"3 gündür bir məlumat əldə etmişəm və hələ də düşünürəm ki, axı niyə? Niyə əlində balaca bir fürsət və ya səlahiyyət olan şəxs, gündəlik 3-5 manat çörək pulunu min bir əziyyətlə qazanmağa çalışan insanların üzərində hökmranlıq edir? Etməyə çalışmır ha, konkret edir!" Bunu özünün sosial şəbəkə hesabında jurnalist Jalə Əsədova qeyd edib. O daha sonra fikrini belə davam etdirir: "Əldə etdiyim məlumata görə, aşağıdakı fotoda gördüyünüz bu poketlər Suraxanı bazarı rəhbərliyi tərəfindən orada fəaliyyət göstərən icarədarlara 50 qəpikdən məcburi şəkildə satılır (daha doğrusu, sırınır). Halbuki satıcı bu paketləri başqa yerdən dəfələrlə ucuza ala bilər. Amma bazar rəhbərliyi konkret ultimatom verib ki, “Hansı müştərinin əlində başqa paket görsəm, onu satan satıcı 50 manat cərimələnəcək!”
İndi gəlin məsələyə soyuqqanlı və hüquqi müstəvidə baxaq: İcarədar sənin qulun və ya işçin deyil! Məkanın pulunu ödəyib, öz halal zəhməti ilə ticarətini edir. İcarə müqaviləsindən kənar ona məcburi mal sırımaq nə dərəcədə qanunidir? Bazar rəhbərliyi cəriməni hansı hüquqi əsasla tətbiq edir? Siz hansı dövlət qurumusunuz, hansı səlahiyyətlə vətəndaşa “cərimə” kəsirsiniz? Azərbaycan Respublikasının qanunlarına görə cərimə tətbiq etmək səlahiyyəti yalnız müvafiq dövlət orqanlarına məxsusdur. Özbaşına cərimə mexanizmi yaratmaq bilavasitə özbaşınalıq və haqsızlıqdır! İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, sizin bu özəl “cərimə” və məcburi poket satışından xəbəriniz varmı? Bu rəhbərlik satan pöketlərdən və kəsdiyi "cərimələrdən" əldə etdiyi nağd gəlirin vergisini verirmi, yoxsa burada kölgə iqtisadiyyatı çiçəklənir? Bu addım açıq-aşkar azad rəqabətin pozulması, kiçik sahibkarlığa süni maneələrin yaradılması və dominant mövqedən sui-istifadədir!"
Müğənni Nazilə Səfərli “Azercell”in eSIM və rouminq xidmətlərindən narazılığını ifadə edib.
Bizimesr.media Nazilə Səfərli sosial şəbəkə paylaşımında mobil operatorun xidmətlərindən istifadə zamanı qarşılaşdığı problemlərdən danışıb və “Azercell”i sərt tənqid edib.
O bildirib ki, xarici ölkədə olarkən “Azercell” nömrəsi ilə bağlı gözləmədiyi ödənişlə üzləşib: “Azercell nömrənizi eSIM xidməti vətəndaşı xarici ölkədə rouminq xidməti adı ilə soyur. Adam öz vətəndaşını incidər? Mən fakturalı abonent deyiləm, məni fakturalı hesaba qoşublar. Məni niyə soyursuz? Reklam məni aldatdı”.
Səfərli xaricdə rabitədən istifadə edən vətəndaşların gözlənilməz xərclərlə üzləşməsindən narazılığını bildirib və bununla bağlı “Azercell”dən izahat tələb edib.
Az öncə yayılan xəbərə görə, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində mağazada uçqun baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, mağazanın tavanının uçması nəticəsində 1989-cu il təvəllüdlü Gülnar Məhəmməd qızı Miriyevanın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında qaldığı müəyyən edilib. Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə dağıntı altında qalan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Xəsarət alan şəxslərə şəfa diləyirik. Amma ictimai narahatlığı artıran əsas məsələ budur ki, belə hadisələrin yenə olmayacağına zəmanət yoxdur. Binaların zirzəmisində və alt mərtəbələrində yerləşən qeyri-yaşayış obyektlərinin inşasında ciddi qanunsuzluqlara yol verilir, tikinti normalarılnıın tələblərinə məhəl qoyulmur.
Abşeron rayonunun Masazır qəsəbəsindəki "Bağçalı Evlər MTK" tərəfindən ərsəyə gətirilən “Qurtuluş-93” Yaşayış Kompleksində binaların da zirzəmiləri, birinci mərtəbələri qeyri-yaşayış obyektlərinə çevrilir. Birinci mərtəbələrdəki mənzilləri, otaqları bir-birindən ayıran divarlar, sütunlar, dəmir-beton konstruksiyalar sökülərək, məkan qeyri-yaşayış obyektinin təyinatına uyğunlaşdırılır ki, bu da binanın özünə, üst mərtəbələrdə yaşayan sakinlərə təhlükə vəd edir.
