Peşə Təhsili Agentliyi ilə bağlı skandal: Şəxsi münasibətlərlə təyinat aparılıb? - İDDİA


Son illər Azərbaycanda müxtəlif dövlət qurumlarında çalışan bəzi vəzifəli şəxslərin fəaliyyəti ilə bağlı ortaya çıxan hallar həm dövlətə, həm də cəmiyyətə ciddi zərər vurub. Bir çox sahədə yol verilən nöqsanların operativ müdaxilə ilə aradan qaldırılması mümkün olsa da, təhsil sistemi belə səhvləri bağışlamır. Çünki bu sahədə qəbul edilən yanlış qərarlar və yol verilən qanun pozuntuları uzunmüddətli nəticələr doğurur, gələcək nəsillərin taleyinə birbaşa təsir göstərir.

Analoji vəziyyət Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Peşə Təhsil Mərkəzi ilə Abşeron Binə Peşə Liseyində də yaşanır.

Liseyin direktoru Fizuli Talıbovun sözlərinə görə, hər iki təhsil müəssisəsində tədris və təlim işləri üzrə direktor müavini vəzifəsində çalışan Lalə Əhmədova əvvəllər Ağsu rayonunun Növcü kənd tam orta məktəbində coğrafiya müəllimi işləyib. O, 2024-cü il yanvarın 15-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun əmri ilə işdən çıxarılıb. Lakin iddiaya görə, cəmi bir ay sonra yenidən həmin məktəbdə fəaliyyətini davam etdirib.

Sonradan Lalə Əhmədova Sumqayıt Peşə Təhsil Məktəbinə tərbiyə işləri üzrə direktor müavini təyin olunub. Bu təyinat Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri İlqar Bayramlı agentliyə rəhbər təyin edildikdən sonra baş verib. Sumqayıtdakı peşə məktəbində işlədiyi dövrdə Lalə Əhmədova ümumtəhsil peşə ixtisası üzrə imtahanda iştirak edib. Daha sonra isə direktorun iddiasına görə, Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Peşə Təhsil Mərkəzinə tədris işləri üzrə direktor müavini təyin edilib.


Direktor bildirir ki, Lalə Əhmədovanın təhsili həmin vəzifənin tələblərinə uyğun deyil. Onun sözlərinə görə, coğrafiya müəllimi ixtisasına malik şəxsin peşə təhsil müəssisəsində tədris işləri üzrə direktor müavini vəzifəsində saxlanılması ilə yanaşı, mərkəzin əməkdaşlarını müxtəlif vasitələrlə təhdid etməsi kollektivdə ciddi narahatlıq yaradıb.

Şikayətçi iddia edir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili ilə əlaqəsi olmayan, lakin Ağsu rayonundan şəxsi tanışlığı olan şəxsləri peşə liseylərinə rəhbər vəzifələrə təyin etməklə bu sahəyə zərbə vurur.

İddialara görə, iyulun 9-da Salyan Peşə Liseyinə direktor təyin olunan Arzu Əliyevanın kollektivə təqdimatı zamanı Agentliyin direktoru İlqar Bayramlı, direktor müavini Simnar Məmmədov, İnsan resursları və hüquq sektoru müdiri Murad Məmmədov, eləcə də sektorun daha bir xanım əməkdaşı şəxsən iştirak edib. Bildirilir ki, bu günədək hər hansı direktorun təqdimatı üçün Agentlik rəhbərliyinin bu tərkibdə liseyə getməsi halına rast gəlinməyib və bu fakt təhsil ictimaiyyətində birmənalı qarşılanmayıb.

Direktorun sözlərinə görə, İlqar Bayramlı Ağsu rayonunda "Azqranata" MMC-də çalışdığı dövrdə tanış olduğu insanları sonradan peşə təhsil müəssisələrində rəhbər vəzifələrə təyin etdirməklə də təhsil camiəsində müzakirə mövzusuna çevrilib. İddia olunur ki, Lalə Əhmədova da həmin şəxslərdən biri olub və əvvəlcə direktor müavini vəzifəsinə təyin edilib.

