QHT-lərə Dövlət Dəstəyi Agentliyinin müəmma dolu müsabiqələri:Eyni layihəyə iki qrant?


Dövlət büdcəsindən maliyyələşən layihələrdən söhbət getdiyi üçün belə təşkilatların fəaliyyəti barədə ictimaiyyət üçün əlçatan məlumatların məhdud olması əlavə suallar yaradır

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin keçirdiyi qrant müsabiqələri ilə bağlı son illər müxtəlif suallar səsləndirilir. Müsabiqələrin şəffaflığı, layihələrin qiymətləndirilməsi meyarları, qaliblərin seçilməsi prosesi və ayrılan dövlət vəsaitlərinin səmərəliliyi ilə bağlı müzakirələr zaman-zaman ictimaiyyətin diqqət mərkəzində olub. Agentlik isə hər dəfə bəyan edib ki, təqdim olunan layihələr çoxmərhələli ekspertiza prosesindən keçir, qiymətləndirmə müstəqil ekspertlər tərəfindən aparılır, təkrarçılığa və oxşar layihələrin maliyyələşdirilməsinə imkan verilmir.

Lakin "Yenixeberorg"a daxil olan yeni məlumatlar və apardığımız ilkin araşdırma bu bəyanatlarla bağlı yeni suallar ortaya çıxarır.

Eyni adlı layihələr – təsadüfdür, yoxsa sistem problemi?

Redaksiyamıza daxil olan məlumatda iddia olunur ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsində qalib elan olunan iki təşkilat mahiyyət etibarilə eyni layihə ilə maliyyələşdirilib.

Söhbət "Ahıllara və Tənhalara Dəstək" İctimai Birliyi və "Sənsiz" Xeyriyyə İctimai Birliyindən gedir. Hər iki təşkilat "Yüksək mənəvi dəyərlərin təbliği" adlı layihənin icraçısı kimi təqdim olunub. Rəsmi məlumatlara əsasən, layihələrdən biri üçün 8 min manat, digəri üçün isə 5 min 500 manat qrant ayrılıb.

İlk baxışdan eyni adda layihələrin olması təsadüfi görünə bilər. Lakin "Yenixeberorg"a təqdim olunan məlumatlarda bildirilir ki, oxşarlıq təkcə layihənin adı ilə məhdudlaşmır.

Görünən odur ki, layihələrin məqsədi, fəaliyyət istiqamətləri, icra mexanizmi, gözlənilən nəticələr və büdcə strukturu böyük ölçüdə üst-üstə düşür. Fərqlər əsasən layihənin keçiriləcəyi məkan, tarix və benefisiar qrupları ilə bağlı kiçik dəyişikliklərdən ibarətdir.

Təkrarçılığa yol verilmədiyi deyilirdi...

QHT-lərə Dövlət Dəstəyi Agentliyi indiyədək müxtəlif platformalarda bildirib ki, layihələr ekspertlər tərəfindən bir neçə mərhələdə qiymətləndirilir və oxşar məzmunlu layihələrin maliyyələşdirilməsinə yol verilmir.

Bu halda isə ortaya məntiqi suallar çıxır. Əgər layihələr həqiqətən də mahiyyət etibarilə eynidirsə, bu oxşarlıq ekspertlərin diqqətindən necə yayınıb?

Yox əgər layihələr arasında ciddi fərqlər mövcuddursa, həmin fərqlər nədən ibarətdir və bu fərqlər iki ayrı dövlət qrantının ayrılmasını necə əsaslandırır? Bu sualların cavablandırılması yalnız media üçün deyil, dövlət vəsaitlərinin xərclənməsinə nəzarət baxımından da vacibdir.

Digər diqqətçəkən məqam

Araşdırmamız zamanı diqqətimizi çəkən digər məsələ "Sənsiz" Xeyriyyə İctimai Birliyi ilə bağlı oldu.

Açıq informasiya mənbələrindən təşkilat haqqında demək olar ki, hər hansı məlumat əldə etmək mümkün olmadı. Təşkilatın əvvəlki layihələri, ictimai fəaliyyəti, sosial şəbəkə hesabları və ya media çıxışları barədə geniş məlumat yoxdur.

