Bu da Cavid Qurbanovun GÖRDÜYÜ İŞ... - FOTOFAKT


"Kəlbəcərin Zar kəndində tikinti ilə bağlı ciddi suallar var..." "DİA-AZ" xəbər verir ki, bu iddianı səsləndirən əslən Kəlbəcər rayonundan olan tanınmış şair Səxavət Kəlbəcərli eyni zamanda fotodəlil də təqdim edib.
Beləliklə aşağıdakı fotonu təqdim edən kəlbəcərli şair fikrini belə davam etdirir:

"Bu şəkil Kəlbəcərin Zar kəndində çəkilib. Yeni yaşayış məntəqəsinin tikintisində belə bir mənzərənin ortaya çıxması məni, bir kənd sakini kimi, ciddi narahat edir.
Cənab prezident İlham Əliyevin göstərişi ilə Zar kəndinin qurulmasına böyük vəsait ayrılıb. Lakin ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi və tikinti işlərinin keyfiyyəti ilə bağlı ciddi suallar yaranır.
Şəkildə divarın hörgüsünə diqqət yetirin: kubiklərin arasındakı bir çox hissəyə sement məhlulu belə düzgün vurulmayıb. Kubiklər arasında boşluqlar görünür və hörgünün keyfiyyəti ciddi şübhə doğurur. Dövlət vəsaiti hesabına tikilən yaşayış evində belə işin görülməsi yolverilməzdir.

Mənim iddiam ondan ibarətdir ki, “Amozon” şirkətinin həyata keçirdiyi işlərdə ayrılmış vəsaitlərin səmərəli xərclənməsi, qiymətlərin formalaşdırılması və tikinti keyfiyyəti ciddi şəkildə yoxlanılmalıdır. Əgər dövlət büdcəsindən ayrılan vəsait mənimsənilibsə və ya işlərin həcmi və qiyməti süni şəkildə dəyişdirilibsə, bunun hüquqi qiyməti verilməlidir.
Digər tərəfdən, mən həmin kəndin sakini olduğum halda, tikinti zamanı qanunsuz şəkildə işdən çıxarılmağımı da diqqətə çatdırıram. İşçilərin əmək şəraiti və tikintidə gördüyüm problemlərlə bağlı etiraz etdiyim üçün işdən çıxarıldığımı düşünürəm və bunun da araşdırılmasını istəyirəm.
Mən heç kəsi məhkəmə qərarı olmadan günahkar elan etmirəm. Sadəcə olaraq Prezidentin ayırdığı dövlət vəsaitinin hara xərcləndiyini, tikilən evlərin hansı standartlarla qəbul edildiyini və “Amozon” şirkətinin fəaliyyətinin qanuniliyini araşdırmağı tələb edirəm.
Zar kəndi bizim doğma kəndimizdir. Dövlət vəsaiti hesabına tikilən evlər keyfiyyətli və təhlükəsiz olmalıdır. Bu məsələyə aidiyyəti qurumların ciddi münasibət göstərməsini və obyektiv araşdırma aparmasını xahiş edirəm..."
"DİA-AZ " qeyd edir ki, Zar kəndinin inşaası Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun nəzarəti altında həyata keçirilir.
Hətta kənddə fəaliyyət göstərəcək ticarət mərkəzi, habelə digər ticarət və iaşə obyektləri belə indidən Cavid Qurbanovun adamları arasında pay-püş edilməkdədir. Görünəni odur ki, cənab Qurbanovu Zar kəndinin sakinlərinin hansı evlərə köçəcəyi yox gələcəkdə sahib olacağı əlavə qazanc daha çox maraqlandırır...(DİA-AZ)

Behrud kəndini BİRƏ BASIB... sakinlərin ümidi ALLAHA QALIB... - NARAZILIQ VAR...


Ordubad rayonunun Behrud kəndini birə basdığı, dezinfeksiya üçün sakinlərdən pul tələb olunduğu bildirilir. Sakinlərin sözlərinə görə, sanitar xidmət birə basan yerləri dərmanlamaq üçün hər kvadratmetrə 20 manat tələb edir.

