"Caspian Global Auto"dan şikayət - "Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb"


Vətəndaş Bəhram Axundov redaksiyamıza müraciət edərək "Caspian Global Auto" şirkətindən ciddi narazılığını ifadə edib. Onun sözlərinə görə, Çindən sifariş etdiyi avtomobil müqavilədə göstərilən müddətdə Azərbaycana gətirilməyib, daha sonra isə razılığı olmadan başqa VIN kodlu avtomobil alındığı bildirilib.

Şikayətçinin sözlərinə görə, o, 11 may tarixində "Caspian Global Auto" vasitəsilə Çindən avtomobil sifariş edib. Şirkət nümayəndələri avtomobilin 40-45 gün ərzində Azərbaycana çatdırılacağını vəd ediblər.

Bəhram Axundov bildirir ki, ilkin olaraq 3 min manatı özünü şirkət rəhbəri kimi təqdim edən Ramil adlı şəxsə kartdan-karta köçürüb. Ertəsi gün isə qalan məbləği təqdim olunan PDF sənədi əsasında "Kapital Bank" vasitəsilə ödəyib.

Onun sözlərinə görə, sifarişdən təxminən 20 gün sonra avtomobilin daşınma prosesi ilə maraqlanmağa başlayıb. Şirkətdən avtomobilin Çinin Horgos şəhərinə çatdığı bildirilsə də, bunu təsdiq edən video və ya foto material təqdim edilməyib. "Video görüntü tələb etdim. Məhz bundan sonra müxtəlif bəhanələrlə məni günlərlə, həftələrlə gözlətməyə başladılar", – deyə şikayətçi bildirir.

"Razılığım olmadan başqa avtomobil alınıb"

Bəhram Axundov iddia edir ki, sonradan ona sifariş etdiyi avtomobilin ümumiyyətlə mövcud olmadığı bildirilib. Onun sözlərinə görə, şirkət heç bir razılıq almadan eyni model və eyni rəngdə, lakin başqa *VIN kodlu* avtomobil aldığını etiraf edib.

Şikayətçi bildirir ki, sifariş zamanı avtomobilin son istehsal aylarına aid olmasını xüsusi tələb edib və ona mart-aprel istehsalı olan avtomobil vəd edilib. Lakin sonradan onun razılığı olmadan yanvar istehsalı olan başqa avtomobil alındığı deyilib.

"Mən yalnız ödədiyim VIN kodlu avtomobili qəbul edəcəyimi bildirdim. Başqa VIN kodlu avtomobili qəbul etmədim və müqavilənin ləğv edilərək pulumun qaytarılmasını tələb etdim", – deyə o qeyd edir.

"Avtomobil yoldadır dedilər, sonradan məlum oldu ki, heç avtovoza yüklənməyib"

Şikayətçi bildirir ki, şirkət ona dəfələrlə müxtəlif tarixlər verərək avtomobilin artıq yolda olduğunu deyib. Onun sözlərinə görə, əvvəlcə iyunun sonu, daha sonra iyulun 12-si, 15-i və 20-si tarixləri göstərilib.

Lakin iddiasına əsasən, iyulun əvvəlində şirkətin ofisinə gedərkən ona avtomobilin ümumiyyətlə avtovoza yüklənmədiyi bildirilib. Bəhram Axundovun sözlərinə görə, şirkətin əməkdaşları bunun səbəbini qarşı tərəfin səhlənkarlığı ilə izah ediblər. "Mənə iki həftə ərzində avtomobilin yolda olduğu deyildi. Sonradan məlum oldu ki, ümumiyyətlə daşınmağa belə başlamayıb", – deyə şikayətçi bildirir.

"Bilet tarixini dəyişdim, əlavə xərc çəkdim"

Şikayətçi bildirir ki, şirkətin verdiyi vədlərə inanaraq xarici səfərinin tarixini dəyişmək məcburiyyətində qalıb. Onun sözlərinə görə, təyyarə biletlərinin tarixini dəyişdiyinə görə əlavə cərimə ödəyib və bu zərərin də şirkətin gecikməsindən qaynaqlandığını iddia edir.

Bundan başqa, Kapital Bank filialına müraciət etdiyini bildirən vətəndaş deyir ki, avtomobilin VIN kodunun dəyişdirilməsi səbəbindən əlavə 60 ABŞ dolları məbləğində komissiya və ya cərimə ödənilə biləcəyi ona bildirilib.

"Bütün yazışmalar və səs yazıları məndədir"

Bəhram Axundov qeyd edir ki, şirkətin əməkdaşları ilə apardığı bütün WhatsApp yazışmaları, səsli danışıqlar və digər sübutları saxlayıb.

