Çox sayda insan yazır ki, Cavid Qurbanov çox insana maddi kömək edib, çox iş görüb. Şərt deyil ki, hər kəs münasibət bildirsin. Münasibət bildirən insanlara isə bir sualım var: kişi kimi, vicdanla cavab versinlər. Qurbanovun o sərvəti haradandır? Deyin, bəlkə mən bilmirəm. Bəlkə gənc vaxtı Ağdabanda qızıl küpləri tapıb, indi də onları xərcləyir. Siz deyə bilmirsiniz, mən deyirəm: əgər qanunsuz mənimsəmə varsa, həmin sərvət sənin də, mənim də haqqımdır. Uşaq pulu ala bilməyən minlərlə uşağın haqqıdır. Qazandığı sərvətin bircə faizini Kəlbəcərlilərə verib troll komandası yaradıb. Bunu bilənlər bilir. Əgər bu sərvət qanunsuz yollarla əldə edilibsə, onun xaricdə biznes şəbəkələri qurmağa xərclənməsi də ciddi suallar doğurur. Davamlı şəkildə yazırsınız ki, Qurbanov çoxlarına maddi dəstək olub, çox işlər görüb. Axırda cinayət işi açılsa, “Bu sərvəti haradan qazanmısınız?” sualı veriləcək. Nə isə, trolluq edənlər düzgün yolda deyil. Mənim sualım sadədir: bu sərvətin mənbəyi haradandır? Sexavet Kelbecerli Cavid Qurbanovun cavabınıda dərc etməyə hazırıq!
Biləcəridə söküntü, ağacların məhv edilməsi və sənədlərlə bağlı suallar: “Ağ Saray”ın arxasında nə baş verir? Biləcərinin bəzi küçələrində son illər şəhərsalma mənzərəsi sürətlə dəyişir. Köhnə həyət evlərinin yerində yeni tikililər ucalır, ayrı-ayrı torpaq sahələri birləşdirilir, yaşayış məhəllələrinin siması dəyişir. Belə proseslərin bir qismi qanuni şəhərsalma layihələrinin nəticəsi ola bilər. Ancaq hər bir tikinti kimi, söküntü və yeni inşaat da qanunun, müvafiq icazələrin və şəhərsalma normalarının tələblərinə cavab verməlidir.
Redaksiyamıza təqdim olunan video və foto görüntülər isə Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Asif Zeynallı küçəsi 33B ünvanında, “Ağ Saray” şadlıq sarayının arxasındakı ərazidə aparılan işlərlə bağlı ciddi suallar doğurur.
Görüntülərdə ərazidə söküntü və tikinti işlərinin aparıldığı, əvvəllər mövcud olmuş yaşayış evlərinin yerində geniş sahənin formalaşdırıldığı müşahidə edilir. Əldə etdiyimiz məlumatlara görə, həmin ərazidəki bir sıra evlərin satın alınmasından sonra onların söküldüyü və yeni tikinti layihəsinin həyata keçirilməsinə başlanıldığı bildirilir.
Burada ilk sual yaranır:
Bu tikintinin şəhərsalma və tikinti qanunvericiliyinə uyğun hüquqi əsası varmı?
Çünki söhbət sadəcə bir evin sökülüb yenidən tikilməsindən getmirsə, artıq məsələyə daha ciddi yanaşmaq lazımdır. Bir neçə yaşayış evinin sökülməsi, torpaq sahələrinin birləşdirilməsi və həmin ərazidə irimiqyaslı tikinti aparılması müvafiq layihə, razılaşdırmalar və icazə sənədləri baxımından ictimai maraq doğuran məsələdir.
Ağaclar niyə məhv edilib? Məsələnin digər tərəfi isə ərazidəki yaşıllıqlarla bağlıdır.
Redaksiyaya təqdim olunan görüntülər və daxil olan məlumatlar ərazidə söküntü işləri ilə yanaşı ağacların da məhv edildiyini göstərir.
Əgər bu ağacların kəsilməsi həqiqətən baş veribsə, onların hansı əsasla götürüldüyü, müvafiq icazənin olub-olmaması və kəsilən ağacların yerinə kompensasiya yaşıllıqlarının yaradılması məsələsi aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır.
