Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr Cəmiyyəti İB-nin sədr müavini, “Alijanov Group” MMC-nin direktoru, Jurnalistlər Birliyinin üzvü, hüquq üzrə fəlsəfə doktoru Fürqan Abdullazadənin sözlərinə görə 4 iyul 2026-cı il tarixində Bakı şəhərindəki Hyatt Regency otelində Ukraynanın aparıcı ali təhsil müəssisələrinin sərgisi uğurla keçirildi. Tədbir Ukrayna Təhsil və Elm Nazirliyinin Ukrayna Dövlət Beynəlxalq Təhsil Mərkəzi və Ukraynanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutdu.

Sərgidə Ukraynanın 24 ali təhsil müəssisəsi təmsil olundu. Ziyarətçilər universitetlərin təhsil proqramları, qəbul qaydaları, Erasmus+ akademik mobillik imkanları və beynəlxalq ikili diplom proqramları haqqında ətraflı məlumat əldə etdilər.

“Alijanov Group” MMC-nin təsisçisi Alicanov Nəsib Əhməd oğlunun məlumatına əsasən tədbirin rəsmi açılışında diplomatik korpusun nümayəndələri, təhsil sahəsinin təmsilçiləri, universitet rəhbərləri, abituriyentlər və valideynlər iştirak etdilər. Sərgi çərçivəsində iştirakçılar universitet nümayəndələri ilə birbaşa ünsiyyət quraraq onları maraqlandıran suallara cavab aldılar.

“INGEK” Beynəlxalq Təhsil Mərkəzinin rəhbəri Rüfət Mirzəyevin verdiyi məlumata əsasən tədbirdə həmçinin Ukraynada təhsil almaq istəyən xarici tələbələr üçün tətbiq olunan rəqəmsal qəbul sistemi təqdim olundu və qəbul prosesinin daha sadə, şəffaf və əlçatan olması barədə məlumat verildi.

Sərgi Azərbaycan gənclərinin Ukraynada ali təhsil imkanları ilə yaxından tanış olmasına, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın möhkəmlənməsinə və beynəlxalq akademik əlaqələrin inkişafına mühüm töhfə verdi.

Ukrayna hökuməti istefaya göndərildi


Ukrayna Ali Radası səs çoxluğu ilə Baş nazir Yuliya Sviridenkonun istefasını təsdiqləyib.

Bu barədə Ukrayna hökumətinin “Telegram” kanalında məlumat yayılıb.

Parlamentin 258 üzvü qərarın lehinə səs verib.

Ukrayna qanunvericiliyinə uyğun olaraq, hökumət tam tərkibdə istefaya göndərilib.

Qeyd edək ki, Yuliya Sviridenko 2025-ci il iyulun 17-də Ukraynanın Baş naziri vəzifəsinə təyin edilmişdi. O, bundan əvvəl Baş nazirin birinci müavini və iqtisadiyyat naziri kimi fəaliyyət göstərib.

Ukrayna mətbuatının məlumatına görə, yeni baş nazir postuna əsas namizəd “Naftoqaz”ın rəhbəri Sergey Koretski hesab olunur.

Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar


Xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilən Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin 13 aylıq həbsdə saxlanılma müddəti başa çatır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin müddət ibtidai istintaqın yekunlaşması üçün yetərli olmayıb.

İstintaq orqanı əlavə sübutların toplanması zərurəti ilə bağlı məhkəməyə vəsatət verib. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqi tərəfindən verilən vəsatətdə irihəcmli cinayət işi üzrə hərtərəfli ibtidai istintaq hərəkətlərinin davam etdiyi bildirilib, bu səbəbdən təqsirləndirilən şəxsin həbs qətimkan tədbirinin müddətinin uzadılması istənilib.

Səbail Rayon Məhkəməsi vəsatəti əsaslı hesab edib. Musa Şəkiliyevin əlavə 6 ay həbsdə qalmasına qərar verilib.

Məlumat üçün bildirək ki, xüsusilə ağır cinayət işlərində təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti 13 aydır. Zəruri hallarda bu müddət 6 aydan artıq olmamaqla uzadıla bilər.

