CHP həmin qərarla bağlı YSK-ya müraciət etdi


Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) Ankara Bölgə Ədliyyə Məhkəməsinin dünən çıxardığı qərarla bağlı ölkənin Ali Seçki Komissiyasına (YSK) müraciət edib.

Bu gün Ali Seçki Komissiyasında CHP-nin sözügedən etiraz ərizəsinə baxılacaq.

Partiya sədri vəzifəsindən uzaqlaşdırılan Özgür Özel onlara verilən mandatı qorumaq üçün YSK-ya müraciət etdiklərini bildirib.

Xatırladaq ki, Ankara Bölgə Ədliyyə Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən qurultayının nəticələrini ləğv edib. Bununla da, qəbul edilmiş qərara əsasən, partiyanın sədri Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu və onun rəhbərliyinin vəzifəsi isə bərpa olunub.

“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?


Azərbaycan Dəmir Yolları QSC-nin Bakı-Tbilisi-Bakı marşrutu üzrə bilet satışı sistemi çöküb. Biletlərin satışa çıxarılmasından qısa müddət sonra ticket.ady.az platformasına girişdə ciddi problemlər yaranıb.
Bizimesr.com bildirir ki, istifadəçilər sayta daxil olarkən uzun müddət “waiting room” səhifəsində gözlədiklərini, bir çox hallarda isə sistemin ümumiyyətlə açılmadığının şahididirləır. Sosial şəbəkələrdə yayılan çoxsaylı şikayətlərdə sərnişinlər bilet ala bilmədiklərini qeyd edirlər.
Məsələ xüsusilə ona görə diqqət çəkir ki, Bakı–Tbilisi–Bakı reysləri 6 ildən sonra ilk dəfə bərpa olunub. ADY daha əvvəl marşrut üzrə səfərlərin 26 may tarixindən yenidən fəaliyyətə başlayacağını açıqlamışdı. Bilet qiymətlərinin isə 81 manatdan başladığı bildirilmişdi.

Müşahidələr göstərir ki, sistem eyni anda daxil olan istifadəçi axınını idarə edə bilmir.
Hazırda platformada:
səhifələrin gec açılması,
ödəniş mərhələsində donma,
sistemdən atılma,
uzun gözləmə növbələri kimi problemlər davam edir.
Ən diqqətçəkən məqamlardan biri isə sistemin istifadəçiləri avtomatik şəkildə “virtual növbə”yə yönləndirməsidir. Saytda yerləşdirilən bildirişdə qeyd olunur ki, “yüksək trafik sıxlığı” səbəbindən istifadəçi sayı məhdudlaşdırılır və növbə sistemi tətbiq edilir.
Bu isə faktiki olaraq platformanın pik yüklənməyə hazır olmadığını göstərir. Texniki baxımdan “waiting room” sistemi adətən serverin tam çökməsinin qarşısını almaq üçün tətbiq olunur. Yəni sistem bütün istifadəçiləri eyni anda qəbul edə bilmədiyi üçün girişlər süni şəkildə məhdudlaşdırılır.
Əslində müasir bilet satış platformaları normal halda minlərlə paralel istifadəçini idarə edə bilməlidir. Bu səbəbdən ADY sisteminin qısa müddətdə yüklənməsi normal sistemin qurulmadığının bariz nümuniəsidir.
İstifadəçilərin narazılığı fonunda əsas müzakirə mövzularından biri də dövlət qurumlarının rəqəmsal infrastruktura ayırdığı böyük vəsaitlərə baxmayaraq, belə sistemlərin niyə yüklənməyə davam gətirməməsi olub.
Qeyd edək ki, Azərbaycanda dövlət qurumları server, hostinq və rəqəmsal sistemlərin saxlanması üçün hər il milyonlarla manat vəsait xərcləyir. Buna baxmayaraq, ADY-nin bilet satış platformasının bir neçə min paralel giriş zamanı problemlə üzləşməsi böyük suallar yaradır. Bu qədər vəsaitlər hara xərclənib?
Bizimesr.com

Mingəçevir təhsilində böhran - Protokol qaydası, yoxsa mənəvi korluq?


