Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasında (AFchamber) yeni təyinat olub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Günel Behbudova Palatada Hüquq və Tənzimləmə Komitəsinin sədr müavini təyin olunub.
G.Behbudova bu təyinata qədər "Paşa Sığorta"da departament müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası 2016-cı ildən fəaliyyət göstərir və əsas məqsədi Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında qarşılıqlı iqtisadi və dostluq münasibətlərini inkişaf etdirməkdir. Palatanın missiyası üzvlərini unikal şəbəkələşmə imkanları ilə təmin etməkdir. Eyni zamanda, Palata məlumatlandırıcı və maarifləndirici rol oynamaqla, həm üzv şirkətlərə, həm də daha böyük biznes icmasına təsir edən aktual məsələləri hədəfləyərək hər ay rəsmi tədbirlər təşkil edir və üzv şirkətlərə Palatanın platforması vasitəsilə öz bizneslərini inkişaf etdirmək üçün yardım təklif edir. Hal-hazırda Palatanın 60-dan çox yerli, fransız və beynəlxalq üzv şirkəti var.
Bakı Neft-Energetika Kollecinin direktor əvəzi Zümrüd Vəliyevanın doğum günündə kollecin müəllimləri ilə bağlı səsləndirilən fikirlər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Bizimesr.info xəbər verir ki, narazılıq yaradan görüntülərdən məlum olur ki, Zümrüd Vəliyeva və doğum gününə yığılan dostları kollecin bir neçə əməkdaşının işdən çıxarılmasını gülüşlə qarşılayıblar.
Belə ki, Zümrüd Vəliyevanın ad günü tədbirindən yayılan görüntülərdə iştirakçılardan birinin gələn il daha çox işçinin ixtisar ediləcəyinə dair ifadəsi diqqət çəkib. Həmin fikir kollecdə gələcək kadr dəyişiklikləri ilə bağlı müzakirələrə yol açıb.
Əməkdaşların işdən azad edilməsinin səbəbləri, bu qərarların hansı meyarlar əsasında verilməsi və gələcəkdə yeni ixtisarların nəzərdə tutulub-tutulmadığı ciddi narazılıq yaradıb. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin müvafiq araşdırma aparılması vacib hesab olunur.
“Yelo Bank”ın müştərisi kreditini vaxtından əvvəl bağlamaq istədiyi zaman ondan əlavə 94 manat tələb olunduğunu iddia edir.
Tribuna.az xəbər verir ki, bu barədə vətəndaş Aqşin Əliyev “Müştəriyəm Şikayətim Var” sosial şəbəkə qrupunda paylaşım edib.
Vətəndaşın sözlərinə görə, o, aprel ayında “Yelo Bank”dan 10 500 manat kredit götürüb. Kredit rəsmiləşdirilərkən 150 manatdan çox komissiya tutulduğunu bildirən şikayətçi, sonrakı beş ay ərzində hər ay 375 manat ödəniş etdiyini qeyd edib.
Onun iddiasına görə, beş ay ərzində ödənişlər etməsinə baxmayaraq, kredit üzrə qalıq borcu 9450 manat olub.
“Yelo Bank”dakı kreditini də bağlamaq istəyən şikayətçi iddia edir ki, kredit borcunu ödəməyə hazır olsa da, kreditin vaxtından əvvəl bağlanması və sistemdən silinməsi üçün ondan əlavə 94 manat tələb olunub.
Aqşin Əliyev bu tələbin səbəbini anlamadığını bildirərək banka narazılığını ifadə edib. O, beş ay ərzində əsasən faiz ödədiyini düşündüyünü, mövcud borcunu tam bağlamaq istədiyi halda əlavə ödəniş tələb edilməsini ədalətsiz hesab etdiyini vurğulayıb.
Bank ekspertləri hesab edir ki, vaxtından əvvəl kreditlərin bağlanması ilə bağlı şərtlər müqavilədə göstərilməlidir.
Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-4-cü maddəsinə əsasən, istehlakçı krediti istənilən vaxt tam və ya qismən vaxtından əvvəl ödəyə bilər. Bu zaman kreditin qalıq müddətinə görə hesablanmış faizlər və digər haqlar vaxtından əvvəl ödənilən məbləğə mütənasib olaraq azaldılmalıdır. Qanunvericilik müəyyən şərtlərlə bankın kompensasiya tələb etməsinə də imkan verir. Lakin bunun üçün müqavilə şərtləri və qanunla müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmalıdır.
Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan parkın indiki vəziyyəti ciddi narahatlıq doğurur. Nərimanov rayonunda yerləşən Dədə Qorqud Parkında gölün çirklənməsi, əraziyə tullantıların atılması və istirahət zonasının baxımsız qalması ilə bağlı görüntülər diqqət çəkir.
Paytaxt Bakıda parkların salınması, yaşıllıqların qorunması və sakinlərin rahat istirahəti üçün əlverişli şəraitin yaradılması şəhər mühitinin vacib tərkib hissəsidir. Lakin yaradılan bu şəraitin qorunması, ictimai məkanların mütəmadi təmizlənməsi və abadlığın davamlı təmin edilməsi də ən azı onların salınması qədər əhəmiyyətlidir.
Təəssüf ki, paytaxtın Nərimanov rayonunda yerləşən Dədə Qorqud Parkından gələn görüntülər bu məsələyə münasibətdə ciddi suallar yaradır.
Göz oxşayan istirahət məkanı baxımsızlıqla üz-üzə
Ceyhun Hacıbəyli küçəsində yerləşən Dədə Qorqud Parkı vaxtilə sakinlərin rahat istirahəti üçün yaradılmış müasir məkanlardan biri kimi diqqət çəkib. Parkın ərazisində böyük süni göl salınıb, oturacaqlar quraşdırılıb, uşaqlar üçün oyun meydançaları yaradılıb, yaşıllıq və qazon örtüyü salınaraq əraziyə yaraşıqlı görkəm verilib. Bütün bunlar paytaxt sakinlərinin asudə vaxtlarını səmərəli keçirməsi, ailələrin uşaqları ilə birlikdə rahat istirahət etməsi üçün nəzərdə tutulub. Ancaq parkın indiki vəziyyəti təəssüf doğurur. Nyus.Az-a göndərilən videoda ərazinin bəzi hissələrinin baxımsız qaldığı, oturacaqların ətrafına tullantıların atıldığı və istirahət zonasının əvvəlki səliqəli görkəmini itirdiyi görünür. Xüsusilə parkın ərazisindəki gölün vəziyyəti narahatlıq doğurur. Görüntülərdə suyun çirkli olduğu, gölün səthində və ətrafında müxtəlif tullantıların toplandığı, hətta heyvan cəsədinin olduğu müşahidə edilir. Əraziyə atılmış boş plastik su qabları və digər zibillər isə mənzərəni daha da acınacaqlı hala gətirir. İnsanların istirahət etməli olduğu məkanda belə mənzərənin yaranması istər-istəməz suallar doğurur: Parka kim nəzarət edir? Gölün təmizliyi niyə təmin olunmur? Ərazinin gündəlik təmizlənməsi və sanitar vəziyyətinin qorunması üçün hansı tədbirlər görülür?
Dövlət vəsaiti hesabına yaradılan məkanlar niyə qorunmur?
