FHN Kəmaləddin Heydərovun oğlunun 3 mərtəbəli obyektinin istismarına icazə verdi - AY MAŞALLAH...


Fövqəladə Hallar Nazirliyi (FHN) Heydərov Tale Kəmaləddin oğlunun sifarişi əsasında Göygöl rayonu, Yeni Zod kəndində inşa olunan obyektin istismarına icazə verib.
Yeniavaz.com xəbər verir ki, ümumi sahəsi 5 028,96 kvadratmetr olan bina 3 mərtəbədən və zirzəmidən ibarətdir.
Qeyd edək ki, FHN qeyri-yaşayış binasına 26 avqust 2026-cı il tarixli 14 283 nömrəli istismara hazırlıq rəyi verib.
Məlumat üçün bildirək ki, obyektin sifarişçisi olan Tale Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun böyük oğludur.
Onu da bildirək ki, FHN 2 fevral 2026-cı il tarixində Kəmaləddin Heydərovun kiçik oğlu Nicat Heydərovun sifarişi əsasında Qəbələ şəhəri, Heydər Əliyev prospektində inşa olunan 1 144,92 kvadratmetr olan 3 mərtəbədən ibarət binanın da istismarına icazə verib.
Bundan başqa, FHN 26 yanvar 2026-cı il tarixində Kəmaləddin Heydərovun böyük oğlu Tale Heydərovun sifarişi əsasında Göygöl rayonu, Quşqara kəndində inşa olunan 726,64 kvadratmetr obyektin istismarına icazə verib. FHN həmçinin, ötən ilin iyun ayında Nicat Heydərovun Qəbələ şəhəri, Heydər Əliyev prospektində inşa olunan daha bir obyektinin istismarına icazə verib.
Eyni zamanda, ötən ilin may ayında FHN Tale Heydərovun sifarişi əsasında Qəbələ rayonu, Qəbələ–İsmayıllı yolunun 1,8 kilometrliyində inşa olunan obyektin də istismarına icazə verib.
Bu ilin yanvar ayında isə FHN Nicat Heydərovun sifarişi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Böyük İpək yolu küçəsi, giriş 72 ünvanında inşa olunan, ümumi sahəsi 3 405 kvadratmetr olan 2 mərtəbəli (mansardalı) binadan ibarət obyektin istismarına icazə verib.

Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi



Bakının Səbail rayonunda “Lamborghini Urus” markalı avtomobillə təhlükəli manevrlər edən sürücü barəsində inzibati protokol tərtib olunub.

Qaynarinfo-nun məlumatına görə, hadisə 2026-cı ildə gecə saatlarında Səbail rayonu, Dənizkənarı Bulvarda baş verib.

Məlumata görə, 2003-cü il təvəllüdlü sürücü Hacı Həsənli Ramiz oğlu bazar dəyəri 630 min manat olan “Lamborghini Urus SE MY26 Plug-in Hybrid” markalı, -AV-* dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən müxtəlif ziqzaqvari manevrlər edib.

Sürücünün hərəkəti zamanı avtomobilin təkərlərinin yol səthi ilə sürtünməsi nəticəsində səslər yaranıb. Hadisə “drift” kimi qiymətləndirilib.

Bununla bağlı Səbail Rayon DYP Şöbəsinin əməkdaşı sürücünün əməlini İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tövsif edib. Həmin maddəyə əsasən, avtomobili qəflətən sürətləndirərək təkərlərin yol səthi ilə davamlı sürtünməsi nəticəsində səs yaradılması və ya yol səthində çoxsaylı təkər izlərinin buraxılması avtoxuliqanlıq kimi qiymətləndirilir. İş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib.

Hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə 2003-cü il təvəllüdlü, ali təhsilli, subay və işləyən Hacı Həsənli barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilib.

Məhkəmə qərarında qeyd olunub ki, avtoxuliqanlıq hesab edilməsi üçün hərəkətdə ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi və yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı şəkildə pozulması kimi əlamətlər mövcud olmayıb.

Azərbaycanın çoxvektorlu diplomatiyası - İlham Əliyevin yeni mesajları - ŞƏRH

 

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Azərbaycanın qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və s. məsələlərlə bağlı xarici siyasət istiqamətlərində əsas prioritetlərini ortaya qoydu.

Prezidentin çıxışında Azərbaycanın bundan sonrakı diplomatik kursunun əsas prinsipləri bir daha aydın şəkildə ortaya qoyuldu. Bəyan edildi ki, Azərbaycanın xarici siyasətinin əsasını bundan sonra da müstəqillik, milli maraqların qorunması, dövlət suverenliyi, çoxşaxəli beynəlxalq əlaqələr və heç bir siyasi düşərgədən asılı olmamaq təşkil edəcək.

Dövlət başçısı xüsusilə vurğuladı ki, Azərbaycan xarici siyasətini elə qurmalıdır ki, heç kim ölkənin daxili işlərinə müdaxilə edə bilməsin. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz milli maraqlarına əsaslanan müstəqil aktor kimi mövqeyini qorumaq niyyətini nümayiş etdirir.


Prezident bildirib ki, xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır və nüfuzumuz artır:

"Biz bir çox yeni formatlara qoşuluruq. Bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran və bir çox ölkələrlə, deyə bilərəm ki, bütün qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən ikinci ölkə çətin tapılsın, bəlkə də var. Amma hər halda bu, bir nadir təcrübədir. Təkcə son ayın hadisələrini xatırlatmaq kifayətdir ki, hər kəs görsün, bir-birinə, deməli, düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanda görüşürlər".