O bildirir ki, müqavilədə göstərilən çatdırılma müddəti artıq keçib, lakin avtomobil hələ də təhvil verilməyib. Şikayətçi internetdə apardığı araşdırmalar zamanı da şirkətlə bağlı gecikmələr və digər problemlərlə bağlı müxtəlif məlumatlarla rastlaşdığını iddia edir.

Dövlət qurumlarına və məhkəməyə müraciət edəcək

Bəhram Axundov bildirib ki, yaxın günlərdə məsələ ilə bağlı *Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, **Daxili İşlər Nazirliyinə* və aidiyyəti digər dövlət qurumlarına rəsmi müraciət edəcək.

Onun sözlərinə görə, vəkillə məsləhətləşərək məhkəməyə müraciət etməyi, ödədiyi məbləğin tam şəkildə geri qaytarılmasını, həmçinin gecikmə və vurulduğunu iddia etdiyi maddi zərərə görə kompensasiya tələb etməyi planlaşdırır. Redaksiya səsləndirilən iddialarla bağlı "Caspian Global Auto" şirkətinin də mövqeyini dərc etməyə hazırdır.(Bizimesr.com)



Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir



Sumqayıtda yerləşən “Levent 2” yaşayış kompleksinin sakinləri binanın aşağı hissəsində mərasim evinin açılmasından narazıdır.

Bu barədə “Baku TV”yə danışan şikayətçi Könül Əhmədova düşünür ki, yaşayış binasında yas mərasimlərinin keçirilməsi onun övladlarının psixologiyasına mənfi təsir edəcək: “Burada obyektin ərazisi 500 kvadrat metrdən çoxdur. Hər gün yüzlərlə insan gələcək, minimum 300-400 adam olacaq. Bir ana olaraq bundan narahatam. Sahibkar artıq parkinq yerindən şəxsi lift də istifadəyə verib”.

Digər sakin Şirinbəyim Əhmədova isə mərasim evi açıldıqdan sonra heç bir halda sakitliyə riayət edilməyəcəyini deyir: “Bütün günü arvadlar ağlayacaq, molla başlayacaq. Bizə burada sakitlik yoxdur. Bir tərəfdə stadiona futbola gələcəklər, bir tərəfdə bulvara turistlər gəlir, ortada isə mərasim evi...”

Obyekt sahibi Namiq Dövlətov sakinlərin narazılığına cavab olaraq bildirib ki, məclis baş tutan zaman heç bir ağlaşma olmayacaq: “Problem yoxdur, ağlaşma olmayacaq, izolyasiya olunub. Bura məclis evidir, elə bir şey yoxdur ki, kimsə gəlib ağlasın, qışqırsın. Mən icazə vermirəm ki, kimsə ağlasın. Biri öləndə hüznlü olmaq lazımdır. Lift isə binanın parklanma hissəsində deyil, birinci mərtəbədən ikiyə çıxmaq üçündür. Bütün qurumlardan icazə almışıq”.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə qeyd edilib ki, yaşayış kompleksi Dövlət Mənzil Fonduna aid deyil: “Bu, özəl tikinti çərçivəsində inşa olunmuş çoxmənzilli yaşayış binasıdır. Belə yaşayış komplekslərində ümumi əmlakın idarə olunması və istifadəsi ilə bağlı məsələlər qanunvericiliyin tələblərinə uyğun olaraq mənzil mülkiyyətçilərinin ümumi yığıncağının, habelə idarəedici qurumların qərarı vasitəsilə tənzimlənir”. (Bizimesr.com)

Daha ətraflı videomaterialda:

https://www.bizimesr.com/az/post/sakinler-merasim-evinden-narazidir--sahibkar-men-aglamaga-icaze-vermirem-deyir-22574

14 il şiddət görən qadının əri saxlanıldı


İki gün öncə həyat yoldaşı tərəfindən şiddətə məruz qaldığı üçün uşaqları ilə birlikdə sığınacağa yerləşdirilən qadının əri polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, qadın 14 il ərzində davamlı olaraq fiziki və psixoloji zorakılığa məruz qalıb. Uşaqların səs salması, ən xırda məişət məsələləri və digər kiçik səbəblər belə həyat yoldaşının ona qarşı zorakılıq etməsi ilə nəticələnib.

Qadın uzun illər davam edən bu şiddətlərdən sonra övladlarını da götürərək sığınacağa müraciət edib.

Məlumatda qeyd edilib ki, qadının sözlərinə görə, yaxınları ona dəstək olmağa çalışsalar da, həyat yoldaşı dəfələrlə ailəsinin yaşadığı ünvana gələrək onlara da hücum edib.