Təşkilatın rəhbəri kimi göstərilən Zemfira Rəhimova haqqında da açıq mənbələrdə ətraflı informasiya tapılmadı.

Bu, əlbəttə, özlüyündə hansısa qanun pozuntusunun sübutu deyil. Lakin dövlət büdcəsindən maliyyələşən layihələrdən söhbət getdiyi üçün belə təşkilatların fəaliyyəti barədə ictimaiyyət üçün əlçatan məlumatların məhdud olması əlavə suallar yaradır.

Dövlət vəsaiti – ictimai hesabatlılıq tələb edir!

QHT-lərə ayrılan qrantlar dövlət büdcəsi hesabına maliyyələşdirilir. Buna görə də müsabiqələrin keçirilməsi, layihələrin qiymətləndirilməsi və qaliblərin müəyyənləşdirilməsi prosesi maksimum şəffaf olmalı, yaranan bütün suallara əsaslandırılmış cavab verilməlidir.

Əgər eyni və ya böyük ölçüdə oxşar layihələr müxtəlif təşkilatlar tərəfindən təqdim olunaraq maliyyələşdirilibsə, bu, qiymətləndirmə mexanizminin effektivliyi ilə bağlı suallar doğurur.

Əksinə, əgər layihələr arasında ciddi fərqlər varsa, həmin fərqlərin ictimaiyyətə izah edilməsi də Agentliyin marağında olmalıdır. Şəffaflıq həm dövlət qurumunun nüfuzunu qoruyur, həm də qrant müsabiqələrinə inamı artırır.

Araşdırmalar davam edir!

Redaksiyamız bu məsələ ilə bağlı araşdırmalarını davam etdirir. Növbəti mərhələdə hər iki layihənin məzmununu daha detallı müqayisə etməyə, layihə sənədlərindəki oxşarlıqları təhlil etməyə və qrantların qiymətləndirilməsi prosesinə dair əlavə məlumatlar əldə etməyə çalışacağıq. Təbii ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyində müvafiq sənədlər dəyişdirilməyəcəksə ...

Sonda kiçik bir çağırış etmək istəyirik: Əgər QHT sektorunda çalışan şəxslərin qrant müsabiqələri, qiymətləndirmə prosesi və ya digər ictimai əhəmiyyət daşıyan məsələlərlə bağlı məlumatları varsa, onları redaksiyamızla bölüşə bilərlər. Təqdim olunan bütün məlumatlar jurnalist araşdırması prinsiplərinə uyğun şəkildə yoxlanılacaq və təsdiqləndiyi halda ictimaiyyətə çatdırılacaq.(Yenixeberorg.com)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Azərbaycan Texnologiya Universitetində əsassız pul tələbi iddiası: Səs yazısı yayılıb VİDEO/İDDİA



Azərbaycan Texnologiya Universitetində (ATU) əsassız pul tələb olunması ilə bağlı iddialar səngimir. Bu barədə sosial şəbəkələrdə mütəmadi olaraq tənqidi məlumatlar dərc edilirdi.
Redaksiyamıza daxil olan növbəti "WhatsApp" səs yazısı da universitetdə qanunsuz pul yığımlarının davam etdiyini sübut edir. Sözügedən səs yazısının Texnologiya Universitetinin Xarici dillər kafedrasının müdiri əvəzi Aysel Məmmədliyə məxsus olduğu bildirilir. Səs yazısından aydın olur ki, müəllimlərdən və universitetin müxtəlif şöbələrindən müəyyən məbləğdə əsassız pullar tələb edilir.
İddialara görə, universitetdə dekan, kafedra müdiri və ya şöbə rəhbəri vəzifəsinə təyin olunmaq üçün namizədlər öncə öz vəsaitləri hesabına təhsil müəssisəsinin daxilində təmir işləri aparmalıdırlar.
Diqqət çəkən digər məqam: Universitetin rektoru Yaşar Ömərovun fəaliyyətinə qarşı heç bir tədbir görülmədiyi, dövlət qurumlarının bu vəziyyətə səssiz qaldığı vurğulanır. İddia olunur ki, Elm və Təhsil nazirinin yaxın dostu kimi tanınan Y.Ömərov universiteti şəxsi maraqlarına uyğun idarə edir. Rektorun əsassız pul tələblərini rəhbər heyətdəki digər şəxslər vasitəsilə topladığı, redaksiyamızda buna dair ciddi fakt və əsasların olduğu bildirilir.
Bu prosesdə Xarici dillər kafedrasının müdiri Aysel Məmmədlinin rektorun ən yaxın adamı kimi universitetdə əsas fiqura çevrildiyi və ali məktəbdə nüfuzlu şəxs qismində tanındığı qeyd edilir.
Məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən hələ ki heç bir rəsmi reaksiya verilməyib. Universitet rəhbərliyinə bu "toxunulmazlığı" kimin verdiyi isə sual doğurur.
Azərbaycan Texnologiya Universitetinin rektoru və digər rəhbər şəxsləri haqqında yeni səs yazıları, foto və video materiallar da redaksiyamıza daxil olub. Mövzu diqqətimizdədir.
Ardı var...(Teref)