Azərbaycanın dövlətçilik ənənələrində milli rəmzlərə, dövlət bayrağına və tarixi şəxsiyyətlərə münasibət hər zaman ən ali dəyər kimi qəbul edilib. Bu dəyərlər xalqın özünəhörmətinin, keçmişinə bağlılığının və gələcəyə baxışının əsas göstəricisidir. Lakin Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirdən yayılan görüntülər, təəssüf ki, bu müqəddəs prinsiplərin bəzi məsul şəxslər tərəfindən nə dərəcədə unudulduğunu və ya laqeydliklə qarşılandığını ortaya qoyur.
Bir ölkənin təhsil ocağında, gənc nəslin dövlətçilik ruhunda tərbiyə olunmalı olduğu bir məkanda müasir Azərbaycanın qurucusunun portretinin səhnənin aşağı hissəsində, sanki bir dekorasiya elementiymiş kimi döşəmə səviyyəsində yerləşdirilməsi sadəcə bir texniki səhv deyil, bu, mənəvi və siyasi korluğun, təşkilati səriştəsizliyin ən pik nöqtəsidir.
Bu hadisənin mərkəzində dayanan əsas fiqurlar – məktəb direktoru Zaur Müseybov və Mingəçevir şəhər Təhsil Sektorunun müdiri Rüstəm Aslanovdur. Yeni təyin olunmuş bir rəhbər şəxsin, Rüstəm Aslanovun öz fəaliyyətinə belə bir "bağışlanmaz səhv" ilə başlaması onun həm peşəkar hazırlığını, həm də dövlətçilik prinsiplərinə olan həssaslığını ciddi şübhə altına alır. Təhsil sektoru bir şəhərin intellektual və ideoloji mərkəzidir.

Əgər bu mərkəzin rəhbəri rəsmi tədbir zamanı Ulu Öndərin portretinin ayaq altına yaxın bir səviyyədə qoyulmasına göz yumursa, deməli, onun üçün dövlətçilik rəmzləri sadəcə formal bir vizuallıqdan ibarətdir. Bir tədbir başlamazdan əvvəl məkanın monitorinqi, protokola uyğunluğu və estetik görkəmi mütləq yoxlanılmalı idi. Səhnəyə çıxan, orada nitq söyləyən və ya ön sırada əyləşən rəhbər heyət necə ola bilər ki, bu rəzaləti görməsin? Bu, görməmək deyil, əslində əhəmiyyət verməməkdir.
Məktəb direktoru Zaur Müseybovun məsuliyyəti isə daha birbaşa və dərindir. Məktəb şagirdlərin şəxsiyyət kimi formalaşdığı yerdir. Müəllim şagirdə "Vətəni sevin", "Tariximizə hörmət edin" deyərkən, o şagird səhnədə Ulu Öndərin şəklinin yerdə qaldığını görürsə, bütün pedaqoji təsir dərhal yox olur. Bu görüntülər gənc nəslə verilən ən yanlış mesajdır. Dövlət adamına, xalqın xilaskarına verilən dəyər onun portretinin ən uca, ən görkəmli yerdə asılması ilə simvolizə olunmalıdır. Portretlərin döşəmə səviyyəsində, demək olar ki, insanların ayaqları ilə eyni hündürlükdə yerləşdirilməsi xalqın qəlbində ucalan bir şəxsiyyətin xatirəsinə qarşı böyük bir hörmətsizlikdir. Bu mənzərəni görən hər bir vətənpərvər insanın ürəyi ağrıyır, çünki Heydər Əliyev irsi bizim milli kimliyimizin bir parçasıdır.
Tədbirin rəsmi hesabatını hazırlayıb "uğurla keçdi" deyə yuxarı qurumlara təqdim etmək asandır. Lakin həmin hesabat fotolarındakı o acınacaqlı detallar təşkilatçıların daxili dünyasındakı boşluğu nümayiş etdirir. Rüstəm Aslanovun rəhbər kimi bu mənzərəyə müdaxilə etməməsi, portretlərin dərhal daha yüksək və layiqli bir yerə qaldırılmasını tələb etməməsi onun rəhbərlik etdiyi sektorun gələcək fəaliyyəti barədə də nikbin danışmağa əsas vermir. Nəzarət mexanizmi yalnız kağız üzərində deyil, həm də ideoloji və mənəvi müstəvidə işləməlidir. Bu hadisə sübut edir ki, bəzi vəzifəli şəxslər öz kürsülərini dövlət maraqlarından və milli dəyərlərdən üstün tutur, gördükləri işin mahiyyətinə deyil, sadəcə görüntüsünə xidmət edirlər.
Biz hər zaman fəxr edirik ki, Azərbaycan dövləti öz tarixi şəxsiyyətlərinə, xüsusən də Ümummilli Liderinə qarşı sonsuz ehtiram bəsləyir. Ölkə başçısı İlham Əliyevin hər bir addımı, çıxışları və dövlət rəmzlərinə münasibəti bütün məmurlar üçün bir məktəb olmalıdır. Amma görünən odur ki, Mingəçevir təhsilində hələ də bu məktəbdən dərs almayanlar var. Belə bir "təsadüfi" səhvin dövlət tərəfindən ucaldılan dəyərlərə kölgə salmasına icazə verilməməlidir. Bu, sadəcə bir estetik zövqsüzlük deyil, bu, bir idarəetmə böhranıdır. Bir məktəb daxilindəki kiçik bir səhnəni nizama sala bilməyən, orada kimin portretinin harada duracağını təyin edə bilməyən şəxslər böyük bir şəhərin təhsil sistemini necə idarə edəcək?
Mərkəzi Aran Regional Təhsil İdarəsi və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bu hadisəyə qarşı səssiz qalmamalıdır. Bu yazı sadəcə tənqid deyil, həm də bir xəbərdarlıqdır. Dövlətçilik ruhu formal tədbirlərdə deyil, o tədbirlərin hər bir detalındakı səmimiyyətdə və hörmətdə gizlidir. Rüstəm Aslanov və Zaur Müseybovun bu laqeydliyi inzibati qaydada araşdırılmalı və digər təhsil işçiləri üçün bir dərs olmalıdır. Biz övladlarımıza Ulu Öndəri yerdə qalan portretlərlə deyil, zirvələrdə dayanan ideyalarla tanıtmalıyıq. Bu cür laqeydliklər Azərbaycan təhsilinə və dövlət imicinə vurulan bir zərbədir. Ümid edirik ki, aidiyyəti qurumlar tərəfindən bu "bağışlanmaz səhv"ə ən sərt şəkildə hüquqi və inzibati qiymət veriləcək, Mingəçevir təhsilində kök salmış bu cür məsuliyyətsizlik hallarına son qoyulacaqdır. Tariximiz və rəhbərlərimiz yerdə deyil, hər zaman başımızın üstündə, ən uca zirvələrdə olmağa layiqdirlər. Bunu unudanlar isə həmin uca zirvələrdə təmsilçilik haqqını itirmiş olurlar.
Dəfələrlə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova və agentliyin mətbuat xidmətinə sorğular göndərsək də, günlərdir heç bir sorğumuza cavab verilmədi. Mətbuat xidməti isə, ümumiyyətlə zənglərə cavab vermir. /Nocomment.az/