Xatırladaq ki, DTX ötən ilin iyununda Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində 66 yaşlı icra başçısı Musa Şəkiliyev saxlanılıb. Prezident tərəfindən vəzifəsindən azad edilən Şəkiliyevə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Quba İcra Hakimiyyəti iki tenderin bir gündə icrasına başlayıb


Quba rayon İcra Hakimiyyəti Quba şəhəri 29-cu məhəlləsində yerləşən 3 mərtəbəli yaşayış binasının əsaslı təmiri işlərinə başlayıb.

Bununla bağlı tenderin nəticəsi məlum olub.

Bildirilir ki, tenderin qalibi “VNM İNŞAAT” MMC olub. Şirkət həmin sifarişi 145 min 25 manata icra edəcək.

Qeyd edək ki, Quba İcra Hakimiyyəti həmçinin Quba rayonu ərazisində abadlıq işləri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanmasına da start verib. Məlum olub ki, həmin smeta sənədlərini “GLOBAL ENGINEERING MANAGEMENT COMPANY” MMC reallaşdıracaq. Bunun müqabilində isə dövlət qurumundan 32 min 25 manat ödəniş alacaq.(Tribuna.az)

Sabirabadda uçan körpü bir ildir bərpa olunmur - Siraqəddin Cabbarov şikayətçiləri qovur - VİDEO


Sabirabad rayonunun Sərxanbəyli kəndində təxminən bir il əvvəl uçan körpü hələ də bərpa edilməyib.

Körpünün uçması nəticəsində 1 nəfər həyatını itirib. Buna baxmayaraq, aradan uzun müddət keçməsinə rəğmən körpünün yenidən tikilmədiyi bildirilir.

Sosial şəbəkələrdə yayılan videoda kənd sakinləri körpünün bərpa olunmaması səbəbindən kəndə giriş-çıxışın ciddi şəkildə çətinləşdiyini, alternativ piyada keçidinin isə qəzalı vəziyyətdə olduğunu qeyd edirlər. Onların sözlərinə görə, bu vəziyyət gündəlik hərəkəti və təhlükəsizliyi ciddi risk altında qoyur.

Videoda həmçinin iddia olunur ki, problemlə bağlı səsini çıxaran və ya aidiyyəti qurumlara müraciət edən şəxslər Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təzyiqlərlə üzləşir. Sakinlər, həmçinin, şikayət üçün rayon icra hakimiyyətinə üz tutan vətəndaşların qəbul edilmədiyini və geri qaytarıldıqlarını iddia edirlər.

Sözügedən iddialarla bağlı Sabirabad Rayon İcra Hakimiyyətinin və digər aidiyyəti qurumların mövqeyi hələlik məlum deyil.

Bizimesr.com

VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/sabirabadda-ucan-korpu-bir-ildir-berpa-olunmur---siraqeddin-cabbarov-sikayetcileri-qovur---video-22554

“Cənub” Yük Terminalında yeni “cərimə” metodu: Sahibkarlar çıxılmaz vəziyyətdə



Bir qrup sahibkar Cənub Yük Terminalında baş verən özbaşınalıqlardan və tətbiq edilən yeni cərimələrdən şikayətçi düşüblər.

Onlar sözügedən terminalda son günlər yüklərin boşaldılmasına görə, cərimə ilə üzləşiblər.

Sahibkarlar redaksiyamıza bildirib ki, Akşin Talıb oğlu Mirzəyev Cənub Yük terminalının direktoru təyin olunana qədər belə bir cərimə olmayıb:

"Lakin onun təyinatından sonra sahibkarlar üçün müxtəlif bəhanələrlə problemlər yaradılmğa başlayıb. Yüklərin boşaldılması üçün tətbiq edilən "cərimə” də bununla bağlıdır”.

İşin qəribə tərəfi budur ki, yeni rəhbərlik cəriməni manatla deyil, dollarla tələb edir.