Hazırda qadının məhkəmə-tibbi ekspertizadan keçiriləcəyi bildirilir. Daha sonra ona hüquqi, psixoloji və sosial dəstəyin göstərilməsi, həmçinin təhlükəsiz şəraitdə həyatını yenidən qurması üçün zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?




Yəqin ki, dünya botanika elmi Sabunçu rayonunda baş verən növbəti "təbiət möcüzəsindən" hələ də xəbərsizdir. Adil Vəliyevin rəhbərlik etdiyi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindən redaksiyamıza daxil olan mənzərə, rayon rəhbərliyinin "yaşıllaşdırma" siyasətinin növbəti şedevridir.


Yavər Əliyev küçəsində qəfildən, elə-belə, heç bir səbəb olmadan (?) daş hasarın arxasında qalan onlarla şam ağacı eyni anda "infarkt" keçirib və quruyub. Təbiətin bu qəribə işinə baxın ki, hasarın xaricindəki ağaclar hələ birtəhər nəfəs alır, amma hasarın daxilinə — yəni kimlərinsə gələcək obyekt layihəsinin ərazisinə — düşən ağaclar kütləvi şəkildə kül rənginə boyanıb. Biz əlbəttə ki, kimisə ağacları qəsdən yandırmaqda və ya məhv etməkdə birbaşa ittiham edə bilmərik. Amma Bakıdakı tikinti mafiyasının illərdir sınaqdan keçirdiyi və hamıya bəlli olan "ənənəvi" qurutma metodlarını ehtimal etmək redaksiyamızın və sakinlərin ən təbii haqqıdır. Ola bilsin ki, ağacların kökünə kimyəvi "vitamin" tökülməsi və ya suyunun kəsilib, dibinin betonlanması nəticəsində onlar eyni anda bu hala düşüb. Sonra isə "baxın, bu ağaclar onsuz da quruyub, sakinlərin təhlükəsizliyi üçün kəsirik" deyib yerində növbəti şadlıq sarayı, market və ya hündürmərtəbəli bina ucaltmaq ssenarisi artıq Sabunçuda adiləşib.


Hasarın tən ortasından çəkilməsi, ərazidə aktiv tikinti qalıqlarının, taxta qəliblərin olması və bütün bunların birbaşa strateji qaz borularının mühafizə zolağında baş verməsi isə aidiyyəti qurumların bu mənzərəyə necə göz yumduğunu göstərir. Maraqlıdır, Yavər Əliyev küçəsində bu boyda daş hasar ucalanda, tonlarla tikinti tullantısı əraziyə töküləndə Sabunçu Rayon İcra Hakimiyyətinin müvafiq şöbələri, bələdiyyə hara baxırdı? Yoxsa bu hasarlar gecə feyaların sehirli çubuğu ilə bir saniyədə tikilib? Ortada açıq-aşkar ekoloji cinayət və özbaşınalıq var, amma görünən odur ki, Sabunçu rayonundakı məmurlar üçün yaşıl zonalar sadəcə qazanc mənbəyindən ibarətdir. Mediatvaz.com olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətini və Sabunçu Rayon İcra Hakimiyyətini bu "möcüzəvi qəsdə" aydınlıq gətirməyə çağırırıq. O daş hasarın sənədi varmı? O ağacların eyni anda qurumasının "elmi" izahı nədir? Mövzu diqqətimizdədir və tərəfimizdən davam etdiriləcək. Sözügedən məsələ ilə bağlı aidiyyəti qurumların da cavab haqqını tanıyırıq.


Mediatvaz.com

DÇ finalının fasiləsi uzadılacaq


2026-cı il dünya çempionatının finalında fasilə ilk dəfə xüsusi şou proqrama görə uzadılacaq.

Adətən 15 dəqiqə olan fasilənin 30 dəqiqəyə çatdırılması planlaşdırılır.

Şounun bədii rəhbəri “Coldplay” qrupunun solisti Kris Martin olacaq. Proqramda Castin Biber, Şakira, BTS, Madonna və digər məşhur ifaçılar səhnə alacaqlar.

Qeyd edək ki, IFAB qaydalarına görə, matçın fasiləsi 15 dəqiqədir və yalnız hakimin razılığı ilə dəyişdirilə bilər.

Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa…


Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 09.07.2026-cı ildə dövlət satınalmalarının portalında keçirilmədən 3 satınalma müqaviləsi bağlayıb.

