Xırdalanda təhlükəli tikinti - Transformatorun düz yanında yaşayış binası ucaldılır - VİDEO


Abşeron rayonunda torpaq sahələrindən istifadə və tikinti işlərinin aparılması ilə bağlı müəyyən edilmiş qaydaların nə dərəcədə qorunduğu ciddi suallar doğurur. İllərdir mərhələli şəkildə davam edən sistemsiz tikinti prosesinin son dövrlərdə daha da genişləndiyi, bəzi ərazilərdə isə insanların təhlükəsizliyi baxımından riskli vəziyyət yarandığı bildirilir.

Bizizmesr.media bildirir ki, Abşeron rayonu paytaxt ətrafında tikinti bumu ən sürətlə genişlənən ərazilərdən biridir. Lakin sürətli tikinti prosesinin şəhərsalma tələbləri, təhlükəsizlik normaları və əhalinin maraqları ilə nə dərəcədə uzlaşdığı barədə suallar açıq olaraq qalır.

Mütəxəssislər müxtəlif vaxtlarda plansız və sistemsiz tikintilərin yaratdığı risklərə diqqət çəkirlər. Xüsusilə yaşayış binalarının mühəndis-kommunikasiya xətlərinə, yüksək gərginlikli elektrik qurğularına və digər təhlükəli obyektlərə yaxın ərazilərdə inşa edilməsi ciddi narahatlıq doğuran faktlar kimi qeyd olunur.

Bəs Abşeron Rayon İcra Hakimiyyəti bu prosesə necə nəzarət edir?

Biziməsr.media-nın redaksiyasına daxil olan məlumata görə, Xırdalan şəhəri, H.Z. Tağıyev küçəsində aparılan tikinti işləri ilə bağlı ciddi suallar yaranıb. Məlumata əsasən, sözügedən ərazidə yaşayış binasının inşasına başlanılıb. Redaksiyaya təqdim edilən məlumat və görüntülərdə tikinti sahəsinin yüksək gərginlikli transformatorun yerləşdiyi əraziyə yaxın olduğu bildirilir.

Burada ilk növbədə tikinti sahəsinin elektrik təhlükəsizliyi baxımından hansı məsafədə yerləşdiyi və müvafiq təhlükəsizlik normalarına əməl olunub-olunmadığı araşdırılmalıdır. Çünki söhbət sadəcə şəhərin görünüşündən deyil, birbaşa insanların həyat və sağlamlığı üçün potensial risk yarada biləcək elektrik infrastrukturundan gedir.

Digər mühüm məsələ isə tikintiyə hansı hüquqi əsasla başlanılmasıdır.

Tikinti üçün müvafiq icazə və ya şəhərsalma sənədləri mövcuddurmu? Layihə ekspertizadan keçibmi? Ərazi üzrə tikintinin aparılmasına razılıq verilibmi? Tikinti layihəsi reyestrdə qeydiyyatdadırmı?

Bu sualların hər birinə aidiyyəti dövlət qurumları tərəfindən aydınlıq gətirilməlidir.

“Rafiq” kimdir?

Məlumata görə, Abşeron rayonunda müxtəlif tikinti məsələlərinin həllində “Rafiq” adlı şəxsin xüsusi rolu var. Bildirilir ki, onun hər hansı rəsmi dövlət vəzifəsi olmamasına baxmayaraq, qanunsuz və ya problemli tikinti aparmaq istəyən şəxslər onunla razılaşdırma aparmağa və ondan “kömək” istəməyə məcbur qalırlar.

Əgər Rafiq adlı şəxsin tikinti proseslərinə müdaxilə etmək üçün hər hansı rəsmi səlahiyyəti yoxdursa, o zaman sual yaranır - onun adı niyə tikinti məsələləri ilə bağlı hallanır? Əgər səlahiyyəti varsa, bu səlahiyyət hansı dövlət qurumu tərəfindən verilib?

İcra hakimiyyəti niyə susur?

Abşeron rayonunda tikinti ilə bağlı müxtəlif məsələlər zaman-zaman ictimai müzakirələrə çıxarılıb. Belə vəziyyətdə rayon rəhbərliyinin əsas vəzifələrindən biri ərazidə qanunvericiliyin və şəhərsalma tələblərinin icrasına nəzarətin təmin olunmasıdır.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərliyi dövründə rayon ərazisində tikinti prosesinin sürətlə genişlənməsi fonunda nəzarət mexanizmlərinin effektivliyi ilə bağlı suallar da artır. Əgər konkret tikinti obyektində təhlükəsizlik normalarının pozulması barədə məlumat daxil olursa, aidiyyəti qurumların həmin əraziyə baxış keçirməsi və ictimaiyyətə nəticə barədə məlumat verməsi vacibdir.

Xüsusilə söhbət yaşayış binasının yüksək gərginlikli elektrik avadanlığına yaxın ərazidə inşa edilməsindən gedirsə, məsələyə “adi tikinti” kimi yanaşmaq mümkün deyil. Burada əsas məsələ sahibkarın kommersiya marağı yox, gələcəkdə həmin binada yaşayacaq insanların təhlükəsizliyidir.

Sual çox sadədir

Xırdalan şəhəri, H.Z. Tağıyev küçəsində aparılan tikintinin hüquqi əsası varmı?

Ərazi üzrə tikintiyə icazə verilibmi?

Layihə və tikinti sənədləri mövcuddurmu?

Tikinti layihəsi müvafiq ekspertizadan keçibmi?

Yüksək gərginlikli transformatorun yerləşdiyi ərazi ilə tikinti obyekti arasında tələb olunan təhlükəsizlik məsafəsinə əməl olunurmu?

Və nəhayət, bu tikintiyə hansı dövlət qurumu tərəfindən nəzarət edilir?

Biziməsr.media olaraq hesab edirik ki, bu suallar cavabsız qalmamalıdır.

Əgər tikinti qanunidir və bütün tələblərə cavab verirsə, aidiyyəti qurumlar bunu sənədlərlə açıqlamalıdır. Əgər pozuntu varsa, o zaman məsul şəxslərin kim olduğu və qanunsuz tikintinin hansı səbəbdən dayandırılmadığı araşdırılmalıdır.

