“Bütün tələbələrimin sertifikatı ləğv olunsun” - Səhiyyə Nazirliyinə qarşı qalmaqallı məhkəmə



Ötən gün Bakı İnzibati Məhkəməsində plastik cərrah Rəşad Babayevin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı "plastik cərrahiyyə fəaliyyəti ilə praktik məşğul olmasına icazə verilən sertifikatının ləğv edilməsi barədə əmrin ona aid hissəsinin ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə növbəti məhkəmə iclası keçirilib.
Bakupost.az-ın əməkdaşı məhkəmə öncəsi iddiaçıdan açıqlama alıb. R. Babayev bildirib ki, obyektiv araşdırma aparılsaydı, iş çoxdan onun xeyrinə həll olunardı:
“Bizim təqdim etdiyimiz əsaslara Səhiyyə Nazirliyi cavab verə bilmir. Mən bunu belə qiymətləndirirəm”.
Məhkəmə baxışı zamanı cavabdeh Səhiyyə Nazirliyinin nümayəndəsinin Elektron Məhkəmə İnformasiya Sistemində yerləşdirdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair etiraz müzakirə olunub. Sənədin tərəflərə vaxtında təqdim olunmadığını nəzərə alan məhkəmə vəsatət əsasında 15 dəqiqəlik fasilə elan edib.
Fasilədən sonra iclas davam etdirilib. Cavabdeh nümayəndəsi etirazın mahiyyətini qısa şəkildə izah edərək iddianın təmin edilməməsini xahiş edib. Ardınca iddiaçının vəkilləri cavabdeh nümayəndəsinə suallar ünvanlayaraq, eyni hüquqi vəziyyətdə olan şəxslərə münasibətdə fərqli yanaşmanın tətbiq edilməsi və hüquq qarşısında bərabərlik prinsipinin pozulması ilə bağlı mövqelərini əsaslandırmağa çalışıblar.
Məhkəmə tərəflərin izahatlarını dinlədikdən sonra çıxış mərhələsinə keçib. İddiaçı tərəf sübutların ayrıca qiymətləndirilməsini tələb etsə də, məhkəmə bunu zəruri hesab etməyib.
Yekun çıxışlarında iddiaçının vəkilləri iş üzrə bir sıra mühüm hüquqi və faktiki hallara diqqət çəkiblər. Onların sözlərinə görə, məhkəmə araşdırması zamanı sertifikatların qiymətləndirilməsini aparan komissiyanın formalaşdırılması və fəaliyyəti ilə bağlı ciddi hüquqi problemlər mövcuddur. Vəkillər komissiyanın legitimliyi, qərarlarının obyektivliyi və səlahiyyət hədləri ilə bağlı iradlarını səsləndirərək bildiriblər ki, məhz bu komissiyanın qərarları əsasında Rəşad Babayev də daxil olmaqla plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən bir sıra həkimlərin sertifikatlarının ləğv edilməsi hüquqi əsasdan məhrumdur.
Müzakirə olunan əsas məsələlərdən biri də iddiaçının sertifikatının ləğvinə səbəb kimi göstərilən rezidentura təhsili ilə bağlı olub. İddiaçı tərəf vurğulayıb ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olmaq üçün rezidentura təhsilinin məcburi şərt kimi nəzərdə tutulmaması iddianın hüquqi əsaslılığını təsdiq edir. Bu səbəbdən iddiaçının nümayəndələri Səhiyyə Nazirliyinin mübahisələndirilən əmrinin Rəşad Babayevə aid hissəsinin ləğv edilməsini xahiş ediblər.
Məhkəmə iclasında çıxış edən iddiaçı Rəşad Babayev uzun illər plastik cərrah kimi fəaliyyət göstərdiyini, müxtəlif dövlət tibb müəssisələrində bu ixtisas üzrə xidmət etdiyini, indiyədək 12-dən artıq rezident hazırladığını və elmi fəaliyyətinin də plastik cərrahiyyə sahəsi ilə bağlı olduğunu diqqətə çatdırıb. O bildirib ki, yekun qərardan asılı olaraq, onun uzun illər ərzində məhkəmələrdə plastik cərrah qismində təqdim etdiyi ekspert rəylərinin hüquqi qüvvəsi, eləcə də elmi-pedaqoji fəaliyyəti çərçivəsində hazırlanmış rezidentlərin hüquqi statusu ilə bağlı gələcəkdə mübahisələrin yaranması ehtimalı mövcuddur. Bu isə təkcə onun fərdi hüquqlarına deyil, həm də bütövlükdə plastik cərrahiyyə sahəsində hüquqi müəyyənlik prinsipinə təsir göstərə biləcək məsələdir.
Məhkəmə baxışını başa çatdıraraq yekun qərarın 6 iyul 2026-cı il saat 17:00-da elan olunacağı bildirilib.
İclasdan sonra jurnalistlərin suallarını cavablandıran iddiaçının vəkilləri yekun məhkəmə qərarı açıqlanana qədər hüquqi mövqe bildirməyəcəklərini qeyd edərək ətraflı danışmaqdan imtina ediblər.
İddiaçı Rəşad Babayev isə Bakupost-un əməkdaşına açıqlama verərək məhkəmə prosesində müzakirə olunan məsələlərə münasibətini bildirib.
“Cavabdeh tərəfin təqdim etdiyi sənədlər sadəcə ədəbiyyatdan götürülmüş materiallardır və heç bir hüquqi əsasa malik deyil. Ona görə də qarşı tərəfin vəkili heç bir əsaslı cavab verə bilmədi. Plastik cərrahlar mənim təqdim etdiyim tədris və sənədlərlə bu ixtisasa yiyələniblər. Sonra isə deyirlər ki, Rəşad Babayev, sən artıq bizə lazım deyilsən, işini bitirdin.
Mən bir dəfəlik iynə deyiləm ki, istifadə edib sonra kənara atsınlar. Belə bir haqq yoxdur. Mən burada ən yüksək pillədə olan şəxslərdən biri olmuşam.
Əgər məhkəmə mənim lehimə qərar verməsə, bunu mübahisələndirəcəyəm və qeyd edəcəyəm ki, bütün tələbələrimin sertifikatını da ləğv edin", - deyə cərrah bildirib.
Qeyd edək ki, iş üzrə yekun qərarın 6 iyul 2026-cı il tarixində elan olunacağı gözlənilir.

