Yeni şirkətlər, köhnə işçilər: SOCAR-da nə baş verir?


SOCAR ətrafında son dövrlərdə diqqət çəkən ziddiyyətli mənzərə yaranıb: bir tərəfdən yeni şirkətlər yaradılır, digər tərəfdən isə mövcud strukturlarda işçilərin ixtisarı və “optimallaşdırma” prosesləri barədə məlumatlar yayılır. Təbii olaraq ortaya sual çıxır: **Əgər yeni fəaliyyət istiqamətləri üçün şirkətlər yaratmağa ehtiyac varsa, onda niyə mövcud işçi qüvvəsinin bir hissəsi işdən çıxarılır?**
Bu suala cavab vermək üçün əvvəlcə “yeni şirkət yaradılması” ilə “yeni iş yerlərinin yaradılması” anlayışlarını bir-birindən ayırmaq lazımdır.
Yeni şirkət mütləq yeni iş yeri demək deyil
2026-cı ilin iyulunda “SOCAR Drilling” MMC-nin dövlət qeydiyyatına alındığı barədə məlumat yayıldı. Məlumata görə, bu, ilin əvvəlindən SOCAR brendi ilə yaradılan altıncı şirkət olub.
SOCAR-ın öz korporativ strukturunda da törəmə və asılı şirkətlər sistemi uzun illərdir mövcuddur. Məsələn, şirkətin sənədlərində törəmə müəssisə, asılı şirkət, birgə müəssisə və digər hüquqi formalar ayrıca müəyyənləşdirilir.
Deməli, yeni MMC-nin yaradılması avtomatik olaraq SOCAR-ın ümumi işçi sayının artacağı anlamına gəlmir. Yeni şirkət müəyyən bir fəaliyyət istiqamətini ayrıca idarə etmək, maliyyə və məsuliyyətləri ayırmaq, investisiya cəlb etmək, tərəfdaşlarla işləmək və ya daha çevik kommersiya strukturu yaratmaq məqsədi daşıya bilər.
Amma məhz burada əsas sual yaranır: bu strukturlaşma işçinin xeyrinə, yoxsa yalnız idarəetmənin və maliyyə modelinin dəyişdirilməsinə xidmət edir?**
“Optimallaşdırma” sözünün arxasında nə dayanır?
Son aylarda SOCAR-da ixtisarlarla bağlı müxtəlif məlumatlar yayılıb. Bəzi məlumatlarda əsasən fəhlələrin və aşağı pillədə çalışan əməkdaşların ixtisar edildiyi, inzibati və baş ofis strukturlarında isə yeni vəzifələrin yaradıldığı iddia olunur.
Bu iddiaların hamısını təsdiqlənmiş fakt kimi qəbul etmək düzgün olmaz. Lakin məsələni araşdırmaq üçün kifayət qədər ciddi sual yaradır.
Əgər məqsəd həqiqətən səmərəliliyi artırmaqdırsa, optimallaşdırmanın meyarları ictimaiyyətə aydın izah edilməlidir.
Neçə ştat ixtisar olunub?
Neçə yeni ştat yaradılıb?
İnzibati heyətin sayı necə dəyişib?
Fəhlələrin sayı necə dəyişib?
Yeni yaradılan şirkətlərdə hansı vəzifələr açılır?
İxtisar olunan işçilərə həmin yeni şirkətlərdə işləmək imkanı yaradılırmı?
Bu suallar cavabsız qaldıqda “optimallaşdırma” ifadəsi cəmiyyətdə haqlı olaraq şübhə yaradır.
Bir struktur bağlanır, digəri niyə yaradılır?
Dövlət şirkətlərində struktur dəyişikliklərinin iqtisadi məntiqi ola bilər. Məsələn, müəyyən fəaliyyət növünün ayrıca hüquqi şəxsə keçirilməsi onun gəlir və xərclərinin ayrıca uçotuna, idarəetmənin sadələşdirilməsinə və kommersiya fəaliyyətinin daha çevik aparılmasına imkan verə bilər.
SOCAR-ın idarəetmə modelinin təkmilləşdirilməsi də yeni məsələ deyil. 2021-ci ildə SOCAR-ın Müşahidə Şurasının yaradılması ilə şirkətin korporativ idarəetmə modelinin gücləndirilməsi nəzərdə tutulmuşdu. Həmin sənəddə SOCAR-ın strukturunun təsdiqi, maliyyə hesabatlarının və dividend siyasətinin müəyyənləşdirilməsi kimi məsələlər ayrıca idarəetmə mexanizmlərinə bağlanmışdı.
Bu baxımdan yeni şirkətlərin yaradılması müəyyən strategiyanın tərkib hissəsi ola bilər.
Lakin burada vacib məsələ şəffaflıqdır.
Əsas problem: işçi ixtisarı deyil, ixtisarın necə aparılmasıdır
İqtisadi baxımdan şirkət hər zaman strukturunu dəyişə, xərcləri azalda və əmək məhsuldarlığını artırmağa çalışa bilər. Bu, özəl şirkətlərdə də, dövlət şirkətlərində də normal idarəetmə prosesidir.
Problem o zaman başlayır ki, “xərclərin azaldılması” əsasən sıravi işçinin işdən çıxarılması kimi görünür, eyni vaxtda yeni idarəetmə strukturları və vəzifələr yaradılır.
Çünki bir fəhlənin işdən çıxarılması ilə bir idarəçi vəzifəsinin yaradılmasının iqtisadi nəticəsi eyni deyil.