Bizimesr.media

VİDEO LİNKDƏ: https://bizimesr.media/az/post/xirdalanda-tehlukeli-tikinti---transformatorun-duz-yaninda-yasayis-binasi-ucaldilir---video-22983

"Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər..." - İTTİHAM VAR...


"Sizə məlum edirik ki, Sizin dəfələrlə Azərbaycan Dövlət Aqrar Universitetində olaraq qayğı ilə yaratdıqlarınız maddi-texniki baza və işlək canlı laboratoriyalar tamamilə məhv olub gedir. Hansı ki, Qafqazda aqrar sahə üzrə nümunəvi təhsil ocağı olan, 100-ə yaxın yaşı olan, aqrar sahədə görkəmli mütəxəssislər və korifeylər yetişdirən bu qocaman təhsil ocağından əsər-əlamət qalmayıbdır..." "Dia-az" xəbər verir ki, bu sözlər Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup müəllimi adından ölkə rəhbərliyinə ünvanlanmış müraciətində yer alıb.

Müraciətdə daha sonra deyilir: "Bunlarla yanaşı Sizə vacib məsələləri fakt kimi bildirmək istəyirik. Bu Universitetə aqrar sahədən bixəbər heç neft sahəsini də bilməyən və bir dəfə də normal dərs deməyən, kiminsə qohumu kimi çalışan rektor Zəfər Qurbanov və onun prorektoru olan, ixtisasca o da aqrar sahədən bixəbər olub, qardaşının pul yığanı kimi vaxtilə çalışan Əhməd Məlikov Azərbaycan Dövlət Aqrar Universitetinin başına istədikləri bəlanı açırlar. Əvvəla məlumunuz olsun ki, Zəfər Qurbanov Universitetdə qiyabi rektor kimi çalışır. Universitetdə olan məsələləri məsafədən idarə edir. Adətən Gəncəyə həftədə 2-ci gün gəlib, 4 və 5-ci gün günortaya kimi olur. Bəzən də həftələrlə işdə olmur. Bütün məsələləri prorektor Əhməd Məlikova həvalə edib.

Universitetdə bir çox işlərin üzəri ört-basdır olsun deyə bəzi şöbə və laboratoriyalar bağlanmışdır. Zəfər Qurbanovun Sizin imzaladığınız Dövlət proqramları haqqında Fərman və Qanunlardan belə xəbəri yoxdur. Bu günə kimi onlara da heç bir münasibət bildirməyib. Gəldiyi gündən canlı laboratoriya kimi Vivariumu bağladı, iqtisadiyyat fakültəsində bir fakültəni bağladı, fermada olan heyvanları satıb dağıtdı, hovuzda olan ağbalıqları şəxsi maraqları üçün satdı, baytalıq elmi üçün vacib olan anatomiya muzeyindəki maketləri, skletləri məhv etdi. Fakültə və kafedraları dağıtdı. İqtisadiyyat fakültəsində kafedraları süni olaraq bağladı. Fakültəmizdə bəzi professor-müəllimin adı var, özü yoxdur. Saxtakarlıq baş alıb gedir. Əvvəlcə Şəlalə Zeynalova adlı bir dekan gətirdi. O sözünə baxmayıb Əhməd Məlikovun şəxsi bazarına qarışdığı üçün onu il yarımdan sonra ərizəsini alıb vəzifədən uzaqlaşdırdı. Ora Əhməd Məlikov özünün katibəsi olan elmi adı, dərəcəsi və baytarlıq təhsili olmayan Rüstəmova Ayişəni müavin gətirdi və bütün maliyyə məsələlərini ona həvalə etdi. Universitetdə bütün kollektiv Ayişə Rüstəmovaya "Əhmədin pulyığanı" deyirlər. Şəlalə Zeynalova gedəndən sonra fakültəyə dekanlığı professor Mirzə Əlievə həvalə etdi. Bir müddətdən sonra Mirzə Əliyev fakültədə nizam-intizam yaradaraq korrupsiyanın kökünü kəsmək istədi. Lakin əvvəlcə Əhməd Məlikov və sonra Zəfər Qurbanov Mirzə Əliyevə müəyyən işlərə qarışmamağını tapşırdı. Lakin razılaşmayan Mirzə Əliyev 3 aydan sonra kənarlaşdırıldı. Ona görə ki, istehsalat təcrübəsi keçməli olan Əczaçılıq fakültəsinin Türkiyə vətəndaşları olan tələbələrdən təcrübə şöbəsinin rəhbəri ilə birlikdə 2000-2500 manat pul almışdılar. Hansı ki, həmin tələbələr pulu verib özləri Türkiyəyə getmişdilər. Bunu interpol vasitəsilədə yoxlamaq olar. Mirzə Əliyev bunu qəbul etmədi və özü də bu məsuliyyətdən uzaqlaşdı. Bir faktı da bildirmək istəyirik ki, rektor sanki şəxsi müəssisəsi kimi hər bir məsələni Əhməd Məlikova həvalə edib. Yəni nə mütəxəssis, nə kafedra, nə də ixtisas sahibləri nəzərə alınmır. Harda pullu məsələlər var, məsələn praktikanın gündəliyinə baxsanız ixtisasçı olmayan Əhməd Məlikov vəzifəsindən istifadə edərək sədr, müavin də ixtisasçı olmayan, Azərbaycan Texnologiya Universitetinin məzunu, təcrübə şöbəsinin müdiri Gülnaz Əsgərovadır. Dekanlığı professor Mirzə Əlievdən sonra dosent Dursun Adıgözəlovaya həvalə etdilər. Sonra da hərraca çıxarıb dekan seçmək üçün adam axtardılar. Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər..."(Dia-az)
Ardı var

 Milli Park , yoxsa gəlir mənbəyi? - VİDEO


Milli Park, yoxsa iribuynuzlu mal-qara örüşü və yaxud yatağı ?

Bioloji Müxtəlifliyin qorunması Xidməti çıxıb ictimaiyyətə bu barədə açıqlama verməlidir.

