İnsan həyatı ilə oyun: Azadxanovun ümidinə qalan qeyri - təcili yardım


Hər saniyənin bir insan ömrünə bərabər olduğu o dəhşətli məqamda qulağımız səsdə olur.

Küçədən gələn o kəskin, ümidverici siqnal səsini gözləyirik. Çünki o səs ölümün caynağından qoparılacaq bir canın, yenidən həyata dönəcək bir ananın, atanın, övladın xilası deməkdir. Amma Sumqayıtda bu səs getdikcə daha çox ümidsizliyin, çarəsizliyin və fəlakətin simvoluna çevrilir. Çünki şəhərin təcili tibbi yardım sistemi bu gün sözün əsl mənasında iflic durumdadır. İnsan həyatının üzərində oyun oynanılması, saniyələrin bürokratik laqeydliyə qurban verildiyi bir mənzərə ilə üz-üzəyik. Bu mənzərə sadəcə texniki bir nasazlıq deyil, bu, birbaşa insan faktoruna, vətəndaşın yaşamaq hüququna qarşı göstərilən ən böyük biganəlikdir.

Bu qızmar yay günlərində, temperaturun kölgədə belə dözülməz həddə çatdığı bir vaxtda Sumqayıt küçələrində hərəkət edən o ağ rəngli maşınlar əslində birər "təkərli cəhənnəm"ə çevrilib. Təsəvvür edin, insult keçirən, infarktın biraddımlığında olan və ya qızdırmadan qovrulan bir xəstəni çağırışa gələn, amma içində kondisioneri işləməyən, havasızlıqdan nəfəs almağın belə möcüzə olduğu bir avtomobilə mindirirlər. Ağır vəziyyətdə olan bir insanı xilas etməli olan tibbi nəqliyyat, onu xəstəxanaya çatdırmamış vəziyyətini daha da pisləşdirir. Yay fəslinin bu amansız istisində kondisionersiz işləyən təcili yardım maşını tibbi xidmət yox, işgəncə alətidir. Bu rəzalətin baiskarları heç bir anlıq öz doğmalarını o bürkülü, havasız dəmir qutuların içində təsəvvür edirlərmi?

Məsələ təkcə kondisionerin işləməməsi ilə də bitmir; problem kökündən çürüyüb. Təcili yardımın avtomobil parkı yararsız, texniki baxımdan tamamilə bərbad vəziyyətdədir. Şəhərin bir ucundan digər ucuna can qurtarmağa tələsməli olan maşınlar hər an yolda qala biləcək qədər köhnə və baxımsızdır. Və ən dəhşətlisi, ən rüsvayçı məqam bilirsiniz nədir? Bu texniki nasazlıqların, təmir xərclərinin dövlət büdcəsindən, aidiyyəti qurumların ayırdığı vəsaitlərdən deyil, gecə-gündüz sükan arxasında can qoyan sürücülərin öz cibləri hesabına ödənilməsidir. Sürücü dövlətin maşınını işlətmək, çağırışa vaxtında çatmaq üçün öz evinin ruzisini, uşağının boğazından kəsdiyi pulu o nasaz avtomobillərin təmirinə xərcləməlidir. Bu hansı sistemin, hansı idarəetmənin məntiqidir? Təminatın sıfır dərəcəyə endiyi, məsuliyyətin isə tamamilə fəhlənin, sürücünün çiyninə yıxıldığı bir yerdə hansı keyfiyyətli tibbi yardımdan danışmaq olar? Sürücü maşının xarab olan hissəsini haradan və necə düzəldəcəyini düşünməlidir, yoxsa xəstəni vaxtında çatdırmağı? Bu, açıq-aşkar sistem daxili bir talançılığın və ya dözülməz bir bacarıqsızlığın göstəricisidir.