Ağstafa sakinləri icra başçısı haqda hansı fikirdədir? - Torpaq satışı və...


Feysbukdakı “Qazax-Ağstafa” adlı səhifə Ağstafa rayon icra başçısı Seymur Orucovun təyinatının 6 illiyi ilə bağlı sorğu keçirib. 

Bizimesr.com bildirir ki, sorğuda iştirak edən Ağstafa sakinlərinin S.Orucov haqqında səsləndirdiyi fikirlər diqqət çəkib. Sakinlər başçının 6 il ərzində rayonda əsasən torpaq satışı ilə məşğul olduğunu iddia ediblər.

Sorğuda iştirak edən Loğman Babayev bildirib ki, S.Orucov 6 il ərzində hər yeri satıb:

“Hər yeri satıb qoyub cibinə. Yollar bərbad haldadır. Hələ icra hakimiyyətinin yerləşdiyi küçə lap bərbad haldadır”.

Tünzalə Rəhimli isə yazıb:“Vəzifəyə yox, soymağa, talamağa gəlməsindən 6 il ötüb”.

Səmən Hacıyeva:“Bu 6 ildə mən eşidirəm ki, Ağstafada satılmayan yer qalmayıb. Sağ olsun Seymur müəllim, hamısını satıb, oturub”.

Xəya Vahidoğlu:“Bu 6 ildə Ağstafanı deyə bilmərəm, amma Seymur müəllimin sərvəti xeyli artıb”.

Tahel Rəhimov:“Bu rayonda elə bir yol, elə bir küçə göstərin ki, orda normal hərəkət etmək olsun”.

Sorğuda iştirak edən Ağstafa Rayon İcra Hakimiyyətinin əməkdaşlarının cavabları da diqqət çəkib. İH əməkdaşları yazılan tənqidlərə cavab verərək, icra başçısını müdafiə ediblər.

