"Keçirilən bu yoxlanış heç də şəffaf olmadı..." - ETİRAZ


“Haqqında intizam tənbehi belə olmayan bir direktorun 70-ci maddənin “ç” bəndi ilə işdən çıxarılması nə deməkdir?”

Bu şikayətlə “Qafqazinfo”ya Şəmkir rayon H.Z.Tağıyev adına Kür qəsəbə tam orta məktəbin direktoru Ruhiyyə Rəfiyeva müraciət edib.

O bildirib ki, məktəbdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) tərəfindən iclas keçirilib: “Hələ avqustun 28-i Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən məktəbimizdə təhsilin keyfiyyətini öyrənmək məqsədilə yoxlanış baş tutdu. Təbii ki, heç bir problem yox idi, təhsil müəssisəsimiz reytinqlidir. Belə ki, 5 ildir ardıcıl olaraq RFO üzrə qızıl və gümüş medal qaliblərimiz var. 81 məzundan 49 nəfəri ali məktəbə qəbul olub. Bir dəfə də olsun barəmizdə hər hansı şikayət olmayıb. Ancaq keçirilən bu yoxlanış heç də şəffaf olmadı...”

Direktorun sözlərinə görə, yoxlanışdan bir müddət sonra keçirilən iclasda Şəmkir Təhsil Sektorunun Həmkarlar İttifaqının üzvü iclasa müdaxilə edib: “Kollektivim də məndən razıdır. Lakin iclasa müdaxilə edənlər yazılan protokolu əsassız saydı və sədri sektora apardılar. Sözügedən şəxslər qərəzli şəkildə akt hazırladılar. Heç bir əsas və şikayət olmadan səlahiyyətlərindən qanunsuz formada istifadə edərək Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmağıma səbəb oldular”.

R.Rəfiyeva həmçinin əmək məzuniyyətinin də qanunsuz şəkildə pozulduğunu iddia edib.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, sözügedən məktəbdə monitorinq aparılıb: “Bu çərçivədə Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbdə aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib.

Qeyd olunan ümumi təhsil müəssisəsinin direktoru Rəfiyeva Ruhiyyə Fizuli qızı özünün əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməyib, müvafiq normativ hüquqi aktların, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Regional Təhsil İdarəsinin qanuni təlimatlarının tələblərini pozub. Bunun nəticəsində müəssisədə təlim-tərbiyə prosesinin təşkili, əmək və icra intizamı qaydaları ciddi şəkildə pozulub.

Aşkar edilmiş qanun pozuntuları və qeyd olunan nöqsanlar əsas götürülərək, məktəbin direktoru R.F.Rəfiyeva ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən xitam verilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən təhsil müəssisələrində idarəetmənin, həmçinin tədris prosesinin qanunvericiliyin tələblərinə uyğun təşkilinin yoxlanılması məqsədilə sistemli nəzarət tədbirləri ardıcıl olaraq davam etdiriləcək və hüquqpozmalara yol verən şəxslər barəsində qəti intizam tədbirləri görüləcək”.

Azərlotereya”nın “Kosmos” uduşu – Bəs vətəndaş yerdə nə udur?


“Azərlotereya” sentyabr ayında “Poz-Qazan” oyunları üzrə milyonlarla manatlıq uduşların verildiyini açıqlayıb. Şirkətin yaydığı rəqəmlərdən bəlli olur ki, 3 milyon 144 min 137 uduşlu bilet və həmin biletlər üzrə ümumilikdə 15 milyon 823 min 889 manatlıq uduş olub.


Bizimesr.info xəbər verir ki, amma şirkətin açıqlamasında ay ərzində neçə lotereya biletinin satışa çıxarıldığı, neçə biletin satıldığı və neçə biletin uduşsuz olduğu barədə isə məlumat yer almır.


“Azərlotereya”nın məlumatında qeyd olunur ki, sentyabr ayında “Poz-Qazan” oyunlarında 22 böyük uduş qeydə alınıb.


Amma əsas rəqəm hansıdır?


Burada diqqət çəkən məsələ şirkətin açıqladığı 3 milyon 144 min 137 uduşlu bilet rəqəminin özü deyil. Əsas məsələ bu rəqəmin ümumi satılan biletlərin neçə faizini təşkil etməsidir.


Məsələn, “Azərlotereya” rəsmiləri açıqlaya bilərmi ki, sentyabr ayında 3 milyon 144 min 137 uduşlu bilet qeydə alınıbsa, həmin ay ümumilikdə neçə bilet satılıb? - 10 milyon? 20 milyon? 30 milyon?


Bu rəqəm açıqlanmadığı üçün 3 milyon 144 min 137 uduşlu biletin ümumi satışdakı payını hesablamaq mümkün deyil.


Eyni zamanda, neçə biletin uduşsuz olduğu da açıqlanmır.


Qanun nə deyir?


“Lotereyalar haqqında” Qanunda lotereyanın şərtlərində uduş fondu barədə məlumatın göstərilməsi nəzərdə tutulur. Tirajlı lotereyada uduş fondu satılmış biletlərin sayından asılı olaraq müəyyən edilirsə, onun satılmış biletlərin ümumi məbləğinə nisbəti də göstərilməlidir. Qanun həmçinin tirajlı lotereyanın uduş fondunun minimum və maksimum hədlərini müəyyən edir: müvafiq tiraj üzrə buraxılmış və ya satılmış biletlərin ümumi məbləğinin 50 faizindən az, 80 faizindən çox olmamalıdır. Bununla yanaşı, qanunvericilik lotereyanın şərtlərinin ictimaiyyətə açıqlanmasını da tələb edir.


