Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür

Bu gün Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramıdır.

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür.

Hazırda milli sərhəd mühafizəsi ənənələrini qoruyaraq inkişaf etdirən Dövlət Sərhəd Xidməti (DSX) keçmişinə hörmətlə yanaşır, əldə etdiyi nailiyyətlərlə qürur duyur və gələcəyə böyük inamla addımlayır.

Azərbaycan Sərhəd Mühafizəsi 1919-cu il avqustun 18-də yaradılıb. Həmin tarixdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin "Sərhədlərin mühafizəsi haqqında" Qanunu qəbul etməsi milli sərhəd mühafizəsinin hüquqi əsasını formalaşdırıb. Ümummilli Lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı Sərəncama əsasən, hər il avqustun 18-i sərhədçilərin peşə bayramı kimi qeyd olunur.

Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin tərkibində fəaliyyət göstərib. Müstəqilliyin bərpasından sonra isə Azərbaycan sərhədlərinin mühafizəsinin yenidən qurulması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Üçrəngli Azərbaycan Bayrağının Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılması da milli sərhəd mühafizəsinin tarixində mühüm hadisələrdən biri olub.

Sərhədlərdə ilkin zəruri infrastrukturun yaradılmasından tutmuş DSX-nin təşkilinə qədər mühüm proseslər müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib. 2002-ci ildə DSX-nin yaradılması dövlət sərhədlərinin etibarlı mühafizəsinin Azərbaycan dövləti üçün xüsusi əhəmiyyət daşıdığını bir daha nümayiş etdirib.

Sonrakı illərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində DSX-nin maddi-texniki imkanları əhəmiyyətli dərəcədə gücləndirilib. Yeni sərhəd dəstələri və zastavalar yaradılıb, ölkənin hava, quru və su sərhədlərinin etibarlı mühafizəsi təmin edilib.

Müasir texniki vasitələrin tətbiqi genişləndirilib, dəniz sərhədlərinin mühafizəsi sistemi və sərhəd aviasiyasının təşkili başa çatdırılıb.

Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, xidməti-döyüş imkanlarının artırılması, peşə hazırlığının yüksəldilməsi, yeni silah, texnika və avadanlıqlarla təmin olunması istiqamətində də mühüm tədbirlər həyata keçirilib. 2007-ci ildə Prezident İlham Əliyevin DSX-nin Akademiyasının yaradılması haqqında Sərəncam imzalaması sərhədçi kadrların hazırlanması və sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsi baxımından mühüm addım olub.

Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili və qonşu dövlətlərlə sərhədlərin delimitasiyası dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli sərhəd strategiyası sərhəd siyasətinin əsas prinsiplərini müəyyənləşdirib. Buna nümunə kimi 2018-ci ildə Qusar rayonunun Zuxul kəndi ərazisində, Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılmasını göstərmək olar.

Son illərdə DSX-nin idarəetmə sistemi də müasir tələblərə uyğun şəkildə təkmilləşdirilib. Müasir radiorabitə və telekommunikasiya sistemlərindən istifadə genişləndirilib, sərhəd-buraxılış məntəqələrində nəzarətin təşkili beynəlxalq standartlara uyğunlaşdırılıb. Şəxsi heyət sərhəddən keçən şəxslər və nəqliyyat vasitələri üzərində etibarlı nəzarətin həyata keçirilməsi üçün müasir texniki vasitələrlə təmin edilib. Bütün sərhəd-keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması miqrasiya proseslərinə nəzarəti daha da gücləndirib.

DSX-nin şəxsi heyəti Vətən müharibəsində də böyük fədakarlıq və qəhrəmanlıq göstərib. 44 günlük müharibə zamanı qurumun qarşısında qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün bütün qüvvə və vasitələr səfərbər edilib. DSX-nin hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında xüsusi şücaət göstəriblər.

Müharibənin ilk günlərindən etibarən Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək geniş ərazilərin azad olunmasında iştirak ediblər. Onlar 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücum həyata keçirərək düşmənə ciddi zərbələr endiriblər. Xudafərin körpüsündə və dövlət sərhədimiz boyunca Azərbaycan Bayrağı ucaldılıb, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər azad edilib.

DSX tərəfindən "Harop", "Quzğun" və "Hermes" pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli hərbi texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri və digər vasitələri sıradan çıxarılıb, çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilib. Ümumilikdə 290 düşmən hədəfi məhv edilib.

Vətən müharibəsində 47 sərhədçi şəhid olub, 197 nəfər yaralanıb. Döyüşlər zamanı şəxsi igidlik və qəhrəmanlıq nümayiş etdirən 12 sərhədçi, onlardan 4-ü ölümündən sonra, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. Bununla yanaşı, yüzlərlə sərhədçi müxtəlif orden və medallarla təltif olunub.

