AAYDA-ya məxsus MMC işçilərin maaşını vermir - ETİRAZ VAR...


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan “Bakı 4 №-li Yol İstismarı” MMC-nin rəhbəri Fazil Musayevin işçilərin pulunu ödəmədiyi iddia olunur.
Tribuna.az-a bu barədə şikayətçi Nizam Mustafayev məlumat verib.
O bildirib ki, Fazil Musayev onun haqqını ödəməkdən boyun qaçırır:
“Yasamal rayonunda yerləşən “Royal Park”ın yanı, sosial evlərə gedən yolun çəkilişi üçün Fazil Musayev məndən ağır tonnajlı maşın istəmişdi. Mən də əvvəlcədən danışdığımız məbləğə əsasən maşını verdim. Lakin bu günə qədər də pulumu verməyib”.
Qeyd edək ki, Fazil Musayevin adı mediaya yad deyil. Onun adı müxtəlif qalmaqallarda hallanıb.
Belə ki, havaya qatı və kəskin qoxulu tüstünün buraxılmasına görə Fazil Musayevin “Bakı 4 №-Li Yol İstismarı” MMC-sinə məxsus Balaxanı asfalt zavodu bir neçə dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xəbərdarlıq edilərək cərimələnib.
ETSN-nin xəbərdarlıq və cərimələrinə baxmayaraq, Fazil Musayev havaya qatı tüstü buraxan və havanı zəhərləyən asfalt zavodunu işlətməkdə davam edir.
Qeyd edək ki, “Bakı 4 №-Li Yol İstismarı” MMC rəhbəri Fazil Musayev AAYDA-nın keçmiş İdarə Heyətinin sədri Saleh Məmmədova yaxınlığı ilə tanınıb.
İddialara əsasən, məhz bu yaxınlığa görə Fazil Musayev dövlət vəsaitləri hesabına istehsal olunan asfaltın qanunsuz satışını da həyata keçirib.
Xatırladaq ki, iyul ayında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bir sıra yol istismar qurumları ləğv olunduğunu elan edilsə də, siyahıda “Bakı 4 №-li Yol İstismarı” MMC-nin adı yox idi.

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il yanvarın 2-si saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti bundan əvvəl 2026-cı il oktyabrın 1-i saat 06:00-dək uzadılmışdı.

Şri-Lankaya apardığı azərbaycanlı turistlrdən Şri-Lanka polisinə ŞİKAYƏT ETDİ - NARAZILIQ VAR...


" "Miramir travel" şirkətindən şikayətçiyəm". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Bu ilin avqust ayında Şri-Lankaya təşkil edilmiş qrup turuna qoşulmuşduq- qrupda 38 nəfər var idi...
Əlbəttə ki, bu sayda iştirakçının olmasını ödənişi etdikdən sonra öyrənmişdik. Tur tarixləri öncədən 10-18 avqust elan olunsa da, 10-17 avqusta dəyişdirilibmiş.
Tur proqramı uçuşa yaxın paylaşıldı - o zaman turun qeyri peşəkar təşkil olunduğu üzə çıxdı, belə ki, tur boyu gün ərzində 400-450 km-lik yorucu uzaq məsafələr qət olunurdu.
Turun ortasında tur iştirakçıları ilə qrup rəhbəri ilə problemlər başladı- turistlərlə kobud davranış, yekəxanalıq əlbəyaxa konfliktə gətirdi, tur rəhbərinin Şri Lanka polisinə müraciət etməsi son nöqtəni qoydu.
Ara yerdə konfliktdən kənar qalan digər turistlər peşman oldu - gediləsi yerlərin çoxuna gedə bilmədik, istirahətimiz pozuldu, qanımız qaraldı, vaxtımız getdi.
Bu şirkət indi indi aktiv olaraq Braziliya, Yaponiya turlarını reklam edir...
"Miramir travel" şirkətini heç bir halda tövsiyyə etmirəm..."

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb.

Mətndə deyilir:

"Hörmətli tədbir iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısında Bakı şəhərində səmimi-qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz! Bu mötəbər tədbirin ilk dəfə Azərbaycanda təşkil edilməsi məmnunluq doğurur.