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…



Unibankın Müşahidə Şurasının sədri Eldar Qəribov Fransanın Nitsa şəhəri yaxınlığındakı əsrarəngiz villasını satışa çıxarsa da bir ildən artıqdır ki müştəri tapılmır. Azərbaycan mediasında yer alan xəbərlərə istinadən cumhuriyyet.az bildirir ki, təxminən 34 milyon manata təklif olunan villanı satmaq üçün Avropanın ən lüks əmlak saytlarından tutmuş, ərəb və rus saytlarına belə elan yerləşdirilib. 2015-ci ildə Fransanın ali mükafatına – “Fransanın Fəxri Legion Kavaleri ordeni”nə layiq görülən, bir il sonra isə bu ölkəyə çox yaxın olan Maltadan 650 min avro qarşılığında vətəndaşlıq alan Eldar Qəribovun villasını satışa çıxarma səbəbi məlum deyil.

Villanın yerləşdiyi Villefranche-sur-Mer adlanan ərazi Fransanın Cənub bölgəsində, İtaliya ilə sərhəddə yerləşən şəhərdədir. Bu ərazi lüks villalar, möhtəşəm dəniz mənzərəsi və ən müasir imkanları ilə tanınır. Eldar Qəribovun “Villa Art Deco”su Bellle Epoque üslublu 320 kv.m sahəsi olan mülkü zirzəmi və iki mərtəbədən ibarətdir. Mülkdə 160kv.m-lik qonaq otağı və müasir villaya məxsus hər cür şərait var.

Sözügedən mülk Avropanın məşhur qumarxanalar və kazinolar məkanı olan Manokodan avtomobillə 10 dəqiqəlik məsafədə yerləşir. Maraqlıdır ki, Eldar Qəribovun oğlu İlkin Qəribli 2015-ci ildən birinci oyundan “əli gətirmiş” qumarbaz kimi tanınır və dünyanın ən məşhur kazinolarının müştərisidir. Onun kazino həvəsinin sərhəddi Baham adalarına qədər uzanır. “Poker News”in məlumatına görə İlkin Qəribli burda 25 minlik “stavka” ilə bir milyon dollar və bir ədəd lyuks “Style” saatı udub.

Eldar Qəribovun əsas gəlir mənbəyi isə “Unibank”dır. 2009-cu ildə bu bankın səhmlərinin 50 faizinə sahib olan E.Qəribov 2015-ci ildə 56,9%-ə, 2019-cu ildə 77,38%-ə, 2020-ci ildə 86, 38%-ə və nəhayət 2003-cü ildə 94,08%-ə sahiblənib. 2003-cü ildə səhmlərin 7.31 faizinin alınmasının da maraqlı tarixçəsi var. Bu işdə Eldar Qəribova yaxın dostu, Fransadakı villasında qonşu olduğu iş adamı Bəylər Məmmədov köməklik edib. Bəylər Məmmədov və kürəkəni Kamal Hacıyev (deputat Sabir Hacıyevin oğlu) Maltada təsis etdiyi LENSTOR ENTERPRİSES LTD şirkəti üzərindən Lüksemburqda sahib olduğu “Canley Finanse SA” maliyyə şirkəti adından səhmləri alıb, sonra isə dostuna satıb. Eldar Qəribovun alqı-satqını belə dolaşıq yolla aparmasının da səbəbi məlum deyil. Heç Unibank da bununla bağlı heç bir rəsmi açıqlama verməyib.(Cumhuriyyet.az)

“Kristal”dan ev alanlar DÜŞÜNSÜN Kİ... - YANA BİLƏRLƏR...


