Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...


Ağsu rayon bazarında avtomobillərin girişindən qanunsuz vəsait toplanması ilə bağlı redaksiyamıza vətəndaş müraciəti daxil olub.

Vətəndaşların iddiasına görə, bazarın giriş hissəsində avtomobillərin əraziyə daxil olması üçün pul tələb edilir. Lakin həmin ödənişin hansı əsasla, hansı qurum tərəfindən və hansı qanunvericiliyə uyğun olaraq həyata keçirildiyi barədə heç bir açıqlama verilmir.

Redaksiyamıza göndərilən görüntülərdə bazarın girişində olduğu bildirilən şəxslə vətəndaşlar arasında mübahisəli anlar əks olunub. İddialara görə, həmin şəxs pul tələb edilməsinin səbəbini izah etməyib və vətəndaşların suallarına sərt şəkildə cavab verərək onları bazara buraxmayıb.

Vətəndaşların sözlərinə görə, özünü bazarın girişində məsul şəxs kimi təqdim edən şəxs “pul vermirsən, məndə sizi buraxmıram, hara istəyirsiniz deyin” deyən şəxslərə qarşı kobud davranıb və məsələnin araşdırılması üçün müraciət edən şəxslərin girişinə mane olub.

Maraqlıdır ki, əgər sözügedən ödəniş rəsmi əsaslarla həyata keçirilirsə, bu zaman həmin vəsaitin hansı xidmət qarşılığında alındığı, ödənişin kim tərəfindən müəyyənləşdirildiyi və vətəndaşa hər hansı qəbz və ya rəsmi sənəd təqdim olunub-olunmadığı sual doğurur.
Qanunvericiliyə əsasən, sahibkarlıq subyektlərində və ictimai yerlərdə istənilən ödənişlər hüquqi əsaslara söykənməli, şəffaf şəkildə həyata keçirilməlidir. Qeyri-rəsmi pul tələbləri isə qanunvericilik qarşısında məsuliyyət yarada bilər.

Məsələ ilə bağlı Ağsu bazarının rəhbərliyinin və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Araşdırmamız davam edir.

BnTv.az

Müştəridən “Kontakt Home”a ETİRAZ: “Qızıl zəmanətlə məhsul almışam, amma…” – Foto


“Kontakt Home” mağazalar şəbəkəsindən alınan daha bir məhsulun yararsız olduğu məlum olub.

Bu barədə sosial şəbəkədə vətəndaş Ülfət Talıbova yazıb. O, “Kontakt Home” mağazalar şəbəkəsindən aldığı məhsulla bağlı narazılığını sosial şəbəkədə ictimailəşdirib.
Bildirib ki, təxminən bir il əvvəl “Beko” markalı fritoz alıb. Məhsulun 2 illik “Qızıl sığorta” və 1 illik standart zəmanəti olduğunu qeyd edən vətəndaşın sözlərinə görə, iki ay əvvəl fritozun qazanında problem yarandığı üçün Reset Servis Mərkəzinə müraciət edib.
Şikayətçinin iddiasına əsasən, mayın 16-da rəsmi sənədləşmə aparılıb və ehtiyat hissəsinin Türkiyədən sifariş edildiyi bildirilib. Ona, Türkiyədə bayram günlərinin olacağı nəzərə alınaraq, məhsulun ən geci bir ay ərzində təhvil veriləcəyi vəd edilib.
Lakin Ülfət Talıbova bildirir ki, artıq iki ay keçməsinə baxmayaraq, sifariş edilən ehtiyat hissəsi hələ də ona təqdim olunmayıb. O, dəfələrlə Reset Servisə müraciət etsə də, problemin həll olunmadığını deyib.
Vətəndaş paylaşımında “Kontakt Home”a da müraciət edərək, məhsulu həmin mağazadan aldığını və “Qızıl sığorta” üçün əlavə ödəniş etdiyini xatırladıb. O, kredit ödənişlərində gecikməyə görə müştərilərdən cərimə tutulduğunu vurğulayaraq, eyni həssaslığın müştəri hüquqlarının qorunmasına da göstərilməli olduğunu bildirib.
Şikayətçi sonda “Kontakt Home”dan fritozun ehtiyat hissəsinin nə vaxt təqdim ediləcəyinə dair açıqlama verməsini tələb edib.
Qeyd edək ki, bu iddialar vətəndaşın sosial şəbəkə paylaşımına əsaslanır. Qarşı tərəfin mövqeyi məlum deyil.
Xatırladaq ki, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Tribuna.az-a açıqlaması zamanı bildirmişdi ki, ölkədə ən çox şikayət olunan elektronik ev əşyaları satan mağaza “Kontakt Home”dur. İB sədrinin sözlərinə görə, alıcılara “Kontakt Home”da yararsız məhsullar satılı, müştərilər endirim adı ilə aldadılır və məhkəmələrdə incidilir.Tribuna.az