İnşaat materiallarının satınalması üzrə 102.578,58 manat dəyərində müqavilə “TEXNOPARK AS” MMC ilə bağlanılıb. (tərəflər arasında İnşaat materiallarının satınalınması ilə əlaqədar 05.09.2025-ci il tarixdə dərc edilmiş açıq tender prosedurunda qalib olmuş “Texnopark AS” MMC (VÖEN 1306544151) ilə 01.12.2025-ci il tarixdə 102.578,58 manat məbləğində satınalma müqaviləsi imzalanmışdır. Burada qiymətlərin qəpiyinə qədər eyni olması suallar yaradır)

Qaraməmədli-1 nasos stansiyasında nasos stansiya binasının əsaslı təmiri üzrə 158.488,18 manat dəyərində müqavilə “AZMEK-LTK” MMC ilə bağlanılıb. (tərəflər arasında “Qaraməmmədli-1 nasos stansiyasında nasos stansiya və gözətçi binasının, təzyiqli plastik boru xəttinin (D=250 mm; L= 1200 p/m) əsaslı təmiri işləri”nin satın alınması üzrə 158.488,18 manat dəyərində bir müqavilə də 24.06.2024-cü ildə bağlanılıb. Burada 2024-cü ildə bağlanan müqavilə ilə 2026-cı ildə bağlanan müqavilənin qiymətinin qəpiyinə qədər eyni olması şübhə doğurmaya bilmir)

Nurallar kəndi №1,Rüstəmli kəndi№236,Qaramanlı kəndi №223,qaramanlı kəndi №117,Xaldan kəndi №186,Xaldan kəndi №150,Xaldan kəndi №506,reper nömrəli quyularının iş rejiminin bərpası üzrə 243.879,26 manat dəyərində müqavilə “İQBAL-R” MMC ilə bağlanılıb.

Qeyd edək ki, mediada “İQBAL-R” MMC-nin müxtəlif rayonlarda subartrzian quyularının qazılması üzrə şişirdilmiş qiymətlərlə onlarla tenderin qalibi olması barədə təkzib edilməmiş məlumatlar var.

Rəsmi məlumatlarda “İQBAL-R” Məhdud Məsuliyyətli Cəmiyyətinin 25.02.2010-cu il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BƏRDƏ RAYONU, BƏRDƏ ŞƏHƏRİ, M.HÜSEYNZADƏ, ev 66, qanuni təmsilçisi kimi isə Zeynalov Rahim Zahid oğlu qeyd olunub. Amma qeyri rəsmi məlumatlara görə MMC-nin arxasında Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin keçmiş rəisi Atamoğlan Babayev dayanır.

Göründüyü kimi Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 3 satınalma müqaviləsini dövlət satınalmalarının vahid internet portalında keçirilmədən bağlayıb. Bununla bağlı Qanun nəyi tələb edir.

“Dövlət Satınalmaları Haqqında” Qanununun15.1.-ci maddəsində göstərilir: Bu Qanunuun 3.12-ci və 15.3-cü maddələrinin (Məxfi məlumatlarla əlaqəli satınalmalar və bu satınalmalarla bağlı prosedurlar kağız daşıyıcılarında həyata keçirilir) tələbləri nəzərə alınmaqla, satınalma yalnız portal vasitəsilə həyata keçirilir.

Onda Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi bu satınalmaları nə üçün dövlət satınalmalarının vahid internet portalında keçirməyib?

Çünki, qurumun müqavilə bağladığı MMC-lər birbaşa Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən və Regional Su Meliorasiya Xidmətindən idarə olunur. Adı çəkilən dövlət qurumları sözügedən şirkətlərlə hər il dəyəri milyonlarla manata çatan onlarla satınalma müqavilələri bağlayırlar.

Qeyd edək ki, Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Tural Mahmudovdu. O, bu vəzifəyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə 2025-ci ilin aprelində təyin edilib. Medianın yaydığı məlumata görə əvvəllər Agentliyin strukturlarında məsul vəzifələrdə çalışıb.

Qeyd edək ki, məqalədə göstərilənlərə aydınlıq gətirilməsi məqsədi ilə Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə ünvanladığımız sorğuya cavab olaraq baş mühasib Elçin Yusifov bildirdi ki, göstərilən satınalmalarda heç bir qanun pozuntusuna yol verilməyib. Həmin müqavilələr bağlandığda Tural Mahmudov bu idarədə işləməyib. İnşaat materiallarının satınalması və Qaraməmədli-1 nasos stansiyasında əsaslı təmiri üzrə 2024-2025-ci ilərdə bağlanmış müqavilələr yarımçıq qaldığından biz həmin işin davamı olaraq yenidən müqavilə bağlamışıq. Burada heç bir qanunsuzluğa yol verməmişik.

