Metro qərarı ilə bağlı universitetlər onlayn sistemə keçə bilər - GÖZLƏNTİ


Metroda aparılması planlaşdırılan genişmiqyaslı tikinti işləri paytaxtın nəqliyyat sisteminə təsiri ilə yanaşı, təhsil müəssisələrinin fəaliyyətində də müəyyən çətinliklər yarada bilər.

Xüsusilə Nizami-28 May istiqamətində hərəkətin uzun müddət məhdudlaşdırılması həmin ərazidə və yaxın ərazilərdə yerləşən məktəb və universitetlərə gedib-gələnlərin hərəkətinə təsir göstərəcək, nəqliyyat yükünü artıracaq. Bu baxımdan tədris prosesinin təşkili ilə bağlı məsələlərin nəqliyyat şəraiti nəzərə alınmaqla əvvəlcədən qiymətləndirilməsi və mümkün alternativlərin nəzərdən keçirilməsi gündəmə gəlir. Əsas sual isə təhsil müəssisələrinin distant təhsilə keçib-keçməyəcəyi ilə bağlıdır.

Mövzu ilə bağlı Sherg.az-a danışan təhsil eksperti Əmrah Həsənli bildirib ki, metroda planlaşdırılan genişmiqyaslı tikinti işləri fonunda təhsil müəssisələrinin fəaliyyətinə də nəqliyyat amili nəzərə alınaraq yanaşmaq lazımdır:

"Söhbət yalnız bir neçə günlük çətinlikdən getmir. Nizami-28 May istiqamətində hərəkətin təxminən 10-11 ay dayandırılması paytaxtın nəqliyyat yükünü müəyyən qədər artıracaq.

Xüsusilə burada bir məqamı nəzərə almalıyıq ki, həmin ərazidə çoxsaylı universitetlər, məktəblər və digər təhsil müəssisələri yerləşir. Üstəlik, Bakı kimi onsuz da nəqliyyat sıxlığının yüksək olduğu şəhərdə Formula 1 kimi böyük tədbirlərin keçirilməsi müəyyən günlərdə vəziyyəti daha da ağırlaşdıra bilər.

Amma mən bütün məktəb və universitetlərin avtomatik olaraq onlayn təhsilə keçməsinin də tərəfdarı deyiləm. Daha doğru yanaşma lokal və çevik qərarlar verməkdir.

Məsələn, nəqliyyat baxımından daha çox yüklənəcək ərazilərdə yerləşən təhsil müəssisələri üçün müəyyən günlərdə onlayn dərslər, hibrid təhsil, dərs saatlarının dəyişdirilməsi və yaxud növbəli qrafik tətbiq oluna bilər".

Ekspert qeyd edib ki, xüsusilə universitetlərdə bu model daha rahat tətbiq edilər:

"Ali təhsildə bütün dərslərin hər gün fiziki iştirak tələb etməsi şərt deyil. Məktəblərdə isə vəziyyət daha fərqlidir. Burada şagirdlərin yaşı, valideynlərin iş rejimi, müəllimlərin imkanları və təhsilin keyfiyyəti mütləq şəkildə nəzərə alınmalıdır.

Əsas məqsəd tikinti işlərinin yaratdığı nəqliyyat problemini təhsilin keyfiyyətinin hesabına həll etmək yox, nəqliyyat və təhsil sistemlərinin bir-birinə uyğunlaşması olmalıdır. Dövlət qurumları tədris ili başlamazdan əvvəl hansı təhsil müəssisələrinin daha çox risk altında olduğunu müəyyənləşdirib həmin müəssisələr üçün alternativ qrafik hazırlaya bilər".

Mütəxəssisin fikrincə bu, həm tələbə və şagirdlərin vaxt itkisini, həm də şəhərdə əlavə nəqliyyat yükünü azaldar:

"Başdan ümumi onlayn təhsil qərarı verməkdənsə, ehtiyac olan ərazilər və tarixlər üzrə çevik, hibrid və alternativ təhsil mexanizmləri tətbiq edilməlidir. Bu daha real və idarə olunan yanaşma olar".

Qeyd edək ki, Elm və Təhsil Nazirliyindən aldığımız məlumata görə məktəblərlə bağlı qeyd edilən məsələ müzakirə edilmir.

Ali təhsil müəssisələri isə mövcud məsələ ilə bağlı özləri qərar qəbul edə bilərlər.

