Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq rəhbəri Saleh Məmmədov Almaniyada bina inşa edir.
Bu barədə ilk olaraq araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. O qeyd edib ki, iki binanın inşasını Saleh Məmmədov şəriki ilə reallaşdırır. Lakin Həsənli həmin şərik barədə məlumat verməyib.
Məlum olub ki, Saleh Məmmədovun şəriki heç də ona uzaq olmayan biridir. Araşdırma zamanı bu şəxsin Almaniya vətəndaşı Təhmasib Qəniyev olduğu üzə çıxıb. T.Qəniyev isə AAYDA-nın əsas fiqurlarından biri olan Dilqəm Qəniyevin qardaşı olduğu qeyd edilir.
Bəs, Dilqəm Qəniyev kimdir?

Qeyd edək ki, açıq mənbələrdə bu şəxsin Saleh Məmmədovun ən yaxın adamı olduğu qeyd edilir. Belə ki, AAYDA-nın baş mühəndisi postunu tutan sözügedən şəxs yolların layihələndirilməsindən tutmuş, smetasına qədər hər işi həyata keçirib.
Hazırda da həmin postunda işinə davam edir. Dilqəm Qəniyev medianın gündəminə özünün bahalı həyatı və geniş avtomobil kolleksiyası ilə də düşüb.
Belə ki, o, eyni dövlət nömrə nişanlı (466 nömrələr ona məxsusdur) bahalı avtomobillərə sahibdir. Bundan başqa, Dilqəm Qəniyevin “Ziraat Bank Azərbaycan”da böyük məbləğli hesablarının olduğu da bildirilir.
9-cu mikrorayondakı özəl klinikalardan biri onun olmaqla yanaşı, Qəniyev Bakıda Saleh Məmmədovun tikinti biznesinə də məzarət edən şəxs olaraq tanınır.
Xatırladaq ki, Dilqəm Qəniyev “Azəryolelmitədqiqat” İnstitutunun baş mühəndisliyindən, həmin qurumun direktoru vəzifəsinə təyinat alıb. Bu təyinat yeni rəhbərliyin zamanında gerçəkləşib. Araşdırmamız davam edir… Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq. /Tribuna/

Nəsimidə ağac soyqırımı - Qanunsuz tikililərə kim icazə verir?


Bakının mərkəzində ağacların kütləvi şəkildə qırılması və qanunsuz tikinti marafonu ilə bağlı ciddi iddialar səsləndirilib.

Son vaxtlar paytaxtın Nəsimi rayonunda qanunsuz tikililərin sayının gözçarpacaq dərəcədə artması müşahidə olunur. Xatırladaq ki, rayonda icra başçısı vəzifəsi təxminən iki ilə yaxın müddətdə boş qalıb, daha sonra təyin edilən başçısı isə qısa müddət sonra vəzifəsindən azad edilib. Bu il fevralın 9-da Prezidentin sərəncamı ilə YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri və sabiq Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

İctimai-siyasi çevrədə kifayət qədər tanınmış şəxsin bu vəzifəyə gətirilməsi rayonda qanunsuz tikintilərə son qoyulacağına ümidlər yaratsa da, sakinlərin sözlərinə görə, bu gözləntilər doğrultmur.

Tahir Budaqovun rəhbərlik etdiyi rayonda qanunsuz tikinti marafonu ilə yanaşı, kütləvi ağac kəsiminə də göz yumulduğu iddia olunur. Belə ki, Nəsimi rayonu, Moskva prospektində – 20 Yanvar metrosundan Şamaxinka istiqamətinə gedən yolun sağ hissəsində bir gecədə 20-dək ağac kəsilib. Ərazidə yaşayan sakinlərin verdiyi məlumata görə, ağacların məhv edildiyi yerdə yeni obyektin tikintisi nəzərdə tutulub.

