Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək

Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək


2029-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınması keçiriləcək.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Siyahıyaalınma Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə ölkənin bütün ərazisi üzrə əhaliyə dair müfəssəl məlumatların əldə edilməsi və sosial-demoqrafik vəziyyətin qiymətləndirilməsi məqsədilə reallaşacaq.

Fərmana əsasən, ölkədə 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıyaalınması həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək.

Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə edilib.

Nazirlər Kabineti 2029-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etməli, əhalinin siyahıyaalınması ilə bağlı zəruri məlumatların inzibati mənbələrdən əldə edilməsi üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarında və sistemlərində olan müvafiq məlumatların Dövlət Statistika Komitəsinin məlumat bazasına inteqrasiyasının təmin edilməsi ilə bağlı tədbirlər görməlidir.

Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə əhali 2019-cu ildə siyahıya alınıb.

Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib

Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib

Prezident İlham Əliyev 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib.

Ötən il büdcənin gəlirləri 39 milyard 184,6 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,4 %, proqnozdan isə 2,2 % çoxdur.

Büdcənin xərcləri isə 38 milyard 604,6 milyon manat olub ki, bu da illik müqayisədə 2,4 % çox, proqnozdan isə 6,8 % azdır.

İl ərzində büdcənin profisiti 580 milyon manat və yaxud ÜDM-in 0,45 %-ni təşkil edib. Profisitin yaranmasına səbəb büdcəyə daxilolmalar üzrə proqnozun artıqlaması ilə təmin edilməsi, eləcə də büdcə təşkilatlarının öz xərclərini proqnozdan 2 milyard 803 milyon manat az icra etməsi ilə bağlı olub.

Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirib



Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 6-da və 7-də Lerik rayonunda növbəti vətəndaş qəbulu keçirib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir əvvəlcə Lerik rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Daha sonra Polis Şöbəsinin inzibati binasında Lerik, Lənkəran, Astara, Masallı və Yardımlı rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 348 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.

“Media Masası”nın ikinci verilişi hazırlanır


“Media Masası”nın ikinci verilişi hazırlanır.

Bu dəfə jurnalist Vəfa Həmzəyevanın qonaqları media məkanının iki tanınmış siması - REAL TV-nin baş direktoru Mir Şahin Ağayev və ARB 24 telekanalının icraçı direktoru Radik İsmayılovdur.

Televiziya hələ də əsas informasiya mənbəyidir, yoxsa sosial şəbəkələr artıq onun yerini tutur?

“Media Masası”nın ikinci buraxılışında bu sual ətrafında açıq və gözlənilməz müzakirə aparılıb.

Bu dəfə söhbət təkcə televiziyanın bu günündən yox, onun cəmiyyətə təsir gücündən, sosial media ilə rəqabətindən, xəbərə etibardan, klassik jurnalistikanın dəyişməsindən və süni intellektin media üçün yaratdığı yeni reallıqdan gedir.

“Media Masası”nın ikinci buraxılışı 11 iyul saat 21:00-da REAL TV-də yayımlanacaq.

"Təbriz" MTK işi: 14 milyonluq dələduzluq məhkəməsində yeni iclas keçiriləcək


"Təbriz" MTK ilə bağlı dələduzluq ittihamları üzrə baxılan cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Qaynarinfo xəbər verir ki, növbəti məhkəmə iclası iyulun 9-da keçiriləcək.

Məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə aparılır.

Cinayət işi üzrə "Atlant" Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşov şahid, kürəkəni Nofəl Hacıyev isə təqsirləndirilən şəxs qismində iştirak edir. Təqsirləndirilən şəxslər sırasında MTK-nın icraçı direktoru Talış Məhəmmədov da var.

İttihama əsasən, Nofəl Hacıyev 2018–2022-ci illərdə inşası davam edən binada eyni mənzilləri bir neçə şəxsə sataraq 171 vətəndaşdan ümumilikdə 14 milyon manat əldə edib. İstintaqın versiyasına görə, həmin vəsaitin bir hissəsi "Atlant" Ailəvi İstirahət Mərkəzində tikinti və təmir işlərinə yönəldilib. Bu səbəbdən istintaq dövründə kompleksin üzərinə həbs qoyulub.

