Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX


Azərbaycana daha çox turist cəlb etmək və hava nəqliyyatında əlçatanlığı artırmaq məqsədilə ölkəyə aşağıbüdcəli aviaşirkətlərin gətirilməsi planlaşdırılır. Bu məsələ Prezidentin təsdiqlədiyi 2026-2030-cu illər üçün Turizmin İnkişafı üzrə Dövlət Proqramında da əksini tapıb. Eyni zamanda, Dövlət Turizm Agentliyinin son açıqlamasında da məsələyə diqqət çəkilib.
Azərbaycanda aviabiletlərin qiymətləri nə vaxt ucuzlaşa bilər? Aşağıbüdcəli aviaşirkətlər Azərbaycanda nə zamandan fəaliyyətə başlayacaq? Türkiyə, Rusiya, Dubay, Çexiya kimi ən çox uçuş həyata keçirilən istiqamətlər üzrə biletlərin qiymətləri təxminən nə qədər olacaq?
Globalinfo.az-a danışan turizm üzrə ekspert Əziz Şiriyev deyib ki, hazırda Prezidentin imzaladığı Dövlət Proqramı çərçivəsində digər aşağıbüdcəli aviaşirkətlərin də ölkəmizə cəlb edilməsi əsas prioritetlərdən biridir:
“Quru sərhədlərinin bağlı olması və aviaşirkətlərdə qiymətlərin nisbətən yüksək olması Azərbaycana gələn turistlərin, əsasən yüksək gəlirli kateqoriyadan formalaşmasına səbəb olur. Halbuki dünyada aşağı, orta və yüksək büdcəli turistlər də daxil olmaqla müxtəlif kateqoriyalar mövcuddur. Azərbaycana turist axınını kütləviləşdirmək üçün, xüsusilə quru sərhədlərinin bağlı olduğu indiki şəraitdə, hava nəqliyyatı imkanları genişləndirilməli və daha münasib qiymətə uçuşların sayı artırılmalıdır”.
Ekspert bildirib ki, oktyabrın 10-dan etibarən Slovakiyadan Azərbaycana “Wizz Air” aviaşirkəti ilə birbaşa uçuşların başlayacağı gözlənilir:
“Wizz Air” Macarıstana məxsus aşağıbüdcəli aviaşirkətdir. Slovakiyanın əhalisi təxminən 5 milyon nəfər olsa da, ölkənin Avropanın mərkəzində yerləşməsi bu marşrut vasitəsilə digər Avropa ölkələrindən də turistlərin Azərbaycana cəlb olunmasına imkan yaradır. Eyni zamanda, Azərbaycan vətəndaşlarının Avropaya daha münasib qiymətlərlə səfər etməsi mümkün olacaq. Biletlərin gediş-dönüş üçün təxminən 100-150 dollar civarında olması daha geniş turist kütləsinin səyahət imkanlarını artıracaq. Gələcəkdə digər ölkələrlə də bu cür aviareyslərin təşkilinin genişləndirilməsi gözlənilir. Aşağıbüdcəli aviaşirkətlərin sayının artması, şübhəsiz ki, Azərbaycana gələn turistlərin sayına müsbət təsir göstərəcək. Yaxın gələcəkdə quru sərhədlərinin, xüsusilə Gürcüstan istiqamətində keçidlərin bərpası, həmçinin Naxçıvan-Sədərək istiqamətində Zəngəzur dəhlizinin açılması baş verərsə, ölkəyə turist axınını daha da artırmaq üçün əlavə imkanlar yaranacaq. Eyni zamanda, bu prosesdən sonra aviabiletlərin qiymətlərinin ucuzlaşması da mümkündür”.(Globalinfo.az)

Masazırdakı bu tikintinin içracısı kimə güvənir? - İsrail kimdir?


Masazır qəsəbəsi, Nizami küçəsində qanunsuz tikinti işləri aparıldığı ilə bağlı qaynar xəttimizə məlumat daxil olub.

Bizimesr.media xəbər verir ki, əƏrazidə təxminən 20-yə yaxın işçinin heç bir təhlükəsizlik geyimi və qoruyucu vasitə olmadan təhlükəli şəraitdə işlədiyi müşahidə edildi. Tikinti texnikalarının yol örtüyünə zərər vurduğu da görünürdü.

Üstəlik, ərazidə tikintinin kimə məxsus olduğunu və hansı əsasla aparıldığını göstərən məlumat lövhəsi də yox idi. Cavabdeh şəxsi soruşduqda əvvəlcə onun ərazidə olmadığı bildirildi. Bir qədər sonra özünü məsul şəxs kimi təqdim edən şəxs gəldi.

İşçilərin təhlükəsizliyinin niyə təmin edilmədiyini soruşduqda isə “Heç nə olmaz, guya nə qanunidir ki?” cavabını verdi. Suallarımıza cavab vermək əvəzinə əraziyə gəlməyimizin qanunsuz olduğunu iddia edən şəxs daha sonra telefonunu uzadaraq dedi:

“Götür, İsrail bəylə danış”. Biz isə onun kim olduğunu soruşduqda “Siz İsrail bəyi niyə tanımırsınız?” cavabını aldıq. İsrail bəyin əraziyə gəlib suallara cavab verməsini istədikdə isə “Gələ bilməz” deyildi.

Burada suallar yaranır: İsrail bəy kimdir? Hansı vəzifəni tutur? Nəyə görə biz onu tanımalıyıq? Ən diqqətçəkən məqam isə sonda deyilən bu sözlər oldu:

“Gedin aidiyyəti qurumlara deyin, gəlib tikintini söksünlər”.

Əgər tikinti sökülməlidirsə, niyə hələ də işlər davam edir? Əgər qanunidirsə, niyə sənədlər və məlumat lövhəsi yoxdur? Masazırdakı tikinti ilə bağlı cavab gözləyən suallar kifayət qədərdir.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Sahib Süleymanovun başı dərddə - “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır


İşğaldan azad olnmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərin işləri təftiş olunur.

Maliyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə təmir və tikinti işləri aparan müəsissə və şirkətlərin işləri ilə bağlı yoxlama aparırır.
AzFakt.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə yoxlama aparılan bu şirkətlərdən biri də işğaldan azad olunmuş ərazilərdə tikinti işləri ilə məşğul olan və milyonluq tenderlərin qalibi“Best Energy Group” MMCşirkətidir. Məlumata görə aparılan yoxlamalar “Best Energy Group” MMC-nin təsisçisi və direktoru Sahib Süleymanovu çətin vəziyyətə salıb.

Məsələ ilə bağlı əldə etdiyimiz məlumata görə “Best Energy Group” MMC-nin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi işlərin böyük hissəsində ciddi maliyyə şişirtmələri mövcuddur.

Gəncədə Fikrət Əmirov parkında ağaclar mişarlanır: Ekologiya qurumları niyə susur? FOTO/VİDEO


Gəncə şəhərində yaşıllıqların qorunması ilə bağlı növbəti ciddi iddia gündəmə gəlib. Redaksiyaya təqdim olunan foto və məlumatlarda şəhərin Fikrət Əmirov adına parkının müxtəlif hissələrində iri gövdəli ağacların kəsildiyi bildirilir. İddialara görə, ümumilikdə 12 ağac məhv edilib və ən ciddi narahatlıq doğuran məqam kəsilən ağacların bir hissəsinin yaşıl və sağlam görünməsidir.

Təqdim olunan görüntülərdə parkın əsas giriş hissəsində, eləcə də ərazinin müxtəlif nöqtələrində kəsilmiş ağac kötükləri görünür. Parkın daxili hissəsində də ağacların mişarla kəsildiyi iddia olunur. Əgər həmin ağaclar doğrudan da sağlam olubsa, ortaya çox ciddi sual çıxır: şəhərin mərkəzində, hamının gözü qarşısında bu ağacların kəsilməsinə kim icazə verib?

Daha bir diqqətçəkən məsələ Gəncə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş verənlərə münasibətidir. Redaksiyaya daxil olan məlumatlarda qurumun ərazidəki vəziyyətdən xəbərdar olduğu, lakin prosesə vaxtında müdaxilə edilmədiyi iddia edilir. Bu iddia təsdiqini taparsa, artıq söhbət təkcə ağacların kəsilməsindən deyil, yaşıllıqların mühafizəsinə cavabdeh qurumların öz vəzifələrini nə dərəcədə yerinə yetirməsindən gedir.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə yaşıllıqların, ağacların və təbiət obyektlərinin qorunmasına cavabdeh əsas dövlət qurumlarından biridir.
- Belə olan halda Gəncənin tanınmış parklarından birində çoxsaylı ağacların kəsilməsi ilə bağlı iddialar niyə dərhal araşdırılmır?
- Ağacların hansı səbəbdən kəsildiyi müəyyənləşdirilibmi?
- Onların qurumuş, təhlükəli və ya xəstə olması barədə müvafiq rəy varmı?
- Kəsilməyə icazə verən sənəd mövcuddurmu?
- Əgər belə bir sənəd yoxdursa, məsul şəxslər barəsində hansı tədbirlər görüləcək?

Məsələnin başqa tərəfi də var. Son illər ölkənin müxtəlif ərazilərində bir və ya bir neçə ağacın qanunsuz kəsilməsinə görə inzibati protokolların tərtib edilməsi, ziyanın hesablanması və hüquqi tədbirlərin görülməsi barədə dəfələrlə rəsmi məlumatlar yayılıb.
- Bəs Gəncənin mərkəzində yerləşən parkda iddia edilən 12 ağacın taleyi niyə eyni həssaslıqla araşdırılmamalıdır?

Parklar şəhərin sadəcə istirahət məkanı deyil. Onlar ekoloji tarazlığın qorunması, havanın keyfiyyətinin yaxşılaşdırılması və insanların sağlam mühitdə yaşaması baxımından mühüm əhəmiyyət daşıyır. İri gövdəli bir ağacın yetişməsi onilliklər tələb etdiyi halda, onu mişarla bir neçə dəqiqəyə məhv etmək mümkündür. Sonradan həmin əraziyə ting əkməklə illərlə formalaşmış ağacın ekoloji dəyərini dərhal əvəz etmək mümkün deyil.

İctimaiyyət indi aidiyyəti qurumlardan konkret və sənədlərlə əsaslandırılmış cavab gözləyir:
- Fikrət Əmirov parkında neçə ağac kəsilib?
- Kəsilən ağacların vəziyyəti necə olub?
- Kəsinti hansı qurumun qərarı və hansı ekspert rəyi əsasında həyata keçirilib? Ərazidə yoxlama aparılıbmı?
- Təbiətə dəymiş ziyan hesablanıbmı?

Ekologiyanın qorunması yalnız hesabatlarda, ağacəkmə aksiyalarında və rəsmi çıxışlarda xatırlanan şüar olmamalıdır. Əgər şəhərin mərkəzində iri ağaclar bir-bir mişarlanır, məsul qurumlar isə buna vaxtında reaksiya vermirsə, onda vətəndaşın “Ekologiya Nazirliyi və onun yerli strukturları haradadır?” sualını verməsi tamamilə təbiidir.

Redaksiya olaraq məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Gəncə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.

BnTv.az







Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu gün Bakının Mirmahmud Kazımovski küçəsinin Mir Cəlal küçəsindən Cavad xan küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məhdudiyyət saat 22:00-dan təmr işləri bitənə qədər tətbiq ediləcək. Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

300 minlik obyekt iddiası, süpürgəçilərin maaş narazılığı, indi də gecəyarısı qapı döyülməsi – Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai MKTB-də nə baş verir?


Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Fəxrəddin Məmmədovun adı ətrafında daha əvvəl yayılan əmlak və işçi narazılığı ilə bağlı iddialar səngiməmiş, bu dəfə redaksiyamıza rayon sakinindən yeni şikayət daxil olub. Ayrı-ayrı vaxtlarda gündəmə gələn hadisələrin hər birində eyni qurumun – Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin adının hallanması isə artıq təsadüfi görüntüdən çox, idarəçiliklə bağlı ciddi suallar doğuran mənzərə yaradır.

Xətai rayonu, Ramiz Quliyev küçəsi 2B ünvanında yaşayan Rəşad Hacıyev redaksiyamıza müraciət edərək bildirib ki, gecə saat 23:50 radələrində yaşadığı mənzilin qapısı qəfil və çox sərt şəkildə döyülməyə başlayıb. Şikayətçinin sözlərinə görə, gecənin həmin vaxtında baş verən hadisə ev sakinlərində ciddi təşviş və narahatlıq yaradıb.

Rəşad Hacıyev bildirir ki, qapının arxasında Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı Rəşad Quliyevi gördükdən sonra ondan gecənin bu saatında ailəni narahat etməsinin səbəbini soruşub.

BakuNews.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Rəşad Quliyev Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində mühəndis vəzifəsində çalışır.

Vətəndaşın sözlərinə görə, mühəndis Rəşad Quliyev ona bildirib ki, idarənin daş hasarının çöl hissəsində saxladığı avtomobil ərazidən götürülməlidir. Buna səbəb isə həmin əraziyə daha əvvəl sökülmüş dəmir qaraj konstruksiyasının yerləşdirilməsinin nəzərdə tutulması olub.

Məsələ də məhz burada sual doğurur.

Əgər Xətai MKTB-nin həmin ərazidə gecə saatlarında hər hansı daşınma və ya konstruksiya yerləşdirmək planı var idisə, vətəndaş niyə gündüz saatlarında xəbərdar edilməyib?

- Niyə həmin ərazi əvvəlcədən nəzarətə götürülməyib?

- Niyə avtomobillərin saxlanmasının müvəqqəti qadağan edildiyini göstərən xəbərdarlıq nişanı və ya məlumat lövhəsi yerləşdirilməyib?

- Niyə bir kommunal qurumun təşkilati işinin düzgün qurulmamasının əziyyətini gecə saat 23:50-də öz evində istirahət edən sakin çəkməlidir?

- Dəmir konstruksiyanın daşınması doğrudanmı o qədər təxirəsalınmaz məsələ olub ki, bunun üçün vətəndaşın gecəyarısı qapısı döyülməli idi?

Üstəlik, söhbət sıravi və təsadüfi şəxsdən deyil. Redaksiyanın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, vətəndaşın qapısına gedən Rəşad Quliyev həmin kommunal qurumda mühəndis vəzifəsində çalışır. Bu isə məsuliyyət məsələsini daha da aktuallaşdırır.

- Mühəndis Rəşad Quliyev gecə saat 23:50-də vətəndaşın qapısına kimin göstərişi ilə gedib?

- Bu, Xətai MKTB rəhbərliyinin tapşırığı olub, yoxsa əməkdaş öz təşəbbüsü ilə hərəkət edib?

- Əgər göstəriş rəhbərlik tərəfindən verilibsə, nə üçün vətəndaşa gündüz saatlarında zəng etmək, xəbərdarlıq etmək və ya ərazidə müvafiq nişan yerləşdirmək əvəzinə gecəyarısı mənzilin qapısını döymək üsulu seçilib?

Rəşad Hacıyev baş verənləri özünə və ailəsinə qarşı hörmətsizlik kimi qiymətləndirir. Onun sözlərinə görə, qapının gecə saatlarında sərt şəkildə döyülməsi ailə üzvlərində ciddi stress və həyəcan yaradıb.

Burada söhbət təkcə avtomobilin bir yerdən başqa yerə çəkilməsindən getmir. Dövlət və ya kommunal xidmət funksiyası həyata keçirən qurumun əməkdaşı ilə vətəndaş arasındakı münasibətin hansı çərçivədə qurulmasından gedir. Vətəndaşa xidmət göstərməli olan idarənin əməkdaşı onun rahatlığını pozan tərəfə çevrilirsə, artıq həmin qurumda idarəçilik və əməkdaşların davranış qaydaları barədə suallar yaranır.

Ən diqqətçəkən məqam isə budur ki, Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin adı bundan əvvəl də müxtəlif narazılıqlarda hallanıb.

Bir müddət əvvəl Xətai rayonunda təmizlik işlərində çalışan bir qrup süpürgəçi qadının narazılığı mediada gündəmə gəlmişdi. Həmin şəxslər maaşlarının 750 manatdan 500 manata endiriləcəyinin onlara bildirildiyini iddia etmiş, bunun səbəbinin açıqlanmadığını demişdilər.

Şikayətçi qadınlar kommunal təsərrüfatda yalnız küçə süpürməklə kifayətlənmədiklərini, onlara müxtəlif ağır işlərin də gördürüldüyünü bildirərək “süpürgəçinin puluna göz dikən məmur kimdir?” sualını səsləndirmişdilər.

Bir tərəfdə küçədə fiziki əməklə çalışan qadınların maaşının azaldılması ilə bağlı şikayətlər, digər tərəfdə isə həmin qurumun rəhbərinin adına yüz minlərlə manatlıq əmlakın olması barədə mediada yayılan məlumatlar ictimaiyyət üçün təbii olaraq suallar yaradır.

Mediada daha əvvəl yayılan məlumatlara görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Murad Nağıyev küçəsi, giriş 114 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Fəxrəddin Məmmədovun adına sənədləşdirildiyi bildirilib.