Bəllidir ki, Azərbaycan Respublikasının milli valyutası manatdır. Bütün ödənişlər məhz manatla həyata keçirilməlidir. Amma Akşin Mirzəyevin manatla deyil, dollarla bunu həyata keçirməklə, əslində, qanunlarımıza hörmət etmir.

İş adamları bildirirlər ki, Akşin Mirzəyev "cərimə”ni hansı səbəbdən tətbiq etdiyini əsaslandırmaqdan imtina edir. Yalnız, "yeni qaydalar belədi” deməklə kifayətlənir.

Lakin sahibkarlar deyirlər ki, bu vəziyyət onları ikiqat xərcə salmış olur. Onlar qeyd edirlər ki, Azərbaycan tərəfində yüklərin boşaldılmasına görə, cərimə ödəməklə yanaşı, eyni anda İran tərəfində də onlar üçün anbar pulu yazılır.

Maraqlı məqamlardan biri də odur ki, bu cərimə tranzit mallar üçün də keçərlidir.

Məsələn, İrana taxta materialları daşıyan iş adamları qeyd edirlər ki, onlar daha çox pul ödəmək məcburiyyətində qalıblar.

Məsələ ilə bağlı sözügedən terminalın rəhbərliyi və rəsmi şəxsləri ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı.

Qarşı tərəf olaraq, onların da mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-yə sorğu ünvanlamışıq.

ADY-dən sorğumuza veriləcək cavabı da oxucularımızın diqqətinə çatdıracağıq.

Teref

Şuşa Qlobal Media Forumu: zəfərin ünvanından sülhün tribunasına – ŞƏRH

Şuşa Qlobal Media Forumu: zəfərin ünvanından sülhün tribunasına – ŞƏRH

Şuşa dünyanın gözüdür - sözün bütün mənalarında. Gözəlliyi və əzəməti də öz yerində. Amma bu gün həm də dünyanın gözü Şuşadadır. Onlarla ölkənin media təmsilçisi Qarabağa toplaşıb ki, dünyada sülhün bərqərar olması və etimadın qurulması yollarına nəzər salsın.

Zirvədən yollar yaxşı görünür. Şuşa Qarabağ zəfərinin zirvəsidir. Şuşadan Zəfər Yoluna gözəl mənzərə açılır. Azərbaycanın min əziyyətlə, oğullarının canı, qanı bahasına keçdiyi bu yol indi Qarabağa əmin-amanlıq, quruculuq, rifah daşıyır. Deməli, Zəfər Yolu elə sülh yoludur.

Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra dünyaya sülh mesajları vermək üçün qlobal medianı Şuşaya toplayır. Son 4 ildə 81 ölkənin 600-ə yaxın media təmsilçisi bu Forumda iştirak edib və qlobal gündəmin ən aktual məsələlərinin işıqlandırılmasını müzakirə edib. Bu il isə 53 ölkədən 160-a yaxın jurnalist və yeni media təmsilçisi qatılıb.

Ənənəyə sadiq qalaraq, Forumun qonaqlarını Azərbaycan Prezidenti İlham Əliyev şəxsən salamlayır və onların suallarını cavablandırır. Prezidentin Forumda etdiyi hər çıxış 44 günlük Vətən müharibəsi zamanı onun xarici jurnalistlərə verdiyi və diplomatiya dərsliklərinə salınacaq tarixi müsahibələrini xatırladır. Sərrast cavablar və nöqtə atışlarının heç biri hədəfdən yan keçmir.

Prezident o zaman da Şuşadan danışırdı, bu gün də Şuşadan danışır. Ancaq o zamankı "Şuşadan" sözü yalnız "Şuşa haqqında" anlamına gəlirdisə, indi bu, həm də yer zərfliyidir – bəyanatlar Şuşadan verilir. O zaman biz Şuşadan danışanda dünya bizi dinləmək istəmirdi, indi Şuşadan danışırıq – hamı dinləyir və hesablaşır. Fərq çox böyükdür və Şuşa Qlobal Media Forumu dünyaya ilk növbədə bunu nümayiş etdirir.