Və Azərbaycanın da seçilməsi təsadüfi deyil. İlham Əliyevin də qeyd etdiyi kimi, bunun səbəbi Azərbaycana olan inamdır: "Çünki bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır. İkincisi, indi bir çox ölkələr müxtəlif düşərgələrə üzv olublar, yaxud da ki, olmaq istəyirlər".

Azərbaycanın müstəqillik tarixinin müxtəlif mərhələləri göstərib ki, dövlətin siyasi, iqtisadi və hərbi baxımdan güclü olması onun xarici siyasətdə manevr imkanlarını genişləndirir. Və xarici siyasətimizin ən mühüm xüsusiyyətlərindən biri müxtəlif güc mərkəzləri ilə paralel şəkildə münasibətlər qurmasıdır. Azərbaycan çoxsaylı ölkələrlə, o cümlədən dünyanın müxtəlif qütbləri ilə əlaqələr saxlayır və öz maraqlarını müdafiə edir. Bu siyasətin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan beynəlxalq münasibətlərdə yalnız bir güc mərkəzinə bağlanmır. Əksinə, müxtəlif dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurur. Bu isə ölkəyə mürəkkəb və sürətlə dəyişən beynəlxalq şəraitdə daha geniş diplomatik manevr imkanları verir.

Azərbaycanın yürütdüyü xarici siyasət kursunun mahiyyəti nədir? Bu siyasət heç bir düşərgəyə qoşulmamaqdan ibarətdir və Prezidentin də ifadə etdiyi kimi bundan sonra da belə olacaq. Və bu yanaşma ölkənin xarici siyasətində strateji müstəqilliyin qorunmasının əsas göstəricilərindən biri kimi təqdim olunur. Xarici siyasət modelini bir cümlə ilə ifadə etmək mümkündür: dost və tərəfdaşların sayını artırmaq, lakin milli maraqlar hesabına heç bir asılılıq yaratmamaq.

Azərbaycan geniş geosiyasi proseslərin iştirakçısıdır

Prezidentin çıxışında Azərbaycanın beynəlxalq nüfuzunun artması ilə bağlı səsləndirdiyi fikirlərə gəldikdə, bu, ölkənin son illərdə əldə etdiyi diplomatik nəticələrin miqyasını göstərir. Azərbaycanın beynəlxalq təşkilatlarda fəallığının artması, müxtəlif siyasi və iqtisadi platformalarda iştirakının genişlənməsi ölkənin yalnız Cənubi Qafqaz çərçivəsində deyil, daha geniş Avrasiya məkanında mühüm tərəfdaş kimi qəbul edilməsinə şərait yaradıb.

Dövlət başçısı Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsini də xüsusi hadisə kimi qeyd edib. Azərbaycanın coğrafi baxımdan Mərkəzi Asiyada yerləşməməsinə baxmayaraq, region dövlətləri ilə siyasi, iqtisadi, nəqliyyat və enerji əlaqələrinin inkişafı onun həmin platformaya inteqrasiyasına zəmin yaradıb. Bu fakt Azərbaycanın xarici siyasətində coğrafi sərhədlərin imkanlarından daha geniş yararlanma ənənəsinin formalaşdığını göstərir. Bakı həm Qərb, həm Şərq, həm Şimal, həm də Cənub istiqamətlərində əlaqələrini inkişaf etdirərək özünü müxtəlif regionları birləşdirən mühüm tərəfdaş kimi təqdim edir.

Çin və ABŞ ilə strateji tərəfdaşlıq

"Deyə bilərəm ki, son müddət ərzində iki tarixi hadisə baş vermişdir. Çin və Amerika ilə strateji tərəfdaşlıq münasibətləri qurduq. Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsi imzalanmışdır, Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanmışdır. Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur. Bax, bu iki supergüclə Azərbaycan strateji tərəfdaşdır. Yəni bizim əhalimiz, ərazimiz o qədər də böyük deyil. Nədir bu? Bax, bizə olan inam, bizə olan münasibət, bizim sözümüzə olan inam".

Prezident bununla da, Çinlə hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyannamənin, ABŞ ilə isə Strateji Xartiyanın imzalanmasını Azərbaycanın xarici siyasətində mühüm hadisələr kimi qiymətləndirib. Bu iki ölkənin dünya siyasətindəki çəkisi nəzərə alınarsa, Azərbaycanın hər iki istiqamətdə strateji tərəfdaşlıq münasibətləri qurması Bakının xarici siyasətinin balanslaşdırılmış xarakterini göstərir.

Çin dünyanın əsas iqtisadi və geosiyasi güclərindən biri, ABŞ isə qlobal siyasi, iqtisadi və təhlükəsizlik sistemində aparıcı dövlətlərdən biri olaraq qalır. Bu iki fərqli güc mərkəzi ilə eyni vaxtda strateji münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın heç bir qütbün qarşısında digər tərəfi seçmək məcburiyyətində olmadığını nümayiş etdirir. Burada əsas məsələ tərəf seçmək deyil, Azərbaycanın milli maraqlarına uyğun tərəfdaşlıq imkanlarından istifadə etməkdir.