Hal-hazırda sözügedən massivdəki 12 A saylı bina qeyd olunan səbəbdən qəzalı vəziyyətə düşüb. Binanın sakinlərinin “Nyus.az” saytının redaksiyasına verdikləri şikayət xarakterli məlumatı dəqiqləşdirmək məqsədilə əməkdaşlarımız həmin ünvana yollanıb yerində video-çəkiliş aparıblar. Görüntülər sakinlərin narahatlığının heç də əsassız olmadığını təsdiqləyir.
Bildirilir ki, yaşayış massivində belə bir mənfi tendensiyanın dərinləşməsinin səbəbkarı tikinti maqnatı, "Bağçalı Evlər" MTK-nın və Novxanıdakı "My Beach" istirahət mərkəzlərinin rəhbəri hacı Məhərrəm Novruzovun özüdür. Görünən odur ki, kəsdirdiyi ağacların yerində tikdirdiyi binalara sonradan etdiyi qanunsuz, təhlükəli dəyişikliklərə görə M.Novruzova “dur” deyən yoxdur. Əlaqədar instansiyaların – Abşeron Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin ona gücləri çatmır.
Xatırladaq ki, M.Novruzovun adı əvvəllər də bir sıra qalmaqallarda hallanıb. Onun inşa etdirdiyi binalarda pulun tam ödəməsinə baxmayaraq, yüzlərlə sakin hələ də tam əmlak sahibi hüququnu təsdiq edən "çıxarış"a malik deyillər. Eyni zamanda uzun illər tikinti şirkətinin söz verməsinə baxmayaraq, binalar qazlaşdırılmayıb. Yaşayış kompleksində camaatın istirahəti üçün nəzərdə tutulan parkın ərazisində restoran, çayxana, “moyka” və s. müxtəlif mağazalar tikməklə sakinlərin asudə vaxtlarını keçirəcəkləri imkanları məhdudlandırıblar. Sakinlərin haqlı etirazları qarşısına isə hacı Məhərrəmin etibarlı adamı Şahlar Hüseynov çıxır. Məlumatlarda qeyd olunur ki, M.Novruzovla Ş.Hüseynov bir növ Kərbəlayi İsmayılla Qəmlonun prototipləridir. Hacı “dırnaq kəs” deyəndə Şahlar barmaq kəsir, “birçək kəs” deyəndə qulaq kəsir.
Bundan başqa, mediada Ukrayna Respublikasının Lıvov şəhərində yaşayan iş adamı Nazim Qəzənfərovun adından M.Novruzova qarşı səslənən iddialar da diqqət çəkir.
Onu da qeyd edək ki, M.Novruzovun özündən müştəbehliyi ailə üzvlərinə, yaxın çevrəsinə də sirayət edib. Bir neçə il öncə həyat yoldaşı, daha sonra isə kürəkəni idarə etdikləri avtomobillərlə yolda qəza törədərək, digər hərəkət iştirakçılarının ölümünə və xəsarət almalarına səbəb olublar.
Maaşla Tikilməyən "Sultan İmperiyası": Masallıdakı Mülklərin, Bazarların Pul Mənbəyi Nədir?
"Masallı rayonunda baş verənlər artıq sadəcə bir məmur özbaşınalığı deyil, dövlətin qanunlarına, vətəndaşın haqqına və açıq-aşkar ədalətə qarşı edilən bir hörmətsizlikdir. Rayon Əmlak Komitəsinin "Sultan" adında bir əməkdaşı var..." Bunu özünün sosial şəbəkə hesabında jurnalist Sima Babayeva yazıb.
O daha sonra fikrini belə davam etdirir: "Görünür, bu şəxs özünü Masallıda sözün əsl mənasında "sultan" zənn edir; istədiyi torpağı istədiyi adama satır, sənədlərlə manipulyasiya edir və dövlətin qanunlarını öz şəxsi maraqlarına qurban verir.
Lürən kənd sakini Əbilov Mahirin başına gələnlər bu saxtakarlıq maşınının necə işlədiyini bütün çılpaxlığı ilə ortaya qoyur. Vətəndaşın mülkiyyətində olan, yolun baş hissəsində yerləşən torpaq sahəsi qanunsuz yolla sənədləşdirilib satılıb. Ən gülünc və ikrahdoğuran məqam isə budur:
Masallı Rayon İcra Hakimiyyəti və bələdiyyə əvvəlcə rəsmən bildirir ki, "bura yoldur". Amma cəmi 10 gün keçir, eyni qurumlar Sultan bəylə əlbir olub vətəndaşın üzünə dururlar ki, "yox, bu yol başqa vətəndaşındır". İndi sual olunur:
10 gün ərzində xəritə dəyişdi, yoxsa qanun? Əlbəttə ki, heç biri. Dəyişən sadəcə Sultan bəyin saxta sənəd oyunlarıdır. Sənədlərlə bu cür oyun oynamaq, dövlətin möhrünü və kağızını öz şəxsi alverinə alət etmək hansı məsulliyyətə sığır?