Ərazinin minlərlə kvadratmetr olduğu nəzərə alınanda, tələb olunan məbləğin sakinlər üçün çox böyük olduğu bildirilir.

Kənd sakinləri “Gündəlik Naxçıvan”a deyirlər ki, problemlə bağlı Naxçıvan MR İctimai Səhiyyə Xidmətinə müraciət etsələr də, onlardan dərmanlama üçün pul tələb olunub:

“Problem kənd boyu yayılır, amma aidiyyəti qurumlar kömək etmək əvəzinə camaatdan pul istəyirlər. Kəndin içini birə basıb. Deyilənə görə, bir nəfər kəndə keçilər gətirib, problem də həmin heyvanların saxlandığı tövlədən başlayıb. Sonra tövlələrin ətrafına, yollara, yaşayış evlərinə yayılıb. İnsanların üstünə qonur, ordan da evlərə daşınır.

Camaat dəfələrlə şikayət edir, amma dövlət qurumları ciddi maraqlanmır. Baytar gəlib nəsə səpir, gedir, onun da heç bir təsiri olmur. Kənd həkimi sanitar stansiyaya müraciət edib ki, əhali şikayətlənir, kənddə birə yayılıb.

Ordan isə deyiblər ki, birə olan ərazilərin hər kvadratmetrinə 20 manat yığılsın, pulu verin, gəlib dərmanlayaq. Kənd böyükdür, bu hesabla camaat nə qədər pul toplamalıdır? Məsələn, 300 kvadrat həyəti dərmanlamaq üçün 6 min manat verməlisən. Əhalinin buna gücü çatmır”.

Sakinlər problemin artıq məktəbə də çatdığını deyirlər:

“Müəllimlər deyirlər ki, birə artıq məktəbə də çatıb. Məktəbə gələn işçilər həmin yoldan keçirlər, birə onların üstünə qonur, belə-belə məktəbə də daşınır. Artıq bir-iki nəfərin üstündə və bəzi siniflərdə tək-tək birə görünüb. Bu gün-sabah məktəb açılacaq. Uşaqları buraxmağa qorxuruq. Problem dərhal həll olunmalıdır”.

Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR İctimai Səhiyyə Xidmətinə müraciət etsək də, cavab ala bilmədik.


Buranın adından da DƏLƏDUZLUQ fışqırır - ÖZBAŞINA QALIBLAR...


"2025-ci ildə Beynəlxalq Karyera Akademiyasında "təhsil aldım". "Təhsilimi başa vurduqdan" sonra mənə təqdim olunan “diplom” isə 2024-cü il tarixi ilə verilmişdi..." "Diz.az" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabındakı paylaşımında Aysel Şıxiyeva adlı istifadəçi yazaraq gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Bundan əlavə, sənəddə ata adı qeyd olunmayıb və diplomun üzərində çoxlu qaralamalar mövcuddur.Diplomun yenidən hazırlanmasını dəfələrlə tələb etsəm də, məsələ artıq təxminən 1ildir uzadılır və nəticə əldə olunmurdu.
Bununla yanaşı, GLP diplomunun hazırlanması da aylarla gecikdirildi. 1 il yarımdan sonra elektron formada “diplom” göndərildi. Lakin həmin vaxta qədər artıq bu sənədə ehtiyacım qalmamışdı.
Digər məsələ isə Almaniyada keçiriləcəyi bildirilən təlimlə bağlıdır. Təlim üçün ödəniş etmişdim və təlimin 6–8 ay ərzində keçiriləcəyi bildirilmişdi. Lakin artıq 1 ildən çox vaxt keçib və təlimlə bağlı heç bir məlumat verilməyib. Ödənişin geri qaytarılacağı ilə bağlı da söz verilsə də, bu günə qədər vəsait geri qaytarılmayıb.
Dərsləri sonradan izləyə bilməyimiz üçün şəxsi kabinet yaradılacağı da bildirilmişdi. Lakin bu vəd də yerinə yetirilmədi.
Məsələ ilə bağlı rəsmi e-mail ünvanlarına dəfələrlə müraciət etmişəm. Mənə ödənişin “geri qaytarıla biləcəyi” bildirilsə də, bundan sonra müraciətlərimə konkret cavab verilməyib və məsələ yenə də nəticəsiz qalıb.
Təəssüf ki, mənim şəxsi təcrübəmdə proses ödəniş alınana qədər kifayət qədər aktiv və operativ görünsə də, ödənişdən sonra müxtəlif gecikmələr, cavabsız müraciətlər və yerinə yetirilməyən vədlərlə qarşılaşdım.
Bu paylaşımı etməkdə məqsədim heç kimi ittiham etmək deyil, sadəcə öz təcrübəmi bölüşərək başqalarının eyni vəziyyətlə qarşılaşmamasına kömək etməkdir.
Bu qurumla təhsil və ya digər xidmətlərlə bağlı əməkdaşlıq etməyi düşünürsünüzsə, qərar verməzdən əvvəl bütün şərtləri, sənədləşməni, ödəniş və geri qaytarma qaydalarını əvvəlcədən ətraflı şəkildə dəqiqləşdirməyinizi tövsiyə edirəm.
Şəxsi təcrübəmə əsasən, belə bir qərar verməzdən əvvəl çox diqqətli olun və verilən vədlərin yazılı şəkildə təsdiqlənməsinə əmin olun..."

