"Bir ay ərzində işimi qüsursuz yerinə yetirdim, hər gün satış etdim" - GİLEY


26 yaşlı Aysel Şabanzadə “Real Azərbaycan”a müraciət edərək “SAFORA” içməli su şirkətində işlədiyini və bir aylıq əməkhaqqının ödənilmədiyini bildirib.

Aysel Şabanzadənin sözlərinə görə, sosial vəziyyətinin ağır olması və azyaşlı övladının bağçaya gedəcək olması səbəbindən iş axtarıb. O, “SAFORA” içməli su adlı müəssisədə aylıq 350 manat əməkhaqqı qarşılığında operator kimi işə başladığını deyir.

Şikayətçinin sözlərinə görə, işi onlayn formada həyata keçirib və rəhbəri Əli adlı şəxs olub. O, hər gün verilən tapşırıqları yerinə yetirdiyini, müştərilərin zəng və mesajlarına cavab verdiyini, həmçinin satışlarla məşğul olduğunu bildirib.

Aysel Şabanzadə iddia edir ki, şirkətin təqdim etdiyi məlumata əsasən, su Gədəbəy rayonunun Novluq bulağından gətirilir və Sulutəpə ərazisində qablaşdırılır.

“Bir ay ərzində işimi qüsursuz yerinə yetirdim, hər gün satış etdim. Ay tamam olduqda əməkhaqqımı istədim. Mənə ‘verəcəyik’ dedilər. Lakin bir neçə gün sonra məni müxtəlif nömrələrdən blokladılar, işlədiyim WhatsApp qrupundan çıxardılar.

Şirkətin sosial şəbəkə hesablarından da məni blokladılar”, – deyə Aysel Şabanzadə bildirib.

Şikayətçi qeyd edib ki, Əli adlı rəhbər onunla 077-112-29-43 nömrəsi vasitəsilə əlaqə saxlayıb və işlə bağlı tapşırıqları həmin nömrədən verib. Şirkətin sosial şəbəkə hesablarında qeyd olunan 070-321-02-92 nömrəsinə daxil olan müştəri müraciətlərinə isə onun cavab verdiyini söyləyib.

Aysel Şabanzadə aidiyyəti qurumlara müraciət edərək məsələnin araşdırılmasını və əməkhaqqının ödənilməsi ilə bağlı ona köməklik göstərilməsini xahiş edib:

“26 yaşım var. Sosial durumumuz ağırdır. Uşağım bağçaya gedəcəkdi, ona görə işləmək istəyirdim. Bir ay çalışdım, əməyimin qarşılığını ala bilmədim. Əmək Müfəttişliyi, Dövlət Vergi Xidməti və digər aidiyyəti qurumlardan xahiş edirəm ki, məsələni araşdırsınlar və mənə köməklik göstərsinlər”.

Məsələ ilə bağlı Əli adlı şəxslə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizə cavab verilmədi.

Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı - TƏFƏRRÜAT


Korrupsiya cinayətlərində təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş daha bir bahalı evi yarı qiymətinə satışa çıxarılıb.

Ev Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşir.

Altı ay əvvəl 350 min manata qiymətləndirilən evi heç kim almayıb. İndi icra məmuru həmin əmlaka yarıbayarı - 175 min manata alıcı axtarır.

Satışdan götürülən pul cinayət əməli nəticəsində dəymiş ziyanın bir hissəsinin əvəzi olaraq dövlət nəfinə keçəcək.

Qeyd edək ki, S.Müslümov 27 milyon manatı mənimsəməkdə təqsirli bilinib. Dövlətə dəymiş ziyanın böyük hissəsini ödədiyi üçün ona 11 il şərti cəza verilib. Bundan əlavə eks-nazirin çoxsaylı əmlakı müsadirə edilib.

Qafqazinfo

AzəriQaz-da rəhbərlik də PİYADA QALIB - İDDİA


Keçən günlərdə məlumat verərək bildirdik ki, SOCAR Azəriqaz İB Lənkəran RQİİ-də nəqliyyat problemi yaşanır və artıq üç aydır Lənkəran RQİİ-nin başqa rayonlarda yerləşən Xidmət Sahələrində çalışan işçilərini daşıyan avtobusunu işə buraxmırlar. "Dia-az" vurğulayır ki, bu xəbər Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabında paylaşılmışdı.