Qardaş xalqlarımızı ortaq etnik köklər, dil, mədəniyyət və ənənələr möhkəm ailə kimi birləşdirir. Təbii müttəfiqliyimizi rəsmiləşdirən Türk Dövlətləri Təşkilatı geniş coğrafi məkanda yerləşən, nəhəng siyasi və iqtisadi potensialı əhatə edən dost və qardaş ölkələrimizin birliyinin və səmərəli qarşılıqlı fəaliyyətinin bariz nümunəsidir.

Bu gün Türk dünyası özünün yüksəliş mərhələsinə qədəm qoymuşdur. Ölkələrimizdə hökm sürən sülh, əmin-amanlıq və sabitlik şəraiti, uğurla davam etdirilən inkişaf prosesləri xalqlarımızın və dövlətlərimizin böyük nailiyyətidir.

Altı il əvvəl Azərbaycanın qazandığı, ümumi fəxr və qürur mənbəyimiz olan Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu. Bu Zəfər, eyni zamanda, ölkələrimizi iqtisadi, logistik və strateji cəhətdən bir-birinə bağlayan tarixi bir qapının – Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı. Fürsətdən istifadə edərək, işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında və bərpasında göstərdikləri dəstəyə görə təmsil etdiyiniz ölkələrə təşəkkürümü bildirirəm. Bu təşəbbüslər Azərbaycan xalqı tərəfindən dərin rəğbət və minnətdarlıq hissi ilə qarşılanır.

Bizim sarsılmaz dostluğumuz və qardaşlığımız bu gün vahid ailəmiz olan Türk Dövlətləri Təşkilatının artan beynəlxalq nüfuzunu və potensialını, Təşkilatın dünyanın güclü geosiyasi mərkəzlərindən birinə çevrilməsini şərtləndirən əsas amillərdəndir.

Türk Dövlətləri Təşkilatına sədrliyi çərçivəsində Azərbaycan ölkələrimiz arasında birliyin və həmrəyliyin daha da möhkəmlənməsinə, qarşılıqlı fəaliyyətimizin geniş potensialının reallaşmasına və bütövlükdə regionumuzun davamlı inkişafına, sülhə və təhlükəsizliyə töhfələr vermək üçün səylərini əsirgəmir. Keçən il Qəbələ Zirvə Görüşündə qəbul edilmiş Bəyannamə üzv ölkələrin siyasi, iqtisadi, enerji, humanitar, hərbi və təhlükəsizlik sahələrində sıx əməkdaşlığını və inteqrasiyasını ehtiva edən mühüm yol xəritəsidir.

Avropa ilə Asiyanı birləşdirən, Türk dövlətlərinin rifahına töhfə verən mühüm nəqliyyat-logistika layihəsi olan Orta Dəhlizin, o cümlədən Zəngəzur dəhlizinin və digər nəqliyyat bağlantılarının inkişaf etdirilməsi istiqamətində sədrliyimiz çərçivəsində səy göstəririk.

Türk Dövlətləri Təşkilatına sədrliyimiz dövrünə təsadüf edən əlamətdar hadisələrdən biri də Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin keçirilməsidir. Fürsətdən istifadə edərək, Təşkilata üzv ölkələrin dəyərli liderlərinə ehtiramımı ifadə edir, Qurultaya ünvanladıqları müraciətlərə və ümumiyyətlə Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatındakı sədrliyinin işinə göstərdikləri daimi dəstəyə görə təşəkkürümü bildirirəm.

Hörmətli tədbir iştirakçıları!

