Naxçıvanda tülkülər artıq şəhər məhəllələrində yuva qurub balalayacaq qədər sərbəstləşiblər. Sakinlərin sözlərinə görə, vəhşi heyvanlar həyətlərə və damlara çıxır, axşam saatlarında isə yaşayış sahələrində açıq şəkildə dolaşırlar.
Onlar uşaqları həyətə buraxmağın artıq riskli olduğunu deyirlər.
Sakinlər aidiyyəti qurumlara müraciət etsələr də, problemə əhəmiyyət verən olmadığını bildirirlər. Vəziyyətin xüsusilə Böyük Bağın aşağı hissəsində və Çuxur məhəlləsində daha ciddi olduğu qeyd olunur.
Çuxur məhəlləsində yaşayan V. Səfərov deyir ki, sakinlər quduzluq və digər xəstəliklərin yayılmasından ehtiyat edirlər:
“Axşam saat 9 olmamış tülkülər görünür. Həyətlərdə yuva qurub balalayırlar. Bizim həyətdə bir həftədən çoxdur görünürlər, qonşularda isə əvvəldən var. Həyətdə toyuq saxlayanlar var, toyuq görən kimi parçalayırlar.
Uşaqları nəzarətsiz şəkildə həyətdə qoymağa qorxuruq. Həm hücum edə bilərlər, həm də hansısa xəstəlik daşıyıcısı ola bilərlər. Xüsusilə quduzluq və digər zoonoz xəstəliklərdən ehtiyat edirik. Kimsə onlara toxuna da bilmir, çünki vəhşi heyvanı öldürməyə görə cəza var. Belə olan halda aidiyyəti qurumların məsələyə operativ reaksiya verməsi vacibdir.”
Digər sakin M. Qurbanov isə deyir ki, aidiyyəti qurumlara müraciətlər nəticəsiz qalıb:
“Fövqəladə Hallar Nazirliyi, Ekologiya qurumları, şəhər İcra Hakimiyyəti və bələdiyyə məsuliyyəti bir-birinin üzərinə atır. Qorxudan həyətdə oturmaq olmur. Toxunulmazlıq onları arxayın salıb və artıq insan görəndə saya belə salmırlar. Çarəsiz vəziyyətdə qalmışıq. Nə edəcəyimizi bilmirik.”
Sakinlər aidiyyəti dövlət qurumlarından problemin araşdırılmasını və yaşayış məntəqələrində yaranmış təhlükənin aradan qaldırılmasını tələb edirlər.
Azərbaycan təhsilinin başında "dəlləkliyi öyrənənlər" az olmayıb. Bu illər ərzində təhsilin körpə budaqlarını baltalayanlar da görmüşük, onu məhvə sürükləmək istəyənlər də. Təhsil isə millətin gələcəyidirsə, deməli, onlar millətin gələcəyini şikəst etmək istəyənlər, təhsilə düşmən kəsilənlərdir. Ancaq sonrakı illərdə bəzilərinə elə gəldi ki, təhsil idarəetməsində dəyişikliklər, fiqurların əvəzlənməsi ilə müsbət irəliləyiş olacaq. Zaman isə göstərdi ki, "dəlləkliyi" təhsilin başında öyrənənlər vəzifələrə gətirilib. Misal üçün biri elə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov. Hamının sevdiyi "Yol əhvalatı" filmində deyildiyi kimi, "adama nə qədər demək olar ki, ay oğul, qurtar bu xırda-xuruş alverdən".
