Yevlax Olimpiya Kompleksinə ayrılan pullarla “Hovers Group” daha neçə çoxmənzilli bina tikə bilərdi


Yevlax Olimpiya İdman Kompleksinin tikintisinə 2013-cü ildə Prezident Ilham Əliyevin Sərəncamı ilə ilkin maliyyə vəsaiti ayrılsa da, əsas tikinti işləri 2024-cü ilin yanvarında başlamış və qısa müddət ərzində başa çatdırılmışdır. Kompleksin açılış mərasimi isə 2025-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə baş tutmuşdur. Ümumi sahəsi 5.8 hektar olan bu obyekt ən müasir standartlara cavab verir və beynəlxalq tədbirlərin keçirilməsi üçün geniş imkanlara malikdir.

Qeyd edək ki, Yevlax Olimpiya İdman Kompleksinin açılşı 2025-ci il sentyabrın 27-də baş tutmasına baxmayaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi sözügedən kompleksdə əlavə işlərin satın alınması üzrə hələ də vəsait ayırır.

Aktualinfo Gənclər və İdman Nazirliyi tərəfindən Yevlax Olimpiya İdman Kompleksinin tikintisinə ayrılan vəsaitlər ətrafında araşdırma aparıb. Satınalmalrın portalında yerləşdirilmiş məlumatlara görə Gənclər və İdman Nazirliyi 28.12.2023-cü ildən 04.06.2026-cı ilə qədər “Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 7 satınalma müqaviləsi bağlayıb.

Yevlax şəhərində Olimpiya İdman Kompleksinin tikintisi üzrə malların (işlərin və xidmətlərin) satın alınması üzrə 18.197.058,59 manat məbləğində müqavilə 28.12.2023-cü ildə bağlanılıb.

MDB ölkələrinin lll Oyunlarının keçiriləcəyi Yevlax rayonunda Olimpiya İdman Kompleksinin ərazi daxili drenaj şəbəkəsinin tikinti-quraşdırma işlərinin satın alınması üzrə 186.576,14 manat məbləğində müqavilə 16.01.2025-ci ildə bağlanılıb.

Yevlax rayonunda Olimpiya İdman Kompleksinin tikintisi işlərinin davamının satın alınması üzrə 3.656.589,97 manat məbləğində müqavilə 07.03.2025-ci ildə bağlanılıb.

Yevlax şəhərində Olimpiya İdman Kompleksinin tikintisi işlərinin satın alınması üzrə 1.782.113,87 manat məbləğində müqavilə 30.07.2025-ci ildə bağlanılıb.

Yevlax şəhərində Olimpiya İdman Kompleksinin tikintisi işlərinin satınalınması üzrə 4.586.289,62 manat məbləğində müqavilə 24.09.2025-ci ildə bağlanılıb.

Yevlax şəhərində Olimpiya İdman Kompleksinin tikintisi üzrə əlavə işlərin satın alınması üzrə 1.661.317,76 manat məbləğində müqavilə 30.12.2025-ci ildə bağlanılıb.

Yevlax şəhərində Olimpiya İdman Kompleksinin elektrik təchizatı və əlavə işlərin satın alınması üzrə 1.462.266,24 manat məbləğində müqavilə 04.06.2026-cı ildə bağlanılıb.

Göründüyü kimi Gənclər və İdman Nazirliyi son iki il ərzində Yevlax Olimpiya İdman Kompleksinin tikintisi üzrə “Hovers Group”MMC ilə ümumi dəyəri 31 532 208 manat olan 7 satınalma müqaviləsi bağlayıb.

Burada qiymətlərin şişirdildiyi açıq aşkar görsənməkdədir. Müqayisə üçün qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsindlarının tikintisi ilə əlaqədar 3, 4 və 5 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi üzrə elə “Hovers Group”MMC ilə 13.07.2023-cü ildə 10.404.026 manat dəyərində müqavilə bağlayıb.

Göründüyü kimi MİDA eyni şirkətə on milyon manata 3 çoxmənzilli yaşayış binalarının tikintisinin sifarişini verib. Amma Gənclər və İdman Nazirliyi 32 milyon manata yaxın dövlət vəsaiti hesabına bir Olimpiya İdman Kompleksinin tikintisi başa çatdıra bilmir.

