“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...


Masazır qəsəbəsində yerləşən Qurtuluş 93 yaşayış kompleksinin sakinləri uzun müddətdir həllini tapmayan problemlərlə bağlı Patrul.az-a müraciət ediblər. Sakinlərin sözlərinə görə, yaşayış kompleksində vəziyyət artıq adi məişət narahatlığı həddini keçərək insanların gündəlik həyatına ciddi şəkildə təsir edən problemlər toplusuna çevrilib.
Sakinlər iddia edirlər ki, demək olar, hər gün elektrik enerjisinin kəsilməsi əsas problemlərdən biridir. Onların sözlərinə görə, işığın hansı səbəbdən kəsildiyi ilə bağlı hər dəfə fərqli açıqlamalar verilir. Bir gün texniki nasazlıq, digər gün ərazidə aparılan işlər səbəb göstərilir.

Sakinlərin isə sualı birdir: ödənişini vaxtında edən vətəndaş niyə davamlı olaraq elektrik enerjisiz qalmalıdır?

“Əgər hansısa iş gedirsə və mən işıq pulumu vaxtında ödəyirəmsə, niyə mənim işığım kəsilməlidir?”

Sakinlər hesab edirlər ki, problem müvəqqəti xarakter daşısaydı, uzun müddət ərzində bu qədər narazılıq yaranmazdı. Onlar aidiyyəti qurumlardan elektrik enerjisinin kəsilməsinin səbəbləri barədə konkret və şəffaf məlumat tələb edirlər.

Yaşıllıqlar azalır, obyektlər artır?

Sakinlərin narazılığı bununla da bitmir. Onların sözlərinə görə, yaşayış kompleksində yaşıllıqların və ağacların məhv edilməsi, eləcə də binaların altında müxtəlif obyektlərin fəaliyyət göstərməsi ilə bağlı ciddi suallar yaranıb.

Sakinlər bildirirlər ki, yaşayış üçün nəzərdə tutulan ərazidə kommersiya obyektlərinin sayının artması insanların onsuz da məhdud olan istirahət imkanlarını daha da azaldır.

Parklar sakinlər üçündür, yoxsa obyektlər üçün?

Qurtuluş 93 sakinlərinin xüsusilə narazı qaldığı məsələlərdən biri də park və istirahət məkanlarının vəziyyətidir.

Sakinlərin iddiasına görə, park ərazilərində kafe, çayxana və digər obyektlərin sayı getdikcə artır. Nəticədə ailələrin, xüsusilə də uşaqların rahat şəkildə istifadə edə biləcəyi məkanlar azalır.

“Parkda gəzməyə çıxırsan, səs-küy olur. Uşaqların rahat oynaya biləcəyi, ailələrin sakit otura biləcəyi yerlər azalır. Hər yerdə kafe, çayxana açılır. İmkanı olan oturur, olmayan isə uşağı ilə parkda belə rahat vaxt keçirə bilmir”.

Sakinlərin fikrincə, parkların əsas funksiyası kommersiya fəaliyyəti üçün deyil, insanların rahat istirahəti üçün qorunmalıdır.

Sahibsiz heyvanlarla bağlı vəziyyət də narahatlıq doğurur

Müraciətdə sahibsiz heyvanlarla bağlı problem də xüsusi vurğulanıb. Sakinlər bildirirlər ki, ərazidə heyvanlar üçün kifayət qədər su və yem qabları yoxdur.

Onların sözlərinə görə, sürətlə hərəkət edən avtomobillər səbəbindən heyvanların vurulması və tələf olması halları da yaşanır.

Sakinlər hesab edirlər ki, həm heyvanların, həm də insanların təhlükəsizliyi üçün bu məsələ ilə bağlı nəzarət və tədbirlər gücləndirilməlidir.

Qaz xətləri çəkilib, amma qaz yoxdur

Qurtuluş 93-də sakinlərin ən ciddi suallarından biri də qaz təminatı ilə bağlıdır.

Sakinlərin sözlərinə görə, ərazidə qaz xətləri çəkilsə də, yaşayış kompleksinə hələ də qaz verilməyib. Onlar bildirirlər ki, kupçaları və müvafiq sənədləri mövcuddur və buna görə qaz təminatının nə vaxt həyata keçiriləcəyi ilə bağlı aidiyyəti qurumlardan konkret cavab gözləyirlər.

Sakinlər üçün əsas sual isə dəyişmir: Əgər sənədlər qaydasındadırsa, qazın verilməsinə maneə nədir və bu problem nə vaxt həll olunacaq?

“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb”

Sakinlərin sözlərinə görə, elektrik enerjisinin kəsilməsi, qaz təminatının olmaması, yollar, yaşıllıqlar, parklar, təhlükəsizlik və digər məsələlərin eyni vaxtda problem yaratması Qurtuluş 93-də yaşayışı ciddi şəkildə çətinləşdirib.