Qeyd edək ki, sözügedən tikintinin icazəsinə dair Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir rəsmi məlumat mövcud deyil. Dövlət Komitəsinin icazəsi olmadan aparılan bu tikinti işlərinin məhz Nəsimi Rayon İcra Hakimiyyətinin "razılığı" əsasında həyata keçirildiyi iddia olunur.

Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.\\dia.az

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Qarşılıqlılıq prinsipi nəzərə alınaraq İranın "Səhər" telekanalı və "Mehr" xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir.

Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) İranda AzTV-ni "düşmən media qurumları" siyahısına daxil edilməsi ilə bağlı bəyanatında qeyd olunub.

Sənəddə bildirilib ki, adıçəkilən media qurumları Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərir, ölkənin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparır.

Rafiq Quliyev parkı və piyada səkisini PUB-a çevirmək üçün hansı qaydanı işlədib? - VİDEO


Bakı şəhərində şəhərsalmaya nəzarət sistemi faktiki olaraq iflic vəziyyətə salınıb. Maraqlıdır ki, hər il yeni qanunlar qəbul edilir, yeni qaydalar, standartlar tətbiq olunur. Amma nəticə dəyişmir. Əksinə, görünən odur ki, bəzi rayon icra hakimiyyətləri həmin qanunlardan şəhəri qorumaq üçün deyil, ictimai əraziləri kommersiya obyektlərinə çevirmək üçün istifadə edirlər.

Elə bil qanunlar onların əlində başqa məna kəsb edir. Elə bil qəbul olunan qaydalar parkı, yaşıllığı, səkini qorumaq üçün yox, onları satmaq üçün əlavə imkan yaradır. Hətta imkansızı belə imkana çevirirlər.

Bizimesr.com bildirir ki, Xətai rayonunun Xudu Məmmədov küçəsində baş verənlər isə bunu bir daha təsdiqləyir. İnanılması çətin olsa da, parkın ərazisi və piyada səkisi bir neçə gün ərzində "Lion PUB"a çevrilib. Bu qədər rahatlıq, bu qədər arxayınçılıq haradan qaynaqlanır?

Adamın ağlına bir sual gəlir - parkı və piyada səkisini PUB-a çevirmək üçün hansı qanun işləyib? Hansı norma buna icazə verib? Yoxsa qanunlar artıq vətəndaş üçün yazılır, bəzi məmurlar üçün isə ümumiyyətlə tətbiq olunmur?

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevdən soruşsalar ki, parkın və səkisinin yerində bu obyekt necə tikilib, böyük ehtimalla yenə klassik cavablardan biri veriləcək: "Xəbərimiz olmayıb". Bir az da sıxışdırsalar, bu dəfə deyiləcək ki, "obyektin sənədləri qaydasındadır".

Bəs sual budur - piyada səkisinin sənədi necə dəyişdirilib? Səki hansı qərarla PUB-a çevrilib? Park hansı əsasla kommersiya obyektinə verilib? Bunları hansı qurum təsdiqləyib? Yaxud, Rafiq Quliyev parkı və piyada səkisini PUB-a çevirmək üçün hansı qaydanı işlədib?

Əgər bütün bunlar qanunidirsə, deməli, şəhərsalma qanunvericiliyinə yenidən baxmaq lazımdır. Yox, əgər qanunsuzdursa, onda niyə heç kim məsuliyyət daşımır?

Bu gün Xudu Məmmədov küçəsində səki PUB olur, sabah başqa küçədə park restoran olacaq, birisi gün isə uşaqların oyun meydançası hansısa obyektə çevriləcək. Belə çıxır ki, Bakıda artıq satılmayan yer qalmayıb.

Rafiq Quliyev Xətai rayonunun səkilərini də satır? Bu suala cavabı isə artıq aidiyyəti qurumlar verməlidir.