Maraqlıdır, “Hovers Group”MMC on milyon manat 3 çoxmənzilli yaşayış binaları tikirsə, 32 milyona neçə belə yaşayış binası tikə bilər? Ən azı 10 çoxmənzilli yaşayış binaları, yəni böyük bir yaşayış kompleksi.

Qeyd edək ki,Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestri məlumatlarında “HOVERS GROUP” (VÖEN: 1501843641) Məhdud Məsuliyyətli Cəmiyyətinin 01.07.2011-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 345 720.00 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ABBAS SƏHHƏT, ev 73, qanuni təmsilçisi kimi isə Zeynalov İlqar Adıgözəl oğlu qeyd olunub.

Dövlət Vergi Xidmətinin reyestrində edilmiş dəyişiklikdə isə “Hovers Group” MMC-nin BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AZADLIQ PR., ev 114, mənzil 76 ünvanında Səbuhi Knyaz oğlu Mehdizadə tərəfindən təsis edildiyi göstərilir. O 2015-ci ilin fevralına qədər MMC-nin qanuni təmsilçisi olub. Ondan sonra MMC-yə müxttəlif vaxtlarda Hümbətov Cəmşid Ellər oğlu, Rəhimov Şəhriyar Kamal oğlu qanuni təmsilçilik edib.

Şirkətin eyniadlı portalında yerləşdirilmiş məlumatlara görə MMC 1 iyul 2011-ci ildə İlqar Zeynalov tərəfindən təsis edilmişdir. Sürətlə inkişaf edən şirkət bərpa və tikinti, eləcə də dizayn layihələri xidmətlərinin həyata keçirilməsi ilə məşğul olur. Bir çox müxtəlif miqyaslı və mürəkkəb layihələrin arxasında Hovers Group adı vardır. Tikinti və bərpa işləri müasir tikinti texnologiyalarından və avadanlıqlarından istifadə edən yüksək ixtisaslı mütəxəssislər tərəfindən aparılır. Şirkət həmçinin Bakıda, Hovers Beton zavodunda hər növ markalı beton istehsalını, Metal zavodunda isə istənilən formalı metal tir istehsalını həyata keçirir və bu tikinti materiallarının lazımi istiqamətlərə çatdırılmasını təmin edir. Hovers Group kifayət sayda nəqliyyat vasitələrinə və professional sürücü potensialına malikdir və bunun sayəsində ölkə daxilində 80 ton ağırlığında böyük yüklərin daşınmasını həyata keçirə bilir. Hovers Group şirkətlər qrupu olub müxtəlif biznes sahələrinə yönəlmişdir və Bakı Enerji Tikinti ASC, Hovers İşıqlandırma MMC və Hovers Tikinti MMC şirkətlərindən ibarətdir.

Apardığımız daha ətraflı araşdırmalar zamanı məlum oldu ki, “Hovers Group” MMC-nin təsisçisi Səbuhi Knyaz oğlu Mehdizadə Prezident İlham Əliyevin 15 iyul tarixli sərəncamı ilə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini vəzifəsinə təyin olunub.
Mediada yer alan məlumatlara görə sözügedən nümayəndəlikdə baş məsləhətçisi vəzifəsində çalışan Səbuhi Knyaz oğlu Mehdizadə xüsusi nümayəndənin müavini olub. Səbuhi Mehdizadə Xüsusi nümayəndəlikdən öncə bir sıra vəzifələrdə çalışıb. O, buna qədər kənd təsərrüfatı nazirinin müşaviri, “Təmiz şəhər” ASC-nin İdarə Heyəti sədrinin müavini, İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru, Azərbaycan Stolüstü Tennis Federasiyasının Baş katibi, “Azərbaycan Respublikasının Ağır Atletika Federasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini vəzifələrində çalışıb. Hazırda o, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidentidir.
Göründüyü kimi Səbuhi Mehdizadə bir sıra dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb. Təsisçisi olduğu “Hovers Group” MMC isə işlədiyi qurumlardan son beş ildə 70 milyon manata yaxın dövlət sifarişi alıb. Göründüyü kimi, şirkət 2011-ci ildə yaradılsa da milyonlarla manat dəyəri olan tenderləri son 5 ildə, Səbuhi Mehdizadə yüksək vəzifələrdə çalışdığı dövrlərdə əldə edib. Belə olmasaydı, şirkət hər il 10 milyonlarla dəyəri olan tenderi qazana bilərdimi?