Xəbərdə deyilirdi ki, əvvəllər həmin avtobus səhər saat 7.00-də Bilasuvardan çıxıb , yolüstü Cəlilabadda işləyən işçiləri Cəlilabada, ordan Masallıda işləyənləri Masallıya, Lənkaranda işləyənləri isə Lənkarana aparırdı. Axşam saat 6.00-da isə həmin işçiləri yaşadıqları rayonlara aparırdı. İndi isə işçilər öz pulları ilə işə gəlib gedirlər. Biləsuvardan Lənkərana 95 km, Cəlilabaddan 70 km,Masallıdan 35 km. İşçilər qeyd edir ki, hər ay heç olmasa - 200 manat vəsait nəqliyyat xərclərinə sərf olunur..

İndi isə aydın olur ki, problem sən demə, AzəriQaz-ın bütün strukturlarında müşahidə olunur.

Bu barədə verilən məlumata görə, təkcə Lənkəran RQİİ deyil. "Azəriqaz"ın mərkəzi ofisində xidmət edən avtobuslar da götürülüb. Regionlarda rəisin, baş mühəndislərin də maşınları alınıb. Sanki "AzəriQaz" rəhbəri ilə SOCAR Nəqliyat idarəsi arasında hansısa problem var...

Dia-az

Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir - BU NƏDİ BELƏ?


İmişli rayonunun qədim Qaradonlu kəndi SOS təbili çalır! Sakinlər iddia edir ki, ərazidə meşə zolaqları qanunsuz qırılır, Araz çayının təbii bəndləri dağıdılaraq yerində süni göllər və karyerlər yaradılır. Ən dəhşətli iddia isə budur: Bu ekoloji fəlakətin arxasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Rəşad İsmayılovun şəxsi biznes maraqları dayanır!

Daha ətraflı aşağıdakı videoda:


1 xeber media

Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...



Moskvada yaşayan, sosial şəbəkələrdə “dr_julietta“ adı ilə tanınan kosmetoloq Bakıda keçirdiyi keratopiqmentasiya əməliyyatından sonra görmə ilə bağlı problemlər yaşadığını iddia edib.

Qadın təxminən iki il əvvəl Bakıda oftalmoloq Cahid Şahbazov tərəfindən göz rənginin dəyişdirilməsi əməliyyatı keçirib. İlkin mərhələdə əməliyyatın uğurlu olduğunu düşünən kosmetoloq zaman keçdikcə, xüsusilə də doğuşdan sonra görməsində ciddi dəyişikliklər yarandığını bildirib.

“Mən kataraktası olan insan kimi görürəm. Dünən uzunmüddətli müayinədən keçdim, çünki görməyimin pisləşdiyini hiss etdim. Həkim bildirdi ki, formal olaraq görmə qabiliyyətim 100 faizdir. Amma məni qaranlıqda və yan işıqda görmə narahat edir. Boyaya görə bütün rənglər solğun görünür, uzaqdakı hər şey bulanıqdır. Gözlərimdə də sanki çıxarmaq istədiyim bir pərdə hissi var” deyə, kosmetoloq bildirib.

O, piqmenti sildirmək və gözlərinin təbii qəhvəyi rənginə qayıtmaq qərarına gəlib. Hazırda bunun üçün Rusiyada mütəxəssislərə müraciət etməyə hazırlaşır.

Məsələ ilə bağlı Cahid Şahbazaovla əlaqə saxlanılıb. Həkimin köməkçisi pasiyentin iddialarını təkzib edib və onun açıqlamalarının sosial şəbəkədə gündəm yaratmaq məqsədi daşıdığını bildirib.

Qeyd edək ki, bu, Cahid Şahbazaovun fəaliyyəti ətrafında ilk qalmaqal deyil. Bundan başqa, oftalmoloqun fəaliyyəti ilə bağlı digər pasiyentlərin də şikayətləri yayımlanıb. Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən həkim barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə cinayət işi də başlanıb. Maddə səhlənkarlıq nəticəsində ehtiyatsızlıqdan mühüm zərər və ya digər ağır nəticələrə səbəb olmanı nəzərdə tutur.

Lombard biznesindən milyonlar qazanan Fərman Quliyev kimdi? - İTTİHAM VAR...


“Sizin Lombard” brendi ilə fəaliyyət göstərən “GL” ASC-nin sahibinə 2026-cı ilin ilk yarısında ödənilən dividendin məbləği məlum olub.

Lombard şirkəti 2026-cı ilin birinci yarımilliyində səhmdarına 3 milyon 216 min 347 manat dividend ödəyib.

Şirkət sözügedən dövrdə 3 milyon 850 min 943 manat xalis mənfəət əldə edib. Dividend ödənişinə baxmayaraq, “GL” ASC-nin cəmi kapitalı 2025-ci ilin ilk yarısındakı 3 milyon 441 min 746 manatdan 2026-cı ilin ilk yarısında 4 milyon 108 min 921 manata yüksəlib.