Əgər şirkət həqiqətən qənaət etmək istəyirsə, cəmiyyətin qarşısında daha geniş sual dayanır: **qənaət niyə ilk növbədə aşağı maaşlı işçinin hesabına aparılmalıdır?**
Bu sual xüsusilə neft-qaz sektorunda vacibdir. Çünki burada söhbət yalnız bir əmək müqaviləsindən getmir. Söhbət illərlə həmin sistemdə çalışmış, peşə təcrübəsi toplamış insanların gəlirindən, ailələrinin sosial vəziyyətindən və əmək bazarına reinteqrasiyasından gedir.
Dövlət şirkəti kommersiya şirkətinə çevrilirmi?
SOCAR dövlət şirkətidir, lakin eyni zamanda böyük kommersiya strukturu kimi fəaliyyət göstərir. Onun çoxsaylı törəmə və birgə müəssisələri mövcuddur.
Məsələn, “SOCAR Polymer” dövlət-özəl sektor tərəfdaşlığı nəticəsində yaranmış müəssisə kimi təqdim olunur və 2026-cı ilin ilk beş ayında qeyri-neft sektoru üzrə Azərbaycanın əsas dövlət ixracatçıları arasında yer alıb.
Bu model göstərir ki, SOCAR daxilində dövlət kapitalı ilə yanaşı, tərəfdaşlıq və ayrıca kommersiya strukturları da mühüm rol oynayır.
Bu prosesin özü mənfi deyil.
Əksinə, düzgün qurulduğu halda belə şirkətlər daha çevik, rəqabətqabiliyyətli və gəlirli bizneslər yarada bilər.
Amma əsas prinsip dəyişməməlidir: **struktur dəyişikliklərinin nəticəsi ölçülə bilən və ictimaiyyət üçün başadüşülən olmalıdır.**
Yeni şirkətlər işdən çıxarılanlar üçün imkan yaradırmı?
Əslində məsələnin ən maraqlı tərəfi də budur.
Əgər SOCAR yeni fəaliyyət sahələri üzrə şirkətlər yaradırsa, niyə struktur dəyişiklikləri nəticəsində işini itirən təcrübəli əməkdaşların bir hissəsi həmin şirkətlərə yönləndirilmir?
Məsələn, yeni şirkət yaradılırsa, onun kadr ehtiyacının müəyyən hissəsi mövcud SOCAR əməkdaşlarının daxili seçim yolu ilə qarşılanıla bilər. Bu halda həm təcrübəli kadr qorunar, həm də işçinin işsiz qalmasının qarşısı alınar.
Əgər belə mexanizm yoxdur və eyni vaxtda bir tərəfdən işçilər ixtisar edilir, digər tərəfdən yeni hüquqi şəxslərə kadr qəbulu aparılırsa, bu artıq daha ciddi izah tələb edən məsələdir.
İctimaiyyət hansı rəqəmləri bilməlidir?
SOCAR ətrafında gedən prosesləri düzgün qiymətləndirmək üçün emosional müzakirədən daha çox rəqəmlərə ehtiyac var.
Şirkət açıqlamalıdır:
* Son iki ildə ümumi işçi sayı nə qədər dəyişib?
* Neçə nəfər ixtisar olunub?
* Neçə yeni işçi qəbul edilib?
* Yeni yaradılan şirkətlərdə neçə ştat nəzərdə tutulub?
* Baş ofis və inzibati heyətin sayı necə dəyişib?
* Fəhlə və texniki heyətin sayı necə dəyişib?
* İxtisar olunan işçilərin yeni yaradılan şirkətlərə keçirilməsi üçün mexanizm varmı?
* Struktur dəyişiklikləri nəticəsində dövlət nə qədər qənaət edir?
Bu rəqəmlər açıqlanarsa, “SOCAR işçiləri niyə ixtisar edir?” sualına emosiyalarla yox, faktlarla cavab vermək mümkün olacaq.
Əsas sual budur: şirkət böyüyür, yoxsa sadəcə forması dəyişir?
Yeni şirkətlərin yaradılması SOCAR-ın kiçilməsi anlamına gəlmir. Əksinə, bu, şirkətin fəaliyyətini yeni hüquqi və kommersiya strukturları altında genişləndirməsi də ola bilər.
Amma əgər yeni şirkətlərin sayı artır, yeni vəzifələr yaranır, yeni layihələr başlayır, eyni zamanda mövcud əməkdaşların sayı azalırsa, cəmiyyətin soruşmağa haqqı var:
SOCAR-da həqiqətən optimallaşdırma gedir, yoxsa iş yerlərinin və idarəetmə strukturlarının yenidən bölüşdürülməsi prosesi aparılır?
Bu suala cavab vermək üçün isə şüarlar yox, açıq statistika lazımdır.
Çünki dövlət şirkətində aparılan struktur dəyişikliyi yalnız menecmentin daxili məsələsi deyil. Burada söhbət minlərlə insanın əmək və sosial təminatından, dövlət aktivlərinin idarə olunmasından və nəticə etibarilə cəmiyyətin maraqlarından gedir.
Yeni şirkət yaratmaq asandır. Əsas məsələ həmin şirkətlərin neçə yeni iş yeri yaratdığını və eyni vaxtda neçə mövcud iş yerinin niyə itirildiyini izah etməkdir.
Sos Xəbər