Müasir dünyada ənənəvi təhdidlərlə yanaşı, bəşəriyyəti narahat edən yeni çağırışlar, o cümlədən kibertəhdidlər meydana gəlir, yeni qeyri-sabitlik ocaqları yaranır, beynəlxalq hüququn böhranı müşahidə olunur. Bunların hamısı regional və qlobal problemlərin həlli istiqamətində ortaq gündəliyimizin müəyyənləşdirilməsini, mühüm məsələlərə dair vahid mövqeyimizin formalaşdırılmasını və bütün istiqamətlər üzrə fəaliyyətimizin əlaqələndirilməsini labüd edir. İkitərəfli əsasda həyata keçirdiyimiz hərbi təlimlər müdafiə sahəsində əməkdaşlığımıza töhfə verməklə, dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini bir daha bariz şəkildə təsdiq edir.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik şuraları arasında əməkdaşlıq Türk dünyasının inteqrasiya prosesinin sadəcə siyasi, iqtisadi və mədəni sahələrlə məhdudlaşmadığının, həm də uzunmüddətli strateji xarakter daşıdığının göstəricisidir.

Təhlükəsizlik Şuraları katiblərinin mütəmadi əsasda toplaşaraq aktual təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparması ortaq qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi və onların neytrallaşdırılması yollarının araşdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir, Türk Dövlətləri Təşkilatı məkanında təhlükəsizlik sahəsində dialoqu tamamilə yeni səviyyəyə qaldıraraq ortaq təhlükəsizlik arxitekturasının formalaşdırılmasına xidmət edir. Belə ki, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlərlə mübarizə, kritik infrastrukturun mühafizəsi kimi məsələlər istənilən dövlətin təkbaşına həll edə bilməyəcəyi məsələlərdir. Bu səbəbdən, mühüm koordinasiya mexanizmi olaraq, təhlükəsizlik şuralarının üzərinə böyük məsuliyyət düşür.

Əminəm ki, Toplantı zamanı gündəlikdə duran mühüm məsələlər ətrafında aparılacaq müzakirələr, irəli sürüləcək təşəbbüs və təkliflər ölkələrimizin əmin-amanlığına, təhlükəsiz gələcəyinə, Türk dünyasının qlobal təhdidlər qarşısında daha dayanıqlı və sarsılmaz bir gücə çevrilməsinə əhəmiyyətli töhfə verəcəkdir.

Toplantının işinə uğurlar arzulayıram".

Baş memarı, nazirliyin müfəttişi və idarə rəisini şantaj edən şəxsin cəzası azaldıldı - TƏFƏRRÜAT


Gəncə Apellyasiya Məhkəməsində dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Elnur Abdullayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayətləri qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü cəzaya aid hissədə dəyişdirilib, ona təyin edilən 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 il 6 aya endirilib.

İttihama görə, Elnur Abdullayev İlham Ağayevə Fövqəladə Hallar Nazirliyində işləyən tanışının olduğunu və həmin qurumda xidmətə qəbul məsələsində köməklik göstərə biləcəyini bildirib. O, İlham Ağayevin qohumunu Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyini vəd edib.

Təqsirləndirilən şəxs bu vədini yerinə yetirmək niyyətində olmadığı halda İlham Ağayevə yalan məlumatlar verərək onu aldadıb və 2021-ci ilin iyul ayının ortalarında Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində ondan 4 000 manat alıb.

Bundan sonra, o, həmin ayın sonlarında yenidən Quzanlı qəsəbəsi ərazisində İlham Ağayevin göndərdiyi taksi sürücüsü vasitəsilə daha 4 000 manat nağd pul götürüb.

İstintaqın və məhkəmənin materiallarına əsasən, bu vəsaitlər vahid niyyət çərçivəsində ələ keçirilib və nəticədə İlham Ağayevə ümumilikdə 8 000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurulub.

Təqsirləndirilən şəxsin digər epizodu isə Ağdam Rayon İcra Hakimiyyətində baş memar vəzifəsində çalışan S.S.-lə (adı, soyadı şərtidir) bağlı olub. O, 2023-cü ilin iyun ayında həmin şəxsin xidməti fəaliyyəti ilə əlaqədar “Facebook” sosial şəbəkəsində hazırladığı videoçarxları paylaşıb. Daha sonra isə həmin xarakterli digər videoları da sosial şəbəkədə yayımlayacağı və bununla S.S.-in nüfuzuna xələl gətirəcəyi barədə hədə-qorxu ilə ondan 2 000 manat tələb edib. Elnur Abdullayev tələb etdiyi pulu müxtəlif vaxtlarda hissə-hissə almaqla, ümumilikdə 2 000 manat əldə edib.