Onlar bildirirlər ki, məsələ ayrı-ayrı sakinlərin şəxsi narazılığı kimi qiymətləndirilməməli, kompleks üzrə araşdırılmalıdır.

Sakinlər aidiyyəti qurumları Qurtuluş 93 ərazisinə baxış keçirməyə, problemlərin səbəblərini araşdırmağa və nəticəsi barədə ictimaiyyətə məlumat verməyə çağırırlar.

Patrul.az olaraq sakinlərin səsləndirdiyi iddiaları aidiyyəti qurumların diqqətinə çatdırırıq. Elektrik və qaz təminatı, yaşıllıqların vəziyyəti, park ərazilərində obyektlərin fəaliyyəti, yollar və təhlükəsizliklə bağlı səsləndirilən məsələlərə cavabdeh qurumların mövqeyini dərc etməyə hazırıq.

Məsələ açıq qalır: Qurtuluş 93 sakinlərinin problemləri nə vaxt həll olunacaq?

Patrul.az

Artan ixtisarlar, azalan maaş və premyalar, yoxa çıxan təminat, haqsızlıqda boğulan işçilər- BAKI GƏMİQAYIRMA ZAVODUNDAN ŞİKAYƏTLƏR ARTIR

Artan ixtisarlar, azalan maaş və premyalar, yoxa çıxan təminat, haqsızlıqda boğulan  işçilər- BAKI GƏMİQAYIRMA ZAVODUNDAN  ŞİKAYƏTLƏR ARTIR

Bir müddət əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON ) tərkibinə daxil Bakı Gəmiqayırma Zavodundakı nəqliyyat sahəsindəki özbaşnalıqla bağlı Atatv.az saytına ünvanlanan problem işıqlandırılmışdır. Xəzər regionunun ən böyük gəmiqayırma zavodunda işçilərin şikayətinə əsasən zavodun İnsan Resursları və İnzibati İşlər Departamentində İnzibati İşlər bölməsinin rəsisi Namiq Vəliyev və “AZCON” holdinqin icraçı direktoru Şahin Tofiq oğlu Babayev vəzifəsindən sui istifadə halına yol verərək qazanc məqsədilə “BP exploration (Caspian sea) limited” şirkətinə məxsus yararsız avtobusları 11 ildir ki, hərrac yolu ilə alaraq işçilərin daşımasında gündəlik istifadə etdirir.

Namiq Vəliyev və Şahin Babayevin birgə əlbir olaraq icra etdiyi bu qanunsuz işdə şikayət əziyyət çəkənlərin ağır iş şəraitində əməyinin istismar olunması, həyatlarının təhlükədə olması ilə bağlıdır. Hansı ki, işə görə adının çəkilməsini istəməyən işçilər həmin hərrac yolu ilə alınmış istifadə müddəti yararsız avtobuslarda “əl əyləci” olmamasını ciddi problem kimi qeyd edirdi. Redaksiyaya göndərilən video və şəkillərdə də aydın görünür ki, təxminən 20-dən çox dövlət nömrə nişanlı və sıra ilə düzülən avtobusların təkərlərinin altına dayaq məqsədilə daş qoyulub. Təbii ki, bu da əyləc sisteminin problemli olmasına dəlalət edir. Bu da həyatı üçün narahat olan və gündəlik həmin avtobsularda təhlükəli şəraitdə işə gəlib gedən işçiləri narahat etməməyə bilməz. Onlar qeyd edir ki, pula görə müdürlər, rəhbər şəxslər onları həm ağır iş şəraitində, həm də təhülkəli nəqliyyatda işə gedib gələrək işləməyə məcbur edirlər.

Həmin material yayımladıqdan sonra redaksiyaya zavod daxilində adlarının çəkilməsini istəməyən bəzi işçilərin iş şəraitinin bərbad vəziyyətdə olması, qeyri -qanuni ixtisar və veteran statuslu işçilərin xüsusi qayğı və imkanlardan yararlanmamasına dair şikayətlər daxil olub. ATATV.az-a bildirilir ki, bir müddətdir zavodun boru şöbəsində ixtisarlara başlanılıb və beş illik təcrübəli işçilərə kompensasiya ödənilmədən məcburi öz ərizələrini yazdırmaqla işinə xitam verilir. Halbuki Əmək Məcəlləsində işçi bir yerdə beş il çalışdığı təqdirdə əmək müqaviləsi müddətsiz olur. Hətta işçilər buna əməl etmədikdə rəhbərlik onları məcbur edir ki, əgər öz ərizənizlə işdən çıxmasanız təkrar iş başlayanda onları işə çağırmayacaq. Əks təqdirdə, yəni əgər könüllü işdənçıxma ərizələrini yazsalar yenidən işə çağırarlar kimi vədlərlə işçiləri kompensasiya ödənilmədən işdənçıxma ərizəsini yazmağa məcbur etdirirlər.

