322 nömrəli məktəbdə 128 840 manatlıq yığım - ŞOK FAKTLAR


Bakı şəhəri Xəzər rayonu, Albalılıq yaşayış massivində yerləşən 322 nömrəli tam orta ümumtəhsil məktəbində qanunsuz pul yığılması, işə qəbul zamanı pul tələb edilməsi və məsələni ictimailəşdirən vətəndaşa təzyiq göstərilməsi ilə bağlı ciddi iddialar səsləndirilir.

Redaksiyaya müraciət edən Nicat Fərzəliyev bildirir ki, məktəbdə müxtəlif bayramlar ərəfəsində valideynlərdən mütəmadi şəkildə pul yığılır. Onun təqdim etdiyi yazışmalarda ayrı-ayrı şagirdlərin adlarının qarşısında 10 manat məbləğinin qeyd edildiyi görünür.

Nicat Fərzəliyevin iddiasına görə, 8 Mart ərəfəsində şagirdlərdən 10 manatlıq yığım həyata keçirilib. 5 oktyabr - Müəllimlər Günü ərəfəsində isə hər şagird üçün artıq 30 manat tələb olunduğu bildirilir.

Məsələnin miqyasını anlamaq üçün rəqəmləri hesablamaq kifayətdir.

Məktəblə bağlı təqdim edilən məlumatda şagird sayı 3221 nəfər göstərilir. Əgər Nicat Fərzəliyevin iddia etdiyi 10 manatlıq yığım bütün 3221 şagirdə şamil olunubsa:

3221 × 10 manat = 32 210 manat.

Müəllimlər Günü ilə bağlı iddia olunan 30 manatlıq yığım da bütün şagirdlər üzrə həyata keçirilibsə:

3221 × 30 manat = 96 630 manat.

Beləliklə, yalnız iki bayram — 8 Mart və Müəllimlər Günü üzrə iddia edilən ümumi məbləğ:

32 210 + 96 630 = 128 840 manat edir.

128 min 840 manat heç bir halda kiçik məbləğ hesab edilə bilməz.

Üstəlik, Nicat Fərzəliyev məktəbdə hazırda faktiki olaraq 4 mindən artıq şagirdin təhsil aldığını iddia edir. Əgər bu göstərici təsdiqlənərsə, 4 min şagird üzrə 10 manatlıq yığım 40 min manat, 30 manatlıq yığım isə 120 min manat edir. Bu halda yalnız iki bayram üzrə söhbət minimum 160 min manatlıq ehtimal olunan vəsaitdən gedir.

Burada xüsusi qeyd olunmalıdır ki, təqdim edilən yazışmalar bütün 3221 və ya 4 mindən artıq şagirdin hər birindən pulun faktiki alınmasını özlüyündə sübut etmir. 128 840 və 160 min manat rəqəmləri şikayətçinin “yığım bütün məktəb üzrə aparılıb” iddiası doğru olduğu halda ortaya çıxan riyazi hesablamadır. Məhz buna görə məsələ hərtərəfli və sənədlərlə araşdırılmalıdır.

Nicat Fərzəliyev pul yığımında iştirak etdiyini iddia etdiyi şəxslərin adlarını da açıq şəkildə çəkir. Onun sözlərinə görə, vəsaitlərin toplanmasında Nuranə Abbasovanın vasitəçi olduğu, müəyyən pulların isə məktəbdə qapıçı işlədiyi bildirilən Mehriban xanımın əli ilə yığıldığı iddia edilir.

Şikayətçi məktəbin direktoru Taleh Şahbaxovun rəhbərliyi dövründə baş verdiyini bildirdiyi bu halların təsadüfi olmadığını, müxtəlif vaxtlarda təkrarlandığını iddia edir.

İddiaların daha ağır hissəsi işə qəbul məsələsi ilə bağlıdır.

Nicat Fərzəliyev bildirir ki, həyat yoldaşının 322 nömrəli məktəbdə işə qəbul edilməsi zamanı əvvəlcə 200 manat, daha sonra isə direktor üçün 500 manat verilməsinin vacib olduğu onlara bildirilib. O, ümumilikdə 700 manat verdiyini iddia edir.

Bu, təsdiqlənəcəyi halda, artıq sadəcə valideynlərdən pul yığılması məsələsi deyil, işə qəbul prosesində qeyri-qanuni ödəniş tələb edilməsi barədə ciddi ittihamdır.

Nicat Fərzəliyev bütün bu məsələləri açıq şəkildə sosiallaşdırdığını, konkret adlar çəkdiyini, yazışmalar təqdim etdiyini və aidiyyəti dövlət qurumlarına dəfələrlə müraciət etdiyini bildirir.