"Bağırov bazarı"
Eşqi Bağırov da məhz mühüm bir postun başına gətiriləndən sonra "xırda-xuruş" biznesdən əl çəkmək bilmir - direktor təyinatlarını, müəllimlərin və şagirdlərin yerdəyişməsini "Bağırov bazarı"na çevirib. Bəli, Bakıda "Bağırov körpüsü" var idi, indi təhsilimizdə ", Bağırov bazarı" yaranıb. Bu səbəbdən, təhsildə keçmiş idarəçiləri əvəzləyən "islahatçı" Eşqi Bağırov kimi məmurlar bu sahəni elə günə salıb ki, iflic adamın bədəninə oxşayır. Yəni əl-qolu şikəst, sifəti deformasiyaya uğramış, ağzı əyilmiş, gözü çəpləşmiş bir Azərbaycan təhsili var - Eşqi Bağırovun və komandasının son illərdəki fəaliyyəti sayəsində. Sağ olsun, Bağırov və adamları təhsili yarımcan edib, ayağa qalxmağa heyi qalmayıb. Çünki bu eybəcər mühitin yaranmasında Eşqi Bağırovun "zəhməti” çox olub. Elektron mediada, sosial şəbəkələrdə yayılan məlumatlara əsaslanaraq, həmçinin təhsil ekspertlərinin rəyinə söykənərək, o cümlədən təhsildə baş verənləri müşahidə edərək məktəblərdə hansı bərbad mənzərənin yarandığını deməyə çalışırıq. Məhz Eşqi Bağırov uzun müddətdir ki, nazirlikdə və agentlik rəhbəri kimi kadr məsələsinə baxır. Yəni direktorları təyin etmək və işdən çıxarmaqla məşğuldur. Müəllimlərin təyinatı, yerdəyişməsi də Eşqi Bağırovun kurasiyasındadır. Ona görə də təhsilimizdə "Bağırov bazarı" ad çıxarıb. Hətta kitab biznesinə qədər girişib.
Bundan başqa, heç kimə sirr deyil ki, təhsil sektorunda bir sıra maliyyə maxinasiyalarına yol verilir. Ən böyük yeyinti isə birbaşa məktəblərdə cərəyan edir. Bütün bu maxinasiyaların mərkəzi idarəetmə nöqtəsi isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyidir (MÜTDA). Dolayısı ilə desək, Agentliyin rəhbəri Eşqi Bağırovun xəbəri olmadan məktəblərdə heç bir kütləvi maxinasiyaya yol verilməsi mümkün deyil. Ümumiyyətlə, uzun illərdir haqqında, demək olar ki, hər gün şikayətlər edilən, sıravi müəllimlərin belə əlindən dad-aman etdiyi bu əcayib adam hər kimdirsə, təhsil sektoru üçün vacib personaya çevrilməsi, istər-istəməz maraq doğurur. Axı hansı qeyri-adi səriştəsinə görə?!
Bağırovun o qədər də çox yaşı yoxdur. O, əmək fəaliyyətinə 2014-cü ildə Təhsil Nazirliyinin İnsan resursları şöbəsində məsləhətçi kimi başlayıb. 2016–2017-ci illərdə həmin şöbədə sektor müdiri, müdir müavini vəzifələrində, 2018-ci ildən isə şöbə müdiri vəzifəsində çalışıb. 2022-ci ildən nazirliyin Aparat rəhbərinin müavini səlahiyyətlərinin icrası ona həvalə edilib. Görünən isə odur ki, Azərbaycanın Bağırovlardan qurtuluşu yoxdur. Biri 37-də ziyalılarımızı repressiya edib, biri ekologiya naziri kimi zamanında yaşıllıqları repressiya və genosid edib, indi isə gənc Bağırov təhsilimizi məhv, repressiya və qətl edir ki, ziyalılar, fidanlar yetişməsin... Bəli, sadəcə, bu prosesdə Eşqi Bağırov tək deyil. Bu təhsil sistemində iştirakçılardan biri də Nurlan İsmayılbəylidir. O, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) imtahan qeydiyyat şöbəsinin müdiridir. Onun da yerdəyişmə və digər qeyri-rəsmi işlərdə xüsusi rolunun olduğu bildirilir. Əslində, yaxşı olardı ki, Eşqi Bağırov Nurlan İsmayılbəylinin fəaliyyəti və ümumilikdə mətbuatda özü barəsində yuxarıda sadalanan iddialarla bağlı münasibət bildirsin, aydınlıq gətirsin. Bir tərəfsiz media olaraq Eşqi Bağırovun bu ittihamlara cavabını da işıqlandırmağa hazırıq.
Qarşı tərərf kimi adıçəkilən şəxslər mövqe bildirmək istəyərlərsə məqaləni hazırlayan Jurnalist Nicat Mahmudovun ünvanladığı bəzi suallara da cavab vermələri xahiş olunur.
