Baş memarı, nazirliyin müfəttişi və idarə rəisini şantaj edən şəxsin cəzası azaldıldı - TƏFƏRRÜAT


Gəncə Apellyasiya Məhkəməsində dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Elnur Abdullayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayətləri qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü cəzaya aid hissədə dəyişdirilib, ona təyin edilən 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 il 6 aya endirilib.

İttihama görə, Elnur Abdullayev İlham Ağayevə Fövqəladə Hallar Nazirliyində işləyən tanışının olduğunu və həmin qurumda xidmətə qəbul məsələsində köməklik göstərə biləcəyini bildirib. O, İlham Ağayevin qohumunu Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyini vəd edib.

Təqsirləndirilən şəxs bu vədini yerinə yetirmək niyyətində olmadığı halda İlham Ağayevə yalan məlumatlar verərək onu aldadıb və 2021-ci ilin iyul ayının ortalarında Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində ondan 4 000 manat alıb.

Bundan sonra, o, həmin ayın sonlarında yenidən Quzanlı qəsəbəsi ərazisində İlham Ağayevin göndərdiyi taksi sürücüsü vasitəsilə daha 4 000 manat nağd pul götürüb.

İstintaqın və məhkəmənin materiallarına əsasən, bu vəsaitlər vahid niyyət çərçivəsində ələ keçirilib və nəticədə İlham Ağayevə ümumilikdə 8 000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurulub.

Təqsirləndirilən şəxsin digər epizodu isə Ağdam Rayon İcra Hakimiyyətində baş memar vəzifəsində çalışan S.S.-lə (adı, soyadı şərtidir) bağlı olub. O, 2023-cü ilin iyun ayında həmin şəxsin xidməti fəaliyyəti ilə əlaqədar “Facebook” sosial şəbəkəsində hazırladığı videoçarxları paylaşıb. Daha sonra isə həmin xarakterli digər videoları da sosial şəbəkədə yayımlayacağı və bununla S.S.-in nüfuzuna xələl gətirəcəyi barədə hədə-qorxu ilə ondan 2 000 manat tələb edib. Elnur Abdullayev tələb etdiyi pulu müxtəlif vaxtlarda hissə-hissə almaqla, ümumilikdə 2 000 manat əldə edib.

Bundan başqa, təqsirləndirilən şəxs 2024-cü ilin fevralında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbii Sərvətlər İdarəsində müfəttiş vəzifəsində çalışan D.D.-in xidməti fəaliyyəti ilə bağlı “Facebook” sosial şəbəkəsində videoçarx yayımlayıb. Daha sonra onunla bağlı rüsvayedici xarakterli digər videoları da paylaşacağı və D.D.-nin nüfuzuna xələl gətirəcəyi hədəsi ilə 500 manat tələb edərək alıb.

Digər epizod isə 2024-cü ilin may ayına aiddir. Elnur Abdullayev Ağdam Rayon Mexaniki Suvarma İdarəsinin rəisi vəzifəsində çalışan T.T.-nin xidməti fəaliyyəti ilə bağlı “Facebook” sosial şəbəkəsində İ.Rüstəmovun iştirakı ilə hazırladığı videoçarxı yayımlayıb. O, həmin xarakterli digər videoları da paylaşacağı və T.T.-nin nüfuzuna xələl gətirəcəyi ilə hədələyərək 500 manat tələb edib. Pulun 2024-cü ilin may ayının əvvəllərində Ağdam rayonu ərazisində tanışı İ.Rüstəmov vasitəsilə tələb edildiyi qeyd olunub.

Daha sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Abdullayevə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Təqsirləndirilən şəxsin əməlləri Cinayət Məcəlləsinin 178.2.4 və 182.2.2-ci maddələri ilə tövsif edilib.

Birinci instansiya məhkəməsinin hökmündən müdafiəçi apellyasiya şikayəti verib. Müdafiəçi hökmün ləğv edilməsini, Elnur Abdullayevin əməlinin Cinayət Məcəlləsinin 178.2.4 və 182.2.2-ci maddələrindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif olunmasını və onun barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş edib.

Məhkum da ayrıca apellyasiya şikayəti verərək iş üzrə yenidən məhkəmə istintaqının keçirilməsini və ədalətli hökm çıxarılmasını istəyib.

Bu rəisləri HƏBS GÖZLƏYİR - SƏBƏB AÇIQLANDI


Hərbi xidmət zamanı və ya xidməti vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin tabeliyində olan hərbi qulluqçuya zor tətbiq etməsi ağır hüquqi məsuliyyət yaradır.
Ajans.az xəbər verir ki, belə əmələ görə bir ilədək hərbi xidmət üzrə məhdudlaşdırma, bir ilədək intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.