Direktor bildirir ki, Lalə Əhmədova 2026-cı ilin fevral ayından etibarən təhsil mərkəzinin bütün əməkdaşlarını rüşvət almaqda ittiham etməyə başlayıb. Bundan sonra direktor əməkdaşların iştirakı ilə iclas keçirib. Onun sözlərinə görə, iclas zamanı Lalə Əhmədova səsləndirdiyi fikirlərin rüşvətlə bağlı olmadığını bildirib, kollektivdən üzr istəmək əvəzinə isə mövqeyində israr edib. F.Talıbov məsələ ilə bağlı 2026-cı il iyunun 9-da Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyinə təqdimat göndərib. Lakin, onun iddiasına görə, təqdimatdan təxminən iki ay keçməsinə baxmayaraq, məsələ ilə bağlı hər hansı araşdırma aparılmayıb.

Direktor bildirir ki, 2019-cu ildən Lökbatandakı 7 nömrəli və Qızıldaş qəsəbəsində yerləşən 8 nömrəli peşə liseylərinə rəhbərlik edib. 2021-ci ildə Abşeron Binə Peşə Təhsil Liseyinin rəhbərliyi də ona həvalə olunduqdan sonra əvvəlki iki vəzifəsindən istefa verib.

Onun sözlərinə görə, Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Peşə Təhsil Mərkəzinə direktor təyin olunduqdan sonra mərkəzdə yol verilən özbaşınalıq və korrupsiya halları ilə bağlı tədbirlər görərək həmin əməllərdə iştirak edən əməkdaşları işdən azad edib. Bundan başqa, təhsil mərkəzinə məxsus 24 hektar torpaq sahəsinin mənimsənilməsi ilə bağlı məhkəməyə müraciət edib. Təhsil müəssisəsinin hüquqlarının müdafiəsi məqsədilə qaldırılan məhkəmə prosesi hazırda da davam edir.

Direktor həmçinin bildirir ki, əvvəllər mövcud olmayan avtodromu şəxsi vəsaiti hesabına yaradıb. Onun sözlərinə görə, mərkəzdə formalaşmış peşəkar kollektiv və iş mühiti də uzun illər ərzində qurduğu əməkdaşlıqların nəticəsidir. O hesab edir ki, görülən bütün bu işlər Agentlik rəhbərinin şəxsi münasibətlər əsasında vəzifəyə gətirdiyi şəxslərin fəaliyyəti nəticəsində kölgədə qalır.

Direktorun sözlərinə görə, ona qarşı qanunsuzluqlar bununla bitmir. O bildirir ki, 2026-cı ilin aprel ayında yeni əmək müqaviləsi ilə bağlı bildiriş göndərilib. Daha sonra Agentliyin İnsan resursları şöbəsinin əməkdaşı telefonla əlaqə saxlayaraq müqaviləni imzalamasının zəruri olduğunu bildirib.

Direktor qeyd edir ki, ona yaşının 67 olması əsas gətirilərək əvvəlki müddətsiz əmək müqaviləsinin müddətli müqavilə ilə əvəz olunacağı və hər il yenilənəcəyi izah edilib. O da bu məlumata inanaraq sənədi imzalayıb. Lakin sonradan müqavilə ilə tanış olarkən görüb ki, sənəd cəmi bir aylıq müddətə bağlanıb: "İyulun 27-də əmr verib məni 2 həftəlik məzuniyyətə çıxarıblar. Yerimə isə Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Peşə Məktəbində direktor əvəzi, Abşeronun dorektor müavini Nizami Rüstəmov əvəzedici kimi təyin ediblər. Bu gün köhnə tarixlə əmr verərək məni 27-dən məzuniyyətə çıxarıb, əvəzimə Lalə Əhmədovanı təyin ediblər. Əmrdə yazılır ki, mən 10 avqust tarixində işə başlamalıyam. Bu gün isə yenidən əmr verərək mənim işimə avqustun 4-dən xitam veriblər. Başqa bir əms isə aprel ayında verilib. Bildirilib ki, mayın 25-də mənim müqaviləmə xitam veriləcək. İyunun 2-də mənə zəng edib müqaviləni dəyişiblər. Bildiriblər ki, 1 il olmaqla müqavilə imzalanacaq. Bu qədər başlarını itiriblər. Hamısı da Lalə Əhmədovaya görə".

F.Talıbovun sözlərinə görə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı şəxsi münasibətləri əsasında vəzifəyə gətirdiyi Lalə Əhmədova vasitəsilə onun işgüzar nüfuzuna zərbə vurmağa çalışır. Onun sözlərinə görə, Lalə Əhmədova yaxın vaxtlarda təhsil mərkəzinə direktor təyin ediləcəyi ilə bağlı şayiələr yayır, eyni zamanda bir sıra əməkdaşları işdən çıxaracağı ilə bağlı hədələyir.

Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Peşə Təhsil Mərkəzi və Abşeron Binə Peşə Liseyinin direktoru baş verənlərlə bağlı Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevə də məktub ünvanladığını bildirib. Onun sözlərinə görə, iyulun 17-də göndərilən müraciətə indiyədək cavab verilməyib.

Yazıda qeyd edilənlərlə bağlı L.Əhmədova ilə əlaqə saxladıq. Lakin açıqlama verməkdən imtina etdi. Peşə Təhsili üzrə Dövlət Agentliyinə də sorğu veriləcək, cavab təqdim ediləcəyi təqdirdə dərc olunacaq.

AFN.az

Masallıda məmur özbaşınalığı: Yol olan ərazi necə özəl mülkiyyətə çevrildi?


Masallı rayonunda baş verənlər artıq sadəcə bir məmur özbaşınalığı deyil, dövlətin qanunlarına, vətəndaşın haqqına və açıq-aşkar ədalətə qarşı edilən bir hörmətsizlikdir. Rayon Əmlak Komitəsinin "Soltan” adında bir əməkdaşı var. Görünür, bu şəxs özünü Masallıda sözün əsl mənasında "sultan" zənn edir; istədiyi torpağı istədiyi adama satır, sənədlərlə manipulyasiya edir və dövlətin qanunlarını öz şəxsi maraqlarına qurban verir.

Lürən kənd sakini Əbilov Mahirin başına gələnlər bu saxtakarlıq maşınının necə işlədiyini bütün çılpaxlığı ilə ortaya qoyur. Vətəndaşın mülkiyyətində olan, yolun baş hissəsində yerləşən torpaq sahəsi qanunsuz yolla sənədləşdirilib satılıb. Ən gülünc və ikrahdoğuran məqam isə budur:
Masallı Rayon İcra Hakimiyyəti və bələdiyyə əvvəlcə rəsmən bildirir ki, "bura yoldur".
Amma cəmi 10 gün keçir, eyni qurumlar Soltan bəylə əlbir olub vətəndaşın üzünə dururlar ki, "yox, bu yol başqa vətəndaşındır".
İndi sual olunur: 10 gün ərzində xəritə dəyişdi, yoxsa qanun?
Əlbəttə ki, heç biri. Dəyişən sadəcə Soltan bəyin saxta sənəd oyunlarıdır. Sənədlərlə bu cür oyun oynamaq, dövlətin möhrünü və kağızını öz şəxsi alverinə alət etmək hansı məsulliyyətə sığır?

Bir jurnalist olaraq bu məsələni yerində araşdırmaq üçün Soltan bəyin yanına getdik. Qarşımıza çıxarılan mənzərə isə biabırçılığın son həddi idi:
Soltan bəy bizə hələ çap aparatının istiliyi üstündə olan, qatı belə açılmamış təzə bir texpasport göstərir. Buradan açıq və kəskin sual veririk:
Soltan bəy, vətəndaşın texpasportunun sizin masanızda, sizin əlinizdə nə işi var?
Biz Əmlak Komitəsinin Baş İdarəsinə müraciət etdik və oradan rəsmən bildirildi ki, həmin ərazi yoldur!
Yaxşı, Baş İdarənin "yol" dediyi yeri Soltan bəy özünəmexsus hansı "qaranlıq variantlarla" sənədləşdirib sata bilib?
Əgər Baş İdarə öz adından çıxarılan bu saxta sənədlərlə bir az maraqlansaydı, bu məsələ çoxdan həllini tapmışdı.
Amma suallar bununla bitmir.
Bu böyüklükdə korrupsiya mexanizminə, göz qabağında olan bu saxtakarlığa Masallı Rayon Prokurorluğu niyə göz yumur?
Məmur özbaşınalığı və rüşvət iddiaları bu qədər qabarıq olduğu halda, hüquq-mühafizə orqanları niyə susur? Bu sükutun arxasında ne durur?
Gələk vətəndaşların haqlı iddialarına və hamının bildiyi, amma ucadan deməyə çəkindiyi həqiqətlərə. Deyilənə görə, Soltan bəyin öz adına, qohum-əqrəbasının adına saysız-hesabsız mal-mülk, mülkiyyət var.
Hətta Masallıda hamının "Sultanın bazarı" kimi tanıdığı böyük bir bazarın da ona məxsus olduğu bildirilir.
Dövlətin sıravi bir əmlak komitəsi əməkdaşının aldığı maaş bəllidir. Bəs soruşuruq: Bu nəhəng mülklərin, bazarların maliyyə mənbəyi nədir?
Sultan bəy bu sərvəti hansı qanuni qazancla əldə edib? Bu sualın cavabını aidiyyəti qurumlar dərindən araşdırmalıdır.