Vətən müharibəsindən sonrakı dövrdə Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar zamanı da Azərbaycan sərhədçiləri düşmənə layiqli cavab verərək, ayıq-sayıqlıq və yüksək döyüş hazırlığı nümayiş etdiriblər.

Ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan və Ermənistanla dövlət sərhədi işğaldan azad edildikdən sonra həmin ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturu yaradılıb, yeni hərbi hissələr fəaliyyətə başlayıb.

Ötən il noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda DSX-nin 2 kolondan ibarət parad heyəti "Vətən Müharibəsi Qəhrəmanı" general-leytenant İlham Mehdiyevin rəhbərliyi ilə mətin addımlarla tribunanın önündən keçiblər. DSX-nin Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri Hərbi parad üçün Xəzər dənizinin sahil sularında yüksək döyüş hazırlığı nümayiş etdirib, daha sonra hərbi texnikaların keçidində iştirak edib.

Bu gün Azərbaycan Sərhəd Mühafizəsi şəxsi heyətinin peşəkarlığı, müasir silah və hərbi texnika ilə təchizatı, eləcə də xidməti-döyüş fəaliyyəti göstəricilərinə görə yalnız regionda deyil, Avropa miqyasında da aparıcı mövqelərdən birini tutur.

Bütün bunlar göstərir ki, Azərbaycan dövləti sərhədlərinin etibarlı mühafizəsini təmin etmək üçün güclü və peşəkar sərhəd mühafizə sisteminə malikdir. Azərbaycan sərhədçiləri isə Vətənin sərhədlərini qorumaq kimi şərəfli və məsuliyyətli vəzifəni layiqincə yerinə yetirirlər.

Qazax-Bakı qatarında təhlükəli anlar: Pəncərə çatlayıb - VİDEO


Qazaxdan Bakıya hərəkət edən sürət qatarında sərnişinlər qorxu dolu anlar yaşayıblar.
Hadisə şahidlərinin 32gun.az-a verdiyi məlumata görə, 3-cü vaqonda hərəkət zamanı pəncərənin şüşəsinin çat olduğu diqqət çəkib.

Görüntülərdən də aydın görünür ki, çat bir nöqtədən kənara doğru yayılaraq ciddi risk yaradır. Sərnişinlərin sözlərinə görə, vəziyyətə baxmayaraq şüşə dəyişdirilməyib və qatar bu şəkildə yoluna davam edib.
Bu vəziyyət vaqondakı sərnişinlər üçün narahatlıq yaradıb.(32gun.az)

“Universal Hospital”da sertifikatsız həkim - yeni faktlar


Son zamanlar ölkəmizdə qanunsuz fəaliyyət göstərən həkimlərin sayı durmadan artır. Bakıda göbələk kimi artan klinikalarda qanunsuz fəaliyyət göstərən “həkim”lərin qurbanları da günbə-gün artır. Hər gün hansısa klinikada həkim səhlənkarlığının qurbanı barədə məlumat yayılıb. Son illər ərzində bu sahəyə diqqətin bir qədər artırılması müəyyən mənada həkim səhlənkarlığının azalmasına səbəb olub. Amma yenə qanunsuz fəaliyyət göstərən həkimlər var və onların qurbanları da sözsüz olur.

Vətəninfo.az xəbər saytının 07.08.2026-cı il tarixdə yayımladığı “Qanunsuz cərrahiyyə təhlükəsi: ‘Universal Hospital’da sertifikatsız həkim” başlıqlı tənqidi yazısından sonra redaksiya ölkədə estetik cərrahiyyə sahəsində hökm sürən qanunsuzluqları araşdırmaq qərarına gəlib. Aparılan ilkin araşdırmalar zamanı çoxsaylı qanun pozuntuları ortaya çıxıb.

Əldə edilən məlumatlara əsasən, əvvəllər “Laser Beauty Clinic”də fəaliyyət göstərən, hal hazırda isə “Universal Hospital”-da estetik cərrah kimi çalışan Natavan Əmirovanın estetik cərrah kimi fəaliyyət göstərməsinin qanuna zidd olduğu aşkar olunub.

Qanuna görə Natavan Əmirovanın estetik cərrah kimi fəaliyyət göstərməsi qanunla cinayətdir. Həmçinin onun estetik cərrah kimi açlışması, pasiyent qəbul etməsi birbaşa qanunvericiliyin pozulmasıdır.