Bundan başqa, təqsirləndirilən şəxs 2024-cü ilin fevralında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbii Sərvətlər İdarəsində müfəttiş vəzifəsində çalışan D.D.-in xidməti fəaliyyəti ilə bağlı “Facebook” sosial şəbəkəsində videoçarx yayımlayıb. Daha sonra onunla bağlı rüsvayedici xarakterli digər videoları da paylaşacağı və D.D.-nin nüfuzuna xələl gətirəcəyi hədəsi ilə 500 manat tələb edərək alıb.

Digər epizod isə 2024-cü ilin may ayına aiddir. Elnur Abdullayev Ağdam Rayon Mexaniki Suvarma İdarəsinin rəisi vəzifəsində çalışan T.T.-nin xidməti fəaliyyəti ilə bağlı “Facebook” sosial şəbəkəsində İ.Rüstəmovun iştirakı ilə hazırladığı videoçarxı yayımlayıb. O, həmin xarakterli digər videoları da paylaşacağı və T.T.-nin nüfuzuna xələl gətirəcəyi ilə hədələyərək 500 manat tələb edib. Pulun 2024-cü ilin may ayının əvvəllərində Ağdam rayonu ərazisində tanışı İ.Rüstəmov vasitəsilə tələb edildiyi qeyd olunub.

Daha sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Abdullayevə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Təqsirləndirilən şəxsin əməlləri Cinayət Məcəlləsinin 178.2.4 və 182.2.2-ci maddələri ilə tövsif edilib.

Birinci instansiya məhkəməsinin hökmündən müdafiəçi apellyasiya şikayəti verib. Müdafiəçi hökmün ləğv edilməsini, Elnur Abdullayevin əməlinin Cinayət Məcəlləsinin 178.2.4 və 182.2.2-ci maddələrindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif olunmasını və onun barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş edib.

Məhkum da ayrıca apellyasiya şikayəti verərək iş üzrə yenidən məhkəmə istintaqının keçirilməsini və ədalətli hökm çıxarılmasını istəyib.

Bu rəisləri HƏBS GÖZLƏYİR - SƏBƏB AÇIQLANDI


Hərbi xidmət zamanı və ya xidməti vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin tabeliyində olan hərbi qulluqçuya zor tətbiq etməsi ağır hüquqi məsuliyyət yaradır.
Ajans.az xəbər verir ki, belə əmələ görə bir ilədək hərbi xidmət üzrə məhdudlaşdırma, bir ilədək intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.

Zorakı hərəkətlər təkrar törədildikdə, iki və ya daha çox hərbi qulluqçuya qarşı həyata keçirildikdə, bir qrup şəxs və ya qabaqcadan əlbir olan qrup tərəfindən törədildikdə cəza sərtləşir.

Həmçinin zorakılıq silah tətbiq etməklə, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmaqla və ya işgəncə verməklə törədilərsə, təqsirkar bir ildən iki ilədək intizam xarakterli hərbi hissədə saxlanıla və ya iki ildən beş ilədək azadlıqdan məhrum edilə bilər.

Əgər zorakı hərəkət nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurularsa və ya digər ağır nəticələr yaranarsa, cəza daha da ağırlaşır.

Bu halda şəxsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə gözləyir.

"AyMed" rəhbərinin "özbaşınalıqları"... - İTTİHAM VAR...


Balakən Rayon Mərkəzi Xəstəxanasında direktor kreslosunun boşalması ilə bağlı Balakəndə daha bir məsələ ciddi müzakirə mövzusuna çevrilib. Redaksiyamıza daxil olan məlumatlara görə, Balakəndə fəaliyyət göstərən “AyMed” Klinikasının rəhbəri Elşən Kərimov rayon mərkəzi xəstəxanasının direktoru təyin olunmaq üçün bütün əlaqələrini səfərbər edib.Daha maraqlısı budur ki, iddialara görə, Elşən Kərimov yaxın ətrafına artıq “sənədlərim Anar Bayramovun stolunun üstündədir, bu gün-sabah əmrimi alacağam” deyə məlumat verir.
TƏBİB rəhbərliyinin cavablandırmalı olduğu kifayət qədər ciddi sual ortaya çıxır:Direktor təyinatı hələ aparılmayıbsa, namizəd öz əmrinə necə bu qədər əmindir?

