Nizami Tibb Mərkəzində Nələr Baş Verir? –Baş Həkimin Özbaşınalığı və İşgəncə İddiaları


Səhiyyə sistemindəki problemlər, vətəndaşlara qarşı laqeydlik və korrupsiya halları hər kəsə məlumdur. Lakin bu dəfə Nizami Tibb Mərkəzindən gələn görüntülər və iddialar artıq bütün hüquqi və mənəvi sərhədlərin aşıldığını göstərir. İnternet məkanında yayılan videofaktlar mərkəzin şöbə müdiri Samir Məmmədovun öz vəzifə səlahiyyətlərini aşaraq, rəhbərlik etdiyi qurumu az qala şəxsi "cəza düşərgəsinə" çevirdiyini ortaya qoyur.
Sosial şəbəkələrdə paylaşılan və şikayətçi Bəhruz Nəsirov tərəfindən çəkilən videoda açıq-aşkar görünür ki, Nizami Tibb Mərkəzində qanun yox, idarəçilərin yumruqları danışır. Zərərçəkmiş Bəhruz Nəsirov mərkəzin həyətində, iş vaxtı şöbə müdiri Samir Məmmədov tərəfindən vəhşicəsinə döyüldüyünü, burnunun zədələndiyini və köynəyinin qan içində olduğunu nümayiş etdirir.Tibb müəssisəsi insanların sağlamlıq tapdığı yer olmalıdır, yoxsa rəhbərliyin işçiləri qanına qəltan etdiyi bir məkan? Bu hadisə sadəcə bir nizam-intizam pozuntusu deyil, birbaşa cinayət məsuliyyəti yaradan əməldir.Videonun digər hissələrində mərkəz daxilindəki gərginlik və otaqlarda baş verən qarşıdurmalar əks olunub. Şöbə müdirinin işçiləri təhqir etdiyi, onlara psixoloji təzyiq göstərərək qanunsuz şəkildə işdənçıxma ərizəsi yazdırmağa məcbur etdiyi aydın eşidilir.
Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə görə, heç bir işçi məcburi şəkildə, təzyiq altında ərizə yazmağa vadar edilə bilməz. Nizami Tibb Mərkəzində isə qanunlar tapdalanır, işçilərin hüquqları heçə sayılır.Videoda səslənən digər bir dəhşətli fakt isə tibb bacılarının və digər işçilərin qeyri-insani şərtlərlə işlədilməsidir. Tibb bacısının fəryadı qanunun necə ayaqlar altına atıldığının sübutudur:
"Bir işçiyə 8 saatın pulunu verib, 18 saat işlətmək qanuna ziddir!"
TƏBİB rəhbərliyi və aidiyyatı qurumlar hara baxır? İnsanların 18 saat ərzində, demək olar ki, qul kimi istismar edilməsi hansı məntiqə sığır? Bu qədər iş rejimi ilə işləyən tibb işçisi xəstəyə necə keyfiyyətli xidmət göstərə bilər? Bu, həm işçinin hüququnun tapdalanması, həm də xəstələrin həyatının təhlükəyə atılmasıdır.Nizami Tibb Mərkəzində baş verən bu biabırçılıq, döymə, söymə, məcburi ərizə yazdırma və qanunsuz iş saatları faktları barədə artıq hüquq-mühafizə orqanlarına şikayətlər edildiyi bildirilir.Mediatvaz.com olaraq məsələni diqqətdə saxlayırıq və aidiyyatı dövlət qurumlarından – TƏBİB-dən və hüquq-mühafizə orqanlarından bu özbaşınalığa son qoyulacağına, şöbə müdiri Samir Məmmədov və digər məsul şəxslərin əməllərinə hüquqi qiymət veriləcəyinə ümid edirik.
Hər kəsin cavab haqqını tanıyırıq.
Mediatvaz.com

Gəncə Dövlət Universiteti "tilsimə düşüb": rektora DUR deyən yoxdur -PREZİDENTƏ MÜRACİƏT


Universitetlə bağlı aidiyyəti dövlət orqanlarına dəfələrlə şikayətlər göndərilməsinə baxmayaraq, indiyədək heç bir ciddi tədbir görülməyib. Bu vəziyyət isə həmin şəxslərin özlərini daha da cəzasız hiss etmələrinə səbəb olur.

Gəncə Dövlət Universitetində imtahanlar test üsulu ilə təşkil edilir. Testlərin düzgün cavabları əvvəlcədən rektorluğun göstərişi ilə tələbələrə təqdim olunur. Nəticədə tələbələrin əksəriyyəti yüksək qiymət alır.

Bu iddialar Gəncə Dövlət Universiteti ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İLHAM ƏLİYEVƏ və Azərbaycan Respublikasının Elm və Təhsil Naziri EMİN ƏMRULLAYEVƏ ünvanlanmış və bir surəti də "Yenixeberorg.com"a daxil olmuş müraciətdə yer alır...Aktuallığını nəzərə alıb, müəyyən düzəlişlərlə müraciəti dərc edirik:

Hörmətli cənab Prezident! Hörmətli Emin müəllim!

Gəncə Dövlət Universitetində artıq ikinci dəfə akkreditasiya aparılmasına baxmayaraq, bu günədək yekun nəticə ilə bağlı heç bir rəsmi məlumat verilməyib. Halbuki akkreditasiya zamanı Elm və Təhsil Nazirliyi tərəfindən universitetə təqdim olunmuş bütün iradlar yerində qalır və onların heç biri aradan qaldırılmayıb.