Xatırladaq ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə həmin Qanunun 22-ci maddəsinin tələbləri nəzərə alınmaqla, satınalma predmetinin adı, miqdarı, həcmi, ətraflı təsviri, zəruri texniki və keyfiyyət xüsusiyyətləri (o cümlədən planlar, çertyojlar və eskizlər), göndərilməsi (görülməsi və ya göstərilməsi) yeri, proqnozlaşdırılan icra qrafiki və son tarixi şərtlər toplusunda öz əksini tapmalıdır.

Yəni tərəflər arasında bağlanmış müqavilənin icrası şərtlər toplusunda göstərilən müddətdə başa çatmalıdır. Mövcud qanunvericiliyə görə, satınalma müqaviləsi qüvvəyə mindikdən sonra müqavilənin şərtlərinin dəyişdirilməsinə yol verilmir. Satınalma müqaviləsinin şərtlərinin dəyişdirilməsi barədə tərəflərin bir-birinə etdiyi yazılı müraciətlərə 10 iş günü müddətində baxılır.

Bəs necə olur ki, Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Satınalma Komissiyası 2024 və 2025-ci ildə bağladığı və yarımçıq qalmış iş üzrə yenidən tender keçirir?

Digər tərəfdən sözügedən Qanuna görə satınalmanın maliyyələşdirilməsi dayandırıldıqda(36.1.6.) satınalma ləğv edilməlidir. Amma Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Satınalma Komissiyası tərfindən satınalmanın hansı səbəbdən dayandırılması barədə satınalmaların portalında heç bir məlumat verilməyib.

Bağlanmış müqavilə üzrə öhtəlikləri təchiçatçı pozarsa satınalan təşkilat dərhal nəzarət orqanı olan Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyin ə məlumat verməldir. Nəzarət orqanı isə öhdəlikləri yerinə yetirə bilməyən təzhizatçı barədə qqanunla müəyyən edilmiş qaydada tədbirlər görməlidir.

Əgər müqavilə üzrə öhtəliklər satınalan təşkilat tərəfindən pozularsa, satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalma müqaviləsində müəyyən olunmuş müddətdə ödənilmədikdə, gecikdirilmiş hər gün üçün satınalma müqaviləsində müəyyən olunmuş məbləğdə dəbbə pulu hesablanır.

Buradan da ortaya bir çox suallar çıxır.Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən “TEXNOPARK AS” və “AZMEK-LTK” MMC arasında 2024-2025-ci illərdə bağlanmış müqavilələr niyə vaxtında icra olunmayıb. Müqavilədən gələn öhdəlikləri kim pozub. Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Tural Mahmudov köhnə rəislərin qaranlıq işlərini ört basdır edir, yoxsa…


Aktualinfo.net

Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir: “Eyni xəstəyə fərqli rəylər verilir”


Siyəzən rayonunun Eynibulaq kənd sakini Abasov İntizam Abasmirzə oğlu redaksiyamıza müraciət edərək həyat yoldaşının müalicəsi və tibbi sənədləşmə prosesi ilə bağlı Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən narazılığını bildirib.

Şikayətçinin sözlərinə görə, ailə yalnız həyətyanı sahəsində becərdikləri kənd təsərrüfatı məhsullarının satışı hesabına dolanır. O bildirir ki, həyat yoldaşı hər iki gözündə ağır görmə məhdudiyyəti olan şəxsdir və uzun müddətdir Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinə və müalicə olunur.

Şikayətə əsasən, xəstəyə mərkəzdə göz buynuz qişasının transplantasiyası əməliyyatı aparılıb. Ailənin iddiasına görə, əməliyyatdan əvvəl müəyyən qədər görmə qabiliyyəti olduğu halda, əməliyyatdan sonra görmə vəziyyəti daha da pisləşib və hazırda o, gündəlik həyatını müstəqil şəkildə davam etdirməkdə ciddi çətinlik çəkir.

Abasov İntizam bildirir ki, müxtəlif vaxtlarda eyni xəstə ilə bağlı verilən tibbi rəylər arasında ciddi ziddiyyətlər mövcuddur. Onun sözlərinə görə, bəzi tibbi sənədlərdə görmə göstəricisi 0.01 kimi qeyd edilsə də, əlilliyin təyin olunması üçün təqdim edilən digər rəsmi rəylərdə görmə səviyyəsi daha yüksək göstərilir. Digər oftalmoloqların verdiyi rəylərlə Respublika Oftalmologiya Mərkəzinin rəyi arasında da ciddi fərqlər olduğu iddia edilir.