Bir digər problem isə şikayətçilərin verdiyi məlumata görə hər il 8 noyabr “Zəfər” günü tarixində veteran və qazi statuslu işçilər üçün nəzərdə tutulan 500 manatlıq qayğı pulundan da məhrum edilmələridir. İşçilərdən biri bunu “ötən il bu məbləğ 150 manat civarında olub ki, etiraz edənlərə “büdcədə pul yoxdur, heç onu da vermək istəmirdik, az da olsa nəzərə aldıq” deyərək sərt cavab verilib. İşçilər etiraz edir ki, bu qədər layihələrin pulu necə oldu? Hansı ki, vaxtilə zavodda bir layihə işlənəndə hər bayram premya verilirdi. Onların sözərinə görə keçmiş sədrdən fərqli olaraq yeni gələn sədr Ruslan Talıbov işçilərə qan uddurur.

Elşad Nuriyev qazi və veteranlar üçün lövhə düzəltdirərdi, şəkillər ora vurulardı. Vallah heç bu addan istifadə etməmişik. Sadəcə bizə olan diqqət idi. İndi isə yeni gələn sədr qazi və veteranlara qətiyyən diqqət göstərmir, əvvəlki sədrdən fərqli olaraq işçilərə qarşı sərt davranmaqla yanaşı, bütün imtiyazları, qayğı və diqqəti ləğv edir. Əvvəlki sədrə yaxınlaşıb dərdini demək olurdusa, indikinin qəbuluna belə düşmək olmur. Otağına işçilər buraxılmır, istənilən müraciət və şikayət yayındırılıb köməkçisinə yönəldilir. Üstəlik qarşıdan noyabr ayı gəlir və biz bu premyanı gözləyirik. Doğrusu, premyanın aqibəti bizi narahat edir” ,- deyə şikayətində əlavə edir.
Həmçinin hər gün işə gedib-gəlinən yararsız avtobuslarla işçilərə qışda soyuq, yayda qaynar halda diskomfort hal yaşadırlar. Diqqətdən yayınmaq üçün Ələt-Qobustan istiqamətdə köhnə, yararsızları, şəhər marşurutu üzrə hərəkətdə olarkən isə nisbətən səliqəli avtobusları istismar edirlər.Hətta iki aydır ki, yararsız avtobus təhlükəsindən ehtiyat edərək işçilərdən bəziləri təhlükəli vəziyyətə görə avtobusdan imtina edərək özləri işə gedib gəlir.

“Həm yoldan manatlıq müştəri yığırlar, həm də avtobus qaynar isti olduğundan dözülməz olur” ,-deyə işçi etirazını belə ifadə edir.
İşçiləri narazı salan digər ciddi problem isə zavodda xarici işçilərə gündəlik “mesaye” verildiyi, yəni artıq iş saatına görə pul ödənildiyi halda, yerli işçilərə bu məbləğ dəfələrlə az ödənilir.Əməkhaqqıya gəldikdə isə işçilər müəssisənin böyüklüyünə və ağır iş şəraitinə görə maaşların 600-700 manat civarında olmasını haqsızlıq hesab edir.

Yüksək maaşlar isə “səliqəli geyimli ofis içiləri üçündür” deyirlər. İşçilər qeyd edir ki, onlardan fərqli olaraq Bibiheyyətdə gəmi təmiri zavodu bağlananda işçiləri yüksək əməkhaqqı ilə işə alınıb, hətta onlara gündəlik zavoda daxil olan andan maaşlarına “dəniz əmsalı” hesablanılır , digər işçilər isə ancaq gəmidə çalışarsa eyni əmsaldan yararlana bilər. Bu ayrıseçkiliklə bağlı rəhbərliyə şikayət edən işçilərə mərkəzi ofisdən “büdcəmiz yoxdur, darıxmayın gələcəkdə yaxşı olacaq, mesaye alırsız” deyilir və bu ümüdlü vəd də vəd olaraq qalır. “Anlamırlar ki, mesaye bizim artıq saata qalıb işləyib zəhmətimizlə aldığımız puldur, maaş deyil. Nə qədər ali, orta ixtissas təhsilli adi fəhlə yaxud usta köməkçisi kimi çalşır, ancaq təhsili olmayıb yaxud gəmidən anlayışı olmayanlar vəzifədə oturub. Əvvəlki sədr Elşad Nuriyev çox adamı işdən çıxardı, amma əvəzinə yerdə qalan işçilərə əmək haqqı artımı elədi. Bu isə həm işçi sayını və əməkhaqqını azaldır ” ,- deyə işçilərdən biri təkrar etirazını ürəkyanğısı ilə dilə gətirir.

“Mesaye” məsələsinə gəldikdə isə işçilər qeyd edir ki, bu həftə içi iş saatından kənar iki saatın 4 saat, şənbə günü isə 8 saat iş rejiminin 16 saat, yəni ikiqat hesablanmasıdır. Ümümilikdə isə bu işlərlə maaş min manat belə olmur ki, işçilər bunu ağır və gərgin əməyə haqsızlıq hesab edirlər.Üstəlik onların ağır əməyinə nəzarət naminə əzazil bir işçini nəzarətçi təyin ediblər. Şikayətçilər deyir ki, onları ən xırda haqsız məsələlərdə belə, həmin şəxsin xəbərçiliyi sayəsində cərimələyib tənqid edirlər.