Universitetin professor-müəllim heyəti öz üzərinə düşən vəzifələri vicdanla və tam şəkildə yerinə yetirir. Lakin əsas problem universitetin idarəetmə sistemindədir. Universitetin rektoru, prorektorları, müşaviri, baş mühasibi və digər rəhbər vəzifələrdə çalışan şəxslərin əksəriyyəti artıq 75 yaşını keçmiş şəxslərdir. Rektorun digər müşaviri İlqar Kubışev isə Elm və Təhsil Nazirinin əmri ilə töhmət alaraq işdən azad edilərək, burada həmin vəzifəyə təyin edilən şəxsdir.

Universitetdə ən ciddi problemlərdən biri də rəhbərliyin qapalı idarəetmə üsuludur. Rektor Yusif Yusibov heç kimi qəbul etmir. Azərbaycan Respublikasının Prezidentinin qəbuluna düşmək mümkün olduğu halda, Gəncə Dövlət Universitetinin rektorunun qəbuluna düşmək demək olar ki, mümkünsüzdür.

İxtisası və elmi dərəcəsi tutduğu vəzifəyə uyğun gəlmədiyi halda, Pedaqoji fakültəyə Zaur Hüseynzadə, İqtisadiyyat fakültəsinə isə Məsim Abadov hələ də rəhbərlik edir. Məsim Abadov biologiya elmləri namizədidir və iqtisadiyyat sahəsi üzrə müvafiq ixtisasa malik deyil. Zaur Hüseynzadənin isə elmi dərəcəsi yoxdur, özü idmançıdır və idman sahəsində də ciddi nailiyyətləri mövcud deyil.

Akkreditasiya Komissiyası tərəfindən bu şəxslərin tutduqları vəzifələrə uyğun olmamaları barədə irad bildirilməsinə baxmayaraq, rektor Yusif Yusibov onları vəzifədə saxlamaqda davam edir. Ona görə ki, hər iki şəxs bu vəzifələrə təyin olunmaq üçün 30–40 min "tərləyiblər"..

İkinci akkreditasiya zamanı Zaur Hüseynzadə özünü onkoloji xəstə kimi təqdim edərək məzuniyyətə çıxdı və Akkreditasiya Komissiyasının çağırışına gəlmədi. Lakin komissiya universitetdən ayrıldıqdan dərhal sonra Zaur Hüseynzadə yenidən işə başladı.

Hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları universitetin nəzdində fəaliyyət göstərən Regional Kollecdə yoxlamalar aparırlar. Yoxlamalar zamanı məlum olub ki, Zaur Hüseynzadənin dekanı olduğu Pedaqoji fakültənin əyani şöbə üzrə III kurs tələbəsi həmin kollecdə müəllim kimi fəaliyyət göstərir. Bu fakt aşkar olunsa da, indiyədək heç bir tədbir görülməyib. Halbuki belə faktların sayı kifayət qədər çoxdur.

Gəncə Dövlət Universitetində idman ixtisasları üzrə maddi-texniki baza və müasir idman avadanlıqları demək olar ki, yoxdur. Buna baxmayaraq, hər il idman ixtisaslarına qəbul planı artırılır. Maddi-texniki baza mövcud olmadığı halda, keyfiyyətli mütəxəssis hazırlığının necə həyata keçirildiyi ciddi suallar doğurur.

Universitetlə bağlı aidiyyəti dövlət orqanlarına dəfələrlə şikayətlər göndərilməsinə baxmayaraq, indiyədək heç bir ciddi tədbir görülməyib. Bu vəziyyət isə həmin şəxslərin özlərini daha da cəzasız hiss etmələrinə səbəb olur.

Rektor Yusif Yusibov Kimya kafedrasının əməkdaşı olduğu üçün Kimya fakültəsinin əməkdaşlarına xüsusi imtiyazlar yaradılıb. Müxtəlif adlar altında həmin fakültənin əksər əməkdaşlarına digər fakültələrin əməkdaşlarından fərqli olaraq daha yüksək əməkhaqqı və əlavə ödənişlər verilir. Universitetdə professor-müəllim heyətinin əməkhaqqı artırılmır.

Uzun müddətdir ki, universitetdə tədris işləri üzrə prorektor vəzifəsi vakantdır. Buna baxmayaraq, rektor özünə ən yaxın şəxslərdən biri olan, tədris sahəsində kifayət qədər təcrübəsi olmayan İsfəndiyar Alverdiyevi daxili əmrlə prorektor kimi fəaliyyət göstərməyə cəlb edib. Halbuki prorektor vəzifəsinə təyinat Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilməlidir.

İsfəndiyar Alverdiyevin özü də bilir ki, onun prorektor kimi rəsmi təyinat əmri yoxdur. Buna görə də o, hələ də dekan kimi fəaliyyət göstərir və universitetdə prorektor vəzifəsinə təyin olunmaq üçün verdiyini geri ala bilmir.

Universitetdə nüfuzlu beynəlxalq elmi jurnallarda məqalələri dərc olunan, elmi nailiyyətlər qazanan müəllimlərə stimullaşdırıcı əməkhaqqı verilməli olduğu halda, bu vəsaitlər rektorun yaxın hesab etdiyi şəxslər arasında bölüşdürülür.