Bizimesr.com
VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/rafiq-quliyev-parki-ve-piyada-sekisini-pub-a-cevirmek-ucun-hansi-qaydani-isledib---video-22721

Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının təmirinə xərclənən pullar və reallıqlar


Xaçmaz rayon İcra Hakimiyyəti tərəfindən Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmiri üzrə 05.05.2026-cı ildə başlanılmış açıq tender müsabiqəsinə 24.07.2026-cı ildə yekun vurulmuşdir. Müsabiqənin qalibi “MÜHƏNDİS YOL TƏMİR TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilmiş və tərəflər arasında 1.158.918,36 manat dəyərində satınalma müaviləsinin bağlanılması gözlənilir.

Qeyd edək ki, bu Xaçmaz rayon İcra Hakimiyyəti ilə “MÜHƏNDİS YOL TƏMİR TİKİNTİ” MMC arasında bağlanılan ilk müqavilə deyil. Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmiri üzrə 1.357.008,44 manat dəyərində bir müqavilə də tərəflər arasında 2025-ci ildə bağlanılıb. Məlumat satınalmaların portalında 23.05.2025-ci ildə dərc edilib.

Göründüyü kimi Xaçmaz rayon İcra Hakimiyyəti bir il ərzində Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmirinə görə “MÜHƏNDİS YOL TƏMİR TİKİNTİ” MMC ilə ümumi dəyəri 2 515 926 manat olan iki satınalma müqaviləsi bağlayıb.

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə əlavə məlumata rast gəlinmir.

Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MÜHƏNDİS YOL TƏMİR TİKİNTİ” (VÖEN: 1600226981) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 14.12.2001-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 658 020 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, ƏLAĞA KÜRÇAYLI, ev.7, m.45,qanuni təmsilçisinin isə Səfərov Rafiq İbrahim oğlu olduğu qeyd edilib.

MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Əhmədov Azad Akif oğlu olub. Məmmədov Çingiz Məsim oğlu, Hacıyev Vüqar İsgəndər oğlu, Namazov Yenisey Eldar oğlu, Qasımlı Nicat Arif oğlu müxtəlif vaxtlarda MMC-yə rəhbərlik ediblər.

“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin 21.11.2024-cü ildə təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması işləri üzrə lisenziya aldığı göstərilir.

Göründüyü kimi İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində avtomobil yollarının çəkilişi və əsaslı təmiri üzrə MMC-nin lisenziyası barədə məlumat yoxdu.

Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Şəmkir şəhərində avtomobil yollarının təmiri işlərinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tenderdə uyğunluq göstəricilərinə dair tələblərə cavab vermədiklərinə görə “Mühəndis Yol Təmir Tikinti” və “İS.M.M.” MMC 2025-ci ilin dekabrında “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.1.1-ci (35.1.1. təchizatçı və (və ya) subpodratçı uyğunluq göstəricilərinə cavab vermədikdə;) maddəsinə əsasən satınalmadan kənarlaşdırılmışdır.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmiri üzrə 28.10.2024-cü ildə “İS.M.M.” MMC ilə 1.351.385,25 manat dəyərində müqavilə bağlayıb.

Medianın 20.08.2024-cü ildə yaydığı məlumata görə “Mühəndis Yol Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə yazılıb.MMC barədə İnzibati Xətalar Məcəlləsinin 247.2-ci (Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Qeyd edək ki, İXM-nin 247.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

Göründüyü kimi, Xaçmaz rayon İcra Hakimiyyəti tərəfindən Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmirinə son üç il ərzində 3 milyon 9 yüz min manat civarında dövlət vəsaiti ayrılıb. Amma bu gün istər Xaçmaz, istərsə də Xudat şəhərlərində mərkəzi küçələrdən başqa avtomobil yollarının bərbad halda olması barədə sosial şəbəkələrdə kifayət qədər geniş məlumatlar yayılmaqdadır. Görsənən odur ki, Xaçmaz rayon İcra Hakimiyyətinin avtomobil yollarının təmirinə ayırdığı dövlət vəsaitləri asfalta yox, uyğunluq göstəricilərinə dair tələblərə cavab verməyən şirkətlər vasitəsi ilə başqa istiqamətlərə yönləndirilir. Yollardakı real vəziyyət də bunu deyir.

