Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH


Prezident İlham Əliyev son çıxışlarında regional və qlobal təhlükəsizliyin təhdidinə qarşı çağırış edib. Bu istiqamətdə açıqlamaların yaxın tarixdən və Azərbaycanın təcrübəsindən qaynaqlandığı istisna olunmur.

1988-ci ildən 1994-cü ilədək Azərbaycan qaçqın və məcburi köçkünlərin çoxsaylı problemləri ilə məşğul olub. Bununla yanaşı, torpaqlarının Ermənistan tərəfindən 20 faizinin işğalını yaşayıb.

Nəzarətsiz qalan, yaxud erməni terrorçu-işğalçı qruplaşmaların toplaşdığı bu torpaqlarda ölkə, regional və qlobal miqyasda təhlükəsizlik təhdid olunub. 1989-cu ilin sentyabrında Tbilisi-Bakı marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun Yevlax yaxınlığında partladılması, 1990-cı illərin əvvəllərində də oxşar hücumlar, habelə 1994-cü ilin yaz və yayında Bakıda metro stansiyalarında, habelə 2020-ci ildə Azərbaycanın yaşayış ərazilərinin raket atəşinə tutulması kimi hadisələr törədilmiş çoxsaylı qanlı cinayətlərdən bir qismidir.

İşğal dövründə Qarabağ və ətraf rayonlarda törədilmiş qətliamlar, göyərtəsində Azərbaycanın dövlət xadimlərinin olduğu helikopterin işğal olunmuş ərazinin hava məkanında vurulması da bu kimi cinayətlədəndir.

Azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə nəticəsində bir milyon 250 mindən çox insanın didərgin və məcburi köçkün vəziyyətinə düşməsi də humanitar fəlakətin faciəsini xarakterizə etməyə imkan verir.

Odur ki, coğrafi mövqeyi, beynəlxalq yükdaşımalarda aparıcı rollardan birini oynaması, multikultural cəmiyyətə malik olması, qlobal miqyasda təhlükəsiz enerji daşıyıcıları təminatında fəaliyyəti, yürütdüyü müstəqil xarici siyasət, Türk və İslam dünyası, Yaxın Şərq və Qərb ölkələri ilə yüksəksəviyyəli əməkdaşlıq Azərbaycanın geosiyasi, sosial, mədəni, iqtisadi, enerji sahələrində tutduğu mövqeyi əks etdirir.

Prezident İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib: "Ölkələrimizin ardıcıl inkişafını və konstitusiya quruluşunun qorunmasını təmin etmək üçün ölkələrimizə və xalqlarımıza zidd hər cür ideoloji təxribatlara qarşı birgə mübarizə aparmaq lazımdır".

Dövlət başçısı bildirib ki, xarici mərkəzlərdən maliyyələşdirmə ölkələrin dövlət quruluşunun sarsıdılmasına, ictimai həmrəyliyin pozulmasına, yad narrativlərin və dəyərlərin aşılanmasına yönəlib: "Biz buna qarşı Azərbaycanda çox fəal mübarizə aparırıq və deməliyəm ki, böyük uğurlar əldə etmişik".

Yeri gəlmişkən, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən antiterror və əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan və xarici ölkə vətəndaşlarının gizli təşkilatlanma, terrorçuluğa hazırlıq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət əməlləri aşkar edildiyinə dair sentyabrın 18-də məlumat yayılıb.

Xəbərdə başqa dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları ilə birgə tədbirlər nəticəsində beynəlxalq terrorçuluğun maliyyələşdirilməsində iştirak edən, müxtəlif ölkələrdə məskunlaşmış şəxslərdən ibarət cinayətkar birliyin geniş dairəsi ifşa edilib, 5 ölkə ərazisində paralel antiterror tədbirləri nəticəsində qruplaşmanın ümumilikdə 10 üzvü saxlanılıb.

Bu kimi hadisələrin əsas qüvvəsi çox vaxt gənclər olur. Azərbaycan gəncliyi isə torpaqlarını işğaldan qorumuş, azad etmiş, milli müstəqillik yolunda mübarizə aparmış, şəhid və qazi olub. O bu gün də Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin güclənməsində, qorunmasında, azad edilmiş torpaqlarda quruculuq işlərində fəal iştirakçılar sırasındadır.

Azərbaycan gəncliyi, cəmiyyəti bir qayda olaraq antimilli, satqın strukturları rədd edir. Çünki o, 108 yaşlı milli dövlətin qurulması yolunda on minlərlə oğul və qızını şəhid verib. Milli-mənəvi dəyərlərə və ənənələrə sadiqlik Azərbaycan cəmiyyətinin əsas tendensiyasıdır. Bu baxımdan Azərbaycan gəncliyi milli dəyərlərin əsas daşıyıcılarından və ötürücülərindəndir. Belə keyfiyyətləri həm də TDT ölkələrinin gənc nəslin vətənpərvərlik, milli prinsiplər və mənəvi dəyərlər ruhunda tərbiyəsinin mühüm istiqamətlərindən biri olmasını şərtləndirir.