İslam dünyasında Azərbaycanın artan rolu

Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri də İslam dünyası ilə əlaqələrin inkişaf etdirilməsidir. Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsini mühüm hadisə kimi qeyd edib. Və bəyan edib ki, 30 il ərzində ora bir dənə də olsun yeni üzv qəbul edilməyib və tək Azərbaycan bu şərəfli məsələyə nail oldu, artıq D-8-in üzvüyük:

"İslam Əməkdaşlıq Təşkilatı ilə bizim çox sıx əlaqələrimiz var. Gələn il Azərbaycanda Zirvə Görüşü keçirilməlidir. Bu Zirvə Görüşü sıradan Zirvə Görüşü olmayacaq, çünki bu gün əfsuslar ki, İslam ölkələri bir-biri ilə müharibə aparırlar. Bu bizi çox narahat edir, çox məyus edir, bu olmamalı idi heç vaxt. Hamı yaxşı bilir ki, biz İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər böyük səylər göstəririk və burada da birləşdirici rol oynayırıq. Buna həm bizim tariximiz və bu günümüz, siyasi addımlarımız və imkanlarımız şərait yaradır".

Prezidentin bu sözlərində ən mühüm məqam ondan ibarətdir ki, Azərbaycan müsəlman dövlətləri arasında sülh əmin-amanlığın təmin olunmasına çalışır. Və islam dünyası da bu mesaja xüsusi önəm verməli, qiymətləndirməlidir. Azərbaycanın İslam dünyasında oynadığı rol təkcə siyasi münasibətlərlə məhdudlaşmır və Bakı İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlığın genişləndirilməsi və müxtəlif mədəniyyətlər arasında dialoqun təşviqində də fəallıq göstərir.

Avropa ilə münasibətlərdə strateji tərəfdaşlıq

Avropa İttifaqına üzv dövlətlərlə münasibətləri də Azərbaycanın xarici siyasətin mühüm istiqamətlərindən biri kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyev Azərbaycanın Aİ-nin bir sıra üzv dövlətləri ilə strateji tərəfdaşlıq haqqında sənədlərə malik olduğunu bildirib və əlavə edib ki, bu format artıq 10 Aİ üzv dövlətini əhatə edir.

Bu münasibətlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, nəqliyyat və logistika sistemində və regional əməkdaşlıq layihələrində rolunu artırır. Enerji məsələsi burada xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın neft, qaz, elektrik enerjisi və digər enerji resurslarının ixrac imkanları ölkənin beynəlxalq iqtisadi və siyasi çəkisinin artmasına şərait yaradır. Prezident çıxışında enerji təhlükəsizliyinin milli təhlükəsizliklə birbaşa bağlı olduğunu vurğulayıb.

Beləliklə, İlham Əliyevin qurultayda xarici siyasətlə bağlı çıxışı Azərbaycanın yeni geosiyasi mərhələdə öz qarşısına qoyduğu məqsədləri aydın şəkildə ortaya qoyur. Bu kursun əsasını milli maraqların müdafiəsi, güclü dövlət, balanslaşdırılmış tərəfdaşlıq diplomatiyası təşkil edir.

Qurultayda səsləndirilən mesajlardan belə nəticə çıxarmaq olar ki, Azərbaycanın qarşıdakı mərhələdə xarici siyasətinin əsas məqsədi sadəcə mövcud mövqeləri qorumaq deyil - hədəf daha fəal diplomatiya aparmaq, yeni tərəfdaşlıqlar qurmaq, Azərbaycanın beynəlxalq çəkisini artırmaq və bütün bunları milli maraqların, dövlət suverenliyinin və müstəqil qərarvermənin qorunması ilə paralel həyata keçirməkdir. Bu baxımdan, Azərbaycanın xarici siyasət kursu yeni dünya düzənində özünəməxsus model kimi formalaşır. Bu kurs da çoxvektorlu xarici siyasət kursu və əməkdaşlığı, milli maraqlardan geri çəkilməməyi özündə ehtiva edir.(Report)

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb.

Mətndə deyilir:

"Zati-aliləri,

Xanımlar və cənablar,

Qlobal ictimaiyyəti birbaşa iqlim böhranı ilə mübarizənin ön sıralarına gətirən bu unikal Pre-COP Liderlər Tədbirini təşkil etdiklərinə görə Fici, Tuvalu və Avstraliya hökumətlərinə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirəm.

COP29-a uğurla ev sahibliyi etmiş ölkə olaraq, Azərbaycan davamlılığın təmin edilməsinə və qlobal iqlim gündəliyinin irəlilədilməsinə sarsılmaz sadiqliyini nümayiş etdirərək bu yüksəksəviyyəli tədbirə qoşulur. COP tədbiri ilə bağlı təcrübəmiz iqlim fəaliyyətinin nə təxirə salına, nə də təcrid olunmuş şəkildə həyata keçiriləcəyini bir daha təsdiqlədi. Bu gün buraya Bakı COP29-un irsini qarşıdakı əsas qərarlarla əlaqələndirmək və Azərbaycanda qurulan dinamikanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 31-ci Sessiyasının (COP31) uğurla keçirilməsinə aparan yolu birbaşa dəstəkləməsini təmin etmək üçün toplaşmışıq.