Bir jurnalist olaraq bu məsələni yerində araşdırmaq üçün Sultan bəyin yanına getdik. Qarşımıza çıxarılan mənzərə isə biabırçılığın son həddi idi: Sultan bəy bizə hələ çap aparatının istiliyi üstündə olan, qatı belə açılmamış təzə bir texpasport göstərir.
Buradan açıq və kəskin sual veririk: Sultan bəy, vətəndaşın texpasportunun sizin masanızda, sizin əlinizdə nə işi var?
Biz Əmlak Komitəsinin Baş İdarəsinə müraciət etdik və oradan rəsmən bildirildi ki, həmin ərazi yoldur! Yaxşı, Baş İdarənin "yol" dediyi yeri Sultan bəy özünəmexsus hansı "qaranlıq variantlarla" sənədləşdirib sata bilib?
Əgər Baş İdarə öz adından çıxarılan bu saxta sənədlərlə bir az maraqlansaydı, bu məsələ çoxdan həllini tapmışdı. Amma suallar bununla bitmir. Bu böyüklükdə korrupsiya mexanizminə, göz qabağında olan bu saxtakarlığa Masallı Rayon Prokurorluğu niyə göz yumur?
Məmur özbaşınalığı və rüşvət iddiaları bu qədər qabarıq olduğu halda, hüquq-mühafizə orqanları niyə susur?
Bu sükutun arxasında ne durur?
Gələk vətəndaşların haqlı iddialarına və hamının bildiyi, amma ucadan deməyə çəkindiyi həqiqətlərə. Deyilənə görə, Sultan bəyin öz adına, qohum-əqrəbasının adına saysız-hesabsız mal-mülk, mülkiyyət var.
Hətta Masallıda hamının "Sultanın bazarı" kimi tanıdığı böyük bir bazarın da ona məxsus olduğu bildirilir. Dövlətin sıravi bir əmlak komitəsi əməkdaşının aldığı maaş bəllidir.
Bəs soruşuruq: Bu nəhəng mülklərin, bazarların maliyyə mənbəyi nədir?
Sultan bəy bu sərvəti hansı qanuni qazancla əldə edib? Bu sualın cavabını aidiyyəti qurumlar dərindən araşdırmalıdır.
Ölkə Başçısı, Ali Baş Komandan İlham Əliyev hər çıxışında məmur özbaşınalığına, korrupsiyaya qarşı amansız mübarizə aparılmasını tələb edir, vətəndaşların incidilməməsini tapşırır.
Sultan bəy kəsimində olan məmurlar isə nəinki bu siyasətə zidd gedir, açıq-aşkar insanları dövlətdən və hakimiyyətdən narazı salmaqla məşğuldurlar. Sual olunur:
Sultan bəyin Masallı sakinlərini bu həddə çatdırmaqda, süni narazılıq yaratmaqda məqsədi nədir? Bu hansı cəsarətdir?
Təbii ki, bütün bu iddialar və saxtakarlıq faktları məhkəmə müstəvisində qaldırılacaq. Lakin biz də media mənsubu olaraq oturub gözləmədik. Bütün bu faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəsmi məktub ünvanlamışıq.
Bu özbaşınalıq, torpaq alveri və sənəd saxtakarlığı cəzasız qala bilməz. Əmlak Komitəsini öz şəxsi mülkünə çevirən Sultan bəyin əməllərinə ən yüksək səviyyədə hüquqi qiymət verilməli, bu qanunsuzluqlara son qoyulmalıdır!.."
6 avqust 2026-cı il tarixində Bakı Kommersiya Məhkəməsində mebel şirkətinin rəhbəri Fuad Mirzəyevin “Birmarket” mağazalar şəbəkəsi ilə bağlı qaldırdığı iddia üzrə növbəti məhkəmə iclası keçirilib. Bakıfakt.az-a verilən məlumata görə, həmin məhkəmə iclasında “Birmarket” tərəfdən nümayəndə iştirak etməyib. Bununla belə, iş üzrə məhkəmə araşdırması davam edir və hazırda yekun qərar qəbul edilməyib.
Fuad Mirzəyevin iddiasına əsasən, “Birmarket”lə əməkdaşlıq dövründə mebel məhsullarının daşınması, saxlanılması və müştərilərə çatdırılması zamanı bir sıra problemlər yaranıb. Sahibkar həmçinin ləğv olunmuş və ya geri qaytarılmalı məhsulların ona qaytarılmadığını iddia edir.