Qeyd edək ki ,oxşar suallar Mediyada və sosial şəbəkələrdə dəfələrlə verilsə də indiyədək qarşı tərəfdən heç bir təkzib vəya hər hansı açıqlama verilməmişdir:
1. Eşqi Bağırovu Prezident Administrasiyasında vəzifə tutan hansı qohumu himayə edir və agentlik sədrinin qohumu olan "Həsən ağa" kimdir?
2.Eşqi Bağırov Nurlan İsmayıbəylinin yerdəyişmə , setifikasiya, müqavilələr, direktor ,direktor mavinlərinə və başqa təyinatlarda iştirakına nə üçün belə şərait yaradıb?
3. Bundan başqa, müəllimlərin sertifikasiyasında yığılan pullar iddia edilir. Bu pullar MÜTDA yaxınlığında yerləşən dərzixanalarda niyə yığılır və hara daşınır? 4. İşə qəbul ( müəllim) proseslərində böyük məbləğlərdə rüşvət yığılması iddia edilir. Bu iddiaların bəziləri faktlara əsaslanır. Bu barədə fikirləriniz? 5. Nurlan İsmayılbəyli üçün yeni yaranmış MÜTDA da 2025 ci ilin sonu 2026 nın əvvəli struktur dəyişikliyinə nə ehtiyac var?MÜTDA da niyə ümumtəsil şöbəsi yoxdur 6. 2024 ci il direktor imtahan nəticələri niyə indiyədək icra edilmir? 7. Eşqi Bağırov və müavini Arslan Hacıyev arasında nə baş verir. Kim haqqlıdır?
Məktəblərdə rüşvət piramidası və direktorların Eşqi Bağırovla işbirliyində nə kimi maliyyə maxinasiyaları, yeyintilər var, hesab edirik ki, bunun da Maliyyə nazirliyinin ciddi araşdırmasına ehtiyac var.-deyə Nicat Mahmudov qeyd edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) aparılan silsilə yoxlamalar zamanı yeni korrupsiya və mənimsəmə faktlarının üzə çıxdığı bildirilir. Qurumda rəhbər dəyişikliyindən sonra müxtəlif idarələrdə maliyyə pozuntuları və yeyinti halları ilə bağlı araşdırmaların genişləndirildiyi qeyd olunur. Bununla yanaşı, agentliyin sabiq sədri Saleh Məmmədov barədə hər hansı rəsmi araşdırmanın aparılıb-aparılmadığı hələlik açıqlanmayıb.
Son olaraq AAYDA-nın tabeliyində fəaliyyət göstərən “Avtomobil Yollarının Mühafizə Xidməti”ndə də korrupsiya iddiaları üzrə araşdırmalara başlanıldığı bildirilib. Qurumun rəisi vəzifəsində 20 il çalışmış Səftər İsmayılovun bir neçə gün əvvəl vəzifədən azad edildiyi məlum olub. Hazırda yoxlamaların hansı nəticələr verəcəyi və məsul şəxslərlə bağlı hansı addımların atılacağı diqqət mərkəzindədir.
Saleh Məmmədovun korrupsiya bataqlığı nə vaxt qurudulacaq? Onun özü ilə bağlı hansısa araşdırma aparılırmı? İndiyə kimi həbs olunan, dövlətdən oğurlanan vəsaiti geri qaytaran olubmu? Uzun müddət eyni vəzifədə qalmaq korrupsiya üçün şərait yaradırmı?
Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, Azərbaycanda elə bir dövlət qurumu yoxdur ki, orada korrupsiya halları ilə bağlı iddialar səslənməsin:
“İstənilən dövlət qurumunda sənədlərə baxsam, çox məsələləri üzə çıxarmaq olar. Hətta bəzi hallarda dövlət orqanlarının öz təqdim etdiyi rəsmi sənədlərlə belə bir çox uyğunsuzluqları aşkar etmək mümkündür. Təbii ki, bəzi sahələrdə iri maliyyə dövriyyəsinin olduğu, təmir-tikinti, yol çəkilişi və infrastruktur layihələrinin həyata keçirildiyi sahələrdə korrupsiya riski daha böyük olur. Çünki böyük pulların dövr etdiyi yerlərdə korrupsiya ehtimalı da artır. Adı çəkilən qurumlarla bağlı iddialar da bu baxımdan cəmiyyət üçün təəccüblü görünmür”.