Pediatr, UZM həkimi və direktor namizədi – burada nə baş verir?

Məsələ bununla bitmir.....


Redaksiyaya daxil olan məlumatlara əsasən, Elşən həkim ixtisasca pediatrdır. Eyni zamanda onun rəhbərlik etdiyi “AyMed” Klinikasında UZM həkimi kimi fəaliyyət göstərdiyi bildirilir. Burada isə çox ciddi peşəkar və hüquqi suallar meydana çıxır.Daxil olan iddialarda bildirilir ki, onun UZM/radiologiya fəaliyyəti üçün tələb olunan müvafiq sertifikatının olub-olmaması şübhə altındadır. Əgər bu iddia doğrudursa, sual sadədir: Radiologiya üzrə müvafiq sertifikatı olmayan şəxs hansı əsasla UZM müayinəsi aparır? Söhbət artıq yalnız bir özəl klinikanın fəaliyyətindən getmir. Söhbət dövlət xəstəxanasına rəhbər gətirilməsi nəzərdə tutulan şəxsin peşəkar uyğunluğundan gedir.

TƏBİB üçün narahatedici suallar...


Anar Bayramovun rəhbərlik etdiyi TƏBİB bu suallara aydınlıq gətirməlidir:Elşən həkim Balakən RMX-nin direktor vəzifəsinə namizəddirmi,onun təyinatı ilə bağlı sənədlər həqiqətən TƏBİB rəhbərliyinə təqdim olunubmu,təyinatla bağlı qərar verilibmi,namizədin pediatr ixtisası ilə direktor vəzifəsinə uyğunluğu necə qiymətləndirilib,onun UZM fəaliyyəti üçün tələb olunan müvafiq sertifikatı varmı?
“AyMed” Klinikasında UZM həkimi kimi fəaliyyət göstərməsinin hüquqi və peşəkar əsası nədir?
Direktor təyinatı zamanı namizədin əvvəlki iş fəaliyyəti və sertifikasiya məlumatları araşdırılıbmı?

Bütün bunların fonunda bir məqam xüsusilə diqqət çəkir:Dövlət xəstəxanasının direktor kreslosu şəxsi əlaqələr hesabına əldə ediləcək vəzifədir, yoxsa peşəkarlıq və şəffaf seçim əsasında verilən məsul post,əgər Elşən Kərimov həqiqətən “əmrim hazırdır” deyə ətrafına məlumat yayırsa, bu əminliyin mənbəyi də ictimaiyyət üçün maraqlıdır. Çünki vəzifəyə təyinat barədə rəsmi qərar açıqlanmamışdan əvvəl belə bir əminlik yaranırsa, bu əminliyin arxasında nə dayanır?-Əlaqələr,tövsiyələr,yoxsa həqiqətən sırf TƏBİB rəhbərliyinin verdiyi qərar?Redaksiyaya daxil olan məlumatlarda daha bir ciddi iddia da səsləndirilir: Elşən Kərimovun Balakən Rayon Mərkəzi Xəstəxanasında yarımştat UZM həkimi kimi rəsmiləşdirildiyi, lakin faktiki olaraq xəstəxanaya işə gəlmədiyi bildirilir. İddialara görə, xəstəxanaya müraciət edən bəzi pasiyentlər dövlət tibb müəssisəsindən onun rəhbərlik etdiyi özəl klinikaya yönləndirilir. Burada həm əmək intizamı, həm də pasiyentlərin dövlət tibb müəssisəsindən özəl klinikaya yönləndirilməsi ilə bağlı ciddi suallar yaranır. Bundan əlavə, redaksiyaya daxil olan məlumatlara görə, Elşən Kərimovun törətdiyi bildirilən avtomobil qəzası ilə bağlı iş məhkəməyə göndərilib və onun inzibati məsuliyyətə cəlb olunduğu bildirilir. Bu faktın mümkün direktor təyinatı zamanı TƏBİB tərəfindən araşdırılıb-araşdırılmadığı da ayrıca sual doğurur.