Bu tədbirin Sakit okean regionunda, xüsusən də iqlim dəyişmələrinin gündəlik reallıq olduğu ölkələr Tuvalu və Ficidə keçirilməsi rəmzi məna daşıyır. Bu gün Yer kürəsində heç bir region iqlim dəyişmələrinin təsirlərindən kənarda qalmayıb, lakin Tuvalu kimi bəzi ölkələr üçün bu, ekzistensial təhdid yaradır.

Azərbaycan Xəzər dənizinin səviyyəsinin azalması, su çatışmazlığı və tez-tez baş verən daşqınlar kimi iqlimlə bağlı çağırışlarla üzləşsə də, biz inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) iqlim böhranına ən çox məruz qaldığını qəbul edirik. Bu dövlətlər qlobal istixana qazları tullantılarına cüzi səbəb olmalarına baxmayaraq, iqlim dəyişmələri onların iqtisadiyyatına və infrastrukturuna qeyri-mütənasib şəkildə təsir göstərir, dolanışıq mənbələrini və ekosistemləri məhv edir.

Azərbaycan bu böhranın ən ağır nəticələri ilə üzləşən ölkələri səslərinin yalnız eşidilməsini deyil, həm də onların qlobal iqlim siyasətinin formalaşdırılmasına fəal töhfə verməklərinin tərəfdarı olaraq çıxış edib. Bu ölkələrin özünəməxsus həssaslıqlarının aradan qaldırılması daha sıx beynəlxalq əməkdaşlıq və əlaqələndirilmiş qlobal fəaliyyət tələb edir. İnkişaf etməkdə olan kiçik ada dövlətlərini müdafiə etmək ümumi məsuliyyətimiz olmaqla yanaşı, heç bir dövlətin diqqətdən kənarda qalmamasını təmin etmək uğrunda yönəlmiş mənəvi borcumuzdur.

Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik və onların problemlərini beynəlxalq aləmin diqqət mərkəzində saxlamağa çalışdıq. COP29-dan əvvəl Baham adaları, Tonqa və Tuvalu liderləri Azərbaycanda bir araya gəldilər. Bu səfər inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarını vurğulayan və daha güclü qlobal iqlim tədbirlərinə çağırış edən Bakı Kommünikesinin qəbul edilməsi ilə nəticələndi.

COP29 inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə münasibətlərimizdə yeni bir mərhələnin əsasını qoydu. 2024-cü ildə Bakıda COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin İqlim Dəyişmələri üzrə Liderlər Sammiti həmin dövlətlərin üzləşdiyi çağırışlar barədə məlumatlılığı artırmaq üçün mühüm platforma rolunu oynadı. Bu Sammitdə inkişaf etmiş bütün ölkələri, xüsusilə də müstəmləkə keçmişi olan ölkələri inkişaf etməkdə olan kiçik ada dövlətlərinə iqlim dəyişmələri ilə mübarizədə dəstək olmaq üçün töhfələrini əhəmiyyətli dərəcədə artırmağa çağırdım.

Çoxtərəfli əməkdaşlığımızla yanaşı, inkişaf etməkdə olan kiçik ada dövlətlərini onların milli prioritetlərinə və inkişaf üzrə ehtiyaclarına uyğunlaşdırılmış ikitərəfli əməkdaşlıq vasitəsilə də dəstəklədik. Dünyada ən çox fəlakətlə üzləşən bir sıra ölkələrə qasırğaların, zəlzələlərin və daşqınların təsirlərinin azaldılmasında dəstək verdik. Həmçinin su təchizatı, ərzaq təhlükəsizliyi və mədəni irsin bərpası layihələrini dəstəklədik. İnkişaf etməkdə olan 10-dan çox kiçik ada dövlətinin Təhsil Qrantı Proqramımızdan faydalanması onların vətəndaşlarına Azərbaycandakı universitetlərdə təhsil almasına imkan yaratdı.

İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələrinə dayanıqlılığını artırmaq üçün daha bir mühüm addım olaraq, 2024-cü ildə Azərbaycan və Millətlər Birliyi arasında Birgə Bəyannamə imzalanmışdır. Azərbaycan bu ölkələrdə iqlim dəyişmələri ilə mübarizə sahəsində layihələri dəstəkləmək üçün 5 il müddətində 10 milyon ABŞ dolları məbləğində yardım göstərir. Millətlər Birliyi ilə əməkdaşlığımız, həmçinin ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycan Kosmik Agentliyi - Azərkosmos tərəfindən təqdim edilən peyk məlumatlarından istifadəni də nəzərdə tutur.

Zati-aliləri,

Azərbaycanı inkişaf etməkdə olan kiçik ada dövlətlərindən minlərlə kilometr məsafə ayırsa da, bizi iqlim dəyişmələrinə dayanıqlılığı artırmaq üçün ortaq qətiyyət birləşdirir. Biz həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olmuşuq və dayanıqlı inkişafa nail olmaq, iqlim dəyişmələri ilə mübarizə aparmaq səylərində onları dəstəkləməyə davam edəcəyik.

Ümid edirəm ki, bu toplantı kollektiv səsimizi daha da gücləndirəcək və Antalyada keçiriləcək COP31-ə hazırlıq ərəfəsində mühüm addım olacaq. Fürsətdən istifadə edərək, Türkiyənin və Avstraliyanın qarşıdan gələn COP31 sədrliyinə Azərbaycanın tam dəstəyini ifadə edir və müxtəlif qitələri birləşdirən bu unikal tərəfdaşlıq formatını yüksək qiymətləndirdiyimi bildirirəm.

