Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA


Sosial Xidmətlər Agentliyi (SXA) növbəti tenderinin nəticəsini açıqlayıb. Tribuna.az xəbər verir ki, qurum Astara rayonunda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün 37 ədəd ikiotaqlı və 37 ədəd birotaqlı mənzilin satın alınmasını həyata keçirəcək.

Məlumatda qeyd edilir ki, tenderin qalibi fiziki şəxs Natiq Hüseyn oğlu Əlisoy olub. Onunla 3 milyon 428 min 932 manatlıq müqavilə imzalanıb.

Tribuna.az məsələ ilə bağlı açıq mənbələr üzərindən bəzi areaşdırmalar aparıb. Məlum olub ki, SXA ilə Natiq Əlisoy arasında bu, ilk tender anlaşması deyil. Belə ki, 07.08.2026-cı il tarixdə də analoji razılaşma əldə olunub. Həmin vaxt Agentlik Əlisoya Neftçala rayonunda 20 ədəd üçotaqlı mənzilin alınmasını sifariş edib. Bu zaman tərəflər 1 milyon 444 min 840 manata anlaşıblar.

Amma buna qədər də tərəflərin yolları kəsişib. Tribuna.az xəbər verir ki, Natiq Əlisoy 07.03.2025-ci il tarixdə də SXA-nın tenderinin qalibi olub. Həmin tenderə asasən sözügedən şəxs Agentlik üçün Salyan rayonunda 32 ədəd üçotaqlı mənzil satın alıb. Həmin anlaşmanın dəyəri isə 2 milyon 197 min 760 manat təşkil edib.

Həmçinin 2023-cü ilə qədər də tərəflər heç də az olmayan məbləğli tenderlərdə anlaşma əldə ediblər. Məsələn, 23 avqust 2023-cü ildə bağlanmış 8 milyon 149 min 930 manatlıq müqavilə Bakı, Gəncə, Mingəçevir və Şəki şəhərlərində, eləcə də bir sıra rayonlarda mənzillərin alınmasını əhatə edib.

Bundan başqa, 30 dekabr 2023-cü ildə eyni məqsədlə 1 milyon 554 min 240 manatlıq müqavilə də bağlanıb. Əlisoyun əvvəlki tenderləri arasında 2022-ci ildə imzalanmış 3 milyon 291 min 150 manatlıq mənzil satınalması da yer alır.

Bəs, Natiq Əlisoy kimdir?

Natiq Əlisoyun dövlət satınalmalarındakı fəaliyyəti təkcə fiziki şəxs kimi qazandığı sifarişlərlə məhdudlaşmır. O, 2016-cı ildə yaradılmış “Gulay-Food” MMC-nin qanuni təmsilçisi kimi də tanınır. Ötən il dərc olunan araşdırmada şirkətin nizamnamə kapitalının cəmi 1 manat olduğu bildirilirdi.

Buna baxmayaraq, şirkət milyonlarla manatlıq dövlət sifarişləri qazanıb. “Gulay-Food” MMC 2024-cü ildə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının naharla təmin edilməsi üzrə 6 milyon 120 min 881 manatlıq tenderin qalibi olub. Satınalma çərçivəsində 583 min yemək porsiyasının nəzərdə tutulduğu qeyd edilib.

Şirkət 2023-cü ilin noyabrında eyni istiqamətdə 12 min 250 porsiya naharın təmin edilməsi üçün 43 min 365 manatlıq sifariş də qazanıb. Beləliklə, şirkətin göstərilən tenderlərinin ümumi dəyəri 6 milyon 164 min 881 manat təşkil edib.

SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...