Mediatvaz.com

Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər

Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər


Bakıda təşkil olunan "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" adlı beynəlxalq elmi-praktik konfransın iştirakçıları tərəfindən Prezident İlham Əliyevə ünvanlanan müraciət qəbul olunub.

Müraciət mətnini Azərbaycan Auditorlar Palatasının əməkdaşı Afiqə Bayramova oxuyub.

Parkı söküb yerində qanunsuz tikinti aparılır - NARAZILIQ VAR...


Suraxanı rayonu, Günəşli qəsəbəsində aparılan işlər sakinləri narazı salıb.

Tribuna.az-a bu barədə məlumat verən sakinlər bildirib ki, qəsəbənin “Daş Abidə” parkını sökürlər.
Sakinlərin sözlərinə görə, parkı söküb yerində qanunsuz tikinti aparılır.

Tikilinin hansı razılıq əsasında aparıldığı sakinlərə də maraqlıdır.

Qəsəbədə tikiliyə görə narazılıq böyüyüb. Sakinlər Suraxanı rayon İcra Hakimiyyətinə müraciət ediblər.
Sakinlər icra başçısı Adil Əliyevdın bu qanunsuz işlərlə bağlı hesabat tələb edir.

VİDEO LİNKDƏ: https://diaaz.info/manset/490646-parki-sokub-yerinde-qanunsuz-tikinti-aparilir.html

Gömrük və verginin həbsə yolladığı sahibkar ədalət axtarışında -BAKI APELLYASİYA MƏHKƏMƏSİ QANUNSUZLUĞU ARADAN QALDIRACAQMI?


Prezident İlham Əliyevin inzibati qurumlar qarşısında sahibkarlara maneçilik törədilməməsinə dair xəbərdarlıqlarına baxmayaraq, zaman-zaman bu problemlər üzə çıxır.
Ölkənin məhkəmə-hüquq sistemindəki boşluqlar da sahibkarların deyil, inzibati orqanların maraqlarından çıxış edir.
Belə bir halla Süleyman Babayev adlı sahibkar üzləşib.
Vergi və gömrük orqanlarının qanunsuzluqları ilə üzləşən sahibkar Süleyman Babayev Yasamal Rayon Məhkəməsində əldə edə bilmədiyi ədaləti Bakı Apellyasiya Məhkəməsində axtarır.
Sahibkarın yaxınlarının Gununsesi.info-ya təqdim etdiyi apellyasiya şikayətində qanunsuzluqlardan bəhs olunub.
Babayev Bakı Apellyasiya Məhkəməsinin hakimi Aqil Musayevə müraciətində hesab edir ki, Yasamal Rayon Məhkəməsinin 1 avqust 2025-ci il tarixli hökmü iş üzrə təqdim edilmiş bir sıra mühüm sənəd və sübutların lazımi qaydada qiymətləndirilməməsi nəticəsində çıxarılıb.
Müraciətdə xüsusilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 209.3 və 213.3-cü maddələri üzrə ittihamların əsaslı olub-olmaması ciddi şəkildə mübahisələndirilir.
Gömrük borcu necə 783 min manata çatıb?
İşin diqqətçəkən epizodlarından biri “AKELIK GROUP” MMC-nin Rusiyadan idxal etdiyi avadanlıqlarla bağlı gömrük ödənişləridir.
Babayevin müraciətində bildirilir ki, avadanlıqların mənşə sertifikatı olduğu halda hesablanmış 15 faizlik gömrük idxal rüsumu sonradan ləğv edilib. 2025-ci ilin aprelində Bakı Baş Gömrük İdarəsi ilə “AKELIK GROUP” MMC arasında borcların dəqiqləşdirilməsi barədə sənəd hazırlanıb və həmin sənəd Dövlət Gömrük Komitəsinin rəsmi portalında yerləşdirilərək məhkəməyə təqdim olunub.
Həmin sənədlərdə şirkətin ƏDV üzrə gömrük orqanına 240 min manat borcunun olduğu göstərilir.
Babayev isə ilkin istintaq zamanı bu borcun ödənilməsi məqsədilə 200 min manat vəsait ödədiyini bildirir.
Onun iddiasına görə, bu ödəniş sonradan nəzərə alınmayıb.
Daha maraqlısı isə budur: məhkəməyə təqdim edilmiş başqa bir sənəddə gömrük borcunun 783 min 639 manat 21 qəpik olduğu göstərilib.
Babayev həmin məktubun həqiqəti əks etdirmədiyini və məhkəmənin bu sənədə əsaslanaraq onun barəsində 209.3-cü maddə ilə hökm çıxarmasını əsassız hesab edir.

