Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il avqustun 8-9-da Amerika Birləşmiş Ştatlarına səfəri həm Azərbaycan-ABŞ münasibətlərinin transformasiyası, həm də Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin formalaşması baxımından Cənubi Qafqazın siyasi tarixində xüsusi mərhələ kimi qiymətləndirilə bilər. Sözügedən səfər zamanı keçirilən görüşlər, əldə edilən razılaşmalara isə Azərbaycan-ABŞ münasibətlərinin daha məzmunlu və geniş əməkdaşlıq modelinə keçməsi kimi baxmaq lazımdır. Bu həm də Azəbaycanın və onun lideri İlham Əliyevin dünyada artan rolunun, nüfuzunun, regionda yaratdığı yeni reallıqların etirafı idi.

Bakı-Vaşinqton münasibətlərinin keyfiyyətcə yeni, fərqli mərhələyə qədəm qoymasını daha aydın dərk etmək üçün əvvəki dövrlərə, xüsusilə Co Baydenin ABŞ prezidentliyi dövründə formalaşmış siyasi yanaşmaya nəzər salmaq lazımdır. Azərbaycan prezidenti dəfələrlə bildirib ki, Co Bayden, onun dövlət katibi Entoni Blinken Azərbaycana qarşı qərəzli münasibət göstərib. Sözügedən administrasiyanın ermənipərəst mövqeyi səbəbindən Azərbaycan-ABŞ münasibətləri faktiki olaraq Azərbaycan-Ermənistan münaqişəsinin girovuna çevrilmişdi.

Xatırladaq ki, Baydenin Amerikanın milli maraqlarından deyil, erməni lobbi qruplarının maraqlarından çıxış etməsi yalnız onun prezidentlik dönəminin məsələsi deyildi. Hələ 1992-ci ildə qəbul edilmiş "Azadlığa Dəstək Aktı"na əlavə edilən "907-ci düzəliş"in təşəbbüskarları arasında o vaxt senator olan Co Bayden də yer alırdı. Sonrakı illərdə bu düzəlişin tətbiqi müxtəlif administrasiyalar tərəfindən dayandırılsa da, Bayden-Blinken administrasiyası dövründə onun yenidən aktuallaşdırılması Bakının Vaşinqtona münasibətində onsuz da zəifləmiş etimad mühitinə əlavə zərbə vurdu. Bu sıraya ABŞ-nin o dövrlərdə ATƏT-in Minsk Qrupu çərçivəsində Fransa və Rusiya ilə birgə Azərbaycan-Ermənistan münaqişəsinin həllinə deyil, onun dondurulmasına yönələn siyasət yürütdüyünü də əlavə edə bilərik.

Cənubi Qafqaz regionuna bələd olmayan, tarixi və siyasi reallıqları gözardı edən, beynəlxalq hüququ heçə sayan, ABŞ-nin maraqlarından deyil, ermənipərəst mövqedən çıxış edən Bayden administrasiyası Azərbaycanın regiondakı çəkisini və nüfuzunu, iqtisadi və hərbi potensialını düzgün qiymətləndirə bilməmişdi. Əgər Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik və iqtisadi inteqrasiya, inkişafdan danışırıqsa, bölgənin aparıcı dövlətinin maraqları, mövqeyi mütləq nəzərə alınmalıdır.

Məsələ ondadır ki, Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda sülhün təmin olunması ayrı-ayrı tərəflərdən birinin mövqeyinin üstün tutulması ilə deyil, real güc nisbətinin, regional maraqların və mövcud reallıqların obyektiv nəzərə alınması ilə mümkündür. Beləliklə, həmin dövrdə Azərbaycanla əlaqələrin zəiflədilməsi təkcə ikitərəfli münasibətlərdə itirilmiş imkanlarla yadda qalmadı, eyni zamanda, Vaşinqtonun Cənubi Qafqazda sülh və sabitlik proseslərinə təsir imkanlarını da məhdudlaşdırdı. Bu baxımdan, Donald Trampın prezidentliyi dövründə ABŞ siyasətində baş verən dəyişiklik və Azərbaycanın regional rolunun daha düzgün qiymətləndirilməsi Bakı-Vaşinqton münasibətlərinin transformasiyasının əsas siyasi səbəblərindən biri kimi meydana çıxdı.