Redaksiyamıza Lənkəran sakini Yazgül Bayramovanın verdiyi məlumata görə, Hirkan Milli Parkında vəziyyət çox acınacaqlıdır.
Beləki, heç bir diplomu olmayan oranın yigeri, material alverçisi Taleh Abbasovu gətirib sahə rəisi qoyublar.
Onu ora qoymaqda məqsəd Milli Parkda material alverinə əlverişli münbit şərait yaratmaqdır.

Şikayətçinin sözlərinə görə, Milli Parkın ərazisində olan Xanbulan gölünün ətrafı iribuynuzlu mal-qaranın yatağ və örüşünə çevrilib.
Şikayətçinin sözlərinə görə, o meşə mafiyası tərəfindən şikayət etdiyi üçün hədələnir.

Redaksiyamıza daxil olan çox saylı məlumatlara əsasən cənubdakı sexləri əsasən meşə məhsulu ilə Hirkan Milli Parkı təmin edir.

Parka gələn yoxlamalarda oranın rəisi Şakir Quliyevin köməkliyi ilə nəyinsə müqabilində ört-basdır edilir.

Araşdırmamız davam edir.

NYUS.az

"Kardiologiya"da qalmaqal: Həkimlər direktoru məhkəməyə verdi - 80 yaşlı kardioloqa alkoqol ittihamı?


Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda bir sıra elmi işçi və həkimlərin yaşla əlaqədar təqaüdə göndərilməsi ciddi narazılıqlara səbəb olub.
İşdən qanunsuz azad edilmə və idarəçilik ittihamları

Kontekst.az -a daxil olan məlumata görə, bir müddət əvvəl İnstitutun elmi işçiləri Elmira Həsənova və Dürdanə Zamanova yaşla əlaqədar təqaüdə göndəriliblər. Lakin adı çəkilən şəxslər yaş senzinin elmi işçilər üçün keçərli olmadığını bildirib və direktorun qərarına etiraz ediblər. Hər iki şəxs hüquqlarının bərpası üçün məhkəməyə üz tutub. Artıq ilkin məhkəmə instansiyalarının onların işə bərpası ilə bağlı qərar verdiyi bildirilir.

Məsələ ilə bağlı Kontekst.az -a danışan İnstitutun reabilitasiya şöbəsinin elmi işçisi Dürdanə Zamanova məlumatı təsdiqlədi. O, ilkin məhkəmə instansiyalarının onun işə bərpası ilə bağlı qərar verdiyini bildirdi:

"Lakin İnstitut rəhbərliyi bu qərardan Ali Məhkəməyə şikayət verib. Noyabrda Ali Məhkəmə məsələ ilə bağlı son qərarını verəcək".

Təqaüdə göndərilən digər elmi işçi Elmira Həsənova ilə əlaqə saxlamaq cəhdlərimiz isə faydasız oldu.

80 yaşlı kardioloqdan şok iddia: "Məni yaşa görə çıxara bilməyib alkoqol damğası vurdular"

Ən ağır maddə ilə işdən çıxarılan həkim isə ömrünün böyük hissəsini Kardiologiya İnstitutuna həsr edən, bu sahədə geniş təcrübəsi olan kardioloq Səidə Rəcəblidir. İddialara görə, direktorun onu öz xoşu ilə təqaüdə göndərmək istəyi baş tutmayıb. Buna görə də 80 yaşlı təcrübəli həkim Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxarılıb.

Məsələ ilə bağlı məhkəməyə müraciət edən Səidə xanım Kontekst.az -a açıqlamasında bunları dedi:

"Mən orta məktəbi medalla, institutu fərqlənmə diplomu ilə bitirmişəm. İnstitutdan sonra məni rayona göndərmədilər, Cahangir Abdullayevin yanında saxladılar, ordinaturaya. Hansı ki, bu institutu indi Cahangir müəllimin adını daşıyır. Onunla bərabər nə qədər məqalələrim var. Yəni, məni İnstitutda hamı tanıyır. Məni o maddə ilə işdən çıxarmaq, o adı mənə qoymaq... Bu, mənim üçün ölümdən də betərdir. Necə yəni narkotik, alkoqol? Mən ancaq sizə bunu deyirəm. Başqa heç nə deməyəcəm. Mən özüm haqqında sizə qısa məlumat verdim. İnstitutda hamıdan soruşun.

Hər gün səhər, günorta, axşam namaz qılan, oruc tutan, Həcc ziyarətində olan adamı alkoqol maddə ilə işdən çıxarmaq nə deməkdir? Məndən qabaq iki nəfəri yaşa görə işdən çıxardı. Onlar məhkəməyə verib işə qayıtdılar. Görəndə ki, yaş məsələsi keçmir, o "möhürü" mənim alnıma vurmaq Allahdan qorxmamaqdır. Allah özü görür. Bir çıxış yolu tapmayanda bu cür üsullara əl atırlar. İnstituta gedin, soruşun, deyin, Səidə doktoru necə tanıyırsınız? Alkoqol heç mənim dilimə də dəyməyib ki, deyim, onun dadı-tamı nədir. Nə bilim, Allahı bilsin, özü bilsin. Məhkəmədə Quran gətizdirib and içəcəyəm. Mən orada şöbə müdiri işləmişəm, ömrü boyu xəstələrə baxmışam. Mənim deyəcəklərim bu qədər. Haqqımda kimdən soruşursunuzsa, soruşun".

S.Rəcəbli İnstitutun direktoru Gülnaz Dadaşovanı tibbi personalı qanunsuz və saxta sənədlərə imza atmağa məcbur etdiyini də vurğulayıb:

"İnstitutda həkimlər nəyəsə etiraz edəndə onların əleyhinə akt tərtib edir, "sanitarka"nı tutub deyir, bura qol çək. Belə iş olar?"

S.Rəcəbli də hüquqlarının bərpası üçün məhkəməyə müraciət edib.