Aktualinfo.net

“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı


“Dünyagöz” xəstəxanasının baş həkimi Kənan Yıldırım barəsində cinayət işi açılıb.

Məsələ 2024-cü ildə V.G. adlı şəxsin sol gözündə aparılan katarakt əməliyyatından sonra həmin gözün görmə qabiliyyətini itirməsi ilə bağlıdır.

V.G. iddia edir ki, əməliyyatdan sonra sol gözündə ciddi problemlər yaranıb. Onun sözlərinə görə, göz daxili təzyiq artıb, ağrılar isə dözülməz həddə çatıb. Pasiyent bununla əlaqədar Bakının müxtəlif tanınmış göz həkimlərinə müraciət edib.

Şikayətçinin bildirdiyinə görə, həkimlərin rəyi əsasında həmin dövrdə sol gözdə katarakt əməliyyatının aparılması məqsədəuyğun olmayıb. Belə ki, ilkin müayinə zamanı torlu qişada qanaxmalar müşahidə edilib və bu vəziyyət sonradan rubeozis iridis və qlaukoma xəstəliyinin yaranmasına səbəb olub. Kənan Yıldırımın yol verdiyi tibbi səhv nəticəsində onun sol gözü ömürlük görmə qabiliyyətini itirib.

Pasiyent daha əvvəl Kənan Yıldırımdan şikayət etsə də, araşdırma nəticəsində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunub.

Lakin V.G.-nin şikayəti əsasında işə yenidən Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılıb. Məhkəmə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsinə və materialların əlavə araşdırma aparılması üçün aidiyyəti orqana göndərilməsinə qərar verib.

Qeyd edək ki, məhkəmənin qərarı Kənan Yıldırımın təqsirli bilinməsi anlamına gəlmir və məsələ ilə bağlı araşdırma davam etdiriləcək.(Xalq.online)

Sabunçu Tibb Mərkəzində ağır xəstə ölümə göndərilir – DETALLAR



Təcili Tibbi Yardım həkimi Sabunçu Tibb Mərkəzində insilt keçirən xəstəyə göstərilən laqeyd münasibəti ictimailəşdirib.

Həkim Pərvanə Fətullayevanın sözlərinə görə, ağır vəziyyətdə olan xəstənin müayinəsini sözügedən xəstəxana sabaha saxlamağı məsləhət görüb:

“Təcili yardım həkimi olaraq kəskin insult (beyin qan dövranı pozğunluğu) şübhəsi olan bir xəstəni Sabunçu Tibb Mərkəzinə hospitalizasiya etdim. Xəstəxanadakı növbətçi həkim bizə “xəstəni o biri korpusa aparın, Beyin MRT-si etdirin” dedi. Müayinə olundu və bildirildi ki, “MRT cavabını oxuyan mütəxəssis hazırda yoxdur, sabah səhər saat 10-da gələcək…”

​Dəhşətli xəta da məhz buradadır! İnsult zamanı hər dəqiqədə 1.9 milyon beyin hüceyrəsi (neyron) ölür və həyat qurtarmaq üçün cəmi 4.5 saatlıq bir “terapevtik pəncərə” var. Xəstəni növbəti günün səhərinə qədər gözlətmək, onu birbaşa əlilliyə və ya ölümə tərk etmək deməkdir.

​Bəs DOĞRUSU nədir? (Beynəlxalq Protokol nə deyir?)
Amerika Ürək və İnsult Assosiasiyasının (AHA/ASA) rəsmi təlimatına əsasən, kəskin insult şübhəsi olan xəstə xəstəxanaya girən andan etibarən İLK ADDIM olaraq MRT yox, Kontrastsız Beyin KT-si (Kompüter Tomoqrafiyası) olunmalıdır!

​Niyə KT?
Sürət: KT müayinəsi cəmi 2-3 dəqiqə çəkir, MRT isə 25-30 dəqiqə (kəskin xəstə üçün bu böyük vaxtdır).

Məqsəd: İlk dəqiqələrdə məqsəd beyindəki zədənin böyüklüyünü görmək yox, xəstəyə tromb əridici müalicə vermək üçün əks-göstəriş olan QANAXMANI (Hemorragiyanı) istisna etməkdir. KT qanaxmanı təyin etmək üçün QIZIL STANDARTDIR.
Mütəxəssis asılılığı yoxdur: KT-də qanaxmanı təcili yardım həkimi və ya növbətçi həkim də xüsusi radioloq olmadan dərhal görə bilir. MRT-ni oxumaq isə mütəxəssis tələb edir (və bizim keysdəki kimi xəstə ortada qalır).