Sələflərindən fərqli olaraq, Tramp administrasiyası ölkələrarası münasibətlərdə real nəticələrə və milli maraqlara əsaslanan siyasət yürütməyə başladı. Daha rasional və praqmatik siyasi xəttin yürüdülməsi, beynəlxalq münasibətlərdə mövcud reallıqların qəbul edilməsi, tərəfdaş ölkələrin siyasi və iqtisadi potensialının daha obyektiv qiymətləndirilməsi, qarşılıqlı maraqlar əsasında yeni əməkdaşlıq imkanlarının yaradılması zərurəti idi. Məhz bu yanaşma sayəsində Ağ Ev üçün Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti, siyasi, iqtisadi və geostrateji aktor kimi dəyərləndirildi. Az keçməmiş Tramp administrasiyası ikitərəfli əlaqələrin inkişafını, regionda sülhün təmin edilməsini xarici siyasətinin gündəliyinə daxil etdi. Bu isə o demək idi ki, rəsmi Vaşinqton Cənubi Qafqazda Azərbaycanın yaratdığı reallıqları qəbul edir və rəsmi Bakının regional rolunu nəzərə alır.

Belə bir siyasətə cavab olaraq isə rəsmi Bakı ikitərəfli münasibətlərə qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaş, suverenlik və ərazi bütövlüyünü tanıma, milli maraqları nəzərə alan prinsiplər əsasında yanaşdığını sərgilədi. Bununla da Azərbaycan-ABŞ münasibətlərində fundamental dəyişikliklər başladı.

Bu dəyişikliklərin təməli əslində Donald Trampın prezident seçilməsindən əvvəl də İlham Əliyevlə münasibətləri, tərəflər arasında məktublaşmalara dayanır. Tramp ikinci dəfə prezident seçildikdən sonra bu münasibətlər daha intensiv və nəticəyönümlü xarakter aldı. Məhz bunun sayəsində də 2025-ci ilin 8-9 avqust tarixlərində Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı iki ölkə arasında münasibətlərin yeni məzmunu müəyyən edildi. Eyni zamanda, Bakı ilə İrəvan arasında sülh prosesinin irəli aparılması üçün Üçtərəfli Bəyannamə imzalandı, TRİPP layihəsi barədə razılaşma əldə edildi. Paralel olaraq isə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması məqsədilə İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumu imzalandı. Bu isə o deməkdir ki, gələcək əməkdaşlıq qarşılıqlı investisiyalar, enerji, nəqliyyat, kommunikasiya, tranzit, təhlükəsizlik, süni intellek, müdafiə sənayesini əhatə edəcək. Bu da öz növbəsində Azərbaycan üçün həm inkişaf, həm də iqtisadiyyatın şaxələndirilməsi baxımından yeni imkanlar açır.

Azərbaycanla ABŞ arasında formalaşan yeni strateji tərəfdaşlıq həmçinin regionda sülhün, təhlükəsizliyin və iqtisadi bağlantıların möhkəmləndirilməsi üçün əlavə imkanlar yaradır. Nəticə etibarilə, 2025-ci ilin avqustunda Vaşinqtonda başlanan proses Azərbaycan-ABŞ münasibətlərini yeni strateji məcraya yönəltməklə yanaşı, Cənubi Qafqazda sülhün və regional əməkdaşlığın təmin edilməsini də həmin tərəfdaşlığın mühüm dayaqlarından birinə çevirdi.

Bu münasibətlərin məntiqi davamı olaraq, "Azadlığa Dəstək Aktı"na "907-ci düzəliş"in dondurulması Vaşinqtonun Bakıya münasibətində əvvəlki yanaşmadan ciddi şəkildə fərqlənən yeni siyasi iradənin göstəricisinə çevrildi.


TRİPP layihəsi isə Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması və regionda iqtisadi əlaqələrin bərpası baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihə Azərbaycanı Naxçıvanla birləşdirməklə yanaşı, Asiya ilə Avropanı birləşdirəcək qlobal əhəmiyyətə malik yeni və təhlükəsiz nəqliyyat dəhlizinin formalaşmasına xidmət edir.

Paralel olaraq isə Prezident İlham Əliyevlə Donald Tramp arasında siyasi təmasların və məktublaşmaların davamlı xarakter alması iki ölkə arasındakı münasibətlərin daha yüksək səviyyəyə keçid etməsinə şərait yaradırdı. Azərbaycan liderinin regional nüfuzunun və beynəlxalq siyasi çəkisinin artması Ağ Ev tərəfindən də düzgün qiymətləndirilirdi. Məhz bu səbəbdən də Tramp İlham Əliyevi mühüm beynəlxalq təşəbbüslərə və tədbirlərə dəvət edirdi. Belə dəvətlər Azərbaycanın və onun Prezidentinin yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, daha geniş beynəlxalq proseslərdə də nəzərə alınan siyasi aktora çevrildiyini göstərir. Məsələn, Donald Tramp 2026-cı ilin yanvarında Prezident İlham Əliyevi Yaxın Şərqdə sülhün möhkəmləndirilməsi və qlobal münaqişələrin həllinə yeni yanaşmanın təşviqi ilə bağlı təşəbbüsə - Sülh Şurasına dəvət etdi.