Onun sözlərinə görə, məsələləri gündəmə gətirdikdən sonra isə təzyiqlərlə üzləşib. Şikayətçi Mehriban xanımın oğulları tərəfindən ona hədə-qorxu gəldiyini və müxtəlif formalarda təzyiq göstərildiyini iddia edir.

Əgər vətəndaş öz adı və soyadı ilə ortaya çıxır, işə qəbul zamanı pul verildiyini bildirir, pul yığımında iştirak etdiyini iddia etdiyi şəxslərin adlarını açıqlayır, yazışmalar təqdim edir və dövlət qurumlarına rəsmi müraciətlər göndərirsə, aidiyyəti qurumların məsələyə münasibəti daha ciddi olmalıdır.

Nicat Fərzəliyev bildirir ki, Elm və Təhsil Nazirliyinə məsələ ilə bağlı rəsmi müraciət edib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun rəhbərlik etdiyi qurum ümumi təhsil müəssisələrində proseslərə nəzarət edən dövlət strukturlarından biridir. Belə olan halda haqlı sual yaranır:

- Vətəndaşın dəfələrlə etdiyi müraciət niyə nəticəli və şəffaf araşdırma ilə yekunlaşmayıb?

- Əgər Elm və Təhsil Nazirliyinə daxil olan müraciət aidiyyəti üzrə MÜTDA-ya və ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndərilibsə, araşdırmanın nəticəsi haradadır?

- İddialarda adı çəkilən şəxslərdən izahat alınıbmı?

- Valideyn qruplarındakı yazışmalar araşdırılıbmı?

- Pul yığılması ilə bağlı valideynlərdən açıqlama alınıbmı?

- Vəsaitlərin kim tərəfindən toplandığı və kimə təqdim edildiyi müəyyənləşdirilibmi?

- İşə qəbul zamanı 700 manat verilməsi barədə iddia yoxlanılıbmı?

- Şikayətçiyə qarşı hədə-qorxu iddiası aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim edilibmi?

Məsələdə daha bir ciddi ziddiyyət də mövcuddur.

Nicat Fərzəliyevin sözlərinə görə, ona verilən rəsmi cavabların birində yığılan pulların geri qaytarıldığı bildirilib. Şikayətçi isə bu məlumatı qəti şəkildə təkzib edir və pulların geri qaytarılmadığını deyir.

- Əgər qurum vətəndaşa “pul qaytarılıb” cavabı veribsə, bu məlumat hansı sənədə əsaslanır?

- Pulları geri alan valideynlərin siyahısı varmı?

- Hansı tarixdə, hansı məbləğlər, kim tərəfindən və kimlərə qaytarılıb?

- Təhvil-təslim aktı, qəbz, imza və ya başqa təsdiqedici sənəd mövcuddurmu?

- Əgər belə sənədlər yoxdursa, vətəndaşa “vəsait geri qaytarılıb” məzmunlu cavab hansı araşdırmanın nəticəsində təqdim olunub?

Ortada artıq yalnız 10 və ya 30 manatlıq “sinif yığımı” söhbəti yoxdur.

Söhbət cəmi iki bayram üzrə 128 840 manatlıq ehtimal olunan yığımdan, şikayətçinin iddiasına əsasən faktiki şagird sayı götürüldükdə isə 160 min manatı keçə biləcək məbləğdən, işə qəbul zamanı 700 manat verilməsi iddiasından, konkret şəxslərin adlarının çəkilməsindən, hədə-qorxu iddialarından və bütün bunlarla bağlı dövlət qurumlarına edilmiş rəsmi müraciətlərdən gedir.

İddiaların doğru olub-olmamasına hüquqi qiyməti jurnalist deyil, səlahiyyətli dövlət qurumları verməlidir. Lakin məsələ bu qədər açıq şəkildə ictimailəşdirilir, şəxslərin adları çəkilir və vətəndaş rəsmi müraciət etdiyini bildirirsə, qurumların susması və ya formal cavabla kifayətlənməsi yeni suallar yaradır.

Vətəndaş daha nə etməlidir ki, onun müraciəti tam, şəffaf və nəticəli şəkildə araşdırılsın?

322 nömrəli məktəbin direktoru Taleh Şahbaxovun, Nuranə Abbasovanın, Mehriban xanımın, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və digər adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Səsləndirilən iddiaların hər biri araşdırılmalı, nəticə isə ümumi ifadələrlə deyil, konkret faktlar və sənədlərlə ictimaiyyətə açıqlanmalıdır. /BakuNews.az/

“Neptun”dakı endirim narazılıq yaratdı – Foto


“Neptun” marketlərindəki endirim alıcıları narazı salıb.

Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:

“Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq” Valio” yağlarının endirimdə olduğu deyilir.

Alarkən isə həm satıcılar, həm kassadakılar bu barədə məlumatı olmadıqlarını bildirirlər”.

Alıcı hesab edir ki, bu müştərini aldatmaq və yalan məlumat verməkdir.

Qarşı tərəfi dinləməyə hazırıq.




783 minlik mənimsəmə işi: “Pulu birbaşa Mehdi Əmrahova verirdim” - MƏHKƏMƏ


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid S.Q bildirib ki, onu Mehdi Əmrahovla Arif Şıxəliyev tanış edib:

“Mən orada qeyri-rəsmi satınalmalar şöbəsində çalışırdım. Tenderlər elan edirdik, ən aşağı qiymət təklif edən şirkətlə müqavilə imzalayırdıq. Bir dəfə Arif Şıxəliyev dedi ki, tender şirkəti aşağı qiymət təklif edib, materiallar zəif ola bilər, pulu nağd alaq, özümüz alaq. Ümumilikdə verilən pullardan 16 faiz çıxıldıqdan sonra qalan məbləğin 1-3 faizi mənə çatırdı”.

Digər şahid Arif Şıxəliyev isə mühasibat təcrübəsi olmadan işə dəvət edildiyini deyib. Onun sözlərinə görə, bir müddət sonra pulun nağdlaşdırılması yolu ilə işləməyin daha sərfəli olduğu bildirilib:

“Pulu Yaşar Əmənov Samirə, Samir mənə, mən də Əlimusa Musayevə verirdim. 2024-2025-ci illərdən isə pulu birbaşa Mehdi Əmrahova verirdim”.

Şahid Yaşar Əmənov ifadəsində Mehdi Əmrahovu yalnız bir dəfə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində gördüyünü bildirib.

O qeyd edib ki, müsabiqədə qalib gəldikdən sonra materialların başqa qaydada alınacağı bildirilib və pulun nağdlaşdırılması istənilib:

“Mən pulu nağdlaşdırdım, özümə çatan hissəni götürdüm, qalanını Samirə verdim. Ziyanın 50 faizi dövlət nəfinə olmaqla ümumilikdə 128 min manat ödəmişəm. Mənim iştirakımla 16 MMC açılıb”.

Məhkəmədə ifadə verən digər şahid isə adına iş yeri və bank kartı rəsmiləşdirilməsindən yalnız Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılanda xəbər tutduğunu deyib.

Başqa bir şahid S.Ə isə Mehdi Əmrahovun əvvəllər xalası ilə evli olduğunu, işə ehtiyacı olduğu üçün ona müraciət etdiyini bildirib.

Növbəti məhkəmə prosesi oktyabrın 19-na təyin olunub.

Xatırladaq ki, Mehdi Əmrahov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İttihama görə, o, 12 nəfəri işçi kimi rəsmiləşdirərək onların əməkhaqqını mənimsəməkdə və vəzifə saxtakarlığında təqsirləndirilir. Mehdi Əmrahovun Səhiyyə Nazirliyinə məxsus 783 min manatdan artıq vəsaiti mənimsədiyi iddia olunur.

Səhiyyə Nazirliyi cinayət işi üzrə 670 min manat məbləğində mülki iddia qaldırıb.

Mehdi Əmrahova Cinayət Məcəlləsinin 179.4-cü, 308.2-ci və 313-cü maddələri ilə ittiham verilib. İstintaq zamanı ziyanın bir hissəsinin ödənildiyi bildirilib. Onun yaşı və səhhəti nəzərə alınaraq barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Azərbaycanın Zəfəri – aparıcı güclərin sınan müqaviməti - ŞƏRH

Azərbaycanın Zəfəri – aparıcı güclərin sınan müqaviməti - ŞƏRH

İkinci Qarabağ müharibəsində Zəfərin əldə olunması Azərbaycan üçün asan başa gəlməyib. İlk növbədə, torpaqların dinc yolla, dialoqla BMT Təhlükəsizlik Şurasının (TŞ) məlum dörd qətnaməsinin icrasına, yəni Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasına cəhdlər edilirdi. Bunun üçün ATƏT-in Minsk qrupu və həmsədrlərindən (artıq ləğv olunub - red.) bu yöndə fəaliyyəti artırmaq, işğalçı Ermənistanı tənbeh etmək, BMT TŞ sənədlərini icra etmək tələb olunurdu.