​”MRT etdirin, cavab sabah çıxacaq” yanaşması həm tibbi, həm də hüquqi baxımdan böyük bir xətadır. Tibb müəssisələrində daxili insult alqoritmləri mütləq yenilənməlidir. Xəstəxanaya gələn insult xəstəsi birbaşa və təcili olaraq KT-yə yönləndirilməlidir!”.(Xalq.online)

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin memorandum şousu:nəticəsiz "uğur" təqdim edilir/FOTOLAR


QHT-lərə Dövlət Dəstəyi Agentliyində görünür, əsas fəaliyyət istiqaməti problemlərin həlli deyil, memorandum imzalamaq və bunun fonunda təntənəli fotoşəkillər çəkdirməkdir. Son illərdə bir-birinin ardınca imzalanan, lakin real nəticəsi görünməyən memorandumlar artıq ayrıca bir janra çevrilib.

Araşdırmalarımızla məlum olur ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2024-cü ilin noyabr ayında Keniyanın "SMACHS" adlı qeyri-hökumət təşkilatı ilə memorandum imzalayıb. İmzalanma mərasiminin fotolarına baxanda elə təsəvvür yaranır ki, guya Azərbaycanla Keniya arasında qlobal miqyaslı əməkdaşlığın əsası qoyulur və yaxın gələcəkdə misli görünməmiş layihələr həyata keçiriləcək.

Lakin üzərindən 1 il 7 ay keçməsinə baxmayaraq, ortada nə layihə var, nə təşəbbüs, nə də hər hansı ölçülə bilən nəticə. Sanki memorandum imzalandığı gün öz missiyasını tamamlayıb və arxiv rəfinə göndərilib.

Bəs bu qədər təmtərağın səbəbi nə idi?

SMACHS təşkilatını araşdırdıq... Məlum oldu ki, təşkilat əsasən kənd təsərrüfatı və iqlim dəyişiklikləri istiqamətində fəaliyyət göstərir. Amma görünən odur ki, Agentliyi daha çox təşkilatın fəaliyyəti deyil, onun rəhbərinin kimliyi maraqlandırıb. Çünki təşkilatın rəhbəri Keniya prezidentinin qızıdır.

Belə çıxır ki, əsas məqsəd əməkdaşlıqdan nəticə əldə etmək yox, hesabatlarda nümayiş etdirmək üçün növbəti "beynəlxalq memorandum" əldə etmək olub. Yəni nəticə olmasa da, memorandum olsun. Layihə olmasa da, foto olsun. Faydası olmasa da, hesabatda sətir sayı artsın.

"Yenixeberorg" olaraq müəyyən etdik ki, nə həmin təşkilatın rəsmi resurslarında, nə də Keniya mediasında QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə imzalanmış memorandum barədə hər hansı məlumat tapmaq mümkün deyil. Təşkilatın saytında Azərbaycanla əməkdaşlığa dair ən kiçik qeyd belə yoxdur. Bu əməkdaşlıqdan xəbərdar olan yeganə tərəf, görünür, Azərbaycan mediasıdır. Burada isə memorandumun imzalanması böyük uğur kimi təqdim olunub.

Bu vəziyyət ciddi sual yaradır: nəticəsi olmayan, davamı olmayan, qarşı tərəfin belə xatırlamadığı memorandumların imzalanmasının ölkəyə və vətəndaş cəmiyyətinə nə faydası var?

Bu fəaliyyət iş görüntüsü yarada bilər, amma real iş deyil. Azərbaycanda QHT-lərin dəstək gözlədiyi yüzlərlə sosial problem, ictimai təşəbbüs və həllini gözləyən məsələ var. Agentliyin vəzifəsi formal mərasimlər keçirmək deyil, vətəndaş cəmiyyətinin potensialını gücləndirmək, real layihələrə dəstək vermək və konkret nəticələr ortaya qoymaqdır.

Təəssüf ki, fəaliyyətin məzmunu yox, görüntüsü ön plana çıxarılıb. Memorandumlar imzalanır, şəkillər çəkdirilir, xəbərlər yayılır, amma cəmiyyətə təsir edən nəticələr görünmür.