Bakupost.az

Rusiya tutmuşuq deyir - Ukrayna təkzib edir



“Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Konstantinovka şəhərini tam ələ keçirib”.

Bu barədə Rusiya Baş Qərargahının baş əməliyyat idarəsinin rəisi Sergey Rudskoy brifinqdə çıxışı zamanı bəyan edib.

O, Konstantinovka şəhərinin Ukraynanın Donbasdakı son dayağı olduğunu iddia edib.

Ukrayna Silahlı Qüvvələrinin (USQ) Baş Qərargahının sözçüsü Andrey Kovalyov isə Rusiya tərəfinin bu iddiasını təkzib edib.

“Donetsk vilayətinin Konstantinovka yaşayış məntəqəsinin guya Rusiya qoşunları tərəfindən işğal edilməsi barədə məlumat həqiqətə uyğun deyil”, - o deyib.

Kovalyov Konstantinovkanın Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olduğunu bildirib.

Zaur Kamal qəza etdi



Aparıcı Zaur Kamal avtomobil qəzası keçirib.

Bu haqda aparıcı özü instaqram hesabında məlumat verib.

O, avtomobilinin fotosunu paylaşaraq, “ Bu da belə getdi”, - sözlərini yazıb.

Axşam.az-a açıqlama verən aparıcı bildirib ki, hadisə Gəncəyə gedərkən olub.

“Gəncəyə çataçatda oldu. Salamatçılıqdır”, - deyə əlavə edib.

Sürdüyü maşında öldü


Binəqədi rayonunda kişi sükan arxasında vəfat edib.

Hadisə iyulun 2-si saat 23 radələrində qeydə alınıb.

Biləcəri ərazisində qəsəbə sakini Faiq Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobildə vəziyyəti pisləşib. Onun həyatını xilas etmək mümkün olmayıb, 59 yaşlı şəxs infarktdan ölüb.

Araşdırmalar aparılır.

Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?


Bakının mərkəzi küçələrində yeni və müasir avtobusların nümayiş etdirilməsi ilə tez-tez gündəmə gələn Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyəti paytaxtın kənar qəsəbələrinə çatanda tamamilə fərqli mənzərə ortaya çıxır. Elə təəssürat yaranır ki, AYNA rəhbəri Anar Rzayev üçün Bakı yalnız mərkəzi prospektlərdən ibarətdir, Müşfiqabad kimi minlərlə insanın yaşadığı qəsəbələr isə diqqətdən kənarda qalıb.

