Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir

Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir

Mərkəzi Asiya və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri nəqliyyatdır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərkən bəyan edib.

"Xəzər dənizi bu gün ölkələrimizin nəqliyyat əlaqələrində getdikcə daha böyük rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanın Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir", - dövlət başçısı vurğulayıb.

Prezident qeyd edib ki, bu gün Xəzər vasitəsilə daşımaların həcmində əhəmiyyətli artım müşahidə olunur: "Bizim ümumi vəzifəmiz bu marşrutları daha səmərəli və rəqabətqabiliyyətli etməkdir".

İlham Əliyev vurğulayıb ki, Orta Dəhliz getdikcə daha çox əhəmiyyət kəsb edir: "Ötən il bu marşrut üzrə tranzit daşımalarının həcmi 10 %-dən çox, cari ilin ilk 8 ayında isə təqribən daha 20 % artıb".

İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfərə gedib.

Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşıladılar.

Azərbaycanın çoxvektorlu diplomatiyası - İlham Əliyevin yeni mesajları - ŞƏRH

 

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Azərbaycanın qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və s. məsələlərlə bağlı xarici siyasət istiqamətlərində əsas prioritetlərini ortaya qoydu.

Prezidentin çıxışında Azərbaycanın bundan sonrakı diplomatik kursunun əsas prinsipləri bir daha aydın şəkildə ortaya qoyuldu. Bəyan edildi ki, Azərbaycanın xarici siyasətinin əsasını bundan sonra da müstəqillik, milli maraqların qorunması, dövlət suverenliyi, çoxşaxəli beynəlxalq əlaqələr və heç bir siyasi düşərgədən asılı olmamaq təşkil edəcək.

Dövlət başçısı xüsusilə vurğuladı ki, Azərbaycan xarici siyasətini elə qurmalıdır ki, heç kim ölkənin daxili işlərinə müdaxilə edə bilməsin. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz milli maraqlarına əsaslanan müstəqil aktor kimi mövqeyini qorumaq niyyətini nümayiş etdirir.


Prezident bildirib ki, xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır və nüfuzumuz artır:

"Biz bir çox yeni formatlara qoşuluruq. Bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran və bir çox ölkələrlə, deyə bilərəm ki, bütün qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən ikinci ölkə çətin tapılsın, bəlkə də var. Amma hər halda bu, bir nadir təcrübədir. Təkcə son ayın hadisələrini xatırlatmaq kifayətdir ki, hər kəs görsün, bir-birinə, deməli, düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanda görüşürlər".

Və Azərbaycanın da seçilməsi təsadüfi deyil. İlham Əliyevin də qeyd etdiyi kimi, bunun səbəbi Azərbaycana olan inamdır: "Çünki bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır. İkincisi, indi bir çox ölkələr müxtəlif düşərgələrə üzv olublar, yaxud da ki, olmaq istəyirlər".

Azərbaycanın müstəqillik tarixinin müxtəlif mərhələləri göstərib ki, dövlətin siyasi, iqtisadi və hərbi baxımdan güclü olması onun xarici siyasətdə manevr imkanlarını genişləndirir. Və xarici siyasətimizin ən mühüm xüsusiyyətlərindən biri müxtəlif güc mərkəzləri ilə paralel şəkildə münasibətlər qurmasıdır. Azərbaycan çoxsaylı ölkələrlə, o cümlədən dünyanın müxtəlif qütbləri ilə əlaqələr saxlayır və öz maraqlarını müdafiə edir. Bu siyasətin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan beynəlxalq münasibətlərdə yalnız bir güc mərkəzinə bağlanmır. Əksinə, müxtəlif dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurur. Bu isə ölkəyə mürəkkəb və sürətlə dəyişən beynəlxalq şəraitdə daha geniş diplomatik manevr imkanları verir.

Azərbaycanın yürütdüyü xarici siyasət kursunun mahiyyəti nədir? Bu siyasət heç bir düşərgəyə qoşulmamaqdan ibarətdir və Prezidentin də ifadə etdiyi kimi bundan sonra da belə olacaq. Və bu yanaşma ölkənin xarici siyasətində strateji müstəqilliyin qorunmasının əsas göstəricilərindən biri kimi təqdim olunur. Xarici siyasət modelini bir cümlə ilə ifadə etmək mümkündür: dost və tərəfdaşların sayını artırmaq, lakin milli maraqlar hesabına heç bir asılılıq yaratmamaq.

Azərbaycan geniş geosiyasi proseslərin iştirakçısıdır

Prezidentin çıxışında Azərbaycanın beynəlxalq nüfuzunun artması ilə bağlı səsləndirdiyi fikirlərə gəldikdə, bu, ölkənin son illərdə əldə etdiyi diplomatik nəticələrin miqyasını göstərir. Azərbaycanın beynəlxalq təşkilatlarda fəallığının artması, müxtəlif siyasi və iqtisadi platformalarda iştirakının genişlənməsi ölkənin yalnız Cənubi Qafqaz çərçivəsində deyil, daha geniş Avrasiya məkanında mühüm tərəfdaş kimi qəbul edilməsinə şərait yaradıb.

Dövlət başçısı Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsini də xüsusi hadisə kimi qeyd edib. Azərbaycanın coğrafi baxımdan Mərkəzi Asiyada yerləşməməsinə baxmayaraq, region dövlətləri ilə siyasi, iqtisadi, nəqliyyat və enerji əlaqələrinin inkişafı onun həmin platformaya inteqrasiyasına zəmin yaradıb. Bu fakt Azərbaycanın xarici siyasətində coğrafi sərhədlərin imkanlarından daha geniş yararlanma ənənəsinin formalaşdığını göstərir. Bakı həm Qərb, həm Şərq, həm Şimal, həm də Cənub istiqamətlərində əlaqələrini inkişaf etdirərək özünü müxtəlif regionları birləşdirən mühüm tərəfdaş kimi təqdim edir.

Çin və ABŞ ilə strateji tərəfdaşlıq

"Deyə bilərəm ki, son müddət ərzində iki tarixi hadisə baş vermişdir. Çin və Amerika ilə strateji tərəfdaşlıq münasibətləri qurduq. Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsi imzalanmışdır, Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanmışdır. Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur. Bax, bu iki supergüclə Azərbaycan strateji tərəfdaşdır. Yəni bizim əhalimiz, ərazimiz o qədər də böyük deyil. Nədir bu? Bax, bizə olan inam, bizə olan münasibət, bizim sözümüzə olan inam".