Bu tədbirə uğurlar arzulayıram. Təşəkkür edirəm".

Tanınmış cərrah İcbari Tibbi Sığortanı yerdən-yerə vurdu - "Rüşvət alaq, yoxsa ölkədən gedək?"


Tanınmış həkim-cərrah Xəyal Aşurəliyev Azərbaycanın tibb sektoru və İcbari Tibbi Sığortanın vəziyyəti ilə bağlı maraqlı paylaşım edib.

"Cebheinfo.az" xəbər verir ki, həkim hazırkı vəziyyəti belə təsvir edib:

"İstəyirəm ki, İcbari Tibbi Sığortanı məhkəməyə verim…

Məhkəmədə hakim desə ki, bala, sənin dərdin nədir?!

Deyəcəyəm ki, sayın hakim bəy!! Elə düşünün ki, qüsurlu bir övladınız və ya nəvəniz dünyaya gəlib… Axtarıb, araşdırmısız ki, Xəyal bu əməliyyatı edə bilir.. Gəlmisiz yanıma… Məndən soruşursunuz ki, ay bala, işlər necə gedir? Mən də deyirəm ki, sayın hakim bəy, sənin 3 aylıq qüsurlu övıadını 3 saat ümumi narkoz altında əməliyyat edəcəyəm, icbari sığorta bu əməliyyata görə mənə 80 manat pul verəcək.

Sual verəcəyəm ki, hörmətli hakim bəy, əlini qoy vicdanına, lütfən vicdanın ilə cavab ver. Əl boyda qüsurlu bir körpənin 3 saatlıq əməliyyatından 80 manat alacağımı bilə-bilə, bu stresi yaşamaq mənə rəvamıdır?! Mən bu əziyyəti, bu stressi 80 manata görə çəkməliyəmmi? Bu 3 saatlıq stressdən ötrü aneztezioloq 20 manat alacaq. Vicdanına and verirəm hakim dayı, anestezioloq 20 manatdan ötrü bu əziyyəti, bu öhdəliyi, bu cavadehliyi götürməlidirmi? Bu uşağın başına bir iş gəlsə, bizim aqibətimiz necə olacaq?"

Həkim bildirib ki, insanlara İcbari Tibbi Sığortanın həkimlərə verdiyini, həkimləri istismar etdiyini anlada bilmirlər:

"İnsanlar deyirlər ki, bizə dəxli yoxdur, maaşımızdan tutulur. Müayinə talonuna 25 AZN yazılır, xəstə elə bilir ki, onu müayinə edən həkim 25 manat alır. Sayın hakim bəy, o talonda yazılan 25 manatın 1 manat 80 qəpiyi həkimə çatır və hamı da bizi daş-qalaq edir".

Həkim başına gəlmiş hadisəni danışıb:

"Bir dəfə TƏBİB nümayəndəsi zəng elədi, dedi ki, doktor, bir qüsurlu körpə var, Ombudsman tapşırıb ki, əməliyyat olunsun. Dedim ki, Ombudsmana deyin, əgər uşağın başına bir iş gəlsə, mənimlə prokurorun yanına girəcəksə, götürüb əməliyyat edim. Sonra xəbər çıxmadı.

Artıq həkimlər risk qrupu daşıyan xəstələri götürmür, hakim bəy! Çünki qəpik-quruşdan ötrü heç kim başının ağrımasını istəmir. Xəstəyə bir şey olsa, o həkimi doğulduğuna, həkim olmağına peşman edirlər.

Hörmətli hakim! Bir dəfə gecə saat 11-də doqquz aylıq uşağı xahiş-minnət, yalvar -yaxardan sonra əməliyyata aldım, bəlkə səhərə saxlasam, başımdan etsəm, səhərə sağ çıxmazdı. Doqquz aylıq 400 CRP, 29 leykositlə, 40 qızdırma ilə gətirilən körpə. Təsəvvür edə bilirsiniz? Uşağı gecə saat 11-də əməliyyat etdim, sonra 15 gün hər gün sarğı etdim, hər gün irinini təmizlədim. İcbari tibbi Sığorta o uşağa çəkdiyim, gecəmi- gündüzümə qatdığım əziyyətimə görə mənə 32 manat pul verdi.

İndi siz deyin, hakim bəy, Biz necə davranmalıyıq, başımızı aşağı salıb işimizimi görməliyik, rüşvətmi almalıyıq, rayondan gələn meyvəli, çolpalı “korobka”yamı göz dikməliyik, yoxsa ölkədənmi getməliyik?

Ya da siz onlara deyin, hakim bəy!! Deyin ki, bu gün xalqın övladı xəstədirsə, sabah o xəstə sizin də evinizdə olacaq və o ağır xəstənizi əməliyyat edəcək həkim tapmayacaqsınız".

Xəstələr yollarda qalıb: Yeni Klinikada MRT və KT işləmir... - NARAZILIQ VAR...


Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların xəstəxanalarda üzləşdiyi daha bir problem geniş müzakirə olunur.

Belə ki, poliklinikalara müraciət edən xəstələrin Kompüter Tomoqrafiyası (KT) və Maqnit Rezonans Tomoqrafiyası (MRT) cihazlarından keçməsi üçün onlara göndəriş verilməlidir.

