"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT


Azərbaycanda bir sıra tenderlərin qalibi olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyulub.
Lent.az-ın xəbərinə görə, buna səbəb onun dövlət büdcəsinə olan vergi borcları ilə bağlıdır.
Məlumata əsasən, "İnternational Supply And Constructıon" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsi və DSMF-yə ümumilikdə 23 min 837 manat vergi borcu yaranıb. Bu il yaranan sözügedən borclarla bağlı dəfələrlə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən şirkətə bildirişlər göndərilsə də, ödənişlər yerinə yetirilməyib.
Nəticədə idarə Bakı Kommersiya Məhkəməsində "İnternational Supply And Constructıon" MMC-nin rəhbəri, 41 yaşlı İ. Rəhimovun ölkədən çıxışının müvəqqəti məhdudlaşdırılması barədə iddia qaldırıb.
Məhkəmə iddianı təmin edib və şirkət tərəfindən qeyd olunan borcun ödənilməsi tam yerinə yetirilənədək İ. Rəhimovun ölkədən çıxışına məhdudiyyət qoyulub.
Xatırladaq ki, "İnternational Supply And Constructıon" MMC xüsusən su təchizatı işləri ilə bağlı ADSEA-nın tenderlərində iştirak edərək, qalib olur.

"20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT


Saatlı rayon sakini Rəsul Ağayev deyir ki, 20 ildir nevroloji xəstə olduğu üçün ona əllillik təyin edilib və müavinət ayrılıb. "DİA-AZ"ın məlumatına görə, şikayətçi deyir ki, 2006-cı ildə təyin edilmiş müavinət "müalicəyə ehtiyacın var" deyərək 2026-cı ildə dayandırılıb.
Şikayətçi bildirir ki, əlillərin bərpa mərkəzində müayinədən keçib, ona əlilliyinin bərpa ediləcəyinə söz versələr də, bu günə kimi hələ də problemi həll olunmayıb.
Vətəndaş bu qərarın ədalətsiz olduğunu iddia edir və bununla bağlı dəfələrlə adiyyatı qurumlara müraciət etsə də, heç bir nəticəsi olmayıb.
Şikayətçi qeyd edir ki, sağlam idisə, niyə ona 20 il əlillik pensiyası veriblər. O, KİV vasitəsi ilə aidiyyatı qurumlara müraciət edərək bu məsələnin araşdırılaraq hüquqi qiymət verilməsini xahiş edir.

ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?