Fərman Quliyev 2016-cı ildən “Sizin Lombard” brendi ilə fəaliyyət göstərən, qızıl girovu ilə qısamüddətli kreditlər verən “GL” ASC-nin səhmlərinin 100 faizinin yeganə sahibidir.

2024-cü ildən 2026-cı ilin ilk yarısınadək Fərman Quliyevin dividend gəliri 10 milyon manatdan çox olub.

Belə ki, şirkət 2025-ci ilin nəticələri üzrə Fərman Quliyevə 3 milyon 743 min manat dividend ödəyib. 2024-cü ilin nəticələrinə görə isə bu məbləğ 3 milyon 105 min manat olub.

Qeyd edək ki, Quliyevlər ailəsi uzun illərdir bank sektorunda fəaliyyət göstərir. Atası Quliyev Eldar Elman oğlu “Para Bank”ın sahibi olub. “Parabank” ASC-nin lisenziyası 2016-cı ildə ləğv edilib, lakin sonradan bank yenidən təşkil olunaraq bank olmayan kredit təşkilatına (BOKT) — “Para” BOKT-a çevrilib.

BOKT-un nizamnamə kapitalı 38 milyon 887 min manatdır. Onun səhmlərinin 17 faizi Eldar Quliyevə, 15,5 faizi Alevtina Vəli qızı Quliyevaya, 10,95 faizi Əşrəf Səfərova, 10,95 faizi Faiq Səfərova, 9,8 faizi Tamilla Fərman qızı Hacıyevaya, 9,6 faizi Elnur Eldar oğlu Quliyevə, 9 faizi Vəli Eldar oğlu Quliyevə, 6 faizi Fərman Eldar oğlu Quliyevə, 3,4 faizi İbrahim Səfərova, 3,4 faizi Əvəz Səfərova, 3 faizi Rasim Poladova, 1,4 faizi isə digər şəxslərə məxsusdur.

Operativ.az

ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU - Rafiq Aslanovun taleyi həll olunur


Dövlət Su ehtiyatları Agentliyinin Abşeron Suvarma Sistemləri İdarəsində ötən ay başlayan yoxlama bir neçə gün əvvəl yekunlaşıb.

Bu barədə Mia.az-a verilən məlumata görə, Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Rafiq Aslanovun sədri oduğu Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən aparılan yoxlama heyəti çox ciddi nöqsanlar aşkarlayıb.

Məlumata əsasən, yoxlama zamanı kod35, yəni, kod alınsa da, ünvanı bəlli olmayan böyük sayda saxta sayğac oyunları da üzə çıxıb: "Yoxlama heyətinə vaxtilə Abşeron su idarəsində çalışmış Elnur Əliyevin rəhbərlik etməsi isə nöqsanların daha dəqiq üzə çıxmasında mühüm rol oynayıb. İndi əsas məsələ budur: Zaur Mikayılov bu idarənin rəisi Etibar Nəbiyev haqda hansı qərarı verəcək?".

İddiaya görə, yoxlama heyəti materialları artıq rəhbərliyə təqdim edib: "Yəqin ki, xidmət tərəfindən yoxlamanın gedişinə uyğun materiallar Agentlik sədri Zaur Mikayılova təqdim olunacaq. Şübhəsiz ki, bundan sonra Abşeron Suvarma Sistemləri idarəsinin rəhbəri Etibar Nəbiyevin gələcəyini müəyyən edən qərar veriləcək".

Vüsal Aslanov Bakı metrosunu niyə obyektə çevirir? - 3 min manatlıq bəla...


Bakının metro stansiyalarında qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə bağlı açıqlanan qiymətlər ciddi reronans doğurub. Eyni zamanda, xüsusilə sərnişin axınının yüksək olduğu stansiyalarda müxtəlif ölçülü ticarət və xidmət obyektlərinin fəaliyyət göstərməsi təhlükəsizlik məsələsini də gündəmə gətirir.

Məlum olduğu kimi, “Bakı Metropoliteni” QSC-yə məxsus stansiyalarda yerləşən bir sıra sahələr kommersiya məqsədilə icarəyə çıxarılıb. Qiymətlər 200 manatdan başlayır və bəzi obyektlərdə aylıq icarə haqqı 3000 manata çatır.