Başqa bir fərq də var. Vətən müharibəsi günlərində Azərbaycanın dövlət başçısına, Silahlı Qüvvələrin Ali Baş Komandanına ünvanlanan sualların heç də hamısı xoşməramlı deyildi. Prezidentin özünün də dediyi kimi, bəziləri jurnalist kimi yox, müstəntiq kimi davranır, bizi ittiham edirdi. Şuşa Forumunda isə sual verənlərin niyyətləri xoş, məqsədləri aydındır - bölgədəki sülh gündəliyinin müəllifi olan, dəyişən dünya nizamında əhəmiyyətli rol oynayan Azərbaycanın dövlət başçısının aktual məsələlərə münasibətini öyrənmək.

IV Şuşa Qlobal Media Forumunun adı da təsadüfi seçilməyib - tədbir "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunub

Xarici media təmsilçilərinin səsləndirdiyi sualların palitrası Azərbaycanın bölgədə və dünyada gedən proseslərin sadəcə benefisiarı olmadığını təsdiqləyib. Açılış mərasimində Prezident İlham Əliyev 23-dən çox sualı cavablandırıb və bir çox mətləblərə aydınlıq gətirib. Hərçənd o sualların cavablarını Azərbaycan hər gün öz siyasəti ilə verməkdədir. Bu siyasətin dünya üçün ən vacib və etimad doğuran tərəfi isə onun açıqlığı, sabitliyi və ardıcıllığıdır.

"Bizim münasibətlərimiz etimad üzərində qurulub və bu da faydalı olmağımıza imkan yaradır. Bu da regional siyasətin vacib faktoruna çevrilib. Təbii ki, bu gün Azərbaycanın regional məsələlərdə rolu artmaqdadır. Bizim mövqeyimiz konstruktivdir. Biz bundan sonra da əlimizdən gələni edəcəyik ki, harada yardımçı və vasitəçi ola biliriksə, onu edək", - Azərbaycan Prezidenti bildirib.

Söhbət rəsmi Bakının bəzən bir-biri ilə eyni masa arxasında əyləşməyi belə özlərinə rəva bilməyən ölkələrin arasında körpü rolunu oynamasından gedir. Təsadüfi deyil ki, bu məsələyə diqqəti İsraildən olan Forum iştirakçısı yönəldib. O, Bakının dünyada konstruktiv diplomatiya mərkəzinə çevrildiyini vurğulayıb və bir-birinə etibar etməyən bir sıra ölkələrin Azərbaycanın mövqeyinə etimad göstərdiyini deyib.

Forum iştirakçılarının diqqət çəkdiyi digər məsələ isə Azərbaycanın dünyada orta gücə çevrilməsidir və bu, bir çox faktorlara əsaslanan beynəlxalq qiymətləndirmədir. İlham Əliyev bu faktorlar sırasında ölkənin müstəqil siyasət yürütməsini, öz milli maraqlarını müdafiə etmək bacarığını, yalnız paradda deyil, döyüşdə öz qüdrətini göstərmiş orduya sahib olmasını, Azərbaycandan kənarda gedən proseslərə təsir imkanlarının olmasını, ən əsası isə bütöv regionda baş verənlərə görə məsuliyyət daşıya bilməsini göstərib.

Görünən odur ki, Forumda Azərbaycan Prezidentinə verilən suallar da elə bu faktorlardan qaynaqlanıb. Dövlət başçısından bölgədə gedən sülh prosesi, regional kommunikasiyaların açılması, Rusiya-Ukrayna münaqişəsi, İran ətrafında vəziyyət, Fransa müstəmləkələrinin milli oyanışında Bakının oynadığı rol, yeni qlobal nəqliyyat dəhlizlərinin formalaşmasında Azərbaycanın mövqeyi və s. mövzularda suallar ünvanlanıb və dövlət başçısı bütün bu məsələlərə rəsmi Bakının münasibətini bildirib.

