oktay oğludur.
Holdinq inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə fəaliyyət göstərir. Holding "MS Sement” sement istehsal müəssisəsinə, "MS Kabel” kabel istehsalı müəssisəsinə, "MS Asfalt” asfalt istehsalı müəssisəsinə, daş və qum-çınqıl yatağı ilə məşğul olan "MS Karyer” müəssisəsinə, "MS Laminat” şirkətinə və "MS Oil” yanacaq doldurma məntəqələrinə sahibdir.
Ötən il "MS Oil”ə məxsus 12 yanacaqdoldurma məntəqəsinin (YDM) tam yarısı bağlanıb və onların yerində SOCAR brendli YDM-lər fəaliyyətə başlayıb.

Qaynarinfo

“PAŞA-K” dərman şirkətindən ŞİKAYƏT - “Ailəmizi ölümlə hədələyirlər, həyatımız təhlükədədir”


Azərbaycanda dərman preparatlarının satışı ilə məşğul olan “Paşa-K” şirkəti ətrafında dəhşətli faktlar ortaya çıxıb. Şirkətin milyonlarla manatlıq vergi cinayətləri və insan sağlamlığına qəsdi barədə məlumatlı olan bir ailə hazırda açıq şəkildə ölümlə təhdid olunur.

Ölkənin əczaçılıq sektorunda fəaliyyət göstərən “Paşa-K” şirkətində uzun müddət mühasib və satış təmsilçisi kimi çalışmış Babaşovlar ailəsi şok iddialarla çıxış edib. Ailə üzvlərinin bildirdiyinə görə, şirkət rəhbərliyi tərəfindən istifadə müddəti bitmiş dərmanların tarixləri saxtalaşdırılaraq yenidən dövriyyəyə buraxılır. Bu isə birbaşa ölkənin genofonduna və minlərlə vətəndaşın həyatına qəsd deməkdir.

Bununla yanaşı, şirkətdə “qara mühasibatlıq” sxeminin qurulduğu, satışların xüsusi proqramlarla gizlədilərək dövlətdən külli miqdarda vergi yayındırıldığı iddia olunur. Bu qanunsuzluqları ifşa etdikləri üçün ailəlikcə işdən çıxarılan Babaşovlar hazırda “susdurulmaq” üçün ağır təzyiqlərə məruz qalırlar. Artıq 9 aprel 2026-cı il tarixdə ailə başçısına qarşı fiziki hücumun təşkil edildiyi və hədə-qorxuların davam etdiyi bildirilir.

Yaranmış kritik vəziyyətlə bağlı Babaşovlar ailəsi Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazova rəsmi müraciət ünvanlayıb. Müraciətdə qeyd olunur ki, şirkət direktoru Elxan Rzayev, icraçı Səlahəddin Quliyev, maliyyə direktoru Murad Əhmədov və audit Vüqar Ələsgərovun rəhbərlik etdiyi qanunsuz şəbəkə özlərini qanundan üstün tutaraq şahidləri ölümlə hədələyirlər.

Şikayətçilər cənab Nazirdən bu “dərman mafiyası”nın fəaliyyətinin araşdırılmasını və ailənin təhlükəsizliyinin təmin olunmasını xahiş ediblər:

“Cənab Nazir, biz Azərbaycan polisinin gücünə və Sizin ədalətinizə güvənirik. Dövlətin adından istifadə edib sadə vətəndaşlara zülm edənlərin, xalqın sağlamlığı üzərində qanlı biznes quranların qanun qarşısında cavab vermə vaxtıdır. İnanırıq ki, bu cinayətkar şəbəkənin fəaliyyətinə tezliklə son qoyulacaq.”(Yenicag.az)

Sabunçu RİH məhkəmədə vətəndaşa uduzdu - "Torpaq sənədləri verilməlidir..."


35 il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı əsasında Zabrat qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsində yaşayış evi tikilib.

Lakin Sabunçu rayon İcra Hakimiyyəti bu torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsilə bağlı vətəndaşın müraciətini rədd edib. Əmlak sahibi C.Məmmədov da elə bu imtinaya görə Sabunçu Rayon İcra Hakimiyyətini məhkəməyə verib. Vətəndaş icra hakimiyyətinin imtinasını qanunsuz sayır.