Burada da sadə, lakin prinsipial bir sual var:
Tikinti layihəsi varsa, həmin layihənin hazırlanması zamanı mövcud ağaclar nəzərə alınıbmı, yoxsa tikintiyə mane olan yaşıllıq sadəcə aradan götürülüb?
Bu sualın cavabını yalnız tikinti aparan şəxslər deyil, müvafiq dövlət qurumları da verməlidir.
İcra hakimiyyətinin adı niyə çəkilir?
Məsələnin ən çox aydınlaşdırılmasına ehtiyac duyulan hissələrindən biri də məhz budur.
Redaksiyaya daxil olan məlumatlarda tikinti işlərini həyata keçirdiyi bildirilən sahibkarın Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayevlə yaxın münasibətlərinin olduğu iddia edilir.
Bundan başqa, mənbələr tərəfindən tikintiyə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev tərəfindən razılıq verildiyi də bildirilir.
Lakin burada mühüm bir məqamı xüsusi vurğulamaq lazımdır: redaksiyamız bu iddiaları təsdiqlənmiş fakt kimi təqdim etmir.
Əksinə, məhz belə iddiaların mövcudluğu onların rəsmi şəkildə araşdırılmasını zəruri edir.
Əgər icra hakimiyyətinin sözügedən tikintiyə hər hansı razılığı və ya münasibəti olubsa, həmin sənədin hüquqi əsası nədir?
Əgər belə razılıq olmayıbsa, onda icra hakimiyyətinin vəzifəli şəxslərinin adının bu məsələdə hallandırılmasının səbəbi nədir?
İctimaiyyətin cavab gözlədiyi suallar bunlardır.
Və ən maraqlı sual: Allahşükür Paşazadənin bu məsələdə nə əlaqəsi var? Məsələni daha da müəmmalı edən başqa bir məqam var.
Ərazidəki tikinti ilə bağlı məlumatların yayılması zamanı Şeyxülislam Allahşükür Paşazadənin adı da hallandırılır.
Ancaq ortaya çox mühüm sual çıxır:
Nə üçün?
Söhbət konkret olaraq hansı münasibətdən, hansı sənəddən, hansı razılıqdan və ya hansı əlaqədən gedir?
Əgər Allahşükür Paşazadənin bu tikinti ilə hər hansı əlaqəsi barədə iddia irəli sürülürsə, həmin iddianın hüquqi və faktiki əsası göstərilməlidir.
Əgər ortada heç bir sənəd, rəsmi münasibət və ya təsdiqlənən əlaqə yoxdursa, o zaman nüfuzlu dini şəxsiyyətin adının hansı məqsədlə tikinti məsələsinə gətirilməsi ayrıca araşdırılmalıdır.
Ad hallandırmaq fakt yaratmır.
Xüsusilə də söhbət ictimai nüfuza malik şəxsdən gedirsə, onun adının hər hansı kommersiya və tikinti məsələsi ilə əlaqələndirilməsi yalnız mötəbər sənəd və konkret faktlarla əsaslandırılmalıdır.
Əks halda ortaya başqa ehtimal çıxır:
Görəsən, kimsə öz fəaliyyətinə əlavə “çəki” vermək üçün nüfuzlu bir şəxsin adından istifadə edir?
Bu sualın cavabını da yalnız araşdırma verə bilər.
Sənədlər haradadır? Məsələnin mahiyyətini əslində bir neçə sənəd ortaya çıxara bilər.
Ərazidə tikinti aparılırsa, ilk növbədə ictimaiyyət üçün aydın olmalıdır:
torpaq sahəsinin hüquqi statusu nədir? sökülən yaşayış evlərinin hansı əsasla söküldüyü məlumdurmu? yeni tikinti üçün layihə sənədləri mövcuddurmu? tikintiyə dair müvafiq icazələr alınıbmı? layihə şəhərsalma tələblərinə uyğundurmu? ərazidəki ağacların kəsilməsinə icazə verilibmi? tikintinin aparılmasına hansı dövlət qurumu nəzarət edir? Binəqədi Rayon İcra Hakimiyyətinin bu tikinti ilə bağlı hər hansı rəsmi sənədi varmı? varsa, həmin sənədin hüquqi əsası nədir? Əgər bütün bu sualların cavabı “bəli, sənədlər mövcuddur və qanunidir”sə, məsələ də aydınlaşmış olacaq.