Bu baxımdan, “Azərlotereya”nın aylıq statistikasında yalnız neçə milyon manat uduş verildiyinin deyil, həmin rəqəmin ümumi satış və uduş ehtimalı ilə müqayisədə nə ifadə etdiyinin də göstərilməsi daha dolğun mənzərə yarada bilər.


Reklam statistikası, yoxsa tam hesabat?


Böyük uduşların- 50 min, 25 min, 10 min manat və digər məbləğlərin ön plana çıxarılması lotereyanın reklam kommunikasiya strategiyasının bir hissəsidir. Lakin belə məlumatlar lotereyanın maliyyə mənzərəsini tam göstərmir və oxucunu aldadır. Çünki lotoreya alan vətəndaş üçün əsas suallardan biri “mənim aldığım biletin uduş qazanmaq ehtimalı nə qədərdir və ümumilikdə satılan biletlərin neçə faizi uduşlu olur"a cavab axtarmaqdır.


Bu suala cavab vermək üçün isə təkcə böyük uduşların sayını bilmək kifayət etmir. Məsələn, 3 milyon 144 min 137 uduşlu bilet rəqəmi ilk baxışdan böyük görünür. Ancaq ümumilikdə 5 milyon, 10 milyon və ya 30 milyon bilet satılıbsa, bu rəqəmin mənası tamamilə fərqli olur.


“Azərlotereya”nın mövqeyini dərc etməyə hazırıq.


Bizimesr.info

Kəmaləddin Heydərov FHN-də strukturu dəyişdi: 7 idarə şöbəyə çevrildi - DETALLAR


Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib.

"Qaynarinfo"xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Aparatda 7 idarə adları dəyişdirilmədən şöbəyə çevrilib, 2 idarə ləğv edilib, 1 yeni idarə yaradılıb.

Belə ki, Vüsalə Ömərlinin rəhbərlik etdiyi idarə Fövqəladə halların xəbərdar edilməsi şöbəsinə, Vidadi Məmmədovun rəhbərlik etdiyi idarə Regional mərkəzlərlə koordinasiyanın təşkili və təhsil məsələləri üzrə şöbəyə, Elçin İbrahimovun rəhbərlik etdiyi idarə isə Rəqəmsal inkişaf və innovasiya şöbəsinə çevrilib.

Bundan başqa, Səbuhi Ağayevin rəhbərlik etdiyi idarə İctimaiyyətlə əlaqələr şöbəsi, Vüsal Qaragözovun rəhbərlik etdiyi idarə Maliyyə-iqtisadiyyat şöbəsi, Qəşəm Məmmədovun rəhbərlik etdiyi idarə Nəzarət-təftiş şöbəsi, Rəşadət Cəbrayılovun rəhbərlik etdiyi idarə isə Hüquq şöbəsi olub.

Bu dəyişikliklərdən sonra sözügedən şəxslər idarə rəisi statusunu itirib və müvafiq şöbələrin müdiri vəzifəsinə təyin ediliblər.

Eyni zamanda, Zahid Aşurovun rəhbərlik etdiyi FHN Komendant xidmətinin təşkili və texniki təminat idarəsi ləğv edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin ləğv edilməsi barədə məlumat yaymışdıq. Ləğv edilən strukturun yerində Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsi yaradılıb.

“Bravo”da endirim qalmaqalı - VİDEO


Müştəri “Bravo” marketlər şəbəkəsindəki endirimdə məhsulların vitrin və kassa qiymətlərində fərq problemini ictimailəşdirib.

Tribuna.az xəbər verir ki, müştərinin sözlərinə görə, vitrində 2.79 manata endirimə qoyulan qab yuyan mayenin qiyməti kassada 4.69 manat kimi göstərilib.

Müştəri bu halla bağlı narazılığını da bildirib.

Sosial şəbəkələrdə yayılan görüntülərə “Bravo” marketlər şəbəkəsi reaksiya verib. “Bravo” baş vermiş problemə görə müştəridən üzr istəyərək narazılığı aradan qaldırmaq üçün alıcıya müraciət edib:

“”Bravo” mağazasında qarşılaşdığınız xoşagəlməz hal ilə bağlı üzr istəyirik. Düzgün və sərfəli qiymət siyasəti, müştərilərimizə keyfiyyətli xidmət göstərilməsi bizim üçün prioritetdir.

Zəhmət olmasa, bu hal ilə qarşılaşdığınız “Bravo” filialını müəyyənləşdirə bilməyimiz və müraciətinizi ətraflı araşdırmağımız üçün alış-veriş qəbzini bizimlə paylaşasınız.

Həmçinin məsələ ilə bağlı mağaza rəhbərliyinin Sizinlə əlaqə saxlaması üçün mobil nömrənizi şəxsi mesaj bölməsində bizimlə bölüşməyiniz xahiş olunur”.