İndi haqlı bir sual ortaya çıxır: Bu sahəyə cavabdeh olanlar, bu sistemin başında oturanlar hara baxır? Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov hara baxır? Bu qədər şikayətin, bu qədər fəryadın müqabilində susmaq, heç bir tədbir görməmək nə deməkdir? Rəhbərlik etdiyiniz sahədə sürücülər öz cibinin vəsaiti ilə maşın təmir etdirirsə, xəstələr istidən boğulursa, çağırışlar saatlarla gecikirsə, siz o kürsüdə hansı haqla, hansı vicdanla əyləşirsiniz? İnsan faktoru olan, birbaşa canla, qanla işləyən bir sahəyə bu qədər soyuqqanlı, bu qədər biganə yanaşmaq sadəcə vəzifə səhlənkarlığı deyil, bu həm də mənəvi məsuliyyətsizlikdir. Hər bir gecikən çağırış, hər bir yolda qalan təcili yardım maşını itirilən bir şans, sönən bir həyat deməkdir. Sumqayıt kimi böyük və sənaye şəhərində səhiyyənin bu strateji qolunu bu günə salmaq, vətəndaşı taleyin ümidinə buraxmaq deməkdir.

Vətəndaşın vergisi ilə formalaşan büdcənin, səhiyyə islahatlarının, icbari tibbi sığortanın pafoslu hesabatlarının fonunda Sumqayıt təcili yardımının bu acınacaqlı vəziyyəti acı bir reallıq kimi üzümüzə çırpılır. Kağız üzərində hər şey gözəl, hesabatlarda rəqəmlər heyranedici ola bilər, amma reallıq Sumqayıtın küçələrində yolda qalan, kondisioneri işləməyən, sürücüsünün dilənçi kökündə təmir etdirdiyi o ağ rəngli maşınlardadır. Bu biganəliyə artıq son qoyulmalıdır. Səhiyyə rəhbərliyi və şəxsən Elnur Azadxanov bu rüsvayçılığa aydınlıq gətirməli, sürücülərin haqlı narazılığı, maşınların texniki durumu və ən əsası xəstələrin can təhlükəsizliyi təcili olaraq həllini tapmalıdır. Çünki heç kimin laqeydliyi, heç bir məmurun biganəliyi bir insanın həyatından daha dəyərli deyil və ola da bilməz.

Əli Səfərli,

NOCOMMENT.az

Həkim yazır - görün Azərbaycan səhiyyəsi nə gündədir!


"Özüm həkim olduğum üçün dövlətin tibbi sığortasından heç vaxt nə özüm nə ailə üzvlərim üçün indiyədək istifadə etməmişdim. Amma, gün gəldi o bəla xətləlik bizim evdə də peyda oldu. (
Yenə də sığortasız ölkənin ən bahalı və ən qalmaqallı özəl xəstəxanasına müraciət etdik, o sahə üzrə ən tanınmış uzman həkimə görə! İlk əməliyyatın xərcini çəkə bildik, ikinci əməliyyat 13-15 min manat dəyərində olduğu üçün dövlət xəstəxanasına üz tutmalı olduq, 3-4 dəfə ucuz xərclə əməliyyatı həll etdik. Əlbəttə burda əlin cibində olmasa gülər üzlü personal görməzsən!
Kino burdan sonra başlayır, üz tutursan tibbi sığorta ilə müayinələrdən keçməyə!
Mərkəzi neftçilər xəstəxanasında filan müayinəyə yanvar ayına qədər növbədir, KT müayinəsi 100 manatlıq işi 18 manata görür amma müayinənin diskini vermir, deyir “arxada Kamil marketdən disk al gətir” )) 1 manatlıq diskə görə 2-3 gün get-gələ düşürsən.
Nizami tibb mərkəzində “ müayinəni Almaniyadakı həkimə göndəririk, cavabı o yazır” deyəndə sevinirsən, amma cavabı götürəndə məlum olur ki, orqanların bəzisinə baxmayıb, hətta əməliyyatla çıxarılan orqanı da “görüb”, “ divarları qalınlaşmayıb “ yazıb. Soruşanda da cavab olur ki “ sistem xətasıdır” . Əlbəttə kompyuter sisteminin yox, siyasi sistemin xətasıdır!
Poliklinikada isə məlum olur ki, həkim heç bir sənədi elektron sistemdə görə bilmir, qayıdırsan başdan ayağa keçdiyin bütün müayinələrin kağızlarını toplayıb poliklinikaya daşımağa. Hətta dünən MRT-dən keçdiyin orqanın bu gün də KT dən keçməli olduğunu deyirlər!
Mən həkim olduğum üçün bu labirintlərdən, tələlərdən birtəhər keçə bilirəm. İndi həkim olmayanların zülmündən, yolaverdi və yarımçıq müalicəsindən kim yazsın?"
Elnur Yusubov.

