Təhsil sistemində yeni model hazırlığı - Abbaszadənin təcrübəsi daha önə çıxır?


Azərbaycanın təhsil sisteminin daha fərqli idarəetmə modelinə keçəcəyi gözlənilir. Bu əsnada uzun illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, daha sonra isə Dövlət İmtahan Mərkəzinə rəhbərlik edən Məleykə Abbaszadənin bu modelin idarəetmə sisteminin başına gətiriləcəyi deyilir.
Məlumata görə, söhbət yalnız nazir dəyişikliyindən getmir. Məleykə Abbaszadənin bu yeni sistemə rəhbərliyi Azərbaycan təhsil sistemində idarəetmənin yenilənməsi, ayrı-ayrı funksiyaların daha dəqiq bölüşdürülməsi və müasir idarəçilik modelinə keçidlə bağlı planlarla əlaqələndirilir.
İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda təhsil idarəçiliyində nazirliyin bütün prosesi birbaşa idarə etməsi əvəzinə, müxtəlif funksiyaların ixtisaslaşmış və müəyyən dərəcədə müstəqil qurumlar arasında bölüşdürüldüyünü görünük. Nazirlik isə əsasən dövlət siyasətini və strategiyanı müəyyən edir, qiymətləndirmə, kurikulum, müəllim hazırlığı, məktəb idarəçiliyi və digər istiqamətlər isə ayrı-ayrı strukturlar vasitəsilə həyata keçirilir.
Məleykə Abbaszadənin uzun illər məhz qəbul, qiymətləndirmə və kadr seçimi sisteminin başında dayanması onun mümkün təyinatının bu baxımdan diqqətçəkən tərəfidir.
Dövlət İmtahan Mərkəzi ölkənin kadr potensialının formalaşmasında mühüm rol oynayan qurumlardan biridir. Qəbul imtahanlarından tutmuş müxtəlif dövlət qulluğu və qiymətləndirmə proseslərinə qədər geniş sahədə fəaliyyət göstərən DİM-in idarəçilik modelinin arxasında uzun illər ərzində formalaşmış ciddi institusional təcrübə dayanır.
Məlumatlara görə, məhz bu təcrübənin təhsil sisteminin digər istiqamətlərinə tətbiqi nəzərdə tutula bilər. Başqa sözlə, mümkün təyinatın əsas məqsədlərindən birinin təhsil sistemində idarəetməni daha sistemli, ölçülə bilən və nəticəyönümlü modelə keçirmək olduğu qeyd olunur.
Bu islahatlar reallaşsa nazirliyin yalnız məktəblərin və təhsil müəssisələrinin inzibati idarəçisi kimi deyil, ümumi təhsil siyasətini müəyyən edən və müxtəlif ixtisaslaşmış qurumların fəaliyyətini koordinasiya edən mərkəzi struktur kimi fəaliyyət göstərməsi mümkün ola bilər.
Məleykə Abbaszadənin təhsil sahəsində uzunmüddətli təcrübəsi də bu model üçün əsas arqumentlərdən biri kimi təqdim olunur. Onun qəbul və qiymətləndirmə sistemini uzun illər idarə etməsi, müxtəlif mərhələlərdə ölkənin kadr seçimi mexanizmlərində iştirak etməsi və bu sahədə böyük idarəçilik təcrübəsinə malik olması mümkün namizədliyinin üstün tərəfləri sırasında dayanır.
Digər məlumata görə, hazırkı elm və təhsil naziri Emin Əmrullayev başqa vəzifəyə təyin oluna bilər. Əgər belə bir dəyişiklik baş verərsə, bu, sadəcə bir nazirin digəri ilə əvəzlənməsi deyil, Azərbaycan təhsil sistemində təhsil fəlsəfəsinin dəyişdirilməsi ola bilər.
Xüsusilə təhsilin keyfiyyəti, müəllimlərin hazırlığı və qiymətləndirilməsi, məktəblərin idarə olunması, ali məktəblərə qəbul, peşə təhsili və əmək bazarının tələbləri arasında əlaqənin gücləndirilməsi kimi istiqamətlərdə yeni yanaşmaların tətbiqi qacılmazdır.
Qısa olaraq, nazirlik əsas siyasəti müəyyən edir, lakin yerli idarəetmə qurumunun və məktəbin özünün də kifayət qədər səlahiyyəti olur.
Bizimesr.media

Sevindik Hətəmov da "MM İnşaat Group"u seçdi - Hacıqabulun 85 min manatlıq "dərdi"...


