Bakı sakini “Montin City” MTK-nın ona təzyiq göstərdiyini iddia edir



İkinci qrup əlil olan Bakı şəhər sakini “Montin City” MTK-nın ona təzyiq göstərdiyini iddia edir. Son illər Bakıda tikinti şirkətləri ilə sakinlər arasında yaranan mübahisələr ictimaiyyətin diqqətində olan mövzulardan birinə çevrilib. Evlərin sökülməsi, kompensasiya ödənişləri və mülkiyyət hüquqlarının pozulduğu iddiaları ilə bağlı vətəndaş müraciətləri vaxtaşırı gündəmə gəlir. Redaksiyamıza müraciət edən paytaxt sakini – Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 47A, mənzil 2 ünvanında yaşayan ikinci qrup əlil Sevda Sadıxzadə də eyni problemlə üzləşdiyini bildirir. S.Sadıxzadə iddia edir ki, yaşadığı binanın yerləşdiyi ərazidə çoxmərtəbəli yaşayış binası tikməyi planlaşdıran “Montin City” tikinti şirkəti ona məxsus olan, 40 ildən çoxdur yaşadığı mənzili qanunsuz şəkildə əlindən almağa çalışır.

Sevda Sadıxzadənın sözlərinə görə, “Orbita” Mənzil-Tikinti Kooperativinin (MTK) törəməsi olan “Montin City” MTK tərəfindən 8 qonşunun yaşadığı ikimərtəbəli binanı söküb yerində yeni hündürmərtəbəli yaşayış binasının inşa edilməsi tələbilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət olunub. Qarşı tərəf isə öz növbəsində məhkəməyə kifayət qədər sübutlar təqdim edib.

Şikayətçi deyir ki, çox rahat, gözəl təmirli, bütün şəraiti olan 4 otaqlı mənzili var və 40 ildən artıqdır yaşadığı mənzilini ümumiyyətlə, satmaq fikrində deyil. Lakin “Montin City” həmin ərazidə hündürmərtəbəli bina tikmək məqsədilə sakinləri evlərindən çıxarmağa çalışır: “2020-ci ildə kompleksin tikintisi üçün hazırlıqlar aparılarkən, şirkət işçiləri binadakı mənzillərin sahəsini ölçdülər və bildirdilər ki, hər şey istədiyimizdən də yaxşı olacaq. Bakı şəhər İcra Hakimiyyəti başçısının 17 oktyabr 2022-ci il tarixli sərəncamında göstərilir ki, ərazidə qeydə alınmış daşınmaz əmlakın istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında olmalıdır. Amma heç kim bizdən razılıq almayıb. 2023-cü ildə bizimlə heç bir danışıq aparılmadan, bizə heç bir təklif olmadan, üzümüzü belə görmədən işi məhkəməyə göndəriblər. Səbəb də göstəriblər ki, guya biz fürsətdən istifadə edərək varlanmaq istəyirik. Məhkəmə yolu ilə bizi evlərimizdən çıxarmağa çalışırlar. Biz evimizi satmaq istəmirik, amma heç olmasa, yaşımızı nəzərə alıb, ədalətli kompensasiya təklif etsələr (hətta bazar qiymətindən bir qədər də az!), razılaşa bilərik”.