Ən təhlükəli məqam isə odur ki, bu görüntü siyasəti yuxarı instansiyalara da uğur kimi təqdim edilir. Kağız üzərində aktivlik var, mediada təmtəraq var, amma reallıqda ortada nə əməkdaşlığın izi görünür, nə də onun ölkəyə gətirdiyi fayda.

Sual isə hələ də açıq qalır: QHT-lərə Dövlət Dəstəyi Agentliyi memorandum kolleksiyası yığır, yoxsa ölkənin vətəndaş cəmiyyətinin inkişafı üçün çalışır? (Yenixeberorg.com)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – İmişlidə Direktor Özbaşınalığı və regional rəhbərliyin "Haqq" Məntiqi!


Vətəndaşın haqqını, hüququnu rüşvət torağına çevirənlər, dövlətin məhkəmə qərarını idarə ambisiyalarından aşağı tutanlar bu gün İmişli təhsilini rəsmən bataqlığa sürükləyir.
Redaksiyamıza müraciət edən İmişli rayonu, Hacımuradlı kənd sakinləri — Həsənov İmaməddin və Tarverdiyev Vahid tərəfindən daxil olan şikayət, rayondakı təhsil ocaqlarının necə şəxsi "biznes strukturuna" çevrildiyinin və bu rəzalətin yuxarı instansiyalar tərəfindən necə himayə olunduğunun bariz nümunəsidir.
​Şikayətçi Həsənov İmaməddin 2017-ci ildən Qoşqar Tarverdiyev adına Hacımuradlı kənd orta məktəbində dalandar vəzifəsində çalışıb.
İşlədiyi müddət ərzində heç bir töhməti, xəbərdarlığı, nöqsanı olmayan bir vətəndaş heç bir qanuni əsas göstərilmədən qəfildən işindən kənarlaşdırılıb.
Eyni qanunsuzluqla məktəbin təsərrüfat şöbəsinin əməkdaşı Tarverdiyev Vahid də üzləşib.
​bəs bu qanunsuzluğun kökündə nə dayanır?
Səbəb təhsil keyfiyyəti yox, birbaşa maddi maraqlardır!
​2023-cü ildə sözügedən məktəbə Ruslan adlı şəxs direktor təyin olunur. İddialara görə, yeni direktor işə başlayan kimi işçiləri otağına yığaraq rəsmən şərt kəsir:
"Kim işləmək istəyirsə, hər ay mənə 20 manat verməlidir". Zaman keçdikcə bu "aylıq xəracın" məbləği rəsmən artaraq 50 manata çatır. Bu rüsumu ödəməyən vətəndaşlar isə dərhal qapının arxasına qoyulur.
​Hacımuradlı kənd məktəbinin direktoru Ruslanın keçmişinə və fəaliyyətinə nəzər salanda acınacaqlı mənzərə yaranır.
Təhsil sahəsinə heç bir aidiyyatı olmayan, tutarlı bir diplomu belə tapılmayan bu şəxs, rayonda daha çox təhsil mütəxəssisi kimi yox, işlətdiyi kafeyə görə "qəlyançı" kimi tanınır.
​İndi sual olunur:
Təhsildən uzaq bir qəlyançını məktəbə kimlər və hansı maraqlar çərçivəsində direktor təyin etdirib? Belə çıxır ki, İmişli rayonunda kim istəsə məktəb direktoru ola bilər və təhsil şöbəsi də müəyyən "qarşılıqlar" müqabilində buna göz yummağı çox gözəl bacarır.
​Bu məqamda İmişli Rayon Təhsil Şöbəsinin sektor müdiri Elşad müəllimin rolu ortaya çıxır. Elşad müəllim, rəhbərlik etdiyi sahədə qanunun icrasını təmin etmək əvəzinə, bu "qəlyançı" direktoru niyə bu qədər canfəşanlıqla müdafiə edir?
Bu müdafiənin arxasında hansı maddi bağlar dayanır? Görünən odur ki, sektor müdiri üçün işin icrası və təhsilin gələcəyi yox, maddiyyat daha üstün və cəlbedicidir.
​İşdən çıxarılan vətəndaşlar haqqını axtarmaq üçün ilk növbədə Əmək Müfəttişliyinə müraciət ediblər və qurum vətəndaşın tam haqlı olduğunu təsdiqləyib. Daha sonra məsələ rayon məhkəməsinə daşınıb. Rayon məhkəməsi də faktları araşdıraraq vətəndaşın xeyrinə ədalətli qərar çıxarıb.
​Amma rəzalət bununla bitmir. Dövlətin məhkəməsinin çıxardığı qərarı icra etmək əvəzinə, Mil-Muğan Regional Təhsil İdarəsi apelyasiya şikayəti verir.
Məsələ ilə bağlı regional idarənin müdir müavini Ramil müəllimlə əlaqə saxlanılarkən onun verdiyi cavab rəsmi bir dövlət məmurunun yox, sanki bir qisasçının leksikonundan götürülüb:
"Əgər məhkəməyə verilməsəydi, bir şey fikirləşmək olardı..."
​Bu nə yanaşmadır, Ramil müəllim?
Bir vətəndaş öz haqqını arayırsa və dövlətin ali məhkəmə orqanı da onun haqlı olduğunu təsdiqləyirsə, Mil-Muğan Regional Təhsil İdarəsi hansı maraqlar daxilində vətəndaşın hüququnu təmin etmir?
​Regional idarənin və rayon təhsil sektorunun bu qədər inadkarlıqla məhkəmə qərarından qaçmasının və vətəndaşı sıxışdırmasının arxasında tək bir səbəb dayanır:
Məktəbdəki pul yığımının və digər qanunsuz işlərin üstünü ört-basdır etmək, bu çirkin zəncirin gün işığına çıxmasının qarşısını almaq! Çünki yaxşı bilirlər ki, o işçilər geri qayıtsa, məktəbdəki qaranlıq otaqlarda qurulan "aylıq xərac" sisteminin bütün detalları ifşa olunacaq.
​Biz buradan Elm və Təhsil Nazirliyinə və hüquq-mühafizə orqanlarına səslənirik: İmişli təhsilini idarə edən bu üçlük — direktor Ruslan, sektor müdiri Elşad və regional idarənin müavini Ramil — dövlətin qanunlarını və məhkəmə qərarlarını hansı cəsarətlə heçə sayırlar?
Vətəndaşın çörəyinə bais olan, məktəbi kafeyə çevirənlərin əməllərinə nə vaxt hüquqi qiymət veriləcək?
​Mövzunu diqqətdə saxlayacağıq və qarşı tərəfin də (əgər deyəcək qanuni bir sözləri varsa) mövqeyini dərc etməyə hazırıq.
Sima Babayeva
TEREF