Yox, əgər sənədlərdə problem varsa, onda artıq başqa suallar meydana çıxacaq.
Video görüntülər sualların daha da artmasına səbəb olur
Redaksiyanın əldə etdiyi foto və video materiallar yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.
Həmin görüntülərdə ərazidə aparılan işlərin miqyası daha aydın görünür. Bu materiallar tikinti prosesinin hansı mərhələdə olduğunu, ərazidə nə qədər dəyişiklik aparıldığını və söküntü işlərinin nəticələrini qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Lakin video görüntü də təkbaşına tikintinin qanunsuz olduğunu sübut etmir.
Bunu sənədlər və aidiyyəti qurumların araşdırması müəyyən etməlidir.
Məhz buna görə məsələni ictimailəşdirməkdə məqsəd kimisə əvvəlcədən ittiham etmək deyil. Məqsəd sadədir: ictimai maraq doğuran suallara cavab almaq.
Aidiyyəti qurumlar susmamalıdır Biləcəridə Asif Zeynallı küçəsi 33B ünvanında aparıldığı bildirilən tikinti ilə bağlı aidiyyəti dövlət qurumlarının mövqeyi maraqlıdır.
Xüsusilə şəhərsalma, tikinti, torpaq və ekologiya istiqamətində səlahiyyətli qurumlar məsələyə aydınlıq gətirməlidir.
Əgər tikinti qanunidirsə, bunu göstərən sənədlərin mövcudluğu açıqlansın.
Əgər ağacların kəsilməsi qanuni əsaslarla həyata keçirilibsə, bunun hüquqi əsası izah edilsin.
Əgər icra hakimiyyətinin bu tikintiyə aidiyyəti yoxdursa, bu da rəsmən bildirilsin.
Və ən əsası:
Şeyxülislam Allahşükür Paşazadənin adı bu tikinti məsələsində hansı əsasla hallandırılır?
Bu sualın da cavabı verilməlidir.
Çünki belə məsələlərdə ən təhlükəli məqam təkcə qanunsuz tikinti ehtimalı deyil.
Bəzən daha təhlükəli olan kiminsə adından, nüfuzundan və mövqeyindən istifadə etməklə qanuni görünüş yaratmaq cəhdidir.
Ona görə də Biləcəridəki bu tikintinin ətrafında dolaşan iddialar sənədlərlə aydınlaşdırılmalı, kiminsə adı isə sübutsuz şəkildə bu məsələyə bağlanmamalıdır.
Əgər hər şey qanunidirsə, bir neçə sənəd bütün suallara cavab verə bilər. Əgər qanunsuzluq varsa, həmin sənədlər onun da üzə çıxmasına kömək edəcək.
Redaksiya olaraq aidiyyəti qurumların və adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Nizami rayonunda, Şirin Mirzəyev küçəsi 68A və 76A ünvanlarında yaşayan sakinlərin gundemxeber.org-un redaksiyasına müraciəti ciddi suallar doğurur. Sakinlərin iddiasına görə, iki yaşayış binasının arasında onsuz da məhdud olan həyət ərazisində əvvəldən sənədsiz və yarımçıq vəziyyətdə olan tikiliyə sonradan tikinti və istismar baxımından sənədləşmə verilib.
Sakinləri narahat edən əsas məsələ isə həmin obyektin yerləşdiyi ərazinin şəhərsalma normalarına uyğun olub-olmamasıdır.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən, yaşayış məntəqələrində tikinti obyektləri arasında müəyyən ara məsafələri saxlanılmalı, həmin məsafələrdə yerüstü tikinti obyektlərinin inşasına yol verilməməlidir. Tikintiyə icazə isə şəhərsalma və tikinti üzrə normativ sənədlərə zidd olmamalıdır.