Sevda Sadıqzadənin sözlərinə görə, ona məxsus mənzilin ölçüləri tamamilə yanlış götürülüb: “İlkin hesablamada 230 kvadratmetr sahə göstərilmişdi, bu, hətta yazılı şəkildə təsdiqlənmişdi də. Lakin sonrakı mərhələlərdə mənzilin sahəsi dəfələrlə yenidən ölçüldü və hər dəfə mənzilin sahəsinin əvvəlkindən daha kiçik olduğu bildirildi. Onlar mənzilin sahəsini divardan divara qədər ölçmürlər. Üstəgəl, 40 kvadratmetrlik qarajı, vanna otaqlarından birini, anbarı, eyvanı, qapalı həyəti nəzərə almırlar. Lakin şirkətin bizə təklif etdiyi mənzil daxildən divardan divara ölçülür. Şirkət özü müştərilərə mənzil satarkən ölçüləri çöldən-çölə hesablayır. Mənim ömrüm boyu qurduğum evimi dağıdırlar. Dövlət mənim şəxsi mülkümün qarantıdır, belə olan halda, bir şirkətin buna nə ixtiyarı var?! Mənzilimin dəyəri 700 min manatdan çox olub. Sənəd məhkəməyə təqdim edilib və daha sonra şirkətin tələbi ilə yenidən qiymətləndirmə aparılıb. Bizim qiymətləndirməmizə məhəl qoymurlar. Bizə məhkəmə ilə hədə-qorxu gəlirlər”.

Şikayətçi onu da əlavə edib ki, özünün və həyat yoldaşının ciddi səhhət problemləri var: “Biz yaşlı, xəstə insanlarıq. Daimi stress sağlamlığımıza çox pis təsir göstərir. Biz ömrümüzü bu ərazidə yaşamışıq. Bir oğlum var, o da Almaniyada yaşayır, Azərbaycan diasporunun çox fəal üzvüdür, tələbəlik illərindən ömrünü bu fəaliyyətə həsr edib, diaspor işində xidmətlərinə görə bu yaxınlarda Prezident tərəfindən təltif də olunub. Demək istədiyim odur ki, əgər bina dövlətin ehtiyacı üçün lazımdırsa, başqa məsələ, amma əgər bir tikinti şirkəti pul qazanmaq istəyirsə, hər santimetrində alnımızin təri olan evimizi əlimizdən niyə almalıdır?! Heç kim yeni tikiləcək binanın nə vaxt hazır olacağını demir, bizim isə gözləmək imkanımız yoxdur. Onu təmir etməyə maddi, fiziki imkanımız da olmayacaq. Yaşımızı, səhhətimizi, övladımızın burda olmadığını və digər məqamları nəzərə alıb, bizə kompensasiya təklif edə bilərlər”.

S.Sadıqzadə məsələ ilə bağlı aidiyyəti qurumlarda olduqlarını da vurğulayıb: “Nərimanov Rayon İcra Hakimiyyətində olduq, tikinti şirkəti bizə ədalətli qərar vədi verdi. Tikinti şirkəti ilə icra hakimiyyətinin nümayəndələri gəlib mənzili yenidən ölçdülər. Amma heç nə dəyişmədi. Sonda isə bizi məhkəməyə verdilər”.

S.Sadıqzadə deyib ki, “tikinti şirkəti mənzilinin ölçüsü kiçik olan 4 qonşuya daha böyük sahəsi olan mənzil vəd edərək, onlarla razılığa gəlib. Qalan qonşuların mənzil sahəsi onlardan 3 dəfə böyükdür. Bununla tikinti şirkəti həm də qonşuları üz-üzə qoyur, onlara verdikləri artıq mənzil sahəsini bizim hesabımıza kompensasiya etmək istəyir. Həmçinin binanın ətrafını xarabazara çeviriblər, hasarlayıblar, yolu kəsiblər”. S.Sadıqzadə aidiyyatlı qurumlardan məsələnin tezliklə ədalətli həllinə kömək göstərmələrini istəyir.

Sevda Sadıqzadənin vəkili Əli Zamanov ”525”ə bu iş üzrə iki ildir məhkəmə icraatında iş aparıldığını bildirib: “Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47A ünvanında yerləşən yaşayış binasını sökərək ərazidə hündürmərtəbəli yaşayış binası tikmək istəyirlər. Sakinlərə kompensasiya vermirlər, sadəcə olaraq onların yaşadığı bina sökülüb yenisi tikildikdən sonra yaşayış sahəsi veriləcək. Vəd olunan yaşayış sahəsi isə sakinlərdən bir neçəsinə məxsus mənzilin sahəsindən xeyli kiçikdir. Ona görə sakinlər həmin binada ev istəmirlər. Çünki həm tikintinin, həm də təmirin keyfiyyəti aşağı olur, MTK-lar mənzilləri standart təmirlə verirlər”.