Həm suallar, həm də cavablardan çıxan ortaq nəticə isə odur ki, bu gün Azərbaycan qlobal siyasətdə və iqtisadiyyatda dəyər yaradan, yeni dünya nizamının formalaşmasına töhfə verən, yardıma ehtiyacı olanların köməyinə çatan, haqqı tapdalananların yanında olan, dünyada sülhə və etimada töhfə verən nüfuzlu aktorlardan biridir.

Bu reallığı hər kəs görüb anlasa da, heç də hamı bunu etiraf və həzm edə bilmir. Məsələn, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edən kimi Avropa Şurası Parlament Assambleyası (AŞPA) ölkənin nümayəndə heyətini "insan hüquqları və demokratiya" pərdəsi altında səsvermə hüququndan məhrum edib. Prezident İlham Əliyev Şuşada bu məsələyə münasibətini də son dərəcə aydın şəkildə ifadə edib. Dövlət başçısı bildirib ki, indi Avropa Şurası Azərbaycanla korladığı münasibətləri bərpa etmək istəsə də, onlar tərəfindən bu istiqamətdə real addımlar atılmır. Bu səbəbdən Azərbaycan ümumiyyətlə Avropa Şurasından çıxmağı nəzərdən keçirir və bundan çox şey itirməyəcəyinə əmindir.

Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etməklə beynəlxalq hüququn tələblərini təkbaşına təmin edib və bölgədə sülhün bərqərar olması üçün real zəmin yaradıb. Sülhə dəstək verməli olan AŞPA, Avropa Parlamenti, ATƏT-in Minsk qrupu kimi təsisatlar isə Azərbaycana dəstək əvəzinə təzyiq göstərib. Bu gün də bölgədə Azərbaycanın müəllifi olduğu sülh gündəliyinin həyata keçirilməsi həmin dairələri ciddi narahat edir. Sülh prosesi çərçivəsində əldə edilən hər irəliləyişdən sonra "erməni kartı"nın işə salınması da təsadüfi sayılmamalıdır.

Lakin Şuşa Forumunda İlham Əliyevə verilən suallar və Prezidentin səsləndirdiyi bəyanatlar Bakının formalaşdırdığı yeni reallıqların dönməz xarakter aldığını göstərir. Bu sırada Ermənistanla gedən sülh prosesini, Azərbaycanın Çindən Avropaya qədər dünya logistika zəncirinin açar nöqtəsinə çevrilməsini, rəsmi Bakının Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli paya sahib olmasını göstərmək mümkündür. Artıq bu reallıqlarla hesablaşmamaq mümkün deyil və dünyanın siyasi mərkəzlərinin davranışları da bunu təsdiq edir. Misal olaraq özünün ən uğurlu dövrünü yaşayan ABŞ-Azərbaycan münasibətlərini, həmçinin Avropa İttifaqı rəhbərlərinin son dövrlər rəsmi Bakı ilə əlaqələri intensivləşdirmək həvəsini göstərmək olar.

Bütün bu reallıqların beynəlxalq media vasitəsilə məhz Şuşadan dünyaya çatdırılması isə yalnız rəmzi məna daşımır. Bu, həm də dünyada sülh quruculuğuna, münaqişələrin ədalətli həllinə Azərbaycanın çağırışıdır.(Report)

İlham Əliyev Slovakiya prezidentini qeyri-adi qonaqpərvərlik jesti ilə təəccübləndirib

İlham Əliyev Slovakiya prezidentini qeyri-adi qonaqpərvərlik jesti ilə təəccübləndirib

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə birgə səfər zamanı avtomobilin sükanı arxasına keçərək, qeyri-adi qonaqpərvərlik jesti ilə qonağı təəccübləndirib.

Bu barədə Slovakiya lideri "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Pelleqrini qeyd edib ki, rəsmi proqramın bu formatda davamı olduqca qeyri-adi idi, çünki ev sahibi olan dövlət başçıları, bir qayda olaraq, səfərlər zamanı avtomobili özləri idarə etmirlər.