Bundan başqa, Bakı şəhərində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid edilir. Komitənin öz məlumatına görə, tikinti obyektinin dövlət reyestrinə daxil edilməsi üçün torpaq sahəsi üzərində hüququ təsdiq edən sənəd, şəhərsalma əsaslandırması və ya müfəssəl plandan çıxarış, layihənin memarlıq-planlaşdırma bölməsi və digər məlumatlar təqdim edilməlidir.
Bu baxımdan sakinlərin qarşısında çox konkret suallar dayanır:
Şirin Mirzəyev 68A və 76A binaları arasındakı əraziyə dair torpaq hüququ hansı sənədlə təsdiqlənib?
Sözügedən tikili üçün şəhərsalma əsaslandırması aparılıbmı?
Obyektin yaşayış binalarına olan faktiki məsafəsi yerində ölçülübmü?
Sakinlərin həyətə, keçidə və ümumi istifadədə olan əraziyə çıxış imkanları nəzərə alınıbmı?
Əgər sakinlərin bildirdiyi kimi obyekt iki binanın arasında dar keçiddə, yaşayış binalarına təxminən 5–6 metr məsafədə yerləşirsə, bu məsələ yalnız sənədin mövcudluğu ilə bitmir. Əsas sual həmin sənədin qanunvericiliyin bütün tələblərinə uyğun hansı əsaslarla verilməsidir.
Komitənin açıq məlumatlarına əsasən, tikinti və istismar icazələri müvafiq şəhərsalma sənədləri və layihə materialları əsasında rəsmiləşdirilməlidir.
Bu səbəbdən sakinlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məsələyə yerində baxılmasını, obyektin yerləşmə məsafələrinin ölçülməsini, torpaq və şəhərsalma sənədlərinin araşdırılmasını və verilmiş icazənin hansı hüquqi əsaslarla rəsmiləşdirildiyinin açıqlanmasını xahiş edirlər.
Sakinlərin mövqeyi sadədir: əgər tikili bütün şəhərsalma və tikinti normalarına uyğundursa, bunun sənədlərlə ictimaiyyətə izah edilməsində heç bir problem olmamalıdır. Əgər uyğunluq yoxdursa, verilmiş icazənin hansı əsasla rəsmiləşdirildiyi araşdırılmalıdır.
Bu müraciətin məqsədi hər hansı vəzifəli şəxsi əvvəlcədən qanun pozuntusunda ittiham etmək deyil. Məqsəd sakinlərin haqlı suallarına rəsmi və əsaslandırılmış cavab almaqdır.
Şirin Mirzəyev 68A və 76A sakinləri adından tələb: obyektə yerində baxış keçirilsin, sənədlər və şəhərsalma əsasları araşdırılsın, nəticə sakinlərə açıqlansın və qanun pozuntusu müəyyən edilərsə, müvafiq tədbirlər görülsün.
İrandan göndərilən məlumatın ələ keçirilməsi ABŞ xüsusi xidmət orqanlarına Prezident Donald Trampa Ankarada planlaşdırılan sui-qəsd barədə xəbər tutmağa imkan verib.
Bu barədə Londonun “The Times” qəzeti İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın keçmiş əməkdaşı Rami İqraya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, İran xüsusi xidmət orqanları sui-qəsdi birbaşa həyata keçirmək niyyətində olmayıblar. Onlar Trampın adını nəzarət etdikləri silahlı təşkilatlara ötürülən “güllələnmə siyahısı”na daxil ediblər. Həmin siyahıya İranın keçmiş Ali Lideri Ayətullah Əli Xameneinin ölümünə səbəb olmuş fevral bombardmanlarına icazə verən şəxslər, o cümlədən Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun adları daxil edilib.
“Mossad”ın keçmiş əməkdaşının məlumatına əsasən, Trampın təyyarəsi Ankara hava limanından havaya qalxan zaman daşınan raket kompleksindən açılan atəş nəticəsində vurulmalı imiş. Məhz bu məlumat sayəsində ABŞ Məxfi Xidməti dövlət başçısını Türkiyədən başqa bir hərbi təyyarə ilə çıxarmaq barədə qərar qəbul edib.