Ölkə Başçısı, Ali Baş Komandan İlham Əliyev hər çıxışında məmur özbaşınalığına, korrupsiyaya qarşı amansız mübarizə aparılmasını tələb edir, vətəndaşların incidilməməsini tapşırır.
Sultan bəy kəsimində olan məmurlar isə nəinki bu siyasətə zidd gedir, açıq-aşkar insanları dövlətdən və hakimiyyətdən narazı salmaqla məşğuldurlar.
Sual olunur:
Sultan bəyin Masallı sakinlərini bu həddə çatdırmaqda, süni narazılıq yaratmaqda məqsədi nədir? Bu hansı cəsarətdir?

Təbii ki, bütün bu iddialar və saxtakarlıq faktları məhkəmə müstəvisində qaldırılacaq. Lakin biz də media mənsubu olaraq oturub gözləmədik.
Bütün bu faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəsmi məktub ünvanlamışıq.

Bu özbaşınalıq, torpaq alveri və sənəd saxtakarlığı cəzasız qala bilməz. Əmlak Komitəsini öz şəxsi mülkünə çevirən Soltan bəyin əməllərinə ən yüksək səviyyədə hüquqi qiymət verilməli, bu qanunsuzluqlara son qoyulmalıdır!
Sima Babayeva

​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!


Şəki rayonu Kiçik Dəhnə kəndi 1 nömrəli tam orta məktəbində 20 aydır ocaqçı vəzifəsində çalışan Vəliyev Oğuz Ramazan oğlu məktəb rəhbərliyi və regional təhsil sektorunun özbaşınalığından şikayətçidir.

Tehsilmedia.com qeyd edir ki, özünün ixtisaslı qazanxana operatoru olduğunu, eyni zamanda santexnik və elektrik işlərini də gördüyünü bildirən Oğuz Vəliyev qış mövsümündə gecə-gündüz demədən işləməsinə baxmayaraq, daimi təzyiq və haqsızlıqla qarşılaşdığını deyir. Məşğulluq Agentliyinin göndərişi ilə işə qəbul olunan ocaqçının sözlərinə görə, məktəb direktoru Rüstəmov Tural Adil oğlunun və işinin öhdəsindən gələ bilməyən təhsil sektoru əməkdaşlarının əsas məqsədi onu bezdirərək öz ərizəsi ilə işdən çıxarmaqdır.

Məzuniyyət pulu mənimsənilib, öz hesabına məzuniyyət yazılıb

Oğuz Vəliyev bildirir ki, 2024-2025-ci tədris ilində 21 gün məzuniyyət hüququ olduğu halda vaxtında məzuniyyətə buraxılmayıb və təzminatını ala bilməyib:

"İşim yarımştat daimi və yarımştat mövsümi xarakter daşıyır. Qışda mövsümlə əlaqədar 10 günlük məzuniyyətə çıxmamalıyam, lakin bunun təzminatı ödənilməli idi. Mənə esa qış məzuniyyət pulum ödənilmədi. Məktəb direktoru Tural Rüstəmovun işbilməzliyi və qərəzi ucbatından 21 gün əvəzinə 27 gün məzuniyyət rəsmiləşdirilib və bunun 6 günü mənim xəbərim olmadan şəxsi hesabıma (öz hesabına) yazılıb. Nəticədə 10 günlük işimə cəmi 11 manat 12 qəpik maaş yazılıb."

Təhsil sektorundan gülünc cavab: "Günün 4 saatı işlə, 4 saatı məzuniyyətdə ol"

Haqsızlıqla bağlı Şəki-Zaqatala Regional Təhsil Sektoruna müraciət edən ocaqçı orada da analoji münasibətlə rastlaşıb. Təhsil sektorunda məzuniyyətlə bağlı ona: "Qış vaxtı olduğu üçün günün 4 saatını işləməlisən, 4 saatı isə məzuniyyətdə hesab olunacaqsan" kimi absürd və gülünc cavab verilib.