Nazirin sinif yoldaşı olmaq Valeh Mirzaliyevə nələr qazandırır




Bu günlərdə mediada Azərbaycanın təhsil sistemində STEAM layihəsi üzrə ən böyük büdcə ayırmaları, STEAM avadanlıqlarının satınalınması prosesində büdcə vəsaitlərinin mənimsənilməsinə söykənən, ciddi suallar yaradan çoxqatlı mexanizmin formalaşması barədə geniş məlumat yayılmışdı. Məlumatda bildirilir ki, ETN-də mənimsəmə və korrupsiya zənciri olduğu ciddi şübhələr yaradan prosesin mərkəzində dayanan şəxs “İSTEAM” MMC-nin rəhbəri Nihad Hənifəyevdir. N.Hənifəyev isə Elm və Təhsil naziri Emin Əmrullayevin qaynıdır.
Apardığımız araşdırma zamanı məlum oldu ki, “İSTEAM” MMC-nin rəhbəri qrup daxilində satınalma və inzibati zəncirin digər idarəedici halqasının mərkəzində dayanan şəxs Zamiq Əlövsət oğlu Məmmədov nazir Emin Əmrullayevin sinif yoldaşıdır.
Nazirin başqa bir sinif yoldaşı Valeh Mirzəliyev isə – Sifarişçi qurum olan Elm və Təhsil Nazirliyinin Ərazi Tikinti Təchizat İdarəsinin rəisi vəzifəsində çalışır.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən STEAM layihəsinə atrılan pullar respublika üzrə təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satınalınmasına ayrılan pulların yanında çox cüzi görünür.
Aktualinfo bununla bağlı silsilə araşdırma yazılar dərc edib. Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin respublika üzrə bir sıra təhsil müəssisələrinin əsaslı təmir işlərinin və digər işlərin satınalınması üzrə yalnız “Mühəndislik Tikinti Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı müqavilələrin dəyəri yüz milyonları ötüb.
Satınalmaların portalına yerləşdirilmiş məlumata görə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi 20.08.2026-cı ildə respublika üzrə təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satınalınması ilə əlaqədar “Mühəndislik Tikinti Təchizat” QSC VÖEN-i: 2005667751) qalib elan olunmuş və həmin təchizatçı ilə 9.084.195,52 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Tikinti Və Təchizat İdarəsi ilə “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” QSC arasında satınalmaların portalına yerləşdirlimiş məlumatlara görə 2021-ci ilin sentyabrından bu yana ümumi dəyəri yüz milyonlarla olan 30-a yaxın satınalma müqaviləsi bağlanılıb. Hamısı da bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizat işləri, dam örtüklərinin əsaslı təmiri işləri, orta məktəbinin cari, əsaslı təmiri işləri üzrə.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” (VÖEN: 2005667751) Qapalı Səhmdar Cəmiyyətinin 04.06.2019-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2010.00 manat olan QSC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU,RAMİZ QULİYEV, ev.15A, qanuni təmsilçisi kimi isə Mahmudlu Eltun Ənvər oğlu qeyd olunub.
Vergi öhdəlikləri üzrə 2020- 2023-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.
Reyestrə edilmiş dəyişikliklərdə Məhdud Məsuliyyətli Cəmiyyət kimi dövlət qeydiyyatına alınıb. 24.02.2022-ci ildə təşkilatı hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Aqayev Fərhad Surəddin oğlu olub.
Bəs Aqayev Fərhad Surəddin oğlu kimdir?
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması işlərinin satınalınması üzrə milyonlarla manat dəyərində müqavilə bağladığı “ELEMENT YT” QSC -nin də təsisçisi və ilk qanuni təmsilçisi.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ELEMENT YT” (VÖEN: 2005410371) Qapalı Səhmdar Cəmiyyətinin 16.01.2019-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2010.00 manat olan QSC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, 8 NOYABR, ev.15, qanuni təmsilçisi kimi isə Paşayev Mətləb Allahverdi oğlu qeyd olunub.
Reyestrə edilmiş dəyişikliklərdə Məhdud Məsuliyyətli Cəmiyyət kimi dövlət qeydiyyatına alınıb. 25.01.2022-ci ildə təşkilatı hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Aqayev Fərhad Surəddin oğlu olub.
Tikinti Və Təchizat İdarəsinin “ELEMENT YT” QSC ilə işbirliyi də çoxdan başlayıb.Satınalmaların portalına yerləşdirilmiş məlumatlara görə “Element YT” QSC son dörd il ərzində Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi ilə yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması işləri üzrə ümumi dəyəri 75 milyon manatdan çox dəyəri olan müqavilələr bağlayıb.
Göründüyü kimi Elm və Təhsil Nazirliyinin Əsasli Tikinti Və Təchizat İdarəsi bir nəfərə bağlı olan “ELEMENT YT” QSC və “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” QSC -lərlə daim işbirliyindədir.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı var. Həmin qərarın 5-ci ( İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının dərc edilməsi) bəndində göstərilir ki,
5.1. “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur:
5.1.1. qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması;
Amma internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” və “ELEMENT YT” QSC-lərin son illər büdcədən müəyyən səlahiyyətlərin yerinə yetirməsinə baxmayaraq illik maliyyə hesabatları barədə heç bir məlumat aşkar edə bilmədik.
Bu şirkətlərin dövlət qeydiyyatına alındıqları tarixlərin, təşkilatı hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrildikləri tarixlərin və hüquqi ünvanlarının yaxınlığı deməyə əsas verir ki, bir nəfər tərəfindən idarə edilir. Açıq mənbələrdə barəsində məlumat olmayan Fərhad Aqayevdən başqa bu şirkətlərin arxasında daha güclü bir nəfərin də olduğu istisna deyil. Valeh Mirzaliyev də məhz o bir nəfərin sifarişlərini həyata keçirir.
Göründüyü kimi, Elm və Təhsil Nazirliyi hər il respublika üzrə təhsil müəssisələrinin əsaslı təmiri və digər işlərin həyata keçirilməsinə yüz milyonlarla manat vəsait ayırır. Nazir Emin Əmrullayev ayrılan bu milyonlara nəzarəti sinif yoldaşı Valeh Mirzaliyevə tapşırıb. Nazirliyin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin rəisi olaraq Valeh Mirzaliyev də yaxın çevrəsinə məxsus formal şirkətlərlə işbirliyi qurub təhsil sisteminin inkişafına yönələn büdcə vəsaitlərini talan edir. Burada Valeh Mirzaliyevin qazancı yalnız nazirin sinif yoldaşı olması deyil, həm də əlavə dividentlərdir ki, hesablanması mümkün deyil.


Aktualinfo.net

ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır - BU NƏDİ BELƏ?


“Azərbaycan Dəmir Yolları”nın xidmətindən narazıyam. Bu gün bizi Gəncəyə 2 saat gecikmə ilə çatdırdılar.
Tribuna.az xəbər verir ki, bunu şikayətçi Leyla Turan sosial şəbəkə hesabında yazıb. O, bu vəziyyətdən narazılığını bildirib:
“Sərnişin üçün fərq etmir — insan yolunu planlaşdırır və vaxtında çatacağına güvənir.
11.55-də olmalıydıq Gəncədə. Gəlib çatmışıq 13.45-də. Olmaz axı belə. Hər kəs narazılığını bildirdi.
İnsanlar saatlarla yolda qalacaqsa, bu, heç də yaxşı təəssürat yaratmır”.
Digər şikayətçi Azər Qurbanov da bildirib ki, Tiflisə gedən qatar da gecikir:
“Qiymətlər qalxdıqca xidmət keyfiyyəti düşür aşağı. Bu yaxınlarda Bakı-Tiflis-Bakı qatarında da 2 saat gecikmə ilə qarşılaşdıq. Bütün sivil dövlətlərdə qatar gecikdikdə sərnişinlərdən üzür istənilir, günahkarlar cəzalanır. Bizdə isə belə hadisə təbii qarşılanır. Narazılıq edənə isə “demaqoq” damğası vurmağa çalışırlar. Çox təəssüf”.
Sərnişinlərin çoxu bildirir ki, ADY qatarlarında gecikmə adi hal alıb.