Zorakı hərəkətlər təkrar törədildikdə, iki və ya daha çox hərbi qulluqçuya qarşı həyata keçirildikdə, bir qrup şəxs və ya qabaqcadan əlbir olan qrup tərəfindən törədildikdə cəza sərtləşir.

Həmçinin zorakılıq silah tətbiq etməklə, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmaqla və ya işgəncə verməklə törədilərsə, təqsirkar bir ildən iki ilədək intizam xarakterli hərbi hissədə saxlanıla və ya iki ildən beş ilədək azadlıqdan məhrum edilə bilər.

Əgər zorakı hərəkət nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurularsa və ya digər ağır nəticələr yaranarsa, cəza daha da ağırlaşır.

Bu halda şəxsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə gözləyir.

"AyMed" rəhbərinin "özbaşınalıqları"... - İTTİHAM VAR...


Balakən Rayon Mərkəzi Xəstəxanasında direktor kreslosunun boşalması ilə bağlı Balakəndə daha bir məsələ ciddi müzakirə mövzusuna çevrilib. Redaksiyamıza daxil olan məlumatlara görə, Balakəndə fəaliyyət göstərən “AyMed” Klinikasının rəhbəri Elşən Kərimov rayon mərkəzi xəstəxanasının direktoru təyin olunmaq üçün bütün əlaqələrini səfərbər edib.Daha maraqlısı budur ki, iddialara görə, Elşən Kərimov yaxın ətrafına artıq “sənədlərim Anar Bayramovun stolunun üstündədir, bu gün-sabah əmrimi alacağam” deyə məlumat verir.
TƏBİB rəhbərliyinin cavablandırmalı olduğu kifayət qədər ciddi sual ortaya çıxır:Direktor təyinatı hələ aparılmayıbsa, namizəd öz əmrinə necə bu qədər əmindir?

Pediatr, UZM həkimi və direktor namizədi – burada nə baş verir?

Məsələ bununla bitmir.....


Redaksiyaya daxil olan məlumatlara əsasən, Elşən həkim ixtisasca pediatrdır. Eyni zamanda onun rəhbərlik etdiyi “AyMed” Klinikasında UZM həkimi kimi fəaliyyət göstərdiyi bildirilir. Burada isə çox ciddi peşəkar və hüquqi suallar meydana çıxır.Daxil olan iddialarda bildirilir ki, onun UZM/radiologiya fəaliyyəti üçün tələb olunan müvafiq sertifikatının olub-olmaması şübhə altındadır. Əgər bu iddia doğrudursa, sual sadədir: Radiologiya üzrə müvafiq sertifikatı olmayan şəxs hansı əsasla UZM müayinəsi aparır? Söhbət artıq yalnız bir özəl klinikanın fəaliyyətindən getmir. Söhbət dövlət xəstəxanasına rəhbər gətirilməsi nəzərdə tutulan şəxsin peşəkar uyğunluğundan gedir.

TƏBİB üçün narahatedici suallar...


Anar Bayramovun rəhbərlik etdiyi TƏBİB bu suallara aydınlıq gətirməlidir:Elşən həkim Balakən RMX-nin direktor vəzifəsinə namizəddirmi,onun təyinatı ilə bağlı sənədlər həqiqətən TƏBİB rəhbərliyinə təqdim olunubmu,təyinatla bağlı qərar verilibmi,namizədin pediatr ixtisası ilə direktor vəzifəsinə uyğunluğu necə qiymətləndirilib,onun UZM fəaliyyəti üçün tələb olunan müvafiq sertifikatı varmı?
“AyMed” Klinikasında UZM həkimi kimi fəaliyyət göstərməsinin hüquqi və peşəkar əsası nədir?
Direktor təyinatı zamanı namizədin əvvəlki iş fəaliyyəti və sertifikasiya məlumatları araşdırılıbmı?

Bütün bunların fonunda bir məqam xüsusilə diqqət çəkir:Dövlət xəstəxanasının direktor kreslosu şəxsi əlaqələr hesabına əldə ediləcək vəzifədir, yoxsa peşəkarlıq və şəffaf seçim əsasında verilən məsul post,əgər Elşən Kərimov həqiqətən “əmrim hazırdır” deyə ətrafına məlumat yayırsa, bu əminliyin mənbəyi də ictimaiyyət üçün maraqlıdır. Çünki vəzifəyə təyinat barədə rəsmi qərar açıqlanmamışdan əvvəl belə bir əminlik yaranırsa, bu əminliyin arxasında nə dayanır?-Əlaqələr,tövsiyələr,yoxsa həqiqətən sırf TƏBİB rəhbərliyinin verdiyi qərar?Redaksiyaya daxil olan məlumatlarda daha bir ciddi iddia da səsləndirilir: Elşən Kərimovun Balakən Rayon Mərkəzi Xəstəxanasında yarımştat UZM həkimi kimi rəsmiləşdirildiyi, lakin faktiki olaraq xəstəxanaya işə gəlmədiyi bildirilir. İddialara görə, xəstəxanaya müraciət edən bəzi pasiyentlər dövlət tibb müəssisəsindən onun rəhbərlik etdiyi özəl klinikaya yönləndirilir. Burada həm əmək intizamı, həm də pasiyentlərin dövlət tibb müəssisəsindən özəl klinikaya yönləndirilməsi ilə bağlı ciddi suallar yaranır. Bundan əlavə, redaksiyaya daxil olan məlumatlara görə, Elşən Kərimovun törətdiyi bildirilən avtomobil qəzası ilə bağlı iş məhkəməyə göndərilib və onun inzibati məsuliyyətə cəlb olunduğu bildirilir. Bu faktın mümkün direktor təyinatı zamanı TƏBİB tərəfindən araşdırılıb-araşdırılmadığı da ayrıca sual doğurur.