Parkların salınmasına, yaşıllıqların yaradılmasına və ictimai məkanların abadlaşdırılmasına dövlət vəsaiti və zəhmət sərf olunur. Bu məkanlar yalnız müəyyən bir dövr üçün deyil, uzun illər ərzində insanların istifadəsinə xidmət etməlidir. Lakin hər hansı parkın salınması ilə iş bitmir. Onun mütəmadi təmizlənməsi, yaşıllıqların qorunması, göllərin sanitar vəziyyətinə nəzarət edilməsi, zədələnmiş avadanlıqların təmir olunması və tullantıların vaxtında yığışdırılması zəruridir. Əks halda, vaxtilə böyük zəhmət və vəsait hesabına yaradılan gözəl bir istirahət məkanı tədricən baxımsız əraziyə çevrilə bilər. Dədə Qorqud Parkından yayılan görüntülər də ictimai məkanların saxlanılması və onlara nəzarət məsələsinin yenidən gündəmə gətirilməsini zəruri edir. Burada söhbət təkcə ərazinin təmizliyindən getmir. Çirkli su, göldə toplanan tullantılar və heyvan cəsədinin görünməsi sanitar vəziyyətlə bağlı da narahatlıq yaradır. Məsələnin aidiyyəti qurumlar tərəfindən araşdırılması, gölün vəziyyətinin qiymətləndirilməsi və zəruri təmizlik işlərinin görülməsi vacibdir.
Nərimanov Rayon İcra Hakimiyyəti məsələyə aydınlıq gətirməlidir
Dədə Qorqud Parkının hazırkı vəziyyəti ərazinin abadlığına və təmizliyinə cavabdeh qurumların fəaliyyətini də gündəmə gətirir. Nərimanov Rayon İcra Hakimiyyəti və parkın saxlanılmasına məsul olan aidiyyəti qurumlar mövcud vəziyyətə münasibət bildirməli, ərazidə təmizlik və abadlıq işlərinin hansı qaydada həyata keçirildiyinə aydınlıq gətirməlidirlər. Parkın kim tərəfindən və hansı dövriyyətlə təmizləndiyi, gölün sanitar vəziyyətinə kimin nəzarət etdiyi, müşahidə olunan problemlərin aradan qaldırılması üçün hansı tədbirlərin nəzərdə tutulduğu ictimaiyyət üçün maraqlıdır. Əgər ərazidə təmizlik və nəzarət işləri aparılırsa, o zaman belə mənzərənin yaranma səbəbləri araşdırılmalıdır. Əgər nəzarətdə boşluqlar varsa, onların aradan qaldırılması üçün konkret addımlar atılmalıdır. İctimai məkanların vəziyyəti yalnız hesabatlarda deyil, sakinlərin gündəlik həyatında da öz əksini tapmalıdır.
Prezidentin iştirakı ilə açılışı keçirilən parkın bugünkü mənzərəsi
Xatırladaq ki, 2013-cü ildə Bakının Nərimanov rayonunda ucaldılan “Kitabi-Dədə Qorqud” abidəsinin və yeni salınan Dədə Qorqud Parkının açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Bu fakt parkın şəhər infrastrukturu və ictimai məkan kimi əhəmiyyətini bir daha önə çıxarır. Belə bir məkanın qorunması, təmiz saxlanılması və sakinlər üçün əlverişli vəziyyətdə olması xüsusi diqqət tələb edir. Təəssüf ki, Nyus.Az-a göndərilən videoda əks olunan mənzərə abadlıq və ictimai məkanların qorunması baxımından ürəkaçan deyil. Bir vaxtlar sakinlərin rahat istirahəti üçün yaradılmış parkın çirkli göl, ətrafa səpələnmiş tullantılar və baxımsızlıq görüntüləri ilə gündəmə gəlməsi məsul qurumların diqqətini cəlb etməlidir. Axı parklar yalnız şəhərin görünüşünü gözəlləşdirmək üçün salınmır. Onlar insanların sağlamlığına, rahatlığına və şəhər həyatının keyfiyyətinə xidmət edir. Bu məkanların qorunması isə aidiyyəti qurumlarla yanaşı, hər bir vətəndaşın da məsuliyyətidir.
Aidiyyəti qurumların mövqeyini öyrənməyə və açıqlamalarını dərc etməyə hazırdır.