"Badamdarda yerləşən "Olive garden" restoranına üz tutarkən insanın gözləntisi yalnız dadlı yemək deyil, eyni zamanda keyfiyyətli xidmət, dürüst təqdimat və müştəriyə hörmət görməkdir..." Bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edən Aynur Məmmədzadə adlıistifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Ailəvi səhər yeməyi üçün bu restoranı seçməzdən əvvəl onların Instagram səhifəsində paylaşılan səhər yeməyi süfrələrinə nəzər saldıq. Təqdim olunan zəngin çeşid, fərqli təamlar və cəlbedici süfrə görüntüləri bizdə müsbət təəssürat yaratdı və məhz bu səbəbdən ailəlikcə səhər yeməyi etmək üçün həmin məkana gəlməyə qərar verdik.
Lakin restorana gəldikdə, sosial şəbəkələrdə təqdim olunan görüntülərlə real xidmət arasında ciddi fərq olduğunu gördük. Məsələni xidmət əməkdaşına bildirdikdə isə bizə həmin səhər yeməyi menyusunun artıq ləğv olunduğu deyildi.
Bu məqamda haqlı olaraq belə bir sual yaranır: Əgər qeyd olunan təklif artıq qüvvədə deyilsə, nə üçün restoranın rəsmi Instagram səhifəsində hələ də paylaşılır? Müştərilərin məhz həmin təqdimata əsaslanaraq restorana gəlməsi nəzərə alınmırmı?
Əməkdaş məsələni administratora çatdıracağını və onun bizə yaxınlaşacağını bildirdi. Təəssüf ki, nə bizimlə maraqlanan oldu, nə də hər hansı izahat verildi. Beləliklə, səsləndirdiyimiz irad cavabsız qaldı.
Bizim narazılığımız yalnız səhər yeməyinin çeşidi ilə bağlı deyil. Əsas məsələ reklam olunan xidmətlə faktiki təqdim olunan xidmətin uyğunluğu və müştəri müraciətinə göstərilən münasibətdir.
Müasir xidmət mədəniyyəti yalnız gözəl şəkillər paylaşmaqdan ibarət deyil. Bu, eyni zamanda müştəridə yaradılan gözləntiyə hörmət etmək, məlumatları vaxtında yeniləmək və narazılıqlara məsuliyyətlə yanaşmaq deməkdir.
Ümid edirik ki, restoran rəhbərliyi bu rəyi konstruktiv şəkildə qəbul edəcək və gələcəkdə digər müştərilərin də oxşar vəziyyətlə üzləşməməsi üçün müvafiq tədbirlər görəcək.
Çünki müştəri məmnuniyyəti sadəcə reklam şüarı deyil, xidmət keyfiyyətinin əsas göstəricisidir..."(Dia-az)





Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -İcra Hakimiyyətinin "qırmızı işığı"nda qalan sahibkarlar


Azərbaycanda qeyri-neft sektorunun inkişafı və biznes mühitinin stimullaşdırılması regionlarda yeni müəssisələrin, hotel, restoran və anbarların tikilməsi ilə birbaşa bağlıdır. Dövlət başçısı səviyyəsində sahibkarlara "yaşıl işıq" yandırılması və sənədləşmə proseslərinin tamamilə rəqəmsallaşdırılması barədə verilən kəskin tapşırıqlara baxmayaraq, bəzi rayonlarda yerli məmurlar hələ də köhnə idarəetmə üsullarından və bürokratik əngəllərdən əl çəkə bilmirlər.

Redaksiyamıza daxil olan son şikayətlər göstərir ki, bölgələrdə kommersiya obyekti tikmək istəyən investorlar, qanunvericiliklə dəqiq çərçivəyə salınmış prosedurların yerlərdə süni şəkildə tormozlanması ilə üzləşirlər. Bu problemlərin mərkəzində dayanan son ünvanlardan biri isə regional turizm və biznes potensialı ilə seçilən Qəbələ rayonudur.

Qəbələdə fəaliyyət göstərən bir qrup sahibkar, tikinti ilə bağlı sənədlərin razılaşdırılması prosesində ciddi əsassız gecikmələrlə üzləşdiklərini bildirirlər. Onların sözlərinə görə, obyektlərin layihə sənədləri müvafiq qaydada Qəbələ Rayon İcra Hakimiyyətinə təqdim edilsə də, aylarla heç bir hərəkət olmadan saxlanılır və nəticədə qanunvericiliklə nəzərdə tutulan növbəti mərhələlərin icrasına ciddi əngəllər yaranır.

Redaksiyamıza müraciət edən iş adamları vurğulayırlar ki, əsas problem sənədlərin ilkin qəbulunda deyil, məhz onların yerli icra hakimiyyəti daxilində sonrakı mərhələlərə ötürülməsində yaşanır. İddialara görə, sənədlərin yerli qurumda səbəbsiz yerə yubadılması obyektlərin şəhərsalma baxımından ali nəzarətçi orqan olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması prosesini tormozlayır.

Bu isə sahibkarların fəaliyyətinə ağır zərbə vuraraq tikinti qrafiklərinin pozulmasına, investisiya planlarının alt-üst olmasına və obyektlərin istifadəyə verilmə tarixinin qeyri-müəyyən müddətə təxirə düşməsinə səbəb olur.