Bu müddət ərzində Azərbaycan torpaqlarının sülh yolu ilə azad edilməsi üçün siyasi-diplomatik istiqamətdə fəaliyyət göstərsə də, ordu quruculuğu işlərini də davam etdirirdi. Yeni, müasir hərbi texnika və avadanlıqlarla ordunun təchiz və təmin edilməsi rəsmi Bakının əsas vəzifələrindən biri idi.

Rəsmi İrəvan Azərbaycanın torpaqlarını güzəştə getməsi qarşılığında "sülhə razılıq" verəcəyini, Azərbaycanın işğal altında olan torpaqlarından kənara çıxaraq yeni əraziləri ələ keçirmək istəyini rəsmən etiraf edirdi. Bununla da Ermənistan 2020-ci il sentyabrın 27-dək Azərbaycana qarşı yeni əraziləri ələ keçirmək üçün müharibəyə hazırlaşırdı. Onlar bu iddialarını gizlətmir, beynəlxalq tədbirlərdə, ABŞ və Avropa İttifaqı ölkələrində açıq şəkildə bəyan edirdilər. 2016-cı ilin aprelində dördgünlük döyüşlər Ermənistanın işğalçı siyasətini davam etdirəcəyinə, Cənubi Qafqazda sabitlik, əmin-amanlıq, sülh və əməkdaşlıq istəmədiyinə dair faktlardandır.

Ermənistan və havadarları bu kimi fəaliyyətləri ilə beynəlxalq hüququ, BMT nizamnaməsini kobud şəkildə pozur, onu görməzlikdən gəlirdi.

Hakimiyyətə gələndə sonra Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyanın Ermənistanın işğal altında saxladığı Azərbaycanın Şuşa şəhərinə qanunsuz səfəri və orada, hərbçilərlə birlikdə əylənməsi, separatçı-terror ünsürlərin Şuşada yeni parlament binası açmaq planı və başqa addımlar Azərbaycanı müharibə yolunu seçməyə vadar etdi.

Rəsmi İrəvanın təxribat və təhrikləri, pozculuq məqsədli addımları cavabsız da qalmırdı.

Prezident İlham Əliyevin Nikol Paşinyanın Xankəndi və Tehranda səsləndirdiyi iddialı və hikkəli şüarına ("Qarabağ Ermənistandır və nöqtə") qarşı "Qarabağ Azərbaycandır və nida işarəsi" kimi qətiyyətli cavabı Azərbaycan cəmiyyəti üçün qürurverici və ümidverici bəyanat, beynəlxalq ictimaiyyətə ismarışı idi. O, Qarabağın həm tarixi, həm də beynəlxalq hüquq baxımından Azərbaycan torpağı olduğunu isbatladı. Dövlət başçısı bununla torpaqları güzəştə getməyəcəyinin də anonsunu verdi.

2020-ci il sentyabrın 27-də Azərbaycan Prezidentinin müharibənin başlaması ilə bağlı ölkə əhalisinə müraciəti, ərazilərin azad ediləcəyini qəti şəkildə bildirməsi Prezident, Silahlı Qüvvələr və Xalq arasında birliyin güclənməsi üçün stimul oldu. Dövlət başçısının torpaqların azad ediləcəyi ilə bağlı irəli sürdüyü şüarlar bu birliyi daha da möhkəmləndiridi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-də Ermənistanın işğalçılığına, qanuna, insanlığa, beynəlxalq hüquqa, beynəlxalq münasibətlərə, BMT-nin nizamnaməsinə zidd addımlara cavab tədbirləri görməyə, onların bütün istiqamətlərdə təxribatlara qarşı genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı.

Azərbaycan Silahlı Qüvvələri barəsində miflər deyilən, şişirdilən, havadarlı, işğalçı Ermənistan ordusunu, silahlılarını 44 günlük əks-hücumla diz çökdürdü, ölkə rəhbərliyini kapitulyasiya aktını imzalamağa vadar etdi. 2020-ci il noyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiyanın Prezidenti Vladimir Putin tərəfindən imzalanmış Üçtərəfli Bəyanat bunun sənədli, hüquqi əsasıdır. Həmin sənəddə Kəlbəcər, Ağdam , Laçın rayonlarından işğalçı silahlıların çıxması ilə bağlı öhdəliyin götürülməsi kapitulyasiya aktına ən bariz örnəkdir.

Daha sonra Azərbaycanın işğaldan azad etdiyi ərazilərində Rusiya sülhməramlı hərbçilərin fəaliyyəti və xidməti Qarabağdakı erməni separatçı-terrorçu qüvvələrin "revanş" etmələri üçün stimul verirdi. Qarabağda müvəqqəti yerləşdirilən "sülhməramlı" hərbçilər ermənilərdən ibarət yeni silahlı qruplar yaradırdı.