Kardiologiya İnstitutunun rəsmi cavabı

Səsləndirilən ittihamlarla bağlı Kontekst.az-ın sorğusuna cavab olaraq, Kardiologiya İnstitutundan bildirdilər ki, Səidə Qasım qızı Rəcəblinin əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə nəzərdə tutulan əsaslar çərçivəsində xitam verilib:

"Qeyd olunan xitamın sərxoş vəziyyətdə işə gəlmə və ya iş yerində alkoqol, narkotik vasitələr və digər bu qəbildən olan maddələrdən istifadə ilə bağlı olduğu barədə məlumat doğru deyil. Əməkdaşın 82 yaşı var, iş qabiliyyəti məhdudlaşıb, elmi adı və elmi dərəcəsi yoxdur. İşlədiyi müddət ərzində elmi katib və elmi işlər üzrə müavinin verdiyi tapşırıqları vaxtında və lazımi səviyyədə yerinə yetirə bilməyib. Bununla bağlı bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilib.

Elmira Həsənova və Dürdanə Zamanova yaş həddi ilə bağlı işdən azad ediliblər. Onların da elmi adları və elmi dərəcələri yoxdur. Qeyd edək ki, Elmira Həsənova həkimlərin sertifikasiya imtahanından iki dəfə ardıcıl olaraq keçə bilməyib.

Hazırda bununla bağlı məhkəmə araşdırmaları davam edir, yekun hüquqi qiymət məhz məhkəmə tərəfindən veriləcək. Məhkəmənin səlahiyyətinə hörmətlə yanaşaraq, prosesin sonunu gözləməyi tövsiyə edirik.

Bir daha qeyd edirik ki, hər üç əməkdaşla bağlı əmək münasibətlərinə xitam verilməsi qüvvədə olan əmək qanunvericiliyinin tələbləri və mövcud əmək münasibətləri çərçivəsində həyata keçirilib".

Mətbuatda yayılan digər iddialar

Qeyd edək ki, son illər Kardiologiya İnstitutu rəhbərliyinin adı müxtəlif qalmaqal və neqativ hallarda çəkilib. Belə ki, mətbuatda Gülnaz Dadaşovanın bir sıra işçiləri işdən qanunsuz azad etdiyi, institutda bu vəzifəyə təyin olunmasının 5 illiyini təntənəli şəkildə qeyd etdiyi, İnstitutun yaradılmasının 44 illiyində onun 45 illik yubileyini keçirdiyi, kollektivdə intriqalar yaratdığı, işçilərə yerli-yersiz izahatlar yazdırdığı və onunla hesablaşmayan nüfuzlu alim və həkimləri işdən uzaqlaşdırdığı, qanunsuz attestasiyaya cəhd etdiyi və s. məsələlərlə bağlı yazılar dərc olunub.(Kontekst.az)




General, hüquq elmləri doktoru-professor, yoxsa texnika elmləri namizədi? – Müəmmalı kimlik və qorxu üzərində qurulan səltənət



Özünü sosial şəbəkələrdə və tədbirlərdə “hüquq elmləri doktoru”, “professor” kimi təqdim edən Xaliq Mehman oğlu Əhmədzadənin (Hacı Xaliq Bəşər) bu elmi ad və dərəcələrə sahib olması barədə rəsmi və dövlət tərəfindən təsdiqlənmiş heç bir məlumat yoxdur.

https://www.facebook.com/hacixaliq.besher

Hüquq elmləri doktoru, professor, yoxsa texnika elmləri namizədi?

Ali Attestasiya Komissiyasının və ya digər rəsmi elmi qurumların bazalarında onun bu elmi dərəcə və adları almasına dair rəsmi qeydiyyat tapmaq mümkün deyil. Özünü “hüquq elmləri doktoru” və “professor” kimi təqdim etsə də, rəsmi qurumlar tərəfindən təsdiqlənən yeganə məlumat onun texnika elmləri namizədi olmasıdır. Araşdırma nəticəsində bəlli oldu ki, Xaliq Mehman oğlu Əhmədzadə 11 iyul 2001-ci il tarixində AAK-ın 27 №-li protokolu ilə texnika elmləri namizədi alimlik dərəcəsini alıb (dissertasiya mövzusu: “Silikat tikinti məmulatları istehsalında idarəetmə obyektlərinin identifikasiyasında siqnalların robast emalının üsul və vasitələri). Elmi rəhbəri isə texnika elmləri doktoru, professor İ.M.Abdullayev olub. Ali Attestasiya Komissiyasının (AAK) arxivlərində və Respublika Elmi-Texniki Kitabxanasının reyestrində bu adda başqa bir şəxs yoxdur.

Yuxarıda qeyd etdiyim, texnika elmləri namizədi alimlik dərəcəsini alan şəxsin Hacı Xaliq Bəşər olub-olmadığına isə özü aydınlıq gətirə bilər. O, hüquq elmləri doktorudur, yoxsa texnika elmləri namizədi? Hüquq elmləri doktoru və professor olmasının təsdiqləyən rəsmi dövlət sənədini də özü fakt kimi təqdim edə bilər. Ancaq heç bir mənbədə bunu təsdiqləyən məlumat yoxdur.

O, 1990-1995-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil alıb. Bəs onun hüquq təhsili varmı? Bəli, 2004-cü ildə də Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakültəsini də bitirib. Maraqlıdır ki, X.Əhmədzadə əsas ixtisasının adını heç yerdə çəkmir, texnika elmləri namizədi olmasını qeyd etmir, amma hüquq elmləri doktoru, professor olmadığı halda özünü bu titullarla cəmiyyətə sırıyır. Bu adamın məqsədi nədir?

Hər yerdə daha çox hüquqi terminlərlə danışmağa üstünlük verən və yüksək titullara xüsusi vurğunluğu ilə tanınan X.Əhmədzadə ilə bağlı redakasiyamıza ünvanlanan şikayətdə dəhşətli iddialar yer alır.
Belə ki, onun sələmçiliklə məşğul olduğu bildirilir. Qeyd olunur ki, bu günə qədər X.Əhmədzadənin şikayəti əsasında xeyli sayda insan ya həbs edilib, ya da onların barələrində müxtəlif tədbirlər görülüb.

Əcəba, bu adam gücü hardan alır?

Dəhşətlisi iddialardan biri budur ki, X.Əhmədzadə özünü xüsusi xidmət orqanlarının generalı kimi təqdim edir.