VİDEO LİNKDƏ: https://diaaz.info/12/491973-bravoda-endirim-qalmaqali.html

Ağcabədidə xarabalığı xatırladan uşaq bağçası – VİDEO


Yaşam üçün ən vacib iki sahə səhiyyə və təhsildir ki, illərdir hər ikisi barəsində vətəndaş narazılıqları nəinki bitmir,, hətta artmaqda davam edir.

Baxmayaraq ki, ən çox diqqət də, maliyyə də bu sahələrə ayrılır, aktiv tenderləri məhz onlar keçirirlər. Amma yenə də düzəlmir ki, düzəlmir. Görünür bütün vasitələr təlimatı üzrə xərclənmir ki, bu gün hər iki sahənin xidmətdən əlavə, inzibati obyektləri də bərbad vəziyyətdədir. Məsələn, aşağıda təqdim etdiyimiz, bu uşaq bağçası kimi.

Faktum.az xəbər verir ki, sosial mediada Ağcabədi rayon Qaradolaq kənd uşaq bağçasının görüntülərii yayılıb.

Sözügedən görüntüləri səssiz izlədikdə insanı vahimə basır. Adama elə gəlir ki, kimsə paranormal hadisələrin baş verdiyi bir xarabalıqdan bu kadrları lentə alıb. Hətta cəsarətinə görə video müəllifini alqışlamaq da istəyirsən. Lakin, səsi artırdıqda vəziyyət dəyişir.

Sən demə bu xarabalığı xatırladan yer Ağcabədi rayonunun Qaradolaq kəndinin uşaq bağçası imiş.

Halbuki, Azyaşlıların antisanitar şəraitə həssaslığı son dərəcə yüksəkdir. Uşaqların immun, tənəffüs və həzm sistemləri tam formalaşmadığı üçün onlar çirklənməyə, infeksiyalara və zərərli maddələrə qarşı böyüklərdən qat-qat müdafiəsizdirlər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, əlverişsiz ekoloji və antisanitar şərait dünyada 5 yaşadək uşaq ölümlərinin əsas səbəblərindən biridir.

Üstəlik, işıq da yox. Burada müxtəlif həşəratların, siçovulların, hətta iqliminə görə ilanların belə olma ehtimalı da yüksəkdir.

Təqribən 50-60 azyaşlının və 10-15 işçi heyətinin – ümumilikdə 80-ə yaxın insanın sağlamlığını təhdid altına alan bu (iş yerinin) uşaq bağçasının nə zaman təmir olunacağı – ümumiyyətlə təmir planına salınıb-salınmaması barədə hər hansı bir məlumata rast gəlmədik.

Məsələnin dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə Qarabağ Regional Təhsil İdarəsinə göndərilməsi üçün, tərəfimizdən rəsmi sorğu hazırlanır.

Diqqətiniz bizdə olsun, mövzuya yenidən qayıdacağıq.

VİDEO LİNKDƏ: https://diaaz.info/11/491963-agcabedide-xarabaligi-xatirladan-ushaq-bagcasi.html

Arxalı olmasa “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” MMC iki ilə 250 milyonluq tender uda bilərdimi