Məsələnin rəsmi tərəfini dəqiqləşdirmək məqsədilə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ilə əlaqə saxladıq. Qurumdan Vətəninfo.az-ın sorğusuna cavab olaraq bildirildi ki, Səhiyyə Nazirliyinin rəsmi saytında estetik əməliyyatların keçirilməsi üçün müvafiq sertifikasiyadan keçmiş həkimlərin siyahısı açıq şəkildə yerləşdirilib: “Əgər həmin şəxsin adı rəsmi siyahıda yoxdursa, deməli, onun hər hansı tibb müəssisəsində, o cümlədən ‘Universal Hospital’da bu istiqamətdə fəaliyyəti tamamilə qanunsuzdur”.

Məqalə işıq üzü görəndən sonra müxtəlif mənbələrdən redaksiyaya daxil olan məlumatlarda iddia edilir ki, yayılan bu tənqidi xəbərlərdən ciddi şəkildə təşvişə düşən Natavan Əmirova media qurumunun rəhbərliyini hədəfə alıb və nəyin bahasına olursa-olsun yazını yayan redaksiyanı cəzalandırmağa çalışır.

Məsələ ilə bağlı Vətəninfo.az saytının baş redaktoru Nahid Canbaxışlı açıqlama verərək bildirib ki, qarşı tərəfə yaxın şəxslər vasitəsilə ona qarşı açıq təhdidlər səsləndirilib: “Birbaşa mənə hələ ki, zəng edən olmayıb, lakin yaxından tanıdığım bir şəxsə çıxaraq məni öldürəcəklərini bildirib və hədə-qorxu gəliblər. Biz KİV haqqında qanuna istinadən cəmiyyəti maraqlandıran, ictimai təhlükə doğuran məlumat yaymışıq. Əgər Natavan xanım estetik və plastik cərrahlıqla qanunsuz şəkildə məşğuldursa, bu, bizim yox, qanunları pozanların günahıdır. Buna görə də geri çəkilməyəcək, məsələni sonuna qədər araşdıracağıq”.

Ən təəssüf doğuran məqamlardan biri odur ki, qaldırılan ciddi ittihamlara baxmayaraq, Natavan Əmirova bu gün də “Universal Hospital”da fəaliyyətini davam etdirir. Hospital rəhbərliyinin hansı səbəblərdən və hansı maraqlardan irəli gələrək bu qanunsuzluğa göz yumması hələ də sual altındadır.

Redaksiya olaraq məsələyə aydınlıq gətirmək üçün yenidən “Universal Hospital” ilə əlaqə saxlasaq da, qarşı tərəfdən yalnız Natavan Əmirovanın köməkçisinin nömrəsi təqdim olunub və qəbula düşmək, yaxud növbəyə yazılmaq üçün məhz həmin şəxslə əlaqə saxlanılması tövsiyə edilib. Bu isə xəstəxana rəhbərliyinin ictimaiyyəti haqlı olaraq narahat edən suallardan yayındığını açıq şəkildə göstərir.

Vətəninfo.az olaraq vətəndaşların sağlamlığını təhlükəyə atan qanunsuz estetik fəaliyyətləri nəzarətdə saxlayacaq və müvafiq dövlət qurumlarının bu məsələyə hüquqi qiymət verməsi üçün təhqiqatları davam etdirəcəyik.(Vətəninfo.az )


Səfalı MTK ilə bağlı növbəti qalmaqal: Bu binada sakinlər qorxu içindədir -ŞİKAYƏT