Mediatvaz.com

Parkı söküb yerində qanunsuz tikinti aparılır - NARAZILIQ VAR...


Suraxanı rayonu, Günəşli qəsəbəsində aparılan işlər sakinləri narazı salıb.

Tribuna.az-a bu barədə məlumat verən sakinlər bildirib ki, qəsəbənin “Daş Abidə” parkını sökürlər.
Sakinlərin sözlərinə görə, parkı söküb yerində qanunsuz tikinti aparılır.

Tikilinin hansı razılıq əsasında aparıldığı sakinlərə də maraqlıdır.

Qəsəbədə tikiliyə görə narazılıq böyüyüb. Sakinlər Suraxanı rayon İcra Hakimiyyətinə müraciət ediblər.
Sakinlər icra başçısı Adil Əliyevdın bu qanunsuz işlərlə bağlı hesabat tələb edir.

VİDEO LİNKDƏ: https://diaaz.info/manset/490646-parki-sokub-yerinde-qanunsuz-tikinti-aparilir.html

Gömrük və verginin həbsə yolladığı sahibkar ədalət axtarışında -BAKI APELLYASİYA MƏHKƏMƏSİ QANUNSUZLUĞU ARADAN QALDIRACAQMI?


Prezident İlham Əliyevin inzibati qurumlar qarşısında sahibkarlara maneçilik törədilməməsinə dair xəbərdarlıqlarına baxmayaraq, zaman-zaman bu problemlər üzə çıxır.
Ölkənin məhkəmə-hüquq sistemindəki boşluqlar da sahibkarların deyil, inzibati orqanların maraqlarından çıxış edir.
Belə bir halla Süleyman Babayev adlı sahibkar üzləşib.
Vergi və gömrük orqanlarının qanunsuzluqları ilə üzləşən sahibkar Süleyman Babayev Yasamal Rayon Məhkəməsində əldə edə bilmədiyi ədaləti Bakı Apellyasiya Məhkəməsində axtarır.
Sahibkarın yaxınlarının Gununsesi.info-ya təqdim etdiyi apellyasiya şikayətində qanunsuzluqlardan bəhs olunub.
Babayev Bakı Apellyasiya Məhkəməsinin hakimi Aqil Musayevə müraciətində hesab edir ki, Yasamal Rayon Məhkəməsinin 1 avqust 2025-ci il tarixli hökmü iş üzrə təqdim edilmiş bir sıra mühüm sənəd və sübutların lazımi qaydada qiymətləndirilməməsi nəticəsində çıxarılıb.
Müraciətdə xüsusilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 209.3 və 213.3-cü maddələri üzrə ittihamların əsaslı olub-olmaması ciddi şəkildə mübahisələndirilir.
Gömrük borcu necə 783 min manata çatıb?
İşin diqqətçəkən epizodlarından biri “AKELIK GROUP” MMC-nin Rusiyadan idxal etdiyi avadanlıqlarla bağlı gömrük ödənişləridir.
Babayevin müraciətində bildirilir ki, avadanlıqların mənşə sertifikatı olduğu halda hesablanmış 15 faizlik gömrük idxal rüsumu sonradan ləğv edilib. 2025-ci ilin aprelində Bakı Baş Gömrük İdarəsi ilə “AKELIK GROUP” MMC arasında borcların dəqiqləşdirilməsi barədə sənəd hazırlanıb və həmin sənəd Dövlət Gömrük Komitəsinin rəsmi portalında yerləşdirilərək məhkəməyə təqdim olunub.
Həmin sənədlərdə şirkətin ƏDV üzrə gömrük orqanına 240 min manat borcunun olduğu göstərilir.
Babayev isə ilkin istintaq zamanı bu borcun ödənilməsi məqsədilə 200 min manat vəsait ödədiyini bildirir.
Onun iddiasına görə, bu ödəniş sonradan nəzərə alınmayıb.
Daha maraqlısı isə budur: məhkəməyə təqdim edilmiş başqa bir sənəddə gömrük borcunun 783 min 639 manat 21 qəpik olduğu göstərilib.
Babayev həmin məktubun həqiqəti əks etdirmədiyini və məhkəmənin bu sənədə əsaslanaraq onun barəsində 209.3-cü maddə ilə hökm çıxarmasını əsassız hesab edir.

