Bakıdan Moskvaya uçan yüzlərlə sərnişinlərin baqajı çatdırılmayıb.
Xalq xəbər verir ki, bununla balı paylaşımında bloqer Əlixan Rəcəbov bildirib.
O, qeyd edib ki, Moskva istiqamətinə uçuş həyata keçirən təyyarə eniş etdikdən sonra məlum olub ki, təyyarədə olan 300-dən çox sərnişinin baqajı sərnişinlərə gəlib çatmayıb.
Əlixan Rəcəbov sərnişinlərin hazırda itən baqajlarla bağlı ərizə yazmaq məcburiyyətində qaldığını qeyd edib: “Bu da bizim AZAL-ın göstərdiyi xidmət. Hazırda hamımız çamadanlarımızı tapmaq üçün ərizələr yazırıq. Biyabırçılıq…”(Xalq.online)
"Euronews" beynəlxalq xəbər kanalı matın 12-14-də keçirilən Qlobal Bakı Forumuna həsr olunmuş material hazırlayıb.
Telekanal forumu ən ciddi qlobal problemlərin həlli yollarını tapmaq üçün nəzərdə tutulan platforma adlandırıb.
"Biz qlobal çağırışlarla üzləşirik. Əgər çağırışlar qlobaldırsa, o zaman həll yolları da qlobal olmalıdır. Məhz buna görə də bu cür forumlar yeni ideya və konsepsiyaların təklif edilməsi üçün ilham anı ola bilər ki, bütün dünyadakı liderlər ən yaxşı qərarları qəbul etmək üçün onlardan istifadə edə bilərlər", - Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel hesab edir.
"Euronews" vurğulayıb ki, Qlobal Bakı Forumu çağırışları müzakirə etmək və təcrübə mübadiləsi aparmaq üçün hər il dünyanın dörd bir yanından hazırkı və sabiq liderləri, prezidentləri, baş nazirləri və qərar qəbul edən şəxsləri bir araya gətirir:
"Bu il müzakirələr qlobal idarəçiliyin gələcəyi, artan geosiyasi gərginlik və beynəlxalq əməkdaşlığın yeni modellərinin axtarışı üzərində cəmlənmişdi".
Avropa Parlamentinin sabiq vitse-prezidenti Silvana Kox-Merin öz növbəsində qeyd edib ki, yaranmış geosiyasi şəraitdə Avropanın enerji tədarükünə kəskin ehtiyacı var:
"Enerji tərəfdaşlığı Avropanın mövcudluğu üçün kritik əhəmiyyət daşıyır və bu məsələdə Azərbaycanın, eləcə də bu regionun əhəmiyyətinə qiymət verməmək mümkün deyil".
"Euronews" bildirib ki, müzakirələrin digər bir əsas mövzusu qlobal institutların gələcəyi və onların yaranan təhdidlərə cavab vermək qabiliyyəti olub.
Bu barədə danışan Şərqi Timorun prezidenti Joze Ramuş-Horta qeyd edib ki, Hörmüz boğazının bağlanması kimi qlobal böhranlar Azərbaycan kimi ölkələrə heç də həmişə birbaşa təsir göstərmir:
"İronik olsa da, ola bilsin ki, məhz Azərbaycanın sahilyanı və ya dəniz ölkəsi olmaması səbəbindən onun neft və qazının nəqli boru kəmərləri və avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir. Beləliklə, Hörmüzün bağlanması ona təsir etmir. Ən azından, regiondakı problemlər fonunda Azərbaycan sakitliyini qoruyur".
Öz növbəsində, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, Qlobal Bakı Forumu geostrateji xarakterli məsələlərin həlli yollarının axtarışında mühüm rol oynayır:
"Hesab edirəm ki, bu konfrans mühüm rol oynayır: burada dövlət və hökumət başçıları, diplomatlar, akademiklər, eləcə də vətəndaş cəmiyyəti və media nümayəndələri ciddi müzakirələr aparmaq və həll yolları tapmaq üçün bir araya gəlirlər. İnanıram ki, onların səsi eşidiləcək".
"Euronews" vurğulayıb ki, forum iştirakçıları dünya birliyinin dərin transformasiya dövrünə daxil olduğunu aydın şəkildə bəyan ediblər.
Telekanal forumu qlobal dünya nizamının inkişaf vektoru ətrafında açıq debatlar üçün platforma kimi xarakterizə edir:
"İstər diplomatiya, istər əməkdaşlıq, istərsə də siyasi innovasiyalar olsun, bir çoxları əmindir ki, getdikcə mürəkkəbləşən dünyada istiqaməti müəyyənləşdirmək üçün açıq dialoq zəruri şərt olaraq qalacaq".