Bununla belə, nə qəzet, nə də Rami İqra İrandan göndərildiyi ehtimal edilən məlumatı kimin ələ keçirdiyi və prezidentə sui-qəsdin niyə baş vermədiyi barədə heç bir açıqlama verməyib. Bununla belə, mətbuatda guya Ankara hava limanı yaxınlığında daşınan raket kompleksinin görüldüyü barədə iddialar paylaşılıb.
Xatırladaq ki, daha əvvəl İsrail mətbuatı adı açıqlanmayan Qərb ölkəsinin kəşfiyyat məlumatlarına istinadən NATO sammiti zamanı Donald Trampa sui-qəsd hazırlanması barədə xəbər paylaşmışdı.
Şabran rayonunun Gəndab qəsəbəsində bir ailə 5 ildir təhlükəli və ağır şəraitdə yaşamağa məcburdur. 2021-ci il avqustun 4-də evləri yanan Şükürovlar ailəsinin yeni evinin tikintisinə kənd sakinləri kömək edib. Lakin maddi imkanları olmadığı üçün tikinti yarımçıq qalıb. Ramilə Şükürovanın sözlərinə görə, yanğın zamanı evdən heç nə çıxara bilməyib, yalnız 4 yaşlı qızı Nəzrini güclə xilas etməyi bacarıb. Ailə başçısı Bəhmən Şükürov da ailəsinin ağır vəziyyətdə olduğunu deyir. Bəhmən Şükürov ailəsini dolandırmaq üçün günəmuzd işləyir. İş olmayanda isə sumağ yığaraq satır. Bəzən 9 yaşlı qızını da özü ilə dağa aparır. Səbəb isə onu evdə tək qoymamaq və qorumaqdır. Şükürovlar hazırda beş ildir Gəndab qəsəbəsində sovet dövründən qalma inzibati binanın bir otağında yaşayırlar. Bina isə qəzalı vəziyyətdədir. Damı uçmaq üzrədir, yağış yağanda içəri su keçir. Ailə üzvlərinin sözlərinə görə, otaqdan tez-tez ilanlar da çıxır. Bu səbəbdən uşağın təhlükəsizliyi ilə bağlı daim narahatlıq yaşayırlar. Hazırda Şükürovlar ailəsinin əsas arzusu yarımçıq qalmış evlərinin tamamlanması və beş ildən sonra öz evlərinə qayıtmaqdır. Ailənin vəziyyəti ilə bağlı Şabran Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Hüseyn İlyasov bildirib ki, icra hakimiyyətinin ailəyə ev tikmək üçün kifayət qədər maliyyə imkanı yoxdur. (Bizim.media)
Dəyəri onmilyonlarla ölçülən tenderlərdə qalib görməyə öyrəşdiyimiz “Xezer-Construction”a yenə iriməbləğli iş həvalə olunub. Adəti üzrə yenə də şirkəti qalib edən Bakı Şəhər İcra Hakimiyyəti olub.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Xezer-Construction”la bu dəfə 8 milyon 345 min manatlıq satınalama müqaviləsi bağlayıb. Bu müqaviləyə əsasən, şirkət paytaxt ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri görəcək. Qranit tavalardan döşəmələr salınması, parkın işıqlandırılması, yaşıllaşdırma, ağacların əkilməsi, səkilərin qurulması və s. işlər həyata keçiriləcək. Bakı meriyasının “Xezer-Construction”a 35 milyon manatdan çox dəyəri olan layihə həvalə etməsindən heç bir ay keçməyib. Bizimyol.info bu haqda da məlumat vermişdi. Söhbət Nəsimi rayonu ərazisində - 28 May küçəsindən “Trampın binası”na (“The Ritz-Carlton Baku” oteli) qədər olan 12 hektarlıq ərazidə parkın salınması layihəsindən gedir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki qurum bu parkın salınması məqsədilə dəyəri 35 milyon 229 min 641 min manat olan satınalma müqaviləsini iyul ayında məhz “Xezer-Construction”la imzalamaq qərarı verib. Bakı Şəhər İcra Hakimiyyətinin başqa böyük layihələrində də “Xezer-Construction”ın adı keçir. Şirkət 2025-ci ildə təkcə “Bakı Şəhər Əsaslı Tikinti və Təmir”in 4 tenderinin qalibi olub. Bu tenderlərə görə “Xezer-Construction”a 73 milyon manatdan çox vəsait ödənilib. Tenderlərdə rəqib tanımayan MMC bölgələrdə də layihələr həyata keçirib. Salyan Rayon İcra Hakimiyyəti Salyan şəhərində çoxmənzilli kommunal binaların əsaslı təmiri işlərinin satınalınması ilə bağlı elan etdiyi tenderdə “Xezer-Construction”a üstünlük vermişdi. Maliyyənin müqavilə dəyəri 508 min manat olmuşdu. “Xezer-Construction”ın nizamnamə kapitalı 200 manatdır. 2018-ci ildə qeydiyyata alınan şirkətin qanuni təmsilçisi Rəmzi Bünnətov hesab olunur.