“Ehtiyac üzündən qalırıq əlavə iş saatlarına.Məcburən canımıza əziyyət verib işə çıxıb onu qazanırıq. Gözümüz onu görür, çünki əməkhaqqı çox azdır. Şəxsən 900-1000 manat əmək haqqı alsaq əlavə iş saatlarına çıxmaz gəlib ailəmlə vaxt keçirərəm. Maraqlıdır ki, əvvəl bir lahiyə tikilirdi, premya və maaşı alırdıq, indi 10 layihə tikilir eyni maaşı alırıq, premya da yoxdur. Bəzən mesayeni də vermirlər.Həmin bir nəfər gizlin şəkildə sexlərdə işçilərin üzərinə düşür. Kimin əlində telefon varsa , kaskasının remeni azacıq yuxarıdırsa şəkli çəkib rəhbərliyə göndərir. Fəhlə 8 saat işləyəndə onu görmürlər, ancaq iki dəqiqə fasilə edəndə şikayət, tənqid edirlər, Yerə dəmir parçası qoyursan , çəkir. Bilmir nə məqsədlə qoymuşuq. İstidən qaynaqçıların gözləri zəifləyir deyə kaskanı çıxarır , dərhal şəkili çəkib göndərir rəisə ,- işçilərdən biri kədər dolu acı həqiqəti belə ifadə edir.

İşçilər əlavə edir ki, zavod daxilində işçilərə gündəlik lazım olacaq ləvazimatlar alınmır, işçilər avadanıqlarla təmin olunmur. Üstəlik onlarla işçi ixtisara salınaraq onların ağır əməyinə laqeyd münasibət sərgilənir. Nə qədər işçi laqeyd və kəskin münasibətdən burdan çıxıb Avropa ölkələrində zavodda işləməyə üz tutub. Çoxunun isə ölkədə azyaşlı övlad və ailəsi olduğu və imkanı olmadığı üçün ağır iş şəraiti də olsa işləyib bir tikə çörəyini qazanmaq məcburiyyətindədir.,

Verilən məlumata görə, hazırda zavodda bir ildir ki, quraşdırıcıların istifadə etdiyi təbaşir, metrə, qalın əlcək aylardır ki, zavodda ərşə çəkilib. Ayaqyolu , hamam və hamam aksesuarları bərbad gündədir.
“Sağ olsun iki yaşlı kişi oranı təmiz saxlayır, yoxsa itib batar oralar, bir krant xarab olanda aylarla elə qalır. Təminat sıfırdır . Soruşsan ki, nə vaxt gəlir, deyirlər sifariş etmişik gələcək” , -deyə işçi sanitar qovşağın da hazırki aqibətini, təminatı təsvir edir.

Qeyd edək ki, tikintisinə 2010-cu ildən və istifadəsinə isə 2013-cü ildə başlanılan Bakı Gəmiqayırma Zavodunun rəhbərliyinin qarşısına bir məqsəd qoylumuşdur. Azərbaycanın gəmiçilik sahəsində idxaldan asılılığını aradan qaldıracaq, Xəzər donanmasını müasirləşdirməyə imkan verəcəkdir. Zavodda rəhbərlik həmçinin ildə 80–100 ədəd gəmi təmiri həyata keçirməli, işçilərin sayının 2000 nəfərə qədər artırılması nəzərdə tutulurdu. Ancaq işçilər deyir ki, zavodda 3-4 sexdə 100-200, hətta elə sexlər var ki, çox az işçi heyyəti qalıb.

Ancaq indi işçi heyyətinin şikayətinə əsasən işçilər ixtisara salınır və 700-800 manatlıq iş sadə Azərbaycan vətəndaşına çox görülür, əməyi təhlükəli iş şəraitində istismar olunur. 90 faiz işçi isə açıq şəkildə şikayət edib işini itirməkdən qorxur. Çünki onlar deyir ki, işsizlik ağır işdən daha pis olduğundan dözüb qalmağı və gizlin məsələni qabartmağı seçir. 6-7 ilin işçiləri ağır işi, çoxsaylı lahiyələri olan zavodda 600-700 manat almasını şəxslərinə həqarət, istismar bilir. “Vallah daş karxanasında daş atan da və marketdə kassir də o maaşı alır. Ağır sənaye işində işçi belə maaş alar. İşçi yeməkxanaya iki dəqiqə tez gedəndə adı cərimə siyahısında olur. Amma rəhbər işçilər 10-15 dəqiqə tez gedir yeməkxanaya” ,-deyə işçilər giley-güzar edirlər.