Səxavət İsmayıl adlı icra əməkdaşı — şəxsi səhifəsində də icra hakimiyyətinin fəaliyyəti və Seymur Orucovla bağlı paylaşımlar edən şəxs — rayonda küçələrin satılmadığını, şəhid ailələri və qazilər üçün şərait yaradıldığını bildirib. O, paylaşımında icra başçısına can sağlığı və uğurlar arzuladığını da yazıb.

İcra hakimiyyətinin digər əməkdaşı Vüqar Həsənov isə Seymur Orucovun daha böyük vəzifələrə layiq olduğunu bildirib: “Hər zaman şəhid ailələri, qazi və veteranların yanında olan rayonumuzun rəhbərinə can sağlığı, işlərində uğurlar arzu edirik. Bundan da böyük vəzifələrə laiqsiz, cənab başçı”.

Sorğuya yazılan cavablar icra başçısı Seymur Orucovun 6 il ərzində fəaliyyətini göz önünə gətirib. Xatırladaq ki, Seymur Orucov 2019-cu ildə icra başçısı təyin edilib./Tribuna/

AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT


“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) “Və ya” verilişi üçün göstəriləcək xidmətlərə görə Nəcəfov Qəşəm Mirzə oğluna (Qəşəm Nəcəfzadə) 2 min 700 manat ödəniş edəcək.

Yeniavaz.com xəbər verir ki, AzTV bu məqsədlə Qəşəm Nəcəfov (VÖEN – 1601806762) ilə satınalma müqavilələri imzalayıb.

Qeyd edək ki, AzTV bu ödənişi bu ilin aprel-oktyabr aylarında göstəriləcək xidmətlər üçün edəcək.
Onu da bildirək ki, şair Qəşəm Nəcəfzadə həm də Azərbaycan Respublikası Audiovizual Şurasının üzvüdür.


Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC


Azərbaycanda daha bir şirkət – “Kon-Lay Project” MMC (VÖEN – 1301807111) etibarsız təchizatçıların reyestrinə daxil edilib.

“Kon-Lay Project” MMC sənədləri saxtalaşdırdığı üçün bir il müddətində – 12.05.2026-cı ildən 12.05.2027-ci il tarixinədək satınalmalarda iştirak edə bilməyəcək.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 20 manat olan MMC 2008-ci ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78, m. 20-də yerləşən MMC-nin qanuni təmsilçisi Həsənov Anar Əzimxan oğludur.
Onu da bildirək ki, “Kon-Lay Project” MMC əsasən yerli icra hakimiyyətlərinin keçirdiyi tender müsabiqələrində qalib olub.
Şirkət təkcə son bir il ərzində 370 min manat dəyərində 19 tender müsabiqəsini udub.(Yeniavaz.com)

Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür

Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür


Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) nəqliyyat təminatı çərçivəsində təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək.

Mayın 23-dən sözügedən zolaqlarda avtobus zolağını bildirən 5.9 yol nişanları yığışdırılacaq. Yol nişanları çıxarılmış zolaqlar qüvvədən düşmüş hesab olunacaq və sürücülər bu zolaqlara daxil ola biləcəklər.

Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarına əsasən, Mehdi Abbasov küçəsində təşkil edilən xüsusi hərəkət zolağı qüvvədə saxlanılacaq. Bununla da bu ərazidən keçən ictimai nəqliyyatın maneəsiz və fasiləsiz hərəkəti təmin ediləcək.

Sürücülərdən diqqətli olmaq və yol nişanları olan zolaqlarda qanunun tələbinə riayət etmək xahiş olunur.

"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib



Naxçıvanda gigiyenanı qorumağa cavabdeh qurumun özü antisanitar vəziyyətdə qalıb.

Bir həftədən artıqdır qurumun binasına verilən su kəsildiyindən 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib.

Söhbət yerli İctimai Səhiyyə Xidmətindən gedir.