Sahibkarın sözlərinə görə, bəzi məhsulların geri qaytarılması ilə bağlı aktlarda uyğunsuzluqlar olub və təqdim etdiyi sənədlər arasında özünə məxsus imzanın saxtalaşdırıldığını iddia etdiyi sənəd də var. Fuad Mirzəyev bu iddiaları təsdiqləyən sübutların olduğunu bildirərək məhkəməyə bir sıra foto və sənədlər təqdim edib.
Qeyd edək ki, təqdim olunan materialların həqiqiliyi və onların hüquqi qiyməti məhkəmə araşdırmasının nəticəsində müəyyən edilə bilər. Əgər sənədlərdə saxtalaşdırma və ya digər qanun pozuntuları faktı müvafiq qaydada təsdiqlənərsə, həmin hallara hüquqi qiymət verilməsi məsələsi də gündəmə gələ bilər.
Sahibkar iddia ərizəsində qarşı tərəfdən 150 min manat maddi ziyanın, həmçinin ödədiyi dövlət rüsumunun tutulmasını tələb edir. Fuad Mirzəyevin hesablamalarına əsasən, əməkdaşlıq nəticəsində şirkətə dəymiş faktiki zərərin ən azı 150 min manat olduğu bildirilir. Fuad Mirzəyev hesab edir ki, əməkdaşlıq zamanı yarandığını bildirdiyi problemlər, məhsulların qaytarılması ilə bağlı məsələlər və təqdim etdiyi sənədlər hüquqi müstəvidə hərtərəfli araşdırılmalı və məsələyə obyektiv qiymət verilməlidir.
“Birmarket” nümayəndəsi iclasda iştirak etməyib 6 avqust tarixində keçirilən məhkəmə iclasında “Birmarket” tərəfdən nümayəndənin iştirak etmədiyi bildirilir. Qarşı tərəfin iclasda iştirak etməməsinin səbəbi ilə bağlı hazırda redaksiyaya hər hansı rəsmi açıqlama daxil olmayıb.
Məhkəmə tərəfindən iş üzrə hələlik yekun qərar qəbul edilməyib. Buna görə də tərəflərin irəli sürdüyü iddialar və təqdim etdiyi sübutlara yekun hüquqi qiymətin məhkəmə araşdırmasının nəticəsindən sonra veriləcəyi gözlənilir. Bakıfakt.az olaraq xüsusi olaraq bildiririk ki, məqalədə qeyd olunan məlumatlar sahibkar Fuad Mirzəyevin açıqlamaları, təqdim etdiyi sənədlər və onun məhkəmədə irəli sürdüyü iddialar əsasında hazırlanıb. Yazıda səsləndirilən iddiaların yekun həqiqət kimi qəbul edilməməsi vacibdir. İş üzrə son hüquqi qiyməti məhkəmə verəcək.
Bakıfakt.az “Birmarket” rəhbərliyinin, Problemli Məsələlər Şöbəsinin və ya iş üzrə digər cavabdeh şəxslərin mövqeyini dərc etməyə hazırdır. Qarşı tərəf redaksiyaya müraciət edərək məsələyə dair öz açıqlamasını təqdim edə bilər. Məhkəmə prosesinin gedişi, növbəti iclasda qəbul ediləcək qərar və tərəflərin hüquqi mövqelərinin məhkəmə tərəfindən necə qiymətləndiriləcəyi Bakıfakt.az-ın diqqətində saxlanılacaq
Tovuzda bir neçə gündür yağan güclü yağış Zəyəmçayda daşqına səbəb olub.
Nəticədə sel suları çayın üzərindəki körpünü dağıdıb və yararsız hala salıb, İsakəndlə rayon mərkəzinin əlaqəsi kəsilib.
Burada diqqətçəkən məqam isə həm də kəndlərdən gələn zibil və məişət tullantılarının su ilə birgə axmasıdır. Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, qalaq-qalaq zibil və məişət tullantıları çayın məcrası boyunca hərəkət edib. Məlum olub ki, sözügedən görüntülər Tovuzun Gədəbəylə həmsərhəd olan Ağbaşlar kəndi ərazisində çəkilib. Qeyd edilib ki, kəndlərdə əhali xüsusən yay aylarında məişət tullantıları ilə bağlı ciddi problem yaşayır. Əksər kəndlərdə məişət tullantılarının atılması üçün xüsusi yerlər ayrılmadığından əhali, eyni zamanda turistlər zibili çay kənarlarına atır.