Zavodun rəsmi saytında qeyd edilir ki, Bakı Gəmiqayırma zavodu Azərbaycanın dəniz sənayesində və ofşor sənayedə milli simvola çevrilmək məqsədilə fəaliyyət göstərən müasir və strateji müəssisələrdən biridir. Həmçinin 13 ildir ki, regionda gəmiqayırma və gəmi təmiri sahəsində aparıcı mövqeyə sahibdir. Nəinki ölkdaxili tələbatı ödəmək, həm də beynəlxalq bazarlara çıxış əldə etmək üçün mühüm imkanlar, yüksəkkeyfiyyətli mühəndislik və texnoloji həllər təklif edir. Əgər zavodda ən son texnologiyalar , innovativ yanaşmalar və peşəkar kadr potensialı istifadə olunursa işçilərin əmək şəraitinin bərbadlığı və əməyinin istismarı, nasaz, texniki cəhətdən yararsız avtobusların istifadəsini və digər bu kimi problemlərin mövcudluğunu hara yazaq. Zavodun rəsmi səhifəsindəki təriflə işçilərin real iş şəraiti üst-üstə düşmür. Beynəxalq səviyyəli zavod işçisinə niyə belə az maaşla laqeyd, əmək istismarçısı, işçi-nökər sistemindəki münasibət bəslənilir?

Məlumat üçün bildirək ki, zavodda gəmilərin, qayıqların və dənizdə yerləşən qurğuların layihələndirilməsi, tikintisi, istismarı və texniki xidməti ilə məşğul olan mühəndislik işləri icra olunur. Əsas fəaliyyəti dəniz köməkçi gəmilərindən, ümumi təyinatlı gəmilərdən, yedək gəmilərindən, kran gəmilərindən, ixtisaslaşdırılmış gəmilərdən və sərnişin gəmilərindən tutmuş tankerlərə qədər müxtəlif gəmilərin inşasından ibarətdir. Zavod eyni zamanda bu tip gəmilərin təmiri və konversiyası (yenidən qurulması) işlərini də həyata keçirir.

Hətta ötən ilin son statistik iş əmsalına diqqət kəsiləndə məlum olur ki, 2025-ci ilin I rübü ərzində “Ro-Pax” tipli gəmi üzrə tikinti göstəricisi ötən ilin analoji dövrü ilə müqayisədə 17,52%-dən 56,32%-ə yüksəlib. Həmçinin 2025-ci ilin I rübü ərzində “Tanker” tipli gəmi üzrə tikinti göstəricisi ötən ilin analoji dövrü ilə müqayisədə 17,89%-dən 66,97%-ə yüksəlib.

Əgər gerçəkdən də görülən işlərdə artım varsa, bu səliqəli geyimli rəsmi ofis işçlərindən çox savadlı, peşəkar mühəndis və gərgin rejimdə çalışan sıravi işçi heyyətinin sayəsində mümkündür. Onların qara əlləri sayəsində bu işlər görünür, lahiyələr icra olunur. İşçilərin əməyini layiqli şəkildə qiymətləndirmək və haqqını yeməmək, dövlət əmlak və sərvətinə isə yeyintilər sayəsində xəyanət etməmək lazımdır. Ölkə rəhbərliyi də dəfələrlə məmur özbaşınalığına və vəzifədən sui istifadəsinə son verməyi tələbini qoysa da, hələ də məmur suistifadəçiliyi hədd və əndazəni aşmaqdadır.

P. S Şikayətlər davam edir və faktlar yeniləndikcə redaksiyamız mövzunu gündəmdə saxlayacaq . Qarşı tərəfdən isə şikayətlərə dair sorğunun cavabını gözləyirik.

Materialı hazırladı ATATV.AZ saytının redaksiya heyyəti

Təhsil sistemində yeni model hazırlığı - Abbaszadənin təcrübəsi daha önə çıxır?