Mərhum Prezident Heydər Əliyev Azərbaycan gənclərinə inandığını, dövlətimizin gələcək inkişafında onların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O hələ sovetlər dövründə gəncləri keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil al­mağa göndərmişdi. 1993-cü ildə hakimiyyətə gələndən sonra gənclərlə bağlı siyasətinə xüsusi diqqət yetirib. Onların dövlət qurumlarında təmsil olunması məqsədi ilə o, 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi yaradılması haqqında fərman imzalamışdı. 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumu keçirilmişdi. Bir il sonra həmin gün o, Azərbaycanda "Gənclər Günü"nü elan olumasına dair uyğun fərmanlar imzalamışdı.

Prezident İlham Əliyev də Ulu Öndərin gənclərlə bağlı siyasi kursunu davam etdirərək 2007-ci ili ölkədə "Gənclər ili" elan etmişdi. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" və 2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə dövlət proqramları nəticəsində minlərlə gənc dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alıb.

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib ki, gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir: "Gənc nəslin ölkələrimizdə vətənpərvərlik, milli prinsiplərə və mənəvi dəyərlərimizə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir. Bu kontekstdə, əlbəttə, bu, TDT-nin fəal çalışmalı olduğu geniş sahədir, o cümlədən gənclər siyasəti ilə bağlı tədbirlər çərçivəsində".

Dövlət başçısı həmin görüşdə qeyd edib ki, Azərbaycanda xain, antimilli, satqın strukturlar mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır:

"Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıca tendensiyadır. Buna zərər vurmağa çalışan hər şey cəmiyyətimiz tərəfindən son dərəcə mənfi qarşılanır".


İstənilən cəmiyyətdə sabitliyin pozulması üçün əsas hədəf qrupu gənclər sayılır. Bunu xarici qüvvələr onları müxtəlif yabanı düşüncələrə cəlb etməklə reallaşdırmağa çalışırlar. Cəmiyyətin bu təbəqəsindən sabitliyin pozulmasında istifadə edilir.


Bu kimi amillərə əsasən, TDT çərçivəsində gənclər təşkilatlarının qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirilməsi, müntəzəm forum, görüş və konfranslar keçirilməsi günün vacib məsələlərindəndir. Təşkilat daxilində gənclər arasında əlaqələrin qurulması onların yabanı təsirlərdən uzaqlaşmasına əhəmiyyətli yardım edər.


Müharibədən çıxmış, işğal görmüş, humanitar fəlakətlər yaşamış Azərbaycan münaqişə və savaşan ölkələrin, toqquşan maraqların əhatəsindədir. Ona görə də xüsusilə indiki dövrdə - dünyada və regionda baş verən müharibələr şəraitdə təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır.


İndi təhdidlər yalnız fiziki deyil, həm də siyasi, ictimai, mədəni və s. ideoloji xarakterə malikdir. Bu istiqamətdə də regional və qlobal maraqları üst-üstə düşən güclərlə əməkdaşlıq günün aktual məsələlərindən sayılır.


Dövlət başçısı sentyabrın 15-də TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevi, TDT-nin müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini, müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçılarını, Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bu məsələyə də toxunaraq bildirib ki, hazırda dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələrin hamını narahat edir.


O, Azərbaycanın hər zaman islam həmrəyliyini əməli-praktiki addımlarla, öz işi ilə gücləndirməyə hər zaman çalışdığını və çalışacağını vurğulayıb. Dövlət başçısı Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirildiyinə diqqət çəkib. Prezident İlham Əliyev 2017-ci ildə Azərbaycanın təşəbbüsü və müsəlman ölkələrinin dəstəyi ilə Bakıda IV İslam Həmrəylik Oyunlarının reallaşdığını xatırladaraq bu Oyunların, sadəcə olaraq, idman yarışı kimi deyil, böyük birlik bayramı kimi qəbul olunduğunu qeyd edib.


Prezidentin çıxışlarındakı çağırışlar göstərir ki, torpaqlarını azad etdikdən sonra Azərbaycan regional və qlobal miqyasda təhlükəsizliyə təhdidlərə qarşı mübarizənin fəallığını artırıb. Elə torpaqlarını işğaldan azad etməklə bölgədə və beynəlxalq səviyyədə sülhün, əməkdaşlığın bünövrəsini gücləndirib, ona töhfə verib.


Rəsmi Bakı Mərkəzi Asiyada, İslam dünyasında da sabitliyin, əmin-amanlığın yaranması, davam etməsi istiqamətində ardıcıl siyasət aparır. Belə mövqe isə onun təhlükəsizlik sahəsində də önəmli rol oynamasına imkan verir.(Report)

FHN-nin Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin də ÖZ MEHDİYEVİ VAR... - İTTİHAM VAR...