Diz.az

9-cu aydır ki, maaşlarını ala bilmirlər... - MÜRACİƏT


"Biz, "Construction Business Group" şirkətində çalışan işçilər, bildiririk ki, 2026-cı ilin yanvar ayından etibarən əməkhaqlarımız ödənilmir..." Bu sözlər işçilər adından ölkə rəhbərliyinə ünvanlanmış müraciətdə yer alıb.

Sözügedən qurumun Naxçıvanda çalışan işçilərinin yazdığı müraciətdə daha sonra deyilir: "Artıq uzun müddətdir ki, işləməyimizə baxmayaraq, əməkhaqlarımızın verilməməsi səbəbindən ciddi maddi çətinliklərlə üz-üzə qalmışıq. İşçilərin ailə, kredit, kirayə və digər gündəlik xərcləri olduğundan əməkhaqlarının vaxtında ödənilməməsi bizim sosial vəziyyətimizə ciddi təsir göstərir.
Məsələ ilə bağlı dəfələrlə aidiyyəti şəxslərə müraciət etsək də, problemimiz bu günədək öz həllini tapmamışdır.
Hörmətli cənab Prezident!
Sizdən xahiş edirik ki, müraciətimizi nəzərə alasınız, "Construction Business Group" şirkətində çalışan işçilərin 2026-cı ilin yanvar ayından bu günədək ödənilməmiş əməkhaqlarının araşdırılmasına və əməkhaqlarımızın ödənilməsi üçün müvafiq tədbirlərin görülməsinə köməklik göstərəsiniz.
Ümid edirik ki, müraciətimiz diqqətdə saxlanılacaq və yaşadığımız problemin ədalətli həlli üçün müvafiq tədbirlər görüləcəkdir..."

Qeyd edək ki, narazılıq yaradan şirkətin rehberi Elmir Babayev Vaqif oğludur.

Naxçıvanda Hacıvar məktəbi, Babək rayon DSMF, Culfa rayon DSMF, Ordubad rayon DSMF, Kəngərli rayon DSMF və Sədərək rayon DSMF kimi qurumlarda işləyən işçilərin əmək haqqı 2026-cı ilin yanvar ayından ödənilmir.(Dia-az)

Məsələ diqqətimizdədir...

İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?


Goranboy şəhər 2 saylı tam orta ümumtəhsil məktəbində görünməmiş hadisə yaşanıb. İşində yol verdiyi ciddi nöqsanlara və törətdiyi qanunsuz əməllərə görə vəzifəsindən azad edilən keçmiş direktor İlhamə Qasımova qəzəbinə hakim ola bilməyərək təhsil müəssisəsinin əmlakına zərər vurub.

Gundemxeber.org-a daxil olan əlumata görə, keçmiş direktor məktəbin sanitariya qovşağını dağıdaraq unitazı və əl-üz yuma avadanlıqlarını söküb öz evinə aparıb.