Burada istər-istəməz sual yaranır: 240 min manat kimi göstərilən borc hansı əsasla 783 min manatdan artıq məbləğə çevrilib və əvvəlcədən ödənilmiş 200 min manat niyə nəzərə alınmayıb?
Milyonlarla manatlıq vergi hesablamaları: səhv, yoxsa başqa problem?
Babayevin apellyasiya müraciətində daha böyük mübahisə isə “ALKE İNŞAAT” MMC ilə bağlı vergi hesablamaları üzərində qurulub.
Müraciətdə qeyd edilir ki, şirkətdə aparılmış səyyar və kameral vergi yoxlamalarının nəticələrində ciddi uyğunsuzluqlar mövcuddur.
Babayev bildirir ki, şirkət fəaliyyət göstərdiyi dövrdə vergi hesabatlarını hesablama metodu ilə təqdim edib. Buna baxmayaraq, sonrakı kameral yoxlamanın kassa metodu ilə aparılması nəticəsində təkrar və əsassız vergi hesablamaları həyata keçirilib.
Müraciətdə göstərilir ki, “ALKE İNŞAAT” 2012-2019-cu illər ərzində ümumi dəyəri 126 milyon 284 min 60,21 manat olan üç beynəlxalq müqavilə icra edib.
2012-2016-cı illər üzrə isə müxtəlif səyyar vergi yoxlamalarının nəticələrinə əsasən ümumilikdə 109 milyon 894 min 260,87 manat məbləğində dövriyyə vergiyə cəlb olunub.
Lakin sonrakı yoxlamalarda vəziyyət dəyişib.
2017-2018-ci illəri əhatə edən səyyar vergi yoxlaması və 2019-cu ildə aparılmış kameral yoxlama nəticəsində şirkətin vergiyə cəlb edilən dövriyyəsinin əlavə olaraq 9 milyon 527 min 669,46 manat artırıldığı bildirilir.
Müraciət müəllifi hesab edir ki, bunun əsas səbəblərindən biri kameral yoxlamanın kassa metodu ilə aparılması olub və nəticədə 1 milyon 499 min 4,93 manat məbləğində yanlış hesablamaya yol verilib.
Ali Məhkəmənin qərarı və ekspert rəyləri nə deyir?
Sənəddə daha bir mühüm məqam var.
Babayev bildirir ki, “ALKE İNŞAAT”a səyyar və kameral vergi yoxlamaları nəticəsində hesablanmış 2 milyon 846 min 809,78 manat məbləğində verginin əsassız olması müxtəlif sənədlərlə təsdiqlənib.
Bu sənədlər sırasında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2025-ci il tarixli qərarı, 2020-ci və 2026-cı illərə aid ekspert rəyləri və digər sənədlər göstərilir.
Əgər bir vergi hesablamasının əsassızlığı barədə artıq məhkəmə qərarları və ekspert rəyləri mövcuddursa, onda həmin hesablamaların cinayət ittihamının əsasına çevrilməsi nə dərəcədə hüquqi və ədalətlidir?
Məhz bu sual Babayevin apellyasiya müraciətinin əsas xəttini təşkil edir.
ƏDV hesablamalarında daha bir qalmaqallı məqam
Müraciətdə 2018-ci ilin fevral və mart ayları üzrə ƏDV hesablamaları da detallı şəkildə göstərilir.
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin 6 fevral 2025-ci il tarixli məktubuna istinadən bildirilir ki, müəyyən məbləğlər ƏDV və mənfəət dövriyyəsinə təkrar daxil edilib.
Nəticədə, müraciət müəllifinin hesablamasına görə, 1 milyon 208 min 69,30 manat ƏDV və 1 milyon 805 min 732,99 manat mənfəət vergisi qanunsuz olaraq əlavə hesablanıb.