Məsələn, “İçərişəhər” stansiyasında 35,4 kvadratmetrlik obyekt üçün minimum aylıq icarə haqqı 3000 manat müəyyənləşdirilib. “28 May”, “Elmlər Akademiyası”, “Qara Qarayev”, “Xalqlar Dostluğu”, “Xətai” və digər stansiyalarda da ticarət sahələri təklif olunur.

Burada isə əsas sual obyektlərin neçəyə icarəyə verilməsi deyil. Əsas məsələ onların metro stansiyalarında hansı nöqtələrdə yerləşdirilməsi və fövqəladə vəziyyət zamanı sərnişinlərin təxliyəsinə necə təsir göstərə bilməsidir.

Metro adi ticarət məkanı deyil

Metro stansiyası hər gün minlərlə insanın istifadə etdiyi nəqliyyat infrastrukturu olmaqla yanaşı, insanların kütləvi şəkildə hərəkət etdiyi mürəkkəb, strateji obyektdir. Bakı Metropoliteninin öz qaydalarında da əsas məqsədin sərnişindaşımanın təhlükəsizliyinin təmin edilməsi qeyd edilir. Həmin qaydalara görə, metropoliten ərazisində kommersiya fəaliyyətinə rəhbərliyin icazəsi olmadan yol verilmir. Bu isə o deməkdir ki, ticarət obyektinin mövcudluğu öz-özlüyündə əsas problem deyil. Əsas məsələ onun sərnişin təhlükəsizliyi baxımından hansı şərtlərlə yerləşdirilməsi və istismar edilməsidir.

Fövqəladə vəziyyətdə saniyələr daha önəmli deyil?

Təsəvvür edək ki, metro stansiyasında yanğın, tüstülənmə, partlayış təhlükəsi və ya kütləvi panikaya səbəb olan başqa hadisə baş verir. Belə vəziyyətdə yüzlərlə, hətta minlərlə insan eyni anda çıxışlara doğru hərəkət edə bilər. Bu zaman normal şəraitdə problem yaratmayan - vitrin - reklam konstruksiyası,piştaxta, masa və stullar, satış avadanlığı, növbə yaradan müştərilər, obyekt qarşısında toplaşan insanlar fövqəladə vəziyyətdə əlavə maneəyə çevrilə bilər.

Məhz buna görə metro kimi obyektlərdə əsas suallardan biri evakuasiya yollarının daim sərbəst saxlanılmasıdır. Elə isə, diqqət edək? İcarə üçün çıxarılan obyektlər harda yerləşir və onlar evakuasiya vəziyyətində sərnişinlərə mane ola bilərmi? Şəkillər diqqətlə baxaq və hər şey aydlın olacaq...

“Obyekt sərnişinin yolunu bağlamır” demək kifayətdirmi?

Dünyada yanaşma necədir?

Metro sistemlərində ticarət fəaliyyəti tamamilə mümkünsüz deyil. Lakin müxtəlif ölkələrdə əsas prinsip ondan ibarətdir ki, kommersiya fəaliyyəti sərnişinlərin təhlükəsiz təxliyəsini zəiflətməməlidir. Məsələn, Sinqapurun sürətli nəqliyyat sistemləri üçün yanğın təhlükəsizliyi normalarında ticarət obyektlərinin qaçış yollarına yaxın yerləşdirilməsi zamanı əlavə məsafə, tüstüdən mühafizə və yanğına davamlı ayırma kimi tələblər nəzərdə tutulur.

Yəni yanaşma sadədir, ticarət ola bilər, amma təhlükəsizlik hesabına yox.

Bakı metrosunda isə ictimaiyyət nəyi bilməlidir? “Bakı Metropoliteni”nin qaydalarında stansiyalarda ticarət və xidmət fəaliyyətinin müəyyən şərtlərlə həyata keçirilməsi mümkündür. Buna görə məsələni “metroda obyektlərin olması qanunsuzdur” kimi təqdim etmək doğru olmaz.

Amma ictimaiyyət üçün açıq qalmalı suallar var - icarəyə verilən hər bir sahə üzrə ayrıca evakuasiya hesablaması aparılıbmı? Yanğın və ya digər fövqəladə hadisə zamanı obyektlərdəki malların və avadanlıqların evakuasiya yoluna çıxmasının qarşısı necə alınır?

Metro stansiyasında obyektin icarəyə verilməsi ilə iş bitmir. Əsas məsələ obyektin fəaliyyətə başladıqdan sonra da təhlükəsizlik tələblərinə uyğun saxlanılmasıdır.