Bizimesr.com bildirir ki, vətəndaş şikayətində də göstərib ki, Sabunçu rayon İcra Hakimiyyəti başçısının 2024-cü ildə imzaladığı sərəncamla həmin torpaq sahəsində tikdiyi yaşayış evi hüquqi qeydiyyata alınıb. Uzun müddətdir torpaq sahəsi onun istifadəsindədir: “Torpaq sahəsi hasar daxilindədir. Torpaqda fərdi yaşayış evi var. Qonşularla, kənar şəxslərlə torpaq sahəsinə dair hər hansı bir mübahisə mövcud deyil. Torpaq sahəsinin plan-ölçü sxemi (yerləşmə cizgisi) vaxtilə verilməyib. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə vaxtilə ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin verilməsi üçün Sabunçu rayon İcra Hakimiyyətinə müraciətimə cavab məktubu göndərildi. Məktubda göstərilmişdi ki, torpaq sahəsinə çizginin verilməsi mümkün deyil. Hesab edirəm ki, imtina əsassızdır, formal xarakter daşıyır və hüquqlarımı pozur”.

Sabunçu rayon İcra Hakimiyyəti də bu torpaq sahəsinin C.Məmmədova ayrıldığını inkar etməyib, sənədlərin mötəbərliyini mübahisələndirməyib. Lakin torpaq sahəsinə çizgini verməkdən imtina etməsini vaxtilə sənədləşmə prosesinin tam başa çatdırılmaması ilə əsaslandırır. Qeyd olunur ki, 1991-ci ildə Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə Zabrat qəsəbəsində fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi ayrılıb. Daha sonra 1992-ci ildə Zabrat İstilik Kombinatının həmkarlar komitəsi və əmək kollektivi şurasının qərarı əsasında 600 kvadrat metr torpaq sahəsi C.Məmmədova ayrılıb. Lakin Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən həmin dövrdə qüvvədə olan qanunvericliyin tələbinə uyğun olaraq, təsdiq olunmayıb. Yəni sənədləşmə işi sona qədər aparılmayıb.

Məhkəmə isə bu məsələdə Sabunçu rayon İcra Hakimiyyətini haqsız hesab edib. İcra Hakimiyyətinin üzərinə torpaq sahəsinin plan-ölçü sxeminin (cizgi aktı) hazırlanıb, əmlak sahibinə verilməsi öhdəliyi qoyulub.

Məhkəmə qərarında göstərilib ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə şikayətçiyə torpaq sahəsi ayrılması işin mübahisəsiz halıdır. Odur ki, məhkəmə hesab edir ki, torpaq sahəsi icra hakimiyyətinin balansında olan torpaq sahəsidir. Şikayətçiyə naturada təhvil verilmiş olsa da, sərəncam tam şəkildə icra edilməyib. Bu səbəbdən torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi hazırlanılaraq ona təqdim olunmalıdır.(Bizimesr.com)

Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ

Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 8-i səhər və gündüz saatlarında arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində isə yağışın qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın rayonlarında may ayının birinci ongünlüyünün son günlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Belə ki, 8-də bəzi rayonlarda, 9-10-da isə əsasən gündüz saatlarında dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı, 8-də bəzi yerlərdə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəz dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Bu il 2,3 milyon, son 3 ildə isə 7 milyon... Yasin Dadaşov kimdir? - CƏDVƏL


Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu əhalinin geri qayıdışı, azad edilmiş ərazilərdə dayanıqlı icmaların yaradılması və yeni yaşayış şəraitinə adaptasiya tədbirləri ilə bağlı növbəti satınalma müqaviləsini imzalamağa hazırlaşır.
Tenderin qalibi "Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai Birliyi seçilib. Qurumla ictimai birlik arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 2 milyon 264 min 836 manat 54 qəpik təşkil edir.
Satınalmanın predmeti əhalinin geri qayıdışı, ərazilərdə dayanıqlı icmaların yaradılması, yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin və gəlirgətirən fəaliyyətlərin təşkili ilə bağlıdır.
Açıq məlumatlara görə, bu, ictimai birliyin eyni istiqamət üzrə aldığı ilk müqavilə deyil. "Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai Birliyi 2025-ci ildə də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun eyni məzmunlu tenderinin qalibi olub. Həmin müqavilənin dəyəri 2 milyon 888 min 468 manat 45 qəpik göstərilib.
Bundan əvvəl, 2024-cü ildə də Fond eyni istiqamət üzrə ictimai birliklə 1 milyon 796 min 532 manat 30 qəpik məbləğində satınalma müqaviləsi bağlayıb.
2023-cü ildə isə eyni ictimai birlik Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin də oxşar istiqamətli tenderinin qalibi olub. Həmin müqavilənin dəyəri 769 min 85 manat təşkil edib.
Beləliklə, 2024–2026-cı illər üzrə "Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai Birliyinin məcburi köçkünlərin geri qayıdışı, reinteqrasiya tədbirləri və gəlirgətirən fəaliyyətlərin təşkili istiqamətində aldığı müqavilələrin ümumi məbləği 7 milyon 718 min 922 manat 29 qəpik edir. Bunun demək olar ki 7 milyon manatı (6 milyon 949 min 837 manat 29 qəpik) Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən verilib.

"Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai Birliyi 24 fevral 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Birliyin qanuni təmsilçisi Yasin Şirin oğlu Dadaşovdur.
İctimai birlik daha əvvəl beynəlxalq qrant layihələrində də iştirak edib. 2021-ci ildə Yaponiyanın Azərbaycandakı səfirliyində "Mədəniyyət üzrə Ot Kökləri Layihələri üçün Qrant Yardımı” çərçivəsində "Azərbaycan Dillər Universitetində Yaponiya araşdırmalar mərkəzinin avadanlıqlarla təmin edilməsi” layihəsi üzrə qrant müqaviləsi imzalanıb. Həmin layihə üzrə ictimai birliyə 88 min 859 ABŞ dolları ayrıldığı bildirilir.
Yasin Dadaşovun LinkedIn səhifəsində qeyd olunan məlumata görə, o, icma səfərbərliyi üzrə mütəxəssisdir. Profil məlumatlarında onun təşkilat rəhbəri kimi 21 illik, layihələrin icrası və idarə olunması sahəsində isə təxminən 25 illik təcrübəyə malik olduğu göstərilir.
Həmin məlumatlarda Dadaşovun Dünya Bankı, Asiya İnkişaf Bankı, Norveç Qaçqınlar Şurası, IOM, UNHCR, UNDP, UNICEF, DRC, IRC, BP və digər beynəlxalq qurumlarla işlədiyi qeyd olunur. LinkedIn profilində həmçinin onun Azərbaycanda yüzlərlə kənddə icma quruculuğu fəaliyyətlərinə rəhbərlik etdiyi, o cümlədən Dünya Bankının maliyyələşdirdiyi layihə çərçivəsində 300 kənddə, Yaponiya səfirliyinin "Ot Kökləri və İnsan Təhlükəsizliyi” layihələri üzrə isə 130 kənddə fəaliyyət göstərdiyi bildirilir.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sədri Mahir Abbaszadədir.\\valyuta.az

“Yaxşılıq edib çəkirsənsə, demək niyyətin başqadır” – Əməkdar artist


“Çəkib paylaşırsansa, demək ki, bu yaxşılıq Allah rizası üçün deyil”.

Yenicag.azxəbər verir ki, bu sözləri Əməkdar artist, müğənni Sahib İbrahimov “İncəSəhər” verilişində deyib.

Sənətçi kiməsə yaxşılıq edib, bundan özünü reklam etmək üçün istifadə edən insanlara səslənib:

“Edilən yaxşılığı qarşı tərəf, özün və Allah bilirsə, bu, kifayətdir. Kiməsə kömək edib, onu çəkib paylaşmağa lüzum yoxdur onu onsuz da bilən bilir. Çəkib paylaşırsansa, demək ki, bu yaxşılıq Allah rizası üçün deyil. Sən özünü çəkib reklam etmək, camaata “yaxşı oğlan” və ya “yaxşı xanım” olduğunu göstərmək istəyirsən. Elə o etdiyin hörməti sakitcə et; qoy o bilsin, Allah bilsin, bəsdir”.

Gülbadə Abdullayeva hadisəsi ilə bağlı ziddiyyətli açıqlamalar: KTM rəhbərliyinə yönələn suallar artır


05.05.2026-cı il tarixində vətəndaş Gülbadə Abdullayevanın 1 saylı Şəhər Klinik Tibbi Mərkəzinə yerləşdirilməsi ilə bağlı yayılan məlumatlar ətrafında müzakirələr davam edir.