“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən 05 may 2026-cı il tarixində Zəngilan rayonu, Zəngilan kənd yaşayış məntəqəsində fərdi yaşayış evləri, çoxmənzilli binalar və mühəndis kommunikasiya sistemlərinin tikinti-quraşdırma işlərinin satın alınması üçün keçirilən açıq tenderdə “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuş və həmin şirkətlə 72.676.870,15 AZN (yetmiş iki milyon altı yüz yetmiş altı min səkkiz yüz yetmiş manat, 15 qəpik) məbləğində müvafiq satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Məlumat satınalmaların portalında 01.10.2026-cı ildə dərc edilib.
Qeyd edək ki, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Zəngilan rayonu, Zəngilan kənd yaşayış məntəqəsində qeyri-yaşayış binalarının tikinti-quraşdırma işlərinin satın alınması üzrə 27.02.2026-cı ildə başlanmış açıq tenderdə də “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” MMC-ni qalib seçib. Tərəflər arasında 9.057.060,71 manat dəyərində müqavilə 15.09.2026-cı ildə bağlanılıb.
Ümumiyyətlə isə, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 23.04.2024-cü ildən 19.09.2025-ci ilə qədər “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” MMC ilə ümumi dəyəri 172 435 175 manat olan 4 satınalma müqaviləsi bağlayıb.
Bundan 114.499.593,2 manat dəyərində müqavilə KESZ Group Azerbaijan MMC və 19 Saylı Tikinti Təmir İdarəsi MMC konsorsiumu ilə bağlanııb. Qeyd edək ki, “KESZ GROUP AZERBAİJAN” MMC-nin hüquqi ünvanı CƏBRAYIL RAYONU, CƏBRAYIL şəhəridir. Nizamnamə kapitalı 50000 manat olan MMC-nin qanuni təmsilçisi Macarıstan vətəndaşı IZSO OTTO -dur.
Göründüyü kimi “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi son iki ildə “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” MMC ilə ümumi dəyəri 250 milyon manatdan çox müqavilələr bağlayıb.
Bəs dövlət qurumunun qalib seçdiyi “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı nə kimi məlumatlar var? Bəs MMC bu dövlət sifarişlərini həyata keçirmək iqtidarındadırmı?
MMC-nin yaxınlarda yaradılan 19tti.az portalında yerləşdirilən məlumatlarda bildirilir ki, şirkətimizin əsas fəaliyyət sahəsi olaraq yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi və təmiri, qazanxanaların və nasosxanaların tikintisi və avadanlıqlarla təchizatı, binaların elektrik xətlərinin, təsərrüfat-məişət kanalizasiya şəbəkəsinin, sahədaxili və sahəxarici su xətlərinin çəkilməsi, abadlıq-yaşıllaşdırma işlərinin görülməsi və digər bütün növ tikinti quraşdırma işlərini qeyd edə bilərik.
“19 saylı Tikinti Təmir İdarəsi” MMC yüksək peşəkarlığa malik işçi kollektivinə, mühəndis-texniki heyətə və böyük maddi-texniki bazaya malik olmaqla yanaşı, eyni zamanda inşaat və memarlıq sahəsində baş verən bütün yenilikləri yaxından izləyərək tikinti prosesində özünəməxsus metod və texnologiyalardan istifadə edir.
Rəsmi mənbələrdə, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” (VÖEN:4700367351) Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.04.2011-ci ildə 3 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 890 000 manat olan MMC-nin hüquqi ünvanının QUSAR RAYONU, QUSAR Ş, KARL MARKS, ev 67, (MMC-nin faktiki hüquqi ünvanı Bakı şəhəri. Ələsgər Qayıbov küç 17-də yerləşir)qanuni təmsilçisinin isə Aslanov Loğman Fərəc oğlu olduğu göstərilir. Hüquqi şəxslərin reyestrinə daxil edilmiş məlumatlarda Qarayev Ramil İsmayıl oğlu, Məmmədoğlu Ramil Ramiz oğlu, İsmayılov Elçin Mail oğlu da müxtəlif vaxtlarda MMC-nin qanuni təmsilçiləri olub.
Qeyd edək ki, MMC-nin bir şübhəli tərəfi qeydiyyatda olduğu hüquqi ünvanla bağlıdır. Dövlət Vergi Xidmətinin məlumatlarında MMC-nin hüquqi ünvanı QUSAR RAYONU, QUSAR Ş, KARL MARKS, ev 67 göstərilir. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Qusar rayonu, Qusar şəhəri Karl Marks (hazırda Rövşən Nurullayev) küçəsi 67 ünvanında MMC-nin müxtəlif vaxtlarda qanuni təmsilçiləri olmuş Qarayev Ramil İsmayıl oğlu, Məmmədoğlu Ramil Ramiz oğlu, İsmayılov Elçin Mail oğlu və Aslanov Loğman Fərəc oğlunun heç biri burada seçicilərin siyahısında yoxdur və ümumiyyətlə olmayıb.
Göründüyü kimi “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi sadəcə Qusar şəhərində dövlət qeydiyyatına alınmış, lakin Qusar şəhərinə heç bir bağlılığı olmayan şəxslərin başçılıq etdiyi şirkətlə işbirliyi qurub. Ucqar bir rayonda qeydiyyata alınmasına baxmayaraq sözügedən şirkətin arxasında daha güclü şəxslər dayanmasa belə iri həcmli layihələrdə iştirakı mümkün olmaz.
Qeyd edək ki, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Xidmətin Müşahidə Şurası tərəfindən təyin edilmiş Növrəs Qəhrəman oğlu Cəfərovdur.

Aktualinfo.net

Xırdalan 5 saylı məktəbdə pul yığılması ilə bağlı redaksiyaya müraciət daxil olub – İDDİA



Xırdalan şəhərində yerləşən 5 saylı tam orta məktəbdə valideynlərdən müxtəlif xərclər adı altında 25-28 manat arası pul vəsaiti toplanması ilə bağlı Avantaj.media-nın redaksiyasına müraciət daxil olub.

Redaksiyamıza müraciət edən valideynin sözlərinə görə, sözügedən vəsaitin kitab alınması və digər xərclər adı ilə toplandığı bildirilir.

Valideyn qeyd edib ki, bəzi ailələrin bu məbləği ödəmək imkanı olduğu halda, maddi çətinlik yaşayan ailələr üçün bu cür ödənişlər əlavə yük yaradır.

Müraciətdə bildirilib ki, növbəti dəfə məsələ ilə bağlı ödəniş qəbzləri və digər sübutlar da redaksiyaya təqdim ediləcək.

Avantaj.media olaraq bildiririk ki, təqdim olunacaq sənəd və sübutlar əsasında məsələni araşdırmağa hazırıq.

Qarşı tərəfin – məktəb rəhbərliyinin və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Avantaj.media

Anar Bayramovun dövründə Reabilitasiya Mərkəzindəki nə baş vermişdi? - 540 minlik ƏDV qalmaqalı...



Redaksiyamıza daxil olan məlumatlar əsasında BDYP-nin Müşfiqabad qəsəbəsinin yaxınlığında yerləşən postunda bir gün ərzində apardığımız müşahidələr və təhlillər zamanı maraqlı vəziyyətlə qarşılaşdıq.İlkin olaraq qeyd edək ki günün müxtəlif saatlarında Bakı-Şamaxı yolunda DYP əməkdaşlarının fəallığı diqqət çəkir. Hər addımda DYP-nin xidməti maşınlarının xidməti ərazilərində hərəkətdə olması diqqət çəkir. Amma...