Halbuki qanunvericilik bu prosesi tamamilə şəffaf və günbəgün hesablana bilən rəqəmsal bir sistemə bağlayıb.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, Bakı şəhərindən kənarda kommersiya təyinatlı tikintiyə icazə üçün müraciətlər birbaşa yerli icra hakimiyyəti orqanlarına e-tikinti.gov.az portalı vasitəsilə ünvanlanmalıdır.

Prosesin ilkin mərhələsində torpağın sənədləri və kateqoriyası yoxlanıldıqdan sonra İcra Hakimiyyəti sahibkara şəhərsalma şərtlərini əks etdirən Memarlıq-Planlaşdırma Tapşırığını təqdim etməlidir. Bundan sonra hazırlanan layihə sənədləri sistemə yüklənir və məhz bu nöqtədə məmur süründürməçiliyinin qarşısını almaq üçün qanun sərt müddətlər qoyur.

Məcəllənin 75-ci maddəsinə əsasən, təqdim olunan sənədlərin tamlığı ekspertizası tələb olunan layihələr üzrə üç iş günü, ekspertizası tələb olunmayan kiçik kommersiya obyektləri üzrə isə cəmi iki iş günü ərzində yoxlanılmalı və çatışmazlıq aşkarlanarsa, ərizəçiyə dərhal rəsmi məlumat verilməlidir.

Sənədlərin tamlığı təmin edildikdən sonra layihə aidiyyəti qurumların rəyinə göndərilir və yerli icra hakimiyyətinin sorğusu əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də cəmi beş iş günü müddətində layihənin rayonun Baş Planına uyğunluğuna dair rəyini sistemə yükləməlidir.

Bütün bu rəylərin toplanması və yekun tikinti icazəsinin verilməsi üçün qanun yerli icra orqanlarına maksimum otuz gün vaxt tanıyır.

Lakin Qəbələ rayonunda bu müddət aylarla uzanır. Redaksiyamıza daxil olan müraciətdə isə artıq 3 aydır ki, heç bir cavab verilmədiyi bildirilir.

Göründüyü kimi, dövlətin müəyyən etdiyi hüquqi çərçivə ilə Qəbələ Rayon İcra Hakimiyyətinin real təcrübəsi arasında kəskin təzadlar mövcuddur. Sahibkarların narazılığı sadəcə növbə gözləməkdən deyil, qanunvericiliklə təsbit edilmiş bu dəqiq müddətlərin yerli məmurlar tərəfindən kobud şəkildə pozulmasından qaynaqlanır.

Yaranmış vəziyyətlə bağlı Qəbələ Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, qarşı tərəflə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı. Belə ki, RİH-in rəsmi saytındakı aidiyyəti şəxslərin telefon nömrələrinə etdiyimiz zənglər, eyni zamanda saytda göstərilən rəsmi e-mail ünvanına yazdığımız məktub cavabsız qaldı. Hər bir halda qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Qeyd edək ki, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevdir. O, bu vəzifəyə 2010-cu ilin martında təyin edilib.

Azərbaycanın internet resurslarında S.Abdullayev haqda heç də xoş olmayan məlumatlar kifayət qədərdir. Ümid edirik ki, hörmətli icra başçısı daha bir qalmaqalda adının detallarla hallanmasına razı olmayacaq və 3 aydır rəhbərlik etdiyi qurumda ləngidilən tikintiyə icazə müraciətlərinin cavablandırılmasını təmin edəcək.(Afn.az)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları


Azərbaycanın təhsil sistemində STEAM layihəsi ən böyük büdcə ayırmalarına malik olan istiqamətlərdən birinə çevrilib. Layihə çərçivəsində məktəblər və STEAM mərkəzləri müxtəlif avadanlıqlarla təmin edilir. Şübhəsiz ki, layihənin maliyyə təminatı da var. Bu məqsədlə də dövlət büdcəsindən vəsait ayrılır və bu vəsait dövlət satınalmaları vasitəsilə xərclənir.
Lakin dövlət satınalmaları portalının (satinalma.gov.az) rəsmi məlumatları və maliyyə zənciri üzrə aparılan təhlillər göstərir ki, STEAM avadanlıqlarının satınalınması prosesində büdcə vəsaitlərinin mənimsənilməsinə söykənən, ciddi suallar yaradan çoxqatlı mexanizm formalaşdırılıb.
Tenderin görünən qalibləri, əslində…