İdarəçilik Böhranı və Valideynlərin Narahatlığı

Baş verən bu vandalizm aktı sadəcə emosional bir davranış deyil, təhsil sistemindəki idarəçilik boşluqlarının və kadr seçimindəki problemlərin bariz göstəricisidir. Təhsil ocağında bu cür özbaşınalığın baş verməsi valideynlər və şagirdlər arasında böyük təşvişə səbəb olub.

Valideynlər haqlı olaraq sual edirlər: Məktəb əmlakını söküb evinə daşıyacaq qədər iradəsiz və aqressiv bir şəxs illərlə uşaqlarımızın tərbiyəsi ilə necə məşğul olub?

Cəmiyyətdə "mənəvi terror" kimi qiymətləndirilən bu addım, təhsil müəssisəsinə və müəllim adına vurulan ağır zərbədir. Məsələ ilə bağlı aidiyyəti qurumların hüquqi müstəvidə addım atacağı və dəymiş ziyanın bərpası istiqamətində tədbir görəcəyi gözlənilir.

Qarşı tərəfin və məktəb kollektivinin də mövqeyini dinləməyə hazırıq.






Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb - "Pakdad"da nə baş verir?


“Shazeli Group” və “Zirinc Group” MMC-yə məxsus obyektlər barədə məhkəmə qərarı çıxarılıb.

Qaynarinfo-nun məlumatına görə, sözügedən şirkətlərin rəhbəri Rafiq Mirzəbala oğlu Mirzəyevin Azərbaycandakı banklardan birinə milyonlarla manat kredit borcu yaranıb.

Kredit öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən bank tərəfindən Rafiq Mirzəyevin rəhbəri olduğu şirkətlərə qarşı məhkəməyə müraciət edilib.

Məhkəmə materiallarından məlum olub ki, 2021–2031-ci illər üçün 10 illik müddətə şirkətlərlə bank arasında 60 milyon manat məbləğində ipoteka kredit limiti müqaviləsi bağlanıb. 2024-cü ilədək illik faiz dərəcəsi 13 faiz, illik cərimə faizi 9 faiz, kreditin müddəti bitdikdən sonra isə illik cərimə faizi 22 faiz müəyyən edilib. Otel alışı və digər mağazaların tikinti xərclərinin maliyyələşdirilməsi məqsədilə 2 milyon 700 min manat məbləğində tranşlarla kredit verilib.

Bundan başqa, bank tərəfindən 2024-cü ilədək illik faiz dərəcəsi 12 faiz, illik cərimə faizi 9 faiz, kreditin müddəti bitdikdən sonra isə illik cərimə faizi 21 faiz olmaqla 200 min manat məbləğində kredit verilib.

Sözügedən kreditlər üzrə “Shazeli Group” və “Zirinc Group” MMC ilə bank arasında borc mübahisəsi yaranıb.

Məhkəmənin qərarı ilə “Shazeli Group” və “Zirinc Group” MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Firdovsi küçəsi, 16 ünvanında yerləşən üç qeyri-yaşayış sahəsinin açıq hərracda satılması qərara alınıb.

Belə ki, ümumi sahəsi 48,9 kvadratmetr olan qeyri-yaşayış sahəsinin, 33 kvadratmetr olan qeyri-yaşayış sahəsinin və 29,5 kvadratmetr olan qeyri-yaşayış sahəsinin ümumilikdə ilkin satış qiyməti 857 900 manat müəyyən edilib. Satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi qərara alınıb.

Bununla yanaşı, digər kreditlər üzrə 197 538 manat 12 qəpik, 430 533 manat, 627 manat 92 qəpik və 918 manat 79 qəpik məbləğində kredit borcunun şirkətlərdən müştərək qaydada tutularaq banka ödənilməsi barədə də qərar verilib.

Qeyd edək ki, nizamnamə kapitalı 732 200 manat olan “Zirinc Group” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 129 530,49 manat vergi borcu yaranıb.

Nizamnamə kapitalı 8 000 manat olan “Shazeli Group” MMC-nin isə sözügedən quruma 49 893,37 manat vergi borcu olduğu bildirilir.