Əvvəlki məhkəmə iclaslarında zərərçəkmişlər Tahir Qədəşovun da məsuliyyətə cəlb edilməsini tələb etsələr də, məhkəmə bu vəsatəti baxılmamış saxlayıb. Həmçinin "Atlant"ın üzərinə qoyulmuş həbsin götürülməsi ilə bağlı təqdim olunan vəsatət də təmin edilməyib.

Son prosesdə tərəflər arasında "Atlant" İstirahət Mərkəzində şəriklik məsələsi ətrafında mübahisə yaranıb. Nofəl Hacıyev mərkəzin yaradılması və maliyyələşdirilməsində iştirak etdiyini, vətəndaşlardan toplanan vəsaitin bir hissəsinin həmin layihəyə yönəldildiyini iddia edib. Tahir Qədəşov isə bu iddialarla razılaşmayaraq "Atlant"da şəriklik münasibətlərinin olmadığını bildirib.

34° isti, yağış, dolu... - Sabahın havası

34° isti, yağış, dolu... - Sabahın havası

Azərbaycanda iyulun 8-də havanın bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər bəzi şimal və qərb rayonlarında yağıntıların güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-34° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-28° isti olacaq.

3 minlik burun əməliyyatı əks effekt verdi - "Vip Milan"ın həkimi ilə bağlı yeni araşdırma


Pasiyentin şikayəti əsasında Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən "Vip Milan" Hospitalda aparılan burun əməliyyatı ilə bağlı yenidən araşdırmaya başlanılıb.

Qaynarinfo-nun məlumatına görə, araşdırma Sadiq adlı pasiyentin müraciəti əsasında klinikada qulaq-burun-boğaz (LOR) həkimi və estetik cərrah kimi fəaliyyət göstərən Rəşad Məmmədov barəsində aparılacaq.

Belə ki, ötən il Sadiq "Vip Milan” Hospitalda Rəşad Məmmədov tərəfindən burun əməliyyatı olunub və bunun üçün 3000 manat ödəniş edib. Lakin onun iddiasına görə, əməliyyat uğursuz keçdiyindən səhhətində ciddi fəsadlar yaranıb.

Pasiyent izahatında bildirib ki, burnunda çəpər əyriliyi olduğuna, nəfəs almaqda çətinlik çəkdiyinə və eyni zamanda estetik görünüşünü qismən yaxşılaşdırmaq istədiyinə görə əməliyyat olunmağa qərar verib. O qeyd edib ki, əməliyyatdan sonra vəziyyəti yaxşılaşmaq əvəzinə daha da pisləşib:

"Əməliyyat olunduğum gündən indiyə qədər burnum düzəlmək əvəzinə daha da pisləşib. Burnumun sağ tərəfi batıb, sol tərəfində isə gips açıldıqdan sonra yara izi və keyimə yaranıb. Əvvəlcə bunların əməliyyatdan sonrakı normal hallar olduğunu düşünürdüm. Artıq əməliyyatdan doqquz ay keçib. Buna baxmayaraq, burnumdakı izlər, ağrılar və keyimə məni ciddi narahat edir. Dəfələrlə həkimin qəbulunda olsam da, mənə heç bir problemin olmadığı və hər şeyin qaydasında olduğu bildirilib. Hazırda da burnumdakı ağrılar və keyimə hissi həm sağlamlığıma, həm də psixoloji vəziyyətimə mənfi təsir göstərir".

Məsələ ilə bağlı Nərimanov Rayon Prokurorluğu həkim barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edib.