İlkin mərhələdə hadisənin intihara cəhd olduğu ilə bağlı məlumatlar yayılsa da, daha sonra bəzi media qurumlarına Klinik Tibbi Mərkəz tərəfindən “ürəkbulanma” və “halsızlıq” diaqnozu ilə bağlı açıqlama verilməsi ictimaiyyətdə ciddi suallar doğurub.

Məsələnin diqqət çəkən tərəflərindən biri isə 103 Təcili Tibbi Yardım xidməti, 102 qaynar xətti və media qurumlarına təqdim edilən məlumatlar arasında fərqlərin olmasıdır. Bu ziddiyyət sosial şəbəkələrdə və ictimai müzakirələrdə geniş rezonans yaradıb.

BNTV.az olaraq, Gülbadə Abdullayevanın təkidi ilə məsələnin mahiyyətini dəqiqləşdirmək məqsədilə 1 saylı Şəhər Klinik Tibbi Mərkəzinin mətbuat katibi Ruzbeh Məmmədə rəsmi sorğu ünvanladıq. Lakin mətbuat katibi sorğunu cavablandırmaqdan imtina etdi.

Ruzbeh Məmməd bildirib ki, məsələ ilə bağlı artıq Gülbadə Abdullayevanın meneceri Fatimə Mahmudova ilə danışıb və əlavə açıqlama verməyəcək.

Halbuki Fatimə Mahmudovanın redaksiyamıza təqdim etdiyi səs yazısında, onun Ruzbeh Məmmədlə apardığı telefon danışığının yer aldığı bildirilir. İddialara görə, həmin danışıq zamanı media qurumlarına niyə fərqli məlumat verildiyi soruşulduqda, mətbuat katibi açıqlamanın rəhbərliyin tövsiyəsi əsasında təqdim edildiyini bildirib.

Eyni zamanda, Fatimə Mahmudovanın sözlərinə görə, danışıq əsnasında rəsmi sorğu təqdim ediləcəyi halda məsələyə dair düzgün və ətraflı məlumat veriləcəyi qeyd edilsə də, sonradan BNTV.az tərəfindən göndərilən sorğu cavabsız saxlanılıb.

Bu isə ictimaiyyətdə əlavə suallar yaradıb. Xüsusilə də zərərçəkən tərəfin yaxınlarının hadisənin olduğu kimi ictimaiyyətə çatdırılmasına etiraz etmədiyi bildirildiyi halda, intihara cəhd iddialarının “ürəkbulanma” və “halsızlıq” kimi təqdim olunmasının səbəbi maraq doğurur.

Hazırda əsas müzakirə olunan məqamlardan biri də budur: 1 saylı Şəhər Klinik Tibbi Mərkəzi hansı səbəbdən hadisənin mahiyyətindən fərqli açıqlama verməyə ehtiyac duyub və burada hər hansı maraqlı tərəfin təsiri olubmu?

Fatimə Mahmudova redaksiyamıza təqdim etdiyi danışıq səs yazısının ictimaiyyətin düzgün məlumatlandırılması məqsədi daşıdığını bildirərək, yayılan məlumatların niyə indiyədək təkzib və ya düzəliş edilmədiyi sualını gündəmə gətirib.

Qeyd edək ki, BNTV.az qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

Sonda isə Fatimə Mahmudova və Gülbadə Abdullayeva şəxsi məlumatlarla bağlı hədə-qorxu iddiası üzrə polisə müraciət etdiyin deyir.

Fatimə Mahmudovanın bildirdiyinə görə, klinikanın video materiallarının media qurumlarında yayımlanması ilə bağlı hər hansı problem və ya şikayət mövcud deyil.

Onun sözlərinə əsasən, əsas narahatlıq Gülbadə Abdullayevaya məxsus şəxsi məlumatların bir neçə jurnalist tərəfindən ictimailəşdiriləcəyi ilə bağlı hədə və təzyiq xarakterli vəziyyətlə bağlıdır.

Fatimə Mahmudova iddia edir ki, həmin şəxsi məlumatların yayılacağı ilə bağlı hədələr fonunda dərhal hüquq-mühafizə orqanlarına, Nəsimi Rayon Polis İdarəsinə müraciət edilib.