Amması odur ki Xocasən dairəsindən Müşfiqabad postuna qədər Bakı - Şamaxı magistral şossesində demək olar ki, bir neçə kilometrdən bir sürət radarları yerləşdirilib.Praktiki olaraq müəyyən edilmiş sürət həddinin aşılması minimuma endirilib.Təqdirəlayiq haldır ki,məhz bundan sonra magistral yolda qəza və ölüm halları kəskin şəkildə azalıb.Maraqlıdır orasıdır ki, bu qədər nəzarət mexanizminin mövcud olmasına baxmayaraq DYP avtomobilləri ağac və kolluqlarda gizlənərək xidmət aparmağa üstünlük verir.Sürət həddini 1 km/saat aşan sürücülər asanlıqla bu "tələyə" düşür və müvafiq qaydada cərimələnirlər. Daha acınacaqlı vəziyyət isə," Hökməli dairəsi" adlanan ərazidə hökm sürür. Belə ki, günün əksər saatlarında bu ərazidə tıxac əlindən hərəkət etmək olmur.Əslində belə vəziyyətlərdə DYP əməkdaşlarının işi yol hərəkətinin təşkil edilməsindən ibarət olmalıdır.DYP əməkdaşları isə tam əksini edirlər.Dairənin bir addımlığında, magistral yolun sağ istiqamətində dayanaraq hərəkətdə olan avtomobilləri kütləvi şəkildə saxlayaraq əsassız yoxlamalar aparır, cərimə protokolları tətbiq edir və tıxaclarn daha da uzanmasına, yol hərəkəti qaydalarının daha çox pozulmasına şərait yaradırlar. Tıxacdan cana doymuş sürücülər mənzil başına çatmaq üçün alternativ yollar axtarışına çıxmalı olurlar ki, bu da istər-istəməz qayda pozuntusu ilə nəticələnir. Bu zaman "pusquda" duran DYP əməkdaşları "şahin" kimi sürücülərin başının üstünü alırlar.

Foto şəkildə bu mənzərə açıq aşkar təsvir olunur. Kənardan baxan vətəndaşlarda belə təsəvvür yaranır ki, DYP əməkdaşlarının vəzifəsi yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək yox, süni maneələr yaradaraq cərimələr yazmaqdan ibarətdir.Şübhəsiz belə hallar DİN rəhbərliyinin işgüzar nüfuzuna xələl gətirməklə əhali arasında ciddi və əsaslı narazılıqlar yaradır.


Baş verənlərlə bağlı "Müşfiqabad postunun" komandiri olduğu deyilən Murad adlı şəxslə görüşmək cəhdlərimiz boşa çıxdı.Günün müxtəlif saatlarında posta yaxınlaşsaq da "rəisin" işdə olmadığını bildirdilər. Maraqlıdır, görəsən o haradadır???


BDYP - nin mətbuat xidməti həmişə olduğu kimi əlçatmaz olaraq qalmaqdadır.


Buna baxmayaraq qarşı tərəf kimi hər bir kəsin mövqeyini dərc etməyə hazırıq.


P, S. Redaksiyamıza daxil olan məlumatlar bunlarla yekunlaşmır.Əməkdaşlarımız məlumatların dəqiqləşdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər

Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi -Şikayətlər, sənədsiz obyektlər və cavabsız suallar


Son aylarda Xətai rayonunda müxtəlif ünvanlarda qanunsuz və ya icazəsiz tikinti aparılması, yolların və yaşıllıq sahələrinin zəbt edilməsi, mühəndis-kommunikasiya xətlərinə müdaxilə və yaşayış binalarının konstruksiyasının dəyişdirilməsi ilə bağlı çoxsaylı şikayətlər yayılıb. Araşdırma zamanı bəzi iddiaların rəsmi qurumların cavabları ilə təsdiqləndiyi, bəzilərinin isə rəsmən təsdiqləməsə də, faktiki olaraq iddiaların doğru olduğu müəyyənləşib.

Bizimesr.info "Poliqon"a istinadən xəbər verir ki, 2026-cı ilin əvvəlindən sentyabrın sonunadək Xətai rayonu üzrə müxtəlif media resurslarında qanunsuz tikinti ilə bağlı onlarla problemli epizod barədə məlumat yayılıb. Sakinlərin şikayətləri, jurnalistlərin ərazi müşahidələri və ayrı-ayrı dövlət qurumlarının cavabları bir sıra ünvanlara, xüsusən də Xətai rayon İcra Hakimiyyətinə qarşı ciddi suallar doğurur.

Rəşid Bağırov küçəsində kollektorun üzərində 22 ev

Xətai rayonunda qanunsuz tikinti probleminin ən ciddi nümunələrindən biri Rəşid Bağırov küçəsində ortaya çıxıb. Aprelin əvvəlində kollektorun üzərində yerləşən iki mərtəbəli evin çökməsindən sonra məlum olub ki, sözü gedən bina kollektorun üzərində inşa olunub. Daha sonra həmin ərazidə kollektorun üzərində ümumilikdə 22 evin olduğu açıqlanıb. Onlardan 8-nin qəza zonasına 100–200 metr məsafədə yerləşdiyi və aparılan təmir işlərinə mane olduğu bildirilib.