Çünki bu gün boş olan 8 kvadratmetrlik sahə sabah vitrin, reklam lövhəsi, məhsul qutuları və qarşısında növbə ilə birlikdə daha böyük fiziki maneəyə çevrilə bilər. Buna görə də ticarət obyektlərinə nəzarət yalnız icarə müqaviləsi ilə məhdudlaşmamalı, gündəlik təhlükəsizlik və evakuasiya tələblərinin icrasını da əhatə etməlidir.

Metroda mağaza varsa, fövqəladə vəziyyətdə həmin mağaza və onun fəaliyyəti minlərlə insanın təhlükəsiz şəkildə stansiyadan çıxmasına heç bir maneə yaratmayacağına kim və necə zəmanət verir?

Məhz bu suala “Bakı Metropoliteni” QSC-nin və aidiyyəti təhlükəsizlik qurumlarının konkret cavabı maraqlı olardı.

Plat.az

"Direktor şəxsən mənə dedi ki, 500 manat ver, yerdəyişməni həll edək" - NARAZILIQ VAR...


Naxçıvanda bəzi məktəblərdə şagird yerdəyişməsinin rüşvət qarşılığında həyata keçirildiyi iddia olunur. Valideynlərin bildirdiyinə görə, bəzi direktorlar məktəbdə olan boş yerləri sistemdə göstərmir, həmin yerləri əvvəlcədən razılaşdırdıqları uşaqlar üçün saxlayırlar.
Şikayətçilərdən R. Səfərov “Gündəlik Naxçıvan”a bildirib ki, yerdəyişmə sistemi açılmamışdan əvvəl onlaea məktəbdə boş yer olduğu deyilib.
Lakin sistem açıldıqdan sonra həmin yer ümumiyyətlə görünməyib:
“Yaxınım kasıb adamdır. Onlayn qeydiyyatı Təhsil Şöbəsində aparıb. Sistem açılmamışdan əvvəl soruşub öyrənmişdilər ki, məktəbdə boş yer var. Sistem açılanda isə həmin yer heç cür görünmədi. İki saat kompüterin qarşısında gözlədilər, amma boş yer sistemdə çıxmadı”.
Şikayətçinin sözlərinə görə, sonradan məktəb direktoru ilə əlaqə saxlanılıb və onlara yerin artıq tutulduğu bildirilib.
“Direktora zəng etdik, dedi ki, yer tutulub. Amma sistem açılandan iki saat kompüterin qarşısında idilər və boş yer ümumiyyətlə görünməmişdi. Necə oldu ki, sistemdə görünməyən yer birdən tutuldu? Sonradan öyrəndik ki, əslində yerlər əvvəlcədən satılıb, sistem də gözdən pərdə asmaq üçündür”.
Adının çəkilməsini istəməyən başqa bir valideyn isə yerdəyişmə üçün ondan əvvəlcədən 500 manat tələb olunduğunu iddia edir.
“Direktor şəxsən mənə dedi ki, sistemə heç nə yerləşdirilməyəcək, 500 manat ver, yerdəyişməni həll edək. Mən də kasıb adamam, verə bilmədim, işim də alınmadı. Direktor dedi ki, biz özbaşına deyilik, aldığımız pul nazirliyə gedir. Boş yerləri sistemdə göstərmirlər. Rüşvət qarşılığında istədikləri valideynlərin uşaqlarını qəbul edirlər”.
Şikayətçilərin bildirdiyinə görə, konkret hallar 2-ci siniflər arasında yerdəyişmə zamanı baş verib. Onların sözlərinə görə, oxşar hallara digər siniflərdə və bağçalarda da rast gəlinir.
Valideynlər aidiyyəti qurumlardanə rüşvət iddialarının araşdırılmasını tələb edirlər.

Şuşada qayalara yazı yazmaq: ehtiram, yoxsa vandalizm? - ŞƏRH



Şuşa şəhəri zəngin tarixi-mədəni irsi, memarlıq abidələri və təbiət mənzərələri ilə seçilir. Şəhərin ərazisində yerləşən, xüsusilə Cıdır düzü və onun ətrafındakı qayalar Şuşanın tarixi simasının mühüm hissəsini təşkil edir. Bu ərazilərin qorunması istiqamətində müxtəlif tədbirlər həyata keçirilsə də, Şuşaya səfər edən bəzi turistlərin tarixi və mədəni əhəmiyyət daşıyan qayaların üzərinə yazılar yazması ictimai narazılığa səbəb olub.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin məlumatına görə, şəhərə gələn bəzi turistlərin tarixi əhəmiyyət daşıyan qayaların üzərində əks etdirdiyi yazılar artıq silinib. Qeyd olunub ki, yazılar təmizləndikdən sonra Cıdır düzündəki qayalara xeyli ziyan dəyib.