Azərbaycanın təhsil sisteminin daha fərqli idarəetmə modelinə keçəcəyi gözlənilir. Bu əsnada uzun illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, daha sonra isə Dövlət İmtahan Mərkəzinə rəhbərlik edən Məleykə Abbaszadənin bu modelin idarəetmə sisteminin başına gətiriləcəyi deyilir.
Məlumata görə, söhbət yalnız nazir dəyişikliyindən getmir. Məleykə Abbaszadənin bu yeni sistemə rəhbərliyi Azərbaycan təhsil sistemində idarəetmənin yenilənməsi, ayrı-ayrı funksiyaların daha dəqiq bölüşdürülməsi və müasir idarəçilik modelinə keçidlə bağlı planlarla əlaqələndirilir.
İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda təhsil idarəçiliyində nazirliyin bütün prosesi birbaşa idarə etməsi əvəzinə, müxtəlif funksiyaların ixtisaslaşmış və müəyyən dərəcədə müstəqil qurumlar arasında bölüşdürüldüyünü görünük. Nazirlik isə əsasən dövlət siyasətini və strategiyanı müəyyən edir, qiymətləndirmə, kurikulum, müəllim hazırlığı, məktəb idarəçiliyi və digər istiqamətlər isə ayrı-ayrı strukturlar vasitəsilə həyata keçirilir.
Məleykə Abbaszadənin uzun illər məhz qəbul, qiymətləndirmə və kadr seçimi sisteminin başında dayanması onun mümkün təyinatının bu baxımdan diqqətçəkən tərəfidir.
Dövlət İmtahan Mərkəzi ölkənin kadr potensialının formalaşmasında mühüm rol oynayan qurumlardan biridir. Qəbul imtahanlarından tutmuş müxtəlif dövlət qulluğu və qiymətləndirmə proseslərinə qədər geniş sahədə fəaliyyət göstərən DİM-in idarəçilik modelinin arxasında uzun illər ərzində formalaşmış ciddi institusional təcrübə dayanır.
Məlumatlara görə, məhz bu təcrübənin təhsil sisteminin digər istiqamətlərinə tətbiqi nəzərdə tutula bilər. Başqa sözlə, mümkün təyinatın əsas məqsədlərindən birinin təhsil sistemində idarəetməni daha sistemli, ölçülə bilən və nəticəyönümlü modelə keçirmək olduğu qeyd olunur.
Bu islahatlar reallaşsa nazirliyin yalnız məktəblərin və təhsil müəssisələrinin inzibati idarəçisi kimi deyil, ümumi təhsil siyasətini müəyyən edən və müxtəlif ixtisaslaşmış qurumların fəaliyyətini koordinasiya edən mərkəzi struktur kimi fəaliyyət göstərməsi mümkün ola bilər.
Məleykə Abbaszadənin təhsil sahəsində uzunmüddətli təcrübəsi də bu model üçün əsas arqumentlərdən biri kimi təqdim olunur. Onun qəbul və qiymətləndirmə sistemini uzun illər idarə etməsi, müxtəlif mərhələlərdə ölkənin kadr seçimi mexanizmlərində iştirak etməsi və bu sahədə böyük idarəçilik təcrübəsinə malik olması mümkün namizədliyinin üstün tərəfləri sırasında dayanır.
Digər məlumata görə, hazırkı elm və təhsil naziri Emin Əmrullayev başqa vəzifəyə təyin oluna bilər. Əgər belə bir dəyişiklik baş verərsə, bu, sadəcə bir nazirin digəri ilə əvəzlənməsi deyil, Azərbaycan təhsil sistemində təhsil fəlsəfəsinin dəyişdirilməsi ola bilər.
Xüsusilə təhsilin keyfiyyəti, müəllimlərin hazırlığı və qiymətləndirilməsi, məktəblərin idarə olunması, ali məktəblərə qəbul, peşə təhsili və əmək bazarının tələbləri arasında əlaqənin gücləndirilməsi kimi istiqamətlərdə yeni yanaşmaların tətbiqi qacılmazdır.
Qısa olaraq, nazirlik əsas siyasəti müəyyən edir, lakin yerli idarəetmə qurumunun və məktəbin özünün də kifayət qədər səlahiyyəti olur.
Bizimesr.media

Sevindik Hətəmov da "MM İnşaat Group"u seçdi - Hacıqabulun 85 min manatlıq "dərdi"...


Hacıqabul Rayon İcra Hakimiyyəti “MM İnşaat Group” MMC ilə satınalma müqaviləsi imzalayacaq.

Şirkət qurumun Hacıqabul şəhərində abadlıq işləri ilə bağlı keçirdiyi satınalma müsabiqəsinin qalibi olub.

Abadlıq işlərinə görə şirkətə 85 275,06 manat ödəniləcək.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmaya əsasən, “MM İnşaat Group” MMC tenderlərdə fəal iştirak edir. Şirkət 2024–2026-cı illərdə 2 127 554,64 manatlıq sifariş alıb. Bununla belə, açıq mənbələrdə şirkət haqqında məlumatlar məhduddur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “MM İnşaat Group” MMC 26 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5D-dir. MMC-nin qanuni təmsilçisi Ağayev Mirkamal Əhməd oğludur.

Mirkamal Ağayev haqqında ictimaiyyət üçün açıq olan resurslarda hər hansı məlumata rast gəlinmir.

Yeri gəlmişkən, Hacıqabul Rayon İcra Hakimiyyəti 2023-cü ildə “MM İnşaat Group” MMC ilə satınalma müqaviləsi imzalayıb. Müqavilədə Hacıqabul şəhərində mənzil fondunun əsaslı təmir işlərinin satın alınması nəzərdə tutulub. Müqavilənin maliyyə dəyəri 53 586,28 manat təşkil edib.

Həmin vaxt rayonun icra başçısı Rüstəm Xəlilov olub. Hazırda Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovdur. O, 2024-cü ildən rayona rəhbərlik edir.

Sevindik Hətəmovun icra başçısı kimi karyerası 2012-ci ildən başlayır. O, həmin il Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2016-cı ildə isə Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 8 il orada çalışdıqdan sonra Hacıqabul rayonunun rəhbərliyinə gətirilib.(Qaynarinfo)

Ruslan Əlixanov vəzifəsindən azad edildi


Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru və İdarə Heyətinin üzvü Ruslan Əlixanov vəzifəsindən azad olunub.