Məhkəmədə Rəşad Məmmədov bildirib ki, 2025-ci ilin avqust ayından əmək müqaviləsi əsasında "Vip Milan” Hospitalda həkim-otorinolarinqoloq kimi çalışır. Onun sözlərinə görə, pasiyentin burnunda çəpər əyriliyi olduğundan xarici burun və burun çəpərinin korreksiyası əməliyyatı həyata keçirilib.

Həkim əlavə edib ki, əməliyyatdan sonra pasiyent ambulator nəzarətə götürülüb və ona müvafiq rejimə əməl etmək tövsiyə olunub. Rəşad Məmmədovun iddiasına görə, Sadiq bu tövsiyələrə əməl etməyib, burnunu soyuğa məruz qoyub və eynəkdən istifadə etdiyi üçün sonradan həmin problemlər yaranıb.

Prokurorluğun qərarı ilə razılaşmayan pasiyent Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə şikayəti təmin edərək həkim barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edib. İş materialları əlavə araşdırmanın aparılması üçün müvafiq istintaq orqanına qaytarılıb.

Qeyd edək ki, "VİP Milan" Hospitalın təsisçisi və direktoru Xuraman Muradovadır.

Qaynarinfo

Küsülü “dərəbəylər ittifaqı”: Naxçıvan məmurları niyə iki aydır maaş üzünə həsrət qalıblar?


“Artıq iki aydır maaş ala bilmirik. Xəstəxanalarda heç nə yoxdur. Dərmanı da, iynəni də xəstələrin özünə aldırırlar. İş vaxtı bitir, amma bizi evə buraxmırlar. İşlədiyimiz əlavə saata görə bizə maaş da vermirlər. Tələb edəndə deyirlər ki, maliyyə Nazirliyi maaş əlavəsinə icazə vermir”.
Redaksiyamıza Naxçıvan xəstəxanalarından birindən göndərilən məktubda belə deyilir.
TEREF yazır ki, bunu məşhur jurnalist Heydər Oğuz yazır. Heydər Oğuz daha sonra yazır:
Qeyd edim ki, Naxçıvan məmurlarının 2 aydır maaş almadıqları barədə iddialar yeni deyil. Bir neçə gün əvvəl “Gündəlik Naxçıvan” da bu barədə məlumat yaymışdı. Naxçıvan tibb işçilərinin bizə göndərdiyi məktub da bu faktı təsdiqləyir.

Naxçıvandakı etibarli mənbələrdən aldığım məlumatlar maaşların verilməməsinin ilginc səbəbinə belə aydınlıq gətirib: “Naxçıvan MR Baş nazirliyi postuna iki namizəd vardı. Bunlardan biri indiki Baş nazir Cabbar Musayev, digəri isə Maliyyə naziri Həsən İsmayılov idi. Naxçıvandakı səlahiyyətli nümayəndə Ceyhun Cəlilov da Həsən İsmayılova lobbiçilik edirdi. Amma mərkəzi hakimiyyət Ceyhun Cəlilovun tender “təcrübəsini” nəzərə alıb onun namizədini yox, Cabbar Musayevi Baş nazir postuna təyin etdi. Görünür, məqsədi iki maraqlı tərəfi bir-birinə qarşı qoymaq, beləcə, onların bir-biri üzərində nəzarətini təmin etmək və tender maxinasiyalarının qarşısını almaq olub. Mümkündür ki, bu təyinatdan narazı alan “dərəbəy qruplaşması” Baş nazirin işini sabotaj etmək üçün məmurların maaşlarını aylarla yubatmağa qərar verib”.
İddialara inansaq, Ceyhun Cəlilovla Cabbar Musayev arasında ciddi anlaşmazlıqlar var. Hətta onların bir-biriylə normal ünsiyyət belə qura bilmədikləri bildirilir. Deyilənlərə görə, səlahiyyətli nümayəndə ilə Baş nazir xidməti iş xaricində bir-birini danışdırmırlar. Bu umu-küsünün çanağı isə Naxçıvan məmurlarının başında çatlayır. Lap məşhur Türk atalar sözündə deyildiyi kimi, "İki fil döyüşəndə əzilən çəmənlər olur".