Ramazan Nəbiyevə yüksək vəzifə verildi


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) yeni təyinat olub.

Ramazan Nəbiyev AQTİ-nin İdarə Heyətinin sədri təyin edilib.

R.Nəbiyev bu təyinata qədər Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı.

Qeyd edək ki, o, 2018-2024-cü illərdə AQTA-da müxtəlif vəzifələrdə, o cümlədən İdxal və ixraca nəzarət şöbəsinin və Qida təhlükəsizliyi şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 2024-cü ilin sentyabrından isə AQTİ-də sədr müavini idi.(Oxu.Az)

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

Azərbaycanda iyulun 18-də havanın 38 dərəcə isti olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və axşam bəzi yerlərdə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Müıayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 33-38° isti, dağlarda gecə 14-18° isti, gündüz 22-27° isti olacaq.

Kolbasa-sosis bazarında TƏHLÜKƏ: Bu şirkətlər əhaliyə nə yedirir? - SİYAHI


Azərbaycanda kolbasa-sosis bazarının keyfiyyəti həmişə şübhə doğurub. Çünki dövlət qurumları kolbasa istehsal edən firmaların qanun pozuntularını dəfələrlə aşkarlayıb. Xüsusən də həmin şirkətlərin mənşəyi bilinməyən ət və toyuq məhsullarından istifadə etdiyi, "halal" sertifikatı adı altında donuz piyi vurulmuş məhsulları satışa çıxardığı və digər qanunsuzluqlar üzə çıxıb. Eyni zamanda, bu gün vitrinlərdə görünüşü bərq vuran kolbasa məhsullarının qiyməti suallar doğurur. Çünki mal və toyuq ətindən hazırlandığı etiketində qeyd olunan həmin məhsulların məcləği olduqca ucuz görünür. Belə desək, hazırda bazarda bir kilo dana əti sümüklü 17, sümüksüz 20 manatdır. Həmçinin, toyuq məhsulları çəkisindən asılı olaraq 6-10 manat civarında satılır. O zaman məşhur şirkətlər mal və toyuq ətindən hazırlanmış kolbasanı necə 6 manatdan 17 manata qədər sata bilər?! Deməli, həmin məhsulların tərkibində ya ət yoxdur, ya da mənşəyi bilinməyən, yaxud xəstə, qoca ətdən hazırlanmış kolbasa məhsullarıdır. Bu da vətəndaşları aldatmaq, onların sağlamlığına təhdid yaratmaqdır. Halbuki dünyada, onun bir parçası olan Azərbaycanda bu gün qida təhlükəsizliyi ən mühüm məsələdir.

Anaxeber.info.az sadalanan bu detallardan, xüsusən də bu günlərdə Bakıxanov qəsəbəsində ev şəraitində kolbasa-sosis hazırlayan şəxsin ifşasından çıxış edərək bəzi müşahidələri diqqətə çatdırmaq qərarına gəlib.
Belə ki, aparılan araşdırmalar, vətəndaşların sosial şəbəkələrdə yazdığı məlumatlardan irəli gələrək kolbasa-sosis bazarında həyəcanlı vəziyyət yarandığını söyləmək olar.
Məsələn, marketlərdə 7.88 manata satılan "Kral" kolbasa məhsulları var. Bu şirkət uzun illərdir ki, fəaliyyətdir. Amma onun kolbasa məhsulları ya həmişə endirimə qoyulur, çünki satılmır, ya da çox ucuz qiymətə təklif olunur. Deməli, "Kral" barəsində təftişə və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən şirkətin məhsullarındakı keyfiyyəti yoxlamağa zərurət var. Necə ola bilər, ətin kilosu 17 manat, ətdən hazırlandığı deyilən "Kral" kolbasası 7.88 manata? Bəlkə onun tərkibində elə ətdən başqa hər şey var?

