”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR


İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
Bildirir ki, Faktum.az redaksiyasına “TEYMUROĞLU CONSTRUCTION” Mənzil Tikinti Kooperativində baş verən sistemli qanunsuzluqlar, maliyyə mənimsəmələri və ən dəhşətlisi — insan ölümü ilə nəticələnən ağır tikinti qəzası ilə bağlı şok müraciət daxil olub.
Müraciət müəllifi, kooperativin həmtəsisçisi Quliyev Elnur Xaqani oğlu bildirir ki, MTK-da Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri sistemli və davamlı şəkildə pozulur, idarəetmə tamamilə qeyri-şəffaf və qanunsuz xaos üzərində qurulub.
Müraciətdə ən dəhşətli məqam tikinti obyektində əmək təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi nəticəsində fəhlənin ölümü ilə nəticələnən ağır faciəvi hadisənin qeydə alınmasıdır. Tikinti sahəsində qoruyucu vasitələrdən istifadə edilməməsi, texniki norma və təhlükəsizlik qaydalarının kobud şəkildə tapdalanması insan həyatına verilən dəyərin sıfıra endirildiyini gösterir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207, 215 və 222-ci maddələrinə, eləcə də Cinayət Məcəlləsinin 162 və 222-ci maddələrinə əsasən, tikinti zamanı təhlükəsizlik qaydalarının pozulması və insan ölümü birbaşa ağır cinayət məsuliyyəti yaradır.
Bununla yanaşı, MTK-da ağır maliyyə pozuntularının və mənimsəmələrin baş verdiyi iddia olunur. Elnur Quliyevin sözlərinə görə, Mülki Məcəllənin tələblərinə zidd olaraq ümumi yığıncaqlar çağırılmır, maliyyə sənədləri həmtəsisçilərdən gizlədilir və məlumat alma hüquqları məhdudlaşdırılır. Ən əsası, mənim və digər təsisçi İslamov Vilayət Heybət oğlunun razılığı olmadan MTK adından külli miqdarda kredit və maliyyə öhdəlikləri rəsmiləşdirilmişdir. Şikayətçi həmçinin vurğulayır ki, Qurbanov Münasib Teymur oğlu tərəfindən kooperativin fəaliyyətinə qanunsuz müdaxilələr edilir və nizamnamənin (xüsusilə 7-ci maddənin) tələblərinin icrasına maneələr yaradılaraq paralell idarəetmə sistemi formalaşdırılıb.
Baş verənlər Azərbaycan Respublikası Konstitusiyasının 29-cu (mülkiyyət hüququ) və 60-cı (hüquq və azadlıqların məhkəmə müdafiəsi) maddələrinin açık-aşkar tapdalanmasıdır.
Faktum.az olaraq bu ağır faktları ictimailəşdirir, Azərbaycan Respublikasının Baş Prokurorluğunu insan ölümü faktı, vəzifə səlahiyyətlərindən sui-istifadə (CM-nin 308-ci maddəsi) və səhlənkarlıq (CM-nin 314-cü maddəsi) üzrə dərhal cinayət işi başlamağa, Fövqəladə Hallar Nazirliyini (FHN) təhlükəsizlik normaları bərpa olunana və obyektiv araşdırma bitənə qədər “TEYMUROĞLU CONSTRUCTION” MTK-nın tikinti fəaliyyətini dayandırmağa, həmçinin Dövlət Əmək Müfəttişliyi Xidmətini təcili təftişə çağırırıq.
Mövzunu diqqətdə saxlayacağıq!
Müraciətdə adı çəkilən şəxslərin və MTK rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.

Faktum.az

Eşqi Bağırova daha yüksək vəzifə - nazir postu verilə bilər


Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırovun daha yüksək vəzifəyə – elm və təhsil naziri postuna irəli çəkiləcəyi iddia olunur.

Bizimesr.media-nın əldə etdiyi məlumata görə, son aylarda Eşqi Bağırovun fəaliyyəti ilə bağlı aparılan qiymətləndirmələrin nəticələri müsbət olub. Mənbələrin bildirdiyinə görə, onun təhsil sahəsindəki fəaliyyəti, müxtəlif rəhbər vəzifələrdə qazandığı təcrübə, idarəetmə bacarığı və həyata keçirdiyi layihələr yüksək qiymətləndirilib.