Azərbaycanın iri tikinti şirkətlərindən olan və 2003-cü ildən fəaliyyət göstərən “Kristal” (əvvəlki adı “Kristal Abşeron”) şirkəti ölkənin inhisarçı mövqeyə malik mənzil satıcılarındandır.


Şirkət Bakı, Sumqayıt, Xırdalan və digər ərazilərdə onlarla yaşayış kompleksi inşa edib.


2025-ci ildə rebrendinq edərək fəaliyyətini “Kristal” adı altında davam etdirən şirkətin rəsmi məlumatına görə, bu günədək 17 layihə istifadəyə verilib, 10 layihənin isə tikintisi davam edir.
Rəqabətsiz mənzil tikintisini qazanclı biznesə çevirən”Kristal”dan isə narazılıq kifayət qədərdir. Son illərdə şirkətin fəaliyyəti ilə bağlı çoxsaylı şikayətlər eşidilməkdədir. Şikayətlər əsasən mənzil sahəsinin hesablanması, təmir keyfiyyəti, tikinti materialları, təhvil prosesinin gecikməsi və sonradan ortaya çıxan qüsurlarla bağlıdır.


Yüksək satış qiymətləri, uzunmüddətli ödəniş zamanı mənzilin yekun dəyərinin xeyli artması, reklamlarda göstərilən şərtlərlə satış ofislərində təqdim olunan təkliflər arasında fərqlər, binaların gec təhvil verilməsi də alıcıların ən çox rastlaşdığı neqativ hallardandır.


“Kristal”ın ofislərində olanlar bildirirlər ki, bu şirkət alıcıları reklamları vasitəsilə aldadır. Onların iddiasına görə, reklamda başqa bir şey deyirlər, ofisə gedəndə tamamilə fərqli mənzərə ilə qarşılaşırsan.


Xatırladaq ki, şirkətin faktiki sahibinin Milli Məclisin deputatı Ağalar Vəliyev olduğu bildirilir.


SAVASHMEDİA.az

Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib

Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq "Ağbulaq-1", 14,25 meqavatlıq "Ağbulaq-2" və 4 meqavatlıq "Şeylanlı" su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib.

"AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlət başçısına Laçın rayonunun enerji potensialı və stansiyaların fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji zonası"na çevrilməsi barədə tapşırıqlarına uyğun olaraq, "AzərEnerji" ASC tərəfindən regionda su elektrik stansiyalarının tikintisi istiqamətində işlər ardıcıllıqla davam etdirilir.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçının su ehtiyatları əsasən ölkə ərazisində formalaşır. Belə ki, Kiçik Qafqazın ölkə daxilində Tərtərçaydan sonra ikinci ən böyük çayı hesab olunan Həkəriçay və onun qolları olan Hoçaz, Şəlvə, Zabux çayları üzərində indiyədək ümumi gücü 72,6 MVt olan 11 su elektrik stansiyası tikilib.

Laçın rayonunun 8-10 MVt-lıq elektrik tələbat gücü tam olaraq yaşıl enerji hesabına qarşılanır. Artıq qalan enerji isə ölkə enerjisisteminə ötürülür.

Hazırda ümumi gücü 10,7 MVt olan 3 yeni SES-in tikintisi davam edir və onlar bu ilin sonunadək istismara veriləcək.

Laçın rayonunun 2040-cı il perspektivində elektrik tələbat gücünün 80 MVt olacağı gözlənilir. Mövcud və tikintisi planlaşdırılan SES layihələri nəzərə alınmaqla, rayon 15 il sonra da tam olaraq yaşıl enerji ilə təmin ediləcək.