Zaqatala İcra Hakimiyyətinin milyonluq tenderləri ŞÜBHƏ DOĞURDU - ŞOK SİYAHI



Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən küçələrin cari təmiri, yanacaq alınması, kommunal binaların bərpası, eləcə də məhəllədaxili yolların və çoxmənzilli binaların həyətlərinin asfaltlaşdırılması adı altında külli miqdarda vəsait ayrılaq təkrar-

təkrar tenderlər elan edilib.

NOCOMMENT.az xəbər verir ki, lakin aparılan təhlillər zamanı maraqlı və şübhə doğuran məqamlar üzə çıxıb.

Məlum olub ki, tenderlərin qalibi olan şirkətlərin əksəriyyəti eyni müəssisələrdən ibarətdir, ayrılan maliyyə və görülən işlər isə hər il demək olar ki, eyni ünvanları əks etdirir. Bu yaxın tarixlərdə eyni ünvanlara dəfələrlə vəsaitlərin ayrılması ciddi maliyyə pozuntuları ehtimalını ortaya qoyur.

Məsələn, Zaqatala şəhəri Faiq Əmirov küçəsi 286 saylı binanın həyətində abadlıq işlərinin aparılması məqsədilə 2025-ci ilin 8-ci və 10-cu aylarına təsadüf edən qısa müddət ərzində dəfələrlə vəsait əldə olunub. Həmin tarixlərə nəzər salsaq:

* 27.10.2025 tarixində 45.368,37 AZN

* 29.08.2025 tarixində 24.730,59 AZN

* 28.08.2025 tarixində isə 21.663,51 AZN olmaqla ümumilikdə təxminən 90 min manatlıq abadlıq maliyyəsi ayrılıb və bütün bu müqavilələr eyni MMC – "İstehsal Təmir Sahəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb.

Eyni hal Vaqif İsmayılov küçəsi 7 saylı binanın həyəti ilə bağlı Tenderlərdə də təkrarlanıb. Həmin ünvandakı abadlıq işləri üçün də eyni şirkətə yaxın tarixlərdə fərqli məbləğlərdə – 28.124,67 AZN (23.10.2025), 20.249,7 AZN (26.08.2025) və 36.612 AZN (19.05.2025) olmaqla vəsaitlər ayrılıb.

Bənzər vəziyyət asfaltlaşdırma işlərini həyata keçirən "VNM İnşaat" MMC-nin də tenderlərində müşahidə olunub. Belə ki, Zaqatala şəhərinin küçələrinin asfaltlaşdırılması üzrə 26.11.2025 tarixində 575.559,63 AZN, qısa bir neçə gün sonra – 04.12.2025 tarixində isə yenidən 138.991,02 AZN məbləğində tender rəsmiləşdirilib ki, bu da cəmiyyətdə işlərin real olaraq yerinə yetirilib-yetirilməməsi sualını doğurur.

Eyni işlərə və ünvanlara təkrarən dövlət büdcəsindən vəsaitlərin ayrılması Dövlət Satınalmaları Qanununun və büdcə intizamının kobud şəkildə pozulması şübhələrini artırır. Buna görə də Hesablama Palatası və Maliyyə Nazirliyi tərəfindən rayonda ayrılan tenderlərə və görülən işlərə audit yoxlamalarının aparılması zəruri hesab olunur.

Son illər ərzində Zaqatala rayonuna ayrılan əsas tenderlərin siyahısı aşağıdakılardır:

* "İstehsal Təmir Sahəsi" MMC: Zaqatala şəhərinin Ərəblinski küçəsində yağış sel sularının kənarlaşdırılması üçün arxların cari təmiri işləri – 28.290,5 AZN

* "Qafqaz-oil" MMC: Dizel yanacağı və benzin Ai92 alınması – 27.141 AZN

* "Zaqatala-2016" MMC: Şəhər ərazisində yerləşən kommunal binalarda təmir və bərpa işləri – 70.927,38 AZN

* "VNM İnşaat" MMC: Məhəllədaxili yolların və çoxmənzilli binaların həyətlərinin asfaltlaşdırılması – 138.991,02 AZN

* "VNM İnşaat" MMC: Zaqatala şəhərinin küçələrinin asfaltlaşdırılması işlərinin həyata keçirilməsi – 575.559,63 AZN

* "İstehsal Təmir Sahəsi" MMC: Faiq Əmirov küçəsi 286 saylı binanın həyətində abadlıq işləri – 45.368,37 AZN, 24.730,59 AZN və söhbətgahların quraşdırılması üçün 21.663,51 AZN

* "İstehsal Təmir Sahəsi" MMC: Vaqif İsmayılov küçəsi 7 saylı binanın həyətində abadlıq işləri – 36.612 AZN, 28.124,67 AZN və söhbətgahların tikintisi üçün 20.249,7 AZN

* "Balakən Kommunal-2011" MMC: Maşın, avadanlıq, nəqliyyat ehtiyat hissələri və inventarların satınalınması – 24.606,4 AZN

* "Servis Universal" MMC: Kebeloba məktəb yolunun kənarında su arxının quraşdırılması – 22.840 AZN, həmçinin mənzil fondunun təmiri – 54.534,5 AZN, Vasif Qurbanov və Aslanbey Qardaşov küçələrində binaların dam örtüklərinin təmiri – 23.055 AZN

* "Nur General Supplier" MMC: Avtomobillərin cari təmiri və yağ dəyişdirilməsi xidmətləri – 36.544,6 AZN

* "İstehsal Təmir Sahəsi" MMC: Məişət tullantıları poliqonunda zibil quyularının qazılması – 42.850,52 AZN, küçə və meydanlarda təmir-abadlıq işləri – 30.892,91 AZN, magistral yol kənarlarındakı istinad divarlarının təmiri – 97.085,92 AZN

* "Azsur Group" MMC: Zaqatala şəhərinin küçələrinin asfaltlaşdırılması – 590.000 AZN, şəhərdə meydanların təmiri – 45.961 AZN

* "Zaqatala-2016" MMC: Heydər Əliyev Prospektində əsaslı təmir işləri – 360.184,62 AZN

SARA,

NOCOMMENT

Mənbə: Ofeliya Pəncəliyeva

Suraxanı bazarında TƏZƏ NIRX... - ÖZBAŞINA QALIBLAR...