Məlumata əsasən, son dövrlərdə Eşqi Bağırovun vəzifədən uzaqlaşdırılacağı ilə bağlı müxtəlif iddialar yayılsa da, həmin məlumatlar öz təsdiqini tapmayıb. O, hazırda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsində fəaliyyətini davam etdirir. Məhz bu amillər Eşqi Bağırovun Elm və Təhsil Nazirliyinə rəhbərlik edəcək əsas namizədlərdən biri kimi qiymətləndirilməsinə səbəb olub.

Eyni zamanda, əldə olunan məlumata görə, hazırkı elm və təhsil naziri Emin Əmrullayevin başqa dövlət vəzifəsinə təyin olunacağı, bundan sonra isə Eşqi Bağırovun rəhbərliyi altında təhsil sahəsində yeni islahat mərhələsinin başlanacağı gözlənilir.

Bizimesr.media

1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı


Təhsil sistemində baş verən laqeydlik, mənəvi təzyiq və ayrı-seçkilik növbəti bir insan həyatının sonlanması ilə nəticələndi. Mingəçevir şəhərində yaşayan 1-ci qrup əlil, gənc və həvəsli pedagog Rəyifə İslam qızı Əliyeva məruz qaldığı ağır psixoloji gərginliyə və haqsızlıqlara dözməyərək 8 gün əvvəl dünyasını dəyişdi. Onun anası Xeyriqül Əliyeva qızının ölümünə bais olan şəxslərin cəzasız qalmaması üçün ictimaiyyətə və aidiyyəti qurumlara fəryad edir.

Rəyifə Əliyeva 1-ci qrup əlilliyi olmasına baxmayaraq, rəsmi işləmə icazəsi olan, yaşamaq və cəmiyyətə fayda vermək əzmi ilə çabalayan bir təhsil işçisi idi. O, Məktəbəqədər və Ümumi Təhsil üzrə Region İdarəsinin Mingəçevir STS-də metodist vəzifəsində çalışırdı. Ştatı ixtisara düşdükdən sonra ruh yüksəkliyini saxlamaq və xəstəliyini unutmaq məqsədilə Mingəçevirdə yerləşən Ağdam 52 nömrəli məktəbə təşkilatçı vəzifəsinə göndərildi və 2025-ci ilin yanvar ayından rəsmi olaraq bu vəzifəyə təyin olundu.

Lakin onun həyatını xilas edən, ona yaşamaq gücü verən bu iş, məktəb rəhbərliyinin və təhsil məmurlarının laqeydliyi ucbatından onun sonunu hazırladı.

2025-ci ilin avqust ayında məzuniyyətdən qaydan Rəyifə Əliyeva məktəb rəhbərliyi tərəfindən misli görünməmiş mənəvi təzyiqlə üz-üzə qaldı. Anasının bildirdiyinə görə, məktəbin rəhbəri Zülfiyyə Qəmboy qızı Əliyeva və onun yaxın əlaltısı Məhsəti xanım gənc qıza qarşı açık-aşkar дискриминация (ayrı-seçkilik) edərək:
"Sən 1-ci qrup əlilsən, işləyə bilməzsən!" — ifadələri ilə onu ağır stressə salmış, "Səni bu şəhərdən çıxardaram!" kimi hədə-qorxularla psixoloji terror tətbiq etmişdirlər.

Hüquqlarını müdafiə etməyə çalışan Rəyifə Əliyeva Qarabağ Regional Təhsil İdarəsinə müraciət etsə də, idarənin rəhbər şəxsi Sənan müəllim ona dəstək olmaq və haqq-ədaləti bərpa etmək əvəzinə:

"Sənə iş yoxdur, get səhhətinin qayğısına qal" — deyərək xəstə bir insanın əmək hüquqlarını tapdalamış və işinə xitam vermişdir.

Son gününə qədər işinə dönəcəyi günü gözlədi...
Qeyd edək ki, bu, Rəyifənin üzləşdiyi ilk haqsızlıq deyildi. Daha əvvəl Sevinc Həsənova tərəfindən də oxşar bəhanə ilə onun işinə xitam verilmiş, lakin məsələdən xəbərdar olan Elçin Kərimov dərhal müdaxilə edərək gənc qızın işini bərpa etmişdi. Lakin bu dəfəki mənəvi zərbə və sistemli təzyiq Rəyifənin zəifləmiş səhhətinə ağır zərbə vurdu.
Təhsil idarəsinin və məktəb rəhbərliyinin bu soyuqqanlı, qəddarcasına yanaşmasından sonra Rəyifə Əliyevanın xəstəliyi sürətlə aqressivləşdi. Son gününə, son nəfəsinə qədər haqqının bərpa olunacağını və işinə qayıdacağını gözləyən gənc müəllimə, bu ağır mənəvi yükə dözməyərək həyata gözlərini yumdu.