Onun vəzifədən azad edilməsi ilə bağlı təqdimat Baş nazir və AİH-in Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən verilib.


Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun vəzifəsinin icrası müvəqqəti olaraq baş icraçı direktorun müavini Dəyanət Sədullayevə həvalə olunub.


Qərardan irəli gələrək Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?



"Bu gün ölkədə xidmət sahəsində “müştəri məmnuniyyəti” adı altında nə qədər bərbədar vəziyyətin olduğunu hamımız bilirik..." "Dia-az" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Sima Babayeva yazıb.

O daha sonra fikrini belə davam etdirir: "Amma bəzi brendlər var ki, onların maskası ancaq kassaya pul ödəyənə qədər, ya da kredit müqaviləsinə qol çəkənə qədər sürür. Bunlardan biri və bəlkə də birincisi – “Baku Electronics”dir.

Gəlin real faktla danışaq. Gedib bu mağazadan tam 4000 manat verib telefon alırsan. Az pul deyil, bir ailənin aylarla yığdığı, zəhmətlə qazandığı böyük bir məbləğdir.

Fikirləşirsən ki, ad qazanıblar, böyük şəbəkədir, malın arxasında durarlar. Amma nə baş verir? Hələ heç 1 il tamam olmamış, min bir həvəslə alınan o baha telefon sıradan çıxır, xarab olur.

Problem burdan sonra başlayır. Telefon xarab olan kimi durub gedirsən bu “möhtəşəm” baku electronics-in qapısına.
Deyirsən ki, bəs problem var, kömək edin. Nə cavab alırsan? Sıfır! Hec bir addım atılmır, məsuliyyəti boyunlarından atırlar, sadəcə yola verirlər. Yəni pulu aldılar, iş bitdi! Telefonun sıradan çıxması sənin şəxsi problemindir, onların yox.

İndi isə gəlin medalın digər üzünə baxaq.
Əgər sən kredit ödənişini cəmi 1 gün gecikdirsən, nə baş verir? O dəqiqə telefonların zəngindən baş çatlayır.
Baku Electronics-in “xanımcağızları” növbəyə düzülür, gündə 20 dəfə zəng vurub adamın əsəblərini tarıma çəkirlər. Sanki dünyanı dağıtmısan, sanki böyük bir cinayət etmisən. Ödəməyə gələndə belə “həssas”, belə “təəssübkeş” olan bu şirkət, nəyə görə müştərinin pozulan hüququnu bərpa etməyə gələndə eyni canıyananlığı göstərmir?

Niyə o zaman o xanımcağızların səsi gəlmir, problemi həll etmək üçün 20 dəfə zəng vurub maraqlanmırlar?
Cavab çox sadədir: Çünki bu sistem müştəriyə xidmət etmək üçün yox, birbaşa milləti soymaq üçün qurulub!

Baku Electronics bu gün tam mənası ilə zəli rolu oynayır. İnsanların halallıqla qazandığı pulunu alana qədər min bir dildə danışırlar, pulu alandan və ya kreditə otuzdurandan sonra isə insanların qanını sorurlar. Satanda mələk cildinə girənlər, problem çıxanda və problemin aradan qaldırılmasını tələb edəndə adama arxasını çevirirlər.

Bu sadəcə bir telefon məsələsi deyil, bu, insanları saf yerinə qoymaqdır. Çünki bilirlər ki, vətəndaş çarəsizdir. Amma unudurlar ki, millətin cibinə girib, problemlərinə göz yuman brendlərin sonu hər zaman eyni olur: müştərinin etibarını tamamilə itirmək.

Təklifimiz sadədir: Əgər bir malın arxasında dura bilmirsinizsə, o baha qiymətləri də qoymayın, o tərifli reklamları da etməyin. Millətin qanını sorub cibini soymağa son qoyun!"

Dia-az

“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT


“SOS” (Security Operation Services) MMC-nin növbə rəisi Azər Cəfərov həbs edilib.

Qaradağ rayonu Əlәt qәsәbәsindә yerlәşәn şirkәtlərdən birində mühafizә şirkәtinin hәmin stansiya üzrә növbә rәisi vәzifәsindә işlәyən şəxs dələduzluq əməlində təqsirli bilinib.

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib.

Araşdırmalar zamanı məlum olub ki, A.Cəfərov növbə rəisi işlədiyi şirkətə əlavə 11 mühafizəçinin işə götürüləcəyi vədi ilə 2 nəfərdən 20 min manata yaxın pul alıb. O, həmin pulları qumar oyunlarına qoyub və uduzub.

1980-ci il təvəllüdlü A.Cəfərov pulları Hacıqabul rayonunda aldığından onun barəsindəki işə rayon məhkəməsində baxılıb. Bildirilib ki, A.Cəfərov əvvəllər də dələduzluq əməli törədib və buna görə məhkum edilib. Hacıqabul Rayon Məhkəməsinin budəfəki hökmü ilə ona 2 il 2 ay həbs cəzası verilib.