Jurnalist İlkin Muradov Sabunçu Rayon İcra Hakimiyyətinin iki əməkdaşının vətəndaşdan 22 min manat rüşvət aldığı və daha sonra həmin məbləği geri qaytararaq pulu aldıqlarını təsdiqləyən akta imza atdığı barədə iddia irəli sürüb.
Gununsesi.info-nun xəbərinə görə, İlkin Muradov hadisənin təfərrüatlarını açıqlayıb.
Jurnalistin sözlərinə görə, onun uşaqlıq dostu illər əvvəl Sabunçuda aldığı torpaq sahəsində fərdi yaşayış evi tikmək istəyib.
Bununla bağlı icra hakimiyyətinin mühəndisi ilə əlaqə saxlanılıb. Muradovun iddiasına əsasən, mühəndis tikinti məsələsinin “dədə-baba qaydası” ilə həll olunmasını təklif edib və bunun qarşılığında 22 min manat pul alıb.
İlkin Muradov yazır ki, mühəndisin dediyinə görə, həmin pul üç qurum arasında bölüşdürülməli olub. 6 min manat isə icra hakimiyyətinə çatdırılması üçün mühəndis tərəfindən başqa bir vəzifəli şəxsə verilib.
Bundan sonra evin tikintisinə başlanılıb.
Jurnalistin iddiasına görə, tikinti işləri aylarla davam edib və evin pəncərələri quraşdırılarkən icra hakimiyyətinin əməkdaşları tərəfindən tikili sökülüb.
Muradov bildirir ki, hadisədən təxminən 6-7 ay sonra pulun icra hakimiyyətinə çatmalı olan hissəsinin verilmədiyi məlum olub.
Jurnalistin sözlərinə görə, dostu dəfələrlə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin qəbulunda olub.
İddia edilir ki, həmin görüşlər zamanı 22 min manatı alan iki şəxs pulu aldıqlarını təsdiqləyiblər.
Muradov yazır ki, vətəndaşa müxtəlif vaxtlarda evin səhvən söküldüyü, kompensasiya veriləcəyi və ya başqa ərazidə torpaq sahəsi ayrılacağı bildirilib. Bu danışıqların aylarla davam etdiyi qeyd olunur.
“22 min manatı geri qaytardılar və akt imzaladılar”
İlkin Muradovun fikirlərində ən diqqətçəkən məqam kimi vətəndaşın rəsmi qurumlara şikayət etməsindən sonra baş verən hadisədir.
Jurnalistin iddiasına görə, vətəndaş bir neçə gün əvvəl rəsmi qurumlara müraciət etməyə başlayıb. Bundan sonra icra başçısının göstərişi ilə sözügedən iki məmur aldıqları 22 min manatı geri qaytarıb.
Muradov bildirir ki, bununla bağlı akt da tərtib olunub və hər iki məmur həmin sənədə imza atıb.
“İcra başçısının göstərişi ilə onun işçiləri vətəndaşdan 22 min rüşvət aldıqlarını təsdiq edən sənədə imza atıblar”, – deyə jurnalist yazıb.
Muradov qeyd edir ki, əvvəlcə bu məlumatı eşidəndə buna inanmayıb, lakin sonradan sənədi öz gözləri ilə gördüyünü bildirib.
Jurnalistin paylaşımına görə, məsələnin daha bir diqqətçəkən tərəfi 22 min manat aldığı iddia olunan şəxslərin ailə əlaqələridir. Muradov həmin şəxslərdən birinin atasının, digərinin isə əmisinin yüksək vəzifəli şəxslər olduğunu qeyd edib.
Hazırda bu iddialarla bağlı Sabunçu Rayon İcra Hakimiyyətinin, adıçəkilən məmurların və digər aidiyyəti şəxslərin mövqeyi məlum deyil.
Qeyd edək ki, Adil Vəliyev 2012-ci ildən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutur.
Zəruri qeyd: məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Gununsesi.info

Rafiqin “Xətai”si – Özüyeriyən ağacların möcüzəli taleyi


Bizdə bəzi məmurların qanunsuzluqları ört-basdır etmək məsələsində yaradıcılığına söz ola bilməz. Elə bil hər rayonun özünün “gizli layihələr şöbəsi”fəaliyyət göstərir.

Asfalt çəkilir,altı boş qalır. Yol çəkilir, kanalizasiya qapağına baxırsan, qapaqdır, amma kanalizasiya haradadır, Allah bilir. Bir sözlə, iş var, amma işin məntiqini tapmaq üçün xeyli düşünmək lazımdır.

VİDEO LİNKDƏ: https://bizimesr.media/az/post/rafiqin-xetaisi--ozuyeriyen-agaclarin-mocuzeli-taleyi-23069
Amma deyəsən, bəzi yerlərdə daha müasir üsula keçilib - qanunsuz obyekt tikmək istəyirsənsə, əvvəlcə ağacı yoxa çıxart, sonra obyektin qarşısına iri yük maşını qoy və tikintiyə başla.

Aşağıda sizə bir videogörüntü təqdim edəcək, 5 dəqiqə vaxt ayırıb mütləq baxın... Analoqsuz düşüncənin məhsuludur... Bu görüntülər Xətai rayonunun Tusi küçəsində çəkilib. Bəzi ağaclar artıq əvvəlki yerində yoxdur, onların yerində isə obyekt tikintisi aparılır. Nə gözəl mənzərədir, inkifadır, qazancdır, ağac yoxdur, əvəzində obyekt var... Qanunidir, qanunsuzdur, o Rafiq Quliyevi qəti narahat etmir, əsas odur, boş ərazi deyil... Bu mənzərəyə gülmək olarmı, olar, ağlamaq olarmı olar, qışqırmaq olarmı, olar, amma eşidən olmayacaq...