QHT-lərə Dövlət Dəstəyi Agentliyi “yalan vədlər” fabriki kimi...-...dövlət büdcəsi havaya sovrulur/FOTOFAKT


QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən müxtəlif adlar altında keçirilən forumların heç bir real nəticəsi və cəmiyyət üçün faydası yoxdur

Hər bir dövlət qurumu öz fəaliyyətində ciddilik, yüksək məsuliyyət və şəffaflıq prinsiplərini təməl daşı kimi qəbul etməlidir. İctimaiyyətə verilən hər bir sözün, hər bir bəyanatın arxasında ciddi bir iş planı və real nəticələr dayanmalıdır. Təəssüf ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin (QHT Agentliyi) son dövrlərdəki fəaliyyəti bu dövlətçilik prinsiplərindən nə qədər uzaq olduğunu, hətta bəzi hallarda onlara zidd getdiyini aşkar şəkildə nümayiş etdirir. Qurumun fəaliyyətində “yalan vədlər” vermək, reallıqdan uzaq süni görüntülər yaratmaq və forum xatirinə forumlar təşkil etmək artıq adi bir iş rejiminə çevrilib.

İfşa olunan reallıqlar: Söz və əməl arasındakı uçurum

Apardığımız araşdırmalarla dəfələrlə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin cəmiyyətə bəyan etdiyi, lakin sonradan heç bir məntiqi izahat vermədən unudulan layihələrini ifşa etmişik. Məsələn, qurumun işğaldan azad olunmuş ərazilərdə əhaliyə psixoloji və hüquqi xidmətlərin göstərilməsi ilə bağlı verdiyi gurultulu bəyanatlar hələ də kağız üzərində qalaraq, icra olunmamış layihələr siyahısındadır. Eyni vəziyyət Özbəkistan tərəfi ilə bağlı da müşahidə olunub: 2-3 il ərzində iki dəfə memorandum imzalanmasına baxmayaraq, birgə qrant müsabiqəsinin elan edilməsi tamamilə unudulmuşdu.

Yalnız "Yenixeberorg.com"da bu faktların ictimailəşdirilməsindən və sərt tənqidlərdən sonra Agentlik məcburiyyət qarşısında qalaraq hərəkətə keçib, birgə qrant elan etdi. Bu, onu göstərir ki, qurum üçün sistemli iş planı yox, yalnız ictimai ifşa təzyiqi əsas stimul rolunu oynayır.

Növbəti fiasko: Səhiyyə forumu və bitməyən vədlər silsiləsi

İndi isə daha bir yetərincə ciddi sayılacaq faktla bağlı... 2024-cü ilin noyabr ayının 18-də bütün ölkə mediasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin səhiyyə profilli QHT-lərin forumunu keçirəcəyi barədə geniş bəyanatlar dərc olunmuşdur. 2025-ci ilin yanvar ayında baş tutmalı olan bu tədbirin təşkili üçün xüsusi işçi qrupları yaradıldı, TƏBİB, Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar bu prosesə cəlb edildi, dövlət büdcəsindən isə bu tədbir üçün xeyli vəsait ayrıldı. Aradan xeyli vaxt keçdikdən sonra, heç bir konkret iş görülmədən tədbirin 2025-ci ilin may ayına keçiriləcəyi bəyan edildi. Görünür, yalan vəd vermək artıq bu Agentliyin fəaliyyət nizamnaməsinin əsas maddələrindən birinə çevrilib.

Nəticəsiz forumlar: Dövlət büdcəsi kimə və nəyə xidmət edir?

QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən müxtəlif adlar altında keçirilən forumların heç bir real nəticəsi və cəmiyyət üçün faydası yoxdur. Bu tədbirlər konkret bir problemin həllinə və ya strateji məqsədə hesablanmayıb. Tədbir iştirakçıları bir araya gələrək sadəcə öz aralarında danışırlar, daha sonra isə heç bir səmərəli nəticə əldə etmədən foto çəkdirib ayrılırlar. Bu proseslər yalnız “görüntü xatirinə” təşkil olunur və dövlət büdcəsi şəkildə havaya sovrulur.

Bizim bu materialımızdan sonra, yəqin ki, Agentlik yenə də özünü sığortalamaq üçün həmin tədbiri məcburən keçirəcək. Lakin biz "Yenixeberorg" olaraq bu məsələnin üzərində dayanacaq və verilən hər bir vədin, xərclənən hər qəpiyin hesabatının ictimailəşməsinə çalışacağıq. Üzərindən illər keçsə belə, verilmiş vədləri xatırladacağıq. Dövlət strukturları PR üçün deyil, xalqa və dövlətə real xidmət üçün mövcuddur və bu cür qeyri-ciddi yanaşma yolverilməzdir!("Yenixeberorg.com)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib.

Həmin müsahibəni təqdim edir.

-Hörmətli cənab Prezident, Azərbaycan-Özbəkistan münasibətləri son illər dinamik şəkildə inkişaf edib və ən yüksək müttəfiqlik səviyyəsinə çatıb. Özbəkistana bu yaxınlarda gözlənilən dövlət səfəriniz ərəfəsində Siz ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

-İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.

Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır. Prezident Mirziyoyevin ölkələrimiz arasında qardaşlıq, birlik və müttəfiqlik naminə yorulmaz və qətiyyətli fəaliyyəti ona Azərbaycanda dərin hörmət və rəğbət qazandırıb.

Artıq qeyd etdiyim kimi, dövlətlərimiz arasında siyasi dialoq çox yüksək səviyyədədir. Sözsüz ki, son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslarımız bu əlaqələrin dinamik inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaradır.

Bu, son beş ildə mənim üçüncü dövlət və ümumilikdə qardaş ölkəyə yeddinci səfərimdir. Gözəl və bənzərsiz Özbəkistana səfər etməkdən daim böyük məmnunluq duyuram və hər səfər mənim üçün xüsusi əhəmiyyətə malikdir. Ənənəvi olaraq bu səfərlər müstəsna qonaqpərvərlik, qardaşlıq, səmimiyyət və qarşılıqlı anlaşma mühitində baş tutur. Qardaş Özbəkistana səfərlərimdə məni ən çox sevindirən son illərdə ölkənin bütün sahələrdə sürətli inkişafıdır. Müasir şəhərlərin salınması, iqtisadiyyatın şaxələndirilməsi, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, elmə, təhsilə, mədəniyyətə və idmana göstərilən diqqət ölkənin yüksək inkişaf tempini əyani şəkildə nümayiş etdirir.