Bundan başqa, "Kral" sosisləri 11 manatdır. Bəs buna necə ola bilər? Hansı məhsullar hesabına hazırlanır?

Həmçinin, "Ovqat", "SAB",, "Cənnət", "Halal Zəhmət", "Hicaz", "Rosko",
"Çerkizovo", "Ovçular" və digər şirkətlər "Kral"dan geri qalmır. Hazırda bu firmaların əksəriyyəti endirimlə satışda olan kolbasa-sosislərinin qiyməti suallar yaradır. Axı 8-12 manat arası satılan bu məhsulların tərkibinə nə vurulur?
Məsələn, "Ovqat" və digər firmalar 11-12 manata qoyun ətinin kolbasasını satır. Bəs bazarda qoyun əti neçəyədir? Təbii ki, 20 manatdan yuxarıdır. Deməli, ortada saxtakarlıq var və bu faktlar dövlət orqanlarının araşdırmasını zəruri edir. O baxımdan, AQTA və digər müvafiq qurumlar məşhur firmaların işində yoxlamalar apara bilər. Söhbət hamının sevimli qidası olan, xüsusən uşaqların ən çox yediyi məhsullardan gedir. Bu vəziyyət isə ondan xəbər verir ki, genofondumuz darmadağın edilir. Söz dövlətin orqanlarınındır...(Anaxeber.info.az)

Şabranın mərkəzi zibil poliqonuna çevrildi - Tullantılar daşınmır - VİDEO


Başçı Şabranı zibilxanaya çevirib - Asif Hüseynov hansı günə o kürsünü məşğul edir ki...
Şabran rayonunda məktəbin və evlərin yaxınlığında yaranan antisanitar vəziyyət sakinlərin narazılığına səbəb olub.

Sitat.info-ya daxil olan məlumata görə, Şabran rayonu, Tofiq Abbasov küçəsində yerləşən 2 nömrəli tam orta məktəbin yanında xeyli müddətdir məişət tullantıları yığılaraq qalaq əmələ gətirib.
Sakinlərin sözlərinə görə, ərazidə zibil vaxtında daşınmadığından tullantılar getdikcə artır və artıq yaxınlıqdakı yaşayış evlərinə qədər yayılır. Onlar bildirirlər ki, isti hava şəraitində ətrafa xoşagəlməz qoxu yayılır və bu vəziyyət həm məktəb ərazisi, həm də ətrafda yaşayan insanlar üçün ciddi narahatlıq yaradır.

Bildirirlər ki, Şabran Mənzil-İstismar Sahəsinin (MİS) istifadəsinə yeni zibildaşıyan avtomobil verilsə də, həmin ərazidə tullantıların daşınması ilə bağlı problem hələ də həllini tapmayıb.

Sakinlər aidiyyəti qurumlardan məsələni nəzarətə götürməyi, zibil qalağının təcili şəkildə təmizlənməsini və ərazidə mütəmadi təmizlik işlərinin aparılmasını xahiş edirlər.(Sitat.info)

Yazıda səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Kütləvi zəhərlənmə olan “Narın Qala” Fəxrəddin Vəliyevindir - Faktlar


Şəmkir rayonunda 11 nəfərin zəhərləndiyi və buna görə bağlanan “Narın Qala” restoranı rayonun uzun müddət icra başçısının müavini vəzifəsini daşıyan Fəxrəddin Vəli oğlu Vəliyevə məxsusdur.

Belə bir iddia ilə rayon sakinləri sosial şəbəkədə çıxış ediblər. Bildirilib ki, “Narın Qala” Şəmkir SES-in düz yanında tikilib.

Qeyd edilir ki, F.Vəliyev bir müddət öncə başçının müavini və YAP-ın rayon təşkilatının sədri vəzifəsindən təqaüdə göndərilib. Fəxrəddin Vəliyev 2 iyun 1955-ci ildə Şəmkir rayonunun Təzəkənd kəndində anadan olub, 1972-1974-cü illərdə Şəmkir rayonundakı R.Əliyev adına kolxozda kolxozçu işləyib. 1978-ci ildə Gəncə Dövlət Pedoqoji İnistutunun Tarix fakültəsini bitirib.