Qeyd edək ki, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevdir. O, 2019-cu ildən bu vəzifədə çalışır. Daha əvvəl Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru olub. 19 avqust 2013-cü il tarixdən 3 dekabr 2015-ci il tarixədək Gəncə Regional “ASAN Xidmət” Mərkəzinin direktoru vəzifəsində çalışıb. 3 dekabr 2015-ci il tarixdən 31 oktyabr 2019-cu il tarixədək Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Yüksək çinli bir dövlət məmurunun yaxın qohumu olması barədə də qeyri rəsmi məlumatlar var.

Aktualinfo.net

Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM


Mingəçevir şəhərində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mingəçevir Su Kanal İdarəsinin rəisi Elmar Əhmədovun fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir.
Denmedia.az-a daxil olan məlumatlarda bildirilir ki, Elmar Əhmədov bir müddət əvvəl ADSEA-nın aparat rəhbəri Fuad Quliyevin dəstəyi ilə sözügedən vəzifəyə təyin olunub.
Gələn əsas məsələyə. İddialara görə, Elmar Əhmədov uzun illər nəqliyyat sektorunda, avtobus parkları və qarajların fəaliyyətinə nəzarət edən vəzifələrdə çalışıb. Onun su təsərrüfatı sahəsində təcrübəsinin olmamasına baxmayaraq, strateji əhəmiyyət daşıyan su idarəsinə rəhbər təyin edilməsi yerli sakinlər arasında da suallar doğurub.
Məlumatlarda bildirilir ki, vəzifəyə başladıqdan sonra ilk qərarlarından biri Bağlar massivində yerləşən yaşayış evlərinin, eləcə də məcburi köçkünlərin təhsil aldığı məktəblərin su təchizatını dayandırmaq olub. Bu fakt məktəblərdən də təsdiq edilib. Bu addımın yüzlərlə sakinin narazılığına səbəb olduğu iddia edilir.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara, o cümlədən ADSEA-ya müraciətlər ünvanlansa da, onların şikayətləri nəticəsiz qalıb. Onlar hesab edirlər ki, rəhbərə göstərilən himayədarlıq səbəbindən bu müraciətlər araşdırılmır.
Daxil olan digər iddialarda isə qeyd olunur ki, Elmar Əhmədov qəbuluna gələn bəzi vətəndaşları dinləməkdən imtina edir və onları qəbul etməyərək geri qaytarır. O, narazı vətəndaşlara "Məni bura Fuad müəllimin xeyir duası ilə Tahir müəllim təyin edən edib, siz mənə heç nə edə bilməzsiniz" məzmunlu ifadələr işlədib.
Qeyd edək ki, yuxarıda sadalanan bütün məqamlar iddia xarakteri daşıyır və qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Əgər İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, Mingəçevir Su Kanal İdarəsi , Elmar Əhmədov barəsində səsləndirilən iddialarla bağlı münasibət bildirmək istəsə, həmin açıqlamanı dərc edəcəyik.
Qeyd edək ki, Su təchizatı insanların ən fundamental hüquqlarından biridir. Bu sahədə rəhbər vəzifə tutan şəxslərin fəaliyyəti şəffaf, qanunauyğun və vətəndaş məmnuniyyətinə əsaslanmalıdır. Səsləndirilən iddiaların aidiyyəti dövlət qurumları tərəfindən obyektiv araşdırılması həm ictimai etimadın qorunması, həm də vətəndaşların hüquqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Xatırladaq ki, mediada ADSEA "qudalar agentliyi" kimi tanınır. Belə ki, ADSEA sədri Zaur Mikayılov bir qudası Fuad Quliyevi Aparat rəhbəri, digər qudası Əsəd Şirinovu müşavir təyin edib. Bu, Azərbaycanda və dünyada analoqu olmayan sistem idarəçiliyidir. Faktiki üç quda dövlətin strateji agentliyini ailə podratı kimi idarə edir. ADSEA-da bütün nöqsanlar, qohumbazlığın şəbəkə halını alması da elə buradan qaynaqlanır.
Nizami Rəsulov
Denmedia.az