Bir ananın ahı: "Qızımın ruhu şad olsun, günahkarlar cəzalansın!"

8 gündür ki, övlad dağ çəkən ana Xeyriqül Əliyeva göz yaşları içində Elm və Təhsil Nazirliyinə, Hüquq-mühafizə organlarına və media nümayəndələrinə səslənir:
"Mənə pul yox, ovladımın ruh yüksəkliyi, xəstəliyini unutması lazım idi. Qızımın tək tutunduğu dal onun işi idi. Onu işindən, yaşamaq həvəsindən elədilər. Bir ana kimi sizə yalvarıram, bu məsələni işıqlandırın. Qızımın işini yoxlayın, ona bu mənəvi terroru yaşadan Zülfiyyə Əliyeva, Məhsəti və Sənan müəllim qanun qarşısında cavab versinlər. Qızımın ahı yerde qalmasın, ruhu şad olsun!"

Təhsilmedia.com olaraq məsələni diqqətdə saxlayacağımızı, aidiyyəti qurumların (Elm və Təhsil Nazirliyi, Qarabağ RTİ) bu dəhşətli iddialarla bağlı rəsmi mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk. Bir insanın yaşamaq hüququnu və ümidini əlindən alan laqeydlik cəzasız qala bilməz!

Tehsilmedia.com

Peşə Təhsili Agentliyi ilə bağlı skandal: Şəxsi münasibətlərlə təyinat aparılıb? - İDDİA


Son illər Azərbaycanda müxtəlif dövlət qurumlarında çalışan bəzi vəzifəli şəxslərin fəaliyyəti ilə bağlı ortaya çıxan hallar həm dövlətə, həm də cəmiyyətə ciddi zərər vurub. Bir çox sahədə yol verilən nöqsanların operativ müdaxilə ilə aradan qaldırılması mümkün olsa da, təhsil sistemi belə səhvləri bağışlamır. Çünki bu sahədə qəbul edilən yanlış qərarlar və yol verilən qanun pozuntuları uzunmüddətli nəticələr doğurur, gələcək nəsillərin taleyinə birbaşa təsir göstərir.

Analoji vəziyyət Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Peşə Təhsil Mərkəzi ilə Abşeron Binə Peşə Liseyində də yaşanır.

Liseyin direktoru Fizuli Talıbovun sözlərinə görə, hər iki təhsil müəssisəsində tədris və təlim işləri üzrə direktor müavini vəzifəsində çalışan Lalə Əhmədova əvvəllər Ağsu rayonunun Növcü kənd tam orta məktəbində coğrafiya müəllimi işləyib. O, 2024-cü il yanvarın 15-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun əmri ilə işdən çıxarılıb. Lakin iddiaya görə, cəmi bir ay sonra yenidən həmin məktəbdə fəaliyyətini davam etdirib.

Sonradan Lalə Əhmədova Sumqayıt Peşə Təhsil Məktəbinə tərbiyə işləri üzrə direktor müavini təyin olunub. Bu təyinat Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri İlqar Bayramlı agentliyə rəhbər təyin edildikdən sonra baş verib. Sumqayıtdakı peşə məktəbində işlədiyi dövrdə Lalə Əhmədova ümumtəhsil peşə ixtisası üzrə imtahanda iştirak edib. Daha sonra isə direktorun iddiasına görə, Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Peşə Təhsil Mərkəzinə tədris işləri üzrə direktor müavini təyin edilib.


Direktor bildirir ki, Lalə Əhmədovanın təhsili həmin vəzifənin tələblərinə uyğun deyil. Onun sözlərinə görə, coğrafiya müəllimi ixtisasına malik şəxsin peşə təhsil müəssisəsində tədris işləri üzrə direktor müavini vəzifəsində saxlanılması ilə yanaşı, mərkəzin əməkdaşlarını müxtəlif vasitələrlə təhdid etməsi kollektivdə ciddi narahatlıq yaradıb.

Şikayətçi iddia edir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili ilə əlaqəsi olmayan, lakin Ağsu rayonundan şəxsi tanışlığı olan şəxsləri peşə liseylərinə rəhbər vəzifələrə təyin etməklə bu sahəyə zərbə vurur.