Burada istər-istəməz sual yaranır: 240 min manat kimi göstərilən borc hansı əsasla 783 min manatdan artıq məbləğə çevrilib və əvvəlcədən ödənilmiş 200 min manat niyə nəzərə alınmayıb?
Milyonlarla manatlıq vergi hesablamaları: səhv, yoxsa başqa problem?
Babayevin apellyasiya müraciətində daha böyük mübahisə isə “ALKE İNŞAAT” MMC ilə bağlı vergi hesablamaları üzərində qurulub.
Müraciətdə qeyd edilir ki, şirkətdə aparılmış səyyar və kameral vergi yoxlamalarının nəticələrində ciddi uyğunsuzluqlar mövcuddur.
Babayev bildirir ki, şirkət fəaliyyət göstərdiyi dövrdə vergi hesabatlarını hesablama metodu ilə təqdim edib. Buna baxmayaraq, sonrakı kameral yoxlamanın kassa metodu ilə aparılması nəticəsində təkrar və əsassız vergi hesablamaları həyata keçirilib.
Müraciətdə göstərilir ki, “ALKE İNŞAAT” 2012-2019-cu illər ərzində ümumi dəyəri 126 milyon 284 min 60,21 manat olan üç beynəlxalq müqavilə icra edib.
2012-2016-cı illər üzrə isə müxtəlif səyyar vergi yoxlamalarının nəticələrinə əsasən ümumilikdə 109 milyon 894 min 260,87 manat məbləğində dövriyyə vergiyə cəlb olunub.
Lakin sonrakı yoxlamalarda vəziyyət dəyişib.
2017-2018-ci illəri əhatə edən səyyar vergi yoxlaması və 2019-cu ildə aparılmış kameral yoxlama nəticəsində şirkətin vergiyə cəlb edilən dövriyyəsinin əlavə olaraq 9 milyon 527 min 669,46 manat artırıldığı bildirilir.
Müraciət müəllifi hesab edir ki, bunun əsas səbəblərindən biri kameral yoxlamanın kassa metodu ilə aparılması olub və nəticədə 1 milyon 499 min 4,93 manat məbləğində yanlış hesablamaya yol verilib.
Ali Məhkəmənin qərarı və ekspert rəyləri nə deyir?
Sənəddə daha bir mühüm məqam var.
Babayev bildirir ki, “ALKE İNŞAAT”a səyyar və kameral vergi yoxlamaları nəticəsində hesablanmış 2 milyon 846 min 809,78 manat məbləğində verginin əsassız olması müxtəlif sənədlərlə təsdiqlənib.
Bu sənədlər sırasında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2025-ci il tarixli qərarı, 2020-ci və 2026-cı illərə aid ekspert rəyləri və digər sənədlər göstərilir.
Əgər bir vergi hesablamasının əsassızlığı barədə artıq məhkəmə qərarları və ekspert rəyləri mövcuddursa, onda həmin hesablamaların cinayət ittihamının əsasına çevrilməsi nə dərəcədə hüquqi və ədalətlidir?
Məhz bu sual Babayevin apellyasiya müraciətinin əsas xəttini təşkil edir.
ƏDV hesablamalarında daha bir qalmaqallı məqam
Müraciətdə 2018-ci ilin fevral və mart ayları üzrə ƏDV hesablamaları da detallı şəkildə göstərilir.
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin 6 fevral 2025-ci il tarixli məktubuna istinadən bildirilir ki, müəyyən məbləğlər ƏDV və mənfəət dövriyyəsinə təkrar daxil edilib.
Nəticədə, müraciət müəllifinin hesablamasına görə, 1 milyon 208 min 69,30 manat ƏDV və 1 milyon 805 min 732,99 manat mənfəət vergisi qanunsuz olaraq əlavə hesablanıb.