X X X

Laçın rayonunun mürəkkəb dağlıq relyefində, dəniz səviyyəsindən 2150 metr yüksəklikdə yerləşən 14,7 MVt-lıq "Ağbulaq-1" Su Elektrik Stansiyası ölkə energetiklərinin icra etdiyi ən çətin mühəndislik layihələrindən biridir. Stansiya yol infrastrukturu olmayan ərazidə inşa edilərək yerli mütəxəssislərin peşəkarlığını və böyük texniki imkanlarını göstərir. Layihə çərçivəsində müasir baş suqəbuledici qurğu tikilib, suyun stansiyaya çatdırılması üçün 4,8 kilometr uzunluğunda, 1200 millimetr diametrli derivasiya boru xətti çəkilib. Stansiyanın fasiləsiz istismarı üçün bütün zəruri infrastruktur yaradılıb.

"Ağbulaq-1"stansiyasında ildə 93,2 milyon kVt-saat ekoloji təmiz elektrik enerjisi istehsal olunacaq. Bu, hər il 21 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 37 min ton karbon emissiyasının qarşısının alınmasına və təxminən 37 min nəfərin elektrik enerjisinə olan tələbatının yaşıl enerji hesabına ödənilməsinə imkan verəcək.

X X X

Hoçaz çayı üzərində inşa edilən 14,25 MVt-lıq "Ağbulaq-2" Su Elektrik Stansiyası yalnız elektrik enerjisi istehsalı deyil, həm də regionun enerji infrastrukturunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Stansiyada bütün istehsal prosesi müasir avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə həyata keçirilir. Layihə çərçivəsində stansiyanın enerjisistemə etibarlı inteqrasiyasını təmin etmək məqsədilə 110/10 kV-luq, 16 MVA gücündə yeni yarımstansiya tikilib.

Stansiyanın su təminatı üçün 5,7 kilometr uzunluğunda derivasiya xətti çəkilib.

"Ağbulaq-2" SES ildə 87,3 milyon kVt-saat elektrik enerjisi istehsal edəcək. Bunun nəticəsində hər il 19,6 milyon kubmetr təbii qaza qənaət olunacaq, atmosferə 35 min ton karbon emissiyasının atılmasının qarşısı alınacaq və təxminən 35 min nəfərin elektrik enerjisinə olan tələbatı yaşıl enerji hesabına təmin ediləcək.

X X X

Laçın rayonunda inşa edilən 4 MVt gücündə "Şeylanlı" Su Elektrik Stansiyası layihələndirilərkən ekoloji təhlükəsizliyin qorunması əsas prioritetlərdən biri olub. Çay ekosisteminin mühafizəsi məqsədilə balıqların təbii miqrasiyasına mane olmayan hidrotexniki həllər tətbiq edilib, istifadə olunan hidroaqreqatlar isə suyun təbii axınına və keyfiyyətinə mənfi təsir göstərmir.

Layihə çərçivəsində 1460 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib, mürəkkəb dağlıq relyefdə 4,8 kilometr uzunluğunda derivasiya xətti inşa olunub.

"Şeylanlı" SES-də ildə 19,4 milyon kVt-saat elektrik enerjisi istehsal ediləcək. Bu, hər il 4,4 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 8 min tondan çox karbon emissiyasının qarşısının alınmasına və təxminən 8 min nəfərin elektrik enerjisinə olan tələbatının yaşıl enerji hesabına təmin edilməsinə imkan verəcək. Stansiya regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, ekoloji tarazlığın qorunmasına və iqtisadi inkişafa da töhfə verəcək.

X X X

Qeyd edək ki, müasir texnologiyalar və beynəlxalq təcrübə əsasında qurulan, SCADA sistemləri ilə təchiz edilən bu üç su elektrik stansiyası ölkənin vahid enerji sisteminə inteqrasiya olunaraq il ərzində ümumilikdə 200 milyon kilovat-saatdan çox ekoloji təmiz elektrik enerjisinin istehsalına imkan verəcək. Nəticədə ildə 45 milyon kubmetr təbii qaza qənaət ediləcək, atmosferə təxminən 80 min ton karbon emissiyasının atılmasının qarşısı alınacaq.

İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoyub

İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoyub

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Laçında "Həkəriçay" su anbarının təməlini qoyub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə layihə barədə məlumat verib.

Bildirilib ki, layihəyə əsasən Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarının yaradılacaq, həmçinin suburaxma qabiliyyəti saniyədə 8 kubmetr, uzunluğu isə 172 kilometrə yaxın magistral boru kəməri inşa ediləcək.