1986-1989-cu illərdə Ali Partiya Məktəbində təhsil alıb. 1995-2000-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Dövlət Aqrar Universiteti) Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində oxuyub.

1978-1985-ci illərdə Şəmkir rayonunun Kür qəsəbə və R.Əliyev adına tam orta məktəblərində müəllim, məktəb direktorunun müavini vəzifəsində işləyib. 1985-1990-cı illərdə Şəmkir rayonunun R.Əliyev adına sovxozunda partiya komitəsinin katibi, 1990-1991-ci illərdə sovxozun direktor müavini olub.

1993-cü ilin sentyabr ayından 1995-ci ilin iyul ayına kimi Şəmkir rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə baş məsləhətçi, 1995-ci ilin iyul ayından 2013-cü ilin dekabr ayının 27-nə kimi Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində işləyib.

2013-cü ilin dekabr ayının 27-dən Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. 2000-ci ildən YAP rayon təşkilatının sədri olub. 6 iyul 2026-cı ildə başçının müavini və YAP rayon təşkilatının sədri vəzifəsindən azad edilib.

axar.az

Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”


Elnur Cəlilov. Bu şəxs sanki hansısa “fenomenal” xüsusiyyətinə görə bütün dövrlər üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “favoriti” hesab olunub. Vaxtilə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi işləyəndə nəzarətində olmuş Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarında ekologiyanın korlanması işinə “əhəmiyyətli” töhfələr verib. Sonradan 3 saylı Şirvan Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəhbərlik edəndə Şirvan, Neftçala, Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar rayonlarında vəzifəsinin öhdəsindən gələ bilmədiyi barədə informasiyalar yayılıb. Lakin hər dəfə Nazirliyin onun barəsində gördüyü ən “sərt” tədbir bir regional idarədən digərinə rəhbər vəzifəyə transfer edilməsi olub.

Hazırda 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi postunda da eyni siyasəti həyata keçirməkdədir. Bu siyasət isə ölkənin Şimal bölgəsi rayonlarında ekoloji sərvətlərin talan edilməsinə nəyinsə müqabilində göz yummaqdan başqa bir şey deyildir.

Hələ keçən il mediada Elnur Cəlilov barədə tənqidi məlumatlar dolaşırdı ki, o, "Azvirt" və "Falkon" MMC-lərin Vəlvələ çayında qanunsuz istismar işlərinə rəvac verir. Məlumatlarda qeyd olunurdu ki, idarə rəisinin fəaliyyəti (oxu: fəaliyyətsizliyi – müəllif.) xüsusən Xaçmaz və Qusar rayonlarında təbiətə ağır zərbə vurur, bölgədə ekoloji balans pozulur, çayların məcrası dəyişdirilir, Vəlvələ çayında aparılan qeyri-qanuni işlər nəticəsində ətraf mühitə ciddi ziyan dəyir. Amma “həyəcan təbili” çalınmasına baxmayaraq, aidiyyəti qurumlar susur, məsul şəxslər isə sanki görməzdən gəlir. Bu susqunluqdan arxayınlaşan Elnur Cəlilov isə Vəlvələ çayına yuxarıda adları qanunsuz qum-çınqıl hasilatçılarından başqa himayə etdiyi istismarçıların da cəlb olunmasına göz yumub. Nəticədə Vəlvələ çayı ekoloji fəlakətlə üz-üzə qalıb.

İnternet resurslarında yerləşdirilmiş informasiyalarda bildirilir ki, Qusar rayonunun ən vacib təbii su mənbələrindən biri sayılan, ətraf kəndlərin su təminatında əsas rol oynayan, yerli ekosistem üçün də böyük əhəmiyyət kəsb edən Vəlvələ çayı son illərdə yatağının talan edilməsi və qeyri-qanuni istismarı səbəbindən bir təbii resurs olaraq ciddi təhlükə ilə üzləşib. Bu proses çayın ekosisteminə böyük zərər vurmaqla yanaşı, su ehtiyatlarının azalmasına, çirklənməyə və bölgənin biomüxtəlifliyinin məhvinə səbəb olur. Çayın təbii axını pozulduğu üçün bölgədə su çatışmazlığı probleminin yarana biləcəyi istisna edilmir.