Şimal bölgəsində fəaliyyət göstərən bir qrup sahibkarın redaksiyamıza müraciəti ciddi suallar doğurur. Sahibkarlar FHN-nin Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Emin Mehdiyev və idarənin fəaliyyəti ilə bağlı ağır iddialar səsləndirirlər.
İddialara görə, bəzi sahibkarlar obyektlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə istismara verilməsi üçün ciddi çətinliklərlə üzləşirlər. Sahibkarların sözlərinə görə, sığorta, yanğın siqnalizasiyası və digər tələblər yerinə yetirilsə də, obyektin istismara qəbul olunması üçün əlavə tələblər irəli sürülür.
Daha ciddi iddia isə tələb olunan qeyri-rəsmi ödənişlərlə bağlıdır. Sahibkarlar iddia edirlər ki, onların qarşısına 10 min manatdan başlayan məbləğlər qoyulur və bu tələblərlə razılaşmayanlara imtina verilir.
Amma iddialar bununla bitmir.
Sahibkarların diqqət çəkdiyi digər məsələ elektrik təsərrüfatının yoxlanılması ilə bağlıdır. Onların sözlərinə görə, obyektlərdə elektrik naqillərinin sazlığının yoxlanılması prosesində “VOLTEK” MMC-nin fəaliyyəti də ciddi narazılıq yaradır.
İddia olunur ki, şirkətin əməkdaşları obyektlərdə yoxlama apararaq müxtəlif çatışmazlıqlar barədə aktlar tərtib edir, lakin həmin çatışmazlıqların aradan qaldırılması üçün sahibkarlardan müxtəlif məbləğlər tələb olunur. Ödəniş edilmədiyi halda isə obyektin fəaliyyətinin məhdudlaşdırılması və ya bağlanması ilə bağlı problemlər yaranır.
Sahibkarlar bu prosesin FHN-nin Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Emin Mehdiyevlə əlaqəli olduğunu iddia edirlər.
Əgər səsləndirilən iddialar doğrudursa, burada söhbət ayrı-ayrı sahibkarların narazılığından yox, dövlət nəzarəti mexanizminin sahibkarlara təzyiq vasitəsinə çevrilməsi ehtimalından gedir.
Daha bir diqqətçəkən məqam isə idarənin əməkdaşları ilə bağlı səsləndirilən iddialardır. Sahibkarların sözlərinə görə, idarə daxilində də vəziyyətdən narazı olan əməkdaşlar var. Onlar hətta bəzi işçilərin rəhbərliyin fəaliyyətindən ciddi narazılıq keçirdiyini iddia edirlər.
İndi isə əsas suallar Fövqəladə Hallar Nazirliyinə ünvanlanır:
Sahibkarlardan obyektlərin istismara qəbul olunması üçün qeyri-rəsmi ödəniş tələb edilirmi?
10 min manat və daha artıq məbləğlərlə bağlı iddialar araşdırılıbmı?
“VOLTEK” MMC hansı əsasla obyektlərdə yoxlama aparır və onun tərtib etdiyi aktların hüquqi statusu nədir?
Şirkətin fəaliyyəti ilə FHN-nin regional yanğın nəzarəti strukturları arasında hər hansı əlaqə varmı?
Və ən əsası:
Dövlətin yanğın təhlükəsizliyinə nəzarət edən qurumda sahibkarın qanuni fəaliyyətinə maneə yaradılması və ondan pul tələb edilməsi barədə iddialar doğrudursa, buna kim cavab verəcək?
Sahibkarların səsləndirdiyi bu iddialar mütləq araşdırılmalıdır. Əgər iddialar əsassızdırsa, aidiyyəti qurumlar bunu sənədlərlə ortaya qoymalı, əksinə, pozuntu müəyyən edilərsə, qanun qarşısında məsuliyyət məsələsinə hüquqi qiymət verilməlidir.
Çünki yanğın təhlükəsizliyi nəzarəti sahibkarı qorumaq üçün olmalıdır, sahibkara təzyiq göstərmək üçün yox.


Dia-az

"Range Rover"imi satıb pulunu götürdü - Könül Həmzəyevanın MƏHKƏMƏSİ


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə "Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Röyal Masiyevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.


Lent.az xəbər verir ki, məhkəmə iş üzrə zərərçəkən qismində tanınan Könül Həmzəyevanın ifadəsi ilə davam edib:


"Bu adamı (təqsirləndirilən Röyal Masiyevə işarə edir) rəfiqəm Çinarə vasitəsilə tanıdım. Özünü inanclı, imanlı şəxs kimi göstərirdi; statuslarında tez-tez ziyarətgahlardan foto və videolar paylaşırdı. Getdikcə məndə ona qarşı inam və etibar yaranırdı. Sonra şəxsi münasibətlərimiz yarandı. Bir gəlib mənə dedi ki, maşınında ciddi nasazlıq var, onun üçün pula ehtiyacı var. Mənim "Range Rover" markalı maşınımı 50 min dollara satıb pulunu götürdü. Məni inandırdı ki, dostunun rəhbəri olduğu "Amazon" şirkəti məşhur iş adamı Qod Nissanov üçün villalar tikir, oradan ona yüklü pay məbləği çatacaq, borcunu elə ödəyəcək. Bir dəfə gəldi ki, mən də salon istəyirəm. Dostunun ərazisi olan bir məkan tapdıq. Razılaşdıq ki, təmiri o edəcək, mən də salonu işlədəcəm. Bir gün mənə yazdı ki, dostu o işin batdığını deyərək, ona pul vermir. Mən məcbur qalıb salonu özüm təmir etdirdim; təmirə 100 mindən çox xərcim çıxdı. Sonra məlum oldu ki, Röyal məndən aldığı pulu ustalara verməyib. Elektrik gəldi ki, pulumu verin, yoxsa gəlib şünurları kəsəcəm. Mebel ustasına mebelin pulunu da artıq məbləğə demişdi. Bütün bu olanlardan sonra münasibətlərimiz pozuldu. Bundan sonra salona gəlib məni, əməkdaşları hədələyirdi ki, yer onun dostunundur, pulunu ver, çıx. Texniki işçilərdən biri onun tanışı idi, açar onda da var idi. Saat, vaxt bilmədən izinsiz salona müştəri gətirib, salonun satışa qoyulduğunu deyirdi. Mən bütün bunların hamısını sonradan kameralardan izləyib görürdüm. Dayana bilməyib oradan çıxdıq. Mənə dəymiş ziyandan 30 min ödəyib".


Növbəti proses 6 oktyabr saat 09:15-ə təyin olunub.


Xatırladaq ki,"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva Masiyev Röyal Ələddin oğluna salonunun təmiri üçün pul verdiyini, amma sonra sözügedən şəxsin ona qarşı dələduzluq etdiyini bildirir. Zərərçəkmiş iddia edir ki, qarşı tərəf ona 300 min 706 manat ödəməli olduğu halda bundan yayınır. K. Həmzəyeva R. Masiyev barəsində Nərimanov Rayon Polis İdarəsinə şikayət edib. Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq etmə) maddəsi cinayət işi başlanılıb. Röyal Masiyev Nərimanov rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Novxanıda Ramiz Mehdiyevə məxsus 5 hektar torpaq sahəsi iş adamına satılıb – Əcaba necə?


"Prezident Administrasiyasının keçmiş rəhbəri, barəsində bir neçə maddə ilə cinayət işi qaldırılan Ramiz Mehdiyevlə bağlı istintaq başa çatıb. Cari ilin 21 sentyabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində Ramiz Mehdiyevin işi ilə bağlı ilk məhkəmə prosesi keçiriləcək. Belə bir həssas məqamda Abşeron rayonunun Novxanı kəndində Ramiz Mehdiyevə məxsus 5 hektarlıq böyük bir ərazinin məşhur iş adamlarından birinə satıldığı ilə bağlı məlumatlar yayılmağa başlayıb". "DİA-AZ" xəbər verir ki, bu barədə redaksiyamıza göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Novxanı ərazisində insnalar rəhmətə gedən yaxınlarını dəfn etmək üçün qəbir yeri tapmadaıqları bir zamanda, vaxtiylə Ramiz Mehdiyev tərəfindən zəbt edilən torpaqlardan 5 hektarlıq bir sahənin iş adamlarından birinə satıldığı məlum olub. Kənd sakinlərinin fikrincə, ağır cinayətlər görə ittiham edilən Ramiz Mehdiyevin bu torpaq sahəsini indiki həssas mqəamda necə satdığı ciddi suallar doğurmaqdadır.
Maraqlıdır, məlum hadisə ilə bağlı həm Əmlak Məsələləri Dövlət Xidməti, həm də Novxanı bələdyyəsinin torpaq şöbəsi susqunluq sərgiləyir. Halbuki, Ramiz Mehdiyevlə bağlı hər bir olay dövlət səviyyəsində araşdırılması gərəkən məsələdir və əlaqədar qurumların bu alqı-satqı haqqında da məlumatandırılması vacibdir.
Bundan başqa, kənd sakinləri iddia edir ki, hələ də Novxanıda Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu Timur Mehdiyev, qohumları Telman Mehdiyev və Dilqəm Mehdiyevin adına külli miqdarda torpaq sahəsi mövcuddur. Bu torpaq sahələrinin Ramiz Mehdiyevin aparat rəhbəri olduğu dönəmdə ələ keçirildiyi ehtimal olunur. Sakinlər bildirir ki, müvafiq qurumlar, xüsusilə də güc orqanlarının Ramiz Mehdiyev və onun yaxınlarının Novxanıdakı torpaq sahələri lə bağlı daha ciddi araşdırma aparması vacibdir...."

Binəqədidə TİKİNTİ XAOSU... - ETİRAZ VAR...


Binəqədi rayonunda qanunsuz olduğu iddia edilən tikili narazılıq yaradıb.

Tribuna.az xəbər verir ki, bu barədə sakinlər məlumat verib. Onlar bildirib ki, tikinti Ekologiya postuna yaxın ərazidə aparılır.