İddialara görə, iyulun 9-da Salyan Peşə Liseyinə direktor təyin olunan Arzu Əliyevanın kollektivə təqdimatı zamanı Agentliyin direktoru İlqar Bayramlı, direktor müavini Simnar Məmmədov, İnsan resursları və hüquq sektoru müdiri Murad Məmmədov, eləcə də sektorun daha bir xanım əməkdaşı şəxsən iştirak edib. Bildirilir ki, bu günədək hər hansı direktorun təqdimatı üçün Agentlik rəhbərliyinin bu tərkibdə liseyə getməsi halına rast gəlinməyib və bu fakt təhsil ictimaiyyətində birmənalı qarşılanmayıb.

Direktorun sözlərinə görə, İlqar Bayramlı Ağsu rayonunda "Azqranata" MMC-də çalışdığı dövrdə tanış olduğu insanları sonradan peşə təhsil müəssisələrində rəhbər vəzifələrə təyin etdirməklə də təhsil camiəsində müzakirə mövzusuna çevrilib. İddia olunur ki, Lalə Əhmədova da həmin şəxslərdən biri olub və əvvəlcə direktor müavini vəzifəsinə təyin edilib.

Direktor bildirir ki, Lalə Əhmədova 2026-cı ilin fevral ayından etibarən təhsil mərkəzinin bütün əməkdaşlarını rüşvət almaqda ittiham etməyə başlayıb. Bundan sonra direktor əməkdaşların iştirakı ilə iclas keçirib. Onun sözlərinə görə, iclas zamanı Lalə Əhmədova səsləndirdiyi fikirlərin rüşvətlə bağlı olmadığını bildirib, kollektivdən üzr istəmək əvəzinə isə mövqeyində israr edib. F.Talıbov məsələ ilə bağlı 2026-cı il iyunun 9-da Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyinə təqdimat göndərib. Lakin, onun iddiasına görə, təqdimatdan təxminən iki ay keçməsinə baxmayaraq, məsələ ilə bağlı hər hansı araşdırma aparılmayıb.

Direktor bildirir ki, 2019-cu ildən Lökbatandakı 7 nömrəli və Qızıldaş qəsəbəsində yerləşən 8 nömrəli peşə liseylərinə rəhbərlik edib. 2021-ci ildə Abşeron Binə Peşə Təhsil Liseyinin rəhbərliyi də ona həvalə olunduqdan sonra əvvəlki iki vəzifəsindən istefa verib.

Onun sözlərinə görə, Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Peşə Təhsil Mərkəzinə direktor təyin olunduqdan sonra mərkəzdə yol verilən özbaşınalıq və korrupsiya halları ilə bağlı tədbirlər görərək həmin əməllərdə iştirak edən əməkdaşları işdən azad edib. Bundan başqa, təhsil mərkəzinə məxsus 24 hektar torpaq sahəsinin mənimsənilməsi ilə bağlı məhkəməyə müraciət edib. Təhsil müəssisəsinin hüquqlarının müdafiəsi məqsədilə qaldırılan məhkəmə prosesi hazırda da davam edir.

Direktor həmçinin bildirir ki, əvvəllər mövcud olmayan avtodromu şəxsi vəsaiti hesabına yaradıb. Onun sözlərinə görə, mərkəzdə formalaşmış peşəkar kollektiv və iş mühiti də uzun illər ərzində qurduğu əməkdaşlıqların nəticəsidir. O hesab edir ki, görülən bütün bu işlər Agentlik rəhbərinin şəxsi münasibətlər əsasında vəzifəyə gətirdiyi şəxslərin fəaliyyəti nəticəsində kölgədə qalır.

Direktorun sözlərinə görə, ona qarşı qanunsuzluqlar bununla bitmir. O bildirir ki, 2026-cı ilin aprel ayında yeni əmək müqaviləsi ilə bağlı bildiriş göndərilib. Daha sonra Agentliyin İnsan resursları şöbəsinin əməkdaşı telefonla əlaqə saxlayaraq müqaviləni imzalamasının zəruri olduğunu bildirib.