Bakıxanov qəsəbəsi ərazisində, Nazim İsmayılov küçəsi 5 ünvanında fəaliyyət göstərən “Möcüzə” Market ətrafında yaşayan sakinlərin narazılığı getdikcə artır. Redaksiyamıza daxil olan məlumatlara əsasən, sözügedən obyektin fəaliyyəti bir sıra qanun pozuntuları ilə müşayiət olunur.
Daxil olmuş məlumata görə marketin sahibi əvvəlcə piyadaların gündəlik istifadə etdiyi səkini qanunsuz şəkildə obyektin ərazisinə birləşdirib. Nəticədə, vətəndaşların hərəkəti üçün nəzərdə tutulmuş ictimai sahə faktiki olaraq zəbt edilib. Bu isə açıq şəkildə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş normaların pozulması kimi qiymətləndirilə bilər. Qanunvericiliyə əsasən, ictimai istifadədə olan torpaq sahələrinin özbaşına zəbt olunması inzibati məsuliyyət yaradır. Bununla yanaşı, zəbt olunmuş ərazidə meyvə-tərəvəz satışı təşkil edildiyi bildirilir.Satış zamanı məhsullardan gələn pullar kassa aparatına daxil edilmir. Bu isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilmiş qaydaların pozulması, yəni vergidən yayınma ehtimalını gündəmə gətirir. Vergi Məcəlləsinə əsasən, sahibkar həyata keçirdiyi bütün satış əməliyyatlarını rəsmiləşdirməli və uçota almalıdır. Digər ciddi iddialardan biri isə işçilərlə bağlıdır. Bildirilir ki, marketdə çalışan mühafizəçilərin və satıcıların bir qismi ilə əmək müqaviləsi bağlanmayıb. Bu isə birbaşa Azərbaycan Respublikasının Əmək Məcəlləsi-nin tələblərinin pozulması deməkdir. Qanuna görə, əmək münasibətləri yalnız rəsmi müqavilə əsasında tənzimlənməli, işçilərin hüquqları qorunmalıdır. Ortaya belə suallar çıxır,niyə bu qədər açıq qanun pozuntularına baxmayaraq, müvafiq qurumlar tərəfindən ciddi tədbir görülmür, nə üçün vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına, vergidən yayınma və qeyri-rəsmi məşğulluq hallarına göz yumulur? Bu vəziyyət təkcə bir sahibkarın qanun pozuntusu deyil, həm də nəzarət mexanizmlərinin effektiv işləmədiyini göstərir. Qanun qarşısında hər kəs bərabərdir və heç bir obyekt “xüsusi toxunulmazlıq” statusuna malik ola bilməz.Məsələ ilə bağlı aidiyyəti qurumların – vergi, əmək və yerli icra strukturlarının təcili araşdırma aparması və qanunauyğun tədbirlər görməsi gözlənilir. Cəmiyyət isə haqlı olaraq sual edir: qanunlar hamı üçün keçərlidirsə, niyə “Möcüzə” Marketdə bu açıq pozuntulara susqunluq nümayiş olunur?Qeyd olunan iddiaların nə dərəcədə əsaslı olduğunu müəyyən etmək üçün yaxın günlərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti-nə rəsmi sorğular göndəriləcək. Bu qurumların məsələyə münasibəti və mümkün susqunluğunun səbəbləri də ayrıca araşdırılaraq ictimaiyyətə açıqlanacaq.
Şəkidə 22 məntəqədə qazlaşdırma işləri aparılmayıb. Rayon üzrə 71 yaşayış məntəqəsindən 49-u qazlaşdırılıb ki, bu da 69% deməkdir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hələ də rayonun 22 kəndində mavi yanacağın verilməsini gözləyən minlərlə sakin var.
Belə yaşayış məntəqələri sırasında Baqqal, Aşağı Göynüklər ərazi vahidliyinə daxil olan Mərdanlar və Köndələn eləcə də İnçə kəndlərini göstərə bilərik.
Sözügedən kənd sakinləri bu məsələ ilə əlaqədar dəfələrlə müvafiq orqanlar qarşısında məsələ qaldırdıqlarını lakin bir nəticə olmadığını bildirir.
Sakinlər bildirir ki, adətən mavi yanacağa ilin payız və qış fəslində daha çox ehtiyac duyulduğunu zənn edənlər yanılır. Onlara hamı kimi ilin bütün fəsillərində mavi yanacaq lazımdır ki, evlərində yemək hazırlaya, digər zəruri ehtiyaclarını, qayğılarını ödəyə bilsinlər.
Verilən məlumatlara görə hazırda rayonun ucqar Şin kəndində və şəhərin yeni yaşayış massivi olan 120 və 121-ci kvartallarında qazlaşdırma işləri aparılır.
Növbəti mərhələlərdə bu kəndlərin də qazla təmin olunmasına baxıla bilər.
Bakının “köhnə Günəşli” adlanan ərazisində yerləşən “Afrodita” şadlıq sarayının fəaliyyəti sakinləri narazı salıb.