Maaşlar gecikdirilir, narazılıq edən işdən qovulmaqla hədələnir

Şikayətçi həmçinin maaşların mütəmadi olaraq gecikdirildiyini də vurğulayıb. Məktəbin keçmiş mühasibi Arzu xanım tərəfindən 2024-cü ilin dekabr ayında maaş 5 gün gecikdirilib, 2025-ci ilin fevral ayının maaşı isə ümumiyyətlə verilməyərək yalnız mart ayında martın maaşı ilə birgə ödənilib.
Yayda 208 manat, qış rejimində isə 416 manat maaş aldığını deyən Oğuz Vəliyev hər ay zəhmət haqqını dava-dalaşla aldığını bildirir. Bütün bu haqsızlıqlara qarşı öz haqlı narazılığını bildirəndə isə məktəb direktoru Tural Rüstəmov tərəfindən birbaşa işdən qovulmaqla hədələnir.

İxtisaslı işçi aidiyyəti qurumlardan Şəki rayonu Kiçik Dəhnə kəndi 1 nömrəli tam orta məktəbindəki bu özbaşınalığın araşdırılmasını və pozulmuş əmək hüquqlarının bərpa olunmasını tələb edir.

Tehsilmedia.com

Xətaidə daha bir mübahisəli TİKİNTİ: Nəsrəddin Tusi küçəsində nə baş verir? - VİDEO



Bakının Xətai rayonu son illər qanunsuz tikinti iddiaları ilə tez-tez gündəmə gəlir. İndi isə oxşar narahatlıq Nəsrəddin Tusi küçəsində yaradılmış yeni tikinti meydançası ilə bağlı yaranıb. Əldə olunan məlumata görə, burada dəmir konstruksiyadan ibarət kommersiya təyinatlı obyektin inşası sürətlə davam etdirilir..

Sakinlər haqlı olaraq soruşurlar: bu tikintinin sifarişçisi kimdir, layihəyə hansı dövlət qurumu icazə verib və tikinti qanunvericiliyin tələblərinə uyğundurmu?

İddialara görə, obyektin inşasında Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəis müavini vəzifəsində çalışan İntiqam Cümşüdovun adının hallandığı bildirilir. Xətai Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində də İntiqam Cümşüdovun həmin vəzifədə çalışdığı göstərilir.

Lakin bu mərhələdə vurğulamaq vacibdir ki, İntiqam Cümşüdovun bu tikintinin sahibi və ya sifarişçisi olması barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur. Adının hallanması araşdırılması zəruri olan iddiadır və aidiyyəti şəxslərin bununla bağlı mövqeyinin də öyrənilməsi vacibdir.

Diqqət çəkən başqa məqam isə odur ki, Xətai rayonu ilə bağlı qanunsuz tikinti iddiaları son aylarda müxtəlif media resurslarında da dəfələrlə gündəmə gətirilib.

Əgər tikinti həqiqətən qanuni əsaslarla aparılırsa, onda aşağıdakı sualların cavabı ictimaiyyət üçün açıq olmalıdır:

Tikintiyə icazə hansı qurum tərəfindən verilib?
Layihənin memarlıq və şəhərsalma sənədləri mövcuddurmu?
Obyekt hansı təyinat üzrə inşa edilir?
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin elektron reyestrində bu layihə qeydiyyata alınıbmı?
Tikinti sahəsində qanunvericiliyin tələb etdiyi məlumat lövhəsi niyə görünmür?
Azərbaycanın şəhərsalma qanunvericiliyi tikinti işlərinə başlamazdan əvvəl tikinti meydançasının qanunla müəyyən edilmiş qaydada təşkil edilməsini və müvafiq tələblərə əməl olunmasını nəzərdə tutur.

Ümid edirik ki, aidiyyəti dövlət qurumları təqdim ediləcək video görüntüləri araşdıracaq, tikintinin hüquqi əsaslarını yoxlayacaq və ictimaiyyəti maraqlandıran suallara rəsmi cavab verəcəklər.

Qeyd: Bu yazıda yer alan İntiqam Cümşüdovla bağlı məlumatlar ictimaiyyət arasında səsləndirilən iddialara əsaslanır. Həmin şəxsin mövqeyini dərc etməyə və təqdim ediləcəyi təqdirdə onu eyni həcmdə dərc etməyə hazırıq. Bu, jurnalist etikasının və balans prinsipinin tələbidir.Qaynarxett.az

117 saylı bağçada "ölü canlar" şəbəkəsi -İDDİA/VİDEO


Bakı şəhəri 117 saylı uşaq bağçasından redaksiyamıza daxil olan müraciət və təqdim edilən səsli sübutlar məktəbəqədər təhsil müəssisələrində kök salmış korrupsiya sxemlərini və feodal idarəçilik sistemini növbəti dəfə bütün çılpaqlığı ilə ifşa edir. Müəssisədə 15 ilə yaxın tibb bacısı kimi çalışan Bahar Cəlilovanın ortaya qoyduğu faktlar bağçada dövlət idarəçiliyinin yox, sanki ailə podratı və vərəsəlik qaydalarının hökm sürdüyünü göstərir.