"Prezident Əliyev və mən proqramımızın növbəti hissəsini olduqca qeyri-adi şəkildə davam etdirdik. Şübhəsiz ki, rəsmi səfər zamanı ev sahibi olan dövlət başçısının şəxsən özünün sükan arxasına keçməsi nadir hallarda baş verir", - Slovakiya Prezidenti yazıb.

O vurğulayıb ki, Azərbaycan liderinin bu qeyri-adi və xoş jestindən qəlbdən təsirlənib.

Pelleqrininin sözlərinə görə, İlham Əliyevin bu addımı iki ölkə arasındakı yaxşı münasibətlərin, onların xalqlarının dostluğunun, eləcə də ikitərəfli tərəfdaşlığın əsasında dayanan qarşılıqlı etimad və hörmətin bariz göstəricisi oldu.

"Mən bu yaddaqalan qonaqpərvərlik nümunəsinə görə Prezident Əliyevə səmimi qəlbdən təşəkkür edirəm", - Slovakiya lideri əlavə edib.

AAY DÖVLƏT AGENTLİYİNİN ZAQATALA RAYON 14 NÖMRƏLİ YOL İDARƏSİNİN YENİ RƏHBƏRLİYİ İDARƏ MAŞINLARINI LOQOLARINI NİYƏ SÖKÜB?


Zaqatala rayon 14 nömrəli yol idarəsinin rəhbərliyi dəyişildikdən sonra bu idarədə xeyli qanun pozuntuları baş verməyə başlanıb, hər halda redaksiyamıza məktub ünvanlayan belə iddia edirlər.
AAY Dövlət Agentliyi Zaqatala 14 nömrəli Yol İdarəsinin rəhbəri Süleyman Süleymanov vəzifəyə gəldiyi gündən idarənin bir çox işçilərini kütləvi olaraq işdən azad edib. Və səs yazılarında açıq-aşkar bilinir, rəhbər deyir ki, mən sizinlə işləmək istəmirəm, Vəssalam!
Lakin bu hələ başlanğıcdır, Süleyman Süleymanov işçisi, sahə rəisi Ceyhun Barxalova xüsusi tapşırıqlar verərək şəxsi mənfəəti üçün idarənin texnikasını işlədir.


Bu faktlar təsdiqini fotolarda tapır, belə ki, yol idarəsinin texnikası loqoları çıxarılmış vəziyyətdə işləyirlər, görəsən niyə?
Süleyman Süleymanovun Şans adında özəl şirkəti var, həmin şirkətlə AAY DA Zaqatala rayon 14 nömrəli yol idarəsi müqavilə bağlayır və bu müqaviləyə əsasən yol idarəsi çaylarda bənd vurmaqla məşğuldur. Altıncı bazar günlərində idarənin texnikası və fəhlələri qanunsuz olaraq şəxsi iş üçün işlədilir.

Müqavilə yoxlanılarsa açıq-aydın görünər ki, cüzi pul idarəyə ödənilməklə böyük işləri idarənin texnikası hesabına görürlər. Əsas qanunsuz işləri sahə rəisi Barxalov Ceyhun edir, hansı ki, bu günlərdə Balakən rayon Kortala kəndində 100 ton asfalt vurub. İkinci adam isə adı sənəddə fəhlə getsə də mühasib işlərini aparan Şəfəq Yunusova edir. Hansı ki, tabeldə maaşlar düzgün vurulduğu görsənsə də kartlarda tam əksi olurdu. Hər işçidən iki-üç manat kəsib öz kartına vururdu, işin üstü açılan zaman bu əməllərdən əl çəkdi, ancaq fakt faktlığında qalır.
Ş. Yunusovanın 67 yaşı olmasına baxmayaraq nədənsə bu adamı təqaüdə göndərmirlər.
Üçüncü adam isə kadrlar şöbəsinin müdiri Mirvari İskəndərovadır, hansı ki, səhhətində ciddi problemi olan oğlunu idarəyə fəhlə kimi işə düzəldib. İddiaya görə onun oğlu ürək xəstəsidir. Oğlu Rəcəbli Fərid işə gəlir ancaq fəhlə işləmir çünki səhhəti buna yol vermir.
Sahə rəisi Barxalov Ceyhun qıssa müddət idarə müdirini əvəz edən vaxtı öz oğlunu bir neçə aylıq işə düzəltdi, sonra şikayət olundu ki, oğlunun adıyla kart saxlanılır dərhal oğlunu işdən azad edib.
Sonra Hidayət Əminov və Ömər Hüseynov çilingər ştatında olsalar da biri çayxana işlədir, digəri də onun kimi, təkcə öz işlərilə məşğul olmurlar. Bu idarənin ləğv olunması söhbəti çıxan gündən idarənin bütün texnikası gecə-gündüz şəxsi işlərə gedirlər, çünki loqo yoxdur deyə heç kim bu işdən şübhələnmir.