May ayında Xətai rayon prokuroru Sərdar İmanov qəza zonasında 22 evin müəyyənləşdirildiyini bildirib. Prokurorun açıqlamasına görə, araşdırma zamanı evlərin vaxtilə su idarəsinin razılığı ilə tikildiyi məlum olub. Eyni zamanda bəzi şəxslərin torpağı qanunsuz zəbt edərək ev tikdiyi də bildirilib.

Əgər bu evlər qanunsuz tikilibsə, onda kollektorun mühafizə zonasında tikintiyə hansı qurum və necə razılıq verib?

Qeyd edək ki, Bakı şəhərində icra hakimiyyətinin rəsmi, ya da qeyri-rəsmi icazəsi olmadan daş daş üstünə qoymaq mümkün deyil. Buna görə də belə bir ehtimal özünü doğruldur ki, kollektorun üzərində 22 evin tikintisin Xətai rayon icra hakimiyyəti və ADSE qeyri-rəsmi razılıq verib. Çünki bu iki qurumun kollektorun üzərində inşa edilən 22 evdən xəbərsiz olması imkansızdır.

Maraqlidir ki, qəzadan sonra Xətai rayon prokurorluğu hadisə ilə bağlı istintaq araşdırması başlatsa da, bu günə qədər heç kim məsuliyyətə cəlb edilməyib. Ən azından belə bir açıqlama ortada yoxdur.

Həmçinin Rəşid Bağırov küçəsində kollektorun üzərində müəyyən edilən 22 evin sökülməsi barədə məlumat da yoxdur. Ancaq çökən ev sökülüb və ərazidə kollektorun bərpa işləri aparılıb. Bu isə Xətai rayon icra hakimiyyəti və ADSEA hələ də qanunsuzluğun davam etməsini təmin edirlər.

Əhmədlidə kollektorun üzərində daha bir ev

Rəşid Bağırov küçəsindəki hadisədən sonra 2024-cü ildə Əhmədli qəsəbəsi, 4-cü Buta küçəsində də kollektorun üzərində iki mərtəbəli ev tikilməsi yenidən gündəmə gəlib. Bu dəfə məlumat sakin iddiası ilə məhdudlaşmayıb. ADSEA kollektorun üzərində ağır konstruksiyalı evin tikildiyini və bunun kollektorun texniki xidmətinə mane olduğunu açıqlayıb.

Buna baxmayaraq Xətai rayon icra hakimiyyəti ADSEA-nın bu açıqlamasına heç bir reaksiya verməyib. Kollektorun üzərindəki iki mərtəbəli ev isə hazırda yerindədir.

General Mehmandarov küçəsi: sakinlərin müraciəti və rəsmi cavab

General Mehmandarov və Rüfət Əsgərov küçələrinin kəsişməsindəki 2942-ci məhəllə, 2-ci döngə, giriş 18 ünvanındakı qanunsuz tikili isə bu araşdırmanın ən çox sual doğuran epizodlarından biridir.

Sakinlərin müraciətlərindən sonra müxtəlif media qurumları həmin ərazidə fərdi yaşayış evinin tikildiyini yazıb. XüsusiTV-nin dərc etdiyi materialda sakinlərin iddiasına görə, tikinti aparan şəxs ərazinin ona məxsus 2,5 sot torpaq olduğunu və sənədlərinin olduğunu bildirib. Eyni materialda sakinlərin ərazinin sürüşmə zonasında yerləşdiyini iddia etdikləri qeyd olunub.

Bu məsələ ilə bağlı daha ciddi iddialar da irəli sürülüb. Bəzi media materiallarında tikintiyə guya ayrı-ayrı şəxslər vasitəsilə icazə alındığı və pul verildiyi iddia edilir.

Lakin məsələnin başqa tərəfi sənədlərlə bağlıdır.

Xətai Rayon İcra Hakimiyyətinin 20 fevral 2026-cı il tarixli cavabında həmin ünvanda “müvafiq icazə sənədləri olmadan” aparılan tikinti işlərinin dayandırıldığı və ərazinin nəzarətdə saxlanıldığı bildirilir.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin cavabında da yerində baxış zamanı birinci mərtəbə səviyyəsində tikinti işlərinin dayandırıldığı müşahidə edildiyi qeyd olunur. Həmin qurum isə sadəcə tikintinin dayandırılmasını kifayət hesab etməyərək müvafiq tədbirlərin görülməsini istəyib. Yəni binanın sökülməsini. Buna baxmayaraq Xətai Rayon İcra Hakimiyyəti binanı sökməyib və bir müddətdən sonra tikinti davam etdirilib.

Sual olunur: icazəsiz tikinti rəsmi məktubla təsdiqlənib və işlərin dayandırıldığı bildirilibsə, sonrakı mərhələdə tikilinin vəziyyəti necə dəyişib? Hazırda həmin binanın dam örtüyü belə vurulub.

Bəs görəsən Xətai Rayon İcra Hakimiyyəti yaranmış mövcud vəziyyəti necə şərh edə bilər?