Çay yatağının qeyri-qanuni istismarının torpağın deqradasiyasına, yeratı su axınlarının dəyişməsinə səbəb olması və torpaq sürüşmələri riskini artması fonunda bu vəziyyətdən əziyyət çəkən, təmiz suya çıxış imkanları məhdudlaşan, sosial-iqtisadi vəziyyətləri pisləşən yerli əhali 2021-ci ilin avqust ayından etibarən "Azvirt" MMC-nin baş direktoru Kamil Əliyevin maraqları naminə çayın qazılması və dağıdılmasından narazılıqlarının ifadəsi kimi yuxarı instansiyalara ünvanladıqları, mətbuatda ictimailəşdirdikləri şikayətlərində Qusar rayonunda Vəlvələ çayının ekoloji talanının ciddi araşdırılmasını və bu prosesə göz yuman şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edirlər. Təklif edirlər ki, ETSN və digər aidiyyəti qurumlar təcili tədbirlər görməli, qanunsuz fəaliyyətlərə son qoymalıdır. Birmənalı şəkildə təkid edirlər ki, Elnur Cəlilovun fəaliyyəti obyektiv şəkildə araşdırılmalı və onun ekoloji cinayətlərdə rolu təsdiqlənərsə, hüquqi məsuliyyət daşımalıdır.
Nyus.Az

3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma

3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma

Pasiyentin şikayəti əsasında Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən “Vip Milan” Hospitalda aparılan burun əməliyyatı ilə bağlı yenidən araşdırmaya başlanılıb.

Tibbmedia.az-ın məlumatına görə, araşdırma Sadiq adlı pasiyentin müraciəti əsasında klinikada qulaq-burun-boğaz (LOR) həkimi və estetik cərrah kimi fəaliyyət göstərən Rəşad Məmmədov barəsində aparılacaq.

Belə ki, ötən il Sadiq “Vip Milan” Hospitalda Rəşad Məmmədov tərəfindən burun əməliyyatı olunub və bunun üçün 3000 manat ödəniş edib. Lakin onun iddiasına görə, əməliyyat uğursuz keçdiyindən səhhətində ciddi fəsadlar yaranıb.

Pasiyent izahatında bildirib ki, burnunda çəpər əyriliyi olduğuna, nəfəs almaqda çətinlik çəkdiyinə və eyni zamanda estetik görünüşünü qismən yaxşılaşdırmaq istədiyinə görə əməliyyat olunmağa qərar verib. O qeyd edib ki, əməliyyatdan sonra vəziyyəti yaxşılaşmaq əvəzinə daha da pisləşib:

“Əməliyyat olunduğum gündən indiyə qədər burnum düzəlmək əvəzinə daha da pisləşib. Burnumun sağ tərəfi batıb, sol tərəfində isə gips açıldıqdan sonra yara izi və keyimə yaranıb. Əvvəlcə bunların əməliyyatdan sonrakı normal hallar olduğunu düşünürdüm. Artıq əməliyyatdan doqquz ay keçib. Buna baxmayaraq, burnumdakı izlər, ağrılar və keyimə məni ciddi narahat edir. Dəfələrlə həkimin qəbulunda olsam da, mənə heç bir problemin olmadığı və hər şeyin qaydasında olduğu bildirilib. Hazırda da burnumdakı ağrılar və keyimə hissi həm sağlamlığıma, həm də psixoloji vəziyyətimə mənfi təsir göstərir”.

Məsələ ilə bağlı Nərimanov Rayon Prokurorluğu həkim barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edib.

Məhkəmədə Rəşad Məmmədov bildirib ki, 2025-ci ilin avqust ayından əmək müqaviləsi əsasında “Vip Milan” Hospitalda həkim-otorinolarinqoloq kimi çalışır. Onun sözlərinə görə, pasiyentin burnunda çəpər əyriliyi olduğundan xarici burun və burun çəpərinin korreksiyası əməliyyatı həyata keçirilib.