Əməkdaşlar “Gündəlik Naxçıvan”a bildirirlər ki, su olmadığı üçün binada sanitar qovşaqlardan istifadə etmək mümkün deyil və tualet qoxusu dözülməz vəziyyət yaradıb:

“Çox qəribə vəziyyət yaranıb. Əslində, biz özümüz başqa idarələrdə bu cür hallara qarşı mübarizə aparmalıyıq. Amma artıq bir həftədən çoxdur öz iş yerimizdə su olmadığından, gigyenik təhlükə yaranıb.
Sanitar qovşaqlar işləmədiyi üçün binanı pis qoxu bürüyüb. Bundan əlavə nə içməyə, nə qaynatmağa, nə də əl yumağa su tapılır.
Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik.
Rəhbərlik deyir ki, su idarəsinə məlumat verilib, düzələcək. Amma problem hələ də həll olunmayıb.”
İctimai Səhiyyə Xidməti 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi və onun rayon şöbələrinin əsasında yaradılıb. Qurumun əsas məqsədi yoluxucu xəstəliklərin qarşısının alınması, profilaktik tədbirlərin həyata keçirilməsi, sosial gigiyena və pasiyent təhlükəsizliyi ilə bağlı standartların təmin edilməsidir.
Xidmət həmçinin insanların sağlamlığının qorunması, həyat keyfiyyətinin yüksəldilməsi və tibb müəssisələrində gigiyenik qaydalara nəzarət sahəsində fəaliyyət göstərməlidir.(Gündəlik Naxçıvan)

Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək

Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək

Bu gün saat 15:00-da Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimi keçiriləcək.

Bununla əlaqədar olaraq, tədbir iştirakçılarının Nəqliyyat Mübadilə Mərkəzlərindən WUF13 tədbir məkanına daşınması saat 13:00-dək təmin ediləcək.

Tədbir məkanını ziyarət edəcək və ya bağlanış mərasimində iştirak edəcək şəxslərdən qeyd edilənləri nəzərə almaları xahiş olunur.

Yuxusuz halda sükan arxasına əyləşməyin! - DYP-dən müraciət



Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) həftəsonu yollardakı vəziyyətlə bağlı xəbərdarlıq edib.

Bununla bağlı BDYP məlumat yayıb.

“Müşahidələr göstərir ki, bir qayda olaraq həftəsonu paytaxt və bölgələr arasında hərəkət intensivliyi yüksəlir. Hər iki istiqamət üzrə səfərlərin sayının artması nəticəsində, xüsusilə avtomagistrallarda nəqliyyat sıxlığı yaranır ki, bu da qəza riskinə təsirsiz ötüşmür”, - məlumatda qeyd olunub.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə respublika ərazisində nəzarət-profilaktik tədbirlər daha da gücləndirilib: “Bununla yanaşı qeyd olunmalıdır ki, bəzi hallarda sürücülər tərəfindən qaydalara əməl olunmaması, texniki nasazlıq, tələskənlik və diqqətsizlik nəticəsində ağır yol-nəqliyyat hadisələri qaçılmaz olur. Belə halların qarşısını almaq üçün Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edir.

Səfərə çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlayın, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmayın, sürət həddinə və ötmə-manevretmə qaydalarına ciddi riayət edin. Hazırda mövsüm üçün xarakterik olan yağmurlu hava şəraitini, yoldakı real vəziyyəti nəzərə alın. Uzaq məsafələrə səfərləri fasilələrlə qət edin, yorğun, yuxusuz halda sükan arxasına əyləşməyin.

Unutmayın! Yolda intizam və məsuliyyət hər bir sürücünün təhlükəsizliyinin əsas təminatıdır”.

Xəbər lenti

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
18:47
 "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
18:10
ATB ilə ABB arasında itən vəsait - Əməliyyat uğurlu, amma pul yoxa çıxıb - Şikayət
17:38
Bakı-Tbilisi qatarı sosial layihədir, yoxsa kommersiya xidməti? - ADY niyə subsidiyalaşma istəmir?
17:06
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
16:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”...:Dövlət tədbiri adı ilə saxtakarlıq?!
15:52
Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib
15:17
Qida təhlükəsizliyində rəzalət - Məhsullar niyə yararlılıq tarixindən əvvəl xarab olur?
14:59
İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib
14:29
Xətainin mərkəzində sirli tikinti - General Əliağa Şıxlinski küçəsində nə inşa edilir?
12:54
“Marin Group” şirkətindən şikayət: Mənzillərimizi təhvil vermirlər….
12:27
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb
11:53
Maştağada bu tikintiyə hansı şərtlərlə icazə verilib?
11:29
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
10:59
Azay Möhnətov kimdir? —"İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur?
10:36
YENƏ TOPAZ, YENƏ ŞİKAYƏT: Bir ildir “Araşdırma gedir” adıyla uduş verilmir! – Rəy + FOTOLAR
10:06
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib
09:42
İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
09:25