Gəncə Dövlət Universitetiində qalmaqallar səngimir...


Gəncə Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti adından Azərbaycan Respublikasının Maliyyə Naziri Sahil Babayevə və Elm və Təhsil Naziri Emin Əmrullayevə ünvanlandığı bildirilən müraciətdə ali təhsil müəssisəsində baş verdiyi iddia olunan qanunsuzluqlar, maliyyə pozuntuları və kadr siyasəti ilə bağlı narahatlıqlar ifadə olunub.
Müraciət müəllifləri universitetdə idarəetmə, qəbul planlarının müəyyənləşdirilməsi, kadr təyinatları və maliyyə məsələləri ilə bağlı bir sıra ciddi iddialar irəli sürərək, aidiyyəti dövlət qurumlarından obyektiv araşdırma aparılmasını xahiş ediblər.
Müraciətdə iddia olunur ki, qəbul planlarının hazırlanması və dəyişdirilməsi zamanı şəffaflıq təmin edilməyib, bəzi ixtisaslar üzrə planlar obyektiv meyarlara deyil, ayrı-ayrı şəxslərin maraqlarına uyğun artırılıb. Həmçinin bəzi fakültə rəhbərlərinin tutduqları vəzifələrə uyğun ixtisasa malik olmadıqları, akkreditasiya zamanı iradlara baxmayaraq vəzifələrində saxlanıldıqları qeyd edilir.
Müraciətdə universitet rəhbərliyinin kadr siyasəti ilə bağlı da narazılıqlar ifadə olunub. Müəlliflərin sözlərinə görə, rəhbər vəzifələrə təyinatlar qanunvericiliyin tələblərinə uyğun aparılmayıb və bəzi təyinatlar mübahisə doğurur.
Professor-müəllim heyəti maliyyə məsələlərinə də toxunaraq bildirir ki, müəllimlər uzun müddətdir əməkhaqlarının artırılmamasından, məzuniyyət ödənişlərinin gecikdirilməsindən və stimullaşdırıcı əlavələrin qeyri-bərabər bölüşdürülməsindən narazıdırlar. Müraciətdə universitetin maliyyə fəaliyyətinin hərtərəfli audit olunması və dövlət vəsaitlərinin istifadəsinin qanunauyğunluğunun yoxlanılması xahiş edilir.
Müraciət müəllifləri həmçinin universitetin nəzdində fəaliyyət göstərən Regional Kollecdə də korrupsiya xarakterli pozuntuların olduğu barədə iddialar səsləndirərək, bu məsələlərin də araşdırılmasının vacibliyini vurğulayırlar.
Sənədin sonunda professor-müəllim heyəti Maliyyə Nazirliyi və Elm və Təhsil Nazirliyindən müraciətdə göstərilən bütün iddiaların obyektiv, hərtərəfli və qanunvericiliyin tələblərinə uyğun araşdırılmasını, qanun pozuntuları təsdiqini tapacağı halda məsul şəxslər barəsində müvafiq tədbirlərin görülməsini xahiş edir.
Qeyd: Bu yazıda yer alan məlumatlar redaksiyaya daxil olmuş müraciətdə əks olunan iddialara əsaslanır. Həmin iddiaların doğruluğu rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Mövzu ilə bağlı adı çəkilən şəxslərin və Gəncə Dövlət Universitetinin mövqeyini dərc etməyə hazırıq.