Xudu Məmmədov 29: sakinlər “yolumuzu bağlayırlar” deyir

Xətai üzrə ən maraqlı yeni epizodlardan biri Xudu Məmmədov küçəsi 29, 86 nömrəli məktəbin yaxınlığında qeydə alınıb.

Baku TV-nin aprel ayında yayımladığı reportaj sakinlərin müraciəti əsasında hazırlanıb. Sakinlər ərazidə gediş-gəliş yolunun zəbt olunduğunu və qanunsuz tikinti aparıldığını iddia ediblər. Onların sözlərinə görə, uşaqların məktəbə aparılması çətinləşib, metroya gedən yollar daralıb və ərazidə gələcəkdə çoxmərtəbəli bina tikilməsi planlaşdırılır.

Sakinlərdən biri bildirib ki, tikinti aparan tərəf onlara “iki metr yol” saxladığını deyib.

Ərazidə özünü “İnam 2019” MMC-nin iş icraçısı kimi təqdim edən Ramil Məcidov yeni bina tikilmədiyini, köhnə kafenin bərpa olunduğunu bildirib. Onun sözlərinə görə, ərazidə mühafizə zolağı təhlükəsizlik məqsədilə yaradılıb. Xətai Rayon İcra Hakimiyyəti də həmin ərazinin özəl mülkiyyətdə olduğunu və icra hakimiyyətinin tikintiyə icazə vermək səlahiyyətinin olmadığını bildirib.

Amma bu açıqlama belə mübahisəlidir. Çünki Bakı şəhərində özəl mülkiyyətdə aparılan təmir üçün belə icra hakimiyyətlərinin icazəsi tələb olunur.

FHN isə əraziyə baxış keçirildiyini və yalnız hasarlanmağa cəhd edildiyini, sakinlərin narazılığı əsasında hasarlama işlərinin qarşısının alındığını açıqlayıb. FHN-in məlumatına görə, həmin vaxt ərazidə tikinti-quraşdırma işi aparılmayıb.

Xudu Məmmədov 33A: yaşıllıq ərazisi ilə bağlı sakinlərin iddiaları

Xudu Məmmədov küçəsinin 33A ünvanı üzrə isə məsələ daha çox yaşıllıq və gələcək tikinti iddiaları ilə bağlıdır. Mia.az-ın mayın 8-də yayımladığı materialda sakinlərin iddiasına əsasən, ərazidə çoxsaylı ağacların kəsilərək yerində bina tikildiyi bildirilir. Sakinlər tikinti sənədlərinin açıqlanmasını və ağacların kəsilməsi məsələsinin araşdırılmasını tələb ediblər.

“Pressline” portalı isə eyni ünvan barədə daha geniş iddialar yayıb. Materialda sakinlərin əvvəlcə ərazidə yanğın baş verdiyini, daha sonra geniş sahənin dəmir hasarla əhatəyə alındığını və girişin məhdudlaşdırıldığını iddia etdikləri yazılıb. Həmçinin sakinlər ərazidə tikinti aparmaq istəyən şirkətin “İnam 2019” MMC olduğunu iddia ediblər.

Qeyd edək ki, bu materialda sakinlərin təzyiq və hədə-qorxu ilə bağlı səsləndirdiyi iddialar da yer alır.

Xudu Məmmədov küçəsində zirzəmi - İcazə almağa məcbur deyiləm

Sentyabrda “7News” portalı Xudu Məmmədov küçəsində zirzəmidə aparılan tikinti və yenidənqurma işlərindən yazıb.

Saytın məlumatına görə, sakinlərin şikayətindən sonra jurnalistlər əraziyə gedib. Özünü obyektin sahibi kimi təqdim edən şəxsin sənədləri göstərməkdən imtina etdiyi və tikinti üçün icazə almadığını söylədiyi qeyd olunub. Obyektin sahibi jurnalistlərə bildirib ki, zirzəmi ona məxsusdur və burda görülən işlərlə bağlı da icazə almağa da ehtiyac duymur. Halbuki qanunvericiliyə görə müvafiq ixra qurumlarından mütləq icazə alınmalıdır.

Bu məlumatla bağlı da Xətai rayon icra hakimiyyəti susub.

Cavanşir küçəsi 185 - Ana su xətti və üç ağac

“7News” portalının yanvarın 1-də yaydığı məlumatda Cavanşir küçəsi 185 ünvanında tikinti ilə bağlı sakinlərin iddiaları yer alıb. Sakinlərin iddiasına görə tikinti ana su xəttinə yaxın aparılır və ərazidə üç çoxillik ağac kəsilib. Həmçinin sakinlər bildirib ki, tikinti şəhərsalma və ekoloji normalara uyğun deyil və tikinti ətraf binalar üçün təhlükə yaradır.

Materialda daha ağır iddialar da var. Sayt sakinlərin tikintinin sürətlə tamamlanması üçün rayon rəhbərliyi tərəfindən icazə verildiyini iddia etdiklərini yazıb. Bu iddiar da Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təkzib olunmayıb.

Qədir Məmmədov küçəsi: 1000 kvadratmetrlik obyekt iddiası

Paytaxt.org yanvarın 5-də Qədir Məmmədov küçəsində təxminən 1000 kvadratmetr sahəni əhatə edən “sənədsiz obyekt” barədə yazıb.