Hadisə bir daha göstərir ki, tarixi və təbii səthlərə vurulan zərər mənəvi cəhətdən yolverilməz olmaqla yanaşı, bir sıra digər problemlər də yaradır. Sonradan onun aradan qaldırılması əlavə vaxt, maliyyə və resurs tələb etməklə yanaşı, xüsusilə tarixi və mədəni əhəmiyyət daşıyan obyektlərdə təmizləmə və bərpa zamanı əlavə zədələnmə riski də yarada bilər. Buna görə belə ərazilərdə həm mühafizə, həm də profilaktik tədbirlərin daha güclü olması xüsusi əhəmiyyət daşıyır.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qayalara yazı yazan şəxslər müəyyən edilərək barələrində hüquqi məsuliyyət tədbirləri görülüb.

Belə hallarda məsuliyyət məsələsinin açıq şəkildə ortaya qoyulması da vacibdir. İctimai və ya şəxsi əmlaka, şəhər infrastrukturuna, bina və tikililərə, tarixi abidələrə və digər mədəniyyət nümunələrinə zərər vurulması şəxsi niyyətlə əsaslandırıla bilməz. Hər kəs müəyyən edilmiş qaydalara eyni dərəcədə əməl etməli, ictimai və milli sərvətə məsuliyyətlə yanaşmalıdır.

Bundan əvvəl Bakıda Nizami Kino Mərkəzinin binasında və digər məkanlarda da obyektlərin üzərinə yazıların yazılması ilə bağlı oxşar hallar baş verib. Belə əməllər vandalizm kimi qiymətləndirilib və aidiyyəti şəxslər barəsində hüquqi tədbirlər görülüb. Bu nümunələr göstərir ki, məsələ təkcə konkret bir məkanla məhdudlaşmır, ümumilikdə şəhər mədəniyyətinə, ictimai əmlaka və ortaq dəyərlərə münasibətlə bağlıdır.

Şuşada isə məsələnin başqa bir həssas tərəfi də var. Şəhərin hər daşı, hər qayası və hər divarı onun tarixi simasının, milli yaddaşın və mədəni irsin bir hissəsidir. Buna görə də Şuşada belə davranışlara münasibət adi şəhər mühitindəki qayda pozuntusundan daha geniş mənada qiymətləndirilir.

Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi də təsadüfi və qeyri-peşəkar üsullarla həyata keçirilməməlidir. Azərbaycanda şəhidlərin xatirəsinə dövlət səviyyəsində yaradılmış abidələr, parklar, xiyabanlar, memorial komplekslər və digər rəsmi məkanlar kifayət qədərdir. Bu məkanlar şəhidlərin adlarının və xatirəsinin ləyaqətlə yaşadılması üçün peşəkar yanaşma əsasında yaradılıb.

Daşların, qayaların, divarların və digər səthlərin üzərinə adların yazılması isə xatirənin əbədiləşdirilməsi üsulu sayıla bilməz. Əksinə, belə müdaxilə həm həmin məkanın tarixi və estetik görünüşünə zərər vurur, həm də xatirəyə verilən mənanı arxa plana keçirir. Şəhid ailələri üçün övladlarının adının ehtiramla, layiqli və qorunan bir məkanda yaşadılması xüsusi mənəvi məna daşıdığından, onların adlarından istifadə etməklə tarixi məkanların zədələnməsi də həssas və qəbuledilməz davranış kimi qarşılanır.

“Təkcə qınamaqla bu problemin qarşısını almaq mümkün deyil”

Kulturoloq Fuad Məmmədov APA-ya açıqlamasında bildirib ki, Şuşada tarixi əhəmiyyət daşıyan qayaların üzərinə yazı yazılması kimi halların qarşısını almaq üçün cəmiyyətdə mədəniyyət səviyyəsinin daha da yüksəldilməsinə ehtiyac var:

“Bu hadisəni törədən şəxslər bunu düşmənçilik məqsədilə etməyib, öz emosiyalarını ifadə etməyə çalışıblar. Lakin onların təfəkkür səviyyəsinin kifayət qədər yüksək olmaması belə bir davranışa yol vermələrinə səbəb olub. Bu cür halların qarşısının alınması üçün Azərbaycanda ziyalılar, jurnalistlər, alimlər, müəllimlər və mədəniyyət xadimləri birgə fəaliyyət göstərməlidirlər”.