Direktor qeyd edir ki, ona yaşının 67 olması əsas gətirilərək əvvəlki müddətsiz əmək müqaviləsinin müddətli müqavilə ilə əvəz olunacağı və hər il yenilənəcəyi izah edilib. O da bu məlumata inanaraq sənədi imzalayıb. Lakin sonradan müqavilə ilə tanış olarkən görüb ki, sənəd cəmi bir aylıq müddətə bağlanıb: "İyulun 27-də əmr verib məni 2 həftəlik məzuniyyətə çıxarıblar. Yerimə isə Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Peşə Məktəbində direktor əvəzi, Abşeronun dorektor müavini Nizami Rüstəmov əvəzedici kimi təyin ediblər. Bu gün köhnə tarixlə əmr verərək məni 27-dən məzuniyyətə çıxarıb, əvəzimə Lalə Əhmədovanı təyin ediblər. Əmrdə yazılır ki, mən 10 avqust tarixində işə başlamalıyam. Bu gün isə yenidən əmr verərək mənim işimə avqustun 4-dən xitam veriblər. Başqa bir əms isə aprel ayında verilib. Bildirilib ki, mayın 25-də mənim müqaviləmə xitam veriləcək. İyunun 2-də mənə zəng edib müqaviləni dəyişiblər. Bildiriblər ki, 1 il olmaqla müqavilə imzalanacaq. Bu qədər başlarını itiriblər. Hamısı da Lalə Əhmədovaya görə".

F.Talıbovun sözlərinə görə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı şəxsi münasibətləri əsasında vəzifəyə gətirdiyi Lalə Əhmədova vasitəsilə onun işgüzar nüfuzuna zərbə vurmağa çalışır. Onun sözlərinə görə, Lalə Əhmədova yaxın vaxtlarda təhsil mərkəzinə direktor təyin ediləcəyi ilə bağlı şayiələr yayır, eyni zamanda bir sıra əməkdaşları işdən çıxaracağı ilə bağlı hədələyir.

Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Peşə Təhsil Mərkəzi və Abşeron Binə Peşə Liseyinin direktoru baş verənlərlə bağlı Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevə də məktub ünvanladığını bildirib. Onun sözlərinə görə, iyulun 17-də göndərilən müraciətə indiyədək cavab verilməyib.

Yazıda qeyd edilənlərlə bağlı L.Əhmədova ilə əlaqə saxladıq. Lakin açıqlama verməkdən imtina etdi. Peşə Təhsili üzrə Dövlət Agentliyinə də sorğu veriləcək, cavab təqdim ediləcəyi təqdirdə dərc olunacaq.

AFN.az

Masallıda məmur özbaşınalığı: Yol olan ərazi necə özəl mülkiyyətə çevrildi?


Masallı rayonunda baş verənlər artıq sadəcə bir məmur özbaşınalığı deyil, dövlətin qanunlarına, vətəndaşın haqqına və açıq-aşkar ədalətə qarşı edilən bir hörmətsizlikdir. Rayon Əmlak Komitəsinin "Soltan” adında bir əməkdaşı var. Görünür, bu şəxs özünü Masallıda sözün əsl mənasında "sultan" zənn edir; istədiyi torpağı istədiyi adama satır, sənədlərlə manipulyasiya edir və dövlətin qanunlarını öz şəxsi maraqlarına qurban verir.

Lürən kənd sakini Əbilov Mahirin başına gələnlər bu saxtakarlıq maşınının necə işlədiyini bütün çılpaxlığı ilə ortaya qoyur. Vətəndaşın mülkiyyətində olan, yolun baş hissəsində yerləşən torpaq sahəsi qanunsuz yolla sənədləşdirilib satılıb. Ən gülünc və ikrahdoğuran məqam isə budur:
Masallı Rayon İcra Hakimiyyəti və bələdiyyə əvvəlcə rəsmən bildirir ki, "bura yoldur".
Amma cəmi 10 gün keçir, eyni qurumlar Soltan bəylə əlbir olub vətəndaşın üzünə dururlar ki, "yox, bu yol başqa vətəndaşındır".
İndi sual olunur: 10 gün ərzində xəritə dəyişdi, yoxsa qanun?
Əlbəttə ki, heç biri. Dəyişən sadəcə Soltan bəyin saxta sənəd oyunlarıdır. Sənədlərlə bu cür oyun oynamaq, dövlətin möhrünü və kağızını öz şəxsi alverinə alət etmək hansı məsulliyyətə sığır?