Rəsmi Bakı bölgədəki RF hərbçilərinin mandatlarına uyğun olmayan əməllərlə məşğul olduqlarını dəfələrlə Kremlin diqqətinə çatdırsa da, sülhməramlı qoşun anti-Azərbaycan fəaliyyətindən əl çəkmirdi.

Beləliklə, rəsmi İrəvan və Moskva 9 noyabr sənədinə əməl etmək istəmir, Qarabağdakı varlıqlarını müxtəlif bəhanələrlə uzadırdılar. Bu azmış kimi, Azərbaycanın yeraltı sərvətləri qanunsuz olaraq istismar edilirdi. Belələrindən biri 2022-ci ildə İsveçrədə qeydiyyatdan keçmiş "Vallex Group"a daxil olan erməni "Base Metals" Qapalı Səhmdar Cəmiyyətidir. O, Azərbaycanın Ağdərə rayonu ərazisindəki "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarını qanunsuz şəkildə istismar edirdi.

Həmin il dekabrın 28-də Azərbaycan ictimaiyyətinin fəalları şirkətin bu qanunsuz əməllərinə etiraz olaraq Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirdilər. Şirkət fəaliyyətini müvəqqəti dayandırdı. "Vallex Group"un rəhbəri Valeri Mejlumyan, İsveçrə vətəndaşı Vartan Sirmakes və "Base Metals"ın direktoru Artur Mkrtumyan Azərbaycan tərəfindən beynəlxalq axtarışa verildi.

2022-ci ilin oktyabr ayında Azərbaycan Baş Prokurorluğu azad olunmuş ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan və ümumilikdə 3 milyon manatdan çox gəlir əldə etmiş 6 şirkətin qanunsuz əməlləri ilə bağlı araşdırmalara başladığını açıqlamışdı.

Separatçı-terrorçuların fəaliyyəti bununla bitmirdi. Rusiya vətəndaşı, erməni milyarder Ruben Vardanyanın əməlləri ilə regionda maraqları, hədəfləri olan qüvvələrin bu kimi niyyətlərini reallaşdırmaq üçün separatçıların tör-töküntülərindən necə yararlandıqlarını izləmək olar.

Silahlı qrupların hazırlanması, topaqlarındakı sərvətlərin qanunsuz istismarı, Azərbaycan Ordusuna qarşı bölgədə təxribatın aparılması kimi hallar ölkənin suverenliyinin tam bərpası üçün addımlar atmasına əsas verdi.

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra qondarma qurumun "rəhbəri" Samvel Şahramanyan "özlərini buraxdıqlarına" dair "fərman" imzaladı. Ardınca separatçı-terrorçular Azərbaycan hakimiyyətinə təslim oldular.

Antiterror əməliyyatından sonra Prezident İlham Əliyev Qarabağda yaşayan erməni əhalinin Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı müraciət etdi. Dövlət onların dil, mədəniyyət, təhsil, din və bələdiyyə hüquqlarının qorunmasına, təhlükəsizliklərinə tam təminat verdi. Azərbaycan dövləti onları öz vətəndaşı hesab edərək, inteqrasiya prosesi sayəsində onların təhlükəsizlik və rifah şəraitinin daha da yaxşılaşacağına zəmanət verdi.

Azərbaycan birgəyaşayışa alternativin olmadığını bəyan edirdi. Prezident İlham Əliyev qeyd etmişdi ki, ermənilərin gələcəyi yalnız Azərbaycan Konstitusiyası çərçivəsində və Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir.

Erməni sakinlər isə Qarabağı könüllü tərk edərək Azərbaycandan getməyə üstünlük verdilər.

Beləliklə, birgünlük antiterror əməliyyatından sonra sentyabrın 20-də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bütün xarici silahlı qüvvələr, terrorçular ölkə ərazisindən çıxarıldı. Bu, yüz ildən artıq yaşı olan erməni və havadarlarının Azərbaycana qarşı erməni aləti ilə yürütdüyü siyasətin, əməlin iflası idi.

Ötən əsrin əvvəllərində erməni havadaraları Azərbaycan torpaqları əsasında Ermənistan dövlətini qurumuşdu. Onlar yüz il bu etnik qrupu "Böyük Ermənistan" quracaqları düşüncəsi ilə yaşatmışdı. Ancaq bəhs etdiyimiz qısa müddətdə bu ideyaların, sistemlərin puç, mənasız və əhəmiyyətsiz olduğu təsdiqləndi.