Tovuzda selin yaratdığı fəsadlarla bağlı Tovuz Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, artıq körpü bərpa olunub və fəsadlar aradan qaldırılır: “Baş vermiş hadisənin fəsadlarının aradan qaldırılması məqsədilə Tovuz Rayon İcra Hakimiyyəti yanında Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən müvafiq tədbirlərin görülməsinə başlanılıb və kəndin rayon mərkəzi ilə gediş-gəlişi bərpa olunub”.(“Qafqazinfo”)
Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların ən çox müzakirə etdiyi məsələlərdən biri də yeni tikilən binalarda fəaliyyət göstərən Mənzil Tikinti Kooperativi (MTK) ilə bağlıdır.
Sakinlər əsasən MTK rəhbərlərinin özbaşınalığından, yeni qaydalar tətbiq etməsindən şikayətlənirlər. Vətəndaşlardan biri "Təmirsiz yeni tikiliyə (bina evi) sayğaclar üçün MTK rəhbərliyi 2500 manat pul tələb edir.
“Gəlin, müqavilə bağlayın və 2500 manat pul ödəyin”, deyirlər. “Azərsu”, “Azərişıq” və “Azərenerji”yə ayrı-ayrılıqda zəng etdim, deyirlər, bu məsələyə biz baxmırıq, “Asan kommunal” baxır. “Asan kommunal”a müraciət etdim, onlar deyir bizim səlahiyyətimizdə deyil, bu məsələ MTK-nın səlahiyyətidir.
MTK-da deyir ki, podratçının puludur, ödənməlidir. Bildiyim qədərilə mənzilin içinə kimi xətlər MTK tərəfindən çəkilməlidir, daxili xətlərə görə hər hansısa ödəniş ola bilər. Evi təmir etməyə də buraxmırlar, “Bizimlə təmir pulu müqaviləsi bağlamalısız” deyilər və ona görə də 2500 manat tələb edirlər. Toplam 5000 manat".
Ümumiyyətlə, MTK-nın belə bir səlahiyyəti varmı? Kommunal xətlərin çəkilişi müvafiq qurumlar tərəfindən həyata keçirilməlidirmi?
Məsələ ilə bağlı iqtisadçı-hüquqşünas Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan qanunvericiliyinə, Mülki Məcəlləyə, Mənzil Məcəlləsinə görə MTK üzvlüyə əsaslanan hüquqi şəxsdir:
“Oradan mənzil alanlar oranın üzvləridir. Yəni idarəetmə onların əlində olmalıdır. MTK elə oradakı mənzil sahibləridir. Ancaq bizdə praktikada belə deyil. MTK-nı yaradanlar adətən 5 nəfər olur. Sonra mənzil alanları üzv kimi qəbul etmirlər.
Dövlət Vergi Xidməti də buna göz yumur. Halbuki binanın tikildiyini görür, vətəndaş pul ödəyir, üzvdür. Əgər üzvdürsə, ümumi yığıncaqda qərarları da onlar özləri qəbul etməlidirlər. Ancaq bizdə MTK-nı qanunsuz ələ keçirmiş şəxslər, tikinti oliqarxları vətəndaşlardan əlavə pul istəyirlər.
Bu qanunsuzdur .Yəni mən orada mənzil almaq, üzv olmaq üçün pul ödəmişəm qurtardı, ora hər şey daxildir. Binanın tikilməsi, xətlərin çəkilməsi, müqavilədə nə göstərilibsə o daxildir. Əlavə pul istəyə bilməzlər”. O qeyd edib ki, yaranan problem vətəndaşlarımızın passivliyindəndir:
“Özləri toplaşıb ümumi yığıncaq keçirsinlər. MTK rəhbərliyini özləri seçsinlər. Dövlət Vergi Xidmətindən qeydiyyatdan keçirsinlər. Qanunsuz şəxsləri məsuliyyətə cəlb etsinlər. Bunun qanuni yolu budur. Mən hazırda Bakıda bir bina üzrə prosesə başlamışam.
MTK-nın qanunsuz rəhbərliyini oradan çıxardırıq. Yəni sakinlər artıq birləşdilər. Ümumi yığncaq keçirmişik. Bildirək ki, MTK bizik, siz yox, məsələləri biz həll edəcəyik, siz kimsiz ki, bizim yermizə qərarlar qəbul edirsiz. Konkret olaraq məsələni həll etmək lazımdır”.