Saytın məlumatına görə, sakinlər avtomobil və piyada yolunun zəbt edildiyini, ərazidə əvvəllər yaşıllıq zolağının olduğunu və ağacların gecə vaxtı texnika ilə çıxarıldığını iddia ediblər. Həmçinin obyektin arxa hissəsində qazıntı işlərinin aparıldığı bildirilib.

Bu məlumat da Xətai Rayon İcra Hakimiyyətinin heç bur reaksiyasına səbəb olmayıb və tikinti işləri davam etdirilib.

Cavanşir və Qədir Məmmədov küçələri üzrə problem

Bu iki ünvan bir-birindən fərqli olsa da, sakinlərin iddialarında eyni mövzular - torpaq sahəsinin statusu, yolun zəbt edilməsi, yaşıllıq və tikintiyə qanunsuz icazə verilməsi ilə bağlı şikayəylər təkrarlanır.

Qanunsuz tikintiyə isə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən icazə verildiyi heç kimdə şübhə doğrurmur.

Məhəmməd Hadi 152 - burada artıq “iddia”dan söhbət getmir

Məhəmməd Hadi küçəsi 152-dəki yarımçıq bina digər nümunələrdən fərqlənir.

Xətai Rayon İcra Hakimiyyəti binanın müvafiq sənədlərinin olmadığını və tikilinin qanunsuz hesab edildiyini açıqlayıb.

Bu ünvanda yeddi ailənin həmin yarımçıq binada yaşaması məsələsi də gündəmə gəlib.

Buna baxmayaraq Xətai Rayon İcra Hakimiyyəti qanunsuz binanın tikintisini kimlər tərəfindən aparılması və vaxtında niyə müdaxilə olunmaması barədə heç bir açıqlama verməyib və qanunsuz tikiliyə görə də kimsə cəzalandırılmayıb.

Ümumiyyətlə bu günə qədər çox saylı qanunsuz tikilililərlə bağlı Xətai Rayon İcra Hakimiyyətinin heç bir vəzifəli məsul şəxsi cəzalandırılmayıb və bu da xüsusi sual doğurur.

Babək prospekti 78: sakinlər narazıdır, icra hakimiyyəti isə başqa izah verir
Xətai rayonunda Babək prospekti 78 ünvanında dəmir qarajların sökülməsi ilə bağlı sakinlərin narazılığı da mediaya çıxıb.

Sakinlərin bir hissəsi söküntünün hüquqi əsaslarının onlara göstərilmədiyini iddia edib.

Xətai Rayon İcra Hakimiyyəti isə sentyabrın 24-də bildirib ki, ərazidə abadlıq və yaşıllaşdırma aparılır, ümumi istifadədə olan yerlərdə sakinlər tərəfindən yerləşdirilən dəmir qarajlar və yararsız tikililər sökülür.

Media monitorinqində ortaya çıxan daha bir vacib məqam

Araşdırmamızda diqqəti çəkən məqamlardan biri də eyni tikinti barədə müxtəlif saytların bir-birindən daha ağır iddialar irəli sürməsidir.

Məsələn, General Mehmandarov küçəsindəki tikinti barədə müxtəlif saytlarda torpağın sənədsin olması, tikintinin sürüşmə zonasında həyata keçirildiyini və tikintinin qanunsuz olduğunu və buna görə də vəzifəli şəxslərə pul verildiyini yazıblar.

İddialar çoxdur, hüquqi qiymət isə yoxdur
Mediada Rafiq Quliyevin rəhbərlik etdiyi Xətai rayonu üzrə son aylarda formalaşan mənzərə belədir:

Mediada adı keçən ayrı-ayrı şəxslərin rüşvət alması, tikintilərə qanunsuz icazə verməsi, qanunsuz tikinti aparan fiziki və hüquqi şəxslərihimayə etməsi və ya tikintinin arxasında şəxsən icra başçısının və başçısının dostu İntiqam Cümşüdovun dayanması ilə bağlı iddialar həddindən artıq çoxdur. Lakin bütün bu iddialara qarşı Xətai rayon İcra Hakimiyyətinin qarşı arqumentləri həddindən artıq zəifdir.

Xatırladaq ki, əksəriyyət rayonda qanunsuz tikililərin arxasında dayanan şəxsin məhz İntiqam Cümşüdov olduğunu ehtimal edir. Daha doğrusu, işbazlarla icra başçısı arasında vasitəçi olan şəxs məhz odur. İş o yerə çatıb ki, İntiqam Cümşüdov təhlükəsizlik qaydalarını belə nəzərə almadan bəzi işbazlara binaların üzərində əlavə mərtəbələr tikməyə razılıq verməsi barədə iddialar Xətaidə insanların dilindədir.

Qeyd edək ki, Xətai rayonunda qanunsuz tikililərin bəziləri icra hakimiyyəti və digər qurumlar tərəfindən təsdiqlənsə də, ortada bu qanunsuluqları törədən fiziki və ya hüquqi şəxslərə, həmçinin vəzifəli şəxslərə qarşı heş bir hüquqi tədbir həyata keçirilməyib. Bütün bunlar isə onu deməyə əsas verir ki, balıq başdan iylənib…

Bizimesr.Media

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56