Sakinlər bildirib ki, tikinti aparılan ərazi hasarlansa da heç bir məlumat lövhəsi vurulmayıb. Ərazidə hansı işlər aparıldığı, nə tikildiyi məlum deyil.

Sakinlər tikintiylə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə və şəxsən icra başçısı Elxan Allahverdiyevə müraciət ediblər.

Lakin sakinlərin müraciətinə hələlik heç bir cavab verilməyib.

VİDEO LİNKDƏ: https://diaaz.info/manset/490851-bineqedide-tikinti-xaosu.html

Sumqayıt İcra Hakimiyyəti qanunsuzluğa “norma” deyir? – “Açıqlama” niyyətinə qurulmuş cümlələr


Ötən gün Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının damında aparılan qanunsuz mərtəbə artırılması barədə Faktum.az-da yayımladığımız araşdırma videosu geniş ictimai əks-səda doğurub. Çoxlu sayda sakinin narahatlığına səbəb olan bu mənzərəyə Sumqayıt Şəhər İcra Hakimiyyəti sosial şəbəkə hesabımızdakı rəy bölməsində olduqca qısa və şablon bir cümlə ilə cavab verməklə kifayətlənib:
https://faktum.az/sumqayitda-memarliq-saheseri-yoxsa-aciq-askar-qanunsuzluq-video/“Sumqayıt şəhərində aparılan tikinti işləri müvafiq şəhərsalma və tikinti normalarına, həmçinin aidiyyəti qurumların rəylərinə uyğun həyata keçirilir.”

​Hər kəsin gözü önündə ucaldılan bu konstruksiyaya İcra Hakimiyyətinin verdiyi üstüörtülü reaksiyanı qəbul etmək mümkün deyil. Gözdən pərdə asmağa hesablanmış bu formal bəyanatın fonunda Faktum.az olaraq aidiyyəti qurumların və şəhər rəhbərliyinin cavablandırmalı olduğu konkret sualları bir daha gündəmə gətiririk:

​Əvvəla, İcra Hakimiyyətinin istinad etdiyi “aidiyyəti qurumların rəyləri” hansılardır?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi tikinti icazəsi, həmçinin Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin binanın özülünün və yükdaşıma divarlarının bu əlavə ağırlığa tab gətirə biləcəyinə dair müsbət ekspertiza rəyi mövcuddurmu? Müsbət rəy varsa, bunun reystr nömrəsi və tarixi niyə ictimaiyyətə açıqlanmır?

​İkincisi, Mənzil Məcəlləsinin tələblərinə görə binaların dam örtüyü və çardaq sahəsi orada yaşayan bütün sakinlərin ümumi paylı mülkiyyətidir. İcra Hakimiyyəti bu tikintini “normaya uyğun” adlandırarkən binadakı mənzil mülkiyyətçilərinin rəsmi yazılı razılığının olub-olmadığını araşdırıbmı?

​Üçüncüsü, istismar müddəti və yükdaşıma həddi öncədən müəyyən olunmuş yaşayış binasının üstünə əlavə karkas və mərtəbə ucaltmaq hansı şəhərsalma estetikasına və təhlükəsizlik qaydasına sığışır?

Olası bir fövqəladə hal və ya seysmik aktivlik zamanı yarana biləcək fəsadların məsuliyyətini bu formal şərhləri yazan yetkililər öz üzərinə götürəcəkmi?

​Şablon cavablarla qanunsuzluqların üstünü örtmək mümkün deyil.

Faktum.az olaraq məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə və Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi sorğular ünvanlayaraq mövzunu sonuna qədər diqqətdə saxlayacağıq.

Redaksiyamız qarşı tərəfin də rəsmi mövqeyini dərc etməyə hazırdır!

"6 ildir bizi ALDADIRLAR, evsiz-eşiksiz QALMIŞIQ" - Gəncə sakinləri ETİRAZ EDİR


2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə 5 dəfə raket hücumu həyata keçirilib. Hücumlar nəticəsində aralarında qadın və uşaqların da olduğu 26 mülki şəxs həlak olub, 175-dən çox insan yaralanıb, şəhərin mülki infrastrukturuna ciddi ziyan dəyib. Hadisələrdən 6 il keçməsinə baxmayaraq, bir qrup Gəncə sakini dağıdılmış evlərinin hələ də bərpa edilmədiyini bildirir. Sakinlər bununla bağlı Bakıda, Memarlıq və Şəhərsalma Baş İdarəsinin qarşısında toplaşaraq narazılıqlarını ifadə ediblər. Onlar bildiriblər ki, evlərinin bərpası ilə bağlı müraciətlərinə baxılmasını və problemin həll edilməsini istəyirlər. Gəncə sakinləri ölkə rəhbərliyinə və aidiyyəti dövlət qurumlarına müraciət edərək dağıdılmış evlərinin bərpası məsələsində köməklik göstərilməsini xahiş ediblər.

Kanal13

"Burda qiymətlər həddindən artıq yüksəkdir" - XİDMƏTSƏ... SIFIR!