Bu araşdırmada əsas məqsəd sadəcə “STEAM üçün nə qədər pul xərclənib?” sualına cavab tapmaq deyil. Öncə bu sualllara cavab tapmalıyıq – şirkətlər Elm və Təhsil Nazirliyinin tenderlərini necə qazanıb, avadanlıqlar hansı qiymətlərlə alınıb, bu prosesdə eyni şəxslərin və ya əlaqəli şirkətlərin təkrar-təkrar qarşıya çıxmasının səbəbi nədir?
Topladığım məlumatlara əsasən, ETN-də mənimsəmə və korrupsiya zənciri olduğu ciddi şübhələr yaradan prosesin mərkəzində dayanan şəxs “İSTEAM” MMC-nin rəhbəri Nihad Hənifəyevdir. N.Hənifəyev isə Elm və Təhsil naziri Emin Əmrullayevin qaynıdır.
“İSTEAM MMC” vasitəsilə xərclənən külli miqdarda vəsaitlərin nazir E.Əmrullayevin ailə çevrəsinə və yaxınlarına yönəldilməsi ilə bağlı ciddi suallar yaranır.
Aşağıdakı (cədvəldəki) göstəricilərdən aydın olur ki, təkcə 2024-cü ilin noyabr ayında “JBA GROUP” MMC ilə ümumi məbləği 11,5 milyon manatdan çox olan iki böyük müqavilə bağlanıb.