Özbəkistan lideri, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyevin müdrik rəhbərliyi ilə ölkənin kompleks şəkildə inkişafı və tərəqqisi, həmçinin beynəlxalq nüfuzunun davamlı surətdə möhkəmlənməsi və bütün əsas sektorlarda əhəmiyyətli uğurlara nail olunması istiqamətində ardıcıl həyata keçirilən genişmiqyaslı fəaliyyət səmimi hörmət və dərin məmnunluq hissi doğurur. Bütün bunlar Prezidentin düşünülmüş siyasətinin, strateji vizyonunun və Vətənə sevgisinin, həmçinin səmərəli dövlət idarəçiliyinin nəticəsidir.

2024-cü ilin avqustunda mənim Özbəkistana dövlət səfərim, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri oldu. Bu ikitərəfli səfərlər zamanı imzalanan çoxsaylı sənədlər, xüsusən "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirdi. Bu sənədlər ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirdi və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdı.


Bununla yanaşı, 2023-cü ilin avqust ayında təsis edilmiş Ali Dövlətlərarası Şura Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrildi. Bu platforma ölkələrimiz arasında uzunmüddətli əməkdaşlıq prioritetlərini müəyyənləşdirməyə, yeni təşəbbüslərin təşviqinə və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin səmərəli şəkildə əlaqələndirilməsinə xidmət edir. Şuranın artıq Daşkənddə və Bakıda keçirilən iki iclası Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək inkişaf tempini, siyasi dialoqun ardıcıllığını və ölkələrimizin perspektivə hesablanmış birgə fəaliyyət əzmini nümayiş etdirir.

Bu gün siyasi münasibətlərimiz iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşir. Həyata keçirilən layihələr ölkələrimizin iqtisadi potensialını birləşdirməklə yanaşı, xalqlarımız arasında dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir.


Əminəm ki, qarşıdakı səfər də ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, yeni birgə təşəbbüslərin həyata keçirilməsi və müttəfiqlik münasibətlərimizin möhkəmləndirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyətə malik olacaq.

-Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biri iqtisadi-ticari əməkdaşlıqdır. Bu sahədə əldə edilən uğurlar barədə nə deyə bilərsiniz?

-İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bu, əla göstəricidir. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb.

Üç il əvvəl 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib. Şirkət həm Azərbaycanda, həm də Özbəkistanda iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə əhəmiyyətli töhfə verir.

Bundan əlavə, Hökumətlərarası Komissiya iqtisadi, ticari, investisiya və digər sahələrdə əlaqələrin inkişafında mühüm rol oynayır. Bu günə qədər komissiyanın 15 iclası keçirilib. Bu yaxınlarda Daşkənddə keçirilən son iclasda Azərbaycan-Özbəkistan iqtisadi-ticari əməkdaşlığının mövcud vəziyyəti, qazanılan nailiyyətlər və inkişafın gələcək istiqamətləri ətraflı müzakirə olunub.

Həmçinin energetika sektorunda əməkdaşlığımız fəal şəkildə inkişaf edir. Özbəkistanın OZLITINEFTGAZ institutu və "SOCAR NIPI Nefteqaz"ın bazasında yaradılan "Neftegaztexnologiya" birgə müəssisəsi 2016-cı ildən bəri neft-qaz sahəsində uğurla fəaliyyət göstərir. Bundan əlavə, 2024-cü ildə yaradılan SOCAR və "Özbəknefteqaz" SC arasında birgə müəssisə olan "Turan Energy AFEZCO" "Azərikimya" İstehsalat Birliyi tərəfindən istehsal olunan yüksəktəzyiqli polietilenin Özbəkistana ixracını həyata keçirir.

Yaşıl enerji sahəsində əməkdaşlığımız da davam edir. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika idarələri tərəfindən Bakıda "Yaşıl Dəhliz Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Bu birgə müəssisə Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsini, bərpaolunan enerji ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək məqsədilə yaradılıb.

İki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstərici 675 min ton təşkil edib.

Özbəkistan tərəfi ilə həyata keçirilən bir sıra birgə layihələr ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına əhəmiyyətli töhfə verir. İşğaldan azad edilmiş Füzuli rayonunda "Dostluq bağı" adlandırılan 100 hektarlıq nar bağının salınmasını, həmçinin "Chevrolet" və "Isuzu" markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlığı bu istiqamətdə xüsusi qeyd etmək olar. Arayış üçün deyə bilərəm ki, 2026-cı il iyulun 13-nə olan məlumata görə, ümumilikdə "Chevrolet" markalı 10 min 720 avtomobil və "Isuzu" markalı 275 avtobus istehsal edilib.

Hazırda ölkəmizdə Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib və onlar müxtəlif iqtisadi sektorlarda - sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərirlər. Özbək şirkətlərinin Azərbaycanda fəaliyyəti ölkələrimiz arasında qarşılıqlı etimadın, əlverişli investisiya mühitinin və güclü iqtisadi tərəfdaşlığın göstəricisidir.

Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları bir-birini tamamlayır və yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır. Biz Azərbaycan şirkətlərinin Özbəkistanda və özbək şirkətlərinin Azərbaycanda daha fəal iştirakını, həmçinin birgə istehsal və investisiya layihələrinin sayının artmasını dəstəkləyirik.

Azərbaycan da Özbəkistanda investisiya layihələri həyata keçirir. Bu layihələr arasında "PASHA Holding" tərəfindən "The Ritz-Carlton" brendi altında Daşkənddə inşa edilən hotel və yaşayış kompleksini, həmçinin Daşkənd vilayətində "Sea Breeze Uzbekistan" böyük turizm və yaşayış kompleksini qeyd etmək olar.

Əminəm ki, qarşılıqlı faydaya əsaslanan iqtisadi tərəfdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək, yeni təşəbbüslərlə zənginləşəcək və Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərinin mühüm sütunlarından biri kimi xalqlarımızın rifahına xidmət edəcək.

-Sizin fikrinizcə, mədəni diplomatiya Azərbaycan-Özbəkistan dövlətlərarası əlaqələrinin möhkəmlənməsində hansı rolu oynayır?

-Azərbaycan ilə Özbəkistan arasında ortaq köklərə, dil və mədəni yaxınlığa, əsrlər boyu formalaşan mənəvi dəyərlərə əsaslanan mədəni və humanitar əməkdaşlıq münasibətlərin ayrılmaz və vacib sahəsidir. Bu sahədə həyata keçirilən əməkdaşlıq xalqlarımız arasında qarşılıqlı anlaşmanın, etimadın, dostluğun və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfə verir, humanitar əlaqələri yeni məzmunla zənginləşdirir.