Xətai rayonu, Məhəmməd Hadi küçəsi 58A ünvanında, “Səfalı” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binalarının arasında yerləşən obyekt bina sakinlərinin narazılığına səbəb olub.
Yenixeberorg.com: Şikayətçilərin bildirdiyinə görə, sözügedən obyekt “Bazarstore” mağazasına məxsusdur.
Sakinlər deyirlər ki, mağazanın yaşayış binalarının düz ortasında yerləşməsi fövqəladə hadisə zamanı ciddi təhlükə yarada bilər. Onların sözlərinə görə, yanğın baş verəcəyi təqdirdə yanğınsöndürmə və digər xüsusi texnikanın əraziyə daxil olması mümkünsüzləşəcək.
Onlar aidiyyəti qurumlardan problemin araşdırılmasını istəyiblər.
Məsələ ilə bağlı “Səfalı Ticarət Mərkəzi” ASC ilə əlaqə saxlamaq mümkün olmadı. ASC-nin internetdə rəsmi saytı və əlaqə nömrəsi yoxdur.
“Bazarstore” isə məsələyə münasibət bildirməkdən imtina etdi.
Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ qurumun səlahiyyətlərinə aid deyil.
Fövqəladə Hallar Nazirliyinə də sorğu ünvanladıq. Nazirlikdən “Bakupost”a bildirildi ki, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli 529 nömrəli Fərmanına uyğun olaraq 30 dekabr 2019-cu il tarixində “Səfalı Ticarət Mərkəzi” ASC tərəfindən inşa olunmuş 4 girişli 12 və 16 mərtəbəli yaşayış binalarının istismarına icazə aktı rəsmiləşdirilib:
FHN-dən həmçinin qeyd olunub ki, sözügedən ünvanda Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən sonuncu dəfə 2026-cı ilin aprel ayında keçirilən yanğın-texniki müayinə zamanı yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması faktları aşkarlanıb.
“Qeyd olunan pozuntularla bağlı binanın yanğın təhlükəsizliyinə cavabdeh şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunub”, - deyə Nazirlikdən bildirilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirilib ki, sözügedən yaşayış kompleksi üzrə layihə sənədləri Komitə tərəfindən razılaşdırılmayıb.
Qurumun açıqlamasında qeyd olunub ki, yaşayış kompleksinin tikintisi Komitəyə layihə sənədlərinin razılaşdırılması və tikintiyə icazələrin verilməsi ilə bağlı səlahiyyətlər həvalə edilməzdən əvvəl həyata keçirilib:
“Qeyd olunan səlahiyyətlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 avqust tarixli 226 nömrəli "Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib.
Bu səbəbdən sorğunuzda qeyd olunan layihə sənədlərinin razılaşdırılması, tikintiyə icazənin verilməsi, habelə obyektin tikintisi dövründə qüvvədə olmuş normativ tələblərə uyğunluğu ilə bağlı həmin dövrdə müvafiq səlahiyyətləri həyata keçirmiş aidiyyəti icra hakimiyyəti orqanına müraciət etməyiniz məqsədəuyğundur”.
Qeyd edək ki, “Səfalı” MTK ilə bağlı müxtəlif vaxtlarda mediada bir sıra iddialar dərc olunub. Həmin materiallarda tikinti qaydalarına əməl edilməməsi, işçilərin əmək hüquqlarının pozulması, əmək müqaviləsi olmadan işə cəlb edilmə və vergi pozuntuları ilə bağlı iddialar yer alıb.
Bu ilin fevral ayında isə “Səfalı” MTK-dan mənzil alan sakinlərin binanın idarə olunması ilə bağlı problemlərdən şikayət etdiyi barədə məlumatlar yayılıb.
Lalə Novruz,
BakuPost

Nazir dostunu həbsdən qoruya bilərmi? –“Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları


Qarabağ Regional Təhsil İdarəsində baş verənlərlə bağlı səslənən iddialar artıq adi narazılıq həddini keçib. Müəllimlərin və təhsil işçilərinin iddiaları, kadr məsələləri, əmək münasibətləri və satınalmalar ciddi araşdırma tələb edir.

Bizə danışan və Sənan Mənsimlini yaxından tanıyan mənbənin sözlərinə görə, məktəblərdə texniki işçilərin, kitabxanaçıların, laborantların və digər əməkdaşların işə qəbulunda idarə rəhbərliyinin razılığı mühüm rol oynayır. Mənbə müəllimlərin müqavilələrinin uzadılması ilə bağlı da qeyri-rəsmi müdaxilələrdən danışır və bu proseslərdə pul tələb edildiyini iddia edir.

İdarənin fəaliyyəti ilə bağlı açıq mənbələrdə də diqqətçəkən faktlar var.

2025-ci ildə Xankəndi şəhər 4 nömrəli məktəbdə müəllimin elektron əmr olmadan işə başladığı və altı ay əməkhaqqı aldığı müəyyənləşib. Məsələ ilə bağlı məktəb direktorunun müavininə 3 min manat cərimə tətbiq edilsə də, məhkəmə sonradan bu cəriməni ləğv edib.

2026-cı ilin iyununda isə Qarabağ Regional Təhsil İdarəsinin fiziki şəxs Sadıqov Hidayət Məcid oğlu ilə 16 min manatlıq bina icarəsi müqaviləsi bağladığı, satınalmanın birmənbə metodu ilə həyata keçirildiyi barədə məlumat yayılıb.

Birmənbəli satınalma öz-özlüyündə qanunsuzluq deyil. Amma dövlət qurumunun belə müqaviləni hansı əsasla bağladığı və qiymətin necə müəyyənləşdirildiyi izaha ehtiyac yaradır.

Sənan Mənsimlinin təhsil sistemində sürətli yüksəlişi də ayrıca suallar doğurur.

Mənsimli Azərbaycan Texnologiya Universitetində “Telekommunikasiya, rabitə qovşaqları və kommunikasiya sistemləri” ixtisası üzrə təhsil alıb. Bu ixtisasa isə minimal keçid balı ilə daxil olmaq mümkündür. Daha sonra 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə rəhbərlik edib, 2022-ci ildə Şirvan-Salyan Regional Təhsil İdarəsinin, 30 oktyabr 2024-cü ildə isə Qarabağ Regional Təhsil İdarəsinin rəhbəri təyin olunub.