Böyük güclər təxminən 30 ilə yaxın dövrdə Azərbaycana torpaqları güzəştə getməsi üçün təzyiqlər edib. Onlar Azərbaycan torpaqlarında daha bir erməni dövlətlərinin yaranmasına çalışırdılar.

Azərbaycan siyasi-diplomatik, hərbi addımları lazım olan vaxt və yerdə atdığı üçün Zəfər əldə etdi. Bununla o, Cənubi Qafqaza yeni mahiyyət qazandırdı. Vaxtilə ona torpaqları güzəştə getməyə məcbur edənlər, onunla iqtisadi, mədəni, hərbi sahələrdə əməkdaşlıq etməyə, strateji müttəfiq olmağa başladılar.

Bu gün Azərbaycan dünyanın təhlükəsiz enerji təminatında aparıcı, etibarlı rollardan birini oynayır. O, beynəlxalq arenada ərazi bütövlüyü məsələsini müdafiə edir. Rəsmi Bakı bu mövqeyini bütün səviyyələrdə qətiyyətlə acılayır. Bununla da Azərbaycan fəaliyyəti heçə endirilən beynəlxalq hüququn dirçəlməsi istiqamətində əməli addımlar atır.

Bu Zəfər nəticəsində Azərbaycan Mərkəzi Asiya-Cənubi Qafqaz və Avropa arasında, habelə TDT-də birləşdirici rolda çıxış edir. Odur ki, Azərbaycanın Zəfəri artıq regional və qlobal mahiyyət daşıyır.

Bu qələbə "real Ermənistan" ideyasının yaranmasına belə yol açdı...(Report)

Badamdarda tikinti özbaşınalığı: Vüqar Zeynalov və Anar Quliyev hansı qanuna əsaslanaraq sərəncam verib?


Bakıda son illər yaşıllıqların məhvi, yüksək gərginlikli elektrik xətləri altında tikintilərin həyata keçirilməsi adiləşib.

Baxmayaraq ki, dövlət başçısı İlham Əliyev bu qanunsuzluqlara son qoyulması barədə xəbərdarlıq edib, müvafiq qurumlara göstəriş verib, lakin yenə də özbaşına hallara rast gəlmək olar.

Xüsusən də aidiyyatı strukturlar - yerli icra hakimiyyəti orqanları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Azərenerji" ASC və "Azərişıq" ASC bu məsələlərə ciddi nəzarət etməlidirlər.

Mediaxeberleri.az xəbər verir ki, belə özbaşına tikililərdən biri Bakının Səbayel rayonu, Badamdar qəsəbəsi ərazisində reallaşıb. DYP-dən bir qədər aralıda, dairəvi yola yaxınlıqda yüksək gərginlikli elektrik xətlərinin altında obyektlər tikilib, yaşıllıqlar isə məhv edilib.

Azərbaycanda daşı daş üstünə qoymağın icazəli olduğunu nəzərə alsaq, deməli, qanunsuz tikintilər, ağacların qətliamı, yüksək gərginlikli elektrik xətlərinin altında inşaat aparılmasına aidiyyatı qurumların öz razılığı olub. Əks halda, Badamdarda ağacları doğrayıb təhlükəli bir xəttin altında heç bir sahibkar obyekt tikə bilməzdi. Bununla bağlı artıq sosial şəbəkələrdə və mətbuatda görüntülər yayılıb.

Həmçinin Bakı sakini Faiq İbrahimov da yol verilən bu qanunsuzluqdan şikayətlənib. Onun sözlərinə görə, yaşıllıqları məhv edərək bu tikintini aparıblar. Ancaq maraqlıdır ki, nə Səbayel rayon icra başçısı Vüqar Zeynalov, nə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, nə də onun müavini Namiq Hümmətov məsələyə münasibət bildirib.

Şübhəsiz ki, ağacları kəsib yerində böyük obyektlər inşa edən həm Səbayel İH, həm də komitənin icazəsini alıb. Deməli, hər iki qurum yaşıllıqların məhvinə və yüksək gərginlikli elektrik xətti altında tikintiyə razılıq verib.

Görəsən komitə sədri Anar Quliyevlə müavini Namiq Hümmətov, həmçinin icra başçısı Vüqar Zeynalov bu qərarı verərkən onu sərəncamda necə əsaslandırıblar? Axı hər bir qərarın izahı və əsaslandırması olmalıdır. Belə görünür ki, həm icra başçısı, həm komitə rəhbərliyi tikinti normativlərinə uyğun olmayan yerdə qanunsuz işlər həyata keçirilməsində maraqlı olub. Əks təqdirdə, heç bir vətəndaşa bu şərait yaradılmaz. Halbuki tamamilə qanundankənar bir iş görülüb. Bir yandan yaşıllıqların məhvi, digər yandan elektrik xətləri altında tikinti. Və prezidentin etdiyi xəbərdarlıqlar deyəsən nə Vüqar Zeynalova, nə də Anar Quliyevə aiddir. Əgər elə olmasaydı, şəhərin "göbəyində" gözə girən bu qanunsuzluğa göz yummazdılar.