Daxili işlər Nazirliyinin, Baş Prokurorluğun və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliklərinin adından sui-istifadə edir, özünü yüksək rütbəli şəxs kimi təqdim edir. O, sələmçilik fəaliyətinə mötəbər dövlət qurumlarını alət etməkdən, həmin qurumların adından istifadə edərək insanları təhdid etməkdən çəkinmir.

Mən güman etmirəm ki, bu qurumlar onun qanunsuz addımlarından xəbərdar olsunlar, onun yüksək vəzifəli şəxslərin adından istifadə etdiyini bilsinlər, amma tədbir görməsinlər. Görünür, bu adam sadə, imkansız vətəndaşlar üzərində özünə böyük səltənət quraraq atdığı addımları da hüquq-mühafizə orqanlarından peşəkarcasına gizlədə bilib. Sadə vətəndaşlar da onun “titullarına” aldanaraq, harasa şikayət etməkdən çəkiniblər.

Qeyd edim ki, X.Əhmədzadə Vəkillər Kollegiyasının üzvü kimi təqdim edirdi. Amma Vəkillər Kollegiyası tərəfindən verilən rəsmi açıqlamalarda həmin şəxsin heç vaxt vəkil olmadığı bildirilib.

https://www.e-huquq.az/az/news/vekillik/64436.html

Ümdi edirəm ki, adıçəkilən güc strukturları məsələyə həssas yanaşaraq, X.Əhmədzadənin tərcümeyi-halı və onun çoxsaylı qurbanları ilə bağlı araşdırmalara başlayacaqlar.

X.Əhmədzadə səs yazılarında banklarda milyonlarla manatlıq depozitlərinin, 650 işçisinin, onlarla köməkçisinin və 4 obyektinin olduğunu bildirir. Əgər bu məlumatlar həqiqətə uyğundursa, onun bu fəaliyyətləri zamanı Əmək Məcəlləsinin və vergi qanunvericiliyinin tələblərinə nə dərəcədə əməl edib-etmədiyi də ayrıca araşdırılmalıdır.

XÜSUSİ QEYD: Aşağıda yerləşdirdiyim foto 26 iyul 2026-ci il tarixində Novxanıda yerləşən “Malibu” restoranında Hacı xaliq Bəşərin ad günü və kitab təqdimatı keçirilən zaman Tik Tok üzərindən yayımlanan canlı videogörüntülərdən çıxarılıb.

“Allah aşiqi” adlı səhifənin sahibinin X.Əhmədzadənin ətrafındakı qadınlardan birinə məxsus olduğu şübhə doğurmur və onun yazdığı şərh yuxarıda qeyd olunan iddiaların həqiqət yükünü artırır. Bu şərhi oxumağı tövsiyə edirəm və inanıram ki, bu fakt onun ətrafındakı insanları hansı istiqamətdə təlimatlandırdığının əsas sübutlarından biridir.

P.S. Aidiyyatı qurumlardan X.Əhmədzadənin hüquq elmləri doktoru, professor olub-olmadığına aydınlıq gətirilməsini gözəyirik.(Tirbuna.az)

Müəllif: Samir Feyruzov

Binəqədi sakinləri Elxan Allahverdiyevdən narazıdır – FOTO


Binəqədi sakinləri rayon icra hakimiyyətinin işindən, rayonun yollarından narazıdır.

Tribuna.az xəbər verir ki, bu barədə sakinlər Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi Feysbuk hesabında yazıblar.

Sakinlər bildirib ki, rayonun ara küçələrinin yolları bərbad haldadır. Asfalt qatı artıq dağılıb, yaşıllıqlara baxılmır.

Sakinlər Binəqədi icra başçısı Elxan Allahverdiyevin görüş günlərinin də sakinlərdən gizlədildiyini düşünür. Sakinlərin fikrincə, görüş günləri əvvəlcədən bildirilmir, görüşə ancaq əvvəldən təyin edilmiş adamlar yığılır.

Sakinlərin narazılığı ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Sorğumuza cavab veriləcəyi təqdirdə oxuculara təqdim edəcəyik.



Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? - İTTİHAM VAR


Bərdə şəhər sakini Qarayeva Kəmalə Yolçu qızı səhiyyə naziri Teymur Musayevə və TƏBİB sədri Anar Bayramova müraciət edib. Anaxeberinfo.az məlumat verir ki, vətəndaş müraciətində Bərdə rayon Mərkəzi Xəstəxanasında işləyən Elnurə
Əliyevadan şikayətlənib. Kəmalə Qarayeva bildirir ki, Elnurə Əliyeva ixtisasca cərrahdır, amma xəstəxanadakı işi icbari tibbi sığorta üçün anketlər yazmaq və xəstələrə göndərməkdir. Vətəndaş qeyd edib ki, Elnurə Əliyeva cərrah işləmir, yalnız anket yazır.

K.Qarayevanın sözlərinə görə, həyat yoldaşı onkoloji xəstəlikdən əziyyət çəkib və dünyasını dəyişib. O, müraciətində başına gələnləri açıqlayıb: "Elnurə Əliyeva onkoloq olmadığı halda, yoldaşımın analiz kağızlarına baxdı, dedi, onu sağaldacam. Ona bildirdik ki, bu insan onkoloji xəstədir və siz buna müalicə yazırsınız, necə olacaq?
Bildirdi ki, əlbəttə, bilirəm, narahat olma, neçə belə xəstəm olub, bunu da sağaldacam. Mən bildirdim ki, bəlkə bir də müayinə olunsun, kontraskotiya olsun, USM aparatına düşsün. Dedi, narahat olmayın, özüm yönəldəcəm.
Hətta bildirdim ki, ehtiyac varsa, bəlkə Bakıya getsin, kimyaterapiya olunsun? Dedi ki, kimyaterapiyaya ehtiyac yoxdur. Hələ dedi ki, orada kimyaterapiyalıq nə var ki?!"