Prezident bununla da, Çinlə hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyannamənin, ABŞ ilə isə Strateji Xartiyanın imzalanmasını Azərbaycanın xarici siyasətində mühüm hadisələr kimi qiymətləndirib. Bu iki ölkənin dünya siyasətindəki çəkisi nəzərə alınarsa, Azərbaycanın hər iki istiqamətdə strateji tərəfdaşlıq münasibətləri qurması Bakının xarici siyasətinin balanslaşdırılmış xarakterini göstərir.

Çin dünyanın əsas iqtisadi və geosiyasi güclərindən biri, ABŞ isə qlobal siyasi, iqtisadi və təhlükəsizlik sistemində aparıcı dövlətlərdən biri olaraq qalır. Bu iki fərqli güc mərkəzi ilə eyni vaxtda strateji münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın heç bir qütbün qarşısında digər tərəfi seçmək məcburiyyətində olmadığını nümayiş etdirir. Burada əsas məsələ tərəf seçmək deyil, Azərbaycanın milli maraqlarına uyğun tərəfdaşlıq imkanlarından istifadə etməkdir.

İslam dünyasında Azərbaycanın artan rolu

Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri də İslam dünyası ilə əlaqələrin inkişaf etdirilməsidir. Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsini mühüm hadisə kimi qeyd edib. Və bəyan edib ki, 30 il ərzində ora bir dənə də olsun yeni üzv qəbul edilməyib və tək Azərbaycan bu şərəfli məsələyə nail oldu, artıq D-8-in üzvüyük:

"İslam Əməkdaşlıq Təşkilatı ilə bizim çox sıx əlaqələrimiz var. Gələn il Azərbaycanda Zirvə Görüşü keçirilməlidir. Bu Zirvə Görüşü sıradan Zirvə Görüşü olmayacaq, çünki bu gün əfsuslar ki, İslam ölkələri bir-biri ilə müharibə aparırlar. Bu bizi çox narahat edir, çox məyus edir, bu olmamalı idi heç vaxt. Hamı yaxşı bilir ki, biz İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər böyük səylər göstəririk və burada da birləşdirici rol oynayırıq. Buna həm bizim tariximiz və bu günümüz, siyasi addımlarımız və imkanlarımız şərait yaradır".

Prezidentin bu sözlərində ən mühüm məqam ondan ibarətdir ki, Azərbaycan müsəlman dövlətləri arasında sülh əmin-amanlığın təmin olunmasına çalışır. Və islam dünyası da bu mesaja xüsusi önəm verməli, qiymətləndirməlidir. Azərbaycanın İslam dünyasında oynadığı rol təkcə siyasi münasibətlərlə məhdudlaşmır və Bakı İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlığın genişləndirilməsi və müxtəlif mədəniyyətlər arasında dialoqun təşviqində də fəallıq göstərir.

Avropa ilə münasibətlərdə strateji tərəfdaşlıq

Avropa İttifaqına üzv dövlətlərlə münasibətləri də Azərbaycanın xarici siyasətin mühüm istiqamətlərindən biri kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyev Azərbaycanın Aİ-nin bir sıra üzv dövlətləri ilə strateji tərəfdaşlıq haqqında sənədlərə malik olduğunu bildirib və əlavə edib ki, bu format artıq 10 Aİ üzv dövlətini əhatə edir.

Bu münasibətlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, nəqliyyat və logistika sistemində və regional əməkdaşlıq layihələrində rolunu artırır. Enerji məsələsi burada xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın neft, qaz, elektrik enerjisi və digər enerji resurslarının ixrac imkanları ölkənin beynəlxalq iqtisadi və siyasi çəkisinin artmasına şərait yaradır. Prezident çıxışında enerji təhlükəsizliyinin milli təhlükəsizliklə birbaşa bağlı olduğunu vurğulayıb.

Beləliklə, İlham Əliyevin qurultayda xarici siyasətlə bağlı çıxışı Azərbaycanın yeni geosiyasi mərhələdə öz qarşısına qoyduğu məqsədləri aydın şəkildə ortaya qoyur. Bu kursun əsasını milli maraqların müdafiəsi, güclü dövlət, balanslaşdırılmış tərəfdaşlıq diplomatiyası təşkil edir.

Qurultayda səsləndirilən mesajlardan belə nəticə çıxarmaq olar ki, Azərbaycanın qarşıdakı mərhələdə xarici siyasətinin əsas məqsədi sadəcə mövcud mövqeləri qorumaq deyil - hədəf daha fəal diplomatiya aparmaq, yeni tərəfdaşlıqlar qurmaq, Azərbaycanın beynəlxalq çəkisini artırmaq və bütün bunları milli maraqların, dövlət suverenliyinin və müstəqil qərarvermənin qorunması ilə paralel həyata keçirməkdir. Bu baxımdan, Azərbaycanın xarici siyasət kursu yeni dünya düzənində özünəməxsus model kimi formalaşır. Bu kurs da çoxvektorlu xarici siyasət kursu və əməkdaşlığı, milli maraqlardan geri çəkilməməyi özündə ehtiva edir.(Report)

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb.

Mətndə deyilir:

"Zati-aliləri,

Xanımlar və cənablar,

Qlobal ictimaiyyəti birbaşa iqlim böhranı ilə mübarizənin ön sıralarına gətirən bu unikal Pre-COP Liderlər Tədbirini təşkil etdiklərinə görə Fici, Tuvalu və Avstraliya hökumətlərinə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirəm.

COP29-a uğurla ev sahibliyi etmiş ölkə olaraq, Azərbaycan davamlılığın təmin edilməsinə və qlobal iqlim gündəliyinin irəlilədilməsinə sarsılmaz sadiqliyini nümayiş etdirərək bu yüksəksəviyyəli tədbirə qoşulur. COP tədbiri ilə bağlı təcrübəmiz iqlim fəaliyyətinin nə təxirə salına, nə də təcrid olunmuş şəkildə həyata keçiriləcəyini bir daha təsdiqlədi. Bu gün buraya Bakı COP29-un irsini qarşıdakı əsas qərarlarla əlaqələndirmək və Azərbaycanda qurulan dinamikanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 31-ci Sessiyasının (COP31) uğurla keçirilməsinə aparan yolu birbaşa dəstəkləməsini təmin etmək üçün toplaşmışıq.

Bu tədbirin Sakit okean regionunda, xüsusən də iqlim dəyişmələrinin gündəlik reallıq olduğu ölkələr Tuvalu və Ficidə keçirilməsi rəmzi məna daşıyır. Bu gün Yer kürəsində heç bir region iqlim dəyişmələrinin təsirlərindən kənarda qalmayıb, lakin Tuvalu kimi bəzi ölkələr üçün bu, ekzistensial təhdid yaradır.