İndi obyektin qarşısında dayanan iri yük maşınına diqqət edin...

İndi təsəvvür edin, sabah soruşsalar:

- Ağac haradadır?
Cavab hazırdır: -Hansı ağac?

Soruşsalar: - Bəs bu obyekt necə tikilir?

Deyəcəklər: - Hansı obyekt?

Yük maşını barədə də sual versəniz, yəqin ki, ayrıca yaradıcı cavab tapılacaq. Bəlkə deyəcəklər ki, maşın tikinti üçün yox, "təkəri deşilib yolda qalıb"...

Bəlkə də ağacların kəsilməsini ağacların öz qərarı kimi təqdim edəcəklər - “Özləri getdilər, vallah. Biz nə edək?”

Əlbəttə, bunlar bizim satirik ehtimallarımızdır. Amma görüntülərlə bağlı ciddi sualların olduğu da göz qabağındadır.

Xətai rayonunda bu tip qanunsuz tikintilərlə bağlı müxtəlif hallar mövcuddur.Yaxşı ki, icra başçısı Rafiq Quliyev belə məsələlərə cavab vermir. Xətainin adını daşıyan bir rayonda belə biabırçılığa necə cavab vermək olar axı...

Rayon Şah İsmayıl Xətainin adını daşıyır. Xətai çox gənc yaşında dövlət qurmuşdu. İndi isə həmin adı daşıyan rayonda ağac kəsilir, qarşısında yük maşını dayanır, obyekt tikintisi aparılırsa, adam istər-istəməz düşünür - Şah İsmayıl Xətai bu mənzərəni görsəydi, yəqin ki, “Mən dövlət qurmuşdum, siz burada nə qurursunuz?” deyə soruşardı.

Ən maraqlısı bilirsiz nədir? Belə icra başçıları festivallarında və konsertlərində danışır, özünü reklam edir. Amma ağac, qanunsuz tikinti məsələsinə gələndə “səssiz rejimə” keçir. Bəlkə də onun idarəçilik qaydası belədir - konsert varsa reklam etsinlər, ağac kəsilirsə, hamı susun...