Hazırda məsələ üzrə polis orqanları tərəfindən araşdırma aparıldığı bildirilir.
---

“Kintsugi” ilə jurnalist transformasiyası - “Azərlotereya”nın media təlimi, yoxsa emosional PR?


Son illər Azərbaycanda korporativ tədbirlərin dili dəyişib. Bir vaxtlar klassik seminarlar, təqdimatlar və rəsmi çıxışlarla kifayətlənən şirkətlər indi daha çox “transformasiya”, “emosional dayanıqlılıq”, “özünü kəşf”, “healing” kimi anlayışlara üstünlük verir.
Beləcə, bu tendensiyanın son nümunələrindən biri də “Azərlotereya” ASC-nin jurnalistlər üçün təşkil etdiyi son “Kintsugi” transformasiya proqramıdır... Yəqin ki, bu başlanğıcdır və qarşıda “Azərlotereya”nın buna bənzər daha "jurnalist transformasiyası" layihələrinin şahidi olacağıq...

Bizimesr.com xəbər verir ki, keçirilən tədbirin təqdimatına görə, müxtəlif media qurumlarını təmsil edən xanım jurnalistlər yapon fəlsəfəsinə əsaslanan xüsusi təlimə qatılıblar. Sessiya zamanı kasalar əvvəlcə sındırılıb, daha sonra isə bərpa olunaraq bəzədilib. Bu proses “insanın daxili bütövlüyünü yenidən qurması”, “çətinlikləri gücə çevirməsi” və “emosional sağalma” kimi izah olunub.

Əlbətde, ilk baxışda bu tədbir zərərsiz və hətta yaradıcı görünə bilər. Lakin məsələni daha dərindən analiz etdikdə bir sıra ictimai, etik və peşəkar suallar ortaya çıxmaya bilmir.

“Kintsugi” nədir və niyə populyarlaşıb?
“Kintsugi” Yaponiyada yaranmış sənət növüdür. Sınmış keramika qablar qızıl qarışığı ilə bərpa olunur və çatlar gizlədilmir. Əksinə, həmin çatlar əşyanın tarixinin bir hissəsi kimi nümayiş etdirilir. Gözəl görünür, maraqlı səslənir... Sındırılmış qabların qızıl qarışıqla bərpası... Bizim misallarla desək, qızıl teştə qan qaytarmaq kimi bir şey...

Müasir dövrdə bu anlayış artıq sadəcə sənət deyil. O, şəxsi inkişaf industriyasında geniş istifadə olunan psixoloji-metaforik bir modelə çevrilib. Dünyanın müxtəlif yerlərində “Kintsugi workshops”, “healing sessions”, “transformational coaching” kimi layihələr təşkil edilir.
Burada əsas mesaj budur - İnsan qırıldıqdan sonra daha güclü ola bilər. Bu fikir müəyyən mənada motivasiyaedici olsa da, onun necə və hansı məqsədlə istifadə olunması mühüm məsələdir. Amma bizim üçün əsas doğuran məqam budur - Niyə jurnalistlər üçün məhz belə təlim? Həmçinin daha bir müzakirə doğuran məsələ tədbirin auditoriyasıdır.
Adətən jurnalistlər üçün təşkil olunan təlimlərdən aşağıdakı istiqamətlər gözlənilir - Araşdırma jurnalistikası, Media etikası, İinformasiya təhlükəsizliyi, Dezinformasiyaya qarşı mübarizə, Süni intellekt və media, Hüquqi biliklər, Rəqəmsal jurnalistika bacarıqları.
Lakin burada seçilən mövzu peşəkar inkişafdan çox emosional və psixoloji transformasiyaya yönəlib... Bu isə təbii olaraq ortaya sual çıxarır. Məqsəd medianın peşəkar inkişafıdır, yoxsa jurnalistlərlə emosional bağ qurmaq?