Bu, artıq sadə texniki səhv iddiası deyil. Söhbət milyonlarla manatlıq vergi hesablamasından gedir.
Yanacaq satışında 432 min manatlıq ƏDV məsələsi
Müraciətdə yanacaq satışları üzrə hesablamalara da diqqət çəkilir.
Sənəddə göstərilir ki, yoxlama dövründə yanacaq satışlarından 2 milyon 400 min 149,38 manat məbləğində dövriyyə ƏDV dövriyyəsinə daxil edilib və həmin məbləğə 18 faiz tətbiq edilməklə 432 min 26,89 manat əlavə ƏDV hesablanıb.
“Tarif Şurasının həmin dövr üçün müəyyən etdiyi alış və satış qiymətlərinə istinad etsək, o zaman ƏDV-nin bütün satış məbləğinə deyil, ticarət əlavəsinə tətbiq edilməli olduğunu bildirir. Mənim təqdim etdiyim hesablamaya görə, bu halda büdcəyə ödənilməli ƏDV əhəmiyyətli dərəcədə aşağı olmalı idi. Sual edirəm: Dövlət büdcəsinə artıq ödəniş edilibsə, milyonlarla manatlıq ittiham necə formalaşıb?”.
Babayev şikayətində bildirir ki, onun rəhbərlik etdiyi şirkətlər 2017-2019-cu illərdə hesablanmış və ödənilmiş vergilərdən əlavə olaraq 3 milyon manatdan artıq vəsait dövlət büdcəsinə ödəyiblər:
“Bununla belə, ittiham aktında 6 milyon 794 min 652,49 manat məbləğində borcun göstərildiyi qeyd olunur. Təqdim etdiyim sənədlərdə bu məbləğin necə formalaşdırıldığını və hesablamalarda hansı uyğunsuzluqlara yol verildiyini ortaya qoyuram”.
Süleyman Babayevin müraciətində vergi orqanlarının hərəkətləri ilə bağlı daha ağır iddialar da irəli sürüb. O, vergi yoxlamalarında saxtakarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər qanunsuzluqların olduğunu iddia edir:
“Ona görə də bunun hüquqi qiymətini isə təbii ki, məhkəmə və digər səlahiyyətli orqanlar verməlidir.Əgər vergi hesablamalarında milyonlarla manatlıq uyğunsuzluqlar barədə ekspert rəyləri və məhkəmə sənədləri mövcuddursa, bu hesablamalara əsaslanan cinayət ittihamı hansı əsaslarla qüvvədə saxlanılır?”
Daha bir sual isə bundan ibarətdir:
Dövlət büdcəsinə artıq ödənişlərin edildiyi bildirilən bir işdə vergi borcunun milyonlarla manat məbləğində göstərilməsi necə izah olunur?
S.Babayev Bakı Apellyasiya Məhkəməsindən işə obyektiv və ədalətli yanaşılmasını, təqdim etdiyi sənədlərin və sübutların tam araşdırılmasını tələb edir.
Müraciətin sonunda o, qanunun aliliyinin təmin olunmasını və məhkəmə prosesinə ədalətli yanaşılmasını xahiş edir.
Gununsesi.info olaraq hesab edirik ki, bu işdə yalnız bir şəxsin taleyi deyil, həm də vergi hesablamalarının, məhkəməyə təqdim olunan sübutların və dövlət orqanlarının qərarlarının nə dərəcədə obyektiv və qanuni olması məsələsi araşdırılmalıdır. Çünki milyonlarla manatlıq rəqəmlərin yer aldığı belə bir işdə “texniki səhv” adı altında ciddi sualların üstündən keçmək olmaz.