Həmin məlumatlarda obyektin sənədlərdə təxminən 50 kvadratmetr göstərildiyi, faktiki sahəsinin isə daha böyük olduğu iddia edilib. Obyektin bazar qiymətinin 250-300 min manat civarında qiymətləndirildiyi də mediada yer alan məlumatlar sırasındadır.

Məsələ ilə bağlı daha əvvəl Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən verilən açıqlamada sözügedən qeyri-yaşayış sahəsinin Fəxrəddin Məmmədova məxsus olduğu təsdiqlənib, lakin həmin obyektin fəaliyyət göstərmədiyi bildirilib.

Əlbəttə, hər hansı vəzifəli şəxsin adına daşınmaz əmlakın olması avtomatik olaraq qanun pozuntusu demək deyil. Eyni zamanda əmlaka sahibliklə sahibkarlıq fəaliyyəti arasında da hüquqi baxımdan bərabərlik işarəsi qoymaq olmaz. Lakin yüksək vəzifə daşıyan şəxslərin əmlakı, həmin əmlakın əldə olunma mənbələri və ondan hansı məqsədlə istifadə edilməsi ictimai maraq doğurursa, ən düzgün yol bu suallara şəffaf və əsaslandırılmış cavab verməkdir.

İndi isə əvvəlki əmlak və süpürgəçilərin maaşları ilə bağlı narazılıqların üzərinə daha bir hadisə – kommunal qurumun mühəndisinin gecə saat 23:50-də vətəndaşın qapısına getməsi ilə bağlı şikayət əlavə olunur.

- Kommunal qurumun işi insanların yaşayış şəraitini yaxşılaşdırmaq, küçələrin, binaların və ümumi istifadə sahələrinin normal vəziyyətini təmin etməkdir. Vətəndaşın gecəyarısı qapısının döyülərək narahat edilməsi isə bu xidmət anlayışının hansı məntiqinə sığır?

BakuNews.az olaraq Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Fəxrəddin Məmmədova açıq suallar ünvanlayırıq:

- Mühəndis Rəşad Quliyevin gecə saat 23:50-də vətəndaş Rəşad Hacıyevin yaşadığı mənzilə getməsi barədə göstərişi kim verib?

- Əgər ərazidə avtomobillərin saxlanılması görüləcək işlərə maneə yaradırdısa, niyə sakinlər bu barədə gündüz saatlarında xəbərdar edilməyiblər?

- Niyə ərazidə müvafiq xəbərdarlıq və ya qadağanedici nişan yerləşdirilməyib?

- Rəşad Quliyevin vətəndaşla davranışı və gecə saatlarında mənzilə getməsi ilə bağlı xidməti araşdırma aparılacaqmı?

- Süpürgəçilərin maaşlarının 750 manatdan 500 manata endirilməsi ilə bağlı daha əvvəl səsləndirilmiş iddialara rəhbərlik hansı cavabı verir?

- Fəxrəddin Məmmədova məxsus olduğu qurum tərəfindən təsdiqlənən Bakıxanov qəsəbəsindəki qeyri-yaşayış sahəsi hazırda hansı məqsədlə istifadə olunur və orada sahibkarlıq fəaliyyəti həyata keçirilirmi?

Bir idarənin fəaliyyətini yalnız küçələrin süpürülməsi, tullantıların daşınması və binaların ətrafının təmizlənməsi ilə ölçmək olmaz. Vətəndaşa münasibət, işçinin əmək hüquqlarına yanaşma, idarəçilik mədəniyyəti, əməkdaşların davranışı və ictimai suallar qarşısında şəffaflıq da həmin rəhbərliyin fəaliyyət göstəricisidir.

BakuNews.az olaraq məsələdə adı çəkilən Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, qurumun rəisi Fəxrəddin Məmmədovun və mühəndis Rəşad Quliyevin mövqeyini dərc etməyə hazırıq.

BnTv.az

Mingəçevirdə MilliÖN problemi - Rəqəmsal ödəniş dövründə niyə insanlar hələ də növbədə dayanmalıdır?


Mingəçevirdə kommunal ödənişlərlə bağlı narazılıqların yeni ünvanı formalaşıb. Söhbət MilliÖN ödəniş terminallarından gedir.