2025-ci ilin avqust ayında isə bu “missiya”nı 9,95 milyon manat dəyərində tenderlə “VİVA MEDICAL GROUP” MMC təhvil alıb.
Maraqlıdır ki, bu tenderlərin görünən qalibləri dəyişsə də, gətirilən bütün avadanlıqların yeganə daxili təchizatçısı dəyişməz olaraq nazir E.Əmrullayevin qaynı Nihad Hənifəyevin nəzarətindəki “İSTEAM” MMC olaraq qalır.
Diqqət çəkən əsas məqam odur ki, “İSTEAM” MMC dövlət tenderlərində hər dəfə birbaşa qalib kimi görünmür. Bunun əvəzində tenderin qalibi başqa şirkət olur, həmin şirkət isə avadanlığı ölkə daxilində “İSTEAM” MMC-dən əldə edir. Nəticədə tender sənədində bir şirkətin adı, təchizat zəncirində isə başqa şirkətin adı görünür.
N.Hənifəyevin idarə elədiyi bu “mürəkkəb sxem” malların bilavsaitə ilkin xarici istehsalçıdan alınıb sonuncu dövlət büdcəsi hesabına təhvil verilməsinədək bir neçə pilləli qapalı zəncir üzərində qurulub.
Məlumata görə, nazir E.Əmrullayev formalaşdırdığı sistemi bu şəxslərin vasitəsilə idarə edir:- Nazirin qaynı Nihad Hənifəyev – büdcə vəsaitlərinin mənimsənilməsini təşkil edən əsas yönəldici şəxs. O, xarici təchizatçılardan STEAM avadanlıqlarının tək rəsmi importoru olan “İSTEAM” MMC-nin faktiki mülkiyyətçisidir. Əvvəllər “Kaspi” liseyləri şəbəkəsində çalışıb və “Kaspi” kurslarının/proqramlarının (filiallarının) birinin rəhbəri olub. Hal-hazırda N.Hənifəyevin həyat yoldaşı “Kaspi” liseyləri şəbəkəsində bağça müdirəsidir.
– Elnur Qəzənfər oğlu Əliyev – Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) v.i.e. direktoru. O, nazir E.Əmrullayevin müşaviri və onun uzun illərdən bəri əsas “silahdaşı” kimi tanınır. Əvəllər “Kaspi” liseylər qrupunun keçmiş baş direktoru vəzifəsində çalışıb. Məlumata görə, dövlət qurumlarında vəzifəyə keçdikdən sonra “Kaspi”dəki fəaliyyətlərin idarə olunmasını qardaşı Elşən Əliyevə (yaxın dövrə qədər həmin liseylərdən birinin direktoru) təhvil verib.
– Tural Ayvazlı – Nazir Emin Əmrullayevin müşaviri. O, maliyyə məsələlərinə nəzarət edir və nazirin ailə çevrəsinə daxil olan əsas şəxslərdən biri kimi qəbul edilir. T.Ayvazlının bacısı Xəyalə Əhmədzadə də Bakı Şəhər Təhsil İdarəsinin müdir müavinidir.
– Nazirin sinif yoldaşı Valeh Mirzəliyev – Sifarişçi qurum olan Elm və Təhsil Nazirliyinin Ərazi Tikinti Təchizat İdarəsinin rəisi vəzifəsində çalışır.
– Nazirin sinif yoldaşı Zamiq Məmmədov – Qrup daxilində satınalma və inzibati zəncirin digər idarəedici halqasının mərkəzində dayanan şəxsdir.
“VİVA” MMC və “JBA GROUP” MMC Dövlət satınalmalarında formal olaraq “açıq tender qalibi” kimi çıxış edən, əslində isə “İSTEAM” MMC-nin (Nihad Hənifəyevin) ölkə daxilindəki tək alıcılarıdır.
Bəs xaricdən alınan məhsulun üzərində qurulan qiymətlər zəncirvari şəkildə necə artırılır?
Qeyd etdiyimiz kimi, dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərini pərdələmək üçün “İSTEAM” MMC tenderlərdə birbaşa qalib kimi göstərilmir. Bunun əvəzində, əvvəlki illərdə “JBA GROUP” MMC, sonrakı dövrdə isə “VİVA MEDICAL GROUP” MMC dövlət tenderlərinin “daimi qalibi” edilir. Bu şirkətlər tenderdə təklif etdikləri avadanlıqları ölkə daxilində yalnız N.Hənifəyevin “İSTEAM” MMC-sindən alırlar.
Beləliklə, mallar xaricdən real maya dəyərinə alındıqdan sonra N.Hənifəyevin şirkətində süni şəkildə dəfələrlə baha qiymətə sənədləşdirilir və vasitəçi şirkətlər üzərindən dövlət büdcəsinə satılır. Əgər məhsul xarici istehsalçıdan müəyyən qiymətə alınırsa, daha sonra ölkə daxilində bir və ya bir neçə şirkət arasında hərəkət edir və sonda dövlət büdcəsi hesabına daha yüksək qiymətlə satılırsa, bu zaman hər mərhələnin iqtisadi əsaslandırılması ortaya qoyulmalıdır. Burada söhbət sadəcə şirkətlərin mənfəət əldə etməsindən getmir. Söhbət dövlət büdcəsindən ödənilən milyonlarla manatın hansı qiymət formalaşması mexanizmi ilə son satıcıya çatmasından gedir.
Araşdırmalar göstərir ki, avadanlıqların xarici ölkələrdəki real satış qiyməti ilə dövlətə satılan qiyməti arasındakı böyük fərq var. Şişirdilmiş qiymətlərlə dövlət büdcəsindən şirkətlərə köçürülən milyonlarla manat vəsait “İSTEAM” MMC hesablarına köçürülür, bəs bundan sonra pulların taleyi necə olur?
Nazir öz qaynının şirkətinin bazarda mütləq hegemonluğunu təmin etməklə digər azad sahibkarları STEAM təchizatı bazarından tamamilə sıxışdırıb çıxarır.
Aparılan araşdırmalarda aydın olur ki, nazir E.Əmrullayev və onun sinif yoldaşları, tələbə yoldaşları, əsgər yoldaşları, qohumları bütün irihəcmli dövlət satınalmaları üzrə proseslərə, eləcə də birmənbə hesabına maliyyələşən digər layihələrə faktiki nəzarəti tam ələ keçirib.
STEAM layihəsi isə Azərbaycan təhsilinin texnoloji gələcəyi üçün nəzərdə tutulmuş böyük dövlət layihəsidir. Lakin bu layihəyə ayrılan milyonlarla manatın necə xərclənməsi də ən azı layihənin özü qədər vacib məsələdir.
Nə üçün müxtəlif illərdə tenderlərin qalibləri dəyişsə də, STEAM avadanlıqlarının daxili təchizat zəncirində eyni şirkət meydana çıxır? Nə üçün həmin şirkətin rəhbəri nazirinin yaxın qohumudur? Avadanlıqlar xaricdən hansı qiymətə alınır və dövlətə hansı qiymətə satılır? Dövlət büdcəsindən ayrılan milyonlarla manatın son dayanacağı haradır?
Bütün bu sualalrın cavabı tapılmalıdır.

Cumhuriyyet.az
Samir Feyruzov

Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -Bir mənbədən satınalma metodunun tətbiqi ilə(?)!


Hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...
Beyləqan Rayon İcra Hakimiyyəti Maşın və avadanlıqların, eləcə də, Dəftərxana və təsərrüfat mallarının alınması ilə bağlı müqavilələr imzalayıb. 02.09.2026-cı il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata görə, bu məqsədlə birinci epizodla bağlı "APO RM GROUP" MMC ilə 7998 manatlıq, ikinci epizodla bağlı isə "ALBARO" MMC ilə 5200 manatlıq razılaşmalar rəsmiləşib.
Hər iki müqavilədə bir ortaq nöqtə diqqət çəkir: Bütün epizodlarda tərəflər arasında satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil). Hər iki satınalma bir mənbədən satınalma metodunun tətbiqi ilə həyata keçirilmiş və satınalma barədə elan heç bir mətbuat orqanında dərc edilməmişdir(?)
Elə bu faktor məlum səbəblərdən ciddi suallar doğurur, əsaslı şübhələrə rəvac verir...Bu istiqamətdə oxucularımızın “Yenixeberorg”a ötürdüyü məlumata görə, tərəflər arasındakı bu əməkdaşlığın özünəməxsus səbəbləri var... Yuxarıda qeyd etdiyimiz kimi, Beyləqan Rayon İcra Hakimiyyəti müvafiq satınalma müsabiqələri elan etmədən, bir mənbədən olmaqla sadaladığımız şirkətlərlə müqavilələr bağlayıb.
Bu sözün bəlli mənasında maraq doğuran faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,...müvafiq əsaslandırmalarla!
Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız məlum portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Göründüyü kimi, "Dövlət satınalmaları haqqında" Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır...
İndi isə sual olunur: Beyləqan Rayon İcra Hakimiyyətinin Maşın və avadanlıqların, eləcə də, Dəftərxana və təsərrüfat mallarının alınması ilə bağlı sadaladığımız şirkətlərlə birbaşa müqavilə bağlaması hansı səbəblərdən qaynaqlanır???
Yoxsa, Beyləqan Rayon İcra Hakimiyyətini müvafiq Maşın və avadanlıqlarla, eləcə də, Dəftərxana və təsərrüfat malları ilə təmin edə biləcək başqa şirkətlər yoxdur...(?) Baxın, ən aktual və cavablandırılması vacib sual da, məhz budur!
Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf kimi, Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?
Siyahıda yer alan şirkətlər hansı üstünlükləri ilə və hansı meyarlarla seçilib? Və s...
***
Digər vacib bir məqam Beyləqan Rayon İcra Hakimiyyətinin Maşın və avadanlıqlar aldığı (Yaxud alacağı: Red.) "APO RM GROUP" MMC ilə bağlıdır. İnternet üzərindən apardığımız araşdırmalarla məlum oldu ki, bu şirkət müxtəlif dizaynlı hovuzların tikintisi üzrə ixtisaslaşıb. Təsəvvür edirsiniz hovuz tikən şirkət və maşın və avadanlıqlar...(?)
"ALBARO" MMC ilə bağlı isə internet üzərində geyim modelləri ilə rastlaşmaq mümkündür...(?)
***
Biz “Yenixeberorg” olaraq, bu və digər şübhələrə aydınlıq gətirmək məqsədi ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizova 6 sualdan ibarət online rəsmi sorğu ünvanladıq...Təəssüf ki, sorğumuz hələ də cavabsız olaraq qalır(?)
Haşiyə: Əziz Əzizov icra hakimiyyəti strukturunda təcrübəli kadr kimi tanınır... Xatırladaq ki, cənab Əzizov 8 avqust 2006- 2 fevral 2018-ci illərdə Cəlilabad rayonuna, 2 fevral 2018-12 noyabr 2019-cu illərdə Yasamal rayonuna, 12 noyabr 2019-28 iyun 2024-cü illərdə Suraxanı rayonuna rəhbərlik edib. 8 iyul 2024-cü ildən isə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısıdır...
Və son əvəzi...
Əvvəla, hörmətli icra başçısına xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...
Dövlət büdcəsi nə kiminsə dədə-babasından qalma xəzinə deyil, nə də hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin... Dövlətin pulun heç bir məmur, səlahiyyət sahibi könülü istədiyi kimi xərcləyə bilməz, xərcləməməlidir də!
Eyni zamanda məlum funksiyaların icraçısı kimi medianın sorğusu da cavablandırılmalıdır. Təkcə ona görə yox ki, hansısa yanlış informasiya tirajlana bilər, həm də ona görə ki, bu hər bir səlahiyyət sahibinin vəzifə borcudur. Gec də olsa bunu bilmək lazımdır...
Həm də onu bilmək lazımdır ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb.(Yenixeberorg.biz)

Elşən Salahov əslində kimi cəzalandırmalı idi – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…


Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən müxtəlif təyinatlı malların satın alınması üzrə 01.04.2026-cı ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “EVEREST-2022” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərfələr arasında 601.370,48 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınaılmaların portalında 09.10.2026-cı ildə dərc edilib.