Bu infrastrukturun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonları üzrə təqribən 700 min nəfəri saniyədə 2,5 kubmetr həcmində keyfiyyətli içməli su ilə təmin etmək potensialı olacaq.

"Həkəriçay" su anbarından qidalanan magistral boru kəmərinin üzərində ümumi gücü 10.81 MVt olan 3 su elektrik stansiyasının (SES) tikintisi də nəzərdə tutulur.

Qeyd edək ki, "Həkəriçay" su anbarı əhalinin keyfiyyətli və dayanıqlı içməli su təminatı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin su ehtiyatlarının səmərəli idarə olunmasında, bölgənin, habelə ölkəmizin digər iri şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasında və regionların sosial-iqtisadi inkişafının dəstəklənməsində mühüm rol oynayacaq.

Milyonluq məhkəmə işində yeni təfərrüat açıqlandı -Heydərovun ifadəsində nələr var?


Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova yalan vəd verərək onun böyük məbləğdə pulunu ələ keçirməkdə təqsirləndirilən İntiqam Səfərəliyevin barəsindəki cinayət işi üzrə növbəti məhkəmə baxış iclası olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkən Tale Heydərovun müdafiəçisi müvəkkilinin hazırda ölkə hüdudlarından kənarda olduğunu əsas gətirərək onun prosesdə iştirak edə bilməyəcəyini və ibtidai istintaqa verdiyi ifadələrini təsdiq etdiyini deyib.

Təqsirləndirilənin vəkili isə buna cavab olaraq vurğulayıb ki, Tale Heydərovun zərərçəkən oldugunu və iş materiallarında qeydə alınmış səs yazılarının mövcudluğunu nəzərə alaraq onun iclaslarda iştirakını vacib sayıb.

Cavabdeh tərəfin vəkilinin vəsatəti təmin olunmayıb və bundan sonra T.Heydərovun ibtidai istintaqa verdiyi ifadəsi elan edilib. Onun ifadəsindən bəlli olub ki, İntiqam Səfərəliyevlə əvvəllər yaxın münasibəti olmayıb. Tərəflərin bir-birini tanıması Tale Heydərovun qardaşı Nicat Heydərovun vasitəsi ilə baş verib.

Onların arasındakı milyonluq pul mübahisəsi isə “Azersteel”in səhmlərinin alınması ilə bağlı olub. Buna görə qardaşların müxtəlif dövrlərdə İntiqam Səfərəliyevlə Abid Mamedova verdikləri pullar müxtəlif yollarla mənimsənilib.

Zərərçəkənin ifadəsi ilə bağlı yaranan sualları cavablandırmaq isə vaxt məhdüdiyyətindən iyulun 24-nə təyin edilmiş növbəti prosesə saxlanılıb. Qeyd edək ki, “AzFinance İnvestisiya Şirkəti”nin direktoru, məşhur maliyyəçi İntiqam Səfərəliyev xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur. Rəsmi ittihama görə, İ.Səfərəliyev T.Heydərova yalan vəd verərək onun bir milyon manatdan çox pulunu ələ keçirib.

Heydərovun şikayəti əsasında İ.Səfərəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Ona sanksiyasında 10 ildən 14 ilə kimi həbs cəzası olan – Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda törədildikdə) maddəsi üzrə yekun ittiham verilib.

Onu da nəzərə çatdıraq ki, İntiqam Səfərəliyev 2019-cu ildən “AzFinance İnvestisiya Şirkəti”nin direktoru işləyib. 15 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malik iş adamı Heydərovlara aid olduğu deyilən “AFB Bank”ın Müşahidə Şurasının üzvü və başqa vəzifələrdə də çalışıb. Xatırladaq ki, ötən proseslərdə İ.Səfərəliyev barədə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub, o, iclas zalından azadlığa buraxılıb.

İttihamda İntiqam Səfərəliyevlə yanaşı adı keçən və dələduzluqda təqsirləndirilən Abid Mamedovun barəsindəki cinayət işi başqa icraatda araşdırılır. O, hazırda ölkə hüdudlarından kənarda olduğu üçün barəsində axtarış elan edilib.(Oxu.az)

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56