Həkim əlavə edib ki, əməliyyatdan sonra pasiyent ambulator nəzarətə götürülüb və ona müvafiq rejimə əməl etmək tövsiyə olunub. Rəşad Məmmədovun iddiasına görə, Sadiq bu tövsiyələrə əməl etməyib, burnunu soyuğa məruz qoyub və eynəkdən istifadə etdiyi üçün sonradan həmin problemlər yaranıb.

Prokurorluğun qərarı ilə razılaşmayan pasiyent Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə şikayəti təmin edərək həkim barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edib. İş materialları əlavə araşdırmanın aparılması üçün müvafiq istintaq orqanına qaytarılıb.

Qeyd edək ki, “VİP Milan” Hospitalın təsisçisi və direktoru Xuraman Muradovadır.

Poliqon.info

Bakıxanovda "Möcüzəvi Epidemiya"- Eyni anda quruyan ağaclar və daş hasarlar -VİDEO


Yəqin ki, dünya botanika elmi Sabunçu rayonunda baş verən növbəti "təbiət möcüzəsindən" hələ də xəbərsizdir. Adil Vəliyevin rəhbərlik etdiyi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindən redaksiyamıza daxil olan mənzərə, rayon rəhbərliyinin "yaşıllaşdırma" siyasətinin növbəti şedevridir.
Yavər Əliyev küçəsində qəfildən, elə-belə, heç bir səbəb olmadan (?) daş hasarın arxasında qalan onlarla şam ağacı eyni anda "infarkt" keçirib və quruyub.
Təbiətin bu qəribə işinə baxın ki, hasarın xaricindəki ağaclar hələ birtəhər nəfəs alır, amma hasarın daxilinə — yəni kimlərinsə gələcək obyekt layihəsinin ərazisinə — düşən ağaclar kütləvi şəkildə kül rənginə boyanıb. Biz əlbəttə ki, kimisə ağacları qəsdən yandırmaqda və ya məhv etməkdə birbaşa ittiham edə bilmərik. Amma Bakıdakı tikinti mafiyasının illərdir sınaqdan keçirdiyi və hamıya bəlli olan "ənənəvi" qurutma metodlarını ehtimal etmək redaksiyamızın və sakinlərin ən təbii haqqıdır.
Ola bilsin ki, ağacların kökünə kimyəvi "vitamin" tökülməsi və ya suyunun kəsilib, dibinin betonlanması nəticəsində onlar eyni anda bu hala düşüb. Sonra isə "baxın, bu ağaclar onsuz da quruyub, sakinlərin təhlükəsizliyi üçün kəsirik" deyib yerində növbəti şadlıq sarayı, market və ya hündürmərtəbəli bina ucaltmaq ssenarisi artıq Sabunçuda adiləşib.
Hasarın tən ortasından çəkilməsi, ərazidə aktiv tikinti qalıqlarının, taxta qəliblərin olması və bütün bunların birbaşa strateji qaz borularının mühafizə zolağında baş verməsi isə aidiyyəti qurumların bu mənzərəyə necə göz yumduğunu göstərir. Maraqlıdır, Yavər Əliyev küçəsində bu boyda daş hasar ucalanda, tonlarla tikinti tullantısı əraziyə töküləndə Sabunçu Rayon İcra Hakimiyyətinin müvafiq şöbələri, bələdiyyə hara baxırdı? Yoxsa bu hasarlar gecə feyaların sehirli çubuğu ilə bir saniyədə tikilib?
Ortada açıq-aşkar ekoloji cinayət və özbaşınalıq var, amma görünən odur ki, Sabunçu rayonundakı məmurlar üçün yaşıl zonalar sadəcə qazanc mənbəyindən ibarətdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətini və Sabunçu Rayon İcra Hakimiyyətini bu "möcüzəvi qəsdə" aydınlıq gətirməyə çağırırıq. O daş hasarın sənədi varmı? O ağacların eyni anda qurumasının "elmi" izahı nədir? Mövzu diqqətimizdədir və tərəfimizdən davam etdiriləcək.(Mediatvaz.com)

Sözügedən məsələ ilə bağlı aidiyyəti qurumların da cavab haqqını tanıyırıq.

https://www.bizimesr.com/az/post/bakixanovda-mocuzevi-epidemiya---eyni-anda-quruyan-agaclar-ve-das-hasarlar--video-22593

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56