"Deluxe Park Qusar! Çox böyük məyusluq. Ailəvi istirahət üçün qətiyyən tövsiyə etmirəm!.." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabındakı paylaşımında Kamran Şabanov adlı istifadəçi yazaraq gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Biz ailəlikcə — mən, həyat yoldaşım, yeni doğulmuş körpəmiz və 6 yaşlı qızımızla Qusar rayonuna istirahətə getmişdik. Məqsədimiz ailəlikcə bir neçə sakit və xoş gün keçirmək idi.
7 il əvvəl Yeni il vaxtı məhz bu yerdə istirahət etmişdim və o zaman çox yaxşı təəssüratla ayrılmışdım. Elə buna görə də bu dəfə ailəvi istirahət üçün Park Qusarı (indiki Deluxe Park Qusar) seçdik.
Gəlməmişdən əvvəl otellə əlaqə saxlayıb xüsusilə bildirdik ki, yeni doğulmuş körpə ilə gəlirik. Bizə 3 nəfərlik kottec və ya 2 nəfərlik + əlavə çarpayılı variant lazım olduğunu əvvəlcədən danışdıq. Hər şey razılaşdırıldı və bir günlük ödəniş məbləğində — 170 AZN ilkin ödəniş etdik. Onların tariflərinə görə həftəiçi qiymət 170 AZN, həftəsonu isə 230 AZN idi.
Gəldikdə isə qalan məbləğin hamısını ödədim.
Bizə verilən kottec ərazinin ən yuxarı hissəsində yerləşirdi. Maşınla olduğumuz üçün bu, bizim üçün ən böyük problem olmadı. Amma maşınsız, xüsusilə uşaq arabası ilə ərazidə hərəkət etmək kifayət qədər çətin olardı.
Kottecə qalxmaq üçün çox uzun və hündür pilləkənlərdən keçmək, daha sonra isə dik taxta pilləkənlə qalxmaq lazım idi. Üstəlik, bəzi pillələr ümumiyyətlə sınıq vəziyyətdə idi. Yeni doğulmuş körpə ilə gələn ailə üçün bu, heç də rahat və təhlükəsiz deyil.
Amma bunlar içəridə bizi gözləyənlərin yanında xırda məsələ imiş.
Kottecdə işıq çox zəif idi. Hamam otağı çirkli vəziyyətdə idi: unitazda sarı ləkələr, çirkli lavabo, ləkəli güzgü. Yataq dəsti səliqəli şəkildə yığılmışdı, amma əvvəlki qonaqlardan qalan saçlarla dolu idi. Yastıqlarda pomada və tonal krem ləkələri var idi. Ümumiyyətlə, hər yerdə toz hiss olunurdu.
Dərhal zəng edib problemi bildirdim.
Bizə 4 nəfərlik daha böyük kottec təklif etdilər. Amma orada da təmizliklə bağlı vəziyyət yaxşı deyildi. Üstəlik, yataq otağı ikinci mərtəbədə yerləşirdi və içəridə pilləkən var idi. Yeni doğulmuş körpə ilə bizim üçün bu variant da uyğun deyildi.
Təklifdən imtina etdim və ilk kottecin təmizlənməsini xahiş etdim. Dedilər ki, kotteci təmizləyəcəklər və sabah bizə uyğun başqa variant təklif edəcəklər.
Biz də razılaşdıq və gözləmək üçün restorana getdik.
Restoran da ayrıca məyusluq oldu — qiymətlər baha, yeməklər isə dad baxımından çox zəif idi.
Saat təxminən 22:00-da kottecə qayıtdıq. Yataq dəstini dəyişmişdilər. Ləkələr artıq yox idi, amma saçlar hələ də var idi. Yastıqları da yalnız dəyişmişdilər.
Hamam otağı isə demək olar ki, əvvəlki vəziyyətdə qalmışdı.
Yenidən işçiləri çağırdım və onlar mənim yanımda xüsusi təmizləyici vasitə ilə hamamı təmizləməyə başladılar. Daha sonra güclü kimyəvi qoxuya görə otağı havalandırmaq lazım gəldi.
Nəhayət, saat 23:00 radələrində qərara gəldik ki, qalırıq və yatmağa gedirik.
Səhəri gün bizə yenə içərisində pilləkən olan eyni variantı təklif etdilər.
Bu zaman başa düşdüm ki, bizim əsas problemimizə — yeni doğulmuş körpə ilə rahat və təhlükəsiz yerləşmə məsələsinə ciddi yanaşılmayıb.
Uzun yoldan sonra istirahət etmək əvəzinə ilk gündən təmizlik, kottec, pilləkənlər, otaq dəyişmək və personal ilə problemləri həll etməklə məşğul olduq.
Əhvalımız artıq ilk gündən tamamilə korlanmışdı.
Buna baxmayaraq, istirahətimizi tamamilə məhv etməmək üçün çatışmazlıqlara göz yummağa və qalan günləri sakit keçirməyə çalışdıq.
Alınmadı.
Səhər yeməyi çox çeşidli görünür, amma keyfiyyət çox aşağıdır. Sosislər yaxşı bişməmişdi, yumurtalardan xoşagəlməz qoxu gəlirdi. Şokolad, qatılaşdırılmış süd, bal və digər məhsulların keyfiyyəti də çox aşağı idi.
Bütün bunların fonunda qiymətlər isə sanki 4-5 ulduzlu otel səviyyəsindədir.
Daha bir xoşagəlməz məsələ isə erkən çıxış zamanı pulun hesablanması oldu.
Əvvəlcə 6 gün qalmağı planlaşdırmışdıq. Lakin problemlərə görə bazar günü səhər çıxmaq qərarına gəldik. Onların hesablamasına görə bazar ertəsi və bazar günü həftəiçi günlər hesab olunur və bizə 230 AZN yox, 170 AZN tarifindən geri ödəniş edildi.
Bu məsələdə də mübahisə etmədik.
Daha sonra şəhərə gedib başqa otel tapdıq və başa düşdük ki, burada daha bir gün qalmaq istəmirik. Geri qayıdıb artıq üçüncü gün — şənbə günü tamamilə çıxmaq qərarına gəldik.
Burada isə vəziyyət daha da maraqlı oldu. 
Şənbə artıq açıq şəkildə həftəsonudur. Buna görə həmin gün üçün 230 AZN tarifinin tətbiq olunacağını gözləyirdik.
Amma yenə bizə 170 AZN qaytarıldı.
İzah isə belə oldu ki, bizə bir həftəsonu günü hesablanıb və həmin həftəsonu günü cümə günü imiş.
Açığı, bu hesablamanın məntiqini hələ də başa düşə bilmədik. 
Amma həmin anda artıq mənim üçün əsas məsələ pul deyildi. Sadəcə mümkün qədər tez oradan çıxmaq istəyirdim.
Nəticədə planlaşdırdığımız 6 günlük istirahətin əvəzinə cəmi 2 gün qaldıq.
Daha sonra Qusar şəhərinin mərkəzində başqa bir otelə köçdük. Eyni qiymətə və tamamilə başqa səviyyədə xidmət aldıq və orada özümüzü çox rahat hiss etdik.
Ən çox təəssüf etdiyim məqam odur ki, mən bu yeri məhz 7 il əvvəlki yaxşı xatirələrimə görə seçmişdim. Təəssüf ki, indiki vəziyyət həmin xatirələrlə heç uyğun gəlmədi.
Yekun olaraq: çirkli otaqlar, təhlükəli və baxımsız pilləkənlər, keyfiyyətsiz və dadsız yeməklər, zəif xidmət, qonaqların iradlarına lazımi münasibətin göstərilməməsi və erkən çıxış zamanı anlaşılmaz pul hesablaması.
Bütün bunların qarşılığında isə qiymətlər kifayət qədər yüksəkdir.
Biz yeni doğulmuş körpə və 6 yaşlı uşağımızla sakit, rahat ailəvi istirahət üçün gəlmişdik. Nəticədə isə ilk gündən stress, məyusluq və korlanmış istirahətlə qarşılaşdıq.
Şəxsən mən Deluxe Park Qusarı ailəvi istirahət üçün QƏTİYYƏN TÖVSİYƏ ETMİRƏM!.."