Şərtlər toplusuna görə “EVEREST-2022” MMC Kommunal Təsərrüfatı Birliyini 95 ədəd metal 1000 litrlik yaşıl rəngli, 40 ədəd metal 1000 litrlik narıncı rəngli zibil konteynerləri, 30 ədəd arxalı oturacaq, 5.000 cüt beş barmaq,sintetik parça, üzəri boyalı əlcək, 8.000 ədəd 72% (100qr) təsərrüfat sabunu, 800 kq yağlı boya, hər birindən 60 ədəd sapsız bel ucu iti və çalov, 140 ədəd bel sapı, 120 ədəd konteyner təkəri, 200 kq zibil torbası, 120 ədəd ixtisaslaşdırılmış araba, 340 cüt botinka qış üçün, 340 cüt botinka yay üçün, 340 dəst fəhlə paltarı, 340 dəst fəhlə paltarı qış üçün, 340 ədəd işarə jileti yay üçün, 340 ədəd işarə jileti qış üçün, 150 ədə kepka, 150 ədəd ləçək, 260 ədəd xalat, 340 ədəd gödəkçə, 56 ədəd avtoşin KAMAZ üçün, 24 ədəd avtoşin ZİL üçün və digər bu kimi təsərrüfat malları və digər nəqliyyat vasitələri üçün ehtiyyat hissələri ilə təchiz etməlidir.

Qeyd edək ki, Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 12.12.2025-ci ildə, yəni yuxarıda bəhs edilən tenderdən doqquz ay əvvəl, müxtəlif təyinatlı malların alınması üzrə “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” Qapalı Səhmdar Cəmiyyəti ilə 359.762,53 manat məbləğində müqavilə bağlayıb.

Göründüyü kimi, Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi son 9 ayda müxtəlif təyinatlı malların satın alınması üzrə ümumi dəyəri 961 132 manat olan 2 satınalma müqaviləsi bağlayıb.

Şərtlər toplusuna görə qalib “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” QSC Kommunal Təsərrüfatı Birliyini 40 ədəd fəhlə arabası (9 ay sonra 30 ədəd), 1.000 kq yağlı boya, 6.200 ədəd 72% (100qr) təsərrüfat sabunu (9 ay sonra 8.000 ədəd), 250 ədəd konteyner təkəri, 10 ədəd karobka filtr, 20 ədəd dizel filtri, 20 ədəd hava filtri, 20 ədəd yağ filtri və digər bu kimi eyni adlı təsərrüfat malları ilə təchiz edib.

Bundan əlavə Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 02.11.2022-ci ildə əməkdaşların stifadəsi üçün nəzərdə tutulan bir sıra malların və lavazimatların satın alınması üzrə “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” QSC ilə 289.745,46 manat dəyərində müqavilə bağlayıb.

Şərtlər toplusuna görə QSC Kommunal Təsərrüfatı Birliyini 200 ədəd fəhlə arabası, hər birindən 650 ədəd olmaqla vedrə dəmir 10 lt, bel sapı, bel çalov böyük, bel çalov kiçik, bel çalov ucu iti, xəkəndaz, 62.000 ədəd süpürgə həyət üçün və digər bu kimi eyni adlı təsərrüfat malları ilə təchiz edib.

Göründüyü kimi Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 2022-ci ilin noyabrından bu yana əməkdaşların xidməti istifadəsi üçün nəzərdə tutulan malların satınalınması üzrə ümumi dəyəri 1 250 877 manat dəyərində 3 satınalma müqaviləsi bağlayıb. Birliyin 2023-2024-cü illərdə satın aldığı təsərrüfat malları barədə satınalmaların portalına məlumat yerləşdirilməyib. Maraqlıdır, Xəzər rayon Kommunal Təsərrüfatı Birliyi bir milyon iki yüz əlli min manat dövlət vəsitinə aldığı bu təsərrüfat malları harada işlənib?

Göründüyü kimi Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi son dörd ildə konkret sayı bəlli olmayan əməkdaşlarının xidməti istifadəsi üçün ləvazimatlara, geyimə milyon manatdan yuxarı dövlət vəsaiti xərcləyib. Hələ Xəzər rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin son illər nəqliyyat və xüsusi texnikaların satınalınmasına, o cümlədən onlara ehtiyyat hissələrinin alınması məqsədi ilə xərclədiyi milyonlarla mant dövlət vəsaitini bura qatmamışıq.