"3 gündür bir məlumat əldə etmişəm və hələ də düşünürəm ki, axı niyə? Niyə əlində balaca bir fürsət və ya səlahiyyət olan şəxs, gündəlik 3-5 manat çörək pulunu min bir əziyyətlə qazanmağa çalışan insanların üzərində hökmranlıq edir? ​Etməyə çalışmır ha, konkret edir!" Bunu özünün sosial şəbəkə hesabında jurnalist Jalə Əsədova qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Əldə etdiyim məlumata görə, aşağıdakı fotoda gördüyünüz bu poketlər Suraxanı bazarı rəhbərliyi tərəfindən orada fəaliyyət göstərən icarədarlara 50 qəpikdən məcburi şəkildə satılır (daha doğrusu, sırınır). Halbuki satıcı bu paketləri başqa yerdən dəfələrlə ucuza ala bilər. Amma bazar rəhbərliyi konkret ultimatom verib ki, “Hansı müştərinin əlində başqa paket görsəm, onu satan satıcı 50 manat cərimələnəcək!”

​İndi gəlin məsələyə soyuqqanlı və hüquqi müstəvidə baxaq:
​İcarədar sənin qulun və ya işçin deyil! Məkanın pulunu ödəyib, öz halal zəhməti ilə ticarətini edir. İcarə müqaviləsindən kənar ona məcburi mal sırımaq nə dərəcədə qanunidir?
​Bazar rəhbərliyi cəriməni hansı hüquqi əsasla tətbiq edir?
Siz hansı dövlət qurumusunuz, hansı səlahiyyətlə vətəndaşa “cərimə” kəsirsiniz?
Azərbaycan Respublikasının qanunlarına görə cərimə tətbiq etmək səlahiyyəti yalnız müvafiq dövlət orqanlarına məxsusdur. Özbaşına cərimə mexanizmi yaratmaq bilavasitə özbaşınalıq və haqsızlıqdır!
​İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, sizin bu özəl “cərimə” və məcburi poket satışından xəbəriniz varmı?
Bu rəhbərlik satan pöketlərdən və kəsdiyi "cərimələrdən" əldə etdiyi nağd gəlirin vergisini verirmi, yoxsa burada kölgə iqtisadiyyatı çiçəklənir?
​Bu addım açıq-aşkar azad rəqabətin pozulması, kiçik sahibkarlığa süni maneələrin yaradılması və dominant mövqedən sui-istifadədir!"

Jurnalist Jalə Əsədova

Nazilə Səfərli “Azercell”i tənqid etdi: “Vətəndaşı xarici ölkədə dilənçiyə döndərirsiz"



Müğənni Nazilə Səfərli “Azercell”in eSIM və rouminq xidmətlərindən narazılığını ifadə edib.

Bizimesr.media Nazilə Səfərli sosial şəbəkə paylaşımında mobil operatorun xidmətlərindən istifadə zamanı qarşılaşdığı problemlərdən danışıb və “Azercell”i sərt tənqid edib.

O bildirib ki, xarici ölkədə olarkən “Azercell” nömrəsi ilə bağlı gözləmədiyi ödənişlə üzləşib: “Azercell nömrənizi eSIM xidməti vətəndaşı xarici ölkədə rouminq xidməti adı ilə soyur. Adam öz vətəndaşını incidər? Mən fakturalı abonent deyiləm, məni fakturalı hesaba qoşublar. Məni niyə soyursuz? Reklam məni aldatdı”.

Səfərli xaricdə rabitədən istifadə edən vətəndaşların gözlənilməz xərclərlə üzləşməsindən narazılığını bildirib və bununla bağlı “Azercell”dən izahat tələb edib.

Məsələ ilə bağlı “Azercell” mövqeyini açıqlamır.

Bizimesr.media

VİDEO LİNKDƏ: https://bizimesr.media/az/post/nazile-seferli-azercelli-tenqid-etdi-vetendasi-xarici-olkede-dilenciye-donderirsiz-22946

Hacı Məhərrəm Novruzov və onun “Qəmlosu” Şahlar Hüseynov... - İLGİNC İDDİALAR



Az öncə yayılan xəbərə görə, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində mağazada uçqun baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, mağazanın tavanının uçması nəticəsində 1989-cu il təvəllüdlü Gülnar Məhəmməd qızı Miriyevanın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında qaldığı müəyyən edilib. Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə dağıntı altında qalan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Xəsarət alan şəxslərə şəfa diləyirik. Amma ictimai narahatlığı artıran əsas məsələ budur ki, belə hadisələrin yenə olmayacağına zəmanət yoxdur. Binaların zirzəmisində və alt mərtəbələrində yerləşən qeyri-yaşayış obyektlərinin inşasında ciddi qanunsuzluqlara yol verilir, tikinti normalarılnıın tələblərinə məhəl qoyulmur.

Abşeron rayonunun Masazır qəsəbəsindəki "Bağçalı Evlər MTK" tərəfindən ərsəyə gətirilən “Qurtuluş-93” Yaşayış Kompleksində binaların da zirzəmiləri, birinci mərtəbələri qeyri-yaşayış obyektlərinə çevrilir. Birinci mərtəbələrdəki mənzilləri, otaqları bir-birindən ayıran divarlar, sütunlar, dəmir-beton konstruksiyalar sökülərək, məkan qeyri-yaşayış obyektinin təyinatına uyğunlaşdırılır ki, bu da binanın özünə, üst mərtəbələrdə yaşayan sakinlərə təhlükə vəd edir.