Bağça uzun illər Fatimə Nəcəfovanın anası Solmaz Hacıyeva tərəfindən idarə olunub. 2021-ci ildə Solmaz Hacıyeva rəsmən postundan ayrılanda bu dövlət müəssisəsi xüsusi mülk kimi, krallıq taxtı misalı birbaşa qızına ötürülüb. Vərəsəlik "ənənəsi" bununla da bitməyib; Fatimə Nəcəfova təyin olunduqdan sonra körpə uşaq bəhanəsilə 1 il boyunca rəsmi müdir kreslosunda elə anası Solmaz Hacıyeva əyləşib, bağçanı qeyri-rəsmi şəkildə "öz kefinə" idarə etməyə davam edib.

Dövlətin məktəbəqədər təhsil ocağını öz şəxsi mülkü sayan bu zehniyyətin nəticəsidir ki, müəssisədə "ölü canlar" saxlanılaraq dövlət büdcəsinin vəsaitləri mənimsənilir, vəzifə səlahiyyətləri aşılaraq azyaşlı uşaqların təhlükəsizliyi və sağlamlığı açıq-aşkar risqə atılır. Biabırçılıqlara qarşı səsini ucaldan şəxs isə dərhal bu "özəl krallığın" təzyiq və təqib mexanizmi ilə üz-üzə qalır.

​Bütün bu mənzərənin fonunda ən rüsvayçı məqam isə işçilərin hüquqlarını qorumaqla mükəlləf olan təşkilatların tutduğu riyakar mövqedir. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Yasamal rayon komitəsinin sədri Rövşən İbrahimli və bağçanın yerli həmkarlar təşkilatının nümayəndəsi Gülşən Əliyeva öz nizamnamə vəzifələrini tamamilə unudaraq, birbaşa qanunsuzluqda ittiham olunan "vərəsə" müdirin şəxsi maraqlarının sipərinə çevriliblər.

İşçinin hüququnu yox, feodal idarəçiliyini müdafiə edən bu qurumların fəaliyyəti açıq-aşkar vəzifə xəyanətidir. Dövlət büdcəsinin talanmasına şərait yaradan, uşaqların təhlükəsizliyini heçə sayan və bu qanunsuzluqları ört-basdır etməyə çalışan hər bir şəxsin əməlinə təcili hüquqi qiymət verilməlidir.
Faktum.az

Turistlər aldadılır? – Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır


Bakı şəhər sakini İsgəndərova Mətanət İnqlab qızı redaksiyaya müraciət edərək Saf Travel turizm şirkətinin təşkil etdiyi Nabran turu zamanı qarşılaşdıqları hallarla bağlı ciddi narazılığını ifadə edib.
Şikayətçinin sözlərinə görə, o, ailə üzvləri ilə birlikdə 25–26 iyul tarixlərində Nabran qəsəbəsində yerləşən Atlant İstirahət Mərkəzinə iki günlük istirahət məqsədilə getmək üçün Saf Travel şirkətinə müraciət edib və 10 nəfərlik ailə üçün öncədən bron həyata keçirib.
Onun iddiasına əsasən, bron zamanı şirkət tərəfindən turistlərin iri tutumlu "Neoplan" markalı avtobusla daşınacağı bildirilib. Lakin tur günü toplaşma məntəqəsinə gəldikdə ailə üzvləri tamamilə fərqli mənzərə ilə qarşılaşıblar.
Şikayətçi bildirir ki, əvvəlcədən verilən vədlərin əksinə olaraq onları kiçik tutumlu "Mercedes Sprinter" markalı mikroavtobus gözləyirmiş. Bundan əlavə, nəqliyyat vasitəsinə əvvəlcədən məlumat verilməyən başqa şəxslərin də müxtəlif ünvanlardan götürülərək yerləşdirildiyini görüb.
İsgəndərova Mətanət İnqlab qızının sözlərinə görə, ailə üzvləri bununla bağlı etiraz etdikdə, özünü Nurlan kimi təqdim edən şəxs sərt və kobud davranış nümayiş etdirib. Şikayətçi hesab edir ki, həmin şəxsin danışıq tərzi ailə üzvlərində narahatlıq yaradıb və tur hələ başlamamış gərgin atmosfer formalaşıb.