Azərbaycanın ali məktəblərinin demək olar ki, hamısında semestr imtahanları yazılı formada keçirilir. Lakin Gəncə Dövlət Universitetində imtahanlar test üsulu ilə təşkil edilir. Testlərin düzgün cavabları əvvəlcədən rektorluğun göstərişi ilə tələbələrə təqdim olunur. Nəticədə tələbələrin əksəriyyəti yüksək qiymət alır. Məsələn, Riyaziyyat müəllimliyi ixtisasında təhsil alan 25 tələbədən 23-ü "A", 2-si isə "B" qiyməti alır. Halbuki həmin tələbələr yazılı imtahan versələr, onların təxminən 40–50 faizi kəsilər. Bu sistem nəticəsində cəmiyyət üçün kifayət qədər hazırlıqlı olmayan kadrlar yetişdirilir.

Universitetdə dosent, baş müəllim və professor vəzifələrinin də tutulması şəffaf qaydada aparılmır. Rektor Yusif Yusibov Elmi katib vasitəsilə bu vəzifələri qeyri-rəsmi şəkildə müəyyən məbləğ qarşılığında təklif edir. Baş müəllim vəzifəsi üçün təxminən 1500, dosent və professor vəzifələri üçün isə 3000–5000 "təşəkkür" tələb olunur. Bunu sübut etmək məqsədilə son illərdə həmin vəzifələrə seçilmiş şəxslər arasında anonim sorğu keçirilməsi kifayət edər. Belə sorğu zamanı həmin şəxslər Elmi katibə nə qədər vəsait ödədiklərini etiraf edəcəklər.

Cənab Prezident!

Universitetin özündə bu vəzifələri layiqincə icra edə biləcək kifayət qədər savadlı, bacarıqlı və nüfuzlu kadrlar mövcuddur. Belə olan halda, uzun illərdir eyni şəxslərin rəhbər vəzifələrdə qalmasının səbəbi nədir? Bu şəxslərin vəzifədən dəyişdirilməsinin vaxtı çatmayıbmı?

Ən narahatedici məqamlardan biri isə odur ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Elm və Təhsil Nazirliyinə, Gəncə Şəhər İcra Hakimiyyətinə, hüquq-mühafizə orqanlarına dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, bu şəxslərlə bağlı indiyədək heç bir ciddi tədbir görülməyib.

Gəncə Dövlət Universitetində hal-hazırda kafedraların əksəriyyətində dərs saatlarının çatışmazlığı fonunda, tədrisin keyfiyyəti və kadr siyasəti ilə bağlı dözülməz bir mənzərə yaranıb. Rektorun 07.07.2025-ci il tarixində imzaladığı 5/438 saylı əmr guya universitetdəki kadr problemini həll etməli və ixtisar prosesini şəffaflaşdırmalı idi. Lakin reallıq tamamilə fərqlidir. Əmrin kobud şəkildə pozulması və rektorun məsuliyyətsizliyi baş alıb gedir.

Əmrin 1-ci bəndində yaş həddi və elmi-pedaqoji fəaliyyət meyarlarına əsasən ixtisar aparılması açıq-aydın göstərilib. Lakin rektor öz imzasına və rəsmi sənədə hörmətsizlik edərək, bu əmri yalnız "kölgə" kimi istifadə edir. Rektor bu əmri icra etmək əvəzinə, həmin şəxslərdən şəxsi maraqlar müqabilində ... alaraq onları işdə saxlamağa davam edir. Beləliklə, rektor özünün verdiyi rəsmi əmri birbaşa pozur və korrupsiya mexanizmlərinə şərait yaradır.

Universitetdə tədris prosesinin əsas subyekti olan tələbənin hüquqları ayaqlar altına atılıb. Sağlamlıq vəziyyəti auditoriyada dərs deməyə imkan verməyən, dərsə pampers taxıb gələn, hətta özünə qulluq qabiliyyətini itirmiş şəxslərin "müəllim" adı ilə universitetdə saxlanılması təhsilin faciəsidir. Belə şəxslər tələbəyə nə verə bilər? Bu mənzərə nəinki tədrisin keyfiyyətini sıfıra endirir, həm də universitetin akademik nüfuzuna vurulan ən böyük zərbədir.

​ Rektorun bu "qanunsuz işdə saxlama" siyasəti nəticəsində universitetə gəlmək istəyən gənc, potensiallı kadrlar kənarda qalır, yarımştat vəziyyətdə çalışaraq özlərini realizə edə bilmirlər. Bu, universitetin gələcəyinin məhv edilməsi və intellektual inkişafın qarşısının alınması deməkdir.

​ Sual olunur: Əgər bu əmr (5/438 saylı) sadəcə görüntü xatirinə verilibsə, rektor niyə öz imzasına hörmət etmir? Rektorun öz imzaladığı sənədin icrasına nəzarət etməməsi, yaxud onu bilərəkdən icra etməməsi rəhbərlik etdiyi qurumun qanunvericilik çərçivəsindən kənara çıxdığını göstərir. Universitet rektoru öz şəxsi maraqlarını təhsilin və qanunun aliliyindən üstün tutur.

​ Bu vəziyyət artıq dözülməzdir və təcili surətdə aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır!