Tendensiya.com-a danışan və Mənsimlini yaxından tanıdığını bildirən mənbənin sözlərinə görə, onun Elm və təhsil naziri Emin Əmrullayevlə tanışlığı Biləsuvarla bağlı bir səfər zamanı başlayıb.

Mənbənin iddiasına görə, həmin vaxt Mənsimlinin əmisi Kamil müəllim Biləsuvar Rayon İcra Hakimiyyətində çalışıb. Emin Əmrullayev Biləsuvara səfər edərkən Mənsimli ona bələdçilik edib. Bundan sonra aralarında yaxın münasibət yaranıb və Mənsimli sonrakı mərhələdə təhsil sistemində vəzifələrə gətirilib.

Mənbə bunu belə izah edir: “Özü münasibət yaradıb. Sonra dostlaşıblar, qonaq aparıb. Həmin vaxtdan bunu çəkib irəli”.

Sabiq deputat Etibar Əliyev də onun təyinatını kəskin tənqid edib və Mənsimlinin Emin Əmrullayevlə yaxın münasibətlərinin rol oynadığını iddia edib.

Burada əsas sual sadədir: Mənsimli hansı peşəkar meyarlarla bu vəzifələrə gətirilib?

Əgər Qarabağ Regional Təhsil İdarəsində rüşvət və korrupsiya barədə səslənən iddialar əsassızdırsa, hərtərəfli yoxlama bunu ortaya qoymalıdır.

Əksinə, əgər iddiaların arxasında real mexanizm varsa, kadr təyinatlarından tutmuş müqavilələrə, satınalmalara və pul dövriyyəsinə qədər hər şey araşdırılmalıdır.

Məsələ o həddə çatıb ki, artıq “idarədə hər şey qaydasındadır” tipli ümumi açıqlama kifayət etmir.

İdarədə tam maliyyə və kadr yoxlaması keçirilməlidir.

Əgər hər hansı vəzifəli şəxsin cinayət məsuliyyətinə səbəb ola biləcək əməli müəyyənləşərsə, həmin şəxs vəzifəsindən və əlaqələrindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir. Bu halda heç bir dostluq münasibəti, o cümlədən nazirlə yaxınlıq barədə iddialar heç kimi məsuliyyətdən kənarda saxlaya bilməz.

Çünki söhbət 357 məktəbdən, 18 mindən çox müəllimdən və 84 mindən artıq şagirddən gedir.

Qarabağ təhsil sistemi şəxsi münasibətlərin deyil, qanunun və peşəkarlığın üzərində qurulmalıdır.

İndi əsas sual budur: Qarabağ Regional Təhsil İdarəsində hərtərəfli yoxlama nə vaxt keçiriləcək?(tendensiya.com)

 “Xəmsə Palace 2021” MTK yenə də PROBLEM YARADIR...