2026-cı ilin 10 fevral tarixində ABŞ-nin vitse-prezidenti Ceys Devid Vensin Azərbaycana səfəri zamanı Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması münasibətlərin artıq yeni müstəviyə keçdiyinin təsdiqidir. Xartiyada iki dövlət bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını münasibətlərin əsası kimi təsdiqləməklə yanaşı, regional bağlantılar, iqtisadi sərmayə, təhlükəsizlik, diplomatiya, enerji və texnologiya sahələrində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutulur. Bu prosesin digər mühüm nəticəsi isə Azərbaycanın və Prezident İlham Əliyevin beynəlxalq siyasi çəkisinin yeni səviyyəyə yüksəlməsidir: Bakı artıq böyük güclərin regional siyasətinin təsir obyektlərindən biri deyil, sülhün, bağlantıların və əməkdaşlığın formalaşdırılmasında təşəbbüskar tərəf kimi çıxış edir və bu reallıq ABŞ-Azərbaycan tərəfdaşlığının yeni arxitekturasında öz aydın ifadəsini tapır.


Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin ABŞ-də paraflanması uzun illər davam edən mürəkkəb siyasi və diplomatik prosesin məntiqi nəticəsi olmaqla yanaşı, Azərbaycanın yaratdığı yeni regional reallıqların beynəlxalq səviyyədə qəbul edilməsinin də göstəricisidir. Burada məsələ Azərbaycanın uzun illər apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində regionda yaranan reallıqların Ermənistan tərəfindən qəbul edilməsi və sülh gündəliyinə uyğunlaşmağa məcbur qalmasıdır.

Bu gün özünü sülh tərəfdarı kimi təqdim edən Ermənistanın Baş naziri Nikol Paşinyan çox yaxın keçmişdə fərqli siyasət yürüdürdü. Azərbaycan torpaqlarının işğal altında olması, müharibə dövründə dinc yaşayış məntəqələrinin raket atəşinə tutulması, post müharibə dövründə suveren torpaqlarımızda törədilən hərbi təxribatlar İrəvanın sülhə yox, qarışdurmanın davam etməsinə hesablanan siyasət yürütməsini faktlarla ortaya çıxarırdı.

Xüsusilə, 2023-cü ilin sentyabr ayında keçirilən lokal xarakteri antiterror əməliyyatı ilə separatizmin kökünün kəsilməsindən sonra Ermənistan rəhbərliyi anladı ki, əvvəlki iddiaları davam etdirə bilməz və bu səbəbdən sülh gündəliyini qəbul etməyə məcbur oldu. Azərbaycan isə bu prosesdə sadəcə sülh danışıqlarının iştirakçısı deyil, sülhün əsas prinsiplərini müəyyən edən tərəf kimi çıxış etdi.

Məhz Azərbaycan tərəfindən irəli sürülən və sülh sazişinin əsasını təşkil edən beş prinsip ölkələrin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və sərhədlərinin toxunulmazlığına hörmət etməsi, ərazi iddialarından imtina etməsi və gələcək münasibətləri qarşılıqlılıq əsasında qurması baxımından yeni regional münasibətlər sisteminin hüquqi-siyasi çərçivəsini formalaşdırdı.

Beləliklə, Prezident İlham Əliyevin siyasi xətti Azərbaycanı əvvəlcə müharibənin qalibi, daha sonra isə sülh gündəliyinin müəllifi və təşəbbüskarı kimi təsdiqlədi. ABŞ-də sülh sazişinin paraflanması isə bu uzunmüddətli prosesin mühüm yekun mərhələlərindən biri olmaqla Azərbaycanın yaratdığı yeni reallığın beynəlxalq səviyyədə qəbul edilməsinin simvoluna çevrildi.