Hal-hazırda sözügedən massivdəki 12 A saylı bina qeyd olunan səbəbdən qəzalı vəziyyətə düşüb. Binanın sakinlərinin “Nyus.az” saytının redaksiyasına verdikləri şikayət xarakterli məlumatı dəqiqləşdirmək məqsədilə əməkdaşlarımız həmin ünvana yollanıb yerində video-çəkiliş aparıblar. Görüntülər sakinlərin narahatlığının heç də əsassız olmadığını təsdiqləyir.

Bildirilir ki, yaşayış massivində belə bir mənfi tendensiyanın dərinləşməsinin səbəbkarı tikinti maqnatı, "Bağçalı Evlər" MTK-nın və Novxanıdakı "My Beach" istirahət mərkəzlərinin rəhbəri hacı Məhərrəm Novruzovun özüdür. Görünən odur ki, kəsdirdiyi ağacların yerində tikdirdiyi binalara sonradan etdiyi qanunsuz, təhlükəli dəyişikliklərə görə M.Novruzova “dur” deyən yoxdur. Əlaqədar instansiyaların – Abşeron Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin ona gücləri çatmır.

Xatırladaq ki, M.Novruzovun adı əvvəllər də bir sıra qalmaqallarda hallanıb. Onun inşa etdirdiyi binalarda pulun tam ödəməsinə baxmayaraq, yüzlərlə sakin hələ də tam əmlak sahibi hüququnu təsdiq edən "çıxarış"a malik deyillər. Eyni zamanda uzun illər tikinti şirkətinin söz verməsinə baxmayaraq, binalar qazlaşdırılmayıb. Yaşayış kompleksində camaatın istirahəti üçün nəzərdə tutulan parkın ərazisində restoran, çayxana, “moyka” və s. müxtəlif mağazalar tikməklə sakinlərin asudə vaxtlarını keçirəcəkləri imkanları məhdudlandırıblar. Sakinlərin haqlı etirazları qarşısına isə hacı Məhərrəmin etibarlı adamı Şahlar Hüseynov çıxır. Məlumatlarda qeyd olunur ki, M.Novruzovla Ş.Hüseynov bir növ Kərbəlayi İsmayılla Qəmlonun prototipləridir. Hacı “dırnaq kəs” deyəndə Şahlar barmaq kəsir, “birçək kəs” deyəndə qulaq kəsir.

Bundan başqa, mediada Ukrayna Respublikasının Lıvov şəhərində yaşayan iş adamı Nazim Qəzənfərovun adından M.Novruzova qarşı səslənən iddialar da diqqət çəkir.

Onu da qeyd edək ki, M.Novruzovun özündən müştəbehliyi ailə üzvlərinə, yaxın çevrəsinə də sirayət edib. Bir neçə il öncə həyat yoldaşı, daha sonra isə kürəkəni idarə etdikləri avtomobillərlə yolda qəza törədərək, digər hərəkət iştirakçılarının ölümünə və xəsarət almalarına səbəb olublar.

Mövzuya qayıdacağıq.

Nyus.Az

Masallının da öz SULTANI var imiş... - BU NƏDİ BELƏ?


Maaşla Tikilməyən "Sultan İmperiyası": Masallıdakı Mülklərin, Bazarların Pul Mənbəyi Nədir?

"Masallı rayonunda baş verənlər artıq sadəcə bir məmur özbaşınalığı deyil, dövlətin qanunlarına, vətəndaşın haqqına və açıq-aşkar ədalətə qarşı edilən bir hörmətsizlikdir. Rayon Əmlak Komitəsinin "Sultan" adında bir əməkdaşı var..." Bunu özünün sosial şəbəkə hesabında jurnalist Sima Babayeva yazıb.

O daha sonra fikrini belə davam etdirir: "Görünür, bu şəxs özünü Masallıda sözün əsl mənasında "sultan" zənn edir; istədiyi torpağı istədiyi adama satır, sənədlərlə manipulyasiya edir və dövlətin qanunlarını öz şəxsi maraqlarına qurban verir.

Lürən kənd sakini Əbilov Mahirin başına gələnlər bu saxtakarlıq maşınının necə işlədiyini bütün çılpaxlığı ilə ortaya qoyur. Vətəndaşın mülkiyyətində olan, yolun baş hissəsində yerləşən torpaq sahəsi qanunsuz yolla sənədləşdirilib satılıb. Ən gülünc və ikrahdoğuran məqam isə budur:

Masallı Rayon İcra Hakimiyyəti və bələdiyyə əvvəlcə rəsmən bildirir ki, "bura yoldur". Amma cəmi 10 gün keçir, eyni qurumlar Sultan bəylə əlbir olub vətəndaşın üzünə dururlar ki, "yox, bu yol başqa vətəndaşındır".
İndi sual olunur:

10 gün ərzində xəritə dəyişdi, yoxsa qanun? Əlbəttə ki, heç biri. Dəyişən sadəcə Sultan bəyin saxta sənəd oyunlarıdır. Sənədlərlə bu cür oyun oynamaq, dövlətin möhrünü və kağızını öz şəxsi alverinə alət etmək hansı məsulliyyətə sığır?

Bir jurnalist olaraq bu məsələni yerində araşdırmaq üçün Sultan bəyin yanına getdik. Qarşımıza çıxarılan mənzərə isə biabırçılığın son həddi idi: Sultan bəy bizə hələ çap aparatının istiliyi üstündə olan, qatı belə açılmamış təzə bir texpasport göstərir.