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək Məcəlləsində, Mülki Məcəllədə, "Valyuta tənzimi haqqında", "Banklar haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliklə qanunvericiliyə ilk dəfə olaraq İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə anlayışı gətirilib. Bu, müəssisə rəhbərliyinin və ya təsisçinin təşəbbüsü ilə işçilərə şirkətin paylarını və ya səhmlərini güzəştlə, yaxud tamamilə ödənişsiz vermək hüququnu tanıyır. Payların işçinin tam mülkiyyətinə keçməsi iki xüsusi şərtdən asılı ola bilər. Birincisi zamana əsaslanan şərtdir, yəni işçi müəyyən edilmiş müddət ərzində şirkətdə çalışmalıdır. İkincisi isə hədəfə əsaslanan şərtdir, yəni işçi və ya ümumilikdə şirkət qarşıya qoyulmuş konkret biznes hədəflərinə nail olmalıdır.

Əgər işçi ilə əmək müqaviləsinə ştat ixtisarı, işçinin öz istəyi və ya səhhəti kimi əsaslarla xitam verilərsə, onun hələ tam qazanmadığı payların bir hissəsi qazanılmış hesab edilə bilər. Həmçinin işçinin əldə etdiyi paylar şirkət tərəfindən ədalətli bazar dəyəri ilə geri satın alına bilər. Əgər işçi öz təqsiri, əmək funksiyalarını pozması və ya intizamsızlıq səbəbindən işdən çıxarılarsa, o, qazanmadığı bütün pay hüquqlarını itirir. Qazandığı payları isə nominal və ya daha aşağı qiymətlə şirkətə geri satmağa məcbur edilə bilər.

Bu müqavilələr çərçivəsində işçinin əldə etdiyi pay və ya səhmlər rəsmi əməkhaqqı hesab olunmur, əməkhaqqının tərkibinə daxil edilmir və heç bir halda əməkhaqqı əvəzi kimi ödənilə bilməz.

Mülki Məcəlləyə startapların və investisiya mühitinin idarə olunmasını asanlaşdıran çox ciddi mexanizmlər daxil edilir.

Şirkət iştirakçıları və səhmdarlar öz aralarında xüsusi idarəetmə müqaviləsi bağlaya bilərlər. Bu müqavilədə ümumi yığıncaqlarda səsvermə qaydaları, payların satışı və qiymətləndirilməsi şərtləri, mübahisələrin arbitraj vasitəsilə həlli və xarici dövlətin hüququnun tətbiqi razılaşdırıla bilər. Korporativ müqavilə yazılı bağlanır və notarial təsdiqi tələb olunmur. Əgər müqavilə şərtləri nizamnamə ilə ziddiyyət təşkil edərsə, tərəflərin öz aralarındakı daxili münasibətlərdə korporativ müqavilə üstün qüvvəyə malik olacaq.

Korporativ müqavilələrdə vençur biznesində qəbul edilmiş üç mühüm hüquq təsbit edilir. Birgə satış hüququ (Tag-along) böyük pay sahibinin öz payını satdığı halda kiçik pay sahiblərinin də eyni qiymət və şərtlərlə öz paylarını həmin alıcıya satmaq tələbini təmin edir. Məcburi satış hüququ (Drag-along) böyük pay sahibinin şirkəti tam satmaq barədə üçüncü şəxslə razılaşdığı halda kiçik tərəfdaşları da öz paylarını satmağa məcbur etmək imkanı verir. İlk imtina hüququ (ROFR) isə payını satmaq istəyən şəxsin onu ilk növbədə mövcud şəriklərə təklif etmək öhdəliyidir.