Gununsesi.info

Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -Bir mənbədən satınalma metodunun tətbiqi ilə(?)!


Hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...
Beyləqan Rayon İcra Hakimiyyəti Maşın və avadanlıqların, eləcə də, Dəftərxana və təsərrüfat mallarının alınması ilə bağlı müqavilələr imzalayıb. 02.09.2026-cı il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata görə, bu məqsədlə birinci epizodla bağlı "APO RM GROUP" MMC ilə 7998 manatlıq, ikinci epizodla bağlı isə "ALBARO" MMC ilə 5200 manatlıq razılaşmalar rəsmiləşib.
Hər iki müqavilədə bir ortaq nöqtə diqqət çəkir: Bütün epizodlarda tərəflər arasında satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil). Hər iki satınalma bir mənbədən satınalma metodunun tətbiqi ilə həyata keçirilmiş və satınalma barədə elan heç bir mətbuat orqanında dərc edilməmişdir(?)
Elə bu faktor məlum səbəblərdən ciddi suallar doğurur, əsaslı şübhələrə rəvac verir...Bu istiqamətdə oxucularımızın “Yenixeberorg”a ötürdüyü məlumata görə, tərəflər arasındakı bu əməkdaşlığın özünəməxsus səbəbləri var... Yuxarıda qeyd etdiyimiz kimi, Beyləqan Rayon İcra Hakimiyyəti müvafiq satınalma müsabiqələri elan etmədən, bir mənbədən olmaqla sadaladığımız şirkətlərlə müqavilələr bağlayıb.
Bu sözün bəlli mənasında maraq doğuran faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,...müvafiq əsaslandırmalarla!
Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız məlum portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Göründüyü kimi, "Dövlət satınalmaları haqqında" Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır...
İndi isə sual olunur: Beyləqan Rayon İcra Hakimiyyətinin Maşın və avadanlıqların, eləcə də, Dəftərxana və təsərrüfat mallarının alınması ilə bağlı sadaladığımız şirkətlərlə birbaşa müqavilə bağlaması hansı səbəblərdən qaynaqlanır???
Yoxsa, Beyləqan Rayon İcra Hakimiyyətini müvafiq Maşın və avadanlıqlarla, eləcə də, Dəftərxana və təsərrüfat malları ilə təmin edə biləcək başqa şirkətlər yoxdur...(?) Baxın, ən aktual və cavablandırılması vacib sual da, məhz budur!
Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf kimi, Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?
Siyahıda yer alan şirkətlər hansı üstünlükləri ilə və hansı meyarlarla seçilib? Və s...
***
Digər vacib bir məqam Beyləqan Rayon İcra Hakimiyyətinin Maşın və avadanlıqlar aldığı (Yaxud alacağı. Red.) "APO RM GROUP" MMC ilə bağlıdır. İnternet üzərindən apardığımız araşdırmalarla məlum oldu ki, bu şirkət müxtəlif dizaynlı hovuzların tikintisi üzrə ixtisaslaşıb. Təsəvvür edirsiniz hovuz tikən şirkət və maşın və avadanlıqlar...(?)
"ALBARO" MMC ilə bağlı isə internet üzərində geyim modelləri ilə rastlaşmaq mümkündür...(?)
***
Biz “Yenixeberorg” olaraq, bu və digər şübhələrə aydınlıq gətirmək məqsədi ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizova 6 sualdan ibarət online rəsmi sorğu ünvanladıq...Təəssüf ki, sorğumuz hələ də cavabsız olaraq qalır(?)
Haşiyə: Əziz Əzizov icra hakimiyyəti strukturunda təcrübəli kadr kimi tanınır... Xatırladaq ki, cənab Əzizov 8 avqust 2006- 2 fevral 2018-ci illərdə Cəlilabad rayonuna, 2 fevral 2018-12 noyabr 2019-cu illərdə Yasamal rayonuna, 12 noyabr 2019-28 iyun 2024-cü illərdə Suraxanı rayonuna rəhbərlik edib. 8 iyul 2024-cü ildən isə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısıdır...
Və son əvəzi...
Əvvəla, hörmətli icra başçısına xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...
Dövlət büdcəsi nə kiminsə dədə-babasından qalma xəzinə deyil, nə də hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin... Dövlətin pulun heç bir məmur, səlahiyyət sahibi könülü istədiyi kimi xərcləyə bilməz, xərcləməməlidir də!
Eyni zamanda məlum funksiyaların icraçısı kimi medianın sorğusu da cavablandırılmalıdır. Təkcə ona görə yox ki, hansısa yanlış informasiya tirajlana bilər, həm də ona görə ki, bu hər bir səlahiyyət sahibinin vəzifə borcudur. Gec də olsa bunu bilmək lazımdır...
Həm də onu bilmək lazımdır ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb.(Yenixeberorg.biz)

Yasamal sakinləri BAŞÇIYA MÜRACİƏT ETDİ... - VİDEO


Yasamal rayonunda tikiliyə edilən qanunsuz artırma narazılığa səbəb olub.

Tribuna.az-a məlumat verən sakinlər bildirib ki, qanunsuz iş rayonun Kamil Əliyev ünvanında aparılır.

Sakinlərin sözlərinə görə, 2 mərtəbədən inarət olan obyektə əlavə artırma edilərək 3-cü mərtəbə inşa edilir.

Belə artırmalar qanunla qadağan olsa da, Yasamal rayonunda buna məhəl qoyan və nəzarət edən yoxdur.

Sakinlər bildirib ki, belə tikinti olduqca təhlükəlidir və şəhərsalma normalarına ziddir.

Sakinlər qanunsuz işlə bağlı Yasamal rayon İcra Hakimiyyətinə, başçı Elşad Həsənova müraciət də ediblər.

Sakinlər müraciətə cavab verilməsini və tikili ilə bağlı tədbir görülməsini tələb edirlər.

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına vəzifə verildi - ƏMR


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir.

Nocomment.az xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb.

Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananın baş həkimi təyin edilib.

Qeyd edək ki, yeni baş həkim uzun illər 1 nömrəli Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində, daha sonralar isə həmin xəstəxananın Urologiya şöbəsində uroloq-cərrah işləyib.

İxtisasca uroloq-cərrah olan Mətləb Musayev həm də məşhur müğənni Mənzurə Musayevanın qardaşıdır.

Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı FOTOFAKT


Bəzi özəl tibb müəssələrində vətəndaşlardan qəbul edilən vəsaitlərin kassa aparatına daxil edilməməsi və rəsmi uçota alınmaması məsələsi adi hala çevrilib. Baş həkimi Fərid Eyvazov olan “Alliance Clinic”də yaşanan son hadisə də məhz bu maliyyə pozuntusunun bariz nümunəsidir.