General Şıxlınski və N.Tusi küçəsinin sakinləri bu restoranın fəaliyyətindən cana yığılıb.
Gununsesi.info-ya danışan sakinlərdən biri bildirib ki, dəfələrlə narazılıq etsələr də, şadlıq sarayı fəaliyyətində heç bir yenilik etmir:
“Hər gün axşam saatlarında şadlıq sarayının mətbəxinin bacasından qatı tüstü ətrafa yayılır. Evin içərisində belə nəfəs almaq olmur. Kabab iyi yanıq qoxusu bütün “köhnə Günəşli”yə yayılır. Şadlıq sarayının bu qanunsuz fəaliyyəti insanları narahat edir. Dəfələrlə aiddiyyatı qurumlara müraciət etmişik, lakin dəyişən heç nə yoxdur”. Sosial və Ekoloji Tərəfdaşlıq Alyansının üzvü, Sosial Hüquqların Müdafiəsi Mərkəzi İctimai Birliyinin sədri Xəzər Teyyublu gununsesi.info-ya açıqlamasında bildirib ki, aiddiyyati qurumlar tərəfindən mütəmadi olaraq ictimai-iaşə obyektlərində monitorinqlər aparılmalı, təmizləyici qurğuların quraşdırılması, yenilənməsi yoxlanılmalıdır. Mənim məlumatıma görə, restoran və şadlıq saraylarının 90 faizində təmizləyici qurğular quraşdırılıb. Amma təəssüf ki, qurğular vaxtaşırı təmizlənmir. Və ortaya belə bir durum çıxır. İşbazlar anlamalıdır ki, gözdən pərdə asmaq üçün təmizləyici qurğuların quraşdırılması kifayət deyil, qurğulara davamlı texniki xidmət göstərilməli, filtrlər vaxtaşırı dəyişdirilməlidir”. X.Teyyublu ortaya çıxan mənzərənin rəzalət olduğunu vurğulayıb: “2026-cı ildə yaşayırıq, hələ də paytaxtın ən böyük rayonunda belə bir durumu müşahidə etmək üzücüdür. Bəlkə də bir restoranın buraxdığı tüstü ilk baxışda kiçik problem kimi görünə bilər. Amma çox sayda restoranın birlikdə yaratdığı çirklənmə şəhər ekologiyası üçün ciddi risklər yaradır. Restoran tüstüsü özündə çox vaxt yağ hissəcikləri, karbon birləşmələri və digər çirkləndiricilər ehtiva edir. Bu maddələr hava keyfiyyətini aşağı salır və şəhərlərdə duman yaranmasına səbəb olur. Restoran tüstüsünün insan sağlamlığına ciddi zərəri var. Bu tüstüdə olan hissəciklər tənəffüs yollarına daxil olur və orqanizmdə astma, bronxit, allergik reaksiyalar yaradır. Bu qatı tüstü ilə yayılan yağlı və kimyəvi hissəciklər bitkilərin yarpaqlarına yapışaraq fotosintez prosesini zəiflədir, bitkilərin böyüməsini ləngidir. Tüstüdə olan bəzi qazlar: karbon dioksid və digər yanma məhsulları istixana effektini gücləndirir, iqlim dəyişikliyinə rəvac verir. Şadlıq evlərindən qalxan tüstü faunaya da təsir edir. Beləki heyvanların yaşayış mühitini pozur, su və torpaq keyfiyyətini aşağı salır. Ona görə düzgün ventilyasiya çox vacibdir. İşbazlar qanuna əməl etməlidir, əks halda böyük miqdarda cərimələnməlidirlər”.(Gununsesi.info)
Bakının Nərimanov rayonunda "Alians Development and Construction" tikinti şirkəti tərəfindən hündürmərtəbəli bina tikintisi ətraf ərazi üçün təhlükə iddia olunur.
Bizimesr.az bildirir ki, tikinti işlərinin saxlandığı sakinlər narahatlığını bildirib. Dərin qazıntı işləri yaxınlıqdakı evlərə və piyada yoluna ciddi risk yaranıb.
Məlumata görə, qazıntı prosesindən sonra ətraf tikililərdə çatlar əmələ gəlib. Bəzi ev divarlarında deformasiya görünüşləri, bəzi yerlərdə beton dirəklərdə də çatların yarandığı açıqlanır. Sakinlər bu vəziyyətin tikinti normalarına uyğun olaraq işlərlə bağlı olduğunu iddia edirlər.
Onların vasitələrinə görə, qazıntı sahəsinin ətrafında qoruyucu tədbirlər hələ də görülməmişdir. Bu həm piyada hərəkəti, həm də yaxınlıqdakı yaşayış evlərinin dayanıqlığı təhlükə yaradır.
Məsələ ilə bağlı “Alians Development” şirkətinin proqram təminatı mümkün olmamışdır.(Bizimesr.az)