Poliklinikada isə göndərişlər əsasən, ölkənin ən böyük və müasir xəstəxanası olan Yeni Klinikaya verilir. Çünki Kontrastlı KT əksər xəstəxanalarda yoxdur. Olanlarda isə xəstə növbədə əsasən bir neçə ay gözləməlidir ki, bu müddət xəstənin səhhətinin daha da ağırlaşması deməkdir.

Hazırda da Yeni Klinikada bu cihaz işləmədiyinə görə, poliklinikadan bu xəstəxanaya da göndəriş verilmir. Bundan başqa, rayonlardan göndəriş alan xəstələr Bakıya gəldikdən sonra burada cihazın işləmədiyini görür və yenidən geri qayıtmalı olur.

Qeyd edək ki, sosial şəbəkə tanınmış kardioloq Üzeyir Rəhimov özəl xəstəxanalarda icbari sığortanın olmamasından narazılıq edib:

“Bəli, özəl xəstəxanalara sığorta haqqı verilmir. Nəticədə, sizin vətəndaşlıq haqlarınızı pozurlar, həkim seçmə haqqınızı əlinizdən alırlar, məcbur edirlər ki, başqa dövlət xəstəxanasına gedəsiniz. Dövlət xəstəxanasında isə yaxşı həkimlər olur. Sadəcə orada ən böyük problem alqı-satqı, ləvəzimat əskikliyidir, bu da çox ciddi defektdir.

Ağır işlədiyi üçün xəstəxanalar malla təmin edilə bilmir, bir çox aparatlar işlək deyil. Buna baxmayaraq, xəstələri özələ yox, başqa xəstəxanalara yönləndirirlər. Özəl xəstəxanada bir avadanlıq sıradan çıxanda yerində həll oluna bilir, amma dövlətdə belə deyil, proses uzanır”.

Ölkənin ən böyük klinikası olan Yeni Klinikada KT və MRT, USM həftələrdir işləmir.

Səbəbi nə ilə bağlıdır və həmin cihazların təmiri ilə məşğul olacaq texniki işçi tapılmırmı?

Məsələ ilə bağlı Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən “Cebheinfo.az”-a bildirilib ki, Yeni Klinikanın Poliklinika şöbəsində 7 ultrasəs müayinəsi (USM) kabineti fəaliyyət göstərir:

“Hazırda USM cihazlarında hər hansı texniki nasazlıq qeydə alınmayıb və müayinələr davam etdirilir.

Kompüter Tomoqrafiyası (KT) və Maqnit Rezonans Tomoqrafiyası (MRT) cihazlarında yaranmış texniki nasazlıq səbəbindən isə müvafiq xidmətlərin göstərilməsində müvəqqəti fasilə yaranıb.

Nasazlığın aradan qaldırılması və KT və MRT xidmətlərinin qısa müddətdə bərpa olunması istiqamətində zəruri tədbirlər görülür”.

Yasamalda səkilər “işğal altında” - FOTOLAR


Yasamal rayonunda səkilərin zəbt edilməsi, rayon İcra Hakimiyyətinin isə buna göz yumması davam edir.

Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkə səhifəsində jurnalist Fimar Asimqızı paylaşım edib. O bildirib ki, bu problemlə bağlı icra hakimiyyətinə və aidiyyəti orqanlarla dəfələrlə müraciət edib, lakin illərdir heç bir tədbir görülmür:

“Daha nə yazım axı. Şəhərin mərkəzi piyadaların ixtiyarına verilir, Yeni Yasamalda isə piyada yolunu meyvə-tərəvəz zəbt edib.

Kimlərsə cibini açıb deyə özbaşınalığa gözünü yumub”.

Xatırladaq ki, şikayətçi Fimar Asimqızı Yasamal rayonunda səkilərin zəbt edilməsini dəfələrlə ictimailəşdirib. Lakin problemin nə qarşısı alınıb, nə də bir tədbir görülüb.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq, lakin zənglərimizə cavab verən olmadı.




“Bu şirkətin bütün işçiləri rəsmi əmək müqaviləsi olmadan çalışırlar...” - Prezident Administrasiyasına MÜRACİƏT


Tanınmış jurnalist-publisist Elman Eldaroğlu Moderator.az redaksiyasına müraciət edərək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və digər qurumlara ünvanladığı açıq şikayət məktubunun ictimailəşdirilməsini xahiş edib.

Məktubu olduğu kimi nəzərinizə çatdırırıq:

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Dövlət Vergi Xidmətinə, Dövlət Əmək Müfəttişliyinə, Fövqəladə Hallar Nazirliyinə

Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 143 A ünvanında yaşayan Elman Eldar oğlu Mustafayev tərəfindən

AÇIQ ŞİKAYƏT MƏKTUBU

Hörmətli, Cənablar! Bu məktubumla Sizə bildirirəm ki, yuxarıda adıçəkilən binanı 29 mart 2024-cü ildə dövlət qeydiyyatından keçən “Binəqədi-38” Mənzil-Məişət Mülkiyyətçiləri Cəmiyyəti(MMMC) idarə edir. Dəfələrlə müvafiq dövlət strukturlarna şikayət etsəm də, "Binəqədi-38" MMMC-də baş verən qanuna zid hərəkətlərlə bağlı heç bir ölçü götürülmür. Belə ki, burada çalışan işçilər, yəni komendant, inzibati işçi, xadimə və s. rəsmi əmək müqaviləsi olmadan çalışırlar. Hətta aralarında heç bir iş izni olmayan Gürcüstan vətəndaşı da var...