A.Cəfərovun həbsdən sonra 1 il 6 ay müddәtinә dövlәt vә yerli özünüidarәetmә orqanlarında rәhbәr vә maddi-mәsul vәzifә tutmaq hüququ da məhdudlaşdırılıb.(Qafqazinfo)

Yasamal rayonu niyə bu gündədir? - Rayon sakinləri şikayət edir... -FOTOLAR


Bakının Yasamal rayonunda, Cəfər Cabbarlı küçəsində səkilərin vəziyyəti sakinlərin narazılığına səbəb olub.

Bizimxeber.media-nın məlumatına görə, küçənin bir sıra hissələrində piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilər baxımsız vəziyyətdədir.

Ərazidən çəkilən görüntülərdə səkilərin dağıldığı, bəzi yerlərdə pilləkənlərin qırıldığı, örtüyün sıradan çıxdığı və piyadaların hərəkəti üçün əlverişsiz şərait yarandığı görünür.

Mövcud vəziyyət xüsusilə yaşlı insanların, uşaqların və hərəkət imkanları məhdud şəxslərin küçədə təhlükəsiz hərəkətini çətinləşdirir.

Sakinlərin sözlərinə görə, şəhərin mərkəzi küçələrindən birində belə vəziyyətin yaranması narahatlıq doğurur. Onlar aidiyyəti qurumların əraziyə baxış keçirməsini, dağılan səkilərin bərpa olunmasını və piyadaların təhlükəsiz hərəkəti üçün normal şərait yaradılmasını istəyirlər. Sakinlər həmçinin Yasamal rayonunda bu kimi problemlərin aradan qaldırılması üçün daha effektiv nəzarətin həyata keçirilməsini xahiş edirlər.

Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... - FOTOFAKT


"Naxçıvan Dövlət Universiteti" Publik Hüquqi Şəxsi 2023, 2024 və 2025-ci illər üzrə maliyyə hesabatlarına rəy verilməsi üçün kənar audit xidmətinin satın alınması ilə bağlı keçirdiyi tender müsabiqəsinə yekun vurub.

32gun.az-ın əldə etdiyi məlumata görə, satınalmanın qalibi "AZƏRUÇOT" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.


Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin ümumi maliyyə dəyəri dəqiq 73.622,00 AZN təşkil edir.

Məlumata görə, 73 min manatdan çox dəyəri olan tenderin qalibi seçilən "AZƏRUÇOT" MMC-nin dövlət büdcəsinə 1.706,68 AZN vergi borcu mövcuddur. Nizamnamə kapitalı 100 AZN olan və Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 18, mənzil 163 ünvanında hüquqi qeydiyyatda bulunan şirkətin qanuni təmsilçisi Eldar Təhməzov Azay oğludur.

Qalmaqallı “Kayu”nun LİSENZİYASI YOX İMİŞ - BU NƏDİ BELƏ?


“Kayu” uşaq bağçası ilə bağlı ciddi faktlar üzə çıxıb.
Ajans.az xəbər verir ki, valideyn 2 yaş 2 aylıq övladının bağçadan dəfələrlə bədənində göyərmələr və xəsarət izləri ilə qayıtdığını bildirib. Onun sözlərinə görə, bağçadan bu halların uşağın yıxılması ilə bağlı olduğu deyilib.

Daha ciddi iddia isə uşağın gigiyenası ilə bağlıdır. Valideynin sözlərinə görə, uşağa səhər geyindirilən pampers təxminən 7 saat ərzində dəyişdirilməyib və uşaq evə gəldikdə nəcis içində olub.

Valideyn bağçaya etiraz etdikdə isə ona “xoşunuz gəlmir, çıxarın”, şikayət edəcəyini bildirdikdə isə “gedin, hara istəyirsiniz şikayət edin” deyildiyini iddia edib.

Ajans.az məsələ ilə bağlı bağçanın fəaliyyətinin hüquqi əsaslarını da araşdırıb.

Araşdırmamız zamanı məlum olub ki, “Kayu” uşaq bağçasının Həzi Aslanov filialının lisenziyası yoxdur.

İqtisadiyyat Nazirliyindən də sorğumuza cavab olaraq “Kayu” uşaq bağçasının Həzi Aslanov filialının lisenziyasının olmadığı təsdiqlənib.

Beləliklə, uşağın təhlükəsizliyi və ona göstərilən qayğı ilə bağlı valideynin ciddi iddialar səsləndirdiyi bağçanın fəaliyyət lisenziyasının da olmadığı ortaya çıxıb.

Ajans.az məsələ ilə bağlı “Kayu” bağçasına sorğu göndərərək həm valideynin iddialarına, həm də filialın lisenziyasız fəaliyyət göstərməsinə münasibəti öyrənməyə çalışıb.

Bağçadan sorğumuza cavab verilməyib.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56