Bizimesr.com-a göndərilən foto və videogörüntülər Müşfiqabad qəsəbəsindən "20 Yanvar" metro stansiyası istiqamətində hərəkət edən 114A və 114B marşrutlarında yaranmış vəziyyətin sərnişinlər üçün ciddi problemə çevrildiyini göstərir.

Sakinlərin sözlərinə görə, xəttə buraxılan avtobusların əksəriyyəti köhnə və istismara yararsız vəziyyətdədir. Oturacaqlar sınıq, salonlar natəmiz, texniki vəziyyət isə sərnişinlərin təhlükəsiz və rahat daşınması ilə bağlı ciddi suallar yaradır.

Demək olar ki, hər gün marşrut üzrə hərəkət edən bir və ya bir neçə avtobus yolda nasazlıq səbəbindən dayanır. Nəticədə sərnişinlər avtobuslardan düşürülür və yolun ortasında qalırlar. İnsanlar işə, məktəbə və ya digər ünvanlara vaxtında çatmaq əvəzinə növbəti avtobusu gözləməyə məcbur olurlar.

Problemlər bununla da bitmir. Sərnişinlərin bildirdiyinə görə, marşrut üzrə avtobusların intervalı olduqca uzundur. Bu səbəbdən insanlar bəzən dayanacaqlarda uzun müddət gözləyirlər. Yayın qızmar istisində kondisionersiz avtobuslar isə vəziyyəti daha da ağırlaşdırır. Sıxlıq, havasız salon və texniki problemlər hər gün yüzlərlə sərnişinin üzləşdiyi reallıqdır.

Ən diqqətçəkən məqamlardan biri isə sakinlərin iddiasına görə, bu problemlə bağlı illərdir AYNA rəhbərliyinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, vəziyyətin dəyişməməsidir. Onların sözlərinə görə, müraciətlər ya cavabsız qalır, ya da real nəticə vermir.

Bu vəziyyət ciddi suallar doğurur. Əgər paytaxtın mərkəzində müasir avtobus parkı yaratmaq mümkündürsə, niyə Müşfiqabad sakinləri köhnə, tez-tez xarab olan və elementar rahatlıq standartlarına cavab verməyən avtobuslardan istifadə etməyə məcbur qalırlar? Dövlət büdcəsindən nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına milyonlarla manat vəsait ayrıldığı halda, Bakıətrafı qəsəbələrin sakinləri niyə ikinci dərəcəli xidmətlə kifayətlənməlidirlər?

İctimai nəqliyyat hər bir vətəndaş üçün əlçatan, təhlükəsiz və rahat olmalıdır. Bu xidmət yalnız şəhərin mərkəzi ilə məhdudlaşmamalı, paytaxtın bütün yaşayış məntəqələrini əhatə etməlidir. Əks halda, mərkəzdə yaradılan müasir görüntü fonunda qəsəbələrdəki acınacaqlı vəziyyət nəqliyyat sahəsində aparılan islahatların hamıya eyni dərəcədə çatmadığını göstərir.(Bizimesr.com)

VİDEO LİNKDƏ: https://www.bizimesr.com/az/post/anar-rzayev114a-ve-114b-marsrutlarindaki-biabirci-veziyyeti-niye-gormur-22444

İlham Əliyev Donald Trampı təbrik edib

İlham Əliyev Donald Trampı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampı təbrik edib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əlamətdar tarix – Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azadlıq uğrunda mübarizənin, yenilməz iradənin və demokratiyanın rəmzinə çevrilmiş İstiqlaliyyət Bəyannaməsinin iki yüz əlli il əvvəl 4 iyul tarixində imzalanması ilə müstəqilliyini elan etmiş Amerika Birləşmiş Ştatları təkcə yerləşdiyi qitədə deyil, bütövlükdə dünyada yeni nizamın qurulmasına təkan verdi. Ötən dövr ərzində şanlı inkişaf yolu keçmiş Birləşmiş Ştatlar bu gün qlobal arenada hər bir cəhətdən güclü və qüdrətli dövlətdir. Hazırda Sizin əzmlə və qətiyyətlə həyata keçirdiyiniz siyasət sayəsində ölkənizin əldə etdiyi möhtəşəm nailiyyətlərin sayı artır, beynəlxalq aləmdə liderliyi, etibarı və yüksək nüfuzu daha da möhkəmlənir.