Mingəçevirdə NƏ BAŞ VERİR: Xəbərdarlıq edildi ki... - BU NƏDİ BELƏ?


"İş yerlərindəki ixtisarların səbəbi nədir? Bir cavab verəcək qurum varmı soruşaq?
Mingəçevirdə bu ayın sonuna kimi
İş yerlərində kütləvi ixtisarlar niyə baş verəcək?" "Dia-az" xəbər verir ki, bunu ölkə rəhbərliyinə ünvanlanmış müraciətində Mingəçevir şəhər sakini Elçin Həsənzadə qeyd edib.
O daha sonra etiraz dolu müraciətində belə davam edir: “Mingəçevir Şəhər Yaşillaşdirma və Sanitar-Təmizlik İdarəsi,
Mənzil-Kommunal İstismar Sahəsinin (MKİS), Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində işləyən nəzarətçilər dalandar və fəhlələr bu ayın sonuna kimi məcburi şəkildə ixtisar adıyla işdən çıxarılacaq..."
Bu barədə müraciət yayan nəzarətçi fəhlə Elçin Həsənzadə bildirir ki, işçilərə May ayının 25- nə kimi könüllü formada işdən çıxmaq haqqında ərizə yazmaq təklif olunur.
Bunu qanunsuz adlandıran narazı vətəndaş nəticədə yüzlərlə insanın çətinliklərlə üz-üzə qalacağını deyir.

Daha ətraflı aşağıdakı videoda:

Dia-az

Bu torpaqlar xüsusi mülkiyyətdə olan əmlakla dəyişdirilə biləcək


Dövlət mülkiyyətində olan əmlakın dəyişdirilə bilməsinin hüquqi əsası yaradılır.


Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.


Layihəyə əsasən, dövlət mülkiyyətində olan əmlakın (o cümlədən dövlət torpaqlarının) qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla, o cümlədən torpaq sahələri ilə dəyişdirilə bilməsinin hüquqi əsası yaradılır.