Şikayətçi bildirib ki, özü və yaxınları Elnurə Əliyevaya dönə-dönə eyni sualı verib:" Soruşduq ki, bu xəstəni saxlaya biləcəksiniz? Hər dəfəsində də qəti şəkildə narahat olmamağa arxayın etdi.
Deməli, xəstələr bu həkimin yanına gəlir. O da xəstələri böyrək həkiminin yanına göndərir. Böyrək həkimi də xəstəyə baxıb resept yazırmış. Xəstələr də yenidən qayıdır bu həkimin yanına. Elnurə həkim böyrək həkiminin yazdığı reseptə baxır, cırıb tullayır, yenidən özü xəstələrə resept yazırmış. Ona bildirdik ki, niyə o biri həkimin yazdıqlarını cırırsınız? Dedi, ondan da yaxşı dərman yazacam".

Şikayətçi bildirib ki,
bir ayın içində xəstə kilo verə bilmədi, yəni arıqlamadı, yeməyindən də qalmadı: "Amma hər şeyi qaydasında olan adamın üç gün içində böyrəkləri işləmədi.
Reseptlərin hamısını aparıb aptekdə satıcıdan maraqlandım ki, bunlar nə üçündür? Aptekdə bildirdilər ki, bu dərmanlar böyrək üçündür. Bu xəstənin limfaları şişmişdi.
İmkan vermədi ki, biz bir başqa həkimin yanına gedək, görək nə idi dərdi... Əgər bu xəstənin böyrəklərində problem var idisə, sən böyrək həkimi deyilsən və niyə qoymursan bu adam böyrək həkiminin yanına getsin? Niyə böyrək həkiminin yazdığı resepti cırıb atırsan?

Bu xəstə kontraskotiyaya düşəndə ona maye içirirlər. O da xəstənin kreatinini yüksəldir. Müayinə vaxtı xəstənin kreatini normal çıxmışdı. Böyrək dayananda isə kreatin qalxır 500-600 olur. Əgər bu xəstənin böyrəyində getdikcə fəaliyyət dayanırdısa, niyə kreatini müayinələrdə yüksək çıxmırdı?
Bu həkimin yazdıqlarından sonra ev dərman, reseptlə dolu olurdu.
Hər həftə yanına çağırırdı. Evdə olan dərmanlardan hər dəfə yeni qutu aldırırdı. Hamısı da firma dərmanları.
Yəni xəstəmiz öz ayağıyla gedib-gəldiyi həkimin müayinələrindən sonra öldü.
Hər gün işinə, bazarlığına, müalicəsinə özü gedən adam idi. Yəni yataq xəstəsi deyildi ki, ölümcül olduğunu deyək. Xəstəliyi olsa da, ağır deyildi və hər işi özü görürdü. Bu Elnurə həkimin yazdığı müalicələrdən sonra 1 ayın içində öldü. Mən Elnurə Əliyevanın fəaliyyətinin araşdırılmasını xahiş edirəm. Onun ixtisası cərrah olduğu halda, onkoloji xəstəni böyrək dərmanları ilə sıradan çıxardı və bizi də sağaldacağına əmin etdi. Nəticəsi də göz qabağındadır. Dövlət orqanları onun dərman firmaları ilə işbirliyini də araşdırmalıdır".

Anaxeberinfo.az

Yaxın adamları həbs edilən "Şapka Mamed" kimdir?



Azərbaycanda bir qrup sahibkarın kənd təsərrüfatına yönəldiləcəyi adı ilə dövlətə məxsus “Aqrarkredit” (Bank olmayan kredit təşkilatı) QSC-dən külli miqdarda kredit götürdüyü üzə çıxıb.

Turkustan.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qanun pozuntusu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib.

Əməliyyat nəticəsində “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler”in direktoru Tofiq Musayev, “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov və onlarla əlbir olan Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov saxlanılıb. İlkin ittihama görə, sözügedən şirkət rəhbərləri kənd təsərrüfatı fəaliyyətinin maliyyələşdirilməsi adı ilə “Aqrarkredit” QSC-dən ümumilikdə 100 milyon manatdan artıq kredit alıblar. Lakin araşdırma zamanı müəyyən edilib ki, həmin vəsaitlər təyinatı üzrə istifadə olunmayıb, kənd təsərrüfatına yönəldilmək əvəzinə şəxsi ehtiyaclara sərf edilib.

Təqsirləndirilən şəxslərə qarşı xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə ittiham verilib, məhkəmənin qərarı ilə hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində “Aqrarkredit” QSC-nin sabiq rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində də cinayət təqibi aparılır. İstintaq materiallarına əsasən, indi həbs edilən şəxslər M.Musayevlə əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq cinayəti törədiblər. Onlardan bəziləri Konfederasiya prezidentinin yaxınlarıdır. Tofiq Musayev onun qardaşı oğludur, Fazil Rüstəmov isə Musayevin müavini işləyib. Qeyd edək ki, “Aqrarkredit” QSC (Bank olmayan kredit təşkilatı) səhmləri tamamilə dövlətə məxsus olan maliyyə qurumudur. QSC-nin əsas məqsədi sahibkarlıq subyektlərinin, xüsusilə regionlarda fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsi və güzəştli kreditlərin verilməsidir. “Aqrarkredit”in 2001-ci ildən 2025-ci ilə kimi rəhbəri Məmməd Musayev olub. Sahil Babayev maliyyə naziri təyin ediləndən bir müddət sonra o, QSC-dən kənarlaşdırılıb.

Azərbaycanın maliyyə və bank sektorunda uzun illər fəaliyyət göstərmiş şəxslər arasında ən çox müzakirə olunan fiqurlardan biri də ictimaiyyət arasında "Şapka Mamed" ləqəbi ilə tanınan Məmməd Musayevdir. O, onilliklər ərzində bank-maliyyə sistemində yüksək vəzifələr tutub, iri dövlət maliyyə institutlarına rəhbərlik edib və sahibkarlar təşkilatlarının fəaliyyətində mühüm rol oynayıb. Bununla yanaşı, adı müxtəlif qalmaqallı iddialarda, biznes əlaqələrində və mediada yayılan araşdırmalarda tez-tez hallanıb.

Məmməd Musayev əmək fəaliyyətinə sovet dövründə bank sistemində başlayıb. 1990-cı illərdə Aqrar Sənaye Bankı sistemində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Daha sonra isə uzun illər dövlətə məxsus "Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının İdarə Heyətinin sədri olub.