"Təhsil hər bir cəmiyyətin inkişafının təməl daşı, gələcəyə qoyulan ən böyük sərmayədir. Dövlət tərəfindən Elm və Təhsil Nazirliyinə (ETN), eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) ayrılan yüz milyonlarla manatlıq büdcə məhz bu gələcəyin inşasına xidmət etməlidir..." Bunu özünün sosial şəbəkə hesabında təhsil eksperti Vüqar Məmmədov qeyd edib.O daha sonra fikrini belə davam etdirir: "Lakin son illər təhsil sektorunda, xüsusən də adıçəkilən qurumların maliyyə idarəçiliyində müşahidə edilən kütləvi mənimsəmə halları bu ali məqsədə vurulan ən ağır zərbədir. Təəssüf ki, ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməməsi sadəcə təsadüfi və pərakəndə yeyinti deyil, xüsusi olaraq formalaşdırılmış, məqsədyönlü bir şəbəkə vasitəsilə həyata keçirilən ağır iqtisadi cinayətdir. Bu qanunsuzluqların ən qaranlıq tərəfi prosesin mütəşəkkil xarakter daşımasıdır. Belə ki, mənimsəmə halları əsasən ETN, MÜTDA və onların tabeliyində fəaliyyət göstərən Regional Təhsil İdarələrinin rəhbərliyinə yaxın olan şəxslər vasitəsilə icra edilir. Dövlət büdcəsindən məktəblərin təchizatı, təmiri və infrastrukturu üçün ayrılan milyonlarla manatlıq maliyyə vəsaitləri qeyri-şəffaf tenderlər, şişirdilmiş satınalmalar və saxta layihələr adı altında məhz həmin "etibarlı" şəxslərin şirkətlərinə yönləndirilir. Təhsil rəsmiləri regional idarələrdə qurduqları bu xüsusi şəbəkə hesabına dövlət vəsaitlərini asanlıqla şəxsi dövriyyələrinə cəlb edir, mövcud nəzarət mexanizmlərini isə formal şəkildə dövrədən çıxarırlar. Milyonlarla manatın bu cür əliəyri şəbəkələr tərəfindən talan edilməsinin ən acı fəsadlarını isə bilavasitə müəllimlər və şagirdlər yaşayır. Büdcədən nəhəng vəsaitlərin ayrılmasına baxmayaraq, əksər regionlarda və hətta paytaxt məktəblərində hələ də ibtidai şəraitin, istilik sistemlərinin, müasir laboratoriyaların və zəruri texnoloji avadanlıqların çatışmazlığı acınacaqlı mənzərə yaradır. ETN və MÜTDA-ya yaxın şəxslərin cibinə axan hər bir milyon şagirdin keyfiyyətli təhsil almaq imkanından, müəllimin isə normal iş şəraitindən oğurlanmış hüququdur. Bu kəskin ədalətsizlik cəmiyyətdə təhsil sisteminə və idarəetməyə olan etimadı dərindən sarsıdır. Problemin kökündə həm də islahat adı altında aparılan struktur dəyişikliklərinin mahiyyət etibarilə bu kölgə iqtisadiyyatını dağıda bilməməsi dayanır. MÜTDA və Regional Təhsil İdarələri kimi yeni instansiyaların yaradılması idarəetməni mərkəzləşdirmək və şəffaflığı artırmaq məqsədi daşısa da, praktikada sadəcə mənimsəmə sxemlərinin daha da təkmilləşməsinə və eyni mərkəzləşmiş şəbəkənin inhisarına keçməsinə xidmət etmiş oldu. Əsl islahat qurumların adını və