Rektor Yusif Yusibov isə müxtəlif məclislərdə açıq şəkildə bildirir ki, qardaşı Cavanşir Yusifov artıq vəzifədə olmasa da, Mikayıl Cabbarov, Ceyhun Bayramov və Samir Şərifov kimi yüksək vəzifəli şəxslərlə yaxın münasibətləri var və buna görə də Elm və Təhsil naziri daxil, ona heç kimin təsir edə bilməyəcəyini söyləyir. Hətta şikayət edənlərə "şikayət edə-edə öləcəksiniz, mənə heç kim heç nə edə bilməz" deyir.(Yenixeberorg.com)

Hörmətli cənab Prezident!

Yuxarıda qeyd olunan bütün iddiaların obyektiv, hərtərəfli və şəffaf şəkildə araşdırılmasını və qanunvericiliyə uyğun tədbirlərin görülməsini Sizdən xahiş edirik.

Redaksiyadan: Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.

Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib

Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib


Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Təbrikdə deyilir:

"Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü münasibətilə sizi təbrik edir, ən xoş diləklərimi çatdırıram.

Ötən müddətdə şərəfli bir inkişaf yolu keçmiş və ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə milli maraqların qorunmasında, qanunçuluğun möhkəmləndirilməsində, asayişin və təhlükəsizliyin təmin edilməsində mühüm xidmətlər göstərmiş polis dövlətin etibarlı dayaqlarından biri olaraq formalaşmışdır.

2003-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində fəaliyyətin bütün istiqamətləri üzrə davamlı surətdə yenilənmiş, təkmilləşmiş, özünü müasir təhlükəsizlik çağırışlarına adekvat cavab verməyə qadir, peşəkar insan resurslarına, qabaqcıl texnologiyalara və güclü maddi-texniki bazaya malik hüquq mühafizə institutu kimi təsdiqləmişdir. Cinayətkarlığa, onun transmilli mütəşəkkil formalarına, kibertəhdidlərə, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə və digər təhlükəli əməllərə qarşı mübarizədə üzərinə düşən vəzifələri bu gün də məsuliyyətlə yerinə yetirir, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunmasına, qanunçuluğun möhkəmləndirilməsinə, bərpa və quruculuq proseslərinə layiqli töhfələr verir.

Əminəm ki, andına həmişə sadiq qalan əməkdaşlarımız bundan sonra da peşəkarlıq, prinsipiallıq və yüksək məsuliyyət nümayiş etdirərək sabitliyin və ictimai təhlükəsizliyin təminatçısı kimi dövlətin və xalqın yüksək etimadını doğruldacaqlar.

Peşə bayramı münasibətilə bütün şəxsi heyətə, veteranlarımıza, xidməti vəzifələri yerinə yetirərkən sağlamlığını itirmiş əməkdaşlarımıza və şəhidlərimizin ailə üzvlərinə möhkəm can sağlığı, xidmətdə yeni-yeni nailiyyətlər və uğurlar arzulayıram!".

AHİK, "Kurort" QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var?


Azərbaycanda yay mövsümü başlayanda minlərlə müəllim, həkim və digər büdcə təşkilatlarında çalışan işçilərin eyni problemi yenidən gündəmə gəlib: illərlə həmkarlar ittifaqına üzvlük haqqı ödəyən insanlar sanatoriya və istirahət mərkəzlərinə göndəriş ala bilmirlər.

Bizimesr.com bildirir ki, illərdir eyni mənzərə təkrarlanır. Elektron sistem yaradılır, islahatlar vəd edilir, şəffaflıqdan danışılır. Amma nəticə dəyişmir. Elektron müraciətlər edilir, cavab isə çox vaxt bir söz olur: "Rədd edildi."

Bu zaman illərdir cavabsız qalan suallar bir daha gündəmə gəlir...

Sahib Məmmədov bu suallara cavab verə bilmir? » XalqXeber.Az | Son xeberler Azerbaycan xeberleri

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) nə üçün mövcuddur?
Bir əsrə yaxın fəaliyyət, amma nəticə haradadır?

Sahil Babayev maliyyə naziri təyin edilib

AHİK Azərbaycanda ən qədim ictimai qurumlardan biridir. Onilliklər ərzində milyonlarla işçidən üzvlük haqları toplanıb. Bu vəsaitlərin əsas məqsədi işçilərin sosial müdafiəsinin gücləndirilməsi, hüquqlarının qorunması, sağlamlığının bərpası və əmək şəraitinin yaxşılaşdırılması olmalıdır.

Lakin bu gün sadə müəllim, tibb işçisi və ya digər əməkçi üçün vəziyyət necədir?

AHİK-də nə dəyişib – sədr, yoxsa idarəetmə? Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi? | No Comment

Yay mövsümü gələn kimi insanlar AHİK-in tabeliyində fəaliyyət göstərən Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi vasitəsilə müraciətlər edirlər. Onlarla müraciət edən şəxslər bildirirlər ki, dəfələrlə müraciət etmələrinə baxmayaraq sistem onların müraciətlərini rədd edir.

Bu sistem doğrudanmı şəffaf işləyir?
Rədd edilən müraciətlərin səbəbi nədir?
Kimlər göndəriş alır, kimlər ala bilmir?

Bu sualların heç birinə cəmiyyətə açıq və ətraflı cavab verilmir.

Elektron sistem quruldu, amma problemlər niyə bitmədi?

AHİK rəhbərliyində dəyişiklikdən sonra cəmiyyətə yeni idarəetmə, yeni yanaşma və elektronlaşma vəd edildi. Böyük vəsait hesabına elektron rezervasiya sistemi yaradıldı.