Xatırladaq ki, "Şazeli Baku" restoranlar şəbəkəsi "Shazeli Group" MMC-yə məxsusdur. Həmçinin "Pakdad" restoranı da bu MMC-nin tərkibindədir.

Qaynarinfo

"Xadimə və satıcı eyni adamdır" - "Bravo"dan şikayət


Son vaxtlar supermarketlərdə işçi çatışmazlığı ilə bağlı görüntülərə sosial şəbəkələrdə tez-tez rast gəlinir. Son olaraq “Bravo” supermarketlərindən biri ilə bağlı yayılan görüntü də bu məsələni gündəmə gətirib.
Narazı müştəri marketdə cəmi iki işçinin çalışdığını iddia edərək bildirib:
“Əhmədli metrosunun yanındakı “Bravo”dur. Bu boyda marketdə iki işçi var. İşçini də çağırsan, gedib yeri silir, sonra gəlib əhaliyə xidmət edir”.
İşçi çatışmazlığı müştərilərin uzun növbələrdə gözləməsinə və xidmətin gecikməsinə səbəb olur. Buna baxmayaraq, bir sıra mağazalarda problemin uzun müddət davam etdiyini görürürük.
Bəs supermarketlərdə işçi tapmaq niyə çətinləşib? Əsas səbəb əməkhaqqının aşağı olması, yoxsa ağır iş qrafiki və iş şəraitidir?

Mövzu ilə bağlı “Bakupost”a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, supermarketlərdə işçi çatışmazlığının səbəbini yalnız əməkhaqqının aşağı olması ilə izah etmək düzgün olmaz:

“Əsas problem bir neçə amilin üst-üstə düşməsidir. Hazırkı vakansiyalara baxdıqda, satıcı-kassir və digər mağaza işlərində təxminən 400–560 manat aralığında maaşlar, növbəli və 6 günlük iş qrafiki geniş yayılıb. Məsələn, “Bravo”nun hazırkı elanlarında satıcı-kassir üçün 530–560 manat, digər elanlarda isə 490–520 manat göstərilir; bəzi vəzifələrdə 6 günlük iş həftəsi tətbiq olunur.
Bu məvacib xüsusilə Bakıda yaşayış və nəqliyyat xərcləri fonunda bir çox insan üçün işi kifayət qədər cəlbedici etmir. Üstəlik, supermarketdə iş fiziki və psixoloji baxımdan kifayət qədər intensivdir: uzun müddət ayaqüstə qalmaq, müştərilərlə ünsiyyət, kassa məsuliyyəti, rəflərin doldurulması və bəzən əlavə işlərin görülməsi tələb olunur. Növbəli rejim və həftədə cəmi bir istirahət günü də işin cəlbediciliyini azaldan amillərdəndir”.

A.Nəsirlinin sözlərinə görə, uzun növbələrin yaranmasının səbəbi həmişə market rəhbərliyinin qəsdən az işçi saxlamaq istəyi deyil:

“İşçi tapmaq çətinləşdikdə mövcud heyətə daha çox yük düşür. Digər tərəfdən, supermarket üçün hər əlavə işçi əlavə əməkhaqqı, sosial ödənişlər və digər xərclər deməkdir. Buna görə bəzi hallarda şirkət müştəri xidmətində müəyyən gecikməni qəbul edib daha az heyətlə işləməyə üstünlük verə bilər. Amma bu yanaşma uzun müddətdə müştəri narazılığına, xidmət keyfiyyətinin aşağı düşməsinə və işçilərin daha tez işdən ayrılmasına səbəb ola bilər”.