Azərbaycan Xəzər dənizinin səviyyəsinin azalması, su çatışmazlığı və tez-tez baş verən daşqınlar kimi iqlimlə bağlı çağırışlarla üzləşsə də, biz inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) iqlim böhranına ən çox məruz qaldığını qəbul edirik. Bu dövlətlər qlobal istixana qazları tullantılarına cüzi səbəb olmalarına baxmayaraq, iqlim dəyişmələri onların iqtisadiyyatına və infrastrukturuna qeyri-mütənasib şəkildə təsir göstərir, dolanışıq mənbələrini və ekosistemləri məhv edir.

Azərbaycan bu böhranın ən ağır nəticələri ilə üzləşən ölkələri səslərinin yalnız eşidilməsini deyil, həm də onların qlobal iqlim siyasətinin formalaşdırılmasına fəal töhfə verməklərinin tərəfdarı olaraq çıxış edib. Bu ölkələrin özünəməxsus həssaslıqlarının aradan qaldırılması daha sıx beynəlxalq əməkdaşlıq və əlaqələndirilmiş qlobal fəaliyyət tələb edir. İnkişaf etməkdə olan kiçik ada dövlətlərini müdafiə etmək ümumi məsuliyyətimiz olmaqla yanaşı, heç bir dövlətin diqqətdən kənarda qalmamasını təmin etmək uğrunda yönəlmiş mənəvi borcumuzdur.

Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik və onların problemlərini beynəlxalq aləmin diqqət mərkəzində saxlamağa çalışdıq. COP29-dan əvvəl Baham adaları, Tonqa və Tuvalu liderləri Azərbaycanda bir araya gəldilər. Bu səfər inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarını vurğulayan və daha güclü qlobal iqlim tədbirlərinə çağırış edən Bakı Kommünikesinin qəbul edilməsi ilə nəticələndi.

COP29 inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə münasibətlərimizdə yeni bir mərhələnin əsasını qoydu. 2024-cü ildə Bakıda COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin İqlim Dəyişmələri üzrə Liderlər Sammiti həmin dövlətlərin üzləşdiyi çağırışlar barədə məlumatlılığı artırmaq üçün mühüm platforma rolunu oynadı. Bu Sammitdə inkişaf etmiş bütün ölkələri, xüsusilə də müstəmləkə keçmişi olan ölkələri inkişaf etməkdə olan kiçik ada dövlətlərinə iqlim dəyişmələri ilə mübarizədə dəstək olmaq üçün töhfələrini əhəmiyyətli dərəcədə artırmağa çağırdım.

Çoxtərəfli əməkdaşlığımızla yanaşı, inkişaf etməkdə olan kiçik ada dövlətlərini onların milli prioritetlərinə və inkişaf üzrə ehtiyaclarına uyğunlaşdırılmış ikitərəfli əməkdaşlıq vasitəsilə də dəstəklədik. Dünyada ən çox fəlakətlə üzləşən bir sıra ölkələrə qasırğaların, zəlzələlərin və daşqınların təsirlərinin azaldılmasında dəstək verdik. Həmçinin su təchizatı, ərzaq təhlükəsizliyi və mədəni irsin bərpası layihələrini dəstəklədik. İnkişaf etməkdə olan 10-dan çox kiçik ada dövlətinin Təhsil Qrantı Proqramımızdan faydalanması onların vətəndaşlarına Azərbaycandakı universitetlərdə təhsil almasına imkan yaratdı.

İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələrinə dayanıqlılığını artırmaq üçün daha bir mühüm addım olaraq, 2024-cü ildə Azərbaycan və Millətlər Birliyi arasında Birgə Bəyannamə imzalanmışdır. Azərbaycan bu ölkələrdə iqlim dəyişmələri ilə mübarizə sahəsində layihələri dəstəkləmək üçün 5 il müddətində 10 milyon ABŞ dolları məbləğində yardım göstərir. Millətlər Birliyi ilə əməkdaşlığımız, həmçinin ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycan Kosmik Agentliyi - Azərkosmos tərəfindən təqdim edilən peyk məlumatlarından istifadəni də nəzərdə tutur.

Zati-aliləri,

Azərbaycanı inkişaf etməkdə olan kiçik ada dövlətlərindən minlərlə kilometr məsafə ayırsa da, bizi iqlim dəyişmələrinə dayanıqlılığı artırmaq üçün ortaq qətiyyət birləşdirir. Biz həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olmuşuq və dayanıqlı inkişafa nail olmaq, iqlim dəyişmələri ilə mübarizə aparmaq səylərində onları dəstəkləməyə davam edəcəyik.

Ümid edirəm ki, bu toplantı kollektiv səsimizi daha da gücləndirəcək və Antalyada keçiriləcək COP31-ə hazırlıq ərəfəsində mühüm addım olacaq. Fürsətdən istifadə edərək, Türkiyənin və Avstraliyanın qarşıdan gələn COP31 sədrliyinə Azərbaycanın tam dəstəyini ifadə edir və müxtəlif qitələri birləşdirən bu unikal tərəfdaşlıq formatını yüksək qiymətləndirdiyimi bildirirəm.

Bu tədbirə uğurlar arzulayıram. Təşəkkür edirəm".

Azərbaycanın Zəfəri – aparıcı güclərin sınan müqaviməti - ŞƏRH

Azərbaycanın Zəfəri – aparıcı güclərin sınan müqaviməti - ŞƏRH

İkinci Qarabağ müharibəsində Zəfərin əldə olunması Azərbaycan üçün asan başa gəlməyib. İlk növbədə, torpaqların dinc yolla, dialoqla BMT Təhlükəsizlik Şurasının (TŞ) məlum dörd qətnaməsinin icrasına, yəni Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasına cəhdlər edilirdi. Bunun üçün ATƏT-in Minsk qrupu və həmsədrlərindən (artıq ləğv olunub - red.) bu yöndə fəaliyyəti artırmaq, işğalçı Ermənistanı tənbeh etmək, BMT TŞ sənədlərini icra etmək tələb olunurdu.

Bu müddət ərzində Azərbaycan torpaqlarının sülh yolu ilə azad edilməsi üçün siyasi-diplomatik istiqamətdə fəaliyyət göstərsə də, ordu quruculuğu işlərini də davam etdirirdi. Yeni, müasir hərbi texnika və avadanlıqlarla ordunun təchiz və təmin edilməsi rəsmi Bakının əsas vəzifələrindən biri idi.