Hacıqabul Rayon İcra Hakimiyyəti “MM İnşaat Group” MMC ilə satınalma müqaviləsi imzalayacaq.

Şirkət qurumun Hacıqabul şəhərində abadlıq işləri ilə bağlı keçirdiyi satınalma müsabiqəsinin qalibi olub.

Abadlıq işlərinə görə şirkətə 85 275,06 manat ödəniləcək.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmaya əsasən, “MM İnşaat Group” MMC tenderlərdə fəal iştirak edir. Şirkət 2024–2026-cı illərdə 2 127 554,64 manatlıq sifariş alıb. Bununla belə, açıq mənbələrdə şirkət haqqında məlumatlar məhduddur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “MM İnşaat Group” MMC 26 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5D-dir. MMC-nin qanuni təmsilçisi Ağayev Mirkamal Əhməd oğludur.

Mirkamal Ağayev haqqında ictimaiyyət üçün açıq olan resurslarda hər hansı məlumata rast gəlinmir.

Yeri gəlmişkən, Hacıqabul Rayon İcra Hakimiyyəti 2023-cü ildə “MM İnşaat Group” MMC ilə satınalma müqaviləsi imzalayıb. Müqavilədə Hacıqabul şəhərində mənzil fondunun əsaslı təmir işlərinin satın alınması nəzərdə tutulub. Müqavilənin maliyyə dəyəri 53 586,28 manat təşkil edib.

Həmin vaxt rayonun icra başçısı Rüstəm Xəlilov olub. Hazırda Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovdur. O, 2024-cü ildən rayona rəhbərlik edir.

Sevindik Hətəmovun icra başçısı kimi karyerası 2012-ci ildən başlayır. O, həmin il Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2016-cı ildə isə Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 8 il orada çalışdıqdan sonra Hacıqabul rayonunun rəhbərliyinə gətirilib.(Qaynarinfo)

Ruslan Əlixanov vəzifəsindən azad edildi


Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru və İdarə Heyətinin üzvü Ruslan Əlixanov vəzifəsindən azad olunub.


Onun vəzifədən azad edilməsi ilə bağlı təqdimat Baş nazir və AİH-in Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən verilib.


Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun vəzifəsinin icrası müvəqqəti olaraq baş icraçı direktorun müavini Dəyanət Sədullayevə həvalə olunub.


Qərardan irəli gələrək Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?



"Bu gün ölkədə xidmət sahəsində “müştəri məmnuniyyəti” adı altında nə qədər bərbədar vəziyyətin olduğunu hamımız bilirik..." "Dia-az" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Sima Babayeva yazıb.

O daha sonra fikrini belə davam etdirir: "Amma bəzi brendlər var ki, onların maskası ancaq kassaya pul ödəyənə qədər, ya da kredit müqaviləsinə qol çəkənə qədər sürür. Bunlardan biri və bəlkə də birincisi – “Baku Electronics”dir.

Gəlin real faktla danışaq. Gedib bu mağazadan tam 4000 manat verib telefon alırsan. Az pul deyil, bir ailənin aylarla yığdığı, zəhmətlə qazandığı böyük bir məbləğdir.

Fikirləşirsən ki, ad qazanıblar, böyük şəbəkədir, malın arxasında durarlar. Amma nə baş verir? Hələ heç 1 il tamam olmamış, min bir həvəslə alınan o baha telefon sıradan çıxır, xarab olur.