"Bu postum həm şikayət, həm də Gədəbəyə səyahət planlayan insanlar üçün məlumat xarakteri daşıyır..." Bunu özünün sosial şəbəkə hesabında Lalə Kazımova adlı istifadəçi yazır. Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Şikayətim Gədəbəydə güclü reklamı ilə tanınan Turs Su İstirahət Mərkəzi ilə bağlıdır. Məlumat olaraq bildirim ki, məkana gedən yol kifayət qədər çətindir. Mərkəz iki dağın arasında, çökəklikdə yerləşdiyi üçün Gədəbəyin digər yerlərində hiss etdiyimiz sərin və təmiz hava burada yox idi. Amma əsas narazılığımız məkanın öz vəziyyəti ilə bağlıdır. Şəkildən də göründüyü kimi mərkəzdə təmirlə bağlı səliqəsizlik idi. Qaldığımız kotteclərin qarşısında bir günlük piknikə gələn insanların avtomobilləri dayanırdı.Avtomobillərdə istədikləri kimi yüksək səsli musiqilər səsləndirirdilər, bundan başqa səhər açılandan piknikə gələnlərin səsi küyü tam bir xaos yaradırdı. Gigiyena məsələsinə gəldikdə isə otaqda və hamamda hörümçək torları var idi. Restoranda qab-qacaqdan xoşagəlməz qoxu gəlirdi. Çay üçün gətirilən stəkanlarda əvvəlki çayın qalıqları görünürdü, açıq aydın bəlli idi ki yuyulmur, suya vurub gətirirlər qabları. Restoranın qiymətlərinə gəldikdə isə, demək olar ki,məkana görə baha idi. Amma sifariş etdiyimiz yeməklərdən heç birini bəyənmədik, yeyiləsi deyildi və növbəti günlərdə yemək üçün yaxınlıqdakı digər məkanlara getməli olduq. Qısaca çox ağır 2 gün keçirdik. Əslində həmin vaxt şikayət postu yazmaq fikrim yox idi. Ona görə də hər şeyin şəklini də çəkməmişdim. Amma sonradan bu postu yazmağımın əsas səbəbi problemləri rəhbərliyə bildirdiyimiz zaman bizə olan münasibət oldu. Narazılıqlarımızı izah etdikdə üzr istəmək və ya problemi qəbul etmək əvəzinə, demək olar ki, hər məsələyə bəraət qazandırmağa çalışıldı. Rəhbərlikdən olduğunu düşündüyüm şəxsin şikayətimə yazdığı rəyi də sizlərlə bölüşürəm. Qayıdarkən Gədəbəydən olan taksi sürücüsü ilə də bu məsələ barədə söhbət etdik. Sürücü həmin yerin vəziyyətinin illərdir belə olduğunu və gedib-gələn müştərilərdən oxşar narazılıqları eşitdiyini bildirdi. Rəhbərliyin münasibətindən illərdir heç nəyin niyə dəyişmədiyi aydın məsələdir. Sonda onu da qeyd edim ki, yazdıqlarım bizim yaşadığımız şəxsi təcrübədir. Ola bilər ki, gedib razı qalan insanlar da var. Amma Gədəbəyə, xüsusilə də bu məkana getməyi planlayanlara tövsiyəm odur ki, bizim kimi əvvəlcədən araşdırmadan, yalnız reklamlara aldanaraq qərar verməsinlər. Hər kəsə xoş istirahətlər..."(DİA-AZ)
Çox sayda insan yazır ki, Cavid Qurbanov çox insana maddi kömək edib, çox iş görüb. Şərt deyil ki, hər kəs münasibət bildirsin. Münasibət bildirən insanlara isə bir sualım var: kişi kimi, vicdanla cavab versinlər. Qurbanovun o sərvəti haradandır? Deyin, bəlkə mən bilmirəm. Bəlkə gənc vaxtı Ağdabanda qızıl küpləri tapıb, indi də onları xərcləyir. Siz deyə bilmirsiniz, mən deyirəm: əgər qanunsuz mənimsəmə varsa, həmin sərvət sənin də, mənim də haqqımdır. Uşaq pulu ala bilməyən minlərlə uşağın haqqıdır. Qazandığı sərvətin bircə faizini Kəlbəcərlilərə verib troll komandası yaradıb. Bunu bilənlər bilir. Əgər bu sərvət qanunsuz yollarla əldə edilibsə, onun xaricdə biznes şəbəkələri qurmağa xərclənməsi də ciddi suallar doğurur. Davamlı şəkildə yazırsınız ki, Qurbanov çoxlarına maddi dəstək olub, çox işlər görüb. Axırda cinayət işi açılsa, “Bu sərvəti haradan qazanmısınız?” sualı veriləcək. Nə isə, trolluq edənlər düzgün yolda deyil. Mənim sualım sadədir: bu sərvətin mənbəyi haradandır? Sexavet Kelbecerli Cavid Qurbanovun cavabınıda dərc etməyə hazırıq!