Bundan əlavə "Binəqədi-38" MMMC-nin sədri Eldar Səfərov heç bir rəsmi əmək müqaviləsi olmayan komendant Şamil Ağa oğlu Əliyevi imzalayıb möhürlədiyi saxta protokolla binanın yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxs təyin edib. Bu isə məni çox narahat edir. Sabah binamızda yanğın baş verərsə, tələf olan insanların necə deyərlər, qanları batacaq...

Həmin 001/3-2-2026 nömrəli protokol FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti 1-ci Ərazi Dövlət Yanğın İdarəsinə təqdim edilib və onların dəftərxanasında özüm görmüşəm. Bu isə qanunvericiliyin ciddi şəkildə pozulması olsa da Eldar Səfərov adıçəkilən binanın yanğın təhlükəsizliyinin bərbad halda olduğunun məsuliyyətindən yayına bilib. Saxta protokol imzalamaqla MMMC sədri faktiki olaraq əmək müqaviləsi olmadan çalışan komendant Şamil Ağa oğlu Əliyevlə aralarında əmək münasibətlərinin olduğunu rəsmən etiraf etmiş olur və bu sənəd yoxlama zamanı əsas sübut rolu oynaya bilər...

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (elektron sistemdə qeydiyyatdan keçmədən) fiziki şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə "Binəqədi-38" MMMC-nin sədrini fiziki şəxs kimi inzibati cərimə gözlədiyi halda ona “gözün üstə qaşın var” deyən də yoxdur...

Eyni zamanda, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, MMMC-nin sədrinə işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi yolu ilə gəlirlərin gizlədilməsinə şərait yaradıldığı üçün maliyyə sanksiyası kəsilməlidir. Amma nə olsun, necə deyərlər, sədr öz işindədir, heç kimi də saya saymır, heç kimlə hesablaşmaq da istəmir...

Cənablar, sizdən xahiş edirəm ki, binamızda hökm sürən bu özbaşınalığa- rəsmi əmək müqaviləsi olmadan ölkə və xarici vətəndaşların işləməsinə, sənədlərin saxtalaşdırılmasına, o cümlədən "Binəqədi-38" MMMC-nin rəhbərliyi tərəfindən törədilən bütün qanun pozuntularına qanuna müvafiq münasibət bildirəsiniz...

5 oktyabr 2026-cı il

Hörmətlə, Elman Eldar oğlu Mustafayev,
Jurnalist, publisist
Əlaqə nömrəsi: 055-215 -33- 65”

Redaksiyadan:

Araşdırmamızdan bəlli oldu ki, “Binəqədi-38” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti Bakı şəhərinin Binəqədi rayonunda çoxmənzilli yaşayış binalarının idarə olunması və saxlanılması ilə bağlı fəaliyyət göstərən qurumlardan biridir.

Açıq mənbələrdə MMMC-nin fəaliyyət ünvanı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 143A kimi göstərilir.

Açıq mənbələrdə yayılan məlumatlara görə, cəmiyyətə Eldar Fərhad oğlu Səfərov rəhbərlik edir.

Hüquqi məlumat...

Açıq mənbələrdə “Binəqədi-38” MMMC-nin VÖEN-i 1009734441 kimi göstərilir. Bu məlumatın Dövlət Vergi Xidmətinin mənbələrində yayılıb.

MMMC-nin konkret hüquqi statusu, təsisçiləri, idarəetmə orqanlarının tərkibi və nizamnamə məlumatlarının ayrıca rəsmi reyestr məlumatları əsasında dəqiqləşdirilməsi məqsədəuyğundur.

Rəhbərlik

Rəhbər: Eldar Fərhad oğlu Səfərov.

Onun MMMC rəhbəri kimi fəaliyyət göstərməsi barədə məlumat müxtəlif açıq internet materiallarında yer alır. Rəhbərin vəzifəyə təyin edilməsinin tarixi və səlahiyyət müddəti barədə açıq mənbələrdə kifayət qədər dəqiq məlumat aşkarlanmayıb.

Təəssüf ki, “Binəqədi-38” MMMC-nin təsdiqlənmiş rəsmi telefon nömrəsini müəyyən edə bilmədiyimizdən şirkətin rəhbərliyi ilə əlaqə yarada bilmədik.
Odur ki, şikayət edilən tərəf kimi MMMC-nin rəhbərliyinin də şərhini dinləyib dərc etməyə hazırıq.

Eyni zamanda Binəqədi Rayon İcra Hakimiyyəti, aidiyyəti kommunal qurumlar və zərurət olarsa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən də rəsmi məlumat almağa çalışacağıq.

Araşdırmamız üçün diqqət çəkən digər məqamlar da üzə çıxdı:

Açıq mənbələrdə “Binəqədi-38” MMMC ilə bağlı müxtəlif şikayət və müraciətlərə rast gəlinir. Bu materialların bir hissəsində MMMC-nin fəaliyyəti, sakinlərlə münasibətlər, mənzil-kommunal xidmətlər və idarəetmə məsələləri ilə bağlı digər şikayət və iddialar səsləndirilir.