Belə ki, özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı (dövlət torpaqları), dövlətin müstəsna mülkiyyətində olan və ya dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaq sahələri dəyişdirmənin predmeti ola bilməz.


Dəyişdirilən əmlakların, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi əmlakların (torpaq sahələrinin) alqı-satqısı zamanı təşəkkül tapan bazar qiyməti nəzərə alınmaqla “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçiriləcək. Həmçinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna təklif edilən dəyişikliklə dövlət orqanları (qurumları) və bələdiyyələr də qiymətləndirmə fəaliyyəti üzrə sifarişçi statusu əldə edirlər.


Qanun qəbul edildikdən sonra dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahəsinin xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə dəyişdirilməsinin qaydası təsdiq ediləcək.


Dəyişikliklər əmlakdan və torpaq sahələrindən daha səmərəli istifadəyə, torpaq bazarında dövriyyənin aktivləşməsinə, iqtisadi fəallığın yüksəlməsinə, dövlət və vətəndaşlar arasında qarşılıqlı razılıq əsasında daha çevik əmlak mübadiləsi imkanlarının yaranmasına, mülki dövriyyədə dövlətin digər mülki hüquq subyektləri ilə bərabər şərtlərlə iştirakının təmin edilməsinə xidmət edəcək.

Qaraçuxurda tikinti ilə bağlı suallar artır: Layihə lövhəsi yoxdur, təhlükəsizlik qaydalarına əməl edilirmi?


Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 10-cu Qaraçuxur küçəsində aparılan tikinti işləri ərazi sakinlərinin diqqətini cəlb edib.
Redaksiyamıza daxil olan görüntülərdə tikinti meydançasında qanunvericiliyin tələb etdiyi məlumat lövhəsinin yerləşdirilmədiyi görünür.
Müşahidələrə əsasən, tikinti ərazisində layihənin adı, sifarişçi və podratçı təşkilat, tikintiyə verilmiş icazə sənədləri, eləcə də tikintinin təyinatı barədə məlumatların əks olunduğu lövhə görünmür. Bundan əlavə, ərazidə təhlükəsizlik tədbirlərinin hansı səviyyədə təşkil edilməsi də suallar yaradır.

Sakinlərin sözlərinə görə, vaxtilə həmin ərazidə yaşayış evi mövcud olub. Daha sonra tikili sökülərək yerində kommersiya təyinatlı obyektin inşasına başlanıldığı iddia edilir. İddialara görə, hazırda aparılan tikintinin hansı layihə əsasında həyata keçirildiyi və təyinatının nə olduğu barədə ictimaiyyətə aydın məlumat verilməyib.

Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən, tikinti işləri zamanı məlumatlandırıcı lövhənin quraşdırılması, həmçinin təhlükəsizlik qaydalarına riayət olunması vacib şərtlərdən hesab olunur. Bu səbəbdən ərazidə aparılan işlərin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması ilə bağlı suallar yaranır.

Qeyd edək ki, bu kimi hallarda aidiyyəti qurumlar adətən tikintinin müvafiq icazələr əsasında həyata keçirildiyini bildirirlər. Lakin vətəndaşları maraqlandıran əsas məqam yalnız icazənin olub-olmaması deyil, həm də həmin icazələrin ərazidə açıq şəkildə nümayiş etdirilməsi, təhlükəsizlik standartlarına riayət edilməsi və tikintinin təyinatı barədə şəffaf məlumatın təqdim olunmasıdır.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, eləcə də aidiyyəti nəzarət qurumlarının mövqeyini öyrənməyə çalışacağıq.

Redaksiyamız qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır.

Fikrət Heybətovun Qazi və Şəhid Ailələri Üzərindən “Oyunları”


Quba-Xaçmaz Regional Təhsil İdarəsinin İnzibati Təşkilat Sektorunun müdiri Fikrət Heybətovun idarənin tabeliyində olan müəssisələrə işə qəbul zamanı rəhbərliyi “şəhid ailəsidir”, “qazidir”, “veterandır” deyərək aldatdığı və heç bir xüsusi imtiyazı olmayan şəxsləri müəyyən şəxsi maraqlar qarşılığında işə götürdüyü iddia olunur.
Hətta bəzi hallarda şəhid ailələrinə belə yalandan vədlər verilərək, onların yerinə kənar şəxslərin işə götürüldüyü bildirilir. Xatırladaq ki, bu barədə əvvəlki yazılarımızda Xaçmaz rayonu Qımılqışlaq kənd tam orta ümumtəhsil məktəbi ilə bağlı məlumat vermişdik. Belə ki, 1-ci Qarabağ müharibəsi şəhidi Paşayev İlham Hüseyn oğlunun bacısı Tahirova Elminaz və şəhid Vahab Adilovun bacısı Kərimova Ədilə iş üçün müraciət etdiyi halda, onların yerinə Müslümova Şəfiqə işə götürülmüşdü.