2021-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvləri üçün mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə dövlət başçısının sərəncamına əsasən ayrılmış torpaq səhəsində tikilən bina, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, S.S. Axundov küçəsinin şimal hissəsində yerləşir. Azərbaycan Yazıçılar Birliyi və “Xəmsə Palace 2021” MTK bağlanılan müqaviləyə əsasən binadan yazıçılara 21 mənzil verilib. Şirkətlə sakinlər arasında 08/17/2023-cü il tarixində müqavilə bağlanılsa da bina və yerləşdiyiyi ərazi hələ də yaşayış üçün yararsız haldadır. Azərbaycan Yazıçılar Birliyinindən mənzil alanlar sırasında Əməkdar incəsənət xadimi, yazıçı dramaturq Firuz Mustafa, AR Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” və Qazaxstan respublikasının “ Alaş” mükafatları laureatı Elxan Zal Qaraxanlı, Rauf Aslanov, Seyran Səxavət, Xanəmir, Dəyanət Osmanlı kimi məşhur imzalar var. Yazıçıların narazılığına səbəb olan əsas məsələlərdən biri də, sakinlərdən təmirə başlamaq haqqı üçün 2500 AZN və mənzillərə qoyulmuş sayğaclar üçün 2600 AZN pul tələb edilməsidir. Bu barədə redasiyamıza məlumat verən şair Elxan Zal Qaraxanlı, belə absurd tariflərlə Bakının heç bir yerində rastlaşmadıqlarını bildirir. Onun dediyinə görə, “bu, həddən artıq şişirdilmiş rəqəmdir və “Xəmsə-Palase” MTK sanki “Xəmsə”sini özəlləşdirdiyi Nizami Gəncəvinin adından, cənab Presidentin mənzil verdiyi yazıçılardan xərac tələb edir. Cənab prezidend yazıçıların mənzil şəraitinin yaxşılaşdırılmasına ona görə yardım edir ki, bu gün yazıçılıq sənəti ciddi pul gətirməyən bir sahədir. Prezidentimizin və Anar müəllimin göstərdikləri qayğı sayəsində təmirsiz mənzil alan kasıb yazıçılardan hələ mənzillərin təmirinə başlamamış “Xəmsə-Palase” MTK tərəfindən 5-6 min manat pul tələb edilir, yəni mənzil alanların bezdirilərək, aldıqları mənzillərin şirkətə ucuz qiymətə satmağa məcbur etdirilməsi siyasəti həyata keçirilir. Artıq bir çox yazıçıların mənzilləri MTK tərəfindən ucuz qiymətə satın alınmış və xeyli baha qiymətə satışa çıxarılmışdır. Yazıçı nəyə görə, dövlət başçısı tərəfindən ona lütf edilmiş mənzildən imtina etməlidir?”
Xatırladaq ki, Elxan Zal Qaraxanlı müstəqillik dövrünün ən yaxşı poetik imzalarından biri hesab olunmaqla bərabər, böyük Hind - Pakistan şairi Məhəmməd İqbal və xallqımızın böyük dostu, qazax şairi Olyas Suleymenovun poetik irsini ilk dəfə Azərbaycan dilinə çevirib kitab şəklində nəşr etdirən adamdır. Şikayət edən yazıçılar arasında Firuz Mustafa, Dəyanət Osmanlı, Xanəmir kimi tanınmış imzalar var. Yazıçılar Birliyinin, “Xəmsə-Palase” MTK-nın və aidiyyatı gövlət qurumlarının məsələyə münasibətini növbəti yazımızda bildirəcəyik.
Yazıçılardan başqa binanın digər sakinləri də MTK rəhbərliyin yarıtmaz işindən narazılıq edirlər.
Mövzuya qayıdacağıq.

Nyus.Az

Səfalı MTK ilə bağlı növbəti qalmaqal - Bu binada sakinlər qorxu içindədir


Xətai rayonu, Məhəmməd Hadi küçəsi 58A ünvanında, “Səfalı” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binalarının arasında yerləşən obyekt bina sakinlərinin narazılığına səbəb olub.

Şikayətçilərin “Bakupost”a bildirdiyinə görə, sözügedən obyekt “Bazarstore” mağazasına məxsusdur.

Sakinlər deyirlər ki, mağazanın yaşayış binalarının düz ortasında yerləşməsi fövqəladə hadisə zamanı ciddi təhlükə yarada bilər. Onların sözlərinə görə, yanğın baş verəcəyi təqdirdə yanğınsöndürmə və digər xüsusi texnikanın əraziyə daxil olması mümkünsüzləşəcək.

Onlar aidiyyəti qurumlardan problemin araşdırılmasını istəyiblər.

Məsələ ilə bağlı “Səfalı Ticarət Mərkəzi” ASC ilə əlaqə saxlamaq mümkün olmadı. ASC-nin internetdə rəsmi saytı və əlaqə nömrəsi yoxdur.

“Bazarstore” isə məsələyə münasibət bildirməkdən imtina etdi.

Xətai Rayon İcra Hakimiyyətindən “Bakupost”a bildirilib ki, məsələ qurumun səlahiyyətlərinə aid deyil.

Fövqəladə Hallar Nazirliyinə də sorğu ünvanladıq. Nazirlikdən “Bakupost”a bildirildi ki, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli 529 nömrəli Fərmanına uyğun olaraq 30 dekabr 2019-cu il tarixində “Səfalı Ticarət Mərkəzi” ASC tərəfindən inşa olunmuş 4 girişli 12 və 16 mərtəbəli yaşayış binalarının istismarına icazə aktı rəsmiləşdirilib:

FHN-dən həmçinin qeyd olunub ki, sözügedən ünvanda Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən sonuncu dəfə 2026-cı ilin aprel ayında keçirilən yanğın-texniki müayinə zamanı yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması faktları aşkarlanıb.

“Qeyd olunan pozuntularla bağlı binanın yanğın təhlükəsizliyinə cavabdeh şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunub”, - deyə Nazirlikdən bildirilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə “Bakupost”a bildirilib ki, sözügedən yaşayış kompleksi üzrə layihə sənədləri Komitə tərəfindən razılaşdırılmayıb.

Qurumun açıqlamasında qeyd olunub ki, yaşayış kompleksinin tikintisi Komitəyə layihə sənədlərinin razılaşdırılması və tikintiyə icazələrin verilməsi ilə bağlı səlahiyyətlər həvalə edilməzdən əvvəl həyata keçirilib:

“Qeyd olunan səlahiyyətlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 avqust tarixli 226 nömrəli "Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib.