TEREF

Prezidentin açılışını etdiyi müəssisəyə aparan yol və körpü bir ilə darmadağın olub - VİDEO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il iyunun 23-də Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirakı regionun sənaye inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirilmişdi. Qazanbulaq qəsəbəsi yaxınlığında fəaliyyət göstərən müəssisənin ölkənin tikinti sektoruna töhfə verəcəyi, yeni iş yerləri yaradacağı və iqtisadi fəallığı artıracağı bildirilirdi.

Lakin bu gün müəssisəyə aparan avtomobil yolunun vəziyyəti həmin layihə ətrafında ciddi suallar yaradır. Redaksiyamıza daxil olan məlumatlara və gundemxeber.com-un əməkdaşının ərazidə apardığı müşahidələrə əsasən, Gəncə–Goranboy magistral yolundan müəssisəyə çəkilmiş asfalt yolun bir hissəsi qısa müddət ərzində yararsız vəziyyətə düşüb. Yol örtüyündə yaranmış iri çatlar, çökmələr və dağılmış hissələr ərazidə diqqəti cəlb edən əsas problemlərdəndir.
Xüsusilə sel sularının keçdiyi çay yatağı üzərində inşa edilmiş körpü və ona bitişik yol hissəsində ciddi dağıntılar müşahidə olunur. Maraqlıdır ki, həmin ərazidə son dövrdə bu miqyaslı dağıntını izah edə biləcək zəlzələ və ya torpaq sürüşməsi kimi fövqəladə təbii hadisələrin baş verməsi barədə məlumat yoxdur. Bu isə yolun tikintisinin keyfiyyəti, layihələndirmə və icra prosesinin texniki standartlara uyğun aparılıb-aparılmaması ilə bağlı suallar doğurur.
İri dövlət vəsaiti hesabına həyata keçirilən infrastruktur layihələrinin uzunömürlü və dayanıqlı olması əsas tələblərdən biridir. Əgər yeni inşa edilmiş yol cəmi bir il sonra yararsız vəziyyətə düşürsə, bu halda istifadə olunan tikinti materiallarının keyfiyyəti, görülən işlərin texniki normalara uyğunluğu və tikintiyə nəzarət mexanizmlərinin necə işlədiyi araşdırılmalıdır.
Məlumata görə, yol və körpünün tikintisi zamanı Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev əraziyə baxış keçirərək görülən işləri yüksək qiymətləndirmişdi. Hazırda isə həmin yolun mövcud vəziyyəti fonunda ictimaiyyət təbii olaraq bu qiymətləndirmənin hansı əsaslara söykəndiyi barədə suallar verir. Əgər yolun qısa müddətdə yararsız hala düşməsi tikinti qüsurlarından qaynaqlanırsa, bunun səbəbləri və məsul şəxslər müəyyən edilməlidir.
Yolun vəziyyəti təkcə nəqliyyatın hərəkətinə maneə yaratmır. Bu, həm də dövlət büdcəsindən ayrılan vəsaitin səmərəli xərclənməsi, infrastruktur layihələrinin keyfiyyətinə nəzarət və vəzifəli şəxslərin məsuliyyəti məsələsini gündəmə gətirir. Dövlət başçısının iştirak etdiyi strateji əhəmiyyətli layihəyə aparan yolun belə vəziyyətə düşməsi cəmiyyətin haqlı narahatlığına səbəb olur.
Məsələnin obyektiv araşdırılması üçün aidiyyəti dövlət qurumlarının əraziyə baxış keçirməsi, yolun və körpünün texniki ekspertizasının aparılması, tikinti prosesində normativ tələblərə əməl olunub-olunmadığının müəyyən edilməsi vacibdir. Əgər pozuntular aşkarlanarsa, qanunvericiliyə uyğun tədbirlərin görülməsi, yolun əsaslı şəkildə bərpası və gələcəkdə analoji halların təkrarlanmaması üçün ciddi nəzarət mexanizmlərinin tətbiqi zəruridir.
İctimai maraq doğuran bu məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə və onların rəsmi açıqlamalarını işıqlandırmağa hazırıq.