Şəhər sakinlərinin sözlərinə görə, bir sıra ərazilərdə MilliÖN aparatlarının sayı əhalinin real tələbatına uyğun deyil. Xüsusilə kommunal ödənişlərin edildiyi günlərdə terminalların qarşısında uzun növbələr yaranır, vətəndaşlar vaxt itirir, bəzi hallarda isə ödənişi həyata keçirmək üçün başqa ərazilərə getməli olurlar.
Bu vəziyyət bir sualı aktuallaşdırır: Əgər ödəniş sistemlərinin əsas məqsədi vətəndaşın vaxtına qənaət etməkdirsə, niyə Mingəçevirdə insanlar sadə kommunal ödəniş üçün növbəyə dayanmalıdır?
Şirkətin strategiyası ilə regiondakı reallıq arasında boşluq
MilliÖN özünü Azərbaycanda elektron ödəniş sistemləri bazarının lideri kimi təqdim edir. Şirkətin rəsmi məlumatına əsasən, şəbəkədə 150-dən artıq şirkət və 500-dən artıq xidmət növü mövcuddur, terminalların sayı isə 2500-dən çoxdur. Terminallar müxtəlif bölgələrdə, supermarketlərdə, banklarda, dövlət qurumlarında, metro stansiyalarında və digər məkanlarda yerləşdirilib.
Şirkətin təqdim etdiyi strategiyanın məntiqi sadədir: "Hər şey bir ödəmə nöqtəsində”.
Amma Mingəçevirdə ortaya çıxan mənzərə bu strategiyanın bütün şəhərlərdə eyni effektivliklə işləmədiyi barədə suallar yaradır.
Çünki terminalın ölkə üzrə sayının çox olması hələ onun konkret şəhərdə və konkret məhəllədə kifayət qədər olması demək deyil.
Bakı, Gəncə və digər iri şəhərlərlə yanaşı, Mingəçevir kimi böyük sənaye və yaşayış şəhərlərində də əhalinin gündəlik ödəniş ehtiyacları ayrıca hesablanmalıdır.
Əhali çoxdursa, ödəniş tələbi yüksəkdirsə, terminal infrastrukturu da həmin yükə uyğun qurulmalıdır.
Problem yalnız terminal sayında deyil
Məsələyə bir qədər geniş baxmaq lazımdır.
Kommunal ödəniş sistemi vətəndaş üçün nə qədər sadə görünürsə, onun arxasında bir o qədər böyük infrastruktur dayanır. Elektrik, qaz, su, internet, telefon və digər xidmətlər üzrə ödənişlərin vaxtında qəbul edilməsi və abonentin hesabında düzgün əks olunması vacibdir.
MilliÖN hazırda kommunal xidmətlər, mobil operatorlar, bank xidmətləri, dövlət ödənişləri və çoxsaylı digər xidmətləri təqdim edir.
Deməli, terminal sıradan çıxanda və ya qarşısında növbə yarananda vətəndaşın alternativi olmalıdır.
Əgər həmin ərazidə ikinci terminal yoxdursa, mobil tətbiqdən istifadə etməyən vətəndaş faktiki olaraq bir aparatın qarşısında gözləməyə məcbur qalır.
Bu isə rəqəmsallaşmanın əsas fəlsəfəsinə ziddir.
Yaşlı insanlar üçün vəziyyət daha çətindir
Problemin başqa bir tərəfi də sosial məsələdir.
Mingəçevirdə bütün vətəndaşların bank tətbiqlərindən, mobil ödəniş sistemlərindən və internet bankçılıq xidmətlərindən eyni səviyyədə istifadə etdiyini düşünmək doğru olmaz.
Xüsusilə yaşlı insanlar üçün terminal hələ də ən əlçatan ödəniş vasitələrindən biridir.
Ona görə də "mobil tətbiqdən istifadə edin” yanaşması problemin tam həlli sayıla bilməz.
Rəqəmsallaşma vətəndaşı seçimdən məhrum etmək yox, ona daha çox seçim vermək deməkdir.
Maraqlıdır: tələbat necə hesablanır?
MilliÖN tərəfindən terminalların yerləşdirilməsi zamanı əhalinin çox istifadə etdiyi məkanlar və digər kriteriyaların nəzərə alındığı barədə əvvəlki rəsmi açıqlamalarda məlumat verilib.
Bu baxımdan Mingəçevirdə ortaya çıxan mənzərə yeni suallar doğurur:
Terminalın yerləşdirilməsi zamanı şəhərin əhalisinin sayı, məhəllələr üzrə abonentlərin sayı, aylıq ödənişlərin həcmi və gün ərzində terminala düşən yük nəzərə alınırmı?
Əgər nəzərə alınırsa, niyə bəzi nöqtələrdə uzun növbələr yaranır?
Əgər nəzərə alınmırsa, deməli, regionlar üzrə xidmət şəbəkəsinin yenidən optimallaşdırılmasına ehtiyac var.
2018-ci ildə də Mingəçevirdə oxşar problem yaşanmışdı
Maraqlıdır ki, bu məsələ tamamilə yeni deyil.
2018-ci ildə Mingəçevirdə e-Manat terminalları ilə bağlı sakinlərin şikayətləri mediada gündəmə gəlmişdi. Həmin vaxt bəzi terminalların pul qəbul etməməsi, bəzilərinin qəbz verməməsi və kommunal ödənişlər zamanı problemlər yaranması barədə məlumat yayılmışdı.
Deməli, məsələ yalnız bir günün və ya bir həftənin problemi kimi qiymətləndirilməməlidir.
Ödəniş infrastrukturu ilə bağlı narazılıqlar illər ərzində müxtəlif formalarda ortaya çıxırsa, artıq bunun sistemli şəkildə araşdırılması lazımdır.
Şirkət üçün həll yolu nə ola bilər?
Əslində problemin həlli o qədər də mürəkkəb deyil.
Birinci növbədə Mingəçevirdə terminal sıxlığı xəritəsi hazırlanmalıdır.
Hansı ərazidə neçə abonent var?
Həmin ərazidə ay ərzində neçə ödəniş həyata keçirilir?
Bir terminala gün ərzində orta hesabla neçə istifadəçi düşür?
Növbələr ən çox hansı saatlarda yaranır?
Neçə terminal texniki səbəbdən müvəqqəti fəaliyyətsiz qalır?
Bu sualların cavabları əsasında terminalların sayı və yerləşmə nöqtələri yenidən müəyyənləşdirilməlidir.
İkinci vacib məsələ ehtiyat terminal strategiyasıdır.
Bir terminal sıradan çıxırsa, onun əvəzinə yaxın məsafədə alternativ terminal olmalıdır.
Üçüncü məsələ isə 24/7 texniki monitorinqdir.
Terminalın işləməməsi şirkət üçün sadəcə texniki nasazlıq, vətəndaş üçün isə kommunal ödənişini vaxtında edə bilməmək deməkdir.
Daha bir həll: supermarket və xidmət məntəqələri ilə əməkdaşlığın artırılması
MilliÖN terminallarının supermarketlər, biznes mərkəzləri və digər insanların sıx olduğu məkanlarda yerləşdirilməsi şirkətin öz strategiyasında da qeyd olunur.
Mingəçevirdə bu model daha geniş tətbiq edilə bilər.
Böyük marketlərdə bir terminal əvəzinə iki və ya daha çox terminalın yerləşdirilməsi, yaşayış massivlərində əlavə məntəqələrin yaradılması və insanların gündəlik hərəkət etdiyi ərazilərdə terminal sayının artırılması növbələri əhəmiyyətli dərəcədə azalda bilər.
Rəqəmsal alternativlər də gücləndirilməlidir
MilliÖN 2026-cı ildə terminallarda şəxsi kabinet funksiyasını təqdim edib. Bu funksiya istifadəçiyə müştəri kodlarını və nömrələri yadda saxlamağa, növbəti ödənişlərdə həmin məlumatlardan daha sürətli istifadə etməyə imkan verir.
Bu, müsbət addımdır.
Lakin rəqəmsal imkanların artırılması terminal problemini avtomatik həll etmir.
Çünki terminaldan istifadə edən insanların hamısı tətbiqdən istifadə etmir.
Şirkətin strategiyası "hamını rəqəmsallaşdırmaq” yox, hər iki qrupa xidmət göstərmək üzərində qurulmalıdır:
rəqəmsal ödəniş istifadəçilərinə — mobil və onlayn imkanlar,
nağd ödəniş edənlərə — kifayət qədər və işlək terminallar.
MilliÖN-dən gözlənti
Mingəçevirdə yaşayan vətəndaşın tələbi əslində çox sadədir:
Kommunal ödənişini etmək istəyir.
Terminal tapmaq istəyir.
Terminal işlək olsun istəyir.
Növbədə saatlarla dayanmaq istəmir.
Bunun üçün isə böyük bir islahat tələb olunmur.
Sadəcə xidmət şəbəkəsinin real istifadəçi yükünə uyğunlaşdırılması lazımdır.
MilliÖN ölkə üzrə geniş ödəniş infrastrukturu qurduğunu bildirir. Elə isə bu infrastrukturun regionlarda da eyni rahatlığı təmin etməsi vacibdir.
Mingəçevirdə yaranan növbələr şirkət üçün sadəcə narazılıq siqnalı deyil, həm də xidmət keyfiyyətinin ölçülməsi üçün göstəricidir.
Əgər bir terminalın qarşısında onlarla insan növbə gözləyirsə, problem vətəndaşın səbrində deyil.
Problem sistemin həmin nöqtədə tələbatı qarşılaya bilməməsindədir.
Rəqəmsal Azərbaycan qururuqsa, vətəndaş kommunal ödəniş etmək üçün növbədə dayanmalı deyil.
MilliÖN-ün qarşısında duran əsas məsələ də məhz budur: regionlarda rəqəmsal ödəniş imkanlarını sadəcə mövcud etmək yox, onları real olaraq əlçatan etmək.
7NEWS.az olaraq hesab edirik ki, Mingəçevirdə terminal şəbəkəsinin yenidən qiymətləndirilməsi, ehtiyac olan ərazilərdə əlavə MilliÖN aparatlarının quraşdırılması və texniki xidmətin gücləndirilməsi vətəndaşların haqlı narazılığını əhəmiyyətli dərəcədə azalda bilər.
Məsələ ilə bağlı MilliÖN-ün mövqeyini dərc etməyə hazırıq.