“Faktum.az” redaksiyasına vətəndaş Rüstəmov Firudun Xanəhməd oğlu tərəfindən şikayət daxil olub. Vətəndaşın təqdim etdiyi sənədlərə əsasən, “Alliance Clinic”də ona göstərilən 146 manatlıq tibbi xidmət müqabilində rəsmi nəzarət-kassa aparatının (NKA) fiskal çeki verilməyib.

Əvəzində vətəndaşın əlinə heç bir QR-kodu və fiskal ID-si olmayan, tamamilə qanunsuz, sadəcə klinika daxili bir “kağız parçası” tutuzdurulub.

Nəticədə vətəndaşın qanuni ƏDV-ni geri almaq hüququ mənimsənilib, klinikanın kassasına daxil olan vəsait isə dövlət uçotundan ustalıqla gizlədilib.

Baş həkim Fərid Eyvazov nəzərə almalıdır ki, pasiyentə rəsmi kassa çeki əvəzinə daxili qəbz vermək Vergi Məcəlləsinin və “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərini açıq-aşkar tapdalamaqdır. İllərdir fəaliyyət göstərən bir tibb müəssisəsinin rəhbərliyi nəzarət-kassa aparatının istifadəsi qaydalarını bilmir, yoxsa daxil olan vəsaitləri rəsmi uçotdan yayındırmaq bu klinikanın iş metodudur?

Pasiyentin “cibinə girərək” onun qanuni ƏDV-sini mənimsəmək və dövlətin büdcəsinə çatacaq vergini gizlətmək hansı tibbi etikaya və qanuna sığır?


Biz vətəndaşın müraciətini əsas götürərək, 24 avqust 2026-cı il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 13 nömrəli məktubla rəsmi sorğu ünvanlamışıq. Həmçinin 012 403 89 70 nömrəsi ilə əlaqə saxlayaraq sorğunu xatırlatmışıq. Lakin qanunvericiliklə müəyyən edilmiş cavablandırma müddəti çoxdan keçməsinə baxmayaraq, göndərdiyimiz rəsmi sorğu Dövlət Vergi Xidməti tərəfindən hələ də cavablandırılmayıb.İnanırıq ki, Dövlət Vergi Xidməti tərəfindən sorğumuz əsasında qeyd olunan klinikada müvafiq araşdırma aparılacaq və məktubumuzda qeyd etdiyimiz suallara əsaslandırılmış cavab veriləcək.

Deyəsən klinika rəhbərliyi unudur ki, pasiyentlər sadəcə gəlir mənbəyi deyil, onların hüquqları qanunla qorunur. Vətəndaşın aldığı 146 manatlıq xidmətin hesabını verə bilməyən, rəsmi kassa çekini pasiyentə çox görən bir müəssisənin göstərdiyi tibbi xidmətin şəffaflığı da artıq ciddi sual altındadır. Bu faktın və vətəndaşın pozulmuş hüquqlarının işıqlandırılması istiqamətində araşdırmalarımız davam edəcək.

Peşə təhsilində müqavilə biabırçılığı - Yüzlərlə müəllim və usta yeri boş saxlanılıb



Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan müəssisə və peşə məktəblərində yüzlərlə müəllim və usta yeri boş qalıb.

Bizimesr.media bildirir ki, avqust ayında keçirilən imtahanların nəticələrindən irəli gələn qəbul prosesi olduqca qeyri-şəffaf aparıldığı üçün peşə təhsili müəssisələrinə işə qəbul prosesi demək olar ki, baş tutmayıb. Boş ştat kimi çıxarılan yüzlərlə iş yerinin cəmi 2-3 faizinin imtahan yolu ilə dolduğu bildirilir. Onlar da, dostlar və tanışlar...

Bu faktı peşə məktəblərinin “müəllim və usta lazımdır” elanları da təsdiqləmiş olur.

Yəni, məntiq belədir, dövlət vəsaiti xərclənərək imtahanla işə qəbul prosesi aparılır. Bu qəbul o qədər naşı və sistemsiz həyata keçirilir ki, yüzlərlə namizəd imtahandan keçsə də, hətta 70 bal toplayan şəxs belə müsahibə mərhələsindən keçə bilməyib.

Bu fakt özü-özlüyündə belə bir görüntü yaradır ki, guya müsahibə mərhələsindən keçə bilməyən şəxslərdə, 70 bal toplamasına baxmayaraq, müəllim və usta olmaq üçün nəsə çatmır. Nə çatmırı, direktorlar və İlqar Bayramlı, Simnar Mamedov, Murad Məmmədov yaxşı bilir.