Gundemxeber.com

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin "planlı iqtisadiyyatı": İslahat, yoxsa tezbazar layihələr?


QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətini illərdir izləyənlər artıq bir həqiqəti yaxşı bilir: bu qurumun ən uğurlu işi islahat haqqında danışmaqdır. Şəffaflıq, açıqlıq, hesabatlılıq, yeni yanaşma, innovativ idarəetmə...

Bəzi tədbirlərdə iştirakçılardan əlavə köynək gətirmələri xahiş olunur. Məqsəd müxtəlif şəkillər çəkərək guya tədbirin bir neçə gün davam etdiyini göstərməkdir.

Bu sözlər o qədər təkrarlanıb ki, artıq onların praktik nəticə verəcəyinə inanmaq getdikcə çətinləşir. Çünki hər il eyni vədlər verilir, hər il eyni problemlər yaşanır və hər il həmin problemlər yeni bəhanələrlə izah edilir.

Əslində, islahatın mahiyyəti çox sadədir. İşlər əvvəlkindən daha yaxşı təşkil olunursa, qərarlar vaxtında qəbul edilirsə, bürokratik əngəllər aradan qaldırılırsa, vətəndaş və QHT-lər rahat işləyə bilirsə, buna islahat deyilir. Əgər proseslər daha da ağırlaşır, qərarlar gecikir, layihələr yarım ilə yaxın gözlədilir, sonra isə bir neçə həftəyə başa çatdırılması tələb olunursa, bunun adına islahat yox, idarəetmə böhranı demək daha doğru olar.

"Yenixeberorg.com"un 14 may tarixli yazısında diqqətə çatdırmışdıq ki, Agentlik martın 12-də qrant müsabiqəsinin nəticələrini elan etsə də, layihələrin icrasına başlanılmır. Səbəb kimi Ədliyyə Nazirliyindən bildirişlərin alınmaması göstərilirdi. Yazımızdan sonra QHT-lərə ardıcıl mesajlar göndərildi. Bildirildi ki, problem qısa müddətdə həll olunacaq, layihələr dərhal başlayacaq.

Doğrudan da başladı. Amma necə?

Aylarla gözlədilən layihələr iyul ayında, yayın ən isti günlərində, tələm-tələsik icraya buraxıldı. Elə bil altı ay ərzində itirilmiş vaxtın əvəzini QHT-lər çıxmalıdır. Sanki gecikməyə səbəb olan qurum yox, layihəni həyata keçirən təşkilatlardır. Bunu biz demirik, "Yenixeberorg"a problemlərini bölüşən QHT-lər söyləyirlər.

İllərdir Agentliyin rəhbər şəxsləri müxtəlif tədbirlərdə eyni fikri səsləndirirlər. Deyirlər ki, müsabiqələr sentyabr ayında elan olunacaq ki, QHT-lərin layihə hazırlamaq üçün kifayət qədər vaxtı olsun. Nəticələr daha tez açıqlanacaq, icraya daha erkən başlanacaq və bütün proses daha səmərəli olacaq.

Bəs nəticə nə oldu?

QHT-lər layihələrini sentyabr-noyabr aylarında təqdim etdilər. Nəticəni almaq üçün aylarla gözlədilər. Layihələrin rəsmiləşdirilməsi yenə uzandı.

Sonda isə layihələrin böyük hissəsi yay aylarında, minimum müddətdə icra edilməyə məcbur edildi.

İslahat bu işin harasındadır?

Ən qəribəsi isə odur ki, bu vəziyyət heç kimi narahat etmir. Əksinə, hər şey normal proses kimi təqdim olunur. Sanki dövlət büdcəsindən maliyyələşən layihələrin yarım il gecikməsi adi hadisədir. Sanki ictimai fayda daşıyan layihələrin bir neçə həftəyə "yekunlaşdırılması" normal idarəetmə modelidir.