Gundemxeber.com

Rövşən Nəcəf SOCAR-ı "SÖKÜR" - Dəniz özülləri və neft boruları qanunsuz sökülür - VİDEOLAR


SOCAR-ın Abşeronneft Neft və Qazçıxarma İdarəsinin İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət-ölçü cihazları sahəsinin rəisi Gözəlov Xanhüseyn Tahir oğlu şirkətin prezidenti Rövşən Nəcəfə müraciət edib.

Bizimesr.com bildirir ki, müraciətdə SOCAR-a məxsus dəniz özüllərinin və boru xətlərinin qanunsuz şəkildə sökülərək satıldığı, bu proses zamanı Xəzər dənizinin ekoloji vəziyyətinə zərər vurulduğu deyilir.

“Azneft” İstehsalat Birliyi və Abşeronneft NQÇİ-də bəzi vəzifəli şəxslər tərəfindən dövlətə məxsus avadanlıqların, o cümlədən dəniz özülləri və boruların təhlükəli şəraitdə kəsilərək çıxarıldığını müşahidə edib.

Sökülmə işləri zamanı ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə əməl olunmur və bu hallar Xəzər dənizinin çirklənməsinə səbəb olur. O, Dübəndi və Şüvəlan sahillərində qeydə alınan neft ləkələrinin də bu proseslərlə bağlı ola biləcəyini qeyd edib.

“250 saylı Stasionar Dəniz Özülü sökülüb”

250 saylı Stasionar Dəniz Özülünün sökülməsi və 11 saylı estakadada yerləşən 8 düymlük istismara yararlı neft xəttinin kəsilməsi ilə bağlı videogörüntülər mövcuddur. Onun sözlərinə görə, 250 saylı SDÖ-nün sökülməsi 2026-cı ilin yanvar-fevral aylarında, boru xətlərinin sökülməsi isə iyul ayında həyata keçirilib. İstismara yararlı olan dövlətə məxsus boruların sənədləşmə və icazə məsələləri araşdırılmadan kəsilərək ərazidən çıxarılması ilə bağlı tədbir görülməlidir.

“Müraciətlərimdən sonra mənə töhmət verildi”

Xanhüseyn Gözəlov həmçinin SOCAR rəhbərliyinə və digər dövlət qurumlarına idarədə qohumbazlıq, korrupsiya və digər pozuntularla bağlı məlumat verdiyini bildirib. O iddia edir ki, müraciətlərindən sonra ona qarşı təzyiqlər başlayıb və sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Müraciətdə qeyd olunur ki, idarə rəhbərliyinə yaxın bir əməkdaş tərəfindən onun barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

“Araşdırılmadan bağlanır”

Gözəlov SOCAR rəhbərliyinə ünvanladığı müraciətdə bildirib ki, idarədə mövcud olduğunu iddia etdiyi problemlərlə bağlı dəfələrlə müraciət etsə də, nəticə əldə olunmayıb. O, bəzi müraciətlərin SOCAR prezidentinin müşaviri Zaur Qəhrəmanov tərəfindən araşdırılmadan bağlandığını iddia edib.

Sahə rəisi SOCAR rəhbərliyindən dövlət əmlakının qorunması, Xəzər dənizinin çirklənməsinin qarşısının alınması, eləcə də müraciət etdiyi üçün ona qarşı göstərildiyini bildirdiyi təzyiqlərin araşdırılmasını xahiş edib.

Qeyd olunan faktlarla bağlı SOCAR rəhbərliyi narahat deyil.

Bizimesr.com

VİDEOLAR LİNKDƏ: https://www.bizimesr.com/az/post/rovsen-necef-socar-i-sokur---deniz-ozulleri-ve-neft-borulari-qanunsuz-sokulur----videolar-22750

Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31