Rəsmi İrəvan Azərbaycanın torpaqlarını güzəştə getməsi qarşılığında "sülhə razılıq" verəcəyini, Azərbaycanın işğal altında olan torpaqlarından kənara çıxaraq yeni əraziləri ələ keçirmək istəyini rəsmən etiraf edirdi. Bununla da Ermənistan 2020-ci il sentyabrın 27-dək Azərbaycana qarşı yeni əraziləri ələ keçirmək üçün müharibəyə hazırlaşırdı. Onlar bu iddialarını gizlətmir, beynəlxalq tədbirlərdə, ABŞ və Avropa İttifaqı ölkələrində açıq şəkildə bəyan edirdilər. 2016-cı ilin aprelində dördgünlük döyüşlər Ermənistanın işğalçı siyasətini davam etdirəcəyinə, Cənubi Qafqazda sabitlik, əmin-amanlıq, sülh və əməkdaşlıq istəmədiyinə dair faktlardandır.

Ermənistan və havadarları bu kimi fəaliyyətləri ilə beynəlxalq hüququ, BMT nizamnaməsini kobud şəkildə pozur, onu görməzlikdən gəlirdi.

Hakimiyyətə gələndə sonra Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyanın Ermənistanın işğal altında saxladığı Azərbaycanın Şuşa şəhərinə qanunsuz səfəri və orada, hərbçilərlə birlikdə əylənməsi, separatçı-terror ünsürlərin Şuşada yeni parlament binası açmaq planı və başqa addımlar Azərbaycanı müharibə yolunu seçməyə vadar etdi.

Rəsmi İrəvanın təxribat və təhrikləri, pozculuq məqsədli addımları cavabsız da qalmırdı.

Prezident İlham Əliyevin Nikol Paşinyanın Xankəndi və Tehranda səsləndirdiyi iddialı və hikkəli şüarına ("Qarabağ Ermənistandır və nöqtə") qarşı "Qarabağ Azərbaycandır və nida işarəsi" kimi qətiyyətli cavabı Azərbaycan cəmiyyəti üçün qürurverici və ümidverici bəyanat, beynəlxalq ictimaiyyətə ismarışı idi. O, Qarabağın həm tarixi, həm də beynəlxalq hüquq baxımından Azərbaycan torpağı olduğunu isbatladı. Dövlət başçısı bununla torpaqları güzəştə getməyəcəyinin də anonsunu verdi.

2020-ci il sentyabrın 27-də Azərbaycan Prezidentinin müharibənin başlaması ilə bağlı ölkə əhalisinə müraciəti, ərazilərin azad ediləcəyini qəti şəkildə bildirməsi Prezident, Silahlı Qüvvələr və Xalq arasında birliyin güclənməsi üçün stimul oldu. Dövlət başçısının torpaqların azad ediləcəyi ilə bağlı irəli sürdüyü şüarlar bu birliyi daha da möhkəmləndiridi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-də Ermənistanın işğalçılığına, qanuna, insanlığa, beynəlxalq hüquqa, beynəlxalq münasibətlərə, BMT-nin nizamnaməsinə zidd addımlara cavab tədbirləri görməyə, onların bütün istiqamətlərdə təxribatlara qarşı genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı.

Azərbaycan Silahlı Qüvvələri barəsində miflər deyilən, şişirdilən, havadarlı, işğalçı Ermənistan ordusunu, silahlılarını 44 günlük əks-hücumla diz çökdürdü, ölkə rəhbərliyini kapitulyasiya aktını imzalamağa vadar etdi. 2020-ci il noyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiyanın Prezidenti Vladimir Putin tərəfindən imzalanmış Üçtərəfli Bəyanat bunun sənədli, hüquqi əsasıdır. Həmin sənəddə Kəlbəcər, Ağdam , Laçın rayonlarından işğalçı silahlıların çıxması ilə bağlı öhdəliyin götürülməsi kapitulyasiya aktına ən bariz örnəkdir.

Daha sonra Azərbaycanın işğaldan azad etdiyi ərazilərində Rusiya sülhməramlı hərbçilərin fəaliyyəti və xidməti Qarabağdakı erməni separatçı-terrorçu qüvvələrin "revanş" etmələri üçün stimul verirdi. Qarabağda müvəqqəti yerləşdirilən "sülhməramlı" hərbçilər ermənilərdən ibarət yeni silahlı qruplar yaradırdı.

Rəsmi Bakı bölgədəki RF hərbçilərinin mandatlarına uyğun olmayan əməllərlə məşğul olduqlarını dəfələrlə Kremlin diqqətinə çatdırsa da, sülhməramlı qoşun anti-Azərbaycan fəaliyyətindən əl çəkmirdi.

Beləliklə, rəsmi İrəvan və Moskva 9 noyabr sənədinə əməl etmək istəmir, Qarabağdakı varlıqlarını müxtəlif bəhanələrlə uzadırdılar. Bu azmış kimi, Azərbaycanın yeraltı sərvətləri qanunsuz olaraq istismar edilirdi. Belələrindən biri 2022-ci ildə İsveçrədə qeydiyyatdan keçmiş "Vallex Group"a daxil olan erməni "Base Metals" Qapalı Səhmdar Cəmiyyətidir. O, Azərbaycanın Ağdərə rayonu ərazisindəki "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarını qanunsuz şəkildə istismar edirdi.

Həmin il dekabrın 28-də Azərbaycan ictimaiyyətinin fəalları şirkətin bu qanunsuz əməllərinə etiraz olaraq Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirdilər. Şirkət fəaliyyətini müvəqqəti dayandırdı. "Vallex Group"un rəhbəri Valeri Mejlumyan, İsveçrə vətəndaşı Vartan Sirmakes və "Base Metals"ın direktoru Artur Mkrtumyan Azərbaycan tərəfindən beynəlxalq axtarışa verildi.

2022-ci ilin oktyabr ayında Azərbaycan Baş Prokurorluğu azad olunmuş ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan və ümumilikdə 3 milyon manatdan çox gəlir əldə etmiş 6 şirkətin qanunsuz əməlləri ilə bağlı araşdırmalara başladığını açıqlamışdı.

Separatçı-terrorçuların fəaliyyəti bununla bitmirdi. Rusiya vətəndaşı, erməni milyarder Ruben Vardanyanın əməlləri ilə regionda maraqları, hədəfləri olan qüvvələrin bu kimi niyyətlərini reallaşdırmaq üçün separatçıların tör-töküntülərindən necə yararlandıqlarını izləmək olar.

Silahlı qrupların hazırlanması, topaqlarındakı sərvətlərin qanunsuz istismarı, Azərbaycan Ordusuna qarşı bölgədə təxribatın aparılması kimi hallar ölkənin suverenliyinin tam bərpası üçün addımlar atmasına əsas verdi.