Yuxarıda sadalanan faktlar göstərir ki, Bakı-Vaşinqton xəttində baş verən mühüm dəyişikliklər və münasibətlərdə dinamik inkişaf təsadüfi nəticə deyil. Bu, regional və qlobal reallıqların, Azərbaycanın artan siyasi və iqtisadi nüfuzunun, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasətinin məntiqi nəticəsidir. Bu gün Azərbaycanla ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyması Cənubi Qafqazın da yeni siyasi və geoiqtisadi arxitekturasının formalaşması baxımından böyük önəm daşıyır.(Report)

Taksidən pul və bank kartları oğurladı - Saxlanıldı


Nizami rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən birinin avtomobilindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı Ə.Tağıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs müştəri qismində əyləşdiyi taksidə sürücünün avtomobildən enməsindən istifadə edərək salondan 770 manat pul vəsaiti, mobil telefon və bank kartlarını oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda yol çökdü: Yaşayış binasına doğru irəliləyir


Sumqayıtda Üzeyir Hacıbəyov küçəsində avtomobil yolunun bir hissəsində çökmə yaranıb. Məlumata görə, çökmə getdikcə genişlənərək yaxınlıqdakı yaşayış binası və obyektlər üçün təhlükə yaradır.

İlkin ehtimala əsasən, yolun altından keçən iri diametrli kanalizasiya kollektorunda baş verən qəza asfalt örtüyünün çökməsinə səbəb olub. Ərazidə təhlükəsizlik tədbirləri görülərək yol və ətraf sahə mühafizəyə götürülüb.

Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, əraziyə baxış keçirilib və problemin aradan qaldırılması üçün müvafiq işlər görüləcək. Qəzanın yaxın müddətdə aradan qaldırılması nəzərdə tutulur.(Bizimesr.media)

AYNA şefi öz ampulasında - Kartdan pul çıxır, aparat isə “balansınızda pul yoxdur” deyir


AYNA-nın xəttə buraxdığı 217 saylı marşrut avtobusunda sərnişinlərin ödənişlə bağlı ciddi problemlə üzləşdiyi bildirilir.

Sərnişinlərin sözlərinə görə, avtobusda ödəniş aparatı bank kartından vəsaiti çıxmasına baxmayaraq, ekranda “balansınızda pul yoxdur” mesajı göstərir. Nəticədə sərnişin ödənişin həyata keçirildiyini bilmədiyi üçün eyni kartla yenidən ödəniş etməyə məcbur qalır.

Vətəndaşlar bildirirlər ki, problem yalnız 217 saylı marşrutla məhdudlaşmır. Onların sözlərinə görə, analoji hallar müxtəlif marşrut avtobuslarında da baş verir.

Sərnişinlərin narazılığını artıran əsas məqam isə problemin həll edilməməsidir. Bildirilir ki, məsələ ilə bağlı AYNA-ya müraciət edildikdə problemin “BakıKart” sistemindən qaynaqlandığı deyilir. “BakıKart”a müraciətlər zamanı isə problemin aradan qaldırılması istiqamətində konkret nəticə əldə olunmadığı qeyd edilir.

Beləliklə, sərnişinlərin sözlərinə görə, qurumlar arasında məsuliyyətin bir-birinin üzərinə atılması nəticəsində problem davam edir.

Əsas sual isə budur - Kartdan pul çıxıldığı halda, ödəniş niyə avtobusun aparatında təsdiqlənmir və sərnişinin hesabından çıxan vəsaitin taleyi necə müəyyənləşdirilir?

Məsələ ilə bağlı AYNA və “BakıKart”ın mövqeyini dərc etməyə hazırıq.

VİDEO LİNKDƏ: https://bizimesr.media/az/post/ayna-sefi-oz-ampulasinda---kartdan-pul-cixir-aparat-ise-balansinizda-pul-yoxdur-deyir-22883

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar.

Tərəflər sülh prosesinin irəlilədilməsində Prezident Donald Trampın və Amerika Birləşmiş Ştatları Hökumətinin oynadığı mühüm rolu xüsusi vurğulayıblar.

Tərəflər ötən il ərzində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd ediblər.

Söhbət zamanı iki ölkə arasında iqtisadi və ticari əlaqələrin inkişafının sülhün faydalarının konkret təzahürü olduğu vurğulanıb. Bu kontekstdə tərəflər Azərbaycanın neft məhsullarının Ermənistana ixracını, habelə tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan digər istiqamətlərə daşınmasını qeyd ediblər.

Bundan əlavə, tərəflər Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq TRIPP marşrutunun icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər sülh prosesinin irəlilədilməsi və regionda davamlı sülhün, sabitliyin, o cümlədən bağlantıların və iqtisadi əməkdaşlığın təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

"İmişli" klubu Quba Olimpiya İdman Kompleksi ilə vidalaşıb


"İmişli" klubu Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə ev oyunlarını keçirdiyi Quba Olimpiya İdman Kompleksi ilə vidalaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Quba Olimpiya İdman Kompleksinə göstərilən diqqət, yaradılan şərait və qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, komandanın 2026/2027 mövsümündən etibarən ev oyunlarını hansı arenada keçirəcəyi hələlik dəqiqləşməyib.