Ekspert qeyd edib ki, supermarket üçün ən sərfəli model “mümkün qədər az işçi” deyil, optimal sayda və motivasiyalı işçi ilə işləməkdir:

“Bir kassada uzun növbənin yaranması müştərinin mağazadan narazı ayrılmasına, xidmət sürətinin aşağı düşməsinə və hətta satış itkisinə səbəb ola bilər. Buna görə əməkhaqqının artırılması, iş qrafikinin daha çevik qurulması, əlavə işçilərin pik saatlarda cəlb edilməsi və işçilərin fəaliyyətinin avtomatlaşdırılmış sistemlərlə yüngülləşdirilməsi həm işçi çatışmazlığını, həm də müştəri narazılığını azalda bilər.
Yəni problemin kökündə təkcə “işçi yoxdur” məsələsi dayanmır. Əsas məsələ təklif olunan əməkhaqqı ilə işin ağırlığı arasında balansın yaranmamasıdır. Marketlər bu balansı dəyişməsə, vakansiyalar açıq qalacaq, mövcud işçilərin yükü artacaq və nəticədə uzun növbələr və xidmət problemləri davam edəcək”.

Bakupost

İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...


13 ay ərzində – 2021-ci ilin 26 aprelindən 2022-ci ilin 27 mayına kimi ümumilikdə 13 milyon 54 min 310 manat 23 qəpik dəyərində 33 tender müsabiqəsinin qalibi olan “MSDIS Holding” MMC (VÖEN – 150507212) vergi borcunu ödəmədiyi üçün əmlakı müsadirə olunaraq hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, İmişli rayonunun Bəhramtəpə qəsəbəsində yerləşən və “MSDIS Holding” MMC-yə məxsus olan 1,16 hektar torpaq sahəsi ilə 612 kv. metr əmlak 58 min manata satışa çıxarılıb.
Qeyd edək ki, “MSDIS Holding” MMC-nin hazırda dövlət büdcəsinə 21 milyon 937 min 948 manat 70 qəpik vergi borcu var.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Şah İsmayıl Xətai pr., ev 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nağıyev Mirfəyyaz Oktay oğludur.
Onu da qeyd edək ki, Nağıyev Mirfəyyaz Oktay oğlu 24 sentyabr 2018-ci ildə qeydiyyata alınan “MS Group Holding” MMC, “MS Group Consulting” MMC və “Enerjiquraşdırma-M” MMC-nin də qanuni təmsilçisi olub.
Dövlət büdcəsinə 22 milyon manata yaxın vergi borcu olan “MSDIS Holding” MMC aşağıdakı dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində qalib olub:
Abşeron Rayon İcra Hakimiyyəti – 59.917,98 AZN;
Zaqatala Rayonu İcra Hakimiyyəti – 55.861,59 AZN;
Abşeron Rayon İcra Hakimiyyəti – 1.126.797,43 AZN;
Qobustan Rayon İcra Hakimiyyəti – 278.851,23 AZN;
Şəki Şəhər İcra Hakimiyyəti – 708.293,35 AZN;
Abşeron Rayon İcra Hakimiyyəti – 137.521,11 AZN;
Sumqayıt Şəhər İcra Hakimiyyəti – 61.642,85 AZN;
Gədəbəy Rayon İcra Hakimiyyəti – 693.320,54 AZN;
Abşeron Rayon İcra Hakimiyyəti – 164.995,44 AZN;
Qəbələ Rayon İcra Hakimiyyəti – 355.982,16 AZN;
Abşeron Rayon İcra Hakimiyyəti – 130.127,45 AZN;
Sumqayıt Şəhər İcra Hakimiyyəti – 787.700,17 AZN;
Sumqayıt Şəhər İcra Hakimiyyəti – 1.037.999,98 AZN;
Sumqayıt Şəhər İcra Hakimiyyəti – 293.230 AZN;
Qəbələ Rayon İcra Hakimiyyəti – 164.127,9 AZN;
Siyəzən Rayonu İcra Hakimiyyəti – 442.448,08 AZN;
Sumqayıt Şəhər İcra Hakimiyyəti – 447.134,57 AZN;
Zaqatala Rayonu İcra Hakimiyyəti – 542.113,48 AZN;
Sumqayıt Şəhər İcra Hakimiyyəti – 2.020.503,68 AZN;
Sumqayıt Şəhər İcra Hakimiyyəti – 277.715,67 AZN;
Abşeron Rayon İcra Hakimiyyəti – 1.362.482,86 AZN;
Beyləqan Suvarma Sistemləri İdarəsi – 179.599,54 AZN;
Xocavənd Rayonu Kommunal Müəssisələri Kombinatı – 94.744,82 AZN;
Xocavənd Rayonu Kommunal Müəssisələri Kombinatı – 46.055,64 AZN;
Azərbaycan Meliorasiya Və Su Təsərrüfatı ASC – 138.057,55 AZN;
Ağsu Suvarma Sistemləri İdarəsi – 248.252,65 AZN;
Oğuz Suvarma Sistemləri İdarəsi – 135.180,80 AZN;
Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsi – 199.023,52 AZN;
İsmayıllı Suvarma Sistemləri İdarəsi MMC – 64.933,81 AZN;
Azərbaycan Meliorasiya Və Su Təsərrüfatı ASC – 178.093,51 AZN;
Quba Suvarma Sistemləri İdarəsi – 222.608,65 AZN;
Azərpambıq Aqrar Sənaye Kompleksi MMC – 282.502,62 AZN;
Azərişıq ASC – 116.489,6 AZN.

Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... - sakinlər HARAY ÇƏKİR



"Gəncənin mərkəzə yaxın ərazisində bir yol var ki, onun vəziyyəti artıq sadəcə yol problemi deyil, uzun illərdir həll olunmayan biganəliyin göstəricisinə çevrilib..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra deyilir: "Söhbət Gəncə şəhərində KTV-nin yaxınlığında, sakinlərin “Türkün pivonoyu” adlandırdığı ərazidə, avtomobillərin artezian suyu doldurduğu məntəqənin, Fikrət Əmirov adına parkın yaxınlığında yerləşən dördyoldan gedir. Yolun yaxınlığında böyük parkın yerləşməsi də həmin ərazidə hərəkətin kifayət qədər intensiv olduğunu göstərir.

Ən təəccüblüsü isə odur ki, bu yolun vəziyyəti 10 ildən artıqdır dəyişmir. Yol çala-çuxur içərisindədir, asfalt örtüyü demək olar ki, sıradan çıxıb. Sürücülər hər gün avtomobillərini bu çuxurlardan keçirməyə məcbur olurlar.

Vəziyyət o həddə çatıb ki, sakinlər artıq problemi öz imkanları hesabına həll etməyə çalışırlar. Evlərində təmir aparan insanlar gips, beton və digər tikinti qalıqlarını gətirib yoldakı çala-çuxurlara tökürlər ki, heç olmasa avtomobillər keçə bilsin. Ancaq bu “təmir” bir neçə gün davam edir və yol yenidən əvvəlki vəziyyətinə qayıdır.

Bu mənzərə bir çox suallar doğurur: Bir şəhər yolunun təmirini sakinlər öz üzərinə götürməlidirlərmi? İnsanlar nə vaxta qədər evlərindən çıxan tikinti tullantıları ilə şəhərin yollarını düzəltməyə çalışacaqlar?

Yolun vəziyyəti avtomobil sahiblərinə də ciddi ziyan vurur. Dərin çala və çuxurlardan məcburi keçid avtomobillərin asqı sisteminin, təkərlərinin və digər hissələrinin sıradan çıxmasına səbəb olur. Yağışlı havalarda isə problem daha da böyüyür. Çuxurlar su ilə dolur və yol gölməçəyə çevrilir. Sürücü isə suyun altında hansı çuxurun və nə qədər dərin olduğunu görə bilmir.

Məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət edilib. Lakin illərdir nəticə yoxdur. Əgər müraciətlər həqiqətən aidiyyəti şəxslərə çatdırılıbsa, o zaman ortaya daha ciddi sual çıxır: Nə üçün bu qədər uzun müddət ərzində bir yolun təmiri mümkün olmayıb?

Xüsusilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının təsərrüfat məsələləri üzrə müavini Kamran Məhərrəmovun və Gəncə Şəhər MKTİB-nin rəhbəri Nurməhəmməd müəllimin eyş-işrətdən başları açılmır, nəticədə onların diqqətinə çatdırılan bu problemin hələ də həll edilməməsi sakinlərin haqlı narazılığına səbəb olur.