Son dövrdə Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur. Biz iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir, dövlətlərarası əlaqələrimizin güclənməsinə daim verdiyiniz böyük önəmə və dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Fevral ayında imzalanan və münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldıran Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadiyyat, enerji, bağlantılar, təhlükəsizlik kimi ənənəvi sahələrlə yanaşı, rəqəmsal transformasiya, süni intellekt və digər mühüm istiqamətlər üzrə tərəfdaşlığın inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm.

Biz Sizin Cənubi Qafqazda sülh gündəliyinin təşviqi və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində qətiyyətli səylərinizi də son dərəcə yüksək qiymətləndiririk. Keçən ilin avqustun 8-də Ağ Evdə Sizin təşəbbüsünüzlə baş tutmuş tarixi üçtərəfli görüşün nəticələri regionumuzda tamamilə yeni müsbət ab-hava və vəziyyət yaratdı. Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar. Eyni zamanda regionda sabitliyə və rifaha xidmət edən infrastruktur layihələrinin, xüsusilə də Asiya ilə Avropa arasında alternativ, etibarlı və təhlükəsiz bağlantını təmin edəcək "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu"nun reallaşmasına ölkənizin göstərdiyi davamlı dəstəyini xüsusi qeyd etmək istərdim.

Hörmətli cənab Prezident,

Biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasında böyük potensiala malik qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk. Əminəm ki, bu potensialdan və mövcud imkanlardan tam bəhrələnərək birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə, strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Bu şanlı yubiley günündə bir daha Sizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər və yeni-yeni nailiyyətlər, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim əmin-amanlıq, firavanlıq və rifah arzulayıram".

"Qədir-Xum" eyni nöqsana görə yenidən cərimələndi


Hacıqabul rayonunda yerləşən "Qədir-Xum" Ailəvi İstirahət Mərkəzi eyni hüquq pozuntusuna görə yenidən cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən sözügedən restoranda yaranan maye tullantılarının ətraf mühitə axıdıldığı müəyyən edilib.

Restoranın rəsmi müqavilə əsasında fəaliyyət göstərən icarədarı, 1984-cü il təvəllüdlü R.H. barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə restoranın icarədarı 800 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, Hacıqabul rayonu ərazisində, Bakı–Şirvan avtomobil yolunun sağ tərəfində yerləşən, ümumi sahəsi 2000 kvadratmetr olan ictimai iaşə obyekti Gülnarə İsmayıl qızı Rüstəmova tərəfindən icarəyə verilib. "Qədir-Xum" Ailəvi İstirahət Mərkəzi ötən il də eyni maddə ilə cərimələnmişdi. Həmin vaxt aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün obyektə müddət verilmişdi.

İş qadını tiktoker Həmidin ondan dələduzluqla ələ keçirib qumarxanaya qoyduğu pul qəbizlərinin bir qismini yaydı - DİN və Prokurorluğa MÜRACİƏT


İş adamı Mətanət Həsənova bloger və tiktoker Həmid Allahverdiyevlə bağlı yeni iddialarla çıxış edib. O, sosial şəbəkələrdə müxtəlif ödənişlərə dair olduğunu bildirdiyi çek və qəbzləri paylaşaraq, külli miqdarda maddi ziyana məruz qaldığını iddia edib.

Şikayətçinin sözlərinə görə, 2023-cü ildən başlayaraq Həmid Allahverdiyevin müxtəlif vədlərinə inanaraq ümumilikdə 135 min manat vəsait xərcləyib. İddiasına əsasən, həmin məbləğin böyük hissəsi TikTok platformasında keçirilən oyunlara və digər ödənişlərə sərf olunub. O bildirir ki, oyunlar vasitəsilə avtomobil qazanacağı və həmin avtomobilin ona təqdim ediləcəyi vəd edilsə də, bu baş verməyib.

Həsənova həmçinin iddia edir ki, əlavə olaraq 15 min manat kazino oyunlarında uduzub və bu prosesdən əldə olunan gəlirlərin Həmid Allahverdiyevin xeyrinə olduğu qənaətindədir.