Müqavilələrdə ləğvetmə zamanı üstünlük hüququ nəzərdə tutula bilər ki, şirkət bağlandıqda investor öz qoyduğu vəsaiti təsisçilərdən əvvəl geri alsın. Həmçinin payın dəyərsizləşməsi əleyhinə müddəalar (Anti-dilution) vasitəsilə növbəti investisiya mərhələlərində şirkətin qiyməti aşağı düşərsə, ilkin investorun payının qorunması üçün konvertasiya nisbətləri yenidən hesablanacaq.

Nizamnamədə əvvəlcədən yuxarı həddi göstərilməklə, Direktorlar Şurasına ümumi yığıncağı çağırmadan yeni paylar ayırmaq və ya səhmlər buraxmaq səlahiyyəti verilə bilər.

Şirkətlərə gələcəkdə paya çevrilə bilən yeni maliyyə alətlərindən istifadə icazəsi verilir. Bu alətlər paya çevrilənədək qiymətli kağız və ya törəmə maliyyə aləti sayılmır.

İnvestor şirkətə borc pul verir və müddət bitdikdə və ya yeni böyük maliyyələşmə mərhələsi (kvalifikasiyalı maliyyələşmə) baş verdikdə həmin borc faizləri ilə birgə şirkətin payına çevrilir. İnvestorun riskini sığortalamaq üçün qiymətləndirmənin yuxarı həddi (Valuation Cap) və ya yeni investorların qiymətinə nisbətdə endirim dərəcəsi (Discount) tətbiq olunur.

İnvestor şirkətə vəsait ödəyir, lakin bu vəsait borc və ya faiz öhdəliyi yaratmır. Şirkət satıldıqda, ləğv edildikdə və ya yeni investisiya cəlb etdikdə bu vəsait birbaşa paya çevrilir. Şirkət ləğv olunarsa, SAFE investorunun tələbləri adi şəriklərdən əvvəl, lakin digər təminatsız kreditorlardan sonra ödənilir.

Vençur kapitalı fondları və akkreditə olunmuş investorlar tərəfindən Azərbaycandan kənarda fəaliyyət göstərən innovativ layihələrdə (startaplarda) gələcək iştirak payının əldə edilməsi (gələcək iştirak payı (səhm) haqqında müqavilə, konvertasiya olunan borc və analoji maliyyə alətləri) məqsədilə investisiyaların qoyulması üzrə köçürmələr Mərkəzi Bankın müəyyən etdiyi qaydada və həddə həyata keçirilir.

Rusiya və Belarus vətəndaşlarını ölkəyə bu şərtlə buraxacaqlar


Litva hakimiyyəti Rusiya və Belarus vətəndaşlarının ölkəyə daxil olması ilə bağlı yeni qaydalar tətbiq etməyə hazırlaşır.

Bu barədə yerli BNS agentliyi Litva Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb.

Bildirilib ki, ölkəyə daxil olan həmin şəxslərdən Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatı pisləyən sənədi imzalamaq tələb olunacaq.

Yeni tələb ölkəyə təhsil, mədəniyyət və idman sahələrində ictimai çıxışlar etmək üçün daxil olan Rusiya və Belarus vətəndaşlarına şamil ediləcək.

Sənədləri imzalamaqdan imtina edən şəxslərin Litva ərazisinə girişinə icazə verilməyəcək.

Litva XİN artıq sənədin mətni üzərində işləməyə başlayıb.

Rusiya tərəfi isə Litvanın bu qərarı ilə bağlı analoji tədbirlərin görüləcəyini bəyan edib. Belə ki, Federasiya Şurasının komitə sədri Qriqori Karasinin sözlərinə görə, Litva tərəfinin bu təşəbbüsü Moskva ilə Vilnüs arasında onsuz da gərgin olan münasibətləri süni şəkildə kəskinləşdirmək məqsədi daşıyır.