BizimƏsr Media

Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX


Azərbaycana daha çox turist cəlb etmək və hava nəqliyyatında əlçatanlığı artırmaq məqsədilə ölkəyə aşağıbüdcəli aviaşirkətlərin gətirilməsi planlaşdırılır. Bu məsələ Prezidentin təsdiqlədiyi 2026-2030-cu illər üçün Turizmin İnkişafı üzrə Dövlət Proqramında da əksini tapıb. Eyni zamanda, Dövlət Turizm Agentliyinin son açıqlamasında da məsələyə diqqət çəkilib.
Azərbaycanda aviabiletlərin qiymətləri nə vaxt ucuzlaşa bilər? Aşağıbüdcəli aviaşirkətlər Azərbaycanda nə zamandan fəaliyyətə başlayacaq? Türkiyə, Rusiya, Dubay, Çexiya kimi ən çox uçuş həyata keçirilən istiqamətlər üzrə biletlərin qiymətləri təxminən nə qədər olacaq?
Globalinfo.az-a danışan turizm üzrə ekspert Əziz Şiriyev deyib ki, hazırda Prezidentin imzaladığı Dövlət Proqramı çərçivəsində digər aşağıbüdcəli aviaşirkətlərin də ölkəmizə cəlb edilməsi əsas prioritetlərdən biridir:
“Quru sərhədlərinin bağlı olması və aviaşirkətlərdə qiymətlərin nisbətən yüksək olması Azərbaycana gələn turistlərin, əsasən yüksək gəlirli kateqoriyadan formalaşmasına səbəb olur. Halbuki dünyada aşağı, orta və yüksək büdcəli turistlər də daxil olmaqla müxtəlif kateqoriyalar mövcuddur. Azərbaycana turist axınını kütləviləşdirmək üçün, xüsusilə quru sərhədlərinin bağlı olduğu indiki şəraitdə, hava nəqliyyatı imkanları genişləndirilməli və daha münasib qiymətə uçuşların sayı artırılmalıdır”.
Ekspert bildirib ki, oktyabrın 10-dan etibarən Slovakiyadan Azərbaycana “Wizz Air” aviaşirkəti ilə birbaşa uçuşların başlayacağı gözlənilir:
“Wizz Air” Macarıstana məxsus aşağıbüdcəli aviaşirkətdir. Slovakiyanın əhalisi təxminən 5 milyon nəfər olsa da, ölkənin Avropanın mərkəzində yerləşməsi bu marşrut vasitəsilə digər Avropa ölkələrindən də turistlərin Azərbaycana cəlb olunmasına imkan yaradır. Eyni zamanda, Azərbaycan vətəndaşlarının Avropaya daha münasib qiymətlərlə səfər etməsi mümkün olacaq. Biletlərin gediş-dönüş üçün təxminən 100-150 dollar civarında olması daha geniş turist kütləsinin səyahət imkanlarını artıracaq. Gələcəkdə digər ölkələrlə də bu cür aviareyslərin təşkilinin genişləndirilməsi gözlənilir. Aşağıbüdcəli aviaşirkətlərin sayının artması, şübhəsiz ki, Azərbaycana gələn turistlərin sayına müsbət təsir göstərəcək. Yaxın gələcəkdə quru sərhədlərinin, xüsusilə Gürcüstan istiqamətində keçidlərin bərpası, həmçinin Naxçıvan-Sədərək istiqamətində Zəngəzur dəhlizinin açılması baş verərsə, ölkəyə turist axınını daha da artırmaq üçün əlavə imkanlar yaranacaq. Eyni zamanda, bu prosesdən sonra aviabiletlərin qiymətlərinin ucuzlaşması da mümkündür”.(Globalinfo.az)

Masazırdakı bu tikintinin içracısı kimə güvənir? - İsrail kimdir?


Masazır qəsəbəsi, Nizami küçəsində qanunsuz tikinti işləri aparıldığı ilə bağlı qaynar xəttimizə məlumat daxil olub.

Bizimesr.media xəbər verir ki, əƏrazidə təxminən 20-yə yaxın işçinin heç bir təhlükəsizlik geyimi və qoruyucu vasitə olmadan təhlükəli şəraitdə işlədiyi müşahidə edildi. Tikinti texnikalarının yol örtüyünə zərər vurduğu da görünürdü.

Üstəlik, ərazidə tikintinin kimə məxsus olduğunu və hansı əsasla aparıldığını göstərən məlumat lövhəsi də yox idi. Cavabdeh şəxsi soruşduqda əvvəlcə onun ərazidə olmadığı bildirildi. Bir qədər sonra özünü məsul şəxs kimi təqdim edən şəxs gəldi.

İşçilərin təhlükəsizliyinin niyə təmin edilmədiyini soruşduqda isə “Heç nə olmaz, guya nə qanunidir ki?” cavabını verdi. Suallarımıza cavab vermək əvəzinə əraziyə gəlməyimizin qanunsuz olduğunu iddia edən şəxs daha sonra telefonunu uzadaraq dedi:

“Götür, İsrail bəylə danış”. Biz isə onun kim olduğunu soruşduqda “Siz İsrail bəyi niyə tanımırsınız?” cavabını aldıq. İsrail bəyin əraziyə gəlib suallara cavab verməsini istədikdə isə “Gələ bilməz” deyildi.

Burada suallar yaranır: İsrail bəy kimdir? Hansı vəzifəni tutur? Nəyə görə biz onu tanımalıyıq? Ən diqqətçəkən məqam isə sonda deyilən bu sözlər oldu:

“Gedin aidiyyəti qurumlara deyin, gəlib tikintini söksünlər”.