Bir müddət əvvəl yerli KİV-də hazırda Gəncə şəhərinə başçılıq edən Niyazi Bayramovun qızı Cahan xanım Rəhimovanın Fransada 30 milyonluq villa alması xəbərinin yayılması böyük rezonansa nədən oldu. TEREF bildirir ki, sosial şəbəkələrdə geniş çevrələrdə müzakirə predmetinə çevrilən bu xəbər unudulmamış daha bir məlumat da yayılıb.
Yenə də icra başçısının qızının adı çəkilir. Xatırladaq ki, Cahan Rəhimova mərhum Gənclər və İdman Naziri Azad Rəhimovun oğlu Arif Rəhimovla evlidir. Və elə yeni xəbərdə də deyilir ki, Fransada bahalı əmlak alış-verişinin ardından Cahan xanımın həyat yoldaşı Paris və Fransanın daha bir neçə şəhərini əhatə edən ticarət şəbəkəsi qurub.
Mənbə iddia edir ki, bu şəbəkə Azərbaycanda olan məmurlar üçün əslində bir fürsət tanıyır: "Söhbət Azərbaycanda oğurlanan büdcə pullarının Fransa araçılığı ilə yuyulmasından gedir. Məhz Niyazi Bayramovun kürəkəni belə bir xidməti göstərməyə başlayıb".
Bu məsələ ilə bağlı konkret sənədlərin də təqdim olunacağını iddia edən mənbə daha yeni bilgiləri də anons edib:
Şirkətlər əslində Cahan xanım Rəhimova tərəfindən yönləndirilir... Bu işdə Niyazi Bayramovun hansı payı var..?
Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Abunəçiyə məxsus fərdi yaşayış evi 2017-ci ilin dekabr ayından etibarən təbii qazla təchiz edilib və mənzilə abonent kodu verilib. Evdə “Smart” tipli, “G-4” markalı qaz sayğacı quraşdırılıb. S.İlham oğlunun bildirdiyinə görə, qaz sayğacına kart vasitəsilə pul yükləmək istəyərkən kartın bloklandığını görüb. Bununla bağlı Bakı Regional Qazın Satışı Departamentinə müraciət etdikdə ona sayğacın işlək vəziyyətdə olmadığı deyilib. Daha sonra abonent koduna itirilmiş qaz sərfiyyatına görə təxminən 3 462 manat borc hesablandığı və həmin məbləğin ödənilməli olduğu söylənilib. İddiaçı sayğaca hər hansı müdaxilə etmədiyini bildirib. Onun sözlərinə görə, sayğac evin daxilində deyil, çöldə yerləşib və qurğunun vəziyyətinə nəzarət etmək cavabdeh qurumun məsuliyyətində olub. O, həmçinin akt tərtib edilərkən çəkiliş aparıldığını və aktda göstərilən evin onlara məxsus olmadığını məhkəmədə qeyd edib. İş materiallarında olan abonent saldosuna əsasən, 2018-ci ildə abonentə 3 462,60 manat borc hesablanıb. Həmçinin sənədlərdə 2012-ci ilin noyabr ayından başlayaraq abonentin ödənişlərindən borc hesabına ümumilikdə 435,52 manat tutulduğu göstərilib. Bundan başqa, təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı 2018-ci ildə tərtib edilmiş bir neçə akt iş materiallarına daxil edilib. Həmin aktlarda abonentin mənzilində qazdan qanunsuz istifadə edildiyi, o cümlədən sayğacın çıxışındakı plastik borunun deşildiyi və sayğacdan kənar qaz sərfiyyatının olduğu qeyd olunub. Xətai Rayon Məhkəməsi iddianı təmin edib. Qətnaməyə əsasən, “Azəriqaz” İB tərəfindən abonentə hesablanmış 3 114,35 manat borcun silinməsi, 347,53 manatın iddiaçıya qaytarılması və 54,62 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilib. Qətnamə ilə razılaşmayan “Azəriqaz” İB-nin nümayəndəsi apellyasiya şikayəti verib. Şikayətdə birinci instansiya məhkəməsinin sübutlara düzgün qiymət vermədiyi və maddi hüquq normalarını düzgün tətbiq etmədiyi bildirilib. Cavabdeh qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi şikayətə açıq məhkəmə iclasında baxaraq onu təmin etməyib. Məhkəmə Xətai Rayon Məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayıb. Beləliklə, abonentə hesablanmış 3 114,35 manat borcun silinməsi və 347,53 manatın geri qaytarılması barədə birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.(Plat.az)
Vətəndaş Mahir Qulaməliyev Sushi N1 restoranlar şəbəkəsinin Sumqayıt filialından narazılığını ifadə edib.
Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, 33 manat dəyərində suşi seti sifariş etsələr də, sifarişin çatdırılması zamanı ciddi gecikmə və ünsiyyət problemləri ilə üzləşiblər.
Mahir Qulaməliyev bildirib ki, sifariş qəbul edilərkən çatdırılmanın maksimum 1–1,5 saat ərzində həyata keçiriləcəyi deyilib və onlar da bu şərtlə razılaşıblar. Lakin 2 saat yarım keçməsinə baxmayaraq, sifariş çatdırılmayıb.
Müştərinin iddiasına görə, zənglərinə cavab verilməyib, WhatsApp vasitəsilə isə sifarişin çatdırılacağı bildirilib.
Vətəndaş sifarişi ləğv etmədən gözləməyə davam etdiyini, lakin 4 saatdan sonra yenidən əlaqə saxladıqda ona Sumqayıt filialının bağlı olduğu və sifarişin Xırdalandan gətirildiyi bildirildiyini qeyd edib. Mahir Qulaməliyev əvvəlcədən bu barədə məlumat verilməməsinə etiraz etdikdə, qarşı tərəfin səhv etdiklərini söylədiyini iddia edib.
Müştərinin sözlərinə görə, o, Instagram hesabında mənfi rəy yazacağını bildirdikdən sonra restoranın hesabından bloklanıb. Daha sonra zəng etsə də, telefonlarına cavab verilmədiyini deyib.
Mahir Qulaməliyev çatdırılan suşinin görüntüdə təqdim olunan məhsuldan xeyli fərqləndiyini də iddia edib. O, yaşananları müştəri məmnuniyyətinə və xidmət keyfiyyətinə laqeyd münasibət kimi qiymətləndirib.
Qeyd edək ki, səsləndirilən fikirlər və iddialar vətəndaş Mahir Qulaməliyevin açıqlamasına əsaslanır. Məsələ ilə bağlı Sushi N1 rəhbərliyinin mövqeyi məlum deyil.
Hacıqabul Rayon İcra Hakimiyyəti Hacıqabul şəhəri ərazisində aparılacaq abadlıq və yenidənqurma işləri ilə bağlı keçirdiyi satınalma müsabiqəsinə yekun vurub.
32gun.az-ın verdiyi məlumata görə, icra hakimiyyəti abadlıq işlərinin həyata keçirilməsi üzrə "MM İNŞAAT GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1505704631) ilə müqavilə bağlayıb. Açıq tender metodu ilə keçirilən satınalma üzrə imzalanan müqavilənin ümumi maliyyə dəyəri 85.275,06 AZN təşkil edir.
32gun.az-ın əldə etdiyi digər əsas məlumata görə, Hacıqabulda 85.2 min manatlıq abadlıq işlərini icra edəcək qalib şirkətin dövlət büdcəsinə 14.631,91 AZN məbləğində vergi borcu mövcuddur.
Rəsmi registr məlumatlarına əsasən, nizamnamə kapitalı cəmi 10 AZN olan müəssisənin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5D ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi isə Mirkamal Ağayev Əhməd oğludur.
Dövlət büdcəsinə 14.6 min manatdan çox vergi borcu olan və cəmi 10 manat nizamnamə kapitalı ilə fəaliyyət göstərən bir podratçı müəssisəyə Hacıqabul şəhərinin abadlıq işlərinin həvalə olunması diqqət çəkən məqamlardandır.
Xatırladaq ki, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hacağa oğlu Hətəmovdur.