Problem burdan sonra başlayır. Telefon xarab olan kimi durub gedirsən bu “möhtəşəm” baku electronics-in qapısına.
Deyirsən ki, bəs problem var, kömək edin. Nə cavab alırsan? Sıfır! Hec bir addım atılmır, məsuliyyəti boyunlarından atırlar, sadəcə yola verirlər. Yəni pulu aldılar, iş bitdi! Telefonun sıradan çıxması sənin şəxsi problemindir, onların yox.

İndi isə gəlin medalın digər üzünə baxaq.
Əgər sən kredit ödənişini cəmi 1 gün gecikdirsən, nə baş verir? O dəqiqə telefonların zəngindən baş çatlayır.
Baku Electronics-in “xanımcağızları” növbəyə düzülür, gündə 20 dəfə zəng vurub adamın əsəblərini tarıma çəkirlər. Sanki dünyanı dağıtmısan, sanki böyük bir cinayət etmisən. Ödəməyə gələndə belə “həssas”, belə “təəssübkeş” olan bu şirkət, nəyə görə müştərinin pozulan hüququnu bərpa etməyə gələndə eyni canıyananlığı göstərmir?

Niyə o zaman o xanımcağızların səsi gəlmir, problemi həll etmək üçün 20 dəfə zəng vurub maraqlanmırlar?
Cavab çox sadədir: Çünki bu sistem müştəriyə xidmət etmək üçün yox, birbaşa milləti soymaq üçün qurulub!

Baku Electronics bu gün tam mənası ilə zəli rolu oynayır. İnsanların halallıqla qazandığı pulunu alana qədər min bir dildə danışırlar, pulu alandan və ya kreditə otuzdurandan sonra isə insanların qanını sorurlar. Satanda mələk cildinə girənlər, problem çıxanda və problemin aradan qaldırılmasını tələb edəndə adama arxasını çevirirlər.

Bu sadəcə bir telefon məsələsi deyil, bu, insanları saf yerinə qoymaqdır. Çünki bilirlər ki, vətəndaş çarəsizdir. Amma unudurlar ki, millətin cibinə girib, problemlərinə göz yuman brendlərin sonu hər zaman eyni olur: müştərinin etibarını tamamilə itirmək.

Təklifimiz sadədir: Əgər bir malın arxasında dura bilmirsinizsə, o baha qiymətləri də qoymayın, o tərifli reklamları da etməyin. Millətin qanını sorub cibini soymağa son qoyun!"

Dia-az

“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT


“SOS” (Security Operation Services) MMC-nin növbə rəisi Azər Cəfərov həbs edilib.

Qaradağ rayonu Əlәt qәsәbәsindә yerlәşәn şirkәtlərdən birində mühafizә şirkәtinin hәmin stansiya üzrә növbә rәisi vәzifәsindә işlәyən şəxs dələduzluq əməlində təqsirli bilinib.

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib.

Araşdırmalar zamanı məlum olub ki, A.Cəfərov növbə rəisi işlədiyi şirkətə əlavə 11 mühafizəçinin işə götürüləcəyi vədi ilə 2 nəfərdən 20 min manata yaxın pul alıb. O, həmin pulları qumar oyunlarına qoyub və uduzub.

1980-ci il təvəllüdlü A.Cəfərov pulları Hacıqabul rayonunda aldığından onun barəsindəki işə rayon məhkəməsində baxılıb. Bildirilib ki, A.Cəfərov əvvəllər də dələduzluq əməli törədib və buna görə məhkum edilib. Hacıqabul Rayon Məhkəməsinin budəfəki hökmü ilə ona 2 il 2 ay həbs cəzası verilib.

A.Cəfərovun həbsdən sonra 1 il 6 ay müddәtinә dövlәt vә yerli özünüidarәetmә orqanlarında rәhbәr vә maddi-mәsul vәzifә tutmaq hüququ da məhdudlaşdırılıb.(Qafqazinfo)

Yasamal rayonu niyə bu gündədir? - Rayon sakinləri şikayət edir... -FOTOLAR


Bakının Yasamal rayonunda, Cəfər Cabbarlı küçəsində səkilərin vəziyyəti sakinlərin narazılığına səbəb olub.