Hüquqşünas bildirib ki, AAYDA ilə bağlı məsələ bu qədər ictimailəşibsə, yəqin Saleh Məmmədov barəsində müəyyən araşdırmalar aparılır:
“Ehtimal ki, vəsaitlərin geri qaytarılması istiqamətində addımlar atılır. Ancaq burada başqa mühüm bir məsələ var. İllərdir Azərbaycanda müxtəlif dövlət qurumlarının rəhbərləri korrupsiya ittihamı ilə həbs olunur. Amma həmin şəxslərin dövlətə vurduğu ziyanın nə qədərinin geri qaytarıldığı barədə cəmiyyətə açıq və şəffaf məlumat verilmir. Nazirlər Kabineti hər il dövlət büdcəsinin icrası ilə bağlı hesabat təqdim edir, amma indiyə qədər həmin hesabatlarda korrupsiya yolu ilə mənimsənilmiş vəsaitlərin büdcəyə qaytarılması barədə ayrıca və aydın məlumat görməmişəm. Əgər qaytarılırsa, həmin vəsaitlərin taleyi və hara yönəldiyi də cəmiyyətə açıqlanmalıdır”.
Əkrəm Həsənov əlavə edib ki, Azərbaycanda korrupsiyaya qarşı sistemli mübarizə mexanizmi formalaşmayıb:
“Elə əsas problem də budur. Ayrı-ayrı şəxslərin həbs olunması problemi kökündən həll etmir. Sistemli mübarizə institutlardan və şəffaf mexanizmlərdən başlamalıdır. Məsələn, məmurların gəlir və əmlak bəyannaməsi məsələsi illərdir müzakirə olunur. 2005-ci ildə bununla bağlı qanun qəbul edilsə də, indiyə qədər tam tətbiq olunmayıb. Halbuki hər bir vəzifəli şəxs özü və ailə üzvlərinin gəlirini, əmlakını, maliyyə vəziyyətini bəyan etməlidir. Uzun müddət eyni vəzifədə qalmaq da korrupsiyaya şərait yaradan amillərdəndir. Bundan başqa, dövlət reyestrləri şəffaf olmalıdır. Daşınmaz əmlak və kommersiya hüquqi şəxslərin reyestrləri açıq olsa, cəmiyyət görə bilər ki, hansı əmlak kimə məxsusdur, hansı şirkətin arxasında kim dayanır. O zaman ictimai nəzarət də formalaşar. İnsanlar görə bilər ki, hansısa məmurun rəsmi gəliri ilə sahib olduğu sərvət arasında ciddi uyğunsuzluq var və bunun izahı tələb olunar.
Korrupsiyaya qarşı real mübarizə məhz ictimai nəzarət, şəffaflıq və işlək institutlar vasitəsilə mümkündür. Əks halda, ayrı-ayrı həbslər problemi həll etmir və cəmiyyətdə korrupsiyanın köklü şəkildə aradan qalxacağına inam yaratmır”.(Globalinfo.az)
Xırdalan şəhəri, Heydər Əliyev prospektində yol kənarında aparılan obyekt tikintisinin ətrafda yerləşən yaşayış evlərinə ciddi ziyan vurduğu iddia edilir. Redaksiyamıza müraciət edən İlahə Əliyeva bildirib ki, tikinti işləri başladıqdan sonra onun yaşadığı evdə çatlar yaranıb, deformasiya halları müşahidə olunub və tikinti ilə yaşayış evi arasında normativ məsafə gözlənilməyib.
Sakinin sözlərinə görə, əvvəllər həmin ərazidə mövcud olan köhnə tikili sökülərək yerində yeni obyektin inşasına başlanılıb. Lakin söküntü və sonrakı tikinti prosesində ağır texnikadan istifadə olunması, həmçinin tikintinin yaşayış evinə həddindən artıq yaxın məsafədə aparılması nəticəsində evin divarlarında, tavan hissələrində və pəncərə kənarlarında çatlar əmələ gəlib.
Aparılan çəkilişdən də görünür ki, evin müxtəlif hissələrində çatlar, tavan örtüklərində ayrılmalar və konstruksiya deformasiya əlamətləri müşahidə edilir. Sakin iddia edir ki, tikinti sahəsi ilə yaşayış evi arasında bəzi hissələrdə məsafə 1 metrdən də azdır.
İlahə Əliyeva bildirir ki, məsələ ilə bağlı tikinti sahiblərinə etiraz etsə də, ona “bütün sənədlərimiz qaydasındadır” cavabı verilib. Sakinin iddiasına görə, tikinti iki şərik – “Naxçıvanlı Ruslan” kimi tanınan şəxs və onun Gürcüstan vətəndaşı olan şəriki tərəfindən həyata keçirilir.
Qeyd olunur ki, mediada yayılan görüntülərdə jurnalist və vətəndaşlarla kobud davranış sərgiləyən şəxsin Ruslanın şəriki gürcüstanlı olması burda mənəm bağdatda kor xəlifə misalı ağanəzərəm belədə gəzərəm görüntüsü yaradır. Sədəninin olması sənin qonşuna zərər vura bilməyinə icazə kağızı olması demək deyil. Hazırda isə sakinlər iddia edirlər ki, “sahibkaram” adı altında aparılan bu tikinti qonşuluq prinsiplərini və təhlükəsizlik normalarını pozmaqla davam etdirilir.
Məsələnin diqqətçəkən tərəflərindən biri də tikinti işlərinin sıx yaşayış zonasında aparılmasına baxmayaraq aidiyyəti qurumların prosesə münasibət bildirməməsidir. Sakinlər hesab edir ki, tikintinin mövcud vəziyyəti Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən yerində araşdırılmalıdır.
Hüquqşünasların fikrincə, tikinti işləri nəticəsində qonşu mənzillərə ziyan vurulması sübuta yetirilərsə, zərərçəkmiş tərəfin maddi ziyanın ödənilməsi və tikintinin dayandırılması ilə bağlı məhkəməyə müraciət etmək hüququ var. Eyni zamanda tikinti normaları və təhlükəsizlik qaydalarının pozulması inzibati və digər hüquqi məsuliyyət yarada bilər.(BnTv.az)
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Həccdə olan zəvvarlar ziyarətlərini tamamlayıb, "hacı" adını qazanıblar.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Həccdə olan zəvvarlar çox rahatdırlar: "Bütün ziyarətlərini uğurla davam etdirirlər. Həmişə zəvvarlarımız arasında müəyyən çətinliklər və ya səhhət problemləri olurdu. Bu dəfə isə ciddi narahatlıq yaşanmadı. Şükürlər olsun ki, hamısı sağ-salamatdır. Onlar Mina, Ərəfat və digər müqəddəs məkanlarda olublar, ziyarətlərini davam etdirirlər. Təbii ki, buna çox sevinirik. Onlar artıq ziyarətlərini tamamlayıb, "hacı" adını qazanıblar və bu gün hacıdırlar".
Allahşükür Paşazadə vurğulayıb ki, orada Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna hər il ehsan verilir: "Həmin ehsan bu il də təşkil olunacaq".
Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır.
Bu il müvafiq tarix miladi təqvimlə mayın 27-nə təsadüf edir.
Bu gün ölkənin bütün məscidlərində bayram namazı qılınacaq.
Bayram namazı Bakıda Əjdərbəy məscidində saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin edilib.
Bayramla əlaqədar bu gün və sabah qurban kəsmək olar. Qurban kəsimləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakıda və onun ətrafı, habelə ölkənin bölgələri üzrə xüsusi ayırdığı məkanlarda şəriət qaydalarına uyğun şəkildə Qafqaz Müsəlmanları İdarəsinin din xadimlərinin nəzarəti ilə həyata keçiriləcək.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna əsasən, Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində bayram kimi qeyd olunur.
Nazirlər Kabinetinin qərarına əsasən, bu il mayın 27, 28-i Qurban bayramı günləri kimi müəyyən edilib.