O qeyd edib ki, bu istiqamətdə sistemli kulturoloji biliklərin yayılması və maarifləndirmə işlərinin gücləndirilməsi vacibdir:

““Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının əsas məqsədlərindən biri də yüksək mədəniyyətli Azərbaycan vətəndaşlarının formalaşdırılması və onların daim inkişaf etdirilməsidir. Təhsil, elm və maarifləndirmə yüksək səviyyədə inkişaf etdikcə, cəmiyyətdə yüksək mədəniyyətli insanların sayı da artacaq. İnsanların davranış mədəniyyəti onların ümumi mədəniyyətinin dəyişməsi ilə formalaşır. Ona görə də biz yüksək mədəniyyətli Azərbaycan vətəndaşının formalaşdırılması və inkişafı istiqamətində hamımız öz töhfəmizi artırmalıyıq”.

Kulturoloq vurğulayıb ki, bu cür hallara görə insanları yalnız qınamaqla problemi həll etmək mümkün deyil:

“Əsas məsələ cəmiyyətin sistemli şəkildə maarifləndirilməsi və kulturoloji təfəkkürün inkişaf etdirilməsidir. Mədəniyyət və davranışla bağlı maarifləndirmə işlərinə uşaqlıqdan, ailədən və məktəbəqədər təhsil müəssisələrindən başlanılmalıdır”.

Maarifləndirmə ilə yanaşı, cəmiyyətin belə hallara aydın münasibət bildirməsi də vacibdir. Tarixi və ictimai məkanların zədələnməsinin adi davranış kimi qəbul edilməsi zamanla daha böyük problemlərə yol aça bilər. Dünyanın müxtəlif şəhərlərində, o cümlədən Avropanın bir sıra ölkələrində binaların, yaşayış məhəllələrinin və şəhər infrastrukturunun qraffiti və digər yazılarla zədələnməsi uzun müddətdir ciddi şəhər problemlərindən biri kimi qalır. Belə izlərin təmizlənməsi isə bələdiyyələr və mülkiyyətçilər üçün əlavə xərc yaradır, bəzi hallarda obyektlərin ilkin görünüşünün bərpasını da çətinləşdirir.

Bu səbəbdən ictimai və şəxsi əmlaka, şəhər infrastrukturuna, tikililərə və mədəniyyət nümunələrinə məsuliyyətli münasibətin formalaşdırılması yalnız estetik məsələ deyil, həm də vətəndaş məsuliyyətinin tərkib hissəsidir.

“Burada söhbət həm də milli irsə münasibətdən gedir”

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova bildirib ki, Şuşada tarixi məkanlara münasibət adi ictimai davranış qaydası ilə ölçülə bilməz:

“Şuşa Azərbaycanın ən gözəl şəhərlərindən biri olmaqla yanaşı, milli yaddaşımızın, tariximizin, mədəniyyətimizin və mənəvi kimliyimizin daşıyıcısıdır. Bu şəhərdə hər daşın, hər küçənin, hər tarixi binanın arxasında bir tarix, bir insan taleyi, bir mədəniyyət izi dayanır. Ona görə Şuşada tarixi və milli əhəmiyyətli məkanlara münasibət adi ictimai davranış qaydası ilə ölçülə bilməz. Burada söhbət həm də tarixə, şəhidlərin və qurucuların xatirəsinə, milli irsə münasibətdən gedir.

Şuşanın işğaldan azad edilməsindən sonra şəhərdə bərpa və quruculuqla yanaşı, tarixi-mədəni irsin qorunması istiqamətində də ciddi işlər görülür. Tarixi abidələrin mühafizəsi, onların bərpası və ətraf mühitin qorunması dövlət səviyyəsində həyata keçirilən kompleks siyasətin tərkib hissəsidir. Şəhərdə insanların davranışına nəzarətin gücləndirilməsi, maarifləndirmə tədbirlərinin aparılması və müəyyən hallarda inzibati məsuliyyət mexanizmlərinin tətbiqi də məhz bu məqsədə xidmət edir. Çünki tarixi məkanın qorunması yalnız onu bərpa edib yenidən ayağa qaldırmaqla bitmir. Onu gündəlik davranışımızla yaşatmaq da lazımdır. Sosial şəbəkədə paylaşılacaq bir görüntü naminə tarixi abidənin toxunulmazlığına xələl gətirmək müasirlik deyil. Qaydalar ilk növbədə, tarixi abidəyə toxunmamaq, onun divarlarına yazı yazmamaq, üzərinə çıxmamaq, ərazini zibilləndirməmək, qorunan obyektlərin görünüşünü və bütövlüyünü pozmamaq, müəyyən edilmiş ziyarət və davranış rejiminə əməl etməyi tələb edir.