tabeliyini dəyişməklə deyil, bu korrupsiya zəncirini qırmaq, regional səviyyədə yuva salmış "yaxın şəxslər" şəbəkəsini ifşa etmək və müstəqil audit vasitəsilə mənimsənilən hər qəpiyin hesabını sormaqla mümkündür. ETN və MÜTDA-nın mərkəzi və regional strukturlarında xüsusi şəbəkələr vasitəsilə büdcə vəsaitlərinin mənimsənilməsi ölkənin intellektual potensialına və milli təhlükəsizliyinə birbaşa təhdiddir. Dövlətin təhsil siyasətinin real uğur qazanması üçün bu qurumlarda kök salmış maliyyə cinayətlərinə, "tanış-biliş" prinsipi ilə işləyən tender şebəkələrinə dərhal son qoyulmalı, təqsirkarlar qanun qarşısında cavab verməlidir. Yalnız hüququn aliliyinin təmin edildiyi və idarəçiliyin mənfəətpərəstlərdən təmizləndiyi bir sistemdə dövlət büdcəsi məmurların və onların yaxınlarının zənginləşməsinə deyil, Azərbaycan gəncliyinin işıqlı gələcəyinə xidmət edə bilər".
Binəqədi rayonunda, Ağsaray şadlıq sarayının yaxınlığında söküntü işləri aparılır.Ərazidə görülən işlərlə bağlı görüntülər yayılıb. Kadrlarda müəyyən tikililərin söküldüyü, ərazidə işlərin davam etdiyi görünür. Söküntü işləri ətrafda yaşayan sakinlərin də diqqətini çəkib.
Məsələ ilə bağlı Ekologiya.az Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət etdik.
Nazirlikdən saytımıza bildirilib ki, məsələ ilə bağlı yerli icra hakimiyyətinə müraciət edilməlidir.
Bununla əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinə də sorğu ünvanladıq. Lakin sorğumuza cavab verilməyib.
Söküntü işlərinin ərazidə, hansı əsasla və hansı qurumun icazəsi ilə aparıldığı, həmçinin ərazidə təhlükəsizlik tədbirlərinin görülüb-görülmədiyi ilə bağlı suallarımızı cavablandırmasını gözləyirik.
Binəqədi Rayon İcra Hakimiyyətinin mövqeyi daxil olduğu təqdirdə xəbər yenilənəcək və yayımlanacaq.
Binəqədi rayonunda, Ağsaray şadlıq sarayının yaxınlığında söküntü işləri aparılır.Ərazidə görülən işlərlə bağlı görüntülər yayılıb. Kadrlarda müəyyən tikililərin söküldüyü, ərazidə işlərin davam etdiyi görünür. Söküntü işləri ətrafda yaşayan sakinlərin də diqqətini çəkib.
Məsələ ilə bağlı Ekologiya.az Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət etdik.
Nazirlikdən saytımıza bildirilib ki, məsələ ilə bağlı yerli icra hakimiyyətinə müraciət edilməlidir.
Bununla əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinə də sorğu ünvanladıq. Lakin sorğumuza cavab verilməyib.
Söküntü işlərinin ərazidə, hansı əsasla və hansı qurumun icazəsi ilə aparıldığı, həmçinin ərazidə təhlükəsizlik tədbirlərinin görülüb-görülmədiyi ilə bağlı suallarımızı cavablandırmasını gözləyirik.
Binəqədi Rayon İcra Hakimiyyətinin mövqeyi daxil olduğu təqdirdə xəbər yenilənəcək və yayımlanacaq.