Xalqlarımızın qarşılıqlı səyləri və dövlətlərimizin birgə dəstəyi sayəsində son illərdə mədəni-humanitar əlaqələr uğurla inkişaf edir. Birgə keçirilən mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi nəşrlər və təhsil proqramları iki ölkə arasında mədəni və humanitar gündəliyin möhkəmlənməsində xüsusi rol oynayır.

2023-cü və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi edib, həmin il Xivə şəhərində "Şuşa Günləri" keçirilib. Özbəkistandan gələn geniştərkibli nümayəndə heyəti Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsində iştirak edib.

Biz fəxr edirik ki, qardaş ölkəmizin ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən biri olan Özbəkistan Milli Pedaqoji Universiteti dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyır.

Keçən il əziz qardaşım Prezident Şavkat Miromonoviçlə birlikdə Bakının mərkəzində təməlini qoyduğumuz 5 hektar sahəsi olan "Özbəkistan" parkı qardaşlığımızın daha bir rəmzinə çevriləcək.

Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən təşəbbüslər və layihələr iki ölkə arasında mədəni və humanitar əməkdaşlığın genişləndirilməsində böyük əhəmiyyətə malikdir.

Təhsil sahəsində əməkdaşlıq Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar tərəfdaşlığın aparıcı sahələrindən biri kimi çıxış edir. 2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın 176 vətəndaşı isə Özbəkistanda təhsil alıb.

Özbəkistanın təşəbbüsü ilə inşa edilən və Füzuli şəhərində fəaliyyət göstərən Mirzə Uluqbəy adına orta məktəb təhsil sahəsində əməkdaşlığın ən parlaq nümunələrindən biridir və ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin daha bir təzahürüdür. Bu nəcib təşəbbüsə, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə bütün Özbəkistan xalqına və şəxsən Prezident Şavkat Mirziyoyevə səmimi minnətdarlığımızı bildiririk.

Bundan əlavə, media sektorunda əməkdaşlıq mühüm nəticələrlə yadda qalıb. 2024-cü il sentyabrın 23-25-də Daşkənddə 1-ci Özbəkistan-Azərbaycan Media Forumu, 2025-ci il sentyabrın 29-da isə Bakıda 2-ci Azərbaycan-Özbəkistan Media Forumu keçirilib. 2023-cü ildə Füzulidə 1-ci Azərbaycan-Özbəkistan QHT Əməkdaşlıq Forumu, 2024-cü ildə isə Daşkənddə 2-ci Özbəkistan-Azərbaycan QHT Əməkdaşlıq Forumu təşkil olunub. Bu forumların praktik nəticəsi olaraq, 2026-cı ildə iki qardaş ölkə birlikdə ilk dəfə QHT-lər üçün qrant müsabiqəsi elan edib. Həmin müsabiqənin nəticələrinə əsasən, Azərbaycandan qalib layihələr Özbəkistanda, Özbəkistandan qalib layihələr isə Azərbaycanda həyata keçiriləcək.

Özbəkistandan Azərbaycana turist səfərlərində artım müşahidə olunur. Ölkəmizi 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min Özbəkistan vətəndaşı ziyarət edib.

Regionlararası əməkdaşlığın uğurlu inkişafını xüsusi qeyd etmək olar. Bakı-Daşkənd, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokənd, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq münasibətləri qurulub. Naxçıvan və Ürgənc arasında yaxın vaxtlarda qardaşlaşmış şəhər münasibətlərinin qurulması planlaşdırılır. Bu gün xalqlarımızı daha da yaxınlaşdıran, ortaq tarixi, mədəni və mənəvi dəyərləri qoruyan, gələcək nəsillər arasında dostluğu və qarşılıqlı etimadı gücləndirən əməkdaşlıq üçün mühüm platformalardan biri olan Azərbaycan ilə Özbəkistan arasında qardaşlaşmış şəhər təşəbbüsləri xüsusilə əhəmiyyətlidir.

Beləliklə, Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar əməkdaşlıq təkcə ikitərəfli münasibətlərin vacib sahəsi deyil, həm də ortaq dəyərlərimizi, zəngin mədəni irsimizi və xalqlarımız arasındakı qardaşlıq bağlarını qoruyan gələcəyə yönəlmiş strateji humanitar körpüdür.

-Hörmətli cənab Prezident, Azərbaycan və Özbəkistan beynəlxalq platformalarda da səmərəli əməkdaşlıq edir. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində bu əməkdaşlığı necə qiymətləndirirsiniz və Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?

-Ölkələrimizin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda mühüm məsələlərin həlli üzrə birgə səyləri yüksək qiymətə layiqdir. İki qardaş ölkənin - Azərbaycanın və Özbəkistanın bütün məsələlərdə bir-birini daim dəstəkləməsi faktı qürur hissi doğurur.

Azərbaycan ilə Özbəkistan arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Təşkilat çərçivəsində əməkdaşlığa dair əsas məsələlər müzakirə edildi və TDT-nin möhkəmləndirilməsi, Türk dünyasında daha sıx birliyin təmin edilməsi, onun siyasi, iqtisadi və hərbi gücünün artırılması, həmçinin qlobal arenada təsir və güc mərkəzinə çevrilməsi məqsədilə bəyannamələr imzalandı.

Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir.

Azərbaycanın və Özbəkistanın TDT daxilində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafına verdikləri töhfə türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir.

Əməkdaşlığımız, xüsusən də nəqliyyat və logistika sahəsində qarşılıqlı fəaliyyətimiz böyük perspektivlər vəd edir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara çevirir. Bu baxımdan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq.

Azərbaycan ilə Özbəkistanın ortaq türk irsinin qorunması və təşviqi istiqamətində həyata keçirdikləri təşəbbüslər bu böyük mənəvi irsin gələcək nəsillərə ötürülməsi baxımından misilsiz əhəmiyyətə malikdir.