Qeyd edək ki, ümumiyyətlə, son illər Bakının arxitekturası, memarlığı sıradan çıxmaqdadır. Paytaxtda lüzumsuz tikintilər, yöndəmsiz inşaat işləri, şəhərin görünüşünə xələl gətirən işlər artıb. Bu tikintilər xüsusən də Anar Quliyevin rəhbərliyi dövründə rəvac verilib. Eləcə də Bakının rayonları arasında ən çox şikayətlərin gəldiyi yerlərdən biri də Səbayeldir. Görünür, problemin dövlət başçısına məruzəsi edilməsinə zərurət var...(Mediaxeberleri.az)


Bakıda restoranda şok hesab: 10 nəfərə 1236 manat - FOTO



Bakıda fəaliyyət göstərən “Beer Hall” adlı restoranda təqdim olunan hesab ciddi müzakirələrə səbəb olub.

Gununsesi.info xəbər verir ki, bu barədə vətəndaş sosial şəbəkədə paylaşım edib.

O paylaşımda 10 nəfərlik masa üçün sifarişlərin ümumi məbləğinin 1051 manat olduğunu bildirilib. Bundan əlavə, 50 manat canlı musiqi, 30 manat içki xidməti və 105 manat xidmət haqqı hesablanıb.

Nəticədə ümumi məbləğ 1236 manat təşkil edib.

Paylaşım sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. İstifadəçilər hesabın yüksək olmasına və əlavə ödənişlərin ayrıca göstərilməsinə münasibət bildiriblər.

"Bazarstore"-dan xarab məhsul - FOTOLAR


"Bazarstore" mağazalar şəbəkəsinin Əhmədlidə yerləşən mağazasından yoqurt alan müştəri məhsulla bağlı xoşagəlməz halla qarşılaşıb.
Kommersant.az xəbər verir ki, müştərinin sözlərinə görə, aldığı yoqurtun qablaşdırmasını açdıqda məhsulun içərisinin bir hissəsinin boş olduğunu, digər hissəsində isə kifə bənzər maddənin yarandığını görüb.

Müştəri məhsulu mağazaya qaytardıqda bunun səbəbini soruşub. Onun sözlərinə görə, mağazanın xanım əməkdaşı məhsulun saxlanıldığı soyuducunun 2-3 gündür işləmədiyini və bu səbəbdən bəzi məhsulların xarab olduğunu bildirib.

Şikayətçinin sözlərinə görə, əməkdaş soyuducudakı eyni və ya oxşar məhsulları yoxladıqda onların bəzilərində də analoji vəziyyətlə qarşılaşıb. Daha sonra isə “Müdiriyyətə deyərik, bununla bağlı tədbir görər” deyərək müştəriyə təşəkkür edib.


Badamdarda yüksək gərginliyin altında böyük təhlükə - Kim və necə içazə verib? - VİDEO


Səbail rayonu, Badamdar qəsəbəsində yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazidə iri obyektin inşa edilməsi ilə bağlı videogörüntü var.

Sözügedən ərazinin əvvəllər ağaclıq olduğu, sonradan isə burada ağacların kəsilərək müxtəlif tikinti işlərinin aparıldığı iddia olunur.

Videokadrlardan görünür ki, hazırda inşa edilmiş böyük obyekt yüksək gərginlikli elektrik xətlərinin birbaşa altında yerləşir. Bu mənzərə isə tikintinin hansı əsaslarla aparılması və obyektə hansı qurum tərəfindən razılıq verilməsi məsələsini gündəmə gətirir.

Məlumdur ki, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilər xüsusi mühafizə rejiminə malik zonalar hesab olunur. Belə ərazilərdə tikinti və digər fəaliyyətlərin aparılması təhlükəsizlik tələbləri baxımından xüsusi yanaşma tələb edir, adətən mümkünsüdür.

Maraqlıdır, Badamdardakı bu obyektin tikintisinə hansı qurum tərəfindən və hansı şərtlərlə icazə verilib?

Digər diqqətçəkən məqam isə ərazidəki yaşıllıqlarla bağlıdır.