Əgər tikinti sökülməlidirsə, niyə hələ də işlər davam edir? Əgər qanunidirsə, niyə sənədlər və məlumat lövhəsi yoxdur? Masazırdakı tikinti ilə bağlı cavab gözləyən suallar kifayət qədərdir.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Sahib Süleymanovun başı dərddə - “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır


İşğaldan azad olnmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərin işləri təftiş olunur.

Maliyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə təmir və tikinti işləri aparan müəsissə və şirkətlərin işləri ilə bağlı yoxlama aparırır.
AzFakt.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə yoxlama aparılan bu şirkətlərdən biri də işğaldan azad olunmuş ərazilərdə tikinti işləri ilə məşğul olan və milyonluq tenderlərin qalibi“Best Energy Group” MMCşirkətidir. Məlumata görə aparılan yoxlamalar “Best Energy Group” MMC-nin təsisçisi və direktoru Sahib Süleymanovu çətin vəziyyətə salıb.

Məsələ ilə bağlı əldə etdiyimiz məlumata görə “Best Energy Group” MMC-nin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi işlərin böyük hissəsində ciddi maliyyə şişirtmələri mövcuddur.

Gəncədə Fikrət Əmirov parkında ağaclar mişarlanır: Ekologiya qurumları niyə susur? FOTO/VİDEO


Gəncə şəhərində yaşıllıqların qorunması ilə bağlı növbəti ciddi iddia gündəmə gəlib. Redaksiyaya təqdim olunan foto və məlumatlarda şəhərin Fikrət Əmirov adına parkının müxtəlif hissələrində iri gövdəli ağacların kəsildiyi bildirilir. İddialara görə, ümumilikdə 12 ağac məhv edilib və ən ciddi narahatlıq doğuran məqam kəsilən ağacların bir hissəsinin yaşıl və sağlam görünməsidir.

Təqdim olunan görüntülərdə parkın əsas giriş hissəsində, eləcə də ərazinin müxtəlif nöqtələrində kəsilmiş ağac kötükləri görünür. Parkın daxili hissəsində də ağacların mişarla kəsildiyi iddia olunur. Əgər həmin ağaclar doğrudan da sağlam olubsa, ortaya çox ciddi sual çıxır: şəhərin mərkəzində, hamının gözü qarşısında bu ağacların kəsilməsinə kim icazə verib?

Daha bir diqqətçəkən məsələ Gəncə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş verənlərə münasibətidir. Redaksiyaya daxil olan məlumatlarda qurumun ərazidəki vəziyyətdən xəbərdar olduğu, lakin prosesə vaxtında müdaxilə edilmədiyi iddia edilir. Bu iddia təsdiqini taparsa, artıq söhbət təkcə ağacların kəsilməsindən deyil, yaşıllıqların mühafizəsinə cavabdeh qurumların öz vəzifələrini nə dərəcədə yerinə yetirməsindən gedir.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə yaşıllıqların, ağacların və təbiət obyektlərinin qorunmasına cavabdeh əsas dövlət qurumlarından biridir.
- Belə olan halda Gəncənin tanınmış parklarından birində çoxsaylı ağacların kəsilməsi ilə bağlı iddialar niyə dərhal araşdırılmır?
- Ağacların hansı səbəbdən kəsildiyi müəyyənləşdirilibmi?
- Onların qurumuş, təhlükəli və ya xəstə olması barədə müvafiq rəy varmı?
- Kəsilməyə icazə verən sənəd mövcuddurmu?
- Əgər belə bir sənəd yoxdursa, məsul şəxslər barəsində hansı tədbirlər görüləcək?