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra qondarma qurumun "rəhbəri" Samvel Şahramanyan "özlərini buraxdıqlarına" dair "fərman" imzaladı. Ardınca separatçı-terrorçular Azərbaycan hakimiyyətinə təslim oldular.

Antiterror əməliyyatından sonra Prezident İlham Əliyev Qarabağda yaşayan erməni əhalinin Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı müraciət etdi. Dövlət onların dil, mədəniyyət, təhsil, din və bələdiyyə hüquqlarının qorunmasına, təhlükəsizliklərinə tam təminat verdi. Azərbaycan dövləti onları öz vətəndaşı hesab edərək, inteqrasiya prosesi sayəsində onların təhlükəsizlik və rifah şəraitinin daha da yaxşılaşacağına zəmanət verdi.

Azərbaycan birgəyaşayışa alternativin olmadığını bəyan edirdi. Prezident İlham Əliyev qeyd etmişdi ki, ermənilərin gələcəyi yalnız Azərbaycan Konstitusiyası çərçivəsində və Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir.

Erməni sakinlər isə Qarabağı könüllü tərk edərək Azərbaycandan getməyə üstünlük verdilər.

Beləliklə, birgünlük antiterror əməliyyatından sonra sentyabrın 20-də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bütün xarici silahlı qüvvələr, terrorçular ölkə ərazisindən çıxarıldı. Bu, yüz ildən artıq yaşı olan erməni və havadarlarının Azərbaycana qarşı erməni aləti ilə yürütdüyü siyasətin, əməlin iflası idi.

Ötən əsrin əvvəllərində erməni havadaraları Azərbaycan torpaqları əsasında Ermənistan dövlətini qurumuşdu. Onlar yüz il bu etnik qrupu "Böyük Ermənistan" quracaqları düşüncəsi ilə yaşatmışdı. Ancaq bəhs etdiyimiz qısa müddətdə bu ideyaların, sistemlərin puç, mənasız və əhəmiyyətsiz olduğu təsdiqləndi.

Böyük güclər təxminən 30 ilə yaxın dövrdə Azərbaycana torpaqları güzəştə getməsi üçün təzyiqlər edib. Onlar Azərbaycan torpaqlarında daha bir erməni dövlətlərinin yaranmasına çalışırdılar.

Azərbaycan siyasi-diplomatik, hərbi addımları lazım olan vaxt və yerdə atdığı üçün Zəfər əldə etdi. Bununla o, Cənubi Qafqaza yeni mahiyyət qazandırdı. Vaxtilə ona torpaqları güzəştə getməyə məcbur edənlər, onunla iqtisadi, mədəni, hərbi sahələrdə əməkdaşlıq etməyə, strateji müttəfiq olmağa başladılar.

Bu gün Azərbaycan dünyanın təhlükəsiz enerji təminatında aparıcı, etibarlı rollardan birini oynayır. O, beynəlxalq arenada ərazi bütövlüyü məsələsini müdafiə edir. Rəsmi Bakı bu mövqeyini bütün səviyyələrdə qətiyyətlə acılayır. Bununla da Azərbaycan fəaliyyəti heçə endirilən beynəlxalq hüququn dirçəlməsi istiqamətində əməli addımlar atır.

Bu Zəfər nəticəsində Azərbaycan Mərkəzi Asiya-Cənubi Qafqaz və Avropa arasında, habelə TDT-də birləşdirici rolda çıxış edir. Odur ki, Azərbaycanın Zəfəri artıq regional və qlobal mahiyyət daşıyır.

Bu qələbə "real Ermənistan" ideyasının yaranmasına belə yol açdı...(Report)

Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH

Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH


3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcı, ölkənin tarixində mühüm siyasi əhəmiyyətə malik tarixdir. Həmin vaxt prezident seçkisində ümumxalq səsverməsi ilə Heydər Əliyev hakimiyyətə gəldi. Ümummilli Lider Heydər Əliyevin 98.84 faiz səslə Prezident seçilməsi ölkənin sonrakı siyasi və iqtisadi inkişafı üçün mühüm zəmin yaratdı. Ümummilli Liderin rəhbərliyi ilə həmin tarixdən etibarən bütün sahələri əhatə edən islahatların həyata keçirilməsinə başlanıldı.

Prezident İlham Əliyev oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışında Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması prosesindən də bəhs edib. Bildirib ki, onun hakimiyyətə gəlməsi xalqın tələbi idi:

"Çünki xalq çox yaxşı bilirdi ki, məhz Heydər Əliyev Politbürodan, sovet hakimiyyətindən uzaqlaşdırılandan sonra iki həftə keçməmiş - 1987-ci ilin noyabrında erməni millətçilər Qarabağı Ermənistana birləşdirmək üçün məsələ qaldırmışdılar. Bu təklif sovet rəhbərliyi və Bakı cəlladı Qorbaçov tərəfindən dəstəklənmişdir. Faktiki olaraq sovet rəhbərliyi o vaxt öz qərarını vermişdi. Azərbaycanda isə hakimiyyətdə oturan satqın rəhbərlər və bütövlükdə satqın rəhbərlik, sadəcə olaraq, onların əlində bir alət idi. Təsəvvür edin, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın".

Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi

Sonrakı dövrdə, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqının iradəsi, Ulu Öndərə olan inamı, onun siyasi xətti uğurlu addımlara səbəb oldu.

Qeyd edək ki, Ulu Öndərin siyasi fəaliyyətində dövlətçilik məsələsi xüsusi yer tuturdu. Bu baxımdan, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi mühüm tarixi hadisə oldu. Konstitusiyanın qəbulu müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğu istiqamətində mühüm mərhələ yaratdı. Dövlət hakimiyyətinin əsas prinsipləri, vətəndaş hüquq və azadlıqları, dövlət quruluşunun hüquqi əsasları müəyyənləşdirildi. Bununla yanaşı, ölkədə aparılan iqtisadi islahatlar Azərbaycanın gələcək inkişafı üçün yeni imkanlar formalaşdırdı.

1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması isə Azərbaycanın enerji strategiyasının əsasını qoyan mühüm hadisələrdən biri kimi tarixə düşdü. Bu müqavilə ölkənin beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə, xarici sərmayələrin cəlb olunmasına və enerji potensialının iqtisadi inkişaf üçün səfərbər edilməsinə imkan yaratdı.

Beləliklə, Heydər Əliyev dövründə formalaşan dövlətçilik və iqtisadi inkişaf modeli sonrakı mərhələlərdə Azərbaycanın imkanlarının genişlənməsinə zəmin yaratdı.