Xüsusilə aşağıdakı məsələlərin araşdırılması məqsədəuyğundur:

MMMC-nin hüquqi statusu və fəaliyyətinin qanunauyğunluğu;

MMMC-nin hansı binalara və mənzillərə xidmət göstərməsi;

sakinlərdən toplanan aylıq və digər ödənişlərin məbləği;

toplanan vəsaitlərin hansı işlərə xərclənməsi;

idarəetmə və maliyyə hesabatlarının sakinlərə təqdim edilib-edilməməsi;

MMMC rəhbərinin seçilməsi və ya təyin olunması qaydası;

sakinlərin ümumi yığıncaqlarının keçirilib-keçirilməməsi;

binanın təmiri, lift, istilik, su, kanalizasiya, təmizlik və digər xidmətlərlə bağlı vəziyyət;

sakinlərin yazılı şikayətlərinə MMMC tərəfindən verilən cavablar;

dövlət qurumlarına edilmiş müraciətlər və həmin müraciətlər üzrə verilmiş rəsmi cavablar.
Və s.

“Azəriqaz” əhaliyə qaz yerinə mavi hava satır – Fakt


Yeni Yasamal sakinləri qazın təzyiqinin olduqca aşağı olmasından şikayətlənirlər.

Tribuna.az xəbər verir ki, bu barədə sakin Müşfiq Abdulla sosial şəbəkə hesabında paylaşım edib. O, ərazidə qazın normal istifadə üçün yararsız vəziyyətdə olduğunu bildirib.

“Yeni Yasamalda qaz yoxdur! Yoxdur deyəndə ki, əhaliyə mavi rəngdə hava satırlar. Bir çaydan suyun qaynaması 1 saat çəkir. Hamamlara isti su getmir”, – deyə Müşfiq Abdulla qeyd edib.

Onun paylaşımına şərh yazan digər şəxslər də oxşar problemlə üzləşdiklərini bildiriblər.

Şərhlərdən görünür ki, qazın təzyiqinin aşağı olması ilə bağlı narazılıqlar yalnız Yeni Yasamalla məhdudlaşmır. Müxtəlif ərazilərdə yaşayan bəzi sakinlər də qazın ya zəif, ya da mavi rəngdə, amma hava formasında gəlməsindən şikayətləniblər.

Sakinlərin sözlərinə görə, qazın təzyiqinin aşağı olması gündəlik məişət işlərini çətinləşdirir, xüsusilə su qızdırmaq və isti sudan istifadə ilə bağlı problem yaradır.

İntiqam Cümşüdovun Xətai rayonunda obyektləri artır -Başçının adamına "dur" deyən yoxdu


Rafiq Quliyevlə İntiqam Cümşüdov cütlüyünün Xətai rayonunda qanunsuz tikililəri...
Paytaxın Xətai rayonun qanunsuz tikintilərin çoxluğu ilə seçilən ərazilərdəndir. Məhz Rafiq Quliyev icra başçısı təyin edildikdən sonra Xətai rayonunda qanunsuz tikintilər sürətlə artmağa başladı və bu işdə başçının "makleri" rolunda Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini İntiqam Cümşüdov çıxış edib və hələ də öz rolunu davam etdirməkdəir.
Qeyd edək ki, hər həftə Xətaidə qanunsuz tikililərlə bağlı çoxlu sayda videogörüntü yayılır və bu videogörüntülərdə Xətaidə baş alıb gedən özbaşınalığın, eyni zamanda şəhərin ümumi arxitekturasının necə çirkinləşdirildiyini görürük.
Bu barədə bizə danışan mənbə bildirir ki, bütün bu qanunsuz tikililərin arxasında duran şəxs İntiqam Cümşüdovdur. Daha doğrusu işbazlarla icra başçısı arasında vasitəçi olan şəxsdir. İş o yerə çatıb ki, İntiqam Cümşüdov təhlükəsizlik qaydalarını belə nəzərə almadan bəzi işbazlara binaların üzərində əlavə mərtəbələr tikməyə razılıq verir.
Məlumata görə, İntiqam Cümşüdov özü son beş ildə Xətai rayon ərazisində onlarla obyekt tikdirib və bu obyektlərin böyük hissəsi sənədsizdir. Rafiq Quliyevin ona verdiyi səlahiyyətdən istifadə edən İntiqam Cümşüdov Xətai rayonunda obyektlərinin sayını gündən-günə artırmaqdadır. Yəni bizim hər həftə Xətaidən izlədiyimiz qanunsuz tikililərlə bağlı vidogörüntülərdəki obyektlərin bəziləri elə İntiqam Cümşüdova aiddir. Həmçinin İntiqam Cümşüdovun Biləcəri qəsəbəsində də obyektlərinin olduğu bildirilir.
Qeyd edək ki, Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləyən İntiqam Cümşüdov Xətai rayonunda ən imkanlı məmurlardan biri kimi tanınır. İntiqam Cümşüdov Xətai rayonu Gəncə prospektində çoxsaylı obyektlərə sahibdir. Həmin obyektlərin bu günki bazar qiymət milyonlarla ölçülür.
Xatırladaq ki, İntiqam Cümşüdov bundan əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə ərazi icra nümayəndəsi vəzifəsində işləyib və Rafiq Quliyevlə dostluq münasibətlərinə sahibdir. Rafiq Quliyev Xətaiyə başçı keçdikdən sonra dostunu yanına alaraq, onu Xətai üzrə baş "makler" təyin edib.(azfakt.com)

Xəbər lenti

"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14