Məsələnin başqa tərəfi də var. Son illər ölkənin müxtəlif ərazilərində bir və ya bir neçə ağacın qanunsuz kəsilməsinə görə inzibati protokolların tərtib edilməsi, ziyanın hesablanması və hüquqi tədbirlərin görülməsi barədə dəfələrlə rəsmi məlumatlar yayılıb.
- Bəs Gəncənin mərkəzində yerləşən parkda iddia edilən 12 ağacın taleyi niyə eyni həssaslıqla araşdırılmamalıdır?

Parklar şəhərin sadəcə istirahət məkanı deyil. Onlar ekoloji tarazlığın qorunması, havanın keyfiyyətinin yaxşılaşdırılması və insanların sağlam mühitdə yaşaması baxımından mühüm əhəmiyyət daşıyır. İri gövdəli bir ağacın yetişməsi onilliklər tələb etdiyi halda, onu mişarla bir neçə dəqiqəyə məhv etmək mümkündür. Sonradan həmin əraziyə ting əkməklə illərlə formalaşmış ağacın ekoloji dəyərini dərhal əvəz etmək mümkün deyil.

İctimaiyyət indi aidiyyəti qurumlardan konkret və sənədlərlə əsaslandırılmış cavab gözləyir:
- Fikrət Əmirov parkında neçə ağac kəsilib?
- Kəsilən ağacların vəziyyəti necə olub?
- Kəsinti hansı qurumun qərarı və hansı ekspert rəyi əsasında həyata keçirilib? Ərazidə yoxlama aparılıbmı?
- Təbiətə dəymiş ziyan hesablanıbmı?

Ekologiyanın qorunması yalnız hesabatlarda, ağacəkmə aksiyalarında və rəsmi çıxışlarda xatırlanan şüar olmamalıdır. Əgər şəhərin mərkəzində iri ağaclar bir-bir mişarlanır, məsul qurumlar isə buna vaxtında reaksiya vermirsə, onda vətəndaşın “Ekologiya Nazirliyi və onun yerli strukturları haradadır?” sualını verməsi tamamilə təbiidir.

Redaksiya olaraq məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Gəncə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.

BnTv.az







Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu gün Bakının Mirmahmud Kazımovski küçəsinin Mir Cəlal küçəsindən Cavad xan küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məhdudiyyət saat 22:00-dan təmr işləri bitənə qədər tətbiq ediləcək. Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?


Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Fəxrəddin Məmmədovun adı ətrafında daha əvvəl yayılan əmlak və işçi narazılığı ilə bağlı iddialar səngiməmiş, bu dəfə redaksiyamıza rayon sakinindən yeni şikayət daxil olub. Ayrı-ayrı vaxtlarda gündəmə gələn hadisələrin hər birində eyni qurumun – Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin adının hallanması isə artıq təsadüfi görüntüdən çox, idarəçiliklə bağlı ciddi suallar doğuran mənzərə yaradır.

Xətai rayonu, Ramiz Quliyev küçəsi 2B ünvanında yaşayan Rəşad Hacıyev redaksiyamıza müraciət edərək bildirib ki, gecə saat 23:50 radələrində yaşadığı mənzilin qapısı qəfil və çox sərt şəkildə döyülməyə başlayıb. Şikayətçinin sözlərinə görə, gecənin həmin vaxtında baş verən hadisə ev sakinlərində ciddi təşviş və narahatlıq yaradıb.

Rəşad Hacıyev bildirir ki, qapının arxasında Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı Rəşad Quliyevi gördükdən sonra ondan gecənin bu saatında ailəni narahat etməsinin səbəbini soruşub.

BakuNews.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Rəşad Quliyev Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində mühəndis vəzifəsində çalışır.

Vətəndaşın sözlərinə görə, mühəndis Rəşad Quliyev ona bildirib ki, idarənin daş hasarının çöl hissəsində saxladığı avtomobil ərazidən götürülməlidir. Buna səbəb isə həmin əraziyə daha əvvəl sökülmüş dəmir qaraj konstruksiyasının yerləşdirilməsinin nəzərdə tutulması olub.

Məsələ də məhz burada sual doğurur.