Buradan açıq və kəskin sual veririk: Sultan bəy, vətəndaşın texpasportunun sizin masanızda, sizin əlinizdə nə işi var?

Biz Əmlak Komitəsinin Baş İdarəsinə müraciət etdik və oradan rəsmən bildirildi ki, həmin ərazi yoldur! Yaxşı, Baş İdarənin "yol" dediyi yeri Sultan bəy özünəmexsus hansı "qaranlıq variantlarla" sənədləşdirib sata bilib?

Əgər Baş İdarə öz adından çıxarılan bu saxta sənədlərlə bir az maraqlansaydı, bu məsələ çoxdan həllini tapmışdı.
Amma suallar bununla bitmir. Bu böyüklükdə korrupsiya mexanizminə, göz qabağında olan bu saxtakarlığa Masallı Rayon Prokurorluğu niyə göz yumur?

Məmur özbaşınalığı və rüşvət iddiaları bu qədər qabarıq olduğu halda, hüquq-mühafizə orqanları niyə susur?

Bu sükutun arxasında ne durur?

Gələk vətəndaşların haqlı iddialarına və hamının bildiyi, amma ucadan deməyə çəkindiyi həqiqətlərə. Deyilənə görə, Sultan bəyin öz adına, qohum-əqrəbasının adına saysız-hesabsız mal-mülk, mülkiyyət var.

Hətta Masallıda hamının "Sultanın bazarı" kimi tanıdığı böyük bir bazarın da ona məxsus olduğu bildirilir.
Dövlətin sıravi bir əmlak komitəsi əməkdaşının aldığı maaş bəllidir.

Bəs soruşuruq: Bu nəhəng mülklərin, bazarların maliyyə mənbəyi nədir?

Sultan bəy bu sərvəti hansı qanuni qazancla əldə edib? Bu sualın cavabını aidiyyəti qurumlar dərindən araşdırmalıdır.

Ölkə Başçısı, Ali Baş Komandan İlham Əliyev hər çıxışında məmur özbaşınalığına, korrupsiyaya qarşı amansız mübarizə aparılmasını tələb edir, vətəndaşların incidilməməsini tapşırır.

Sultan bəy kəsimində olan məmurlar isə nəinki bu siyasətə zidd gedir, açıq-aşkar insanları dövlətdən və hakimiyyətdən narazı salmaqla məşğuldurlar. Sual olunur:

Sultan bəyin Masallı sakinlərini bu həddə çatdırmaqda, süni narazılıq yaratmaqda məqsədi nədir? Bu hansı cəsarətdir?

Təbii ki, bütün bu iddialar və saxtakarlıq faktları məhkəmə müstəvisində qaldırılacaq.
Lakin biz də media mənsubu olaraq oturub gözləmədik. Bütün bu faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəsmi məktub ünvanlamışıq.

Bu özbaşınalıq, torpaq alveri və sənəd saxtakarlığı cəzasız qala bilməz. Əmlak Komitəsini öz şəxsi mülkünə çevirən Sultan bəyin əməllərinə ən yüksək səviyyədə hüquqi qiymət verilməli, bu qanunsuzluqlara son qoyulmalıdır!.."

Dia-az

Birmarketlə bağlı 150 min manatlıq iddia üzrə məhkəmə araşdırması davam edir – sahibkar bir sıra pozuntuların araşdırılmasını tələb edir


6 avqust 2026-cı il tarixində Bakı Kommersiya Məhkəməsində mebel şirkətinin rəhbəri Fuad Mirzəyevin “Birmarket” mağazalar şəbəkəsi ilə bağlı qaldırdığı iddia üzrə növbəti məhkəmə iclası keçirilib.
Bakıfakt.az-a verilən məlumata görə, həmin məhkəmə iclasında “Birmarket” tərəfdən nümayəndə iştirak etməyib. Bununla belə, iş üzrə məhkəmə araşdırması davam edir və hazırda yekun qərar qəbul edilməyib.

Fuad Mirzəyevin iddiasına əsasən, “Birmarket”lə əməkdaşlıq dövründə mebel məhsullarının daşınması, saxlanılması və müştərilərə çatdırılması zamanı bir sıra problemlər yaranıb. Sahibkar həmçinin ləğv olunmuş və ya geri qaytarılmalı məhsulların ona qaytarılmadığını iddia edir.

Sahibkarın sözlərinə görə, bəzi məhsulların geri qaytarılması ilə bağlı aktlarda uyğunsuzluqlar olub və təqdim etdiyi sənədlər arasında özünə məxsus imzanın saxtalaşdırıldığını iddia etdiyi sənəd də var. Fuad Mirzəyev bu iddiaları təsdiqləyən sübutların olduğunu bildirərək məhkəməyə bir sıra foto və sənədlər təqdim edib.

Qeyd edək ki, təqdim olunan materialların həqiqiliyi və onların hüquqi qiyməti məhkəmə araşdırmasının nəticəsində müəyyən edilə bilər. Əgər sənədlərdə saxtalaşdırma və ya digər qanun pozuntuları faktı müvafiq qaydada təsdiqlənərsə, həmin hallara hüquqi qiymət verilməsi məsələsi də gündəmə gələ bilər.

Sahibkar iddia ərizəsində qarşı tərəfdən 150 min manat maddi ziyanın, həmçinin ödədiyi dövlət rüsumunun tutulmasını tələb edir. Fuad Mirzəyevin hesablamalarına əsasən, əməkdaşlıq nəticəsində şirkətə dəymiş faktiki zərərin ən azı 150 min manat olduğu bildirilir.
Fuad Mirzəyev hesab edir ki, əməkdaşlıq zamanı yarandığını bildirdiyi problemlər, məhsulların qaytarılması ilə bağlı məsələlər və təqdim etdiyi sənədlər hüquqi müstəvidə hərtərəfli araşdırılmalı və məsələyə obyektiv qiymət verilməlidir.