Əgər kimsə bu yazılanların şişirdildiyini düşünürsə, sosial şəbəkələrə nəzər salması kifayətdir.

Bir banner.

Bir təlimçi.

Beş-altı iştirakçı.

Kiçik bir otaq.

Bir neçə foto.

Bir neçə status.

Və bunun adına layihə icrası deyilir!

İştirakçıların üz ifadələrinə baxanda belə hiss olunur ki, onların əksəriyyəti tədbirə hansı mövzuda gəldiyini belə bilmir. Elə bil hansısa idarədən "gedin, bir saat oturun, sonra çıxarsınız" tapşırığı verilib.

Sektorda artıq açıq sirrə çevrilmiş başqa bir mənzərə də var. Bəzi tədbirlərdə iştirakçılardan əlavə köynək gətirmələri xahiş olunur. Məqsəd müxtəlif şəkillər çəkərək guya tədbirin bir neçə gün davam etdiyini göstərməkdir. Əgər layihənin "uğuru" köynək dəyişməklə ölçülürsə, burada artıq ciddi problem var.

Əlbəttə, bütün məsuliyyəti QHT-lərin üzərinə yıxmaq olar. Amma bu, ən asan yoldur.

Sual budur: layihələri aylarla gözlədən kimdir? Sənədləşməni uzadan kimdir?

QHT-ləri iyul ayında tələsik tədbirlər keçirməyə məcbur edən kimdir?

Axı heç bir təşkilat layihəsini iki həftəyə sığışdırmaq istəməz. Heç bir QHT öz nüfuzunu formal tədbirlərlə zədələməkdə maraqlı deyil. İnsanları bu vəziyyətə salan idarəetmə modelidirsə, o zaman tənqid də ilk növbədə həmin modelə yönəlməlidir.

Təəssüf ki, son illər Agentliyin fəaliyyətində təhlükəli bir tendensiya formalaşıb. Mahiyyətdən daha çox görüntüyə üstünlük verilir. Tədbirlər keçirilir, təqdimatlar hazırlanır, çıxışlarda islahatdan danışılır, statistik rəqəmlər səsləndirilir. Amma bütün bu pafosun arxasında ən elementar idarəetmə problemləri həll olunmur.

Dövlət vəsaiti ilə maliyyələşən layihələrin əsas məqsədi sosial şəbəkələrdə şəkil paylaşmaq deyil. Məqsəd cəmiyyət üçün real nəticə yaratmaqdır. Tədbirin neçə şəkli çəkildiyi yox, hansı problemi həll etdiyi önəmlidir. Təəssüf ki, mövcud sistem QHT-ləri nəticə istehsal etməyə deyil, hesabat hazırlamağa sövq edir.

Ən acınacaqlısı isə budur ki, bütün bunlar tədricən normaya çevrilir. Sabah yenə eyni gecikmələr olacaq, yenə eyni izahatlar veriləcək, yenə eyni pafoslu çıxışlar səslənəcək, ilin sonunda isə yenə "uğurla icra edilmiş layihələr" barədə hesabat hazırlanacaq.

Amma cəmiyyət bütün bunları görür. QHT sektoru da görür.

Layihələri həyata keçirən insanlar da görür.

Görünməyən yalnız bir şeydir - illərdir vəd edilən islahatların real nəticəsi.

İslahat sözünü hər çıxışda işlətmək asandır. Çətin olan həmin islahatı idarəetmədə göstərməkdir. Təəssüf ki, bu gün ortada gördüyümüz mənzərə göstərir ki, Agentlik hələ də görüntü ilə nəticə arasındakı fərqi tam anlaya bilməyib.

Çünki islahat odur ki, problemlər azalır.

Burada isə problemlər əvvəl yaranır, sonra onlara bəraət qazandırılır.

Bu isə islahat deyil. Bu, sadəcə dövlət vəsaiti hesabına həyata keçirilən tezbazar layihələr sistemidir.(Yenixeberorg.com)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56