Biləcəridə söküntü, ağacların məhv edilməsi və sənədlərlə bağlı suallar: “Ağ Saray”ın arxasında nə baş verir? Biləcərinin bəzi küçələrində son illər şəhərsalma mənzərəsi sürətlə dəyişir. Köhnə həyət evlərinin yerində yeni tikililər ucalır, ayrı-ayrı torpaq sahələri birləşdirilir, yaşayış məhəllələrinin siması dəyişir. Belə proseslərin bir qismi qanuni şəhərsalma layihələrinin nəticəsi ola bilər. Ancaq hər bir tikinti kimi, söküntü və yeni inşaat da qanunun, müvafiq icazələrin və şəhərsalma normalarının tələblərinə cavab verməlidir.
Redaksiyamıza təqdim olunan video və foto görüntülər isə Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Asif Zeynallı küçəsi 33B ünvanında, “Ağ Saray” şadlıq sarayının arxasındakı ərazidə aparılan işlərlə bağlı ciddi suallar doğurur.
Görüntülərdə ərazidə söküntü və tikinti işlərinin aparıldığı, əvvəllər mövcud olmuş yaşayış evlərinin yerində geniş sahənin formalaşdırıldığı müşahidə edilir. Əldə etdiyimiz məlumatlara görə, həmin ərazidəki bir sıra evlərin satın alınmasından sonra onların söküldüyü və yeni tikinti layihəsinin həyata keçirilməsinə başlanıldığı bildirilir.
Burada ilk sual yaranır:
Bu tikintinin şəhərsalma və tikinti qanunvericiliyinə uyğun hüquqi əsası varmı?
Çünki söhbət sadəcə bir evin sökülüb yenidən tikilməsindən getmirsə, artıq məsələyə daha ciddi yanaşmaq lazımdır. Bir neçə yaşayış evinin sökülməsi, torpaq sahələrinin birləşdirilməsi və həmin ərazidə irimiqyaslı tikinti aparılması müvafiq layihə, razılaşdırmalar və icazə sənədləri baxımından ictimai maraq doğuran məsələdir.
Ağaclar niyə məhv edilib? Məsələnin digər tərəfi isə ərazidəki yaşıllıqlarla bağlıdır.
Redaksiyaya təqdim olunan görüntülər və daxil olan məlumatlar ərazidə söküntü işləri ilə yanaşı ağacların da məhv edildiyini göstərir.
Əgər bu ağacların kəsilməsi həqiqətən baş veribsə, onların hansı əsasla götürüldüyü, müvafiq icazənin olub-olmaması və kəsilən ağacların yerinə kompensasiya yaşıllıqlarının yaradılması məsələsi aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır.
Burada da sadə, lakin prinsipial bir sual var:
Tikinti layihəsi varsa, həmin layihənin hazırlanması zamanı mövcud ağaclar nəzərə alınıbmı, yoxsa tikintiyə mane olan yaşıllıq sadəcə aradan götürülüb?
Bu sualın cavabını yalnız tikinti aparan şəxslər deyil, müvafiq dövlət qurumları da verməlidir.
İcra hakimiyyətinin adı niyə çəkilir?
Məsələnin ən çox aydınlaşdırılmasına ehtiyac duyulan hissələrindən biri də məhz budur.
Redaksiyaya daxil olan məlumatlarda tikinti işlərini həyata keçirdiyi bildirilən sahibkarın Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayevlə yaxın münasibətlərinin olduğu iddia edilir.
Bundan başqa, mənbələr tərəfindən tikintiyə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev tərəfindən razılıq verildiyi də bildirilir.
Lakin burada mühüm bir məqamı xüsusi vurğulamaq lazımdır: redaksiyamız bu iddiaları təsdiqlənmiş fakt kimi təqdim etmir.
Əksinə, məhz belə iddiaların mövcudluğu onların rəsmi şəkildə araşdırılmasını zəruri edir.
Əgər icra hakimiyyətinin sözügedən tikintiyə hər hansı razılığı və ya münasibəti olubsa, həmin sənədin hüquqi əsası nədir?
Əgər belə razılıq olmayıbsa, onda icra hakimiyyətinin vəzifəli şəxslərinin adının bu məsələdə hallandırılmasının səbəbi nədir?
İctimaiyyətin cavab gözlədiyi suallar bunlardır.
Və ən maraqlı sual: Allahşükür Paşazadənin bu məsələdə nə əlaqəsi var? Məsələni daha da müəmmalı edən başqa bir məqam var.
Ərazidəki tikinti ilə bağlı məlumatların yayılması zamanı Şeyxülislam Allahşükür Paşazadənin adı da hallandırılır.
Ancaq ortaya çox mühüm sual çıxır:
Nə üçün?
Söhbət konkret olaraq hansı münasibətdən, hansı sənəddən, hansı razılıqdan və ya hansı əlaqədən gedir?
Əgər Allahşükür Paşazadənin bu tikinti ilə hər hansı əlaqəsi barədə iddia irəli sürülürsə, həmin iddianın hüquqi və faktiki əsası göstərilməlidir.