Kamera önündə “ŞOU”, əməliyyat masasında təhlükə - “New Med”də ŞƏNLİK VAR!


Faktum.az xəbər verir ki, Həsən Əliyev 351 ünvanında yerləşən “New Med” klinikasından yayılan son görüntülər tibb müəssisəsindən daha çox əyləncə mərkəzini xatırladır. Əməliyyatxana şəraitində çəkilən videoda tibb heyətinin kameraya qarşı rəqs etməsi, gülüşməsi və məsuliyyətsiz davranışı həddi aşan mənzərə yaradır.

​Aktiv əməliyyat prosesi zamanı pasiyentin bilavasitə yanında duran heyətin üzündə tibbi maskanın olmaması sterillik zəncirini birbaşa qırır.

Danışarkən və rəqs edərkən havaya yayılan mikrodamcıların açıq əməliyyat sahəsinə düşməsi pasiyentin həyatını ağır infeksiya riski altında qoyur. İnsan həyatının tərəzidə olduğu bir məqamda cərrahiyyə masasını TikTok meydançasına çevirmək və normativləri tapdalamaq nə peşə etikasına, nə də insani məsuliyyətə sığır.

Hesab edirik ki, ​Səhiyyə Nazirliyi və aidiyyəti qurumlar “New Med” klinikasındakı bu antiseptik və etik özbaşınalığa dərhal hüquqi qiymət verməli, insan sağlığını oyuncağa çevirənlər barəsində kəskin tədbirlər görməlidir.

“JOY Tour” işi: sahibkarın təsisçi kimi məsuliyyəti niyə faktiki idarəetmə ilə eyniləşdirilir? - NARAZILIQ VAR...