Əgər Xətai MKTB-nin həmin ərazidə gecə saatlarında hər hansı daşınma və ya konstruksiya yerləşdirmək planı var idisə, vətəndaş niyə gündüz saatlarında xəbərdar edilməyib?

- Niyə həmin ərazi əvvəlcədən nəzarətə götürülməyib?

- Niyə avtomobillərin saxlanmasının müvəqqəti qadağan edildiyini göstərən xəbərdarlıq nişanı və ya məlumat lövhəsi yerləşdirilməyib?

- Niyə bir kommunal qurumun təşkilati işinin düzgün qurulmamasının əziyyətini gecə saat 23:50-də öz evində istirahət edən sakin çəkməlidir?

- Dəmir konstruksiyanın daşınması doğrudanmı o qədər təxirəsalınmaz məsələ olub ki, bunun üçün vətəndaşın gecəyarısı qapısı döyülməli idi?

Üstəlik, söhbət sıravi və təsadüfi şəxsdən deyil. Redaksiyanın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, vətəndaşın qapısına gedən Rəşad Quliyev həmin kommunal qurumda mühəndis vəzifəsində çalışır. Bu isə məsuliyyət məsələsini daha da aktuallaşdırır.

- Mühəndis Rəşad Quliyev gecə saat 23:50-də vətəndaşın qapısına kimin göstərişi ilə gedib?

- Bu, Xətai MKTB rəhbərliyinin tapşırığı olub, yoxsa əməkdaş öz təşəbbüsü ilə hərəkət edib?

- Əgər göstəriş rəhbərlik tərəfindən verilibsə, nə üçün vətəndaşa gündüz saatlarında zəng etmək, xəbərdarlıq etmək və ya ərazidə müvafiq nişan yerləşdirmək əvəzinə gecəyarısı mənzilin qapısını döymək üsulu seçilib?

Rəşad Hacıyev baş verənləri özünə və ailəsinə qarşı hörmətsizlik kimi qiymətləndirir. Onun sözlərinə görə, qapının gecə saatlarında sərt şəkildə döyülməsi ailə üzvlərində ciddi stress və həyəcan yaradıb.

Burada söhbət təkcə avtomobilin bir yerdən başqa yerə çəkilməsindən getmir. Dövlət və ya kommunal xidmət funksiyası həyata keçirən qurumun əməkdaşı ilə vətəndaş arasındakı münasibətin hansı çərçivədə qurulmasından gedir. Vətəndaşa xidmət göstərməli olan idarənin əməkdaşı onun rahatlığını pozan tərəfə çevrilirsə, artıq həmin qurumda idarəçilik və əməkdaşların davranış qaydaları barədə suallar yaranır.

Ən diqqətçəkən məqam isə budur ki, Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin adı bundan əvvəl də müxtəlif narazılıqlarda hallanıb.

Bir müddət əvvəl Xətai rayonunda təmizlik işlərində çalışan bir qrup süpürgəçi qadının narazılığı mediada gündəmə gəlmişdi. Həmin şəxslər maaşlarının 750 manatdan 500 manata endiriləcəyinin onlara bildirildiyini iddia etmiş, bunun səbəbinin açıqlanmadığını demişdilər.

Şikayətçi qadınlar kommunal təsərrüfatda yalnız küçə süpürməklə kifayətlənmədiklərini, onlara müxtəlif ağır işlərin də gördürüldüyünü bildirərək “süpürgəçinin puluna göz dikən məmur kimdir?” sualını səsləndirmişdilər.

Bir tərəfdə küçədə fiziki əməklə çalışan qadınların maaşının azaldılması ilə bağlı şikayətlər, digər tərəfdə isə həmin qurumun rəhbərinin adına yüz minlərlə manatlıq əmlakın olması barədə mediada yayılan məlumatlar ictimaiyyət üçün təbii olaraq suallar yaradır.

Mediada daha əvvəl yayılan məlumatlara görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Murad Nağıyev küçəsi, giriş 114 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Fəxrəddin Məmmədovun adına sənədləşdirildiyi bildirilib.