Korporativ PR-ın yeni dili?
Bir daha qeyd edək ki, son illərdə böyük şirkətlər klassik reklam və PR metodlarından daha çox “emosional marketinq”ə üstünlük verirlər. Artıq şirkətlər sadəcə məhsul və ya xidmət təqdim etmir; onlar “dəyərlər”, “hisslər”, “şəxsi inkişaf” və “emosional rifah” satmağa çalışırlar. “Kintsugi” kimi konseptlər də bu strategiyanın bir hissəsidir.
Belə tədbirlər şirkətlərə daha humanist görünmək, müasir korporativ imic yaratmaq, ictimai simpatiya qazanmaq, media ilə daha yumşaq münasibət qurmaq imkanı verir. Bu baxımdan “Azərlotereya”nın tədbiri sırf psixoloji seminar yox, həm də incə PR aləti kimi qiymətləndirilməlidir.

Psixologiya ilə psevdopsixologiya arasında görünməz xətt
Bu hələ son deyil və əsas nüans psixoloji anlayışların kommersiyalaşdırılmasıdır. Çünki, müasir dövrdə “travma”, “şəfa”, “transformasiya”, “enerji”, “özünü tapmaq” kimi anlayışlar çox sürətlə populyarlaşır. Problem ondadır ki, bu terminlər bəzən elmi psixologiya ilə qarışdırılır. Halbuki, motivasiya seminarı terapiya yaşam kouçluğu klinik psixologiya, emosional performans psixi sağlamlıq xidməti deyil. Bu sərhədlər qarışanda insanlar real psixoloji dəstək əvəzinə simvolik və səthi metodlarla kifayətlənə bilirlər.
“Azərlotereya”nın “Qırılmaq gözəldir” mesajının riskləri
“Kintsugi” fəlsəfəsinin əsas ideyası çətinlikləri qəbul etməkdir. Lakin bu yanaşmanın həddindən artıq romantikləşdirilməsi ciddi problemlər yaradır. Çünki, hər travma insanı gücləndirmir, hər ağrı “inkişaf imkanları” deyil.

İnsanlara davamlı şəkildə "sadəcə daxildən dəyiş” mesajı vermək çox hallarda real problemlərin görünməz olmasına gətirib çıxarır. Bu isə xüsusilə iqtisadi və sosial çətinliklərin yüksək olduğu cəmiyyətlərdə daha həssas məsələdir. Azərbaycanda isə psixoloji və motivasiya yönümlü tədbirlərə münasibət son illər daha skeptikləşib. Bunun səbəbi kouçinq bazarının sürətlə böyüməsi, elmi əsası olmayan “transformasiya” proqramlarının artması, emosional manipulyasiya ittihamları, sosial problemlərin “düşüncə tərzi problemi” kimi təqdim olunmasıdır.
Belə bir fonda böyük maliyyə imkanlarına malik qurumların, Azərlotereya”nın jurnalistlər üçün qab sındırmaq, emosional boşalma, simvolik sağalma üzərində qurulan proqramlar təşkil etməsi bəzi insanlar tərəfindən reallıqdan uzaq görünür.
Əlbətdə burada əsas məsələ “Kintsugi” fəlsəfəsinin yaxşı və ya pis olması deyil. Əsas olan buidur ki, Azərbaycanda media nümayəndələrinin həqiqətən ehtiyacı olan inkişaf modeli “Kintsugi” dirmi? Çünki jurnalistikanın bu gün qarşılaşdığı əsas problemlər, iqtisadi problem, peşəkar resurs çatışmazlığı, təhlükəsizlik, hüquqi müdafiə, keyfiyyətli təlim imkanlarının azlığıdır. Belə bir şəraitdə “emosional transformasiya” tədbirlərinin prioritet seçilməsi istər-istəməz müzakirə doğurur.

“Kintsugi” seminarı ilk baxışda estetik və motivasiyaedici tədbir təsiri bağışlaya bilər. Lakin daha geniş kontekstdə baxdıqda bu hadisə Azərbaycanda korporativ PR, media münasibətləri və psixoloji anlayışların kommersiyalaşdırılması ilə bağlı daha böyük tendensiyanın bir hissəsi kimi görünür.

Bizimesr.com

Ramiz Tahirovun müavini 1 milyonluq mənimsəmədə ittiham edilir – Ölümündən sonra



Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini mərhum polkovnik Mayis Orucəliyevin cinayət əməli ortaya çıxıb.

Polkovnik xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur. Cinayət işinin istintaqı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində aparılıb. İş üzrə dövlətə dəymiş ziyan 1 milyon manata yaxındır.