Siyasi irsin davamı

Heydər Əliyevin siyasi irsinin əsas xüsusiyyətlərindən biri onun konkret bir tarixi dövrün çərçivəsində qalmaması və sonrakı mərhələlərdə inkişaf etdirilməsidir. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması, ordu quruculuğunun gücləndirilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətləri davam etdirildi. İllər ərzində Azərbaycanın iqtisadi imkanlarının artması dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün də yeni resurslar yaratdı. Müasir hərbi texnologiyaların əldə edilməsi, ordunun maddi-texniki bazasının yenilənməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması və müdafiə sənayesinin inkişafı Azərbaycanın milli təhlükəsizlik strategiyasında mühüm yer tutdu. Bu prosesin nəticələri 2020-ci ildə özünü xüsusilə aydın şəkildə göstərdi.

Tarixi Zəfərə aparan yol

Həmin il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixinin ən mühüm hadisələrindən biri oldu. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan düşmən tapdağında olan ərazilərini işğaldan azad etdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla - Ermənistanın kapitulyasiyası ilə - hərbi əməliyyatların dayandırılması və bölgədə yeni reallıqların formalaşması rəsmiləşdirildi.

Vətən müharibəsində əldə olunan nəticə Azərbaycanın uzun illər ərzində həyata keçirdiyi dövlət quruculuğu, ordu quruculuğu, iqtisadi inkişaf və diplomatik fəaliyyətin yaratdığı imkanların fonunda baş verdi. Bu baxımdan, 1993-cü ildən etibarən dövlət institutlarının möhkəmləndirilməsi ilə 2020-ci ildə əldə olunan hərbi nəticələr arasında siyasi və tarixi ardıcıllıq məsələsi xüsusi əhəmiyyət daşıyır.

Lakin Azərbaycan üçün qarşıda daha bir mühüm mərhələ dayanırdı: dövlət suverenliyinin ölkənin bütün ərazisində tam təmin edilməsi. 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan dövlətinin suverenliyi ölkənin bütün ərazisində bərpa edildi. Beləliklə, 1993-cü ildə dövlətçiliyin qorunması və möhkəmləndirilməsi ilə başlayan siyasi proses 2020-ci ildə ərazi bütövlüyünün bərpası, 2023-cü ildə isə suverenliyin tam təmin olunması ilə yeni məzmun qazandı.

Böyük Qayıdış və yeni inkişaf mərhələsi

Ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Bu istiqamətdə həyata keçirilən Böyük Qayıdış proqramı Azərbaycanın müharibədən sonrakı inkişaf gündəliyinin əsas istiqamətlərindən birinə çevrilib. Şəhər və kəndlərin yenidən qurulması, nəqliyyat və enerji infrastrukturunun yaradılması, sosial obyektlərin inşası, məşğulluq imkanlarının formalaşdırılması və insanların öz doğma yurdlarına qayıtması azad edilmiş ərazilərin gələcək inkişafının əsas komponentləridir. Bu proses yalnız dağıdılmış yaşayış məntəqələrinin bərpası deyil, eyni zamanda, həmin ərazilərin Azərbaycanın iqtisadi və sosial həyatına yenidən inteqrasiyası baxımından da əhəmiyyət daşıyır.

Bugünkü Azərbaycan dövlətinin qarşısında artıq yeni vəzifələr dayanır. Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış prosesinin sürətləndirilməsi, ölkənin iqtisadi potensialının artırılması, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, regionda davamlı sülhün və əməkdaşlığın təşviqi həmin vəzifələr sırasındadır.

Bu mənada, Azərbaycanın son onilliklərdə keçdiyi yol ayrı-ayrı hadisələrdən ibarət deyil, bir-birini tamamlayan tarixi mərhələlər zənciridir. Dövlətçilik əsaslarının möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması, ordu quruculuğu, beynəlxalq mövqelərin gücləndirilməsi, ərazi bütövlüyünün bərpası və suverenliyin tam təmin edilməsi bu ardıcıllığın mühüm halqalarını təşkil edir.

Beləliklə, xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil dövlətçilik tarixində mühüm dönüş yaratdı. Onun rəhbərliyi ilə dövlət institutlarının möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və iqtisadi inkişaf üçün əsasların yaradılması sonrakı mərhələlər üçün mühüm zəmin formalaşdırdı. Bu siyasi irsin davam etdirilməsi nəticəsində Azərbaycan illər ərzində iqtisadi və hərbi potensialını gücləndirdi, beynəlxalq mövqelərini möhkəmləndirdi. 2020-ci il Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasına, 2023-cü ildə baş verən hadisələr isə dövlət suverenliyinin ölkənin bütün ərazisində tam təmin olunmasına gətirib çıxardı.

Bu baxımdan, Milli Qurtuluşdan tarixi Zəfərə, Zəfərdən isə Böyük Qayıdış mərhələsinə qədər uzanan yol Azərbaycan dövlətçiliyinin müasir tarixinin əsas siyasi xəttini təşkil edir. Heydər Əliyevin formalaşdırdığı dövlətçilik irsinin sonrakı mərhələlərdə davam etdirilməsi isə bu tarixi prosesin mühüm elementlərindən biri kimi çıxış edir.(Report)

Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri

Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri

Azərbaycanın müasir dövlətçilik tarixində elə taleyüklü tarixlər var ki, həmin günlər xalqın iradəsi ilə ölkənin gələcək taleyi bir nöqtədə kəsişir. Belə əlamətdar tarixlərdən biri də məhz 3 oktyabr tarixidir.

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilməsinin ildönümü kimi yaddaşlara əbədi həkk olunub. Maraqlıdır ki, dahi şəxsiyyət ölkə rəhbərliyinə demokratik yolla iki dəfə məhz bu tarixdə – 1993 və 1998-ci illərin 3 oktyabrında seçilmişdir.

1993-cü ilin payızında Azərbaycan çox ağır, demək olar ki, taleyin ümidinə buraxılmış bir dövrü yaşayırdı. Xaos, anarxiya, vətəndaş müharibəsi təhlükəsi və torpaqların itirilməsi təhlükəsi ölkəni içdən sarsıdırdı. Belə bir məqamda xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya qayıdan Heydər Əliyev ölkənin xilası üçün məsuliyyəti üzərinə götürdü.3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində Azərbaycan xalqı böyük bir yekdilliklə öz qərarını verdi. Seçicilərin təxminən 98.8 faizi Heydər Əliyevə səs verdi. Bu qələbə sadəcə bir seçki nəticəsi deyil, parçalanmaqda olan dövlətin xilası, cəmiyyətdə inamın bərpası və hüquqi dövlət quruculuğunun başlanğıcı idi.