Bu səbəbdən sorğunuzda qeyd olunan layihə sənədlərinin razılaşdırılması, tikintiyə icazənin verilməsi, habelə obyektin tikintisi dövründə qüvvədə olmuş normativ tələblərə uyğunluğu ilə bağlı həmin dövrdə müvafiq səlahiyyətləri həyata keçirmiş aidiyyəti icra hakimiyyəti orqanına müraciət etməyiniz məqsədəuyğundur”,- deyə Komitədən bildirilib.

Qeyd edək ki, “Səfalı” MTK ilə bağlı müxtəlif vaxtlarda mediada bir sıra iddialar dərc olunub. Həmin materiallarda tikinti qaydalarına əməl edilməməsi, işçilərin əmək hüquqlarının pozulması, əmək müqaviləsi olmadan işə cəlb edilmə və vergi pozuntuları ilə bağlı iddialar yer alıb.

Bu ilin fevral ayında isə “Səfalı” MTK-dan mənzil alan sakinlərin binanın idarə olunması ilə bağlı problemlərdən şikayət etdiyi barədə məlumatlar yayılıb.

Köhnə marşrut lövhələri və Anar Rzayevin AYNA-sı - Biabırçılıq


Bakı şəhərində avtobus dayanacaqlarının qarşısında quraşdırılan marşrut məlumat lövhələrinin yenilənməməsi sərnişinlər və turistlər üçün ciddi problemlər yaradır. Dayanacaqda gözləyən insanların hansı avtobusların həmin ərazidən keçdiyini öyrənə bildiyi əsas mənbələrdən biri olan bu lövhələr uzun illərdir dəyişdirilmədən qalır.

Bizimesr.media xəbər verir ki, vaxtilə dayanacaqlarda avtobus marşrutlarını göstərən elektron məlumat lövhələri quraşdırılmışdı. Bu layihəyə böyük vəsait xərclənsə də, sonradan həmin avadanlıqların bir hissəsi sıradan çıxdı və elektron lövhələri adi metal lövhələr əvəzlədi. Lakin hazırda istifadə olunan bu lövhələr yenilənmir və funksiyasını itirib.
Məsələn, Bilgəh-Koroğlu istiqamətində uzun müddət fəaliyyət göstərən 171 nömrəli avtobus marşrutu bir ildən artıqdır ki, dəyişdirilərək 150 nömrəli marşrutla əvəzlənib. Buna baxmayaraq, dayanacaqlarda hələ də köhnə məlumatlar saxlanılır və 171 nömrəli avtobusun gələcəyi göstərilir. Nəticədə sərnişinlər, turlstlər saatlarla həmin avtobusu gözləyir, daha sonra isə məlum olur ki, bu marşrut artıq ləğv edilib.
Eyni vəziyyət digər marşrutlarda da müşahidə olunur. Məsələn, bəzi dayanacaqlarda 136 nömrəli avtobus marşrutu göstərilsə də, bu istiqamətdə artıq 140 nömrəli marşrut fəaliyyət göstərir.

Bakı şəhərində nəqliyyat məlumatlarının aktuallığı sərnişin rahatlığı üçün vacib məsələlərdən biridir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bu cür lövhələrin vaxtında yenilənməsi və ya müasir elektron məlumat sistemləri ilə əvəzlənməsi təmin edilməlidir.
Qurumun rəhbərliyi tərəfindən bu məsələyə diqqət ayrılmır.
Aidiyyəti qurumlar bu problemi aradan qaldırmalı, Bakıdakı avtobus dayanacaqlarında marşrut məlumatlarının düzgün və operativ şəkildə yenilənməsini təmin etməlidir.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin direktoru Anar Rzayevdir.
Bizimesr.media

Məktəb direktoru xadiməni təsərrüfat işləri üzrə müdir vəzifəsinə necə təyin edib? - TƏFƏRRÜAT



Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin sabiq direktoru, rüşvət almaqda təqsirləndirilən Cavad Səfərovun cinayət işinin bəzi detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama əsasən, təqsirləndirilən şəxs Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2012-ci il tarixli əmri ilə paytaxtın Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. Daha sonra o, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2014-cü il tarixli əmri ilə 2016-cı ilədək həmin məktəbin direktoru vəzifəsini icra edib.

Məlumata görə, 1964-cü il təvəllüdlü Cavad Səfərov məktəb direktoru vəzifəsini icra etdiyi dövrdə təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs olub. O, məktəbdə şagirdlərin sayı az olan siniflərdən komplekt siniflərin təşkil edilməsi, ştat cədvəlinin hazırlanması, kadrların seçilməsi və işə qəbul edilməsi, habelə işçilərin əməkhaqlarının müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətlərə malik olub.