“Birmarket” nümayəndəsi iclasda iştirak etməyib
6 avqust tarixində keçirilən məhkəmə iclasında “Birmarket” tərəfdən nümayəndənin iştirak etmədiyi bildirilir. Qarşı tərəfin iclasda iştirak etməməsinin səbəbi ilə bağlı hazırda redaksiyaya hər hansı rəsmi açıqlama daxil olmayıb.

Məhkəmə tərəfindən iş üzrə hələlik yekun qərar qəbul edilməyib. Buna görə də tərəflərin irəli sürdüyü iddialar və təqdim etdiyi sübutlara yekun hüquqi qiymətin məhkəmə araşdırmasının nəticəsindən sonra veriləcəyi gözlənilir.
Bakıfakt.az olaraq xüsusi olaraq bildiririk ki, məqalədə qeyd olunan məlumatlar sahibkar Fuad Mirzəyevin açıqlamaları, təqdim etdiyi sənədlər və onun məhkəmədə irəli sürdüyü iddialar əsasında hazırlanıb. Yazıda səsləndirilən iddiaların yekun həqiqət kimi qəbul edilməməsi vacibdir. İş üzrə son hüquqi qiyməti məhkəmə verəcək.

Bakıfakt.az “Birmarket” rəhbərliyinin, Problemli Məsələlər Şöbəsinin və ya iş üzrə digər cavabdeh şəxslərin mövqeyini dərc etməyə hazırdır. Qarşı tərəf redaksiyaya müraciət edərək məsələyə dair öz açıqlamasını təqdim edə bilər.
Məhkəmə prosesinin gedişi, növbəti iclasda qəbul ediləcək qərar və tərəflərin hüquqi mövqelərinin məhkəmə tərəfindən necə qiymətləndiriləcəyi Bakıfakt.az-ın diqqətində saxlanılacaq

Bakıfakt.az

Zəyəmçay özü ilə zir-zibil gətirir... - Bu görüntülər gündəm oldu


Tovuzda bir neçə gündür yağan güclü yağış Zəyəmçayda daşqına səbəb olub.

Nəticədə sel suları çayın üzərindəki körpünü dağıdıb və yararsız hala salıb, İsakəndlə rayon mərkəzinin əlaqəsi kəsilib.

Burada diqqətçəkən məqam isə həm də kəndlərdən gələn zibil və məişət tullantılarının su ilə birgə axmasıdır. Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, qalaq-qalaq zibil və məişət tullantıları çayın məcrası boyunca hərəkət edib. Məlum olub ki, sözügedən görüntülər Tovuzun Gədəbəylə həmsərhəd olan Ağbaşlar kəndi ərazisində çəkilib. Qeyd edilib ki, kəndlərdə əhali xüsusən yay aylarında məişət tullantıları ilə bağlı ciddi problem yaşayır. Əksər kəndlərdə məişət tullantılarının atılması üçün xüsusi yerlər ayrılmadığından əhali, eyni zamanda turistlər zibili çay kənarlarına atır.

Tovuzda selin yaratdığı fəsadlarla bağlı Tovuz Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, artıq körpü bərpa olunub və fəsadlar aradan qaldırılır: “Baş vermiş hadisənin fəsadlarının aradan qaldırılması məqsədilə Tovuz Rayon İcra Hakimiyyəti yanında Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən müvafiq tədbirlərin görülməsinə başlanılıb və kəndin rayon mərkəzi ilə gediş-gəlişi bərpa olunub”.(“Qafqazinfo”)


MTK-ların hökmranlığına nə vaxt son qoyulacaq? - Su, işıq, qaz, təmirə başlamağa görə 5 min


Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların ən çox müzakirə etdiyi məsələlərdən biri də yeni tikilən binalarda fəaliyyət göstərən Mənzil Tikinti Kooperativi (MTK) ilə bağlıdır.

Sakinlər əsasən MTK rəhbərlərinin özbaşınalığından, yeni qaydalar tətbiq etməsindən şikayətlənirlər. Vətəndaşlardan biri "Təmirsiz yeni tikiliyə (bina evi) sayğaclar üçün MTK rəhbərliyi 2500 manat pul tələb edir.

“Gəlin, müqavilə bağlayın və 2500 manat pul ödəyin”, deyirlər. “Azərsu”, “Azərişıq” və “Azərenerji”yə ayrı-ayrılıqda zəng etdim, deyirlər, bu məsələyə biz baxmırıq, “Asan kommunal” baxır. “Asan kommunal”a müraciət etdim, onlar deyir bizim səlahiyyətimizdə deyil, bu məsələ MTK-nın səlahiyyətidir.

MTK-da deyir ki, podratçının puludur, ödənməlidir. Bildiyim qədərilə mənzilin içinə kimi xətlər MTK tərəfindən çəkilməlidir, daxili xətlərə görə hər hansısa ödəniş ola bilər. Evi təmir etməyə də buraxmırlar, “Bizimlə təmir pulu müqaviləsi bağlamalısız” deyilər və ona görə də 2500 manat tələb edirlər. Toplam 5000 manat".

Ümumiyyətlə, MTK-nın belə bir səlahiyyəti varmı? Kommunal xətlərin çəkilişi müvafiq qurumlar tərəfindən həyata keçirilməlidirmi?