Ən vacibi isə insanın özündə bir daxili sərhəd yaratmasıdır. Hər gözəl mənzərə qarşısında foto çəkmək olar, amma hər məkanda istənilən hərəkətə yol vermək olmaz. Sosial şəbəkədə paylaşılacaq bir görüntü naminə tarixi abidənin toxunulmazlığına xələl gətirmək nə müasirlikdir, nə də azadlıq.

Bəzən insanın etdiyi hərəkətin nəticəsini düşünməməsi çox ağır nəticələr doğura bilir. Divara yazılan bir ad, çəkilən bir şəkil, atılan bir zibil parçası bir neçə saniyənin işidir, amma həmin iz tarixi irsin üzərində illərlə qala bilər. Bu səbəbdən cərimə yalnız cəza vasitəsi kimi qəbul edilməməlidir. Cərimənin arxasında cəmiyyətə verilən daha böyük mesaj dayanır: milli irs toxunulmazdır və heç kimin şəxsi davranışına görə onun tarixi siması zədələnə bilməz”.

Tarixi və memarlıq əhəmiyyətli binalara, abidələrə və digər mədəniyyət nümunələrinə münasibətdə xüsusi həssaslıq tələb olunur. Şuşa kimi unikal tarixi şəhərdə isə bu məsuliyyət daha böyükdür. Burada kiçik görünən müdaxilə belə şəhərin bütöv tarixi simasına təsir edə bilər.

Üstəlik, yazıların sonradan silinməsi hər zaman əvvəlki vəziyyəti tam bərpa etmir. Təmizləyici maddələrdən, mexaniki müdaxilədən və digər üsullardan istifadə tarixi daşın və ya səthin strukturuna əlavə zərər vura bilər. Bu isə problemin qarşısının əvvəlcədən alınmasını, ziyarətçilərin məlumatlandırılmasını və nəzarətin gücləndirilməsini daha vacib edir.

Cərimə ilə mədəni davranış formalaşdırmaq mümkün deyil

Elnarə Akimova bildirib ki, insan tarixi məkana polis nəzarətindən qorxduğu üçün deyil, ona hörmət etdiyi üçün toxunmamalıdır: “Qanun nə qədər sərt olsa da, yalnız cərimə ilə mədəni davranış formalaşdırmaq mümkün deyil. Şuşaya gedən hər bir insan özünü sadəcə turist kimi yox, milli irsin müvəqqəti əmanətçisi kimi hiss etməlidir. Çünki biz Şuşanın sahibi olduğumuzu söyləməklə yanaşı, ona layiq davranmağı da bacarmalıyıq.

Burada ailənin, məktəbin, medianın və bütövlükdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Uşağa abidənin yanında necə davranmağı öyrətmək, gəncə milli irsin mahiyyətini anlatmaq, sosial şəbəkələrdə məsuliyyətsiz davranışı normallaşdırmamaq ən azı inzibati tədbirlər qədər əhəmiyyətlidir.

Şuşa uzun illər düşmən işğalında qaldı, onun tarixi simasına ağır zərbələr vuruldu, abidələrimiz dağıdıldı, mədəni yaddaşımıza qarşı vandalizm törədildi. Bu gün həmin şəhərin yenidən dirçəlməsini görərkən öz əlimizlə, düşünülməmiş davranışımızla onun hər hansı tarixi izinə zərər vurmaq xüsusilə ağrılı və qəbuledilməzdir. Başqasının dağıtdığını bərpa edən bir dövlətin və xalqın öz əli ilə qoruduğu dəyəri zədələməsi heç bir halda bağışlanmamalıdır.

Biz Şuşanı yalnız azad etməmişik, onu gələcək nəsillərə salamat çatdırmaq məsuliyyəti də götürmüşük. Bu məsuliyyət yalnız dövlət qurumlarının deyil, Şuşanın küçələrinə qədəm qoyan hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Çünki Şuşanın daşına vurulan hər bir iz tariximizə vurulan izdir. Şuşaya göstərilən hər bir hörmət isə gələcəyə qoyulan imzadır. Hər bir halda, Şuşanın qəhrəman oğullarımızın hansı əziyyət hesabına azad etməsinin unutmaq sadəcə məsuliyyətsizlik deyil, tərbiyəsizlikdir”.( APA)

Xəbər lenti

Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
13:22
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –ŞOK İDDİALAR
12:59
Anar Bayramov səhiyyə naziri təyin edilib
12:10
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunub
11:51
Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olunaraq 5,6 milyona satışa çıxarıldı
11:31
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram...
10:39
Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
09:30
“BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
09:09
“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48