Şikayətçi uzun müddət qarşı tərəfə həm maddi, həm də mənəvi dəstək göstərdiyini, lakin sonradan aldadıldığını düşündüyünü bildirir. Onun sözlərinə görə, verilən şəxsi vədlər də sonradan öz təsdiqini tapmayıb və bütün bunların yalnız maddi maraq məqsədi daşıdığı qənaətinə gəlib.

İş qadını məsələ ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə və daxili işlər naziri Vilayət Eyvazova müraciət etdiyini açıqlayıb. O, müraciətində iddialarının obyektiv araşdırılmasını, təqdim etdiyi çek və digər sübutlara hüquqi qiymət verilməsini xahiş etdiyini bildirib.

Qeyd edək ki, yazıda yer alan məlumatlar Həsənovanın iddialarına əsaslanır. Həmid Allahverdiyev tərəfindən bu iddialarla bağlı hələlik ictimai açıqlama verilməyib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Paytaxt.org

Nazirin Qusar səfəri və arxasındakı “pul yığılması” qalmaqalı – İddia


17 aprel tarixində elm və təhsil naziri Emin Əmrullayev Qusar şəhərində vətəndaş qəbulu keçirib.

Nazirin bu işgüzar səfəri Qusar təhsil sektorunda olduqca təlatümlü və arzuolunmaz olaylarla da yadda qalıb.

Nazirin və onunla birlikdə Qusara gələn nazirlik əməkdaşlarının yemək, qalma və digər səfər xərclərinin qarşılanması üçün həmin ərəfədə Qusarın bütün şəhər və ətraf kənd məktəblərinin rəhbərlərindən və pedaqoji kollektivindən müxtəlif məbləğlərdə kütləvi pul toplama marafonu həyata keçirilib.

İddia edilir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə sektor müdiri olan Naira Klıçovanın tapşırığı ilə şəhər məktəblərinin hər birindən 500 manat məbləğində vəsait yığılıb. Bu vəsaitin nazirin nahar yeməyi və nazirliyin digər məsul şəxslərinin hotel pulunun ödənilməsi üçün xüsusi tapşırıq kimi vurğulandığı da iddialar arasındadır.

Qısa zaman kəsiyində yerinə yetirilən bu kütləvi marafon bir çox pedaqoq tərəfindən narazılıqla qarşılanıb. Bu vəsaiti verməkdən imtina edən həmin müəllimlər məsələ barədə sosial şəbəkə üzərindən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevə məlumat verib.

Bundan sonra Naira Klıçova Coşqun Əliyev tərəfindən şiddətlə qınanaraq yığılan vəsaitlərin dərhal geri qaytarılması tapşırığını alır.

İdarə müdirinin qəzəbindən canını qurtaran sektor müdiri sonda heç bir cəza almasa da, nazir Emin Əmrullayevin səfər xərcləri adı altında toplanan vəsaitlərin hamısı geri qaytarılıb.

Bununla da, sözügedən tapşırığın regional idarə tərəfindən verilmədiyi hər kəsə məlum olub.

​Səsləndirilən iddialarda adı çəkilən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə sektor müdiri olan Naira Klıçovanın mövqeyini almaq üçün tərəfimizdən ona göndərilən yazılı informasiya sorğusuna cavab verilməyib./7times.az

Xəbər lenti

Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
17:09
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
15:58
Bakıxanovda "Möcüzəvi Epidemiya"- Eyni anda quruyan ağaclar və daş hasarlar -VİDEO
15:25
“Buta Farm” dərmanları rütubətli yerdə saxlayırmış — RƏSMİ
15:01
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
13:07
ABŞ Zəngəzur dəhlizini icarəyə götürür
12:43
Rəqabətsiz bazarda bahalı reklam - AZAL nəyi və kimə reklam edir?
11:54
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
11:16
115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!! -TƏFSİLAT
10:40
Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi
09:57
Beyləqanda pambıq "pripiska"sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…
09:37
"Caspian Global Auto"dan şikayət - "Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb"
17:41
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
17:23
14 il şiddət görən qadının əri saxlanıldı
16:46
Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?
15:55
DÇ finalının fasiləsi uzadılacaq
15:00
Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa…
13:05
Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir: “Eyni xəstəyə fərqli rəylər verilir”
12:23