7NEWS.az

Kəngərlidə SU ÇİLƏSİ... - AXI NİYƏ?..


Kəngərli rayonunun Xok kəndində suvarma suyunun rüşvət və şəxsi münasibətlər əsasında bölüşdürüldüyü iddia olunur. Kənd sakinlərinin “Gündəlik Naxçıvan”a dediklərinə görə, bəzi əkin sahələrinə mövsüm ərzində 3-4 dəfə su verildiyi halda, digərləri cəmi bir dəfə suvara bilib.

Sakinlər deyirlər ki, daha çox pul verənlər su növbəsində qabağa salınır, nəticədə su ala bilməyənlərin əkin sahələri quruyaraq məhv olur.

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən sakinlərdən biri deyir ki, onun 2 hektarlıq əkin sahəsi bu mövsüm cəmi bir dəfə suvarılıb. Onun sözlərinə görə, kənddə suyun bölüşdürülməsinə icra nümayəndəsi Mübariz Əliyevin də təsiri var:

“Bu il əkin sahəmə cəmi bir dəfə su veriblər. Halbuki kənddə elələri var ki, üçüncü, hətta dördüncü dəfə suvarıblar. Biz soruşanda gah deyirlər nasos xarabdır, gah boru partlayıb, gah da başqa bəhanə gətirirlər. Amma baxırsan ki, kiminsə sahəsinə yenə su gedir.

Mübariz Əliyev 20 ildən çoxdur kənddə rəhbərlikdədir, suyun kimə nə vaxt veriləcəyinə də onun sözü keçir. Mənim əkinim isə quruyur, məhv olur”.

Digər sakin isə su növbəsinin pul və şəxsi münasibətlər əsasında dəyişdirildiyini iddia edir. O deyir ki, daha çox pul verənlər və icra nümayəndəsinə yaxın olan şəxslər növbədə qabağa salınır:

“Burada növbə ilə iş getmir. Hektarına kim çox pul verirsə, onu qabağa salırlar. Pul verənlərin sahəsi bir neçə dəfə suvarılır, verməyən isə gözləyir. İcra nümayəndəsinin özünə və yaxınlarına aid sahələr də problemsiz suvarılır.

Hətta traktoru olanlara da daha çox su verirlər ki, sonra onların texnikasından istifadə etsinlər. Dövlətin suyunu şəxsi maraqlara uyğun bölürlər. Belə getsə, çox adamın əkini əldən gedəcək”.

Sakinlər aidiyyəti qurumlara müraciət edərək, suvarma suyunun ədalətli bölüşdürülməsini tələb edirlər.



Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar - BU NƏDİ BELƏ?


Gənclik metro stansiyasının yaxınlığında, Fətəli xan Xoyski küçəsi 5 ünvanında, Atatürk parkının qarşısında yerləşən “Kənddən Şəhərə” yarmarkasının yaxınlığında sərnişinlər üçün ciddi problem yaranıb.

Ərazidə aparılan tikinti işləri ilə əlaqədar avtobus dayanacağı sökülüb. Bu səbəbdən avtobus gözləyən insanlar yolun kənarında gözləməyə məcbur olurlar. Hazırda havanın isti və küləkli olması sərnişinlərin vəziyyətini daha da çətinləşdirir.

Dayanacağın olmaması xüsusilə yaşlı insanlar, uşaqlar və uzun müddət avtobus gözləməli olan sərnişinlər üçün narahatlıq yaradır. Əsas narahatlıq isə hava şəraitinin dəyişəcəyi ilə bağlıdır.

Qarşıdakı günlərdə yağış yağacağı təqdirdə sərnişinlərin avtobus gözləyərkən sığınacağı yer olmayacaq. Belə olan halda insanlar həm yağışın altında qalacaq, həm də yol kənarında təhlükəli ərazidə dayanmaq məcburiyyətində olacaqlar.

Xüsusilə tələbələrin Bakıya qayıtdığı və yeni tədris ilinin başladığı dövrdə sərnişin sayının artacağını nəzərə alsaq, dayanacağın olmaması ərazidə daha böyük narahatlığa səbəb ola bilər. Sərnişinlər bildirirlər ki, tikinti işləri davam etdiyi müddətdə ən azı müvəqqəti dayanacaq təşkil edilməlidir.

İnsanların avtobusa minmək və gözləmək üçün təhlükəsiz və hava şəraitindən qoruna biləcəyi bir yerə ehtiyacı var. Hazırda isə ərazidə dayanacağın nə zaman bərpa olunacağı və ya sərnişinlər üçün müvəqqəti dayanacaq yaradılıb-yaradılmayacağı məlum deyil.(“Cebheinfo.az” )



200 milyard dollar böyük rəqəmdir: Hesabatı verilməlidir - HƏQİQƏTƏN DƏ...


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı diqqətçəkən bir açıqlama verib. Deyib ki: “Son 20 ildə şəhərə 200 milyard dollardan çox investisiya yatırılıb. Bu proses davam edir və inkişaf edir”.

E.Əzizovun bu açıqlaması təəccüblə qarşılanır və suallar doğurur. Son 20 ildə paytaxta 200 milyard dollar investisiya ayrılıbsa, məsələn, nəyə xərclənib bu vəsait? Əgər həqiqətən bu miqdarda vəsait qoyulubsa, niyə paytaxt yağışa təslim olur, şəhər sel sularına qərq olur? İnvestisiya təkcə şəhərin işıqlandırılmasına, bayram günləri küçələrin bəzədilməsinə, abadlıq işlərinəmi xərclənib? Bəlkə də investisiyanın əsas hissəsi binaların fasadlarının və dam örtüklərinin “əsaslı” təmirinə xərclənib. Son illər paytaxtda pansionata bənzər yaşayış binalari “əmələ gəldi”. Binaların fasadı tez alışan, yanğına davamsız poliuretan və ya polietilen nüvəli alkopan materiallarla üzləndi. BŞİH icra etməli olduğu işlərə infrastrukturun yenilənməsi, yararsız kommunikasiya xətlərinin dəyişdirilməsi daxildirsə də, bu, çox da gözə dəymir. Bəs nəyə xərclənib 200 milyard dollarlıq investisiya?

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli ilə məsələyə aydınlıq gətirməyə çalışdıq:

- Demək olar ki, son 20 il ərzində Bakı şəhəri bütövlükdə bizim gözümüzün qarşısında dəyişib. İnvestisiya məsələsinə gəldikdə isə burada baxmaq lazımdır ki, söhbət investisiyanın hansı hissəsindən gedir. Məncə, investisiyaları qruplaşdırmaq lazımdır.

Birincisi, dövlət büdcəsindən ayrılan və dövlət vəsaiti hesabına həyata keçirilən layihələr var.

İkincisi, beynəlxalq investorların cəlb edilməsi, xarici investisiyaların gətirilməsi yolu ilə həyata keçirilən layihələrdir.

Üçüncüsü isə yerli biznes şirkətlərinin həyata keçirdiyi investisiya layihələridir.

Əgər sırf yerli şirkətlərin qoyduğu investisiyaları nəzərə alsaq, burada əsasən binaların, çoxmərtəbəli yaşayış binalarının tikintisini görürük. Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamları əsasında həyata keçirilən pilot layihələr də var. Bu layihələr çərçivəsində sovetlər dönəmindən qalan köhnə yaşayış binaları sökülür və onların yerində yeni binalar tikilir. Bütün bunlar əsasən özəl şirkətlər tərəfindən həyata keçirilir və burada dövlət büdcəsinin birbaşa payı yoxdur.

Digər tərəfdən, məsələn, Heydər Əliyev Mərkəzi və dövlət sifarişi ilə tikilmiş digər binalar var. Onların maliyyələşdirilməsi dövlət büdcəsi hesabına həyata keçirilib. Burada da, əlbəttə, böyük investisiya qoyuluşlarından söhbət gedir.

Azərbaycanda xarici dövlətlərin və xarici iş adamlarının qoyduğu investisiyalara gəldikdə isə, mənim bildiyim qədər, burada Türkiyənin qoyduğu investisiyalar daha böyük paya malikdir.