Vəkilin sözlərinə görə, kompensasiya vermək istəməyən tikinti şirkəti qərəzli olaraq binanın sökülməsi tələb ilə məhkəməyə müraciət edib: “Artıq bu iş üzrə bir qonşu ilə bağlı məhkəmə qərarı var. Ona mənzil sahəsindən də kiçik mənzil təklif edirlər. Məhkəmə qətnamə çıxarıb. Həmin qonşunun qaraj sahəsi, anbarı olub. Qaraj sahəsini nəzərə alsalar da, anbar nəzərə alınmayıb. Binada bəzi qonşuların mənzil sahəsi böyükdür. Mənzilinin sahəsi kiçik olan bir neçə sakinə əlavə mənzil sahəsi təklif edərək onları razı salıblar. Məqsəd də budur ki, həmin şəxslər digər sakinlərə təzyiq göstərsinlər. Bu iş üzrə tərəfinizdən müstəqil mütəxəssis rəyi alınıb, real bazar qiyməti, həm ərazidə yerləşən yaşayış sahələrinin, yeni tikililərin və köhnə tikililərin bazar qiymətləri müəyyən olunub. Eyni zamanda həmin sahədə anbar və qaraj sahələrinin real bazar qiyməti ilə bağlı da mütəxəssis rəyi verilib. Məhkəmə hələ ki, birinci iş üzrə onları nəzərə almayıb. Halbuki tikinti şirkəti tərəfindən həmin ərazidə tikilməsi nəzərdə tutulan binada yaşayış sahəsinin bir kvadratmetri təmirsiz vəziyyətdə 3500-4000 min manata təklif olunur. Mənzilləri ölçüləri də, məlum məsələdir ki, çöldən-çölə götürülür, amma sakinlərə məxsus mənzillər ölçülərkən ölçülər içdən-içə götürülür.

Biz məhkmə prosesləri gedişatında dəfələrlə MTK-ya kompensasiya təklifi irəli sürmüşük. Lakin MTK-a kompensasiya vermək istəmir. Bildirir ki, gələcəkdə bizim binanın yerində inşa ediləcək binanın B blokunda mənzil verə bilərlər. Onların təklif etdiyi mənzilin ölçüləri bizim mənzilin faktiki ölçülərindən kiçik, təmiri standart (divarda ucuz boya və döşəmədə laminat), mənzilin yerləşmə bucağı barədə heç bir məlumat verilmir. MTK-nın tikdiyi binada mənzillərin 1 kvadratmetri 4000 manat, mənzilin mərtəbə və yerləşmə bucağına uyğun olaraq daha yuxarı qiymətə təklif olunur.

Bununla bağlı məhkəmə tərəfindən də ekspertiza keçirilib. Ekspertizada qiymətlər təhrif olunub, çox aşağı qiymətləndirilib, tikinti şirkətinin özünün təklif etdiyi qiymətdən aşağı qiymətləndirici qiymət çıxarıb. Bu da ondan xəbər verir ki, tikinti şirkəti tərəfindən ekspert rəyinə müdaxilə var. Hazırda iş üzrə yekun qiymətləndirmə keçirilib. Onun rəyini gözləyirik. Məhkəmə bu ay yekunlaşmaq üzrədir. Məsələ ilə bağlı aidiyyəti orqanlara şikayətlərimizə baxmayaraq, hələ ki, heç bir nəticə yoxdur.

Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən dövlətin ali məqsədi dedikdə, dövlətin bütün fəaliyyətinin mərkəzində insanın dayanması nəzərdə tutulur. Yəni qanunların qəbul edilməsi, dövlət orqanlarının fəaliyyəti və məhkəmələrin qərarları insan hüquq və azadlıqlarının qorunmasına xidmət etməlidir. Konstitusiyanın 13-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmələr dövlət hakimiyyətinin bir qolu kimi mülkiyyət hüququna müdaxilə edən hər bir iddia üzrə xüsusilə ciddi araşdırma aparmalı, mülkiyyət hüququnun məhdudlaşdırılmasının qanuni əsaslarını, zəruriliyini və mütənasibliyini ətraflı qiymətləndirməlidirlər.

Konstitusiyanın 29-cu maddəsinin IV hissəsinə görə dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Əks halda mülkiyyətin alınmasına yol verilmir. Nəzərə alsaq ki, hətta dövlət ehtiyacları üçün mülkiyyət özgəninkiləşdirilən zaman onun faktiki sahəsi nəzərə alınaraq ədalətli şəkildə kompensasiya ödənilir. Lakin hazırkı iş üzrə bu tələb tamamilə gözardı edilib”.

“Montin City” MTK-nın nümayəndəsi Mehman Abdullayev “525”ə açıqlamasında iş üzrə məhkəmə prosesi davam etdiyindən şikayətlərlə bağlı şərh vermək istəmədiklərini bildirib: “Məhkəmə prosesi hələ davam edir. Yekunda hansı qərar qəbul olunarsa, biz də ona əməl edəcəyik”.

XVIII əsrdə yaşamış böyük filosof Jan Jak Russonun məşhur bir fikir var: “İnsanlar atalarının ölümünü unuda bilər, lakin mülkiyyətlərinin itirilməsini heç vaxt unutmazlar”. Qoca Russo bu fikri insanlar arasındakı bərabərsizliyin mənşəyi və əsaslarından bəhs edən əsərində xüsusi mülkiyyət anlayışının insan psixologiyasına və cəmiyyətə təsirini izah edərkən işlədirdi. Aradan əsrlər keçsə də, bu fikir aktuallığını təəssüf ki, hələ də itirməyib. Həqiqət isə budur ki, bir insanın qanuni mülkiyyətindən məhrum edilməsi təkcə maddi itki deyil, həm də onun hüquqlarına və qanunun aliliyinə olan inamına ağır zərbədir. Bu baxımdan redaksiyamıza müraciət edən II qrup əlilliyi olan vətəndaşın səsləndirdiyi iddiaların ciddi araşdırılmasına ehtiyac var. Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnun toxunulmazlığını birmənalı şəkildə təmin edir. Vətəndaşın qanunda nəzərdə tutulmuş prosedurlar olmadan öz mülkiyyətindən məhrum edilməsi yolverilməzdir; heç bir tikinti layihəsi, heç bir iqtisadi maraq və ya kommersiya məqsədi insanın – vətəndaşın qanunla qorunan mülkiyyət hüququndan üstün sayıla bilməz.(Tribuna.az

“Heç bir MTK vətəndaşın evini özbaşına sökə bilməz” - “Bizim Ev” MTK sökə bilər...



“Heç bir MTK vətəndaşın evini özbaşına sökə bilməz” - Hüquqşünasdan açıqlama


“Razı olmasanız da sökəcəyəm” yanaşması qanunsuzdur, konstitusiyanın qoruduğu mülkiyyət hüququ pozulur”
Yasamalda sakinlərlə “Bizim Ev” MTK arasında gərginlik pik həddə çatıb. İllərdir davam edən tikinti və söküntü işlərindən bezən sakinlər şirkəti qanunsuz müdaxilədə, hədə-qorxuda və şəxsi mülkiyyətə qəsddə ittiham edərək aidiyyəti qurumlardan təcili müdaxilə tələb edirlər.

Qeyd edək ki, Bakı şəhərinin Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 69 ünvanında yaşayan sakinlər uzun illərdir davam edən tikinti işlərinin girovuna çevrildiklərini bildirirlər. Redaksiyamıza müraciət edən sakinlərin sözlərinə görə, “Bizim Ev” MTK-nın fəaliyyəti artıq adi tikinti narahatlığını çoxdan aşıb və insanların normal yaşayış hüququnu, təhlükəsizliyini və mülkiyyət hüququnu ciddi şəkildə pozur.