Şikayətçi hesab edir ki, bu ziddiyyətlər həyat yoldaşının real sağlamlıq vəziyyətini əks etdirmir və nəticədə onun əlilliyinin rəsmiləşdirilməsi, sosial təminat hüquqlarından istifadə etməsi və daimi qulluq göstərən şəxsin təyin olunması prosesinə mənfi təsir göstərir.

Vətəndaş bildirir ki, məsələ ilə bağlı dəfələrlə mərkəzin rəhbərliyinə müraciət edib, müxtəlif dövlət qurumlarına yazılı ərizələr göndərib və müayinələr zamanı istifadə olunan tibbi avadanlıqların sertifikatlarının təqdim olunmasını tələb edib. Lakin onun sözlərinə görə, bu müraciətlərə tam və əhatəli cavab verilməyib.

Şikayətçi həmçinin bildirir ki, mərkəzin direktoru Elmar Qasımovun qəbuluna düşmək üçün dəfələrlə cəhd göstərsə də, buna nail ola bilməyib.

İctimaixeber.org tərəfindən aparılan araşdırma zamanı da məlum olub ki, vətəndaş uzun müddətdir müxtəlif dövlət qurumlarına və aidiyyəti instansiyalara müraciətlər edir. Redaksiyamızın əldə etdiyi məlumatlara görə, ailə əsasən tibbi rəylər arasındakı ziddiyyətlərin aradan qaldırılmasını və xəstənin sağlamlıq vəziyyətinə uyğun obyektiv rəy verilməsini tələb edir.

Araşdırma zamanı diqqət çəkən məqamlardan biri də müxtəlif tibb müəssisələrinin verdiyi rəylərin bir-birindən əhəmiyyətli dərəcədə fərqlənməsidir. Məhz bu ziddiyyətlərin əlillik təyin olunması prosesinə təsir göstərdiyi bildirilir.

Bundan əlavə, redaksiyamıza təqdim olunan məlumatlarda implantların mənşəyi ilə bağlı da müxtəlif iddialar yer alır. Şikayətçiyə verilən şifahi məlumata görə, istifadə olunan implantların Finlandiya istehsalı olduğu bildirilib. Digər tərəfdən, adının açıqlanmasını istəməyən bir şəxs həmin implantların Hindistandan alındığını iddia edib.

Abasov İntizam Abasmirzə oğlu aidiyyəti dövlət qurumlarından məsələni obyektiv araşdırmağı, tibbi rəylər arasındakı uyğunsuzluqlara hüquqi qiymət verilməsini, istifadə olunan tibbi avadanlıqların texniki uyğunluğunun yoxlanılmasını, müraciətlərinə qanunvericiliyin tələblərinə uyğun baxılmasını və xəstənin real sağlamlıq vəziyyətini əks etdirən obyektiv tibbi rəyin verilməsini xahiş edir.

Məsələ ilə bağlı İctimaixeber.org Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinin mövqeyini öyrənməyə çalışıb. Baş həkim Elmar Qasımovla əlaqə saxlamaq cəhdimiz zamanı redaksiyadan zəng edildiyi bildirildikdən sonra telefon danışığı yarımçıq dayandırıldı və məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmadı.

Məqalədə yer alan məlumatlar əsasən şikayətçinin redaksiyaya təqdim etdiyi sənədlər, izahatlar və İctimaixeber.org tərəfindən aparılmış araşdırma əsasında hazırlanıb. Redaksiya jurnalist etikasına sadiq qalaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğunu bildirir və Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinin və aidiyyəti şəxslərin cavab vermək hüququnu tanıyır.(İctimaixeber.org)

Rəcəb Babaşov Qazaxda təmir-tikinti işlərini niyə ancaq “AZƏRTRANSS” MMC-yə verir


Qazax rayon İcra Hakimiyyəti tərəfindən Qazax rayonunda yolların əsaslı təmiri işləri üzrə 21.05.2026-cı ildə başladılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “AZƏRTRANSS” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 639.044,08 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 09.07.2026-cı ildə dərc edilib.

Şərtlər toplusuna görə “AZƏRTRANSS” MMC Qazax şəhərinin Fərrux Qayıbov, Babək, Ş.İ.Xətai, Amid Məmmədov, Həzi Aslanov, Mircəlal Paşayev, Süleyman Rüstəm,Ələddin Qədirov küçələrində yolların əsaslı təmiri işlərini aparmalıdır.

Qeyd edək ki, Qazax rayon İcra Hakimiyyəti 18.12.2025-ci ildə də Qazax şəhəri Heydər Əliyev parkında, Əliağa Şıxlinski küçəsində və N.Nərimanov yaşayış massivində abadlıq işləri üzrə “AZƏRTRANSS” MMC ilə 848.380,34 manat dəyərində satınalma müqaviləsi bağlamışdır.