Həbsdə olan “JOY Tour” şirkətinin həmtəsisçisi Rəşad İlyasovun ailəsi işə yalnız cinayət işi kimi deyil, sahibkar hüquqları və şirkətdə məsuliyyət bölgüsü baxımından da qiymət verilməsini istəyir.

Rəşad İlyasovun anası Tamam Həsənova bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğlu və Nərmin Fətullayeva barəsində cinayət işinə baxılır.
Onun sözlərinə görə, şirkətdə hər iki şəxsin 50 faiz payı olub, lakin direktor və gündəlik fəaliyyətin faktiki icraçısı 2017-ci ildən Nərmin Fətullayeva olub.

“Şirkətin təsisçisi olmaqla onun gündəlik satışlarını, kassanı və bank əməliyyatlarını idarə etmək eyni şey deyil. Turistlərin pulunu kim qəbul edib, satışları kim həyata keçirib, bank və kassa əməliyyatlarına kim nəzarət edib – məsuliyyət də bu faktlara görə müəyyən olunmalıdır”, – T.Həsənova deyib.

Ailənin bildirdiyinə görə, Rəşad dəfələrlə yazılı və şifahi şəkildə tələb edib ki, turist ödənişləri şəxsi kartlara deyil, yalnız şirkətin rəsmi hesabına qəbul edilsin. Satışların şəffaf uçotu üçün TMS sistemi tətbiq olunub və bütün satışların vaxtında sistemə daxil edilməsi tələb edilib. Buna baxmayaraq, turist ödənişlərinin böyük hissəsinin Nərmin Fətullayevanın şəxsi kartlarına qəbul edildiyi, satışların sistemdən kənarda saxlanıldığı müəyyən edilibş.

T.Həsənovanın sözlərinə görə, Rəşad şirkətin maliyyə vəziyyətini sistemdə görünən öhdəliklərlə müqayisə etdikdən sonra yeni satışların dayandırılmasını, mövcud turistlər qarşısındakı öhdəliklərin yerinə yetirilməsini və şirkətin fəaliyyətinin dayandırılmasını istəyib. Buna baxmayaraq, 2025-ci ilin avqustunda yeni satış cəhdinin olduğu və Rəşadın buna “WhatsApp” səs yazısı ilə etiraz etdiyi bildirilir.

“Sonradan problem yaşayan 40-a yaxın turistin böyük hissəsi barədə TMS sistemində dolğun məlumat olmadığı məlum oldu. Əgər oğlumun məqsədi gəlirləri və satışları gizlətmək idisə, niyə özü şəxsi kartlara ödənişi qadağan edir, rəsmi hesab tələb edir, bütün satışların sistemdə görünməsini istəyir və sonda yeni satışları dayandırırdı?” – ana bildirib.

Ailə audit materiallarında da sahibkar hüquqları baxımından ciddi suallar olduğunu deyir. Onların sözlərinə görə, audit turist pullarının şəxsi kartlara qəbul edilməsini vergidən yayınmaya cəhd kimi qiymətləndirib, maliyyə əməliyyatlarının faktiki icrasına görə məsuliyyəti icraçı şəxslə əlaqələndirib, həmçinin Nərmin Fətullayevanın Türkiyədəki bank hesabına yerləşdirilən vəsaitlərin mənbəyinin müəyyən edilməsini tələb edib.

Rəşad İlyasova vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı da verilib. Ailə isə bildirir ki, onun adına sonradan elektron sistemə daxil edilmiş direktor və maliyyə direktoru kimi əmək müqavilələri Rəşad tərəfindən SİMA ilə təsdiqlənməyib. O, özü aşkarladığı uyğunsuzluqların aradan qaldırılmadan direktor vəzifəsini qəbul etməyəcəyini də yazılı bildirib.

T.Həsənova ibtidai istintaqla bağlı da suallar olduğunu qeyd edib: Rəşadın iştirakı ilə möhürlənən ofisin sonradan onun və vəkilinin iştirakı olmadan açıldığı, ailəyə bununla bağlı video-protokol təqdim edilmədiyi, Rəşadın isə 2 ay 28 gün əvəzinə 2 ay 29 gün saxlanıldığı bildirilir.

“Bu işə sahibkar hüquqları baxımından da baxılmalıdır. Sahibkar şirkətin təsisçisi olduğu üçün avtomatik olaraq hər bir icraçının əməlindən cinayət məsuliyyəti daşımamalıdır. Kimin nə etdiyi konkret sübutlarla müəyyən edilməlidir. 40-a yaxın turistin pulunu kim qəbul edib, satışları kim sistemdən kənarda saxlayıb, vəsaitləri kim idarə edib – bunlar araşdırılsın. Sonra Rəşadın konkret hansı cinayət əməlini törətdiyi göstərilsin”, – Tamam Həsənova deyib.

O, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etdiyini, işə sahibkar hüquqlarının müdafiəsi, korporativ məsuliyyət bölgüsü və faktiki maliyyə idarəetməsi baxımından da diqqət yetirilməsini istədiyini bildirib.

"Dia-az"

Xəbər lenti

Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25