Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT

Gündəm / Cəmiyyət 26-05-2026, 11:30


Gədəbəy rayonunda son aylarda qanunsuz tikinti iddiaları yenidən gündəmə gəlib. Saratovka və Arıqdam kəndləri ilə bağlı redaksiyamıza daxil olan məlumatlar göstərir ki, rayonda qeyri-yaşayış obyektlərinin tikintisi üzərində nəzarət mexanizmləri ya zəifləyib, ya da tamamilə formal xarakter daşıyır. Ən ciddi sual isə budur: qanunsuz olduğu deyilən obyektlərin tikintisinə kim şərait yaradır?
Mənbələrin bildirdiyinə görə, Saratovka kəndində inşa edilən iki obyektin heç bir rəsmi icazə sənədi yoxdur. Buna baxmayaraq tikinti işləri davam edir. İddialarda qeyd olunur ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi əməkdaşları əraziyə baxış keçirsələr də, nəticədə nə tikinti dayandırılıb, nə də obyekt sökülüb. Halbuki son illərdə eyni rayonda qanunsuz tikililərin sökülməsi ilə bağlı rəsmi məlumatlar yayılmışdı. 2024-cü ildə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Slavyanka kəndində qanunsuz tikilinin söküldüyü açıqlanmışdı.
Bu fakt bir daha göstərir ki, dövlət qurumları istədikdə müdaxilə edə bilir. Bəs onda Saratovka və Arıqdamda tikilən obyektlər niyə hələ də fəaliyyətdədir və ya tikintisi davam etdirilir?
Mənbələrin iddiasına görə, rayonda son yeddi ay ərzində icra hakimiyyəti rəhbərliyində yaranan boşluq bəzi vəzifəli şəxslərin təsir imkanlarını artırıb. Xüsusilə memarlıq və tikinti sahəsinə cavabdeh şəxslərin qeyri-rəsmi şəkildə tikintilərə “razılıq” verdiyi bildirilir. Rəsmi sənəd olmadan obyekt tikintisinin aparılması isə qanunvericiliyin açıq şəkildə pozulması deməkdir.
Azərbaycan qanunvericiliyinə əsasən iri tikinti layihələri, kommersiya obyektləri, şadlıq evləri və istirahət mərkəzləri üçün müvafiq dövlət qurumlarının razılığı tələb olunur. Tikintiyə icazə prosedurları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəyyən edilən qaydalar əsasında həyata keçirilməlidir. Bundan başqa, torpaq məsələləri ilə bağlı bələdiyyələrin səlahiyyətləri illər əvvəl məhdudlaşdırılıb. Buna görə də sənədsiz obyektlərin necə və hansı əsasla tikilməsi ciddi araşdırma tələb edən məsələdir.
Diqqət çəkən başqa məqam isə rayonda istirahət və ticarət obyektlərinin sürətlə artmasıdır. Əmlak elanlarında belə Saratovka və Slavyanka kəndlərində iri istirahət mərkəzləri, restoran tipli obyektlər və kommersiya təyinatlı tikililərin satışa çıxarıldığı görünür. Bəzi elanlarda sənəd məsələlərinin tam aydın olmadığı da hiss olunur.
Arıqdam kəndi ilə bağlı gundemxeber.com-a daxil olan məlumat isə vəziyyətin daha da ciddi olduğunu göstərir. İddialara görə, yaşayış massivinin ortasında, bazarın yaxınlığında iri şadlıq evinin tikintisi aparılır. Həmin obyektin Moskvada yaşayan Cəsarət adlı şəxs tərəfindən inşa etdirildiyi bildirilir. Yerli sakinlər yaşayış evlərinin arasında belə iri obyektlərin tikilməsinin həm təhlükəsizlik, həm də gələcək infrastruktur problemləri yaradacağını düşünürlər.
Rayon sakinləri arasında formalaşan əsas fikir isə budur: “kim imkanlıdırsa, qanunsuz da olsa obyekt tikə bilir.” Bu düşüncənin yaranması özü artıq ciddi siqnaldır. Çünki insanlar qanunun hər kəs üçün eyni işləmədiyinə inanmağa başlayırsa, bu, dövlət nəzarət mexanizmlərinə inamın zəifləməsi deməkdir.
Son illərdə Gədəbəy müxtəlif problemlərlə – ekoloji narazılıqlar, torpaq məsələləri və tikinti qalmaqalları ilə gündəmə gəlib. Xüsusilə Söyüdlü kəndində baş verən hadisələrdən sonra rayonda idarəetmə və nəzarət məsələləri daha çox müzakirə olunmağa başlanmışdı.
İndi isə ictimaiyyəti maraqlandıran əsas məsələ budur: Saratovka və Arıqdam kəndlərində aparılan tikintilərin hüquqi əsası varmı? Əgər yoxdursa, niyə dayandırılmır? Əgər icazə verilibsə, hansı qurum tərəfindən və hansı sənədlə?
Bu suallara cavab verilməsi artıq yalnız yerli sakinlərin deyil, aidiyyəti dövlət qurumlarının da məsuliyyət məsələsinə çevrilib.

Gundemxeber.com



Xəbər lenti

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar:“Tomoqrafiya bazarı”ndan tutmuş “ailə podratı”na qədər…nda
11:35
Azəriqazda Əmək Məcəlləsini sayan yoxdur - "Axı bu qədər "ədalət", "şəffaflıq" və "qayğı" nümayiş etdirən sistemdən başqa nə gözləmək olar?"
10:48
Xəstəxananın həyətində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - Tibbi tullantılar və orqan qalıqları günlərlə yığılıb qalır - VİDEO
10:26
Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...
09:41
Müştəridən “Kontakt Home”a ETİRAZ: “Qızıl zəmanətlə məhsul almışam, amma…” – Foto
09:27
3000 manatlıq burun əməliyyatı, məhkəmə qərarı və "dezinformasiya" iddiası: Faktlar nə deyir?
20:18
Elnur Cəlilov Vəlvələ çayının qum və çınqılını kimlərə satır? - Nazir Rəşad İsmayılov üçün VİDEO
19:31
"Qızıl oğlanlar"ın təhsil islahatı-"Шмотка"dan qızıla...
18:22
Ramazan Nəbiyevə yüksək vəzifə verildi
14:05
Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur
13:43
Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq
13:11
Elçin Məsiyev ÇL oyununa təyinat aldı
12:48
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
12:21
Kolbasa-sosis bazarında TƏHLÜKƏ: Bu şirkətlər əhaliyə nə yedirir? - SİYAHI
11:38
“Bu sistem müdafiəolunmazdır” - Trampdan sərt ittihamlar
09:31
Şabranın mərkəzi zibil poliqonuna çevrildi - Tullantılar daşınmır - VİDEO
09:18
Kütləvi zəhərlənmə olan “Narın Qala” Fəxrəddin Vəliyevindir - Faktlar
08:57
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
17:09