"Aqrarkredit" xüsusilə bank sektorunun sağlamlaşdırılması prosesində, problemli aktivlərin idarə olunması və dövlət proqramlarının maliyyələşdirilməsində əsas institutlardan biri hesab edilirdi. Bu səbəbdən Musayev uzun müddət ölkənin maliyyə sektorunda nüfuzlu şəxslərdən biri kimi tanınıb.Bununla yanaşı, o, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti və müxtəlif dövrlərdə Azərbaycan Banklar Assosiasiyasının rəhbər strukturlarında da təmsil olunub.

Məmməd Musayev daha çox "Şapka Mamed" ləqəbi ilə tanınır. Bu ləqəbin yaranması ilə bağlı rəsmi məlumat yoxdur. Mətbuatda müxtəlif versiyalar irəli sürülsə də, onların heç biri rəsmi şəkildə təsdiqini tapmayıb. Ləqəb daha çox qeyri-rəsmi dairələrdə və mediada işlədilir. 2025-ci ildə "Aqrarkredit"də rəhbərlik dəyişikliyi baş verdi və Məmməd Musayevin İdarə Heyətinin sədri kimi səlahiyyətlərinə xitam verildi. Rəsmi açıqlamada bunun səlahiyyət müddətinin başa çatması ilə bağlı olduğu bildirildi. Bununla belə, bəzi media orqanları bu dəyişikliyi bank sektorunda aparılan struktur islahatları ilə əlaqələndirdi. (Turkustan.az)

ADSEA-dan sakinlərə YEZİD ZÜLMÜ - NARAZILIQ VAR.



Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi, 2-ci massivinin sakinləri 15 gündür içməli su problemindən əziyyət çəkdiklərini bildiriblər.

Bizimesr.media xəbər verir ki, qəsəbənin qeyd olunan ərazisində suyun verilməsi uzun müddətdir dayandırılıb və problem hələ də tam həllini tapmayıb.

Sakinlər bildirirlər ki, xüsusilə yayın ən isti günlərində insanların 15 gün ərzində içməli sudan məhrum qalması ciddi narahatlıq yaradıb. Onlar aidiyyəti qurumların problemin həlli ilə bağlı konkret tədbir görməsini tələb edirlər.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) müraciət edilib.

Qurumdan bildirilib ki, qeyd olunan ərazidə içməli su xəttində qəza baş verib.

Lakin burada əsas sual yaranır - bir içməli su xəttində baş verən qəza 15 gün ərzində niyə tam aradan qaldırılmayıb?

Bir neçə saatlıq və ya bir günlük qəza başadüşülən ola bilər. Ancaq bütöv bir yaşayış massivinin sakinlərinin 15 gün ərzində susuz qalması artıq adi texniki problem çərçivəsindən kənara çıxır.

Üstəlik, söhbət yayın ən isti günlərindən gedir. İnsanların gündəlik məişət ehtiyacları, uşaqların, yaşlıların və digər sakinlərin suya olan tələbatı nəzərə alınarsa, belə uzunmüddətli fasiləyə ciddi izahat verilməlidir.

ADSEA-nın “qəza baş verib, aradan qaldırılıb və suyun verilişi bərpa olunur” açıqlaması isə sakinlərin əsas sualına cavab vermir - problem 15 gün davam edibsə, qəzanın aradan qaldırılması niyə bu qədər vaxt aparıb?

Üstəlik, Lökbatanda su ilə bağlı problemlərin ilk dəfə yaşanmadığı da görünür. İyunun əvvəlində qəsəbədə yeni çəkilmiş su xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar iki gün müddətinə suyun verilməsi dayandırılmışdı.

Avqustun əvvəlində isə Lökbatanın ayrı-ayrı ərazilərində su problemi ilə bağlı yenidən sakin müraciətləri yayılıb. Belə hallarda qurum qəzanın operativ şəkildə aradan qaldırıldığını açıqlasa da, sakinlər bəzi ünvanlarda suyun hələ də gəlmədiyini bildiriblər.

Bu mənzərə ADSEA qarşısında daha ciddi suallar yaradır və onların fəaliyyətini sualı altına alır.

Bir qəsəbə 15 gün susuz qalırsa, bu, sadəcə “qəza” kimi təqdim edilməli, yoxsa su təsərrüfatının idarə olunması ilə bağlı məsələ kimi araşdırılmalıdır?

Sakinlərə “su bərpa olunur” deməklə kifayətlənmək əvəzinə, qəzanın səbəbi, təmirin niyə uzun çəkdiyi və gələcəkdə belə halların təkrarlanmaması üçün hansı tədbirlərin görüləcəyi açıqlanmalıdır.

Peşə təhsilində sənəd qəbulu ilə bağlı narazılıq - Bakıda rəsmi qəbul alan şəxslərin sənədləri qəbul edilmir


Peşə təhsili müəssisələrinə şagird qəbulunun birinci mərhələsi başa çatmaq üzrədir. Rəsmi olaraq qəbul olunan şəxslər sənədlərini qəbul olunduqları peşə təhsili müəssisələrinə təqdim edirlər. Lakin redaksiyaya daxil olan məlumatlara görə, məhz sənəd qəbulu mərhələsində, xüsusilə Bakı şəhərində yerləşən əksər peşə təhsili müəssisələrində ciddi problemlər yaranır.

Təhsilmedia.com-a daxil olan çoxsaylı şagird və valideyn şikayətlərində qeyd olunur ki, əksər peşə təhsili müəssisələrində və mərkəzlərdə təlim-tərbiyə işləri üzrə müavinlərin davranışı qəbul olunan şəxslərin narazılığına səbəb olur.

Müraciətlərdə bildirilir ki, rəsmi şəkildə qəbul almış şəxslər sənədlərini təqdim etmək üçün müəssisəyə müraciət etdikdə onların geyiminə, xarici görünüşünə və digər şəxsi xüsusiyyətlərinə iradlar bildirilir. İddialara görə, bəzi hallarda bu şəxslərlə kobud rəftar edilir və müxtəlif səbəblərdən sənədlərin qəbulunda problem yaradılır.