Xanımının doğum günündə vəfat edibmiş...


“Bacıma bu itkini ikiqat ağır edən bir məqam da var. Yoldaşının dünyasını dəyişdiyi gün həm də bacımın doğum günüdür”.

Bu sözləri həyat yoldaşını itirən tanınmış bloqer Pərvin Səfiyarovanın bacısı Nərmin İbrahimova “Instagram” paylaşımında bildirib.

“Üstəlik, həyat yoldaşı onun gözlərinin önündə son nəfəsini verib... Bu, heç vaxt yaddaşından silinməyəcək bir ağrıdır. Hər il həmin tarix gələndə onun üçün sadəcə bir doğum günü olmayacaq, həm öz doğulduğu gün, həm də həyatının ən ağır itkisini yaşadığı gün olacaq”, - N.İbrahimova qeyd edib.

Onun sözlərinə görə, vəfatından bir neçə ay öncə Emin Səfiyarov qəza keçirib: “Üç ay əvvəl bir qadın magistrala maşın sürməyi öyrənməyə çıxmışdı. Yanında isə təlimçisi var idi. Həmin gün Eminin qarşısına qəfil çıxıb maşını aşırtdı. Eminin maşını, demək olar ki, konserv kimi əzilmişdi. Biz o gün yalnız bir şeyə şükür etdik - Eminin o maşından sağ çıxmasına...

Sən demə, o qəza Eminin həyatını 3 ay sonra əlindən alacaqmış... Həkimlərin son diaqnozu tromboemboliya oldu. Qəfil rəhmətə getdi. Ürəyi və ciyərləri dayanıb. Biz hələ də bu dəhşəti qəbul edə bilmirik”.

Xatırladaq ki, qəfil vəfat edən E.Səfiyarov tanınmış jurnalist, teleaparıcı Turan İbrahimovun bacanağı olub. O, özəl şirkətlərdən birində çalışırmış. Mərhumun həyat yoldaşı P.Səfiyarova həyat yoldaşının ölümündən sonra səhifəsini bağlayıb.

Emin Səfiyarovun anası Almaz Həşimova 1984-cü ildən Füzuli şəhər M. Xəzani adına musiqi təmayülü orta internat məktəbinə rəhbərlik edir.

Mərhumun 2 övladı yadigar qalıb.

“Qafqazinfo”

Sumqayıtda avtomobil təmiri sexi yandı - Video



Bu gün FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Koroğlu prospektində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının bir dam altında tikilmiş ümumi sahəsi 1600kv.m. olan obyektlərdən avtomobil təmiri sexi və ehtiyat hissələri satışı mağazası kimi fəaliyyət göstərən hissədə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtomobil təmiri sexi və ehtiyat hissələri satışı mağazasında baş vermiş yanğın genişlənərək digər obyektlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində iki boksun yanar konstruksiyaları 60kv.m. sahədə yanıb.

Xəsarət alan olmayıb.

Bitişik yerləşən digər obyektlər yanğından mühafizə olunub.

"Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var


"Bakı Süd Co" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə iri məbləğdə vergi borcu yaranıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, ölkənin qida və süd emalı sektorunda tanınan şirkətin hazırda dövlət qarşısında 1.146.260,33 AZN (1 milyon 146 min manatdan çox) məbləğində vergi borcu mövcuddur.

Qeyd edək ki, 3.785.047,00 AZN (3 milyon 785 min manatdan çox) nəhəng nizamnamə kapitalına sahib olan MMC Abşeron rayonu, Məmmədli kəndi ünvanında hüquqi qeydiyyatdadır. Şirkətin qanuni təmsilçisi Fariz Taleh oğlu Məmmədovdur.

"Alison Hotel" MMC BAĞLANDI: Paytaxt mehmanxanasının dövlətə vergi borcu qaldı



"Alison Hotel" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini donduraraq passiv rejimə keçib.

32gun.az-ın əldə etdiyi məlumata görə, fəaliyyətini dayandıran otel şirkətinin hazırda dövlət büdcəsinə 8.309,52 AZN məbləğində vergi borcu mövcuddur.

Qeyd edək ki, cəmi 10 AZN nizamnamə kapitalı olan MMC Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, ev 8, mənzil 29 ünvanında hüquqi qeydiyyatdadır. Şirkətin qanuni təmsilçisi Tural İlham oğlu Umayevdir.

Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31