Göründüyü kimi Qazax rayon İcra Hakimiyyəti son 7 ayda “AZƏRTRANSS” MMC ilə yolların əsaslı təmiri və abadlıq işləri üzrə ümumi dəyəri 1 487 424 manat dəyərində iki müqavilə bağlayıb.

Bundan əlavə Qazax rayon İcra Hakimiyyəti başçısının Qazax şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi də “AZƏRTRANSS” MMC ilə Qazax şəhərində aparılacaq “Abadlıq” işləri üzrə 246.157,18 manat məbləğində satınalma müqaviləsini 17.12.2025-ci ildə bağlayıb.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Qazax rayon İcra Hakimiyyəti 11.08.2025-ci ildə Qazax şəhərində yolların əsaslı təmiri işləri üzrə “AZƏRTRANSS” MMC ilə 674.949,05 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi Qazax rayon İcra Hakimiyyəti və Qazax şəhər İcra nümayəndəliyi Qazax şəhərində yolların əsaslı təmiri və abadlıq işləri üzrə son bir il ərzində “AZƏRTRANSS” MMC ilə ümumi dəyəri 2 408 510 manat olan 4 satınalma müqaviləsi bağlayıb. 28.12.2024-cü ildə tərəflər arasında təmir işlərinin satın alınması üzrə 511.913,77 manat dəyərində bağlanmış müqaviləni də üstünə gəlsək bu 3 milyon manata yaxın dövlət vəsaiti edir.

İndi gəlin görək Qazax rayon İcra Hakimiyyətinin son illər işbirliyində olduğu “AZƏRTRANSS” MMC barəsində açıq mənbələrdə nə kimi məlumatlar var.

Apardığımız araşdırma zamanı məlum oldu ki, “Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin 03.06.2016-cı ildə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə və dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması işləri üzrə lisenziya aldığı göstərilir.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZƏRTRANSS” (VÖEN: 4200338081) Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 saylı Ərazi Vergilər İdarəsində 17.02.2010-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı QAZAX RAYONU, QAZAX ŞƏHƏRİ, HEYDƏR ƏLİYEV, ev.58/5, qanuni təmsilçisinin isə Qasımov Adil Məmməd oğlu olduğu qeyd edilib.

Qeyd edək ki, “AZƏRTRANSS” MMC respublikamızın qərb bölgəsində xüsusilə tanınır. Şirkətin NK-nin 30.12.2023-cü il tarixli, 494 saylı Qərarına əsasən peşəkarlıq və təcrübəyə aid sənədləri olsa da əmək müqaviləsi ilə çalışan işçi qüvvəsi meyarı üzrə tələblərə cavab vermir. Çünki, şirkət daha çox yerlərədə günəmuzd fəhlələrdən, icarəyə götürülən texnikalardan istifadə edir ki, bu da ayrılan vəsaitin böyük hissəsinin mənimsənilməsinə yol açır.

Əldə etdiyimiz məlumatlara görə şirkətin qanuni təmsilçisi Adil Qasımov “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin Sədri Məmməd Musayevin yaxın dostudur. Elə Məmməd Musayevin rəhbərlik etdiyi təşkilatın Ucar, Şəki, fililalarının təmirini də məhz “AZƏRTRANSS” MMC aparıb.

Bundan əlavə “AZƏRTRANSS” MMC Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” və bir neçə rayon Su Meliorasiya Sistemlərinin İstismarı idarələri ilə iri məbləğli müqavilələr bağlamışdır. Təbii ki, bu da Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin sayəsində.

Qeyd edək ki, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur. O, Prezidentin 19 may 2016-cı il tarixli Sərəncamı ilə təyin edilib. Məlumatlara görə elə Rəcəb Babaşovun da himayədarı Məmməd Musayevdi. Yoxsa, barəsində hər cür neqatib məlumatlar yayılmasına baxmayaraq 10 idir ki, Qazax kimi rayonun İcra Hakimiyyətinin başçısı vəzifəsində otura bilməzdi.

Xatırladaq ki, Rəcəb Babaşov oğlu Elşən Babaşzadənin avtomoobil kolleksiyası ilə tez-tez medianın gündəminə gəlir. Belə ki, Qazax rayon İcra başçısı Rəcəb Babaşov Elşən Babaşzadə 275 min dollar (450 manat) dəyərində olan “Mercedes Benz G-63 AMG” markalı avtomobili, həm də özünün 99 FF 099 dövlət nömrə nişanlı 250 min manatlıq “Rang Rover”i ilə medianın gündəminə düşmüşdü.