Həmin məlumatlarda obyektin sənədlərdə təxminən 50 kvadratmetr göstərildiyi, faktiki sahəsinin isə daha böyük olduğu iddia edilib. Obyektin bazar qiymətinin 250-300 min manat civarında qiymətləndirildiyi də mediada yer alan məlumatlar sırasındadır.

Məsələ ilə bağlı daha əvvəl Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən verilən açıqlamada sözügedən qeyri-yaşayış sahəsinin Fəxrəddin Məmmədova məxsus olduğu təsdiqlənib, lakin həmin obyektin fəaliyyət göstərmədiyi bildirilib.

Əlbəttə, hər hansı vəzifəli şəxsin adına daşınmaz əmlakın olması avtomatik olaraq qanun pozuntusu demək deyil. Eyni zamanda əmlaka sahibliklə sahibkarlıq fəaliyyəti arasında da hüquqi baxımdan bərabərlik işarəsi qoymaq olmaz. Lakin yüksək vəzifə daşıyan şəxslərin əmlakı, həmin əmlakın əldə olunma mənbələri və ondan hansı məqsədlə istifadə edilməsi ictimai maraq doğurursa, ən düzgün yol bu suallara şəffaf və əsaslandırılmış cavab verməkdir.

İndi isə əvvəlki əmlak və süpürgəçilərin maaşları ilə bağlı narazılıqların üzərinə daha bir hadisə – kommunal qurumun mühəndisinin gecə saat 23:50-də vətəndaşın qapısına getməsi ilə bağlı şikayət əlavə olunur.

- Kommunal qurumun işi insanların yaşayış şəraitini yaxşılaşdırmaq, küçələrin, binaların və ümumi istifadə sahələrinin normal vəziyyətini təmin etməkdir. Vətəndaşın gecəyarısı qapısının döyülərək narahat edilməsi isə bu xidmət anlayışının hansı məntiqinə sığır?

BakuNews.az olaraq Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Fəxrəddin Məmmədova açıq suallar ünvanlayırıq:

- Mühəndis Rəşad Quliyevin gecə saat 23:50-də vətəndaş Rəşad Hacıyevin yaşadığı mənzilə getməsi barədə göstərişi kim verib?

- Əgər ərazidə avtomobillərin saxlanılması görüləcək işlərə maneə yaradırdısa, niyə sakinlər bu barədə gündüz saatlarında xəbərdar edilməyiblər?

- Niyə ərazidə müvafiq xəbərdarlıq və ya qadağanedici nişan yerləşdirilməyib?

- Rəşad Quliyevin vətəndaşla davranışı və gecə saatlarında mənzilə getməsi ilə bağlı xidməti araşdırma aparılacaqmı?

- Süpürgəçilərin maaşlarının 750 manatdan 500 manata endirilməsi ilə bağlı daha əvvəl səsləndirilmiş iddialara rəhbərlik hansı cavabı verir?

- Fəxrəddin Məmmədova məxsus olduğu qurum tərəfindən təsdiqlənən Bakıxanov qəsəbəsindəki qeyri-yaşayış sahəsi hazırda hansı məqsədlə istifadə olunur və orada sahibkarlıq fəaliyyəti həyata keçirilirmi?

Bir idarənin fəaliyyətini yalnız küçələrin süpürülməsi, tullantıların daşınması və binaların ətrafının təmizlənməsi ilə ölçmək olmaz. Vətəndaşa münasibət, işçinin əmək hüquqlarına yanaşma, idarəçilik mədəniyyəti, əməkdaşların davranışı və ictimai suallar qarşısında şəffaflıq da həmin rəhbərliyin fəaliyyət göstəricisidir.

BakuNews.az olaraq məsələdə adı çəkilən Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, qurumun rəisi Fəxrəddin Məmmədovun və mühəndis Rəşad Quliyevin mövqeyini dərc etməyə hazırıq.

BnTv.az

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56