Bir jurnalist olaraq bu məsələni yerində araşdırmaq üçün Soltan bəyin yanına getdik. Qarşımıza çıxarılan mənzərə isə biabırçılığın son həddi idi:
Soltan bəy bizə hələ çap aparatının istiliyi üstündə olan, qatı belə açılmamış təzə bir texpasport göstərir. Buradan açıq və kəskin sual veririk:
Soltan bəy, vətəndaşın texpasportunun sizin masanızda, sizin əlinizdə nə işi var?
Biz Əmlak Komitəsinin Baş İdarəsinə müraciət etdik və oradan rəsmən bildirildi ki, həmin ərazi yoldur!
Yaxşı, Baş İdarənin "yol" dediyi yeri Soltan bəy özünəmexsus hansı "qaranlıq variantlarla" sənədləşdirib sata bilib?
Əgər Baş İdarə öz adından çıxarılan bu saxta sənədlərlə bir az maraqlansaydı, bu məsələ çoxdan həllini tapmışdı.
Amma suallar bununla bitmir.
Bu böyüklükdə korrupsiya mexanizminə, göz qabağında olan bu saxtakarlığa Masallı Rayon Prokurorluğu niyə göz yumur?
Məmur özbaşınalığı və rüşvət iddiaları bu qədər qabarıq olduğu halda, hüquq-mühafizə orqanları niyə susur? Bu sükutun arxasında ne durur?
Gələk vətəndaşların haqlı iddialarına və hamının bildiyi, amma ucadan deməyə çəkindiyi həqiqətlərə. Deyilənə görə, Soltan bəyin öz adına, qohum-əqrəbasının adına saysız-hesabsız mal-mülk, mülkiyyət var.
Hətta Masallıda hamının "Sultanın bazarı" kimi tanıdığı böyük bir bazarın da ona məxsus olduğu bildirilir.
Dövlətin sıravi bir əmlak komitəsi əməkdaşının aldığı maaş bəllidir. Bəs soruşuruq: Bu nəhəng mülklərin, bazarların maliyyə mənbəyi nədir?
Sultan bəy bu sərvəti hansı qanuni qazancla əldə edib? Bu sualın cavabını aidiyyəti qurumlar dərindən araşdırmalıdır.

Ölkə Başçısı, Ali Baş Komandan İlham Əliyev hər çıxışında məmur özbaşınalığına, korrupsiyaya qarşı amansız mübarizə aparılmasını tələb edir, vətəndaşların incidilməməsini tapşırır.
Sultan bəy kəsimində olan məmurlar isə nəinki bu siyasətə zidd gedir, açıq-aşkar insanları dövlətdən və hakimiyyətdən narazı salmaqla məşğuldurlar.
Sual olunur:
Sultan bəyin Masallı sakinlərini bu həddə çatdırmaqda, süni narazılıq yaratmaqda məqsədi nədir? Bu hansı cəsarətdir?

Təbii ki, bütün bu iddialar və saxtakarlıq faktları məhkəmə müstəvisində qaldırılacaq. Lakin biz də media mənsubu olaraq oturub gözləmədik.
Bütün bu faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəsmi məktub ünvanlamışıq.

Bu özbaşınalıq, torpaq alveri və sənəd saxtakarlığı cəzasız qala bilməz. Əmlak Komitəsini öz şəxsi mülkünə çevirən Soltan bəyin əməllərinə ən yüksək səviyyədə hüquqi qiymət verilməli, bu qanunsuzluqlara son qoyulmalıdır!
Sima Babayeva

​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!


Şəki rayonu Kiçik Dəhnə kəndi 1 nömrəli tam orta məktəbində 20 aydır ocaqçı vəzifəsində çalışan Vəliyev Oğuz Ramazan oğlu məktəb rəhbərliyi və regional təhsil sektorunun özbaşınalığından şikayətçidir.

Tehsilmedia.com qeyd edir ki, özünün ixtisaslı qazanxana operatoru olduğunu, eyni zamanda santexnik və elektrik işlərini də gördüyünü bildirən Oğuz Vəliyev qış mövsümündə gecə-gündüz demədən işləməsinə baxmayaraq, daimi təzyiq və haqsızlıqla qarşılaşdığını deyir. Məşğulluq Agentliyinin göndərişi ilə işə qəbul olunan ocaqçının sözlərinə görə, məktəb direktoru Rüstəmov Tural Adil oğlunun və işinin öhdəsindən gələ bilməyən təhsil sektoru əməkdaşlarının əsas məqsədi onu bezdirərək öz ərizəsi ilə işdən çıxarmaqdır.