Əvvəllər ağaclıq olan ərazidə sonradan ağacların kəsilməsi və tikinti işlərinin aparılması həyata keçirilib. Əgər bu iddialar doğrudursa, ağacların kəsilməsi və ərazinin tikintiyə hazırlanması üçün hansı qurumdan razılıq alınıb?

VİDEO LİNKDƏ: https://bizimesr.info/az/post/badamdarda-yuksek-gerginliyin-altinda-boyuk-tehluke---kim-ve-nece-icaze-verib---video-23619

Sovet dövründə yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərin yaşıllıq zolaqları ilə əhatə olunması təsadüfi deyildi. Bu sahələrdə müəyyən məhdudiyyətlərin və mühafizə rejiminin tətbiqi həm elektrik şəbəkələrinin təhlükəsizliyi, həm də insanların həyat və sağlamlığının qorunması baxımından əhəmiyyət daşıyırdı.

Bu gün isə həmin ərazilərin bir hissəsində ağacların məhv edilməsi və yeni obyektlərin inşa olunması ilə bağlı narazılıqlar səslənir.

Badamdar ərazisindəki konkret obyektlə bağlı isə bir sıra suallar açıq qalır:

Obyekt kimə məxsusdur?

Tikintiyə hansı qurum razılıq verib?

Yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına dair tələblər nəzərə alınıbmı?
Tikinti üçün hansı sənədlər və texniki şərtlər əldə edilib?
Ərazidə ağacların kəsilməsinə icazə verilibmi?

Səbail Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərenerji” ASC və digər aidiyyəti qurumların bu məsələyə münasibəti maraq doğurur.

Məsələyə dair aidiyyəti qurumların açıqlamasını dərc etməyə hazırıq.

Bizimesr.info

Şamaxıda “kəsib, sonra sayırlar?” - Sakinlərin haqqını kim qoruyacaq? – VİDEO


Şamaxı şəhərində vətəndaşa məxsus avtomobil təmiri sexinin onun xəbəri və razılığı olmadan söküldüyü iddia edilir.

Bizimesr.info xəbər verir ki, şikayətçinin sözlərinə görə, hadisə sentyabrın 20-dən 21-nə keçən gecə baş verib.

Obyekt sahibi Şakir Baxşiyev bildirib ki, təxminən 57-60 kvadratmetr sahəsi olan obyekti, tikinti işləri aparan "Turan Holdinq 2021" MMC tərəfindən sökülüb. Şikayətçi söküntü zamanı içəridə olan avadanlıqların da dağıdıldığını iddia edir:

Vətəndaş bildirir ki, ailəsini məhz bu obyekt hesabına dolandırıb və sexin sökülməsi nəticəsində gəlir mənbəyindən məhrum olub. Onun sözlərinə görə, mülkiyyət hüququnu təsdiq edən çıxarışı və digər sənədləri var.

İddialarda adı hallandırılan şirkətdən isə bildirildi ki, söküntüdən iki-üç ay əvvəl vətəndaşa obyektin boşaldılması ilə bağlı məlumat verilib. Hazırda məsələ mülki mübahisə kimi məhkəmədə qiymətləndirilir.

Əli Həsənov Ukraynaya 300 milyon dolar yatırıb? - Sabiq Qaçqınkom sədrindən açıqlama


“Azadlıq” qəzetinin Fikrət Hüseynli adlı əməkdaşı mənim guya Ukrayna dövlətinə 300 milyon dollar investisiya yatırdığımı yazıb. Eyni zamanda yazıb ki, guya həmin yatırımı Ukraynada mənə yaxın olan Svetlana adlı qadın idarə edir”.

Bu barədə Musavat.com-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, baş nazirin keçmiş müavini Əli Həsənov bildirib. Əli Həsənovun dediyinə görə, onun barəsində heç bir əsası olmayan həmin yazıda həmçinin bildirilib ki, guya sözügedən yatırım sanitar qovşaq-tualet biznesinə qoyulub və əldə edilən gəlirdən hər ay 20 min dollar Əli Həsənovun yaxın adamlarına göndərilir, qalan gəlir isə Svetlanaya çatır.

Əli Həsənov barəsində yazılanların tamamilə şər-böhtan olduğunu bəyan edib: “Barəmdə yazılan bu yazılar tamamilə şər-böhtandır.

Fikrət Hüseynliyə Musavat.com saytı vasitəsilə müraciət edirəm, gəlsin mənim yanıma, mən ona “etibarnamə” verim, getsin yazdığı o “yatırımı” götürsün özünə. Mənim nə Ukraynada, nə başqa hər hansı ölkədə, hətta Azərbaycanda yatırımım yoxdur. Mən bizneslə məşğul deyiləm, təqaüdçüyəm”.

Xəbər lenti

Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25