Bizimxeber.media-nın məlumatına görə, küçənin bir sıra hissələrində piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilər baxımsız vəziyyətdədir.

Ərazidən çəkilən görüntülərdə səkilərin dağıldığı, bəzi yerlərdə pilləkənlərin qırıldığı, örtüyün sıradan çıxdığı və piyadaların hərəkəti üçün əlverişsiz şərait yarandığı görünür.

Mövcud vəziyyət xüsusilə yaşlı insanların, uşaqların və hərəkət imkanları məhdud şəxslərin küçədə təhlükəsiz hərəkətini çətinləşdirir.

Sakinlərin sözlərinə görə, şəhərin mərkəzi küçələrindən birində belə vəziyyətin yaranması narahatlıq doğurur. Onlar aidiyyəti qurumların əraziyə baxış keçirməsini, dağılan səkilərin bərpa olunmasını və piyadaların təhlükəsiz hərəkəti üçün normal şərait yaradılmasını istəyirlər. Sakinlər həmçinin Yasamal rayonunda bu kimi problemlərin aradan qaldırılması üçün daha effektiv nəzarətin həyata keçirilməsini xahiş edirlər.

Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... - FOTOFAKT


"Naxçıvan Dövlət Universiteti" Publik Hüquqi Şəxsi 2023, 2024 və 2025-ci illər üzrə maliyyə hesabatlarına rəy verilməsi üçün kənar audit xidmətinin satın alınması ilə bağlı keçirdiyi tender müsabiqəsinə yekun vurub.

32gun.az-ın əldə etdiyi məlumata görə, satınalmanın qalibi "AZƏRUÇOT" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.


Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin ümumi maliyyə dəyəri dəqiq 73.622,00 AZN təşkil edir.

Məlumata görə, 73 min manatdan çox dəyəri olan tenderin qalibi seçilən "AZƏRUÇOT" MMC-nin dövlət büdcəsinə 1.706,68 AZN vergi borcu mövcuddur. Nizamnamə kapitalı 100 AZN olan və Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 18, mənzil 163 ünvanında hüquqi qeydiyyatda bulunan şirkətin qanuni təmsilçisi Eldar Təhməzov Azay oğludur.

Qalmaqallı “Kayu”nun LİSENZİYASI YOX İMİŞ - BU NƏDİ BELƏ?


“Kayu” uşaq bağçası ilə bağlı ciddi faktlar üzə çıxıb.
Ajans.az xəbər verir ki, valideyn 2 yaş 2 aylıq övladının bağçadan dəfələrlə bədənində göyərmələr və xəsarət izləri ilə qayıtdığını bildirib. Onun sözlərinə görə, bağçadan bu halların uşağın yıxılması ilə bağlı olduğu deyilib.

Daha ciddi iddia isə uşağın gigiyenası ilə bağlıdır. Valideynin sözlərinə görə, uşağa səhər geyindirilən pampers təxminən 7 saat ərzində dəyişdirilməyib və uşaq evə gəldikdə nəcis içində olub.

Valideyn bağçaya etiraz etdikdə isə ona “xoşunuz gəlmir, çıxarın”, şikayət edəcəyini bildirdikdə isə “gedin, hara istəyirsiniz şikayət edin” deyildiyini iddia edib.

Ajans.az məsələ ilə bağlı bağçanın fəaliyyətinin hüquqi əsaslarını da araşdırıb.

Araşdırmamız zamanı məlum olub ki, “Kayu” uşaq bağçasının Həzi Aslanov filialının lisenziyası yoxdur.

İqtisadiyyat Nazirliyindən də sorğumuza cavab olaraq “Kayu” uşaq bağçasının Həzi Aslanov filialının lisenziyasının olmadığı təsdiqlənib.

Beləliklə, uşağın təhlükəsizliyi və ona göstərilən qayğı ilə bağlı valideynin ciddi iddialar səsləndirdiyi bağçanın fəaliyyət lisenziyasının da olmadığı ortaya çıxıb.

Ajans.az məsələ ilə bağlı “Kayu” bağçasına sorğu göndərərək həm valideynin iddialarına, həm də filialın lisenziyasız fəaliyyət göstərməsinə münasibəti öyrənməyə çalışıb.