Təqsirləndirilən şəxsin həyat yoldaşı hüquqi varis qismində tanınıb. M.Orucəliyev öldüyü üçün təqsiri sübuta yetirildiyi halda yekunda cinayət işinə bəraətverici əsaslar olmadan xitam veriləcək. Dəymiş ziyanın ödənilməsi isə mərhumun əmlakı hesabına təmin oluna bilər.

Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma) ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri korrupsiya cinayətləri arasında ağır maddələrdən hesab edilirlər.

Qeyd edək ki, polkovnik Orucəliyev uzun müddət Hərbi Hava Qüvvələrinin sabiq komandanı general-leytenant Ramiz Tahirovun müavini işləyib. 2022-ci ildə 57 yaşında xəstəlik səbəbindən vəfat edib.

Xatırladaq ki, analoji hal müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədovla bağlı da yaşanmışdı. O və iki şirkət əməkdaşı xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunublar.

F.Məmmədov öldüyünə görə onu hüquqi varisi təmsil edib, məhkəmə ölümündən 5 il sonra ittiham edilən generalın cinayət işinə bəraətverici əsaslar olmadan xitam verib. Mərhumun üzərinə həbs qoyulmuş külli miqdarda qiymətləndirilən əmlakları dövlət nəfinə müsadirə olunub.

Bizimesr.com

“Triumf Palace”ın sakinləri transformatorun səsindən narahatdır – MTK problemin aradan qaldırılacağını deyir


Bakının Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsi 12A ünvanında yerləşən “Triumf Palace” yaşayış kompleksinin sakinləri binanın zirzəmisində səs izolyasiyasının olmamasından şikayətçidirlər.

Kompleksin 6-cı binasının sakinləri Pravda.az-a bildiriblər ki, son aylarda transformatorun yaratdığı güclü səs-küy narahatlıq yaradır.

Onların sözlərinə görə, transformatorların səsi gecə saatlarında daha çox artır.

Şikayətdə həmçinin qeyd olunub ki, dəfələrlə MTK-ya müraciət edilsə də, heç bir nəticəsi olmayıb: “Bizə transformatorun səs izolyasiyası ilə təmin olunacağı bildirilsə də, bu günə qədər heç bir real addım atılmayıb”.

Məsələ ilə bağlı Pravda.az-ın əməkdaşı “Triumf Palace”la əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, sakinlərin müraciəti nəzərə alınıb, hazırda ərazidə izolyasiya işləri görülür: “Podratçı şirkətlə müqavilə bağlamışıq. Onlar izolyasiya işlərinə başlayıblar. Ən qısa zamanda problem aradan qaldırılacaq”

Qeyd: Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2021-ci il 30 noyabr tarixli 03 nömrəli qərarı ilə qüvvəyə minmiş “Yaşayış binalarının layihələndirmə normaları”na əsasən, yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində insanlara zərərli təsir göstərən binanın hüdudları daxilində və ona bitişik inşa edilmiş transformator yarımstansiyalarının yerləşdirilməsinə yol verilmir.

Xəbər lenti

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
18:47
 "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
18:10
ATB ilə ABB arasında itən vəsait - Əməliyyat uğurlu, amma pul yoxa çıxıb - Şikayət
17:38
Bakı-Tbilisi qatarı sosial layihədir, yoxsa kommersiya xidməti? - ADY niyə subsidiyalaşma istəmir?
17:06
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
16:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”...:Dövlət tədbiri adı ilə saxtakarlıq?!
15:52
Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib
15:17
Qida təhlükəsizliyində rəzalət - Məhsullar niyə yararlılıq tarixindən əvvəl xarab olur?
14:59
İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib
14:29
Xətainin mərkəzində sirli tikinti - General Əliağa Şıxlinski küçəsində nə inşa edilir?
12:54
“Marin Group” şirkətindən şikayət: Mənzillərimizi təhvil vermirlər….
12:27
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb
11:53
Maştağada bu tikintiyə hansı şərtlərlə icazə verilib?
11:29
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
10:59
Azay Möhnətov kimdir? —"İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur?
10:36
YENƏ TOPAZ, YENƏ ŞİKAYƏT: Bir ildir “Araşdırma gedir” adıyla uduş verilmir! – Rəy + FOTOLAR
10:06
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib
09:42
İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
09:25