Müraciətdə daha sonra qeyd olunur ki, Nabrana çatdıqdan sonra əvvəlcədən bron edilmiş otaqlarla bağlı da anlaşılmaz vəziyyət yaranıb. Şikayətçinin iddiasına görə, əvvəlcədən ayrıldığı bildirilən bəzi otaqlar sonradan başqa şəxslərə təqdim olunub və bu hal turistlər arasında narazılıq yaradıb.Şikayət məktubunda ən ciddi iddialar isə axşam saatlarında keçirilən əyləncə proqramı ilə bağlı səsləndirilir.
İsgəndərova Mətanət İnqlab qızı bildirir ki, konsert proqramı zamanı özünü Nurlan kimi təqdim edən şəxs müxtəlif şəxslərlə davranışı və hərəkətləri ilə diqqət çəkib. Şikayətçinin iddiasına görə, həmin şəxs əxlaq normalarına zidd hesab etdiyi davranışlar nümayiş etdirib və müxtəlif şəxslərlə münasibətlər qurmağa çalışıb.

Şikayətçi daha sonra iddia edir ki, həmin vaxt Saf Travel şirkətinin rəhbəri olduğu deyilən Samirə Mirzəyeva da ərazidə olub və baş verən hadisələrə müdaxilə etməyib.
Müraciətdə, həmçinin, ağır xarakterli başqa iddialar da yer alır. Lakin həmin iddialar hazırda heç bir rəsmi qurum tərəfindən təsdiq edilmədiyindən onların həqiqiliyini təsdiq etmək mümkün deyil. Məhz buna görə də bu məsələlərin aidiyyəti dövlət orqanları tərəfindən obyektiv şəkildə araşdırılması zəruridir.
Hüquqi aspekt
Əgər şikayətçinin irəli sürdüyü faktlar öz təsdiqini taparsa, burada bir neçə hüquqi məsələ meydana çıxa bilər.
İlk növbədə, turistə əvvəlcədən vəd olunan xidmətin göstərilməməsi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu baxımından istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Reklam edilən nəqliyyat vasitəsinin dəyişdirilməsi, xidmət şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və turistin əvvəlcədən məlumatlandırılmaması hüquqi məsuliyyət yarada bilər.
Digər tərəfdən, turizm fəaliyyəti göstərən şirkətlər göstərdikləri xidmətlərin təhlükəsizliyinə, keyfiyyətinə və müqavilə şərtlərinə əməl edilməsinə görə məsuliyyət daşıyırlar.
Əgər tur zamanı ictimai əxlaq normalarını pozan hərəkətlərə yol verilməsi və ya belə halların təşkil olunması ilə bağlı iddialar araşdırma nəticəsində təsdiqlənərsə, bu məsələlər artıq inzibati və ya cinayət-hüquqi qiymətləndirmə predmeti ola bilər. Lakin bu barədə yekun nəticəni yalnız hüquq-mühafizə orqanlarının araşdırması müəyyən edə bilər.
Araşdırılmalı suallar
Hadisə ilə bağlı bir sıra suallar açıq qalır:
Turistlərə əvvəlcədən hansı nəqliyyat vəd olunmuşdu?
Nəqliyyat niyə dəyişdirilmişdi?
Bununla bağlı turistlərə əvvəlcədən məlumat verilmişdimi?
Otaqların bron edilməsi hansı qaydada həyata keçirilmişdi?
Tur zamanı şikayətçinin təsvir etdiyi hadisələr doğrudanmı baş verib?
Baş verənlərlə bağlı şirkət rəhbərliyinin mövqeyi nədir?
Qarşı tərəfin mövqeyi
Jurnalist etikası və qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd edilməlidir ki, yazıda yer alan məlumatlar şikayətçinin redaksiyaya təqdim etdiyi iddialara əsaslanır. Saf Travel şirkətinin, şirkət rəhbəri Samirə Mirzəyevanın və adı çəkilən digər şəxslərin mövqeyi dərc olunacağı təqdirdə material onların cavabı ilə birlikdə yenilənə bilər.
Qeyd: Yazıda səsləndirilən bütün iddialar yalnız müraciət müəllifinin ifadələrinə əsaslanır və onların həqiqiliyi müvafiq dövlət orqanları tərəfindən aparılacaq araşdırma nəticəsində müəyyən edilə bilər. Redaksiya bütün tərəflərin mövqeyini işıqlandırmağa hazır olduğunu bildirir.
Qaynarxett.az

İcra məmurunun “çay fərmanı”: Ya desert, ya “paşol”…



Nərimanov rayonunun mərkəzində – Nərimanov metrostansiyasının düz böyründəki parkın içində illərdir lövbər salan “Mood Bahce” restoranı belə görünür ki, özünü ölkə qanunlarından tamamilə təcrid olunmuş müstəqil bir “feodal knyazlığı” elan edib.