Bağçadan sorğumuza cavab verilməyib.

DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?


Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq bağçalarında qida təminatının monitorinqi ilə bağlı “DEPOT” MMC ilə bağlanmış yeni müqavilə dövlət vəsaitlərinin istifadəsi baxımından diqqət çəkir.

Məlumata görə, 7 avqust 2026-cı ildə “DEPOT” MMC ilə 1 milyon 674 min 656 manatlıq müqavilə bağlanıb. Müqavilənin predmeti uşaq bağçalarında qida təminatının monitorinqi üzrə xidmətlərin göstərilməsidir.

Burada ilk baxışdan sadə görünən bir sual var:

1 milyon 674 min 656 manatlıq monitorinq xidmətinin konkret məzmunu nədir?
Çünki “qida təminatının monitorinqi” ifadəsi özlüyündə bu qədər böyük məbləğin nəyə xərclənəcəyini izah etmir. Dövlət vəsaiti ayrılırsa, ictimaiyyət bilməlidir: bu pula konkret hansı xidmətlər göstəriləcək?
Neçə uşaq bağçası monitorinq olunacaq?
Monitorinq neçə dəfə aparılacaq?
Bir bağçanın monitorinqinə orta hesabla nə qədər vəsait düşür?
DEPOT MMC bu iş üçün neçə əməkdaş cəlb edəcək?
Laborator analizlər aparılacaqmı?
Ərzaq nümunələri götürüləcəkmi?
Bağçalarda menyu, ərzağın keyfiyyəti, saxlanma şəraiti və porsiyalar yoxlanılacaqmı?
Və ən əsası — bu işlərin hər birinin qiyməti necə hesablanıb?
429 mindən 1,67 milyona
Məsələni maraqlı edən digər məqam isə DEPOT MMC ilə bağlı əvvəlki müqavilələrin də olmasıdır.
Açıq mənbələrdə eyni istiqamətdə 429 118 manatlıq müqavilə barədə məlumat yayılıb. Sonrakı müqavilənin məbləği isə 1 674 656 manatdır.
İki müqavilə arasındakı fərq:
1 245 538 manat.
Deməli, ortaya çox konkret sual çıxır:
Nə dəyişdi ki, dövlətin ödədiyi məbləğ 1 milyon 245 min 538 manat artdı?
Bağçaların sayı artıb?
Monitorinqin əhatə dairəsi genişlənib?
Xidmətlərin sayı çoxalıb?
Müqaviləyə yeni işlər əlavə edilib?
Yoxsa qiymətin artmasının başqa iqtisadi əsaslandırması var?

Bu sualların cavabı müqavilənin texniki şərtləri və qiymət hesablamasında öz əksini tapmalıdır. “Monitorinq”in nəticəsi nə olacaq? Dövlət 1,67 milyon manat ödəyirsə, bu xərclə yanaşı nəticə də ölçülməlidir.

Məsələn, müqavilənin sonunda neçə bağçada problem aşkarlanıb?
Neçə nöqsan qeydə alınıb?
Hansı bağçalarda qida təminatı ilə bağlı çatışmazlıqlar aradan qaldırılıb?
Təkrar monitorinqlər keçirilibmi?
Monitorinq nəticəsində uşaqların qidalanmasının keyfiyyətində konkret hansı dəyişiklik baş verib?

Əgər bu sualların cavabı yoxdursa və ya nəticələr ictimaiyyətə açıqlanmırsa, onda 1 milyon 674 min 656 manatın səmərəliliyini necə qiymətləndirmək olar?

DEPOT MMC-ni nazirliklə bağlayan nədir?