Sakinlərin istədiyi nə xüsusi imtiyaz, nə də qeyri-adi bir tələbdir. Onlar sadəcə yaşadıqları şəhərdə normal və təhlükəsiz yoldan istifadə etmək istəyirlər.

Gəncə böyük və qədim şəhərdir. Şəhərin müxtəlif hissələrində abadlıq və quruculuq işləri aparıldığı halda, mərkəzə yaxın ərazidə bir yolun 10 ildən artıq müddətdə bu vəziyyətdə qalması ciddi şəkildə araşdırılmalıdır.

Aidiyyatı qurumların və xüsusilə şəhərin təsərrüfat sahəsinə cavabdeh şəxslərin bu məsələyə münasibət bildirməsi, yolun yerində araşdırılması və nəhayət, problemin köklü şəkildə həll edilməsi gözlənilir.(DİA-AZ)

Sakinlər artıq vəd deyil, nəticə gözləyirlər. Bu yolun daha neçə il belə qalacağı isə açıq sual olaraq qalır..."

"Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." - Türkiyəli sürücülər İMDAD DİLƏYİR


Türkiyəli TIR sürücüləri Sədərək gömrüyündə talan xarakterli davranışlarla üzləşdiklərini iddia edirlər. Onların sözlərinə görə, gömrük əməkdaşları şəxsi istifadə üçün saxladıqları siqaret və ərzaqları zorla əllərindən alır, etiraz edənləri isə qəsdən uzun və sərt yoxlamalara məruz qoyurlar.
Sürücülər bildirirlər ki, əsasən yolboyu istifadə üçün götürdükləri kolbasa məmulatları, çərəzlər və içkilər əllərindən alınır.
Sürücü Murat Ünal ərzaqların necə talan olunduğunu belə təsvir edir:
“Sucuq görürlər, ‘ver’, pastırma görürlər, ‘ver’, quru yemiş görürlər, ciblərinə doldururlar. Nə icazə istəyirlər, nə də razılıq. Biri səni söhbətə tutur, o biri isə maşının içində göz gəzdirir ki, görüm nə götürə bilərəm. Gözləri hər yerdədir — dolablarda, soyuducuda. Elə davranırlar ki, sanki o ərzağın pulunu özləri ödəyiblər.
Mən Qazaxıstana gedirəm, bəlkə iki aya qayıdacağam. Soyuducudakı ərzaqlar mənim yol üçün ehtiyatımdır. Gürcüstan və Avropa sürücülərinə isə bunların yanında belə davranmırlar”.
Sürücülərdən A. Yol isə yoxlama zamanı onlarla kobud və hörmətsiz davranıldığını deyir:
“Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar. Türk sürücüsənsə, bu münasibətlə qarşılaşırsan, başqalarına belə davranmırlar. Rüşvət elə gömrüyün içindən başlayır. Ayaqqabı ilə maşının içərisinə, hətta yatdığımız yerə girirlər. Ərzaqlarımızı və siqaretlərimizi zorla əlimizdən alırlar. Sonuncu dəfə yolda yemək üçün götürdüyüm fındığı, digər çərəzləri və siqaretimi aldılar. Əsgərlər maşını axtarmağa girirlər - biri sağdan, biri soldan. Soyuducuda nə görürlərsə, ‘bunu mənə ver’ deyirlər, əllərinin altında nə varsa istəyirlər. Etiraz edəndə isə bizi qəsdən gecikdirir, bəzən müxtəlif bəhanələrlə günlərlə gözlədirlər”.
Digər sürücü B. Erol isə bildirir ki, problemlə bağlı gömrük rəhbərliyinə, hətta Naxçıvan Gömrük İdarəsinə müraciət etsələr də, şikayətlərinə baxılmayıb:
“Bu, soyğunçuluq və talançılıqdır. Ərzaqlarımızı, siqaretlərimizi əlimizdən alırlar. Bəzən hadisə gecə vaxtına düşür və səhərə qədər ac, siqaretsiz qalırıq. Şikayət edirik, amma əhəmiyyət verən olmur”.
Sürücülər aidiyyəti qurumlardan məsələnin araşdırılmasını və bu hallara son qoyulmasını tələb edirlər.
"Gündəlik Naxçıvan"

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56