Məqsəd şəffaflığın artırılması idi. Ancaq nəticə nə oldu? Bu gün minlərlə müəllim sosial şəbəkələrdə və mediada eyni şikayətləri yazır - müraciətlər qəbul edilmir; sistem rədd cavabı verir; səbəb izah olunmur; prosesin necə aparıldığı məlum deyil. Elektron sistem yalnız kompüter proqramı deyil. Əgər nəticə dəyişmirsə, elektronlaşdırmanın özü heç nəyi dəyişmir.

Dünyada həmkarlar ittifaqları necə işləyir? Sadəcə baxın öyrənin...

İnkişaf etmiş ölkələrdə həmkarlar ittifaqları tamam başqa missiya daşıyır.
Məsələn, işçini qanunsuz işdən çıxaranda məhkəməyə qədər onun hüquqlarını müdafiə edirlər; kollektiv müqavilələr bağlayırlar; maaşların artırılması uğrunda hökumətlə və işəgötürənlərlə danışıqlar aparırlar; təhlükəli əmək şəraitinə etiraz edirlər; lazım gəldikdə etiraz aksiyaları və tətillər təşkil edirlər; hüquqi yardım göstərirlər; üzvlərinin sosial rifahını yaxşılaşdırmaq üçün real proqramlar həyata keçirirlər.

Bir çox Avropa ölkəsində işəgötürən həmkarlar ittifaqının mövqeyini nəzərə almadan ciddi qərar qəbul etməkdə çətinlik çəkir. Çünki həmin qurumlar doğrudan da işçilərin nümayəndəsidir.

Azərbaycanda isə...

Azərbaycanda minlərlə müəllim qanunsuz işdən çıxarıldığını iddia edir. Minlərlə insan əmək hüquqlarının pozulduğunu bildirir. Əməkhaqqı problemləri, ixtisarlar, qeyri-şəffaf qərarlar illərdir müzakirə olunur.

Bəs bu proseslərdə AHİK harada görünür?
Neçə dəfə müəllimlərin hüquqlarının müdafiəsi üçün ictimai mövqe ortaya qoyulub?
Neçə dəfə əməkhaqlarının artırılması ilə bağlı prinsipial təşəbbüs irəli sürülüb?
Neçə dəfə işdən çıxarılan müəllimlərin müdafiəsi üçün məhkəmələrdə hüquqi yardım göstərilib?

Cəmiyyət bu sualların cavabını görmür.

Araz Paşayev yüksək vəzifəyə seçildi | Valyuta.az

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı nə iş görür?
Ən çox üzvü olan təşkilatlardan biri məhz Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqıdır. Sdərdi də Araz Paşayevdir
Minlərlə müəllim hər ay üzvlük haqqı ödəyir. Ancaq həmin müəllimlərin böyük hissəsi öz təşkilatının hansı konkret problemlərini həll etdiyini göstərə bilmir. Bu gün sanatoriya göndərişləri ilə bağlı narazılıqlar geniş yayılır. Lakin təşkilat rəhbərliyindən problemin köklü həlli istiqamətində ciddi və ictimaiyyətə açıq fəaliyyət müşahidə olunmur. Əvəzində sosial şəbəkələrdə və mediada səslənən tənqidlərə qarşı təşkilatın fəaliyyətinin təriflənməsi diqqət çəkir.

Halbuki həmkarlar ittifaqının əsas vəzifəsi imic formalaşdırmaq deyil. Əsas vəzifə üzvlərinin hüquqlarını qorumaqdır.

Üzvlük haqqı hara xərclənir?

İllərlə müəllimlərin maaşından üzvlük haqları tutulur.
Bu vəsaitlər necə xərclənir? Neçə müəllim sanatoriyaya göndərilir?
Neçə nəfər hüquqi yardım alır?
Neçə işçi işinə bərpa olunur?
Neçə nəfərin əməkhaqqının artırılmasına nail olunur?
Bu statistika tam şəffaf şəkildə ictimaiyyətə təqdim edilməlidir.

Artıq cavab vermək vaxtıdır

AHİK və onun tabeliyində fəaliyyət göstərən qurumlar cəmiyyət qarşısında bu suallara cavab verməlidir:
Sanatoriya göndərişləri hansı meyarlarla bölüşdürülür?
Niyə minlərlə müraciət rədd edilir?
Elektron sistemin audit nəticələri varmı?
Üzvlük haqları necə xərclənir?
Müəllimlərin hüquqlarının müdafiəsi istiqamətində son illərdə hansı real nəticələr əldə olunub?

Həmkarlar ittifaqları yalnız üzvlük haqqı toplayan, bayram tədbirləri keçirən və hesabatlar hazırlayan quruma çevrilməməlidir. Onlar ilk növbədə işçinin səsi, hüququnun müdafiəçisi və sosial dayağı olmalıdır.

Əgər müəllim illərlə ödədiyi üzvlük haqqının müqabilində nə sanatoriya göndərişi ala bilir, nə hüquqi müdafiə görür, nə də əmək hüquqlarının qorunduğunu hiss edirsə, onda cəmiyyətin verdiyi ən sərt sual tamamilə haqlıdır: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu gün həqiqətən kimə xidmət edir və onun fəaliyyəti sadə əməkçiyə hansı real faydanı verir?

Zəruri qeyd!