Aradan keçən beş il ərzində Ümummilli Liderin qətiyyətli siyasəti sayəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu, "Əsrin müqaviləsi" imzalandı, ordu quruculuğunun əsası qoyuldu və beynəlxalq müstəvidə Azərbaycanın mövqeləri gücləndi. 3 oktyabr 1998-ci ildə ölkədə növbəti prezident seçkiləri baş tutdu. Çoxpartiyalı sistem və demokratik prinsiplər əsasında keçirilən bu seçkilərdə də xalq bir daha Heydər Əliyevə etimad göstərdi. İkinci dəfə prezident seçilən dahi lider Azərbaycanı daha parlaq sabahlara, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı.

3 oktyabr tarixi Azərbaycan xalqının öz Liderinə olan sonsuz sevgisinin, etimadının və birliyinin simvoludur. Heydər Əliyevin həmin illərdə əsasını qoyduğu güclü dövlətçilik strategiyası bu gün də uğurla davam etdirilir. Onun siyasi kursunun məntiqi davamı olaraq Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. 3 oktyabr tarixi Azərbaycan xalqının öz Liderinə olan sonsuz sevgisinin, etimadının və birliyinin simvoludur. Heydər Əliyevin həmin illərdə əsasını qoyduğu güclü dövlətçilik və inkişaf strategiyası bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilir. Ulu öndərin siyasi kursunun və uzaqgörən siyasətinin nəticəsidir ki, Azərbaycan qüdrətli bir dövlətə çevrilərək tarixi Zəfər əldə etdi, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.

Bu gün 3 oktyabra nəzər salanda bir daha əmin oluruq ki, xalqın seçimi hər zaman ən düzgün qərar olub. Ümummilli Liderin ideyaları və onun əsasını qoyduğu müstəqil siyasət bu gün zəfər çalmış Azərbaycanı daha işıqlı sabahlara aparır.

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer "Dostluq" ordeni ilə təltif edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, bu təltif Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə görədir.

İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur

İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur

Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsində hərbi və təhlükəsizlik məsələləri üçün təqribən 9 milyarda manata yaxın vəsait nəzərdə tutulub.

Bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, ölkənin ətrafında məkanlar alovlanıb, qaynayır. Müharibələr bitmir, əksinə, yeni müharibə, münaqişə ocaqları yaranır - həm Şimalda, həm Cənubda, həm də Yaxın Şərqdə:

"Yəni perimetr üzrə bizim ətrafımızda müharibələr, toqquşmalar davam edir və bu müharibələrin dayandırılması üçün heç bir beynəlxalq mexanizm yoxdur və yəqin ki, olmayacaq".

İlham Əliyev vurğulayıb ki, buna səbəb beynəlxalq hüququn tamamilə sıradan çıxmasıdır. O bildirib ki, buna əhəmiyyət verənlərin sayı kəskin azalır.

"Ona görə biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək. Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək. Ona görə bu, birinci vəzifədir və təsadüfi deyil ki, bizim bu gün müzakirə olunan dövlət büdcəmizdə, gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və təqribən 9 milyard manata yaxın vəsait bu məqsədlər üçün nəzərdə tutulur. Təbii ki, bizim başqa ehtiyaclarımız da var - ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun bərpası, insanların sosial vəziyyətinin yaxşılaşdırılması. Biz bunu da edirik və müzakirə olunan büdcədə bütün bunlar nəzərdə tutulur. Ancaq əgər biz özümüzü qoruya bilməsək, onda bizim başqa hər hansı bir layihə tamamilə əhəmiyyətsiz olacaq", - İlham Əliyev deyib.

ADEX 2026 - Azərbaycanın müdafiə sənayesinin idxaldan ixraca uzanan strateji yolu - ŞƏRH

ADEX 2026 - Azərbaycanın müdafiə sənayesinin idxaldan ixraca uzanan strateji yolu - ŞƏRH


Sentyabrın 30-da Bakı növbəti möhtəşəm tədbirə - VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə (ADEX) qapılarını açdı. Oktyabrın 2-nə qədər davam edəcək ADEX 2026 və Securex Caspian sərgilərində ümumilikdə 53 ölkə təmsil olunur, 30 ölkədən 280 şirkət və təşkilat iştirak edir.

Sərgilərdə stendlərlə təmsil olunan ölkələr arasında Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Litva, Macarıstan, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digər ölkələr var. Siyahıda həm NATO ölkələrinin, həm Avropa dövlətlərinin, həm də Asiya və region ölkələrinin yer alması ADEX-in müxtəlif müdafiə sənayesi bazarlarını və istehsalçılarını bir araya gətirdiyini göstərir. Bu siyahının coğrafi müxtəlifliyi ADEX-in yalnız müəyyən bir regionun deyil, fərqli müdafiə sənayesi bazarlarının təmsil olunduğu geniş platformaya çevrildiyini göstərir.

ADEX vasitəsilə Azərbaycan müdafiə sənayesi imkanlarını təqdim edir, yeni müqavilələr imzalayır, istehsal olunan hərbi sənaye məhsullarını xaricə ixrac edir. Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonu da məhz bu məqsədlə tamamilə milli ekspozisiya üçün ayrılıb. Bu pavilyonda müdafiə sənayesi məhsulları ilə yanaşı, Azərbaycanın kosmik sənaye və mühəndislik sahələrindəki istehsal və innovasiya imkanları da nümayiş olunur. Bu da göstərir ki, Azərbaycan üçün müdafiə sənayesi sadəcə silah və sursat istehsalı olmaqdan da geniş məfhum ifadə edir. Bu sahənin ətrafında formalaşan texnologiya və mühəndislik imkanları da fərqli bir istehsal istiqamətinə çevrilib. Sərgi çərçivəsində isə yerli müəssisələrlə birbaşa təmas qurmaq imkanları da təqdim edilir. 2014-cü ildə keçirilən sərgidə əgər 34 ölkə iştirak edirdisə, 2026-cı ildə keçirilən sərgidə 53 ölkənin təmsil olunması ADEX-ə beynəlxalq marağın genişlənməsini sübut edir.

ADEX-də Azərbaycanın bu gün nümayiş etdirdiyi imkanlar əslində müdafiə sənayesinin sistemli şəkildə qurulması sayəsində ortaya çıxır. Hər şey 2005-ci ilin 16 dekabr tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyinin yaradılması ilə başladı. Həmin dövrdə atılan bu vacib addımın əslində əsas məqsədi ordunun ehtiyaclarının böyük bir hissəsini daxili istehsal hesabına qarşılamaq, xarici asılılığı azaltmaq idi. Bu addımın əhəmiyyəti həm də ondan ibarət idi ki, müdafiə sənayesinin inkişafı ayrı-ayrı müəssisələrin fəaliyyəti kimi deyil, uzunmüddətli dövlət siyasətinin tərkib hissəsi kimi müəyyənləşdirildi. Bu addım sayəsində isə təkcə ehtiyacları qarşılayan yox, gələcək təhlükəsizlik çağırışlarına hazırlaşan strateji sahəyə çevrildi.