Məsələ ilə bağlı iqtisadçı-hüquqşünas Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan qanunvericiliyinə, Mülki Məcəlləyə, Mənzil Məcəlləsinə görə MTK üzvlüyə əsaslanan hüquqi şəxsdir:

“Oradan mənzil alanlar oranın üzvləridir. Yəni idarəetmə onların əlində olmalıdır. MTK elə oradakı mənzil sahibləridir. Ancaq bizdə praktikada belə deyil. MTK-nı yaradanlar adətən 5 nəfər olur. Sonra mənzil alanları üzv kimi qəbul etmirlər.

Dövlət Vergi Xidməti də buna göz yumur. Halbuki binanın tikildiyini görür, vətəndaş pul ödəyir, üzvdür. Əgər üzvdürsə, ümumi yığıncaqda qərarları da onlar özləri qəbul etməlidirlər. Ancaq bizdə MTK-nı qanunsuz ələ keçirmiş şəxslər, tikinti oliqarxları vətəndaşlardan əlavə pul istəyirlər.

Bu qanunsuzdur .Yəni mən orada mənzil almaq, üzv olmaq üçün pul ödəmişəm qurtardı, ora hər şey daxildir. Binanın tikilməsi, xətlərin çəkilməsi, müqavilədə nə göstərilibsə o daxildir. Əlavə pul istəyə bilməzlər”. O qeyd edib ki, yaranan problem vətəndaşlarımızın passivliyindəndir:

“Özləri toplaşıb ümumi yığıncaq keçirsinlər. MTK rəhbərliyini özləri seçsinlər. Dövlət Vergi Xidmətindən qeydiyyatdan keçirsinlər. Qanunsuz şəxsləri məsuliyyətə cəlb etsinlər. Bunun qanuni yolu budur. Mən hazırda Bakıda bir bina üzrə prosesə başlamışam.

MTK-nın qanunsuz rəhbərliyini oradan çıxardırıq. Yəni sakinlər artıq birləşdilər. Ümumi yığncaq keçirmişik. Bildirək ki, MTK bizik, siz yox, məsələləri biz həll edəcəyik, siz kimsiz ki, bizim yermizə qərarlar qəbul edirsiz. Konkret olaraq məsələni həll etmək lazımdır”.

Cebheinfo.az

İstirahət mərkəzi yox, xəstəlik mənbəyi imiş! - GİLEY


"Bu postum həm şikayət, həm də Gədəbəyə səyahət planlayan insanlar üçün məlumat xarakteri daşıyır..." Bunu özünün sosial şəbəkə hesabında Lalə Kazımova adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Şikayətim Gədəbəydə güclü reklamı ilə tanınan Turs Su İstirahət Mərkəzi ilə bağlıdır.
Məlumat olaraq bildirim ki, məkana gedən yol kifayət qədər çətindir. Mərkəz iki dağın arasında, çökəklikdə yerləşdiyi üçün Gədəbəyin digər yerlərində hiss etdiyimiz sərin və təmiz hava burada yox idi.
Amma əsas narazılığımız məkanın öz vəziyyəti ilə bağlıdır. Şəkildən də göründüyü kimi mərkəzdə təmirlə bağlı səliqəsizlik idi. Qaldığımız kotteclərin qarşısında bir günlük piknikə gələn insanların avtomobilləri dayanırdı.Avtomobillərdə istədikləri kimi yüksək səsli musiqilər səsləndirirdilər, bundan başqa səhər açılandan piknikə gələnlərin səsi küyü tam bir xaos yaradırdı.
Gigiyena məsələsinə gəldikdə isə otaqda və hamamda hörümçək torları var idi. Restoranda qab-qacaqdan xoşagəlməz qoxu gəlirdi. Çay üçün gətirilən stəkanlarda əvvəlki çayın qalıqları görünürdü, açıq aydın bəlli idi ki yuyulmur, suya vurub gətirirlər qabları. Restoranın qiymətlərinə gəldikdə isə, demək olar ki,məkana görə baha idi. Amma sifariş etdiyimiz yeməklərdən heç birini bəyənmədik, yeyiləsi deyildi və növbəti günlərdə yemək üçün yaxınlıqdakı digər məkanlara getməli olduq. Qısaca çox ağır 2 gün keçirdik.
Əslində həmin vaxt şikayət postu yazmaq fikrim yox idi. Ona görə də hər şeyin şəklini də çəkməmişdim. Amma sonradan bu postu yazmağımın əsas səbəbi problemləri rəhbərliyə bildirdiyimiz zaman bizə olan münasibət oldu.
Narazılıqlarımızı izah etdikdə üzr istəmək və ya problemi qəbul etmək əvəzinə, demək olar ki, hər məsələyə bəraət qazandırmağa çalışıldı. Rəhbərlikdən olduğunu düşündüyüm şəxsin şikayətimə yazdığı rəyi də sizlərlə bölüşürəm.
Qayıdarkən Gədəbəydən olan taksi sürücüsü ilə də bu məsələ barədə söhbət etdik. Sürücü həmin yerin vəziyyətinin illərdir belə olduğunu və gedib-gələn müştərilərdən oxşar narazılıqları eşitdiyini bildirdi. Rəhbərliyin münasibətindən illərdir heç nəyin niyə dəyişmədiyi aydın məsələdir.
Sonda onu da qeyd edim ki, yazdıqlarım bizim yaşadığımız şəxsi təcrübədir. Ola bilər ki, gedib razı qalan insanlar da var. Amma Gədəbəyə, xüsusilə də bu məkana getməyi planlayanlara tövsiyəm odur ki, bizim kimi əvvəlcədən araşdırmadan, yalnız reklamlara aldanaraq qərar verməsinlər.
Hər kəsə xoş istirahətlər..."(DİA-AZ)

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56