Məzuniyyət pulu mənimsənilib, öz hesabına məzuniyyət yazılıb

Oğuz Vəliyev bildirir ki, 2024-2025-ci tədris ilində 21 gün məzuniyyət hüququ olduğu halda vaxtında məzuniyyətə buraxılmayıb və təzminatını ala bilməyib:

"İşim yarımştat daimi və yarımştat mövsümi xarakter daşıyır. Qışda mövsümlə əlaqədar 10 günlük məzuniyyətə çıxmamalıyam, lakin bunun təzminatı ödənilməli idi. Mənə esa qış məzuniyyət pulum ödənilmədi. Məktəb direktoru Tural Rüstəmovun işbilməzliyi və qərəzi ucbatından 21 gün əvəzinə 27 gün məzuniyyət rəsmiləşdirilib və bunun 6 günü mənim xəbərim olmadan şəxsi hesabıma (öz hesabına) yazılıb. Nəticədə 10 günlük işimə cəmi 11 manat 12 qəpik maaş yazılıb."

Təhsil sektorundan gülünc cavab: "Günün 4 saatı işlə, 4 saatı məzuniyyətdə ol"

Haqsızlıqla bağlı Şəki-Zaqatala Regional Təhsil Sektoruna müraciət edən ocaqçı orada da analoji münasibətlə rastlaşıb. Təhsil sektorunda məzuniyyətlə bağlı ona: "Qış vaxtı olduğu üçün günün 4 saatını işləməlisən, 4 saatı isə məzuniyyətdə hesab olunacaqsan" kimi absürd və gülünc cavab verilib.

Maaşlar gecikdirilir, narazılıq edən işdən qovulmaqla hədələnir

Şikayətçi həmçinin maaşların mütəmadi olaraq gecikdirildiyini də vurğulayıb. Məktəbin keçmiş mühasibi Arzu xanım tərəfindən 2024-cü ilin dekabr ayında maaş 5 gün gecikdirilib, 2025-ci ilin fevral ayının maaşı isə ümumiyyətlə verilməyərək yalnız mart ayında martın maaşı ilə birgə ödənilib.
Yayda 208 manat, qış rejimində isə 416 manat maaş aldığını deyən Oğuz Vəliyev hər ay zəhmət haqqını dava-dalaşla aldığını bildirir. Bütün bu haqsızlıqlara qarşı öz haqlı narazılığını bildirəndə isə məktəb direktoru Tural Rüstəmov tərəfindən birbaşa işdən qovulmaqla hədələnir.

İxtisaslı işçi aidiyyəti qurumlardan Şəki rayonu Kiçik Dəhnə kəndi 1 nömrəli tam orta məktəbindəki bu özbaşınalığın araşdırılmasını və pozulmuş əmək hüquqlarının bərpa olunmasını tələb edir.

Tehsilmedia.com

Xətaidə daha bir mübahisəli TİKİNTİ: Nəsrəddin Tusi küçəsində nə baş verir? - VİDEO



Bakının Xətai rayonu son illər qanunsuz tikinti iddiaları ilə tez-tez gündəmə gəlir. İndi isə oxşar narahatlıq Nəsrəddin Tusi küçəsində yaradılmış yeni tikinti meydançası ilə bağlı yaranıb. Əldə olunan məlumata görə, burada dəmir konstruksiyadan ibarət kommersiya təyinatlı obyektin inşası sürətlə davam etdirilir..

Sakinlər haqlı olaraq soruşurlar: bu tikintinin sifarişçisi kimdir, layihəyə hansı dövlət qurumu icazə verib və tikinti qanunvericiliyin tələblərinə uyğundurmu?

İddialara görə, obyektin inşasında Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəis müavini vəzifəsində çalışan İntiqam Cümşüdovun adının hallandığı bildirilir. Xətai Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində də İntiqam Cümşüdovun həmin vəzifədə çalışdığı göstərilir.

Lakin bu mərhələdə vurğulamaq vacibdir ki, İntiqam Cümşüdovun bu tikintinin sahibi və ya sifarişçisi olması barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur. Adının hallanması araşdırılması zəruri olan iddiadır və aidiyyəti şəxslərin bununla bağlı mövqeyinin də öyrənilməsi vacibdir.

Diqqət çəkən başqa məqam isə odur ki, Xətai rayonu ilə bağlı qanunsuz tikinti iddiaları son aylarda müxtəlif media resurslarında da dəfələrlə gündəmə gətirilib.