Amma sonradan müqavilə ilə imtahana girməyən, bir gün belə müəllim işləməyən, ümumiyyətlə, ixtisas uyğunluğu olmayan şəxslərin müqavilə ilə işə qəbul edilməsi - üstəlik, bunun hər il təkrarlanması və daha biabırçı mərhələyə keçməsi, baş verənlərin məqsədli şəkildə edildiyini göstərir.

Azərbaycan təhsilinin inkişafından ağzı dolusu danışan nazir Emin Əmrullayev və Agentliyin direktoru İlqar Bayramlı bu məntiqi biabırçılığı və uyğunsuzluğu əsaslandıra bilərmi?

Ümumiyyətlə, bu nə deməkdir və niyə insanları imtahana aparıb vaxtlarını alırlar, sonda lağa qoyurlar?

Məlumata görə, Bakı və regionlarda fəaliyyət göstərən bütün Peşə Təhsili Mərkəzlərində bu il işə qəbulun böyük faizi müqavilə ilə həyata keçirilib və müqavilə ilə işə qəbul edilən şəxslərin əksəriyyəti ixtisas üzrə nəinki mütəxəssis, ümumiyyətlə, ixtisasına uyğun deyil.

Yüzlərlə boş ştatın qalması isə direktorların və Agentlikdəki məlum şəxslərin dərs ili boyunca böyük məbləğdə pul qazanmasına şərait yaradır. Odur ki, aidiyyəti dövlət qurumları və hüquq-mühafizə orqanları bu şəxslərin işə hansı formada qəbul edildiyini və nəyin müqabilində götürüldüyünü araşdırmalıdır. Bu araşdırmalara dəstək olmaq hər bir şəxsin borcudur.

Hər il təkrarlanan bu vəziyyətə niyə son qoyulmur? Milyonlarla vəsait ayrılmasına baxmayaraq, Peşə Təhsili niyə sistemli şəkildə irəliləmir?

Bütün bunlar azmış kimi, iddialara görə, bu ildən hətta Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən Peşə Təhsili Mərkəzlərində ödənişli qruplar yaradılıb və onların ikinci növbədə fəaliyyət göstərəcəyi nəzərdə tutulub.

Bu, daha dəhşətli fakt sayıla bilər. Bu ödənişli qruplar necə formalaşıb və onlarla dərs keçiriləcəkmi? İddialara görə, bu qrupların sadəcə adı olacaq, ikinci növbədə isə tələbələr dərsə gəlmədən diplom ala biləcəklər. Bu iddianın araşdırılması lazımdır. Əgər belə bir hal baş verərsə, bu, məsuliyyət yaradan faktdır.

Odur ki, bütün bu faktlar incəliyi ilə araşdırılmalı, onları işə qəbul edən və işə qəbul olunan şəxslər ayrı-ayrılıqda dindirilməlidir.

Məlumata görə, müqavilə ilə işə qəbul prosesi Agentlikdəki bəzi şəxslərlə direktorların hansısa formada razılığı əsasında həyata keçirilir. Peşə Təhsili Mərkəzlərində və müəssisələrdə daha ciddi qanunsuzluqların baş verdiyi ilə bağlı iddialar var.

Odur ki, aidiyyəti dövlət qurumları və hüquq-mühafizə orqanları bu şəxslərin işə hansı formada qəbul edildiyini və nəyin müqabilində götürüldüyünü araşdırmalıdır. Hər il təkrarlanan bu vəziyyətə niyə son qoyulmur və milyonlarla vəsait ayrılmasına baxmaayaraq, Peşə Təhsili niyə sistemli irəliləmir.

Bütün bunlar azmış kimi, bu ildən hətta Bakı şəhərində fəaliyyət göstərən Peşə Təhsili Mərkəzlərində ödənişli qruplar yaradılıb və ikinci növbədə fəaliyyət göstərəcəyi nəzərdə tutulub. Bu daha dəhşətli fakt sayıla bilər... Bu ödənişli qruplar necə formalaşıb və onlarla dərs olacaqmı?İddialara görə, bu qrupların sadəcə adı olacaq, ikinci növbədə isə onlar dəsrə gəlmədən diölom apa biləcəklər. Bu iddianın araşdırılması lazımdır və əgər belə bir hal baş verərsə bu məsuliyyət yaradan fakt hesab olunmalıdır.

Odur ki, bu faktlar incəliyi ilə araşdırılmalı, onları işə qəbul edən və işə qəbul olunan şəxslər ayrı-ayrılıqda dindirilməlidir. Məlumata görə, müqavilə ilə işə qəbul prosesi Agentlikdəki bəzi şəxslərlə direktorların hansısa formada razılığı əsasında həyata keçirilir. Peşə Təhsili Mərkəzlərində və müəssisələrdə ciddi rüşvət faktlarının olub-olmadığı dərindən araşdırılmalıdır.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56