Sakinlərin iddiasına görə, MTK tərəfindən aparılan tikinti və qazıntı işləri gecə-gündüz davam edir. Ağır texnikaların yaratdığı səs-küy insanların istirahətini mümkünsüz edib, qazılmış yollar isə sakinlərin gündəlik hərəkətini çətinləşdirib. Xüsusilə yaşlılar, uşaqlar və fiziki məhdudiyyətli şəxslər üçün vəziyyət daha da ağırlaşıb. Lakin narazılıqlar bununla bitmir. İddia olunur ki, mənzillərinin sökülməsi ilə bağlı MTK ilə müqavilə bağlamaqdan imtina edən sakinlər müxtəlif təzyiq və hədə-qorxu ilə üzləşirlər. Onların sözlərinə görə, evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları və divarlardakı dəmir konstruksiyaları xüsusi kəsici alətlərlə sökürlər. Sakinlər həmçinin telefon vasitəsilə hədələndiklərini, onlara müxtəlif yollarla təzyiq göstərildiyini iddia edirlər. Onların fikrincə, məqsəd müqavilə bağlamaq istəməyən sakinləri bezdirərək mənzillərini tərk etməyə və ya şirkətin şərtləri ilə razılaşmağa məcbur etməkdir.

Son hadisələrdən birində isə sakinlərdən birinin evdə olmadığı vaxt həyətə daxil olan şəxslərin dəmir konstruksiyaları kəsdiyi, qonşuların xəbər verməsindən sonra isə ərazini tərk etdiyi bildirilir. İddialara görə, baş verənlər müşahidə kameraları tərəfindən qeydə alınıb.

Sakinlər baş verənləri açıq şəkildə özbaşınalıq və şəxsi mülkiyyətə müdaxilə kimi qiymətləndirərək sual edirlər: hansı qanun tikinti şirkətinə vətəndaşın həyətinə icazəsiz daxil olmaq, ağacları kəsmək, hasarları sökmək və insanları öz evlərində rahat yaşamaq hüququndan məhrum etmək səlahiyyəti verir?

Şəhərin yenilənməsi və yeni tikinti layihələrinin həyata keçirilməsi vacib olsa da, bu proses vətəndaşların konstitusion hüquqlarının pozulması, hədə-qorxu və təzyiq hesabına həyata keçirilə bilməz. Tikinti şirkətləri qanun çərçivəsində fəaliyyət göstərməli, sakinlərlə dialoq qurmalı və mülkiyyət hüququna hörmət etməlidirlər.

Əks halda, bu cür hallar təkcə bir binanın və ya bir məhəllənin problemi olmaqdan çıxır, bütövlükdə cəmiyyətdə hüququn aliliyinə və ədalət prinsiplərinə inamı sarsıdan təhlükəli bir presedentə çevrilir.

Mövzu ilə bağlı fikirlərini Sherg.az-a bölüşən hüquqşünas Əkrəm Həsənov bildirib ki, tikinti şirkətləri və ya MTK-ların vətəndaşların evlərini, hasarlarını və digər tikililərini özbaşına sökmək səlahiyyəti yoxdur. Hüquqşünasın fikrincə, çoxmənzilli yaşayış binalarının sökülməsi yalnız əmlak sahiblərinin könüllü razılığı əsasında həyata keçirilə bilər:

“Bu razılıq təhdid, təzyiq və ya məcburetmə yolu ilə deyil, qarşılıqlı razılaşma əsasında əldə olunmalıdır. Hər bir mənzil sahibinin öz əmlakı üçün tələb etdiyi qiyməti müəyyən etmək hüququ var. Digər sakinlərin hansı şərtlərlə razılaşması heç bir halda başqa bir mülkiyyətçini həmin şərtləri qəbul etməyə məcbur etmir. Əmlak sahibi “mənim əmlakımın dəyəri budur, razısınızsa anlaşaq, razı deyilsinizsə mənim mülkiyyətimə toxunmayın” demək hüququna malikdir. Təəssüf ki, Azərbaycanda son illər bu sahədə mənfi bir praktika formalaşıb. Bəzi tikinti şirkətləri əvvəlcə bir neçə sakinlə razılıq əldə edir, daha sonra isə razılaşmayan sakinlərə qarşı müxtəlif təzyiq vasitələrindən istifadə edirlər. Məhkəmə çəkişmələri başladılır, qanunsuz söküntü işləri aparılır, bəzi hallarda binaların işıq, qaz və su təchizatının dayandırılması kimi üsullara əl atılır. Aidiyyəti qurumların bu hallara vaxtında və effektiv reaksiya verməməsi isə vətəndaşlarda ciddi narazılıq yaradır. Bütün bunlar Konstitusiya ilə qorunan mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycanda yaşayış binalarının məcburi qaydada sökülməsi yalnız dövlət ehtiyacları yarandıqda mümkündür və bunun üçün də müvafiq məhkəmə qərarı və qanunla müəyyən edilmiş kompensasiya mexanizmi olmalıdır. Heç bir özəl tikinti şirkəti və ya MTK “burada bina tikəcəyəm, razı olsanız da, olmasanız da bu binanı sökəcəyəm” mövqeyi sərgiləyə bilməz. Bu, hüquqi dövlət prinsiplərinə zidd olan özbaşınalıqdır. Tikinti şirkəti ilk növbədə sakinlərlə danışıqlar aparmalı, onları qane edən şərtlər təklif etməli və yalnız könüllü razılıq əldə edildikdən sonra layihəni həyata keçirməlidir”.

Dünyanın inkişaf etmiş ölkələrində də məhz bu cür prinsip tətbiq olunduğunu vurğulayan Ə. Həsənov qeyd edib ki, mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur:

“Azərbaycan qanunvericiliyinində də vətəndaşların mülkiyyət hüququnun real və effektiv müdafiəsinin təmin olunması hüquqi dövlət quruculuğunun əsas tələblərindən biridir. Lakin praktikada mülkiyyət hüququnun müdafiəsi yoxdur”.(Teref)

Xəbər lenti

Azəriqazda Əmək Məcəlləsini sayan yoxdur - "Axı bu qədər "ədalət", "şəffaflıq" və "qayğı" nümayiş etdirən sistemdən başqa nə gözləmək olar?"
10:48
Xəstəxananın həyətində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - Tibbi tullantılar və orqan qalıqları günlərlə yığılıb qalır - VİDEO
10:26
Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...
09:41
Müştəridən “Kontakt Home”a ETİRAZ: “Qızıl zəmanətlə məhsul almışam, amma…” – Foto
09:27
3000 manatlıq burun əməliyyatı, məhkəmə qərarı və "dezinformasiya" iddiası: Faktlar nə deyir?
20:18
Elnur Cəlilov Vəlvələ çayının qum və çınqılını kimlərə satır? - Nazir Rəşad İsmayılov üçün VİDEO
19:31
"Qızıl oğlanlar"ın təhsil islahatı-"Шмотка"dan qızıla...
18:22
Ramazan Nəbiyevə yüksək vəzifə verildi
14:05
Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur
13:43
Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq
13:11
Elçin Məsiyev ÇL oyununa təyinat aldı
12:48
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
12:21
Kolbasa-sosis bazarında TƏHLÜKƏ: Bu şirkətlər əhaliyə nə yedirir? - SİYAHI
11:38
“Bu sistem müdafiəolunmazdır” - Trampdan sərt ittihamlar
09:31
Şabranın mərkəzi zibil poliqonuna çevrildi - Tullantılar daşınmır - VİDEO
09:18
Kütləvi zəhərlənmə olan “Narın Qala” Fəxrəddin Vəliyevindir - Faktlar
08:57
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
17:09
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
15:58