Ölkələrimiz digər türk təşkilatları çərçivəsində əməkdaşlığa da böyük əhəmiyyət verir. Özbəkistanın 2025-ci ilin may ayında Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzvü qəbul edilməsi əhəmiyyətli və dərin məmnunluq doğuran hadisə oldu. Zəngin tarixi irsə, qədim dövlətçilik ənənələrinə və özünəməxsus mədəni dəyərlərə malik Özbəkistanın bu Fonda qoşulması Türk dünyasının ortaq irsinin qorunması və təşviqi sahəsində əməkdaşlıq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Beləliklə, ölkələrimizin TDT, həmçinin digər türk təşkilatları çərçivəsində fəal əməkdaşlığı Türk dünyasının daha sıx inteqrasiyasına və beynəlxalq arenada vahid mövqeyinin möhkəmlənməsinə töhfə verməyə davam edəcək.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinə gəldikdə qeyd etmək lazımdır ki, son illərdə bu əlaqələr müttəfiqlik, strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında dinamik şəkildə inkişaf edib. Tarixi və mədəni yaxınlıq, ortaq mənəvi dəyərlər kimi mühüm amillər Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında mövcud əlaqələrin möhkəm təməlini təşkil edir.

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə siyasi dialoqun genişləndirilməsinə, iqtisadi əlaqələrin dərinləşdirilməsinə, nəqliyyat və kommunikasiya imkanlarının artırılmasına, həmçinin enerji və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Bu baxımdan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri regional əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi və birgə təşəbbüslərin müzakirəsi üçün çox vacib nüfuzlu platformalardan biridir.

Keçən ilin noyabrında Daşkənddə Özbəkistanın sədrliyi ilə keçirilən 7-ci Məşvərət Görüşündə Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlı qərar qəbul edildi. Bu prosesdə göstərdikləri dəstəyə görə Özbəkistan Respublikasının Prezidentinə, həmçinin Mərkəzi Asiyanın digər dövlət başçılarına bir daha səmimi təşəkkürümü bildirirəm.

Azərbaycanın bu prosesə fəal qoşulması nəticəsində əvvəllər "C5" adlanan əməkdaşlıq formatı faktiki olaraq "C6" formatına çevrilib, regional dialoq və strateji tərəfdaşlıq isə yeni məzmun və miqyas qazanıb.

Azərbaycanın bu formatda tamhüquqlu iştirakı ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərə verdiyi strateji əhəmiyyəti nümayiş etdirir. Məşvərət görüşləri çərçivəsində aparılan diskussiyalar region ölkələri arasında qarşılıqlı etimadı daha da gücləndirməyə, yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə və regional inkişaf naminə mühüm təşəbbüsləri həyata keçirməyə imkan verir.

Həmçinin Azərbaycanın bu formatda iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir. Bu platforma çərçivəsində yaradılmış dialoq və əməkdaşlıq mexanizmləri təkcə dövlətlərarası münasibətlərin inkişafına deyil, həm də Avrasiya məkanında sülhün, sabitliyin və davamlı tərəqqinin təmin olunmasına xidmət edir.

Beləliklə, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında formalaşan hərtərəfli əməkdaşlıq qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulmuş strateji tərəfdaşlığın nümunəsidir.

Azərbaycan və Özbəkistan, həmçinin üzv və iştirakçı olduqları bütün beynəlxalq təşkilatlarda və çoxtərəfli platformalarda, xüsusən də BMT, İƏT, TDT, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq edir.

-Hörmətli cənab Prezident, maraqlı və məzmunlu müsahibəyə görə Sizə təşəkkür edirəm. Özbəkistana dövlət səfəriniz ərəfəsində Siz qardaş xalqa nə arzu etmək istərdiniz?

-Bu gözəl imkandan istifadə edərək, qardaş Özbəkistan xalqını ölkənin dövlət müstəqilliyinin qarşıdan gələn 35-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik etmək, dərin hörmətimi və ən xoş arzularımı çatdırmaq, sülh, əmin-amanlıq, tərəqqi və yeni-yeni nailiyyətlər arzulamaq istərdim.

Dubayda 600 min dollarlıq qalmaqal: İranlı iş adamı Murad Həsənov və atasını ittiham edir - TƏFƏRRÜAT


Dubayda avtomobil alqı-satqısı ilə məşğul olduğu bildirilən Murad Həsənov və onun atası Qurban Həsənovla bağlı iranlı iş adamının irəli sürdüyü iddialar ciddi müzakirələrə səbəb olub.


İranlı iş adamının iddiasına görə, avtomobil alqı-satqısı məqsədilə Murad Həsənova etibar etdiyi və nəticədə ümumilikdə 600 min ABŞ dolları və 6 ədəd lüks avtomobilin taleyindən xəbərsiz qaldığı bildirilir.


İş adamının sözlərinə görə, əməkdaşlığın ilk mərhələsində Murad Həsənov müxtəlif avtomobillər alaraq ona göndərib. Bu prosesdən sonra tərəflər arasında etimad yaranıb və daha böyük məbləğlərdə avtomobil alqı-satqısı həyata keçirilməyə başlanılıb.


Pul göndərildi, əlaqə kəsildi


Şikayətçinin bildirdiyinə görə, 5 iyulda növbəti avtomobillərin alınması üçün Murad Həsənova pul göndərilib. Bundan sonra Murad Həsənovun vəsaiti qəbul etmək üçün getdiyini bildirdiyi, daha sonra isə telefonlarının söndürüldüyü və onunla əlaqənin kəsildiyi iddia olunur.


Vəziyyətdən narahat olan iranlı iş adamı Murad Həsənovun atası Qurban Həsənovla əlaqə saxlayıb.


İş adamının iddiasına görə, Qurban Həsənov ona oğlunun Dubay polisi tərəfindən saxlanıldığını deyib. Bundan sonra isə Murad Həsənovun vəkil məsələsinin həlli üçün iş adamından əlavə 11 min ABŞ dolları alındığı bildirilir.


Lakin hadisələrin sonrakı gedişində bu məlumatlarla bağlı yeni suallar ortaya çıxıb.


“Dubayda həbsdədir” deyilən Murad Bakıda olub?


İranlı iş adamının sözlərinə görə, verilən məlumatlardan şübhələndikdən sonra məsələni özü araşdırmağa başlayıb.


Onun iddiasına əsasən, araşdırma zamanı Murad Həsənovun həmin vaxt Dubayda həbsdə olması ilə bağlı məlumatların həqiqətə uyğun olmadığı barədə məlumat əldə edilib. Şikayətçi Murad Həsənovun guya həbsdə olduğu müddətdə Bakıda olduğunu iddia edir.