Əgər ortada heç bir sənəd, rəsmi münasibət və ya təsdiqlənən əlaqə yoxdursa, o zaman nüfuzlu dini şəxsiyyətin adının hansı məqsədlə tikinti məsələsinə gətirilməsi ayrıca araşdırılmalıdır.
Ad hallandırmaq fakt yaratmır.
Xüsusilə də söhbət ictimai nüfuza malik şəxsdən gedirsə, onun adının hər hansı kommersiya və tikinti məsələsi ilə əlaqələndirilməsi yalnız mötəbər sənəd və konkret faktlarla əsaslandırılmalıdır.
Əks halda ortaya başqa ehtimal çıxır:
Görəsən, kimsə öz fəaliyyətinə əlavə “çəki” vermək üçün nüfuzlu bir şəxsin adından istifadə edir?
Bu sualın cavabını da yalnız araşdırma verə bilər.
Sənədlər haradadır? Məsələnin mahiyyətini əslində bir neçə sənəd ortaya çıxara bilər.
Ərazidə tikinti aparılırsa, ilk növbədə ictimaiyyət üçün aydın olmalıdır:
torpaq sahəsinin hüquqi statusu nədir? sökülən yaşayış evlərinin hansı əsasla söküldüyü məlumdurmu? yeni tikinti üçün layihə sənədləri mövcuddurmu? tikintiyə dair müvafiq icazələr alınıbmı? layihə şəhərsalma tələblərinə uyğundurmu? ərazidəki ağacların kəsilməsinə icazə verilibmi? tikintinin aparılmasına hansı dövlət qurumu nəzarət edir? Binəqədi Rayon İcra Hakimiyyətinin bu tikinti ilə bağlı hər hansı rəsmi sənədi varmı? varsa, həmin sənədin hüquqi əsası nədir? Əgər bütün bu sualların cavabı “bəli, sənədlər mövcuddur və qanunidir”sə, məsələ də aydınlaşmış olacaq.
Yox, əgər sənədlərdə problem varsa, onda artıq başqa suallar meydana çıxacaq.
Video görüntülər sualların daha da artmasına səbəb olur
Redaksiyanın əldə etdiyi foto və video materiallar yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.
Həmin görüntülərdə ərazidə aparılan işlərin miqyası daha aydın görünür. Bu materiallar tikinti prosesinin hansı mərhələdə olduğunu, ərazidə nə qədər dəyişiklik aparıldığını və söküntü işlərinin nəticələrini qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Lakin video görüntü də təkbaşına tikintinin qanunsuz olduğunu sübut etmir.
Bunu sənədlər və aidiyyəti qurumların araşdırması müəyyən etməlidir.
Məhz buna görə məsələni ictimailəşdirməkdə məqsəd kimisə əvvəlcədən ittiham etmək deyil. Məqsəd sadədir: ictimai maraq doğuran suallara cavab almaq.
Aidiyyəti qurumlar susmamalıdır Biləcəridə Asif Zeynallı küçəsi 33B ünvanında aparıldığı bildirilən tikinti ilə bağlı aidiyyəti dövlət qurumlarının mövqeyi maraqlıdır.
Xüsusilə şəhərsalma, tikinti, torpaq və ekologiya istiqamətində səlahiyyətli qurumlar məsələyə aydınlıq gətirməlidir.
Əgər tikinti qanunidirsə, bunu göstərən sənədlərin mövcudluğu açıqlansın.
Əgər ağacların kəsilməsi qanuni əsaslarla həyata keçirilibsə, bunun hüquqi əsası izah edilsin.
Əgər icra hakimiyyətinin bu tikintiyə aidiyyəti yoxdursa, bu da rəsmən bildirilsin.
Və ən əsası:
Şeyxülislam Allahşükür Paşazadənin adı bu tikinti məsələsində hansı əsasla hallandırılır?
Bu sualın da cavabı verilməlidir.
Çünki belə məsələlərdə ən təhlükəli məqam təkcə qanunsuz tikinti ehtimalı deyil.
Bəzən daha təhlükəli olan kiminsə adından, nüfuzundan və mövqeyindən istifadə etməklə qanuni görünüş yaratmaq cəhdidir.
Ona görə də Biləcəridəki bu tikintinin ətrafında dolaşan iddialar sənədlərlə aydınlaşdırılmalı, kiminsə adı isə sübutsuz şəkildə bu məsələyə bağlanmamalıdır.
Əgər hər şey qanunidirsə, bir neçə sənəd bütün suallara cavab verə bilər. Əgər qanunsuzluq varsa, həmin sənədlər onun da üzə çıxmasına kömək edəcək.
Redaksiya olaraq aidiyyəti qurumların və adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.