Redaksiyaya daxil olan məlumatlarda həmçinin iddia olunur ki, bəzi hallarda təlim-tərbiyə işləri üzrə müavinlərin göstərişi ilə qəbul olunmuş şəxsin qarşısında ilk gündən müəyyən şərtlər qoyulur və onun haqqında mənfi fikir formalaşdırılır. Nəticədə isə rəsmi qəbul aldığı halda həmin şəxsin sənədlərinin qəbul edilməməsi ilə bağlı hallar yaşanır.

Bu məsələ ilə bağlı redaksiyaya onlarla müraciətin daxil olduğu, eyni zamanda sosial şəbəkələrdə də analoji problemlərin geniş müzakirə edildiyi bildirilir.

"Sənəd qəbulu zamanı özlərini "ağa" kimi aparan qeydiyyatçılar rəhbərliyin adından şagirdlərə qarşı ciddi şərtlər irəli sürürlər. Sənədləri götürmədən öncə şərtlərini qoyurlar. Mümkün çalışırlar ki, sənədləri qəbul etməsinlər. Görünür 3-cü mərhələni gözləyirlər ki, isdətiklərini öz şərtlərinə və cidblərinə uyğun həll etsinlər".

Diğər bir şikayətçi bildirir ki, Bakı şəhərində yerləşən Peşə Mərkəzlərindən birinə qəbul olub. Sənədlərini aparan zaman ona geyimi, danışığı irad olaraq tutulub: "Mənim geyimimi irad olaraq tutdular. Haqqını deyirsən, deyir səsini kəs... Mən açıq şəkildə bildirdim ki, hazırda sənəd verməyə gəlmişəm və siz mənim geyimimə irad bildirə bilmərsiz. Bu zaman özünü direktorun Tərbiyəvi İşlər üzrə müavini kimi təqdim edən qadın (çox kobud və özünü apara bilmirdi) "bizim məktəbin qaydaları var, əgər belə geyinəcəksinizsə, sizin sənədlərinizi qəbul etmirəm, gedin kimə şikayət edirsiz, edin" cavabını verdi. Qarşılığında ona cavab olaraq "hələ dərs başlamayıb və siz bunu mənə irad oaraq tuta bilmərsiz" cavabını verdim və sənədlərimi götürüb çıxdım. O qadından aidiyyatı üzrə şikayət etmişəm. Onları məhkəməyə verəcəm. Mən qəbul olmuşam və sənədlərimi təqdim etməliyəm" deyə bildirib. Şikayətçi bildirib ki, sözügedən Peşə Mərkəzi ilə bağlı artıq aidiyyatı qurumlara müraciət edib.

Hər peşə mərkəzində fərqli qaydalar?

Müraciətlərdə diqqət çəkən əsas məsələlərdən biri peşə təhsili müəssisələrində idarəetmə və sənəd qəbulu mexanizmlərinin vahid şəkildə tətbiq olunmaması ilə bağlı iddialardır.

Belə ki, məlumatlara görə, ayrı-ayrı peşə təhsili mərkəzlərində rəhbərliyin yanaşmasından asılı olaraq fərqli qaydalar formalaşıb. Bu isə eyni qəbul prosesi çərçivəsində müxtəlif müəssisələrdə fərqli münasibətin ortaya çıxmasına səbəb olur. Əgər şəxs qəbul qaydalarına uyğun olaraq rəsmi şəkildə peşə təhsili müəssisəsinə qəbul olunubsa, onun sənədlərinin hansı əsasla qəbul edilməməsi məsələsi ciddi suallar doğurur.

“Yerlər üçüncü mərhələyə saxlanılır” iddiası

Redaksiyaya daxil olan məlumatlarda daha bir ciddi iddia da irəli sürülür. İddialara görə, bəzi müəssisələrdə birinci mərhələdə qəbul olunan şəxslərin sənədlərinin qəbulunda müxtəlif problemlərin yaradılmasının səbəblərindən biri boş yerlərin növbəti - ikinci və üçüncü qəbul mərhələlərinə saxlanılmasıdır.

Bu iddiaların nə dərəcədə əsaslı olduğu isə müvafiq qurumlar tərəfindən araşdırılmalıdır.

Məsələ burasındadır ki, belə bir yanaşma varsa, bu, peşə təhsili almaq istəyən və rəsmi qəbul nəticəsində yer qazanmış şəxslərin hüquqları ilə bağlı ciddi suallar yaradır. Digər tərəfdən, redaksiyaya daxil olan məlumatlarda sənəd qəbulu prosesində müxtəlif xoşagəlməz halların da baş verdiyi iddia edilir. Bu hallar da ayrıca araşdırma tələb edir.

Bir neçə müavin barədə aidiyyəti qurumlara müraciət edilib

Məlumata görə, artıq bir neçə peşə təhsili mərkəzinin təlim-tərbiyə işləri üzrə müavini barədə aidiyyəti qurumlara müraciətlər edilib. Həmin müraciətlərdə sözügedən şəxslərin fəaliyyəti, qəbul prosesi zamanı davranışları və rəsmi qəbul almış şəxslərin sənədlərinin hansı əsaslarla qəbul edilməməsi məsələlərinin araşdırılması tələb olunur.

Əgər faktlar təsdiqini taparsa, bu zaman yalnız ayrı-ayrı vəzifəli şəxslərin davranışı deyil, peşə təhsili müəssisələrində qəbul və idarəetmə mexanizmlərinin necə işləməsi də ciddi şəkildə araşdırılmalıdır.

Çünki söhbət peşə təhsili almaq istəyən və qəbul nəticəsində buna hüquq qazanan şəxslərin gələcəyindən gedir.

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlıdır. Onun təyinatından sonra peşə təhsili sistemində problemlər daha da qabarıq olaraq hiss olunur və müavinlərinə nəzarəti itirib. Məlumatlara görə, İlqar Bayramlının müavinləri peşə sistemində böyük komanda formalaşdırıb və bu, onları artıq idarəolmaz vəziyyətə gətirib çıxarıb.

Təhsilmedia.com

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56