AHİK - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Sahib Məmmədovdur. İddia olunur ki, AHİK qurum olaraq o zamankı Əmək və əhalinin sosial müdafisəi naziri, indi isə Maliyyə naziri Sahil Babayevin kurasiyasəına keçib. AHİK tabeliyində Sanatoriya-Kurort Elektron Rezervasiya Sisteminin yaradılmasına böyük pullar xərclənib, amma nəticəsi göz qarşısındadır. AHİK-in tabeliyində “Kurort” QSC fəaliyyət göstərir. Rəhbəri də Mingəçevirdə otellərdə çalışmış baş direktor Çingiz Hacıyevdir. İddia olunur ki, bu adamın işi gücü qurumda haqqını istəyən, müəyyən tələblər edən işçiləri işdən qovmaqdır. Kimsəyə məhəl qoymadan Sahib Məmmədovla birləşib bu sahəni sözün əsl mənasında reanimasiyada saxlamaqdır.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Təşkilat Sədri Araz Paşayevdir. Təhsil işçilərinin məhz bu problemlə bağlı məsələsini nə içtimailəşdirə, nə də kökündən həll edə bilir. Sadəcə görüntü yaratmaqla məşğuldular.

Göründüyü kimi AHİK sədri Sahib Məmmədov, “Kurort” QS-nin rəhbəri Çingiz Hacıyev, Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Araz Paşayev və diğırləri birləşib AHİK-i Səttar Möhbalıyev kimi idarə edirlər... Nə qədər davam edəcək, bax bu sual hələ də açıəq qalır.

Bizimesr.com
Ədil Hüseynov

İstiqlalın polad dayağı olan Azərbaycan polisi - 108 yaşında

İstiqlalın polad dayağı olan Azərbaycan polisi - 108 yaşında


Ərəfəsində olduğumuz dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü həm də keçilən dövlətçilik yolunun hesabatını, təhlilini zəruri edir. Yəqin ki, bu kontekstdə böyük müzakirələrə, araşdırmalara lüzum da yoxdur. Əsas nəticə məlumdur: Tarixin ən qüdrətli Azərbaycanının yaradılması və Azərbaycanın ərazi bütövlüyünün təmini. Xalqımızın əsrlər boyu əsas amalı, hədəfi olan bu prioritetlər məhz son dönəmdə gerçəkləşib və istiqlalımızın şanlı göstəricisinə, rəmzinə çevrilib.

Müstəqil Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində Ulu Öndərin xilaskarlıq fəaliyyəti və Prezident İlham Əliyevin tarixin gərdişini dəyişdirən missiyası dayanır. Onların rəhbərliyi altında xaosdan sabitliyə, tənəzzüldən tərəqqiyə, məğlubiyyətdən zəfərə keçid prosesinin əsas icraçıları olan dövlət qurumlarının fəaliyyətini də vətəndaşlarımız təqdirlə qarşılayır.

Bu qurumlar sırasında olan və Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biri sayılan hüquq-mühafizə sistemi öz tarixi inkişaf yolunda müxtəlif mərhələlərdən keçərək bu gün yüksək peşəkarlığa, müasir idarəetmə prinsiplərinə və güclü institusional potensiala malik struktura çevrilib. Bu sistemin mərkəzində dayanan əsas təsisatlardan biri də Daxili İşlər Nazirliyidir.

Daxili işlər orqanlarının fəaliyyətinin bu gün tamam olan 108-ci ildönümü tək bir qurumun tarixini deyil, həm də Azərbaycanın dövlətçilik salnaməsinin, təhlükəsizliyinin, ictimai sabitliyinin və müstəqilliyinin keşiyində dayanmış şərəfli xidmət yolunu ifadə edir. Azərbaycan polisi dövlət quruculuğu prosesinin, sabitliyin və milli təhlükəsizlik modelinin ayrılmaz hissəsinə çevrilib.

Daxili işlər orqanları yaradıldığı ilk dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizliyini təmin etmək kimi mürəkkəb vəzifəni yerinə yetirirdi. Sovet dövründə isə sistem mərkəzləşdirilmiş idarəetmə çərçivəsində fəaliyyət göstərsə də, milli kadrların yetişməsi və hüquq-mühafizə ənənələrinin formalaşması baxımından mühüm mərhələ oldu.

Müstəqillik bərpa edildikdən sonra ötən əsrin 90-cı illərində ölkədəki qeyri-sabitlik, iqtisadi böhran və müharibə şəraiti cinayətkarlığın artmasına rəvac verdi. Məhz bu dövrdə Heydər Əliyev tərəfindən həyata keçirilən islahatlar hüquq-mühafizə sisteminin yenidən qurulmasına, sabitliyin bərpasına və polis strukturunun güclənməsinə təkan oldu.

Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biri kimi tanınır. Xüsusilə son illərdə qlobal miqyasda baş verən geosiyasi gərginliklər, müharibələr, terror təhlükələri, miqrasiya böhranları və sosial kataklizmlər fonunda ölkəmizdə qorunan ictimai-siyasi sabitlik təsadüfi deyil. Bu sabitliyin təmin olunmasında dövlətin təhlükəsizlik institutları ilə yanaşı, daxili işlər orqanlarının da xüsusi rolu var. Polis orqanları Prezident İlham Əliyevin müəyyən etdiyi təhlükəsizlik siyasətinin həyata keçirilməsində etibarlı dayaqlardan biridir.