AAY DA-nin Zaqatala rayon 14- nömrəli Yol İdarəsinin müdiri Süleyman Süleymanovun bir illik fəaliyyəti tam ciddi yoxlanılarsa cinayət faktları çox aşkar olar. Bu rəhbər nə qaziyə, nə körpəsi olan gənc anaya, nə uzun illər idarədə can qoymuş ağsaqqala, ağbirçəyə baxmır, kəsdiyi başa sorğu-sual yoxdur.
Süleyman Süleymanovun hazırda bütün çirkli işlərini zavod rəisi Samir Ramazanovla etdiyi iddia olunur. Onunla birgə edilən qanunsuz əməllərlə bağlı faktları yaxın günlərdə redaksiyaya göndərəcəklər.
Mövzunun aktuallığını nəzərə alaraq yeni məqalədə digər işləri də qeyd edəcəyik.(Adekvat.az)

“Hollywood”da Vəfa Şərifovaya görə əlavə ödəniş müştəriləri qəzəbləndirdi



“Hollywood” restoranlar şəbəkəsi ilə bağlı şikayətlər artıb.

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkələrdə bəzi müştərilər hesablarda səhvlik olduğunu, sifariş etmədikləri yeməklərin də qəbzə əlavə edildiyini iddia edirlər.

Belə şikayətlərin birində restoranın Novxanı filialında müğənni Vəfa Şərifovanın çıxışına görə əlavə 47 manat ödəniş tələb olunduğu iddiası yer alıb. Marqarita pizza

Qonaqların bir qismi bu əlavə ödənişdən əvvəlcədən məlumatlı olsa da, bir çoxu vəziyyətdən bixəbər olduqlarını və bu halın onlarda narahatlıq yaratdığını qeyd edib.

“Hollywood” restoranlar şəbəkəsindən “Yeni Sabah”a verilən məlumata görə, həftəsonları müştəri sıxlığına görə bəzi texniki nöqsanlar yaşana bilər:

“Lakin belə hallar dərhal aradan qaldırılır”.

Adının çəkilməsini istəməyən restoran meneceri şou-proqram və müğənni çıxışı olan günlərdə hər müştəridən əlavə 47 manat ödəniş tələb olunduğunu təsdiqləyib.

“Yeni Sabah”

Xəbər lenti

Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
17:09
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
15:58
Bakıxanovda "Möcüzəvi Epidemiya"- Eyni anda quruyan ağaclar və daş hasarlar -VİDEO
15:25
“Buta Farm” dərmanları rütubətli yerdə saxlayırmış — RƏSMİ
15:01
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
13:07
ABŞ Zəngəzur dəhlizini icarəyə götürür
12:43
Rəqabətsiz bazarda bahalı reklam - AZAL nəyi və kimə reklam edir?
11:54
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
11:16
115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!! -TƏFSİLAT
10:40
Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi
09:57
Beyləqanda pambıq "pripiska"sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…
09:37
"Caspian Global Auto"dan şikayət - "Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb"
17:41
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
17:23
14 il şiddət görən qadının əri saxlanıldı
16:46
Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?
15:55
DÇ finalının fasiləsi uzadılacaq
15:00
Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa…
13:05
Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir: “Eyni xəstəyə fərqli rəylər verilir”
12:23