Qısa müddətə qarşıya qoyulan məqsədə doğru atılan addımlar öz bəhrəsini verdi. Əgər 2007-ci ildə müdafiə təyinatlı məhsulların sayı 213 idisə, bu gün ölkədə 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu gün yerli istehsalın əhatəsində atıcı silahlar və sursatla yanaşı, zirehli texnika, pilotsuz uçuş aparatları, robot sistemləri və digər müasir müdafiə vasitələrinin yer alması da həmin dəyişimin miqyasını göstərir. Bu isə daxili ordu tələbatını qarşılamaqla yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin xarici tədarükçülərdən asılılığını ciddi şəkildə azaldıb. 2016-cı il Aprel döyüşləri zamanı yerli istehsal silah və PUA-lardan istifadə edilməsi həm də yerli məhsullar üçün praktiki sınaq sayıldı. Yerli məhsullar real döyüş şəraitində tətbiq edildi. Eyni xətt 44 günlük Vətən Müharibəsində də izlənildi. Bu dəfə yerli istehsal olan PUA-lar, zirehli maşınlardan aktiv şəkildə istifadə edildi. Döyüş şəraitində əldə olunan təcrübə isə yalnız həmin mərhələnin ehtiyaclarının qarşılanması ilə yekunlaşmadı: istifadə olunan sistemlərin imkanları, döyüş meydanının tələbləri və ortaya çıxan yeni ehtiyaclar sonrakı istehsal və texnoloji inkişaf üçün praktik məlumat bazası yaratdı.

Bu istehsalın miqyasını ayrı-ayrı nümunələr də göstərir: "Gürzə", "Tufan", həmçinin xarici lisenziya əsasında istehsal edilən "Marauder", "Matador" tipli minaya davamlı zirehli nəqliyyat vasitələrinin adı daxildir. Paralel olaraq isə "İstiqlal", "Mübariz" adlı irikalibrli snayper tüfəngləri, HP-7.62 hücum pulemyotları, müxtəlif növ EM-14 avtomatları, tapança və digər silahlar istehsal edilərək, milli silah markaları yaradılıb.

Bu istehsal zəncirinin günü-gündən genişlənməsi, yeni məhsulların istehsalı həm də Azərbaycanın təhlükəsizlik siyasətində mühüm üstünlük yaradır. Çünki bu gün xarici tədarük zəncirində yaranan fasilələr, geosiyasi gərginliklər, bəzi ölkələrin tez-tez dəyişən qərarları bir çox hallarda ordunun ehtiyaclarına çevik reaksiya vermək imkanının məhdudlaşdırır. Bu səbəbdən də öz istehsal bazasına malik olmaq Azərbaycan üçün təhlükəsizlik siyasətində böyük üstünlük deməkdir.

Azərbaycan yerli müdafiə sənayesinin istehsalı olan məhsullarla bu gün nəinki ordunun ehtiyaclarını qarşılayır, eyni zamanda müxtəlif silah, sursat və PUA-lar artıq xarici bazarlara da çıxarılır. Yəni, vaxtilə əsasən xarici tədarükə söykənən Azərbaycan, bu gün öz ordusunu təmin etməklə yanaşı, hərbi təyinatlı məhsul ixrac edən ölkəyə çevrilib. Prezident İlham Əliyevin 5 yanvar 2026-cı ildə yerli televiziya kanallarına müsahibəsində bildirdiyi kimi, 2025-ci ildə Azərbaycanda 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal edilib. Onun böyük hissəsi Silahlı Qüvvələrə verilib, bir hissəsi isə ixrac olunub. Prezident Azərbaycanın həmin vaxt artıq 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsul ixrac etdiyini və qarşıya qoyulan qısamüddətli hədəfin ixracı 1 milyard dollara çatdırmaq olduğunu açıqlayıb.

Burada diqqət ediləcək digər məqam da odur ki, xarici bazarlara ixracın genişlənməsi həm də yerli istehsalda keyfiyyət, texniki imkanlar kimi sahələrin də inkişafına təkan verir. Eyni zamanda ixrac müdafiə sənayesinin ölkə iqtisadiyyatında ayrıca gəlir mənbəyinə çevrilməsinə də şərait yaradır. ADEX kimi sərgilər isə bu məhsulların potensial tərəfdaşlara birbaşa təqdim edilməsi və yeni bazarlarla əlaqələrin qurulması baxımından həmin prosesin mühüm hissəsinə çevrilir.

Digər vacib məqam odur ki, məhsulların xarici bazara çıxarılmasında ixraca nəzarət də xüsusi qaydalar əsasında həyata keçirilir. Yəni, hərbi təyinatlı məhsulların hansı ölkəyə və hansı şərtlərlə göndərilməsi dövlətin ixrac nəzarəti mexanizmləri çərçivəsində baş verir. Bunun səbəbi isə təhlükəsizlik məsələləri ilə bağlıdır. Burada həm də beynəlxalq öhdəliklər məsələsi də var. Çünki silah və sursatın hansı ölkəyə hansı məqsədlə verilməsi əsas şərtdir. Bu yanaşma da göstərir ki, Azərbaycan beynəlxalq hərbi-texniki əməkdaşlıqda etibarlı və müəyyən edilmiş qaydalara uyğun tərəfdaş kimi çıxış edir.

Bütün bu fikirlərə nəzərən əminliklə söyləmək olar ki, ADEX Azərbaycanın son iyirmi ildə formalaşdırdığı müdafiə sənayesi potensialını xarici auditoriyaya çıxarır, yeni hərbi-texniki əməkdaşlıqlar qurmağa şərait yaradır, eyni zamanda ölkənin hərbi sənayesinin regional bazardakı mövqeyini genişləndirməyə imkan yaradır. Bu da o mənaya gəlir ki, ADEX Azərbaycanın müdafiə sənayesi ilə bir-birini tamamlayan iki prosesə çevrilib. Azərbaycan müdafiə sənayesinin formalaşdırdığı istehsal imkanları bu sərgi vasitəsilə beynəlxalq aləmə tanıdılır, əməkdaşlıq müstəvisinə çıxarılır...(Report)

Xəbər lenti

Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25