Bu, artıq sadə texniki səhv iddiası deyil. Söhbət milyonlarla manatlıq vergi hesablamasından gedir.
Yanacaq satışında 432 min manatlıq ƏDV məsələsi
Müraciətdə yanacaq satışları üzrə hesablamalara da diqqət çəkilir.
Sənəddə göstərilir ki, yoxlama dövründə yanacaq satışlarından 2 milyon 400 min 149,38 manat məbləğində dövriyyə ƏDV dövriyyəsinə daxil edilib və həmin məbləğə 18 faiz tətbiq edilməklə 432 min 26,89 manat əlavə ƏDV hesablanıb.
“Tarif Şurasının həmin dövr üçün müəyyən etdiyi alış və satış qiymətlərinə istinad etsək, o zaman ƏDV-nin bütün satış məbləğinə deyil, ticarət əlavəsinə tətbiq edilməli olduğunu bildirir. Mənim təqdim etdiyim hesablamaya görə, bu halda büdcəyə ödənilməli ƏDV əhəmiyyətli dərəcədə aşağı olmalı idi. Sual edirəm: Dövlət büdcəsinə artıq ödəniş edilibsə, milyonlarla manatlıq ittiham necə formalaşıb?”.
Babayev şikayətində bildirir ki, onun rəhbərlik etdiyi şirkətlər 2017-2019-cu illərdə hesablanmış və ödənilmiş vergilərdən əlavə olaraq 3 milyon manatdan artıq vəsait dövlət büdcəsinə ödəyiblər:
“Bununla belə, ittiham aktında 6 milyon 794 min 652,49 manat məbləğində borcun göstərildiyi qeyd olunur. Təqdim etdiyim sənədlərdə bu məbləğin necə formalaşdırıldığını və hesablamalarda hansı uyğunsuzluqlara yol verildiyini ortaya qoyuram”.
Süleyman Babayevin müraciətində vergi orqanlarının hərəkətləri ilə bağlı daha ağır iddialar da irəli sürüb. O, vergi yoxlamalarında saxtakarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər qanunsuzluqların olduğunu iddia edir:
“Ona görə də bunun hüquqi qiymətini isə təbii ki, məhkəmə və digər səlahiyyətli orqanlar verməlidir.Əgər vergi hesablamalarında milyonlarla manatlıq uyğunsuzluqlar barədə ekspert rəyləri və məhkəmə sənədləri mövcuddursa, bu hesablamalara əsaslanan cinayət ittihamı hansı əsaslarla qüvvədə saxlanılır?”
Daha bir sual isə bundan ibarətdir:
Dövlət büdcəsinə artıq ödənişlərin edildiyi bildirilən bir işdə vergi borcunun milyonlarla manat məbləğində göstərilməsi necə izah olunur?
S.Babayev Bakı Apellyasiya Məhkəməsindən işə obyektiv və ədalətli yanaşılmasını, təqdim etdiyi sənədlərin və sübutların tam araşdırılmasını tələb edir.
Müraciətin sonunda o, qanunun aliliyinin təmin olunmasını və məhkəmə prosesinə ədalətli yanaşılmasını xahiş edir.
Gununsesi.info olaraq hesab edirik ki, bu işdə yalnız bir şəxsin taleyi deyil, həm də vergi hesablamalarının, məhkəməyə təqdim olunan sübutların və dövlət orqanlarının qərarlarının nə dərəcədə obyektiv və qanuni olması məsələsi araşdırılmalıdır. Çünki milyonlarla manatlıq rəqəmlərin yer aldığı belə bir işdə “texniki səhv” adı altında ciddi sualların üstündən keçmək olmaz.

Gununsesi.info

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56