Bundan başqa, həmin müddətdə onun müxtəlif məclislərdə və əyləncə xarakterli tədbirlərdə iştirak etdiyi barədə də məlumatların əldə edildiyi bildirilir.


Əgər bu məlumatlar təsdiqlənərsə, Murad Həsənovun Dubayda həbsdə olması barədə verilən məlumatla həmin vaxt Bakıda olması arasında ciddi ziddiyyət yaranır.


600 min dollar və 6 avtomobilin taleyi necə olub?


İş adamının iddiasına görə, o, Qurban Həsənovdan Murad Həsənovun qəbul etdiyi vəsait və avtomobillərlə bağlı açıqlama istəyib.


Qurban Həsənovun isə “pulda, mal-mülkdə gözüm yoxdur” məzmununda fikir bildirdiyi iddia olunur.


Lakin əsas sual dəyişmir:


600 min ABŞ dolları haradadır?


6 lüks avtomobilin hazırkı taleyi necədir?


Şikayətçinin təqdim etdiyi məlumatlara əsasən, avtomobillərin bir qisminin Azərbaycana gətirildiyi və müxtəlif şəxslərin adına rəsmiləşdirildiyi iddia olunur.


Məlumatlarda Qasımzadə Vilayət, Məmmədova Rəna və digər şəxslərin adları çəkilir.


Eyni zamanda Murad Həsənovun həmin vəsaitlər hesabına Bakıda villa aldığı və müxtəlif markalı lüks avtomobillərdən ibarət kolleksiya yaratdığı da iddia edilir.


Söhbət Range Rover, BMW, Mercedes, Hyundai, Kia, Toyota və digər markalardan gedir.


Bu iddiaların hüquqi baxımdan araşdırılması zamanı pul köçürmələrinin, avtomobillərin alqı-satqı və rəsmiləşdirmə sənədlərinin, eləcə də əmlakların kimlərin adına keçirilməsinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır.


Xarici iş adamının pul iddiası araşdırılmalıdır


Hadisənin diqqət çəkən məqamlarından biri də şikayətçinin İran vətəndaşı olmasıdır.


Xarici iş adamının Azərbaycanda yüz minlərlə dollar və bir neçə lüks avtomobillə bağlı ciddi iddialar səsləndirməsi məsələnin bütün detalları ilə araşdırılmasını zəruri edir.


Əgər ortada sadəcə kommersiya mübahisəsi varsa, bunun hüquqi müstəvidə həlli mümkündür. Yox, əgər araşdırma nəticəsində dələduzluq, mənimsəmə və ya digər qanun pozuntuları müəyyən edilərsə, həmin faktlara hüquqi qiymət verilməlidir.


Hazırda diqqət mərkəzində olan əsas məsələlər isə 600 min dolların və 6 avtomobilin taleyi, 11 min dolların hansı məqsədlə alınması və avtomobillərin kimlərin adına rəsmiləşdirilməsi ilə bağlıdır.


"Bakufakt"

Pensiyanın yenidən hesablanması üçün işi dayandırmaq tələbi qanuna ziddir - AMMA NƏ OLSUN Kİ...



“Əmək pensiyaları haqqında” qanunun 37.3.2-ci maddəsinə görə, əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, pensiya TƏYİN OLUNDUQDAN, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı KATEQORİYASINA keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin KATEQORİYAYA keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən, bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Qanuna 13.05.2022-ci ildə əlavə edilən 37.3.2-1-ci maddəyə görə, bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün MÜRACİƏTİ əsasında həyata keçirilir.

Bu icrası məcburi olan QANUN, bu da qanunu icra etməyə borclu olan ƏƏSMN tabeliyində DSMF-in qanunu cibinə, qərəzinə uyğunlaşdırıb, dövlətin sosial, pensiya siyasətini heçə sayması!(?) Bəli, bəli, DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (XŞTMF) işləyən hərbi pensiyaçıların pensiyalarını işlədiklərinə görə yığılan sığorta, pensiya kapitalına uyğun yenidən hesablamaqdan imtina edir. DSMF, XŞTMF-nin əsası absurddur, bu yekəlikdə fondun, filal(lar)ının Konstitusiyaya, qanuna, prezident fərmanına, NK qərarına sayğısızlığının “əsasına” baxın, işləyən pensiyaçının pensiyasını yenidən hesablamaq üçün işi dayandırması tələbi, şərti irəli sürülür! “Əmək pensiyaları haqqında” qanunda pensiya təyin olunduqdan sonra işləməyə davam edənlərin pensiyalarının işləməyə görə toplanan sığorta kapitalına uyğun yenidən hesablanmasının təsbit olunması bir yana, axı “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə NK-nın 28.04.2022-ci il tarixli, 175 saylı qərarı var! Və bu 175 saylı qərar DSMF, XŞTMF məmurlarının “stolüstü kitabı” olmalıdır axı! NK-nın 175 saylı qərarının 6.7-ci bəndini ƏƏSMN DSMF-in, XŞTMF-nin qərəz məmurlarının diqqətinə çatdırırıq:

“Qanunun 37.3.2-1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması İŞLƏYƏN əmək pensiyaçısının fərdi şəxsi hesabının sığorta hissəsində MÜRACİƏT TARİXİNƏ toplanmış PENSİYA KAPİTALINA əsasən həmin TARİXDƏN, İŞLƏMƏYƏN əmək pensiyaçısına münasibətdə şəxsin İŞLƏMƏYƏN əmək pensiyaçısı KATEQORİYASINA keçdiyi GÜNDƏN, lakin MÜRACİƏT edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə həyata keçirilir”

Bəs niyə həyata keçirilmir, sosial məmurlar NK qərarını ciblərinə, qərəzlərinə uyğunlaşdırırlar? Necə olur, Maliyyə Nazirliyi, Dövlət Maliyyə Nəzarəti Xidməti, ƏƏSMN tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi təkrar-təkrar ƏƏSMN-ə, DSMF-ə qanunu, NK qərarını icra etməyə müraciət edir, DSMF XŞTMF isə təkrar-təkrar maliyyə özbaşınalığını sürdürür? Sual doğur, XŞTMF nəyə gərəkdir, onun funksiyalarını DOST-a verməklə özbaşınalığa son qoymağı NK, ƏƏSMN fikirləşə bilməz? Amma çoxdan fikirləşmək gərəkir(di), belə pensiya təminat(sızlığ)I ilə İŞLƏYƏN PENSİYAÇI halal əmək haqqından PENSİYA FONDUNA ödədiyi əmlakından da məhrum olur, halal qanpulundan da.