Direktor hegamoniyası davam edir - Bakının 56 nömrəlı məktəbində özbaşınalığın pik həddi



Bakıdakı 56 nömrəlı məktəbin direktoru Könül Hüseynovanın hegemonluğu haqqında mətbuatda çox yazılıb. Adam sanki məktəb direktoru deyil, şəxsi biznesini idarə edir. Məktəbi şəxsi maraq və sonsuz iddialarının təmin olunması vasitəsi kimi görür.

Şagirdi məktəbdən qovmaq nə deməkdir? Dövlət məktəbi rəhbəri nə haqla vətəndaşı media qapılarında qoymalıdır?

Deyir uşağın qiyməti aşağı olub, 2 alıb. Gülməlidir, əslində həm də məktəb və onun həşəmətli direktoru 2 alıb deməli. Siz öyrətməmisiniz demək, vəzifə borcunuzu yerinə yetirməmisiniz. 9-cu sinfi bitirənə qədər nə tədbir görmüsünüz zəif oxuyan şagirdlə bağlı? Pul verən uşaqlarla məktəbdə repetitorluğa şərait yaradanda, 1-2 imkansız, zəif nəticə göstərən uşaqla da məşğul olardınız. Etməzsiniz, çünki marağınızda deyil, elə şeyləri düşünməyə vaxtınız yoxdur. Arxayınsınız arxanızda duranlara, hamının gözünə soxursunuz məktəbdə qohum-qardaşınızı. Ayıbdır, məktəbdəki müəllimləri belə üsullarla az əzin, az sıxışdırın. Bu gərdişin bir geri dönüşü də var. Onda abidin bir barmağın kəssən, dönüb həqdən qaçar...

Yəqin bir gəncin imdadına təhsil sistemi rəhbərliyindən yetişən, onun "oxumaq istəyirəm" nidasına cavab verən kimsə tapılar. Könül Hüseynova hegamoniyası dayandırılar, ona dövlət məktəbinin biznes strukturu olmadığını başa salarlar.


Könül Hüseynovadan həm də soruşa bilərlər ki, məktəbdə növbəti ilin dərs bölgüsü hansı tələblər qarşılığında aparılır? Nobel Fondunun vitseprezidenti Fuad Qasımovla onu hansı maraqlar birləşdirir? Mətbuatda dəfələrlə yazılmış "ölü canlar"ın məktəbdə saxlanması ilə nələr əldə olunur? Repetitor müəllimlər nəyin qarşılığında məktəbi hazırlıq mərkəzinə çevirib? Təmir, tədbir, bayram günləri adı altında müəllim və şagirdlərdən toplanılan vəsaitlərin illik dövriyyəsi nə qədərdir? Repetitorların dərsdən sonra və qeyri-iş günləri məktəb binasından istifadəsi dövlətə nə qədər ziyan vurur? Yuxarı sinif şagirdlərinin aylığa buraxılması valideynlərin gözü önündə hansı 3 sıfırlı rəqəmi qoyur? Məktəbdə yerləşən təşkilatlar nəyin qarşılığında otaqları zəbt edib? Məktəbin yubileyi üçün toplanan vəsaitlər nə qədər olub? Ailəsi əlavə hazırlığa qoymağa imkanı olmayan neçə kasıb şagird məktəbdən qovulub? Məktəbə rəsmi yoxlama aparmalı olan səahiyyətlilər niyə girə bilmir?

Əminik ki, Azərbaycan Respublikası prezidentinin xalqa xidmət məsələsindəki prinsipiallığı Könül Hüseynova və dilinin əzbəri olan arxasındakıları da ayıldacaq. Vətəndaşları saymazdan gəlmək, insanları narazı salmaq kimliyindən asılı olmayaraq kimlərə necə baha başa gəlib unutmayın, cənablar!!!