Araşdırmanın daha bir mühüm istiqaməti də budur. Söhbət yalnız bir müqavilədən getmir. DEPOT MMC ilə Elm və Təhsil Nazirliyinin sistemi arasında müxtəlif məbləğlərdə müqavilələrin olması şirkətin bu sahədə fəaliyyətinin ardıcıllığını araşdırmağı zəruri edir. Xüsusilə də, söhbət yüz minlərlə manatlıq müqavilələrdən milyonlarla manatlıq müqavilələrə keçiddən gedirsə. Burada heç kimi əsassız ittiham etmək niyyətimiz yoxdur. Əksinə, sualımız çox sadədir:

DEPOT MMC hansı meyarlarla seçilir?

Şirkətin bu işləri həyata keçirmək üçün hansı maddi-texniki və peşəkar imkanları var?
Müqavilə qiymətləri hansı hesablamalar əsasında müəyyənləşdirilir?
Eyni və ya oxşar xidmətlər üzrə əvvəlki müqavilələrlə sonrakı müqavilələr arasında fərq nədən ibarətdir?
Və ən əsası:
Dövlət bu müqavilələr üzrə ödədiyi vəsaitin müqabilində hansı ölçülə bilən nəticəni əldə edir?

Sənədlər danışmalıdır

“DEPOT” MMC ilə bağlı dövlət vəsaitlərinin həcmi artdıqca, ictimai maraq da artır. Ona görə Elm və Təhsil Nazirliyindən və aidiyyəti qurumlardan gözlənti odur ki, 1 milyon 674 min 656 manatlıq müqavilənin texniki şərtləri, xidmətlərin həcmi, qiymət hesablaması və monitorinqin nəticələri barədə ictimaiyyətə aydın məlumat verilsin. Çünki dövlət büdcəsindən ayrılan pul sadəcə rəqəm deyil. Bu, cəmiyyətin puludur.

Və 1 milyon 674 min 656 manat “monitorinq” adı ilə xərclənirsə, cəmiyyətin “bu pula konkret nə alındı?” sualını verməsi tamamilə haqlıdır.
Biz də bu sualın cavabını sənədlər üzərindən araşdırmağa davam edəcəyik.

Bizimesr.media

Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər... - İTTİHAM VAR...


"SOCAR "Azəriqaz"da heç Baş direktoru eşidən var ki?

Bunu sözügedən qurumun işçisi Xəqani Əsgərov Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabındakı paylaşımında qeyd edir.

O daha sonra fikrini belə davam etdirir: ""Azəriqaz"ın bəzi regional idarələri var ki, hərə özünə bir ağadır... Bakı regional idarəsi bir ayrıca "Azəriqaz" idarəsidir. İstədiklərini edirlər. Qapıçıdan mühəndis düzəldirlər... Savadı olmasa da olar, əsas rəhbərliyin həmyerlisi, yaxını olsun... Bakı şəhərinin 12 rayonunu 16 edib, özündən rəis təyin edib. Bakı Regional Qaz İstismarı İdarəsi bu gün az qala "Azəriqaz"ın özünə alternativdir...

Bundan sonra bu qurumun rəhbəri baş direktoru eşidər? Faktiki olaraq da eşitmir. Yuxarı təşkilatlara yalan məlumat verməkdən belə çəkinmir. Bu qədər qaz itkisi var Bakı regionalın ayağında... Hara gedir bu qədər qaz itkisi...

Əslində qaz itmir, kimlərsə özünə obyekt, kimlərsə "Lexsus", kimlərsə villa və başqa əmlakları əldə edir bu itkilərin hesabına... 5 manat borcu olan vətəndaşın qapısına üç maşın göndərirlər ki kəsin onun qazını... Bəs bu qədər itki nədən, necə yaranır və arta-arta gedir...

SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov xəbərdarlıq edir. Dövlət stastistika komitəsi həyəcan təbili çalır ki, itkilər artıq... Bunlar isə gündə bir iclas keçirib, özlərini iş görən kimi göstərirlər... Real tədbir görmək sərf etmir axı bunlara...".

Bizimesr.media

Xəbər lenti

Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
13:22
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –ŞOK İDDİALAR
12:59
Anar Bayramov səhiyyə naziri təyin edilib
12:10
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunub
11:51
Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olunaraq 5,6 milyona satışa çıxarıldı
11:31
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram...
10:39
Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
09:30
“BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
09:09
“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48