Bundan başqa, ittihamda qeyd edilir ki, təqsirləndirilən şəxs məktəbin tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədlərinin düzgün aparılmasına, məktəbə məxsus əmlakın qorunmasına və təyinatı üzrə istifadəsinə cavabdeh şəxslərin müvafiq əmrlə təyin edilməsinə dair səlahiyyətlərə malik olub.

İttihama görə, hadisə 2015-ci ilin avqust ayının əvvəllərində baş verib. Həmin vaxt məktəbdə direktor vəzifəsini icra edən Cavad Səfərova tanışı Ruxsarə Babayeva müraciət edərək təsərrüfat işləri üzrə müdir vəzifəsinə təyin olunmasını istəyib. Təqsirləndirilən şəxs həmin qadının xeyrinə edəcəyi hərəkətə görə – onu məktəbə xadimə kimi işə qəbul etməsi, faktiki olaraq təsərrüfat işləri üzrə müdir vəzifəsini icra etməsinə şərait yaratması və xidmət üzrə ümumi himayədarlıq göstərməsi müqabilində ondan 6 000 manat rüşvət istəyib. Pul məktəbin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası ərazisində yerləşən inzibati binasındakı xidməti otaqda tələb edilib.

2015-ci ilin avqust ayının sonlarında Ruxsarə Babayeva Cavad Səfərova xidməti otağında 5 500 manat pul verib. Bundan sonra təqsirləndirilən şəxsin 2015-ci il tarixli əmri ilə Ruxsarə Babayeva həmin məktəbdə xadimə vəzifəsinə təyin edildiyi bildirilir.

İstintaqın gəldiyi nəticəyə görə, Cavad Səfərov bununla həmin şəxsin faktiki olaraq təsərrüfat işləri üzrə müdir vəzifəsini icra etməsinə qanunsuz şərait yaradıb və aldığı pul müqabilində ona xidmət üzrə ümumi himayədarlıq edib.

Beləliklə, cinayət işi üzrə ittiham tərəfinin mövqeyinə əsasən, təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən istifadə etməklə Ruxsarə Babayevanın xadimə vəzifəsinə qəbul edilməsinə və faktiki olaraq daha yüksək səlahiyyətlərə malik işi həyata keçirməsinə şərait yaratmaq müqabilində əvvəlcə 6 000 manat tələb edib, 5 500 manat rüşvət alıb.

Məhkəmə iclasında ifadə verən Cavad Səfərov isə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O deyib ki, Ruxsarə Babayeva 2015-ci ilin oktyabrında onun yanına gələrək işsiz olduğunu və məktəbdə xadimə işləmək istədiyini deyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt məktəbdə boş ştat olub və o, qadını işə götürəcəyini bildirib, daha sonra sənədlərini alıb. O, Ruxsarə Babayevanın vəzifəsinin məktəbin təmizlik işlərini həyata keçirməkdən ibarət olduğunu deyib.

Cavad Səfərov məhkəmədə söyləyib ki, təsərrüfat işləri üzrə müdiri vəzifəsi eyni zamanda direktor müavini vəzifəsidir və həmin vəzifəyə şəxsin işə qəbul edilməsi məktəb direktorunun səlahiyyətində deyil: “Bunun üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmri tələb olunur”.

Təqsirləndirilən şəxs bu səbəbdən Ruxsarə Babayevanın təsərrüfat işləri üzrə müdir vəzifəsinə təyin etmək səlahiyyətinin olmadığını bildirib. O, qadından bunun müqabilində hər hansı məbləğdə pul almadığını vurğulayıb.

Cavad Səfərov bildirib ki, Ruxsarə Babayevanın müraciəti əsasında onu yalnız texniki işçi kimi işə qəbul edib və bunun üçün ondan heç bir pul almayıb.

O, həmçinin Ruxsarə Babayevaya hər hansı məbləğdə pul qaytarmadığını da deyib.

Məhkəmədəki ifadəsində təqsirləndirilən şəxs məktəbdə anbarın açarının və mallara nəzarətin təsərrüfat müdirində olduğunu, digər şəxsin isə anbara müdaxilə etmək səlahiyyətinin olmadığını əlavə edib.

Cavad Səfərovun sözlərinə görə, xadimələr arasında iş bölgüsünü də təsərrüfat işləri üzrə direktor müavini həyata keçirib.

Hökmə əsasən, Cavad Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq direktorun cəzası şərti hesab edilməklə ona iki il sınaq müddəti təyin edilib. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını, baş vermiş cinayət hadisəsinin üstündən xeyli müddət keçməsini, keçmiş məcburi köçkün olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edib.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56