Xarici investisiyaların cəlb olunması məsələsində isə son dövrlərdə, xüsusilə 44 günlük müharibədən sonra, Azərbaycanda sabitliyin bərqərar olduğu dövrdə müəyyən investisiyalar həyata keçirilib. Bu investisiyaların əhəmiyyətli hissəsi neft-qaz sektoruna yönəldilib. Bu isə təkcə Bakı şəhərini deyil, Bakı ətrafındakı əraziləri də əhatə edir. Məsələn, Ağ Şəhər layihəsi bu qəbildən olan ən böyük layihələrdən biridir. Vaxtilə burada neftayırma zavodları, müxtəlif sənaye müəssisələri və liman infrastrukturu yerləşirdi. Daha sonra bu ərazilərdən həmin obyektlər köçürüldü və yeni şəhərsalma layihələri həyata keçirilməyə başlandı. Beynəlxalq Dəniz Ticarət Limanının Ələt qəsəbəsində yaradılması da bu prosesin mühüm hissəsidir. Nəticə etibarilə həm söküntü işləri, həm də yeni Ağ Şəhər layihəsi Bakı üçün kifayət qədər cəlbedici layihələrdir.

İ.Hüseynli qeyd etdi ki, bütün bunlarla yanaşı, eyni zamanda 200 milyard dollara yaxın olduğu bildirilən investisiyaların hansı hissəsinin dövlət büdcəsindən maliyyələşdirildiyi dəqiq müəyyənləşdirilməlidir:

- Düşünürəm ki, bizim üçün əsas məqsəd dövlət büdcəsi vəsaitlərini deyil, daha çox yerli və beynəlxalq şirkətləri investisiyaya cəlb etmək olmalıdır. Lakin Bakı şəhərinə kütləvi şəkildə yeni investisiyaların cəlb edilməsini və şəhərin investisiya baxımından daha da cəlbedici edilməsini stimullaşdırmaq, mənə elə gəlir ki, artıq o qədər də məqsədəuyğun deyil. Çünki Bakı şəhəri onsuz da kifayət qədər yüklənib, böyüyüb və intensiv şəkildə tikilib. Bu baxımdan hesab edirəm ki, investisiya təşviqlərini daha çox regionlara yönəltmək lazımdır. Xüsusilə Qarabağın bərpası, yeni şəhərlərin salınması və tikinti imkanlarının genişləndirilməsi baxımından bu istiqamətdə böyük potensial var.

İ.Hüsenyli qeyd etdi ki, 200 milyard dollar çox böyük rəqəmdir. Əgər bu vəsaitin əhəmiyyətli hissəsi dövlət büdcəsindən ayrılıbsa, onun hesabatı da verilməlidir; bu vəsaitlər nələrə sərf olunub:

- Əgər keçmiş tarixi binaların fasadlarının yenilənməsi və ağardılması, Bakı şəhərinin asfalt yollarının dəfələrlə sökülüb yenidən çəkilməsi, kanalizasiya sistemlərinin yararsız vəziyyətə düşməsi ilə bağlı xərclər də bu məbləğin içərisinə daxildirsə, bütün bunları nəzərə almaq lazımdır. Bəzən bu investisiyaların özləri də bizim üçün çox ciddi problemlər yaradıb. Birincisi, Bakı şəhəri həddindən artıq yüklənib və artıq biz tıxaclarla mübarizə aparırıq. Vaxtında bu investisiyaları Bakı şəhərinin özünə deyil, məsələn, Bakı-Sumqayıt, Bakı-Şamaxı istiqamətlərindəki boş ərazilərdə yeni şəhərsalma layihələrinin həyata keçirilməsinə yönəltmək daha məqsədəuyğun olardı. Şəhərin inkişafını həmin istiqamətlərə yönəltmək, Bakının mərkəzini həddindən artıq yükləməkdən və nəqliyyat sıxlığı problemini daha da dərinləşdirməkdən daha səmərəli ola bilərdi. Eyni problem asfalt örtüyünün tez-tez yenilənməsində də özünü göstərir. Magistral yollarımızın bərbad vəziyyətə düşməsi, ekoloji baxımdan daha səmərəli olan elektrik nəqliyyat vasitələrinin - tramvayların və trolleybusların ləğv edilməsi, daha sonra isə həmin sistemlərin yerində yenidən müxtəlif yol layihələrinin həyata keçirilməsi ciddi suallar doğurur.

Bakı şəhərinin işıqlandırılması, işıq dirəklərinin quraşdırılması və digər bu kimi layihələrin bir çoxunda da ciddi yeyintilər və müəyyən anormallıqlar olduğu barədə fikirlər səslənir. Əgər bütün bunları həmin 200 milyard dolların içərisinə daxil etsək, burada maliyyə vəsaitlərinin düzgün və səmərəli xərclənməməsi ehtimalı da ortaya çıxır.

Bütün bunlar artıq müəyyən mənada keçmişdə qalıb və tarixdir. Bu proseslə bağlı kimi məsuliyyətə cəlb etmək, kimə irad bildirmək məsələsi isə kifayət qədər çətindir. 200 milyard dollar, doğrudan da, çox böyük rəqəmdir. Bu məbləğin hesabını soruşmaq üçün kifayət qədər instansiyalar olsa da, konkret olaraq məsul şəxsləri bu gün ortaya çıxarmaq və onlara hüquqi qiymət vermək çətin məsələdir. Məncə, bundan sonrakı xərcləmələrin və investisiyaların daha səmərəli həyata keçirilməsi barədə düşünməliyik. Əsas məqsəd bundan sonra yatırılan vəsaitlərin şəhərin real ehtiyaclarına uyğun, şəffaf və səmərəli şəkildə yönəldilməsini təmin etmək olmalıdır.

SHERG.az

Xəbər lenti

Anar Bayramov səhiyyə naziri təyin edilib
12:10
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunub
11:51
Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olunaraq 5,6 milyona satışa çıxarıldı
11:31
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram...
10:39
Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
09:30
“BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
09:09
“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34