Məğrur Bədəlsoy

Gundemxeber.org

"Bu xəbər kollektivimizdə ciddi narazılıq və məyusluq yaradıb" - MÜRACİƏT



"Biz Nərimanov Tibb Mərkəzinin əməkdaşları sizdən xahiş edirik, şikayətimizə biganə qalmayıb bu mövzunu işıqlandırasınız..." "Bu barədə"Dia-az"a ünvanlanmış müraciətdə deyilir.

Müraciətdə daha sonra qeyd olunur: "Belə ki, yayılan məlumatlara görə, təmirdən çıxmış bizim Nərimanov Tibb Mərkəzinin binasını yeni yaradılacaq Pediatriya Mərkəzinə verilməsi nəzərdə tutulur. Bu xəbər kollektivimizdə ciddi narazılıq və məyusluq yaradıb.

Xəstəxanada yayılan söz-söhbətlərə görə, həkimlərin etirazlarının qarşısını almaq üçün onlara qərarın guya “yuxarıdan” verildiyi bildirilir. Lakin bu barədə kollektivə heç bir rəsmi məlumat təqdim olunmayıb.

Kollektiv hesab edir ki, Pediatriya Mərkəzinin yaradılması zəruridirsə, bunun üçün başqa imkanlar, o cümlədən yeni bina tikilməsi də nəzərdən keçirilə bilər. Nərimanov Tibb Mərkəzinin illərdir gözlədiyi təmir olunmuş binasının əlindən alınması isə bizim üçün qəbuledilməzdir.

Biz TƏBİB-dən mətbuata təqdim edilən şablon cavab yox, qəti və rəsmi cavab istəyirik:
Nərimanov Tibb Mərkəzinin gələcəyi necə olacaq?
Təmir olunmuş bina kimə veriləcək?

Məsələ sadəcə bir bina deyil. Məsələ Nərimanov Tibb Mərkəzinin və onun kollektivinin gələcəyidir.."

Dia-az

“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...


“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də konfuz: direktorun verdiyi qərarlar öz işçisi tərəfindən ləğv olunur

AzFakt.com xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də həyata keçirilən kadr islahatlarından sonra qurumda problemlər daha da dərinləşib.

Hikmət Hüseynov direktor təyin edildikdən sonra “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də faktiki "hakimiyyət" onun müavini vəzifəsini icra edən və KTN-də “nazirin komandiri” adlandırılan Fəxrəddin Qəhrəmanovun əlinə keçib.

AzFakt.com-a daxil olan məlumata görə son həftələr Fəxrəddin Qəhrəmanovun bir neçə dəfə Hikmət Hüseynovun verdiyi bəzi qərarları ləvğ edib və bundan sonra direktorla “nazirin komandiri” arasında gərginlik ciddi şəkildə artıb. Mənbə iddia edir ki, faktiki olaraq Hikmət Hüseynovun “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də direktor kimi səlahiyyətləri Fəxrəddin Qəhrəmanov və komandası tərəfindən bloklanıb. Direktor bütün qərarları ancaq Fəxrəddin Qəhrəmaovun razılığı ilə vermək məcburiyyətindədir.

Məlumata görə Hikmət Hüsyenov nazir Məcnun Məmmədovun “komandiri” Fəxrəddin Qəhrəmanovla bağlı şikayətlər etməyə çəkinir. Çünki Fəxrəddin Qəhrəmanov “Azəraqrar” işçilərini və direktoru inandırıb ki, ayda bir neçə dəfə nazir Məcnun Məmmədovla görüşüb, qurum haqqında məlumatlar verir. Fəxrəddin Qəhrəmanovun nazirlə “yaxın olması”na inanan Hikmət Hüseynov isə tərəddüd içindədir və “nazirin komandiri”nin özbaşınalıqlarının qarşısını necə alacağını bilmir. Bu üzdən də MMC-nin fəaliyyətinin zamanla iflic olması qaçınılmaz görünür.

Qeyd edək ki, Fəxrəddin Qəhrəmanov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin balansındakı texnikalara cavabdeh şəxsdir. Lakin hazırda qurumun texnikalarının 90 faizi nasazdır və işləmir.

Buna baxmayaraq, Fəxrəddin işləməyən texnikaların adına yanacaq, sürtkü yağları və ehtiyat hissələri yazdıraraq dövlət vəsaitlərini mənimsədiyi iddia olunur.

AzFakt.com

Bakıda Uşaq Kliniki Xəstəxanasının ayaqyolu rüsvayçı gündədir - "Bura səhiyyə ocağı, tibb mərkəzidir, yoxsa..." + FOTOLAR


"Görüntülərə görə bağışlayın, paylaşmaya bilməzdim, bunu kimsə deməlidir. Bura 6 saylı Uşaq Kliniki Xəstəxanasının sanitar qovşağıdır".

Mia.az xəbər verir ki, sözləri jurnalist Ramilə Qurbanlı feysbuk-akı səhifəsində fotolarla da əlavə etməklə paylaşıb.

O, daha sonra paylaşımına belə davam edib: "Bilmədim məkan səhiyyə ocağı, tibb mərkəzidir, yoxsa antisanitariya qaynağı? Tibb mərkəzinin, TƏBİB-in rəhbərliyi uşağını belə bir yerə müayinəyə, müalicəyə gətirər? Burda sağlam uşaq sağalmaz xəstəliyə yoluxar. Otaqlar, dəhlizlər də oxşar vəziyyətdədir. "Daha heç nə demirəm, nöqtə, nöqtə və nöqtə..."


Xəbər lenti

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir
17:33
Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
17:14
Elnur Əliyevin layihə imperiyası: Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
16:32
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
15:53
22 minlik rüşvət QALMAQALI - İcra hakimiyyətinin rəsmiləri aldıqları pulu sənədlə təsdiqləyiblər
15:37
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
14:55
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
14:18
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
14:00
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
13:29
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant imperiyası ifşa olunur! -Dövlətin milyonları necə yoxa çıxır?
13:03
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
12:09
İran tənqidçilərinə qarşı əcnəbi cinayətkarlardan istifadə edir - Aralarında azərbaycanlılar da var
11:53
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
11:11
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
10:38
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
09:55
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
09:14
Goranboyda yol qəzası - Yaralılar var
17:35
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
17:05