​Faktum.az-a daxil olan məlumatlara və aparılan müşahidələrə əsasən, bu ictimai iaşə obyektinə daxil olub insancasına sadəcə çay içmək istəyən vətəndaşa piştaxta arxasından absurd bir cavab verilir: “Bizdə sadə çay vermək qadağandır!”

Sən demə, “Mood Bahce”nin möhtəşəm ab-havasından bəhrələnib bir stəkan çay içmək üçün mütləq cibinizi soyub, yanına desert və ya bol yağlı yemək sifariş etməlisiniz.

Sadə çay içmək bəyəm cinayətdir, yoxsa bu restoranın “yüksək stili”nə ləkə gətirir?
Müştərinin cibinə bu cür açıq-aşkar girmək, onu istəmədiyi xidmətə və əlavə xərcə məcburlamaq hansı xidmət etikasına, hansı biznes əxlaqına sığışır?

​İddialara görə, obyekt rəhbərliyinin bu cür “özünəgüvənli” davranmasının və qanunları saya salmamasının arxasında çox “ciddi” bir səbəb dayanır.

Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, “Mood Bahce” restoranı paytaxt rayonlarından birinin İcra Hakimiyyətində çalışan yüksək vəzifəli şəxsə məxsusdur. Hələlik həmin vəzifəli şəxsin adını və tutduğu postu açıqlamırıq. Lakin görünür, məhz bu məmur “himayədarlığı” restoran rəhbərliyində elə bir arxayınlıq yaradıb ki, dövlətin parkında oturub vətəndaşa öz uydurma “fərmanlarını” diktə edirlər.
Bir sözlə: burda məmur söykənəcək var deyə qanunlar tanınmır.

​Hüquqi baxımdan məsələyə yanaşdıqda isə bu “daxili qayda” uydurması sabun köpüyü kimi dağılır. Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 13-cü maddəsi açıq və birmənalı şəkildə bildirir:
Satıcıya (icraçıya) satılan malların (görülən işlərin, göstərilən xidmətlərin) çeşidini və miqdarını məhdudlaşdırmaq, habelə bir malın (xidmətin) alınmasını digər malın (xidmətin) məcburi alınması ilə şərtləndirmək qadağandır!
İctimai məkan olan parkın ortasında fəaliyyət göstərən bir obyektin özbaşına şərtlər kəsib çay satışını desertə “calaması” birbaşa haqsız ticarət təcrübəsidir və İnzibati Xətalar Məcəlləsinə əsasən hüquqi məsuliyyət yaradır.
Obyekt rəhbərliyi və onun arxasında duran məmur bəylər anlamalıdırlar ki, onların heç bir şifahi fərmanı və ya “daxili qaydası” Azərbaycan Respublikasının qanunlarından üstün ola bilməz.

​Ortada böyük bir qanunsuzluq və vətəndaşların sərbəst seçim hüququnun pozulması faktı var.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tətbiq edilən bu məcburi satış faktı üzrə adekvat addımlar atmalı, Nərimanov Rayon İcra Hakimiyyəti park ərazisində vətəndaşlara qarşı belə özbaşına qaydalar tətbiq edilməsinə göz yummamalı, Dövlət Vergi Xidməti isə dövriyyənin süni şəkildə artırılması ehtimallarını araşdırmalıdır. Müvafiq dövlət strukturlarının bu “çay qadağası” bəhanəsi ilə həyata keçirilən haqsızlığa reaksiya verməsi və özbaşına sahibkarlara qanun çərçivəsini xatırlatması vacibdir.

Maraqlıdır: Görəsən Qida Təhlekəsizliyi Agentliyi (AQTA) necə, insanlara zorla sırınan bu xörək və şirniyyatların tərkibini, hazırlanma şəraitini dərindən araşdırıbmı?

Bu barədə növbəti yazıda.

​Faktum.az

Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31