Düzdür, sonradan məsələ ilə bağlı xəbər yayımlandıqdan sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coxqun Əliyev pensiya yaşına çatmış digər vətəndaşın yerinə şəhid bacısı Tahirova Elminazın xadimə kimi işə götürülməsini təmin etmişdi.

Redaksiyamıza daxil olan çoxsaylı məlumatlardan məlum olur ki, vakant texniki işçi yerləri ilə bağlı Fikrət Heybətov rəhbərliyə həmin şəxslərin “şəhid ailəsi”, “qazi” və ya “müharibə iştirakçısı” olduqları barədə məlumat verir. Halbuki həmin şəxslərin heç bir imtiyazı olmadığı iddia edilir və nəticədə özü ilə razılığa gələn şəxslərin işə qəbuluna nail olunur.

Növbəti yazımızda rəhbərliyi “müharibə iştirakçısı”, “şəhid ailəsi” adı ilə aldadaraq işə götürdüyü iddia olunan şəxslərin tam siyahısını oxucularımıza təqdim edəcəyik.(Bakunews.az)

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

QHT-lərə Dövlət Dəstəyi Agentliyində gözlənilməz ayrılıq:iki layihə meneceri vəzifədən gedib


QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ətrafında yenidən diqqətçəkən iddialar gündəmə gəlib. Son günlər qurum daxilində baş verən dəyişikliklər və kadr ayrılıqları ilə bağlı yayılan məlumatlar ictimai müzakirələrə səbəb olub.

Məlumata görə, Agentlikdə layihələr üzrə menecer kimi çalışan iki əməkdaş – Ülkər Süleymanova və Mehdi Mehdiyev vəzifələrindən ayrılıblar. Bildirilir ki, hər iki şəxs öz ərizələri əsasında işdən çıxma qərarı verib və artıq bu barədə sosial şəbəkə hesablarında da paylaşım edərək qurumdan ayrıldıqlarını təsdiqləyiblər.

Rəsmi səbəblər açıqlanmasa da, "Yenixeberorg"-a ötürülüən məlumatlar vəziyyətin göründüyündən daha fərqli ola biləcəyini gündəmə gətirir. QHT sektoruna yaxın mənbələr iddia edirlər ki, hər iki əməkdaşın daxili iş mühitindən, xüsusilə də ayrı-seçkilik və münasibət məsələlərindən narazı olduğu barədə söz-söhbətlər dolaşır.

Qurum daxilində baş verən bu ayrılıqların ard-arda gəlməsi isə “Agentlikdə nə baş verir?” sualını yenidən gündəmə gətirib. Mövzu ilə bağlı rəsmi qurumdan hələlik əlavə açıqlama verilməyib.

Hadisənin detalları və mümkün səbəbləri isə hələlik qeyri-müəyyən olaraq qalır.
Qeyd edək ki, Ülkər Süleymanova Milli Məclisin Aparat rəhbərinin müavini Rüstəm Mahmudovun baldızıdır. Elə bu səbəbdəndir ki, QHT Şurasına və daha sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyinə məhz Müşahidə Şurasının sabiq sədri, deputat Azay Quliyevin dəstəyi ilə götürülüb.

Digər əməkdaş Mehdi Mehdiyev isə Prezident Administrasiyasının QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevin dəstəyi ilə işə qəbul olunubmuş.

Qeyd edək ki, Ülkər Süleymanovanın QHT-lərə Dövlət Dəstəyi Agentliyindəki işi ilə yanaşı “Estrello” adı ilə instagram üzərindən kofe falçılığı ilə məşğul olduğu barədə iddialar da dolaşırdı.(Yenixeberorg.com)

Qarşı tərəflərin cavab haqqını tanıyırıq.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56