Aktualinfo.net

İlham Əliyev Ərdoğana Türkiyədə "Demokratiya və Milli Birlik Günü" münasibətilə məktub ünvanlayıb

İlham Əliyev Ərdoğana Türkiyədə "Demokratiya və Milli Birlik Günü" münasibətilə məktub ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

2016-cı ilin 15 iyul tarixində Türkiyə Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı Vətənlərini qorumaq üçün həyatlarını qurban vermiş bütün şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm.

On il əvvəl qardaş Türkiyə müasir tarixinin ən faciəli, eyni zamanda ən şərəfli səhifələrindən birini yazdı. Dövlətçiliyə, konstitusiya quruluşuna, milli iradəyə və demokratik əsaslara qarşı yönəlmiş xain çevriliş cəhdi Türkiyə xalqının sarsılmaz əzmi, mətinliyi və Vətənə sonsuz sədaqəti sayəsində qətiyyətlə dəf edildi. Minlərlə insanın meydanlara axışaraq sinəsini sipər etməsi, dövlətinə, bayrağına və milli dəyərlərinə sahib çıxması əsl qəhrəmanlıq dastanı kimi əbədi olaraq milli yaddaşa həkk olundu.

Sizin qətiyyətli və uzaqgörən liderliyiniz, xalqınızın Sizin ətrafınızda sıx birləşməsi, çağırışlarınıza dərhal və tərəddüdsüz cavab verməsi həmin taleyüklü gecədə ölkənizi böyük faciələrdən xilas edən əsas amillərdən oldu. Sizin rəhbərliyinizlə Türkiyə bu sınaqdan daha da güclənərək çıxdı, öz milli iradəsini və dövlətçilik ənənələrini bütün dünyaya bir daha nümayiş etdirdi.

O tarixi gündə baş verənlər sübut etdi ki, xalq ilə dövlətin birliyi qarşısında heç bir məkrli niyyət, heç bir dağıdıcı qüvvə davam gətirə bilməz. Məhz buna görə də hər il 15 iyulda qeyd edilən "Demokratiya və Milli Birlik Günü" xalqınızın milli həmrəyliyinin, mübarizlik ruhunun, dövlətçilik ənənələrinin və azadlıq iradəsinin simvoludur.

Azərbaycan xalqı və dövləti əziz mirasımız olan "Bir millət iki dövlət" prinsipini rəhbər tutaraq həmişə olduğu kimi o həlledici anlarda da qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirdi və onun yanında oldu. Bütün bunlar xalqlarımızın qardaşlığının və birliyinin nə qədər güclü və sarsılmaz olduğunu bir daha təsdiqlədi.

Əminəm ki, nəsillərdən-nəsillərə ərməğan qalan güclü Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı daha da möhkəmlənəcək, strateji müttəfiqliyimiz bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və yeni məzmunla zənginləşməyə davam edəcəkdir.

Əziz Qardaşım, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Türkiyə Respublikasına əmin-amanlıq, firavanlıq və rifah arzulayıram".

Odessa raketlə vuruldu - 3 nəfər öldü


Rusiya bu gün səhər saatlarında Ukraynanın Odessa şəhərinə raket zərbələri endirib.

Hücum nəticəsində azı 3 nəfər həlak olub, yaralılar var.

Odessa Hərbi Şəhər Administrasiyasının rəisi Sergey Lısakın sözlərinə görə, yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisə nəticəsində yaşayış binalarının zədələndiyi, dağıntı və yanğının baş verdiyi bildirilir.

Rusiya Müdafiə Nazirliyi isə Odessaya raket zərbələri nəticəsində dron istehsalı və yığılması üzrə iki emalatxananın vurulduğunu iddia edib.

Xəbər lenti

Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
17:09
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
15:58
Bakıxanovda "Möcüzəvi Epidemiya"- Eyni anda quruyan ağaclar və daş hasarlar -VİDEO
15:25
“Buta Farm” dərmanları rütubətli yerdə saxlayırmış — RƏSMİ
15:01
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
13:07
ABŞ Zəngəzur dəhlizini icarəyə götürür
12:43
Rəqabətsiz bazarda bahalı reklam - AZAL nəyi və kimə reklam edir?
11:54
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
11:16
115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!! -TƏFSİLAT
10:40
Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi
09:57
Beyləqanda pambıq "pripiska"sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…
09:37
"Caspian Global Auto"dan şikayət - "Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb"
17:41
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
17:23
14 il şiddət görən qadının əri saxlanıldı
16:46
Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?
15:55
DÇ finalının fasiləsi uzadılacaq
15:00
Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa…
13:05
Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir: “Eyni xəstəyə fərqli rəylər verilir”
12:23