Elm və Təhsil Nazirliyi, MÜTDA və BŞTİ rəhbərliyi (rəfiqəliyin də bir həddi olar!) cavab gözləyirik, oxumaq istəyən bir şagirdin səsi olaraq. Şagirdin oxumaq istəmək qədər təbii istəyinə biganə qalmayın. Vəzifə tutduğunuz dövlət qurumunu dövlət baba bunun üçün yaradıb. Hər könül könlü istəyəni edəcəksə, sizə o səlahiyyət və dövlət ərkanı niyə verilib? Suallar çoxdur, cavab gözləyirik bir gəncin dövlətin qurumlarının ədalətinə tikilən gözləri ilə...(Tehsilmedia.info)

Qeyd edək ki, Ədliyyə nazir müavini Abidin Hüseynov 56 saylı məktəbin direktorunun qardaşıdır.

Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:


MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir: "Dövlət bağçalarında kamera qoyulması lazım deyil, valideyn nəzarətinə qarşıyam. Çünki uşaqlar bir-birinin saçını yolanda, küncə qoyulanda, şiddət göstərəndə valideynlər bunu görsə, müəllimə zəng edər, müəllim narahat olar. Valideynlər bilməlidir ki, uşaq belə böyüməli, belə mühitdə öyrənməlidir."

Bərəkallah məntiqinə, namxuda pedaqoji əllaməliyinə. Bunlar nə yeyir, nə içirlər, nəylə düşünürlər? Cəmiyyəti nə hesab edirlər?

Dünya praktikasından xəbərləri yoxdur, heç olmasa çoxu özlərinin olan özəl bağçaların təcrübəsindən də xəbərsizdilər? O zaman özünüzə yaxın özəl bağçalara dövlət-özəl tərəfdaşlığı adı altında milyonlarla manat dövlət vəsaitini niyə verirsiniz? Zatən həmin özəl bağçalarda da kameralar var, valideynlər gün ərzində övladını izləyə bilir. Bəs deyirdiniz dövlət bağçalarında məşğələ zamanı müəllim telefon istifadə etmir? Nə tez unutdunuz? Əgər istifadə edirlərsə, tədrislə kim məşğul olur? Bu qədər absurd, bu qədər məntiqi uyğunsuzluqla "pedaqoji ədanız" bir araya sığmır. O qədər cəmiyyətin sizi ciddiyə almadığına vərdiş etmisiniz ki, nə danışdığınızın fərqində belə deyilsiniz. Arada çıxışınızı özünüz də bir izləyin, suallara cavab verməyən mətbuat xidmətiniz də izləsin. Bəlkə o zaman daha yeni baş qatmaq ideyaları da yaranar.

İnternetdə gördüyünüz əndrabadi, Azərbaycan reallığına yad olan qurama ideyaları öz beyninizin məhsulu kimi təqdim edəndə, belə çıxışlarla süni islahat görüntüsü ifraz edəndə niyə müəllim nüfuzu, müəllimin rahat fəaliyyəti yada düşmür? Təhsil, pedaqoji dəyərlər sizi düşündürmür, heç olmasa çıxışlarınızda məntiqi ardıcıllığa vəfalı olun, lütfən. Yazıqdır sizi dinləyənlər, hamını anlamaz hesab etməyin.

Vəzifənizə, göründüyü kimi layiq olmadığınız yerinizə, dövlətin sizə etibar etdiyi səlahiyyətə bu qədər barmaqarası baxmayın. Sizdən öncə o vəzifəyə müəllimlikdən gəlmiş əsl pedaqoq xanımın çıxışlarını izləyin, nəyi necə demək lazım olduğunu öyrənin. Öyrədə bilmirsiniz, heç olmasa öyrənin, öyrənmək heç vaxt gec deyil.(Tehsilmedia.info)

Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31