Qeyd edək ki, Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin aldığı bu təsərrüfat mallarının istifadə müddətinin nə qədər olması barədə konkret bir fikir söyləmək çətindir. Amma bu təsərrüfüt mallarının böyük hissəsinin əməkdaşların xidməti istifadəsinə heç verilmədiyini söyləmək olar. Çünki Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçilərinin sayı məlum deyil. Belə olan halda hər il yüzminlərlə manata alınan geyim dəstləridən kimlərin istifadə etdiyi də, təsərrüfat mallarının harada istifadı olunduğu da bəlli deyil. Odur ki, Birliyin milyon manatdan çox dövlət vəsitinə aldığığ təsərrüfat mallarını həm də kimlərsə “yeyir”.

Qeyd edək ki, Qeyd edək ki, Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Hikmət İslamovdur. O, uzun illər Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi olmuş Böyükağa İslamovun oğludur.

Bu gün Bakı şəhər İcra Hakimiyyətinin yaydığı məlumata görə Xəzər rayonu ərazisində payız-qış mövsümünə hazırlıq, abadlıq və yaşıllaşdırma işlərinin təşkili, küçə və prospektlərdə mövcud nöqsanların aradan qaldırılmasının müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib.

Xəzər rayon İcra Hakimiyyətində keçirilən müşavirədə rayonun kommunal-təsərrüfat qurumlarının rəhbərləri, qəsəbə, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov qeyd olunan sahələrdə görülən işləri, eləcə də rayonun ümumi memarlıq və estetik görünüşünə xələl gətirən, qəzalı tikililərin vəziyyətini təhlil edib, mövcud nöqsanlar barədə danışaraq aidiyyəti rəhbər şəxslərə müvafiq tapşırıqlar verib.

Yol verilən nöqsanlara və ərazilərə nəzarətin zəif təmin edildiyinə görə Xəzər rayon İcra Hakimiyyəti başçısının Qala və Zirə qəsəbələrinin inzibati ərazi dairələri üzrə nümayəndələrinə töhmət verilib, Buzovna və Türkan qəsəbələrinin inzibati ərazi dairələri üzrə nümayəndələrinə isə xəbərdarlıq edilib.

Aktualinfo.net

P.S. Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun töhmət verdiyi, cəzalandırdığı icra nümayəndələri günahsız qurbanlardır. Yuxarıda qeyd etdiyimiz məlumatlardan da göründüyü kimi milyonlarla manat dövlət vəsaiti Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xətti ilə talan edilir. Əsl cəzalandırılmalı olan şəxs də, məhz birliyin rəisi Hikmət İslamov olmalı idi.

Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO


Azərbaycanın tanınmış kulinar-texnoloqu Mübariz Vəliyev “Azdad” şirkətinə məxsus “Sport” peçenyelərin tərkibində zərərli əlavələrin olduğunu bildirib.

Tribuna.az xəbər verir ki, M.Vəliyevin sözlərinə görə, özü də əvvəllər bu peçenyedən istifadə edib:

“Tərkibində günəbaxan yağın və palma yağının qarışığından istifadə olunub. Həmçinin qida əlavələri olan E503, E500 və E223-dən istifadə olunub. Bundan əlavə qida aromatı da istifadə olunub”.

Yazıda barəsində danışılan peçenyenin hazırlandığı müəssisənin mövqeyini dərc etməyə hazırıq.

"Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR


“Adem İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) valyuta qaydalarını pozmaqda ittiham edilib.


Yurd.Media-nın əldə etdiyi məlumata görə, kafel, metlax satışı ilə məşğul olan şirkət tərəfindən 16 min ABŞ dolları məbləğində vəsaiti bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb.


“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.


Buna görə də “Adem İnşaat” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.


Nəsimi Rayon Məhkəməsinin qərarı ilə şirkət barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin iyirmi faizi miqdarında, yəni 3222 ABŞ dolları cərimə edilib.


Qeyd edək ki, 2019-cu ildən fəaliyyət göstərən “Adem İnşaat” MMC-nin əsasən kafel, metlax, keramoqranit və digər tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olan mağazalar şəbəkəsidir. Şirkətin direktoru Söhbət Abdullayevdir.

Xəbər lenti

Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
12:38
Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
12:21
Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
11:52
Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
11:13
“AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
10:43