Əgər tikinti həqiqətən qanuni əsaslarla aparılırsa, onda aşağıdakı sualların cavabı ictimaiyyət üçün açıq olmalıdır:

Tikintiyə icazə hansı qurum tərəfindən verilib?
Layihənin memarlıq və şəhərsalma sənədləri mövcuddurmu?
Obyekt hansı təyinat üzrə inşa edilir?
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin elektron reyestrində bu layihə qeydiyyata alınıbmı?
Tikinti sahəsində qanunvericiliyin tələb etdiyi məlumat lövhəsi niyə görünmür?
Azərbaycanın şəhərsalma qanunvericiliyi tikinti işlərinə başlamazdan əvvəl tikinti meydançasının qanunla müəyyən edilmiş qaydada təşkil edilməsini və müvafiq tələblərə əməl olunmasını nəzərdə tutur.

Ümid edirik ki, aidiyyəti dövlət qurumları təqdim ediləcək video görüntüləri araşdıracaq, tikintinin hüquqi əsaslarını yoxlayacaq və ictimaiyyəti maraqlandıran suallara rəsmi cavab verəcəklər.

Qeyd: Bu yazıda yer alan İntiqam Cümşüdovla bağlı məlumatlar ictimaiyyət arasında səsləndirilən iddialara əsaslanır. Həmin şəxsin mövqeyini dərc etməyə və təqdim ediləcəyi təqdirdə onu eyni həcmdə dərc etməyə hazırıq. Bu, jurnalist etikasının və balans prinsipinin tələbidir.Qaynarxett.az

117 saylı bağçada "ölü canlar" şəbəkəsi -İDDİA/VİDEO


Bakı şəhəri 117 saylı uşaq bağçasından redaksiyamıza daxil olan müraciət və təqdim edilən səsli sübutlar məktəbəqədər təhsil müəssisələrində kök salmış korrupsiya sxemlərini və feodal idarəçilik sistemini növbəti dəfə bütün çılpaqlığı ilə ifşa edir. Müəssisədə 15 ilə yaxın tibb bacısı kimi çalışan Bahar Cəlilovanın ortaya qoyduğu faktlar bağçada dövlət idarəçiliyinin yox, sanki ailə podratı və vərəsəlik qaydalarının hökm sürdüyünü göstərir.

Bağça uzun illər Fatimə Nəcəfovanın anası Solmaz Hacıyeva tərəfindən idarə olunub. 2021-ci ildə Solmaz Hacıyeva rəsmən postundan ayrılanda bu dövlət müəssisəsi xüsusi mülk kimi, krallıq taxtı misalı birbaşa qızına ötürülüb. Vərəsəlik "ənənəsi" bununla da bitməyib; Fatimə Nəcəfova təyin olunduqdan sonra körpə uşaq bəhanəsilə 1 il boyunca rəsmi müdir kreslosunda elə anası Solmaz Hacıyeva əyləşib, bağçanı qeyri-rəsmi şəkildə "öz kefinə" idarə etməyə davam edib.

Dövlətin məktəbəqədər təhsil ocağını öz şəxsi mülkü sayan bu zehniyyətin nəticəsidir ki, müəssisədə "ölü canlar" saxlanılaraq dövlət büdcəsinin vəsaitləri mənimsənilir, vəzifə səlahiyyətləri aşılaraq azyaşlı uşaqların təhlükəsizliyi və sağlamlığı açıq-aşkar risqə atılır. Biabırçılıqlara qarşı səsini ucaldan şəxs isə dərhal bu "özəl krallığın" təzyiq və təqib mexanizmi ilə üz-üzə qalır.

​Bütün bu mənzərənin fonunda ən rüsvayçı məqam isə işçilərin hüquqlarını qorumaqla mükəlləf olan təşkilatların tutduğu riyakar mövqedir. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Yasamal rayon komitəsinin sədri Rövşən İbrahimli və bağçanın yerli həmkarlar təşkilatının nümayəndəsi Gülşən Əliyeva öz nizamnamə vəzifələrini tamamilə unudaraq, birbaşa qanunsuzluqda ittiham olunan "vərəsə" müdirin şəxsi maraqlarının sipərinə çevriliblər.

İşçinin hüququnu yox, feodal idarəçiliyini müdafiə edən bu qurumların fəaliyyəti açıq-aşkar vəzifə xəyanətidir. Dövlət büdcəsinin talanmasına şərait yaradan, uşaqların təhlükəsizliyini heçə sayan və bu qanunsuzluqları ört-basdır etməyə çalışan hər bir şəxsin əməlinə təcili hüquqi qiymət verilməlidir.
Faktum.az

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56