Dünyanın müxtəlif bölgələri müharibələrin, silahlı toqquşmaların, terror aktlarının və ictimai qarşıdurmaların təsiri altında qalarkən, Azərbaycan təhlükəsizlik və sabitlik adasına çevrilib. Ölkəmizin beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi, milyonlarla turistin Azərbaycana rahat və təhlükəsiz şəkildə səfər etməsi, investorların ölkəmizə inam göstərməsi məhz möhkəm daxili sabitliyin nəticəsidir. Bu sabitliyin qorunmasında isə polis əməkdaşlarının gecə-gündüz, hava şəraitindən və zaman anlayışından asılı olmayaraq həyata keçirdikləri gərgin xidmət xüsusi əhəmiyyət daşıyır.

Müasir dövrdə daxili işlər orqanlarının fəaliyyətində əsas prioritetlərdən biri cinayətkarlığa qarşı sistemli və qabaqlayıcı mübarizədir. Azərbaycanın MDB və Şərqi Avropa məkanında cinayətlərin az baş verdiyi ölkələr qrupunda uzun illərdir öndə olması, statistik göstəricilərin davamlı olaraq yaxşılaşması bu istiqamətdəki fəaliyyətin artıq yalnız klassik üsullarla deyil, eyni zamanda rəqəmsal texnologiyalar və analitik yanaşma ilə aparılmasının göstəricisidir.

Xüsusilə kibercinayətkarlığa qarşı mübarizə sahəsində əldə olunan nəticələr diqqətəlayiqdir. İnformasiya texnologiyalarının sürətli inkişafı ilə paralel olaraq yeni təhlükə formalarının yaranması daxili işlər orqanlarını daha çevik, texnoloji əsaslı fəaliyyətə sövq edir və onlar bu işin də öhdəsindən layiqincə gəlirlər.

Daxili işlər orqanlarının tarixində ən şərəfli məqamlarından başlıcası isə əlbəttə ki, ərazi bütövlyünün təminindəki əzmkarlıq və qəhrəmanlıqlardır. Birinci Qarabağ müharibəsi zamanı polis əməkdaşları yalnız ictimai asayişi qorumaqla kifayətlənməyərək, birbaşa döyüş əməliyyatlarında iştirak edib, torpaqların müdafiəsində rəşadət göstəriblər. Şəxsi heyətin 932 əməkdaşı şəhid olmuş, 681 nəfər isə yaralanmışdı.

Bu ənənə İkinci Qarabağ müharibəsi dövründə də davam etdirildi. 44 günlük Vətən müharibəsində daxili işlər orqanlarının əməkdaşları həm ön, həm də arxa cəbhədə mühüm tarixi vəzifələri yerinə yetirdilər. Onlar yalnız düşmənə qarşı deyil, eyni zamanda daxili sabitliyin qorunması, təxribatların qarşısının alınması istiqamətində də fədakar fəaliyyət göstərdilər. 66 şəhid verən, 346 əməkdaşı yaralanan bu struktur 23 saatlıq antiterror tədbirlərində də yenə ön cərgədə idilər.

İtkilər, əlbəttə ki, bu mübarizənin acı, lakin şərəfli hissəsidir. Onu da nəzərə alaq ki, polis əməkdaşları təkcə müharibə meydanında deyil, həm də cinayətkarlığa qarşı mübarizə zamanı həyatlarını itirirlər. Şəhid olan və xidməti vəzifəsini yerinə yetirərkən həlak olan əməkdaşlar daxili işlər orqanlarının qəhrəmanlıq salnaməsinin ayrılmaz hissəsidir.

Post-müharibə dövründə daxili işlər orqanlarının qarşısında duran əsas vəzifələrdən biri azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin edilməsidir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda hüquq qaydasının bərpası, ictimai asayişin qorunması və normal həyatın təşkili istiqamətində şəxsi heyət aktiv fəaliyyət göstərir. Yeni infrastrukturun qurulması, əhalinin qayıdışı və iqtisadi fəaliyyətin bərpası fonunda təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan daxili işlər orqanlarının fəaliyyəti regionun dayanıqlı inkişafının əsas şərtlərindəndir.
Ətraflı

Polis xidmətinin ən mühüm xüsusiyyətlərindən biri onun fasiləsiz xarakter daşımasıdır. Minlərlə polis əməkdaşı ölkənin bütün şəhər və rayonlarında, ən ucqar yaşayış məntəqələrində belə gecə-gündüz fərq etmədən xidmət aparır, ictimai təhlükəsizliyin keşiyində dayanır. Vətəndaşların əksəriyyəti gündəlik həyatını rahat şəkildə davam etdirərkən, polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparır, hüquq qaydasını qoruyur, fövqəladə hallara operativ reaksiya verir və cəmiyyətin təhlükəsizliyini təmin edirlər. Bu, yalnız peşə borcu deyil, həm də mənəvi məsuliyyət kimi qəbul olunur. Bu xidmət yüksək peşəkarlıqla yanaşı, böyük fədakarlıq və məsuliyyət tələb edir.

Son illərdə polisə ictimai etimadın artması da təsadüfi deyil. Bunun ən mühüm göstəricilərindən biri daxili işlər orqanlarında xidmət etmək istəyən gənclərin sayının əhəmiyyətli dərəcədə artmasıdır. Əgər əvvəlki dövrlərdə polis peşəsinə daha çox iş yeri kimi baxılırdısa, bu gün gənclər onu dövlətə xidmət, nüfuz və məsuliyyət nümunəsi kimi qəbul edirlər. Polis Akademiyasına və daxili işlər orqanlarında xidmətə marağın yüksəlməsi cəmiyyətin bu struktura olan inamının və hörmətinin mühüm göstəricisidir. Gənc polis əməkdaşlarının hazırlanması, onların müasir bilik və bacarıqlarla təmin olunması xüsusi diqqət mərkəzindədir.

Peşə hazırlığı, etik davranış qaydaları, texnoloji biliklər və fiziki hazırlıq – bütün bunlar yeni nəsil polis əməkdaşlarının formalaşmasında əsas komponentlərdir. Bu, həm də daxili işlər orqanlarının daha effektiv və çevik fəaliyyət göstərməsinə zəmin yaradır.

Bütün uğurların əsasında isə son illərdə daxili işlər orqanlarında həyata keçirilən genişmiqyaslı islahatlar dayanır. Maddi-texniki bazanın gücləndirilməsi, rəqəmsal texnologiyaların tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, əməkdaşların sosial müdafiəsinin yaxşılaşdırılması, peşə hazırlığının müasir standartlara uyğunlaşdırılması və idarəetmədə çevikliyin artırılması polis fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə səbəb olub. Bu gün Azərbaycan polisi təkcə cinayətkarlıqla mübarizə aparan struktur deyil, həm də dövlətin müasir idarəetmə modelinin uğurlu nümunələrindən biridir.

Son illərdə vətəndaş məmnunluğunun yüksəlməsi, müraciətlərin operativ araşdırılması və şəffaflığın təmin olunması daxili işlər orqanlarının cəmiyyətlə münasibətlərində yeni keyfiyyət mərhələsi formalaşdırıb.

Polis artıq yalnız hüquq-mühafizə orqanı kimi deyil, həm də vətəndaşın gündəlik həyatında güvəndiyi sosial institut kimi çıxış edir.

Bu gün polisə olan inamın artması, vətəndaş məmnunluğunun yüksəlməsi və xidmətin keyfiyyətinin yaxşılaşması bu qurumun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirir. Müasir dövrdə hüquq-mühafizə orqanlarının fəaliyyətinin effektivliyi təkcə cinayətkarlığa qarşı mübarizə ilə deyil, həm də cəmiyyətlə qurduğu münasibətlərin səviyyəsi ilə ölçülür.

Bu baxımdan Daxili İşlər Nazirliyi yanında İctimai Şura polis-vətəndaş və polis-vətəndaş cəmiyyəti münasibətlərinin inkişafında mühüm səmərəli dialoq platformasına çevrilib. Şura ictimai nəzarətin həyata keçirilməsi, vətəndaş müraciətlərinin araşdırılması, monitorinqlərin aparılması, hüquqi maarifləndirmə tədbirlərinin təşkili və ictimai rəyin öyrənilməsi vasitəsilə cəmiyyətlə polis arasında qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edir.

Azərbaycan polisi zəfərin, dövlətçiliyimizin və ictimai sabitliyimizin gündəlik həyatdakı ən etibarlı təminatçılarından, istiqlalımızın polad dayaqlarından biridir. Daxili İşlər Nazirliyinin tarixi – qəhrəmanlıq, fədakarlıq və peşəkarlıqla əsaslanan şanlı salnamədir. Bu tarix həm də gələcəyə olan inamın, təhlükəsiz və sabit Azərbaycanın təminatının təməllərindəndir.

Azərbaycan polisi 35 illik müstəqilliyin əksərən görünməyən qəhrəmanlarıdır...

Onlar 108 ildir Azərbaycanın növbətçiləri, keşikçiləridir...

Onlar istiqlalın polad dayağı, dövlətçiliyin sipəri, sabitliyin qalxanı, xalqın təhlükəsizlik təminatıdır...

Onlar yatmayanda Azərbaycan rahat yatır...

Ən nəhayət, Polis - qəhrəmanlığın gündəlik adıdır...

Xəbər lenti

Azəriqazda Əmək Məcəlləsini sayan yoxdur - "Axı bu qədər "ədalət", "şəffaflıq" və "qayğı" nümayiş etdirən sistemdən başqa nə gözləmək olar?"
10:48
Xəstəxananın həyətində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - Tibbi tullantılar və orqan qalıqları günlərlə yığılıb qalır - VİDEO
10:26
Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...
09:41
Müştəridən “Kontakt Home”a ETİRAZ: “Qızıl zəmanətlə məhsul almışam, amma…” – Foto
09:27
3000 manatlıq burun əməliyyatı, məhkəmə qərarı və "dezinformasiya" iddiası: Faktlar nə deyir?
20:18
Elnur Cəlilov Vəlvələ çayının qum və çınqılını kimlərə satır? - Nazir Rəşad İsmayılov üçün VİDEO
19:31
"Qızıl oğlanlar"ın təhsil islahatı-"Шмотка"dan qızıla...
18:22
Ramazan Nəbiyevə yüksək vəzifə verildi
14:05
Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur
13:43
Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq
13:11
Elçin Məsiyev ÇL oyununa təyinat aldı
12:48
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
12:21
Kolbasa-sosis bazarında TƏHLÜKƏ: Bu şirkətlər əhaliyə nə yedirir? - SİYAHI
11:38
“Bu sistem müdafiəolunmazdır” - Trampdan sərt ittihamlar
09:31
Şabranın mərkəzi zibil poliqonuna çevrildi - Tullantılar daşınmır - VİDEO
09:18
Kütləvi zəhərlənmə olan “Narın Qala